Determinizm və azad iradə problemi-superdeterminizm kəsişməsi. Tanrıverdi Əliyev.

   Determinizm və azad iradə problemi-superdeterminizm kəsişməsi

          Fəlsəfə tarixində bir neçə problemi məqamlar vardır ki,günümüzdə də öz aktuallığını qoruyur. Bu problemlərin əksəriyyəti,ya cərəyanların arasındakı ziddiyyətlərdən,ya paradoksallıqdan ya da fəlsəfi axını düzgün izah edə bilməməkdən irəli gəlir. Sözügedən problematik mövzulardan biri də determinizm və azad iradə problemidir.

   Determinizm cərəyanı fəlsəfədə səbəb-nəticə qanunu olaraq qəbul edilir və bu cərəyanın ilkin elementlərini biz qədim yunan filosofu Anaksaqoresin əsərlərində görürük. Lakin sonradan bu elementlər Avqustin və Dantenin süzgəcindən keçərək,Hegel tərəfindən müdafiə edilmişdir. Səbəb və nəticə qanunun əsas mahiyyəti odur ki, səbəbsiz nəticə ola bilməz və səbəblər zəncirinin sonsuz dövr etməsi mümkün deyil. Məhz,ona görə də determinizm qanunun başlanğıc nöqtəsi “ilkin səbəb” və ya “səbəblər səbəbi” olan Tanrıdır. Əgər biz bu qanunu sonsuz təsəvvür etsək,o zaman nəticənin var olma hökmünü qəti şəkildə söyləyə bilmərik. Məsələn; tutaq ki, A nəticədir ,B də onun səbəbidir. B-nin də səbəbi C dir,deməli B özü nəticədir, C-nin də səbəbiyyəti D dədir, onda belə çıxır ki, C özü də nəticədir. Göründüyü kimi,hərflər özlərindən əvvəlkinin səbəbi olsa da,özündən sonrakının nəticəsidir,yəni özləri də nəticədir. Deməli,bu hərflərin hamısı nəticə olduqları üçün,ilkin səbəbə ehtiyaclıdırlar. Qeyd etdiyimiz kimi ilkin səbəb var olmasa,nəticənin hasil olması mümkün deyil.

  Orta əsr İslam filosoflarından olan Əbu Əli ibn Sinanın “Vacibül-vücud” nəzəriyyəsi də determinizm prinsipləri ilə paraleldir. Onun nəzərincə bir vacib varlıq(Allah),bir də mümkün varlıq( maddi aləm) vardır. Mümkün varlıq özü nəticədir. Əgər biz desək ki,birinci mümkün varlığın səbəbi vacib varlıqdır,artıq məsələ həll olunur. Allahın varolma hökmünü təstiq etmiş oluruq. Lakin cavab olaraq desək ki,mümkün varlığın səbəbi,mümkün varlıqdır,sual yaranır ki,bəs bu ikinci mümkün varlığın səbəbi nədir?! Əgər,yenə desək ki,mümkün varlıqdır,bu sonsuz zəncir kimi davam edəcəkdir.

  Qeyd etmək lazımdır ki,Tanrı,ruh,mələk və.s kimi mücərrəd varlıqlar determinizm qanunu çərçivəsinə daxil olmurlar. Məhz,ona görə də hərşeyin səbəbinin bir mücərrəd varlıq olmasını dilə gətirmək daha ağılabatandır. Əgər,desək ki,bütün yaradılış aləminin səbəbi maddi varlıqdır, yenə burda paradoksal sonsuz zəncir problemi yaranacaq və yeni sual meydana gələcəkdir. Hərşeyin səbəbi olan maddi varlığın səbəbi nədir?!

1. Cavab versək ki, “heçlikdir”. Bu özü yalnış hökmdür. Çünki heçlik özü var olmadığı üçün varlığın səbəbi ola bilməz. Onsuz da,yoxluq deyilən bir mütləq anlayış yoxdur. Çünki yoxluq özü vardır. Deməli,varlıq aləmi daxilindədir.  

    2.Cavab versək ki, yaradılış aləminin səbəbi maddi varlıqdır,sual meydana çıxır ki,bəs hərşeyin səbəbi olan maddi varlığın səbəbi nədir?! Yenə,bu suallar bizi paradoksallığa aparacaqdır.

    3. Cavab verilsə ki, hərşeyin səbəbi bir mücərrəd varlıqdır,yəni Allahdır. Artıq burda məsələ həll olunur. Allahın səbəbi nədir sualını vermək mümkün deyil. Çünki, birincisi ilkin səbəbin özünün səbəbi olması özü məntiqsizdir. İkincisi,qeyd etdiyimiz kimi,determinist olaraq mücərrəd varlıqlar səbəb nəticə qanununa daxil olmurlar. Üçüncüsü, maddiyyat aləmi özü nəticə olduğu üçün,onların sabit və dəyişməyən səbəbə ehtiyacları vardır. Söylədiyimiz kimi səbəb olmasa nəticə ola bilməz.

     Səbəb-nəticə zəncirinin əzəli olmadığını dərk etdikdən,sonra qarşımıza belə bir problematik mövzu çıxır. İmmanuel Kantın irəli sürdüyü bir fikirə görə səbəb-nəticə zəncir formasında deyil,dairəvi formadadır.

  İmmamuel Kantın bu fikrini tənqid edək:

     Əxlaq məsələsinin təməl daşlarından olan Kant,Tanrının varlığını qəbul edir,lakin Tanrının mövcudluğunu sübut edən rasional əqli dəlillərə qarşı çıxırdı. Onun fikrincə,Tanrının varlığını sübut edən səbəb-nəticə zəncir formasında deyil,dairə formasındadır. Ona görə də determinizmlə Allahı sübut etmək ağılabatan deyil.

 Əgər biz determinizmi dairə kimi qəbul etsək,dairə paradoksu rastımıza çıxır. Belə ki,maddi varlıqlar dairə formasında dayansalar o zaman bir-birlərindən aslı formada həm səbəb,həm də nəticə olurlar. İlkin səbəb olmadığı üçün bu formada düzülən varlıqlara hərəkət qeydə alınmır. Məsələn;

                        A   

                B            D

                       C

    1.A nəticədir və səbəbi B-dir. B özü də nəticədir, səbəbi də C-dir. C də nəticədir,səbəbi D dir. Lakin D özü də nəticədir,səbəbi də A dır. Göründüyü kimi hansı hərfin ilkin səbəb olduğunu anlamaq mümkün deyil və bu hərflərin yerində hər hansısa maddi cisim olsaydı hərəkət baş verməyəcəkdi.

    2.Təsəvvür edək ki, 100 metr qaçış yarışında 4 idmançı iştirak edir. 1-ci idmançıya deyirik ki,2-ci qaçmasa,qaçma! 2-ci idmançıya deyirik ki,3-cü qaçmasa sən qaçma,3-ə deyirik ki,4 qaçmasa sən qaçma,4-ə də deyirik ki,1-ci idmançı qalmasa start götürmə. Hamısı bir-birindən aslı olduqları üçün hərəkət baş verməyəcəkdir.

     Determinizm anlaşının problemsiz olduğunu izah etdik. Və bu cərəyanın tutarlılığını real həyatda və kainatda müşahidə edərək stabilləşdirə bilərik. Belə ki,kainatın əvvəlinin və sonunun olacağını,əvvəlində entropiyanın aşağı olmasını,sonunda isə entropiyanın çoxalacağını səbəb -nəticə ilə müşahidə edə bilirik. Və ya göydən gələn meteoridin Yerə düşüb,düşməyəcəyini,yaxud da 10 min il əvvəl atmosfer qatından keçən göy cisminin, yenidən 2030-cu illərdə keçəcəyini determinizm nizamı ilə müşahidə edirik. Sual yaranır bəs kosmosdakı cisimlərin xaotik hərəkəti də nizam daxilindədirmi?! Yoxsa, göy cisimləri azad iradə ilə hərəkət edirlər?!

Azad iradə məsələsi və superdeterminizm

 Azad iradə barəsində ilk dəfə fəlsəfədə Afrodisialı Aleksandrın əsərlərindən məlumat əldə edirik. Bu anlayışa görə insam etdiyi hər əməlinə görə özü özülüyündə məsuliyyət daşıyır. Heç bir təsir altında qalmadan istədiyi məsələləri ya qəbul edib,ya da inkar edə bilər. Dinimizə görə cəbrilik cərəyanı istinsa olmaq şərti ilə azad iradə qəbul edilir. Sadecə,müəyyən çərçivə daxilində məqbul sayılır. Əgər,insan həmin çərçivəni aşsa,digər insanların iradə azadlığını əllərindən almış olur.

   Bilinənin əksinə,azad iradə anlayışını tapdalayan axın determinizm deyil,fatalizm və superdeterminizmdir.

  Fatalizm ideyası tale və qismətə bağlılıqdır. Belə ki,bu cərəyana görə hərşeyin yaşam tərzi əvvəlcədən təyin edilmişdir. Məhz,ona görə də insanda azad iradə yoxdur. Bu fikir,bizə görə olduqca səfsətədir. Əgər Tanrı insanın yaşam tərzini əvvəldən planlaşdırıbsa,o zaman edilən hər-hansısa bir səhvdə səbəbkar kimdir?!

  Əgər, bir terrorist məsum insanları qətl edərək,ölüm hökmünə məhkum edilsə, həmin terroristə bu hökmü vermək absurddur. Çünki fatalizmə görə onun qatil olması,əvvəlcədən qismətində yazılmışdır. O zaman günahkar əstəğfürullah Allah çıxır. Və yaxud bir qatilin öldükdən sonra cəhənnəmə getməsi absurddur. Çünki fatalizmə görə yenə həmin şəxsin qatil olmasının və eyni zamanda cəhənnəmə getməsinin səbəbi alın yazısıdır. Bu vəziyyətdə də Allah həmin insanı mühakimə edə bilməz. Çünki alın yazısını fatalizmə görə O yazıb. Bu məsələlərə görə də fatalizm Allahın ədalətli olmaq mahiyyəti ilə ziddiyyətlilik təşkil edir.

  Determinizmdə isə bu tip absurd məsələlərə yer yoxdur. Lakin insan özü də müəyyən nizam-intizam çərçivəsi daxilindədir. Onun azad seçimi də çərçivə daxilində keçərlidir. Məsələn; insanın acmaq hissi azad iradədən aslı deyil. Nizam-intizam qanunu daxilindədir,çünki orqanizm qida tələb edir. Ancaq insan hansı qida ilə (karbohidrat,zülal,yağ və.s)özünü doyuracağını özü seçə bilər.

   Superdeterminizm kvant mexanikasının fizikada inqlab etməsindən sonra ortaya atılmış ideyadır. Bu ideyaya görə kainatdakı xaotik hərəkət belə nizam daxilindədir və kainatda azad iradə anlayışı yoxdur. Determinizmin üst səviyyəsi olan superdeterminizm təsadüf,kortəbiilik kimi anlayışları,eləcə də azad iradəni inkar edərək üstün bir vahid nizam anlayışını irəli sürmüşdür.

  Ümumi nəticə olaraq bu qənaətə gələ bilərik ki,azad iradə anlayışı determinizm yəni səbəb-nəticə qanunu ilə deyil,fatalizm və superdeterminizmlə ziddiyyətlilik təşkil edir.

                                                                                                                     

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir