AZƏRBAYCAN YAZARLARI


                                                           
ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM
Bu şip-şirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aqil Abbasın Odisseyası – Yazıçının 70 illiyinə – Əsəd CAHANGİR

AYB-nin Natəvan zalında bir neçə müddət öncə Aqil Abbasın “Çay qırağında bitib, susuz qalan ağacların sağlığına” kitabının təqdimatı oldu. Aqil müəllim 30 ildir yayınlanan “Ədalət”in təsisçisidir, uzun illər bu qəzetin Baş redaktoru olub, 6 nəsr kitabının müəllifidir, “Şöhrət” və “Vətənə xidmət” ordenli, “Qızıl kəlmə” və “Humay” ödüllüdür, Əməkdar jurnalist, Millət vəkilidir, bir sözlə, adı-sanı dünya-aləmlə birdir. V.Yusiflinin diliylə desək, “Bu, Aqil Abbasdır!” və sadəcə adını çəkməyin özü onun haqqında artıq çox şey deyir.

Amma Aqil müəllimin yığıncağına gələnlər gərək “Natəvan”a sığmayıb, foye və koridorlara daşa, kameralar yan-yana düzülə, fotoaparatlar şimşək kimi çaxa, parlamentdə deputat, Ədəbiyyat İnstitutunda alim, mətbuatda qəzetçi, mağazalarda gül-çiçək qalmayaydı! O istəsə, bütün bunları bir qırpımda eləyər, amma onda Aqil Abbas olmazdı. Mən hələ 20 il öncə “Ədalət” qəzetində “Körpü” ədəbiyat əlavəsinə redkatorluq eləyəndə başqalarının düşüncə özgürlüyünü Aqil müəllimin necə önəmsədiyinin, mövqe üstünlüyünü işə salıb, kiminsə iradəsini zorlamaq, kimisə nəyəsə təhrik eləməkdən necə uzaq olduğunun şahidi olmuşam və ona sayğım yaranıb – vicdan sahibi olduğunu görmüşəm. Bəzən yazılarında duyğularını cilovlamayıb yetərincə jarqonlar işlətsə də, A.Abbas, əslində, ən etik yazarlarımızdan biridir. Nədən ki vicdan etik anlayışdır və onun olmadığı yerdə ən nazik ibarələri işlətsən də, bu hansısa elitarlıq, kübarlığın əsla və əsla göstəricisi ola bilməz! Əsl kübarlıq da, ən böyük elitarlıq da vicdanlı olmaqda, məzluma, kimsəsizə dayaq durmaqdadır və A.Abbas həmişə xalqın sözünün deyib. Onun öz 70 illiyini sıradan bir yığıncaq kimi keçirməsi özü də, məncə, hər cür vicdansız təmtərağa səssiz etiraz idi. Əlbəttə, təqdimatda yetərincə nüfuzlu şəxslər – alim, tənqidçi, deputat, şair-yazıçı, jurnalist vardı, amma hiss olunurdu ki, çıxışlar, təriflər, bir sözlə, bütün bu təqdimat haqq-hesabı özəl hazırlıq olmadan öz axarıyla yaranıb və hər cür zahiri effekt çabası, nümayiş tonu, dəbdəbə ahəngindən uzaqdır – eynən Aqil müəllimin özü kimi! Bu, sadəcə Millət Vəkili yox, millətin vəkilinin, saçı-saqqalı yurd həsrəti, el-oba dərdindən ağarmış bir ağsaqqalın yığıncağını xatırladır, təqdimatla yanaşı yazıçının 70 yaşının tamam olduğunu göz önünə alanda isə bu təzad daha qabarıq görünürdü.

Əminəm ki, yazıya Aqil müəllimin sözü yox, özündən başlamağıma təəccüblənmədiniz. Nədən ki, onun özündən danışanda sözündən, sözündən danışanda isə özündən danışdığımı bilirsiniz. Filoloji dillə desək, A.Abbas realist yazıçı, “Çay qırağında bitib, susuz qalan ağacların sağlığına” povesti isə realizm üslubundadır – yazıçı nəyi necə görübsə, elə də yazıb. Onun personajları həyati prototipləri olan, bəziləri yazıçının öz kökləriylə bağlı olduğu Ağcabədi və Ağdam camaatı, bəziləri isə müəllif də daxil olmaqla B.Vahabzadə, Rəmiş, Q.Ağsəs və sair kimi bütün ölkənin tanıdığı gerçək şəxslərdir. Amma A.Abbasın realizmi sovet yazarlarının sosrelizmi, 60-cıların psixoloji realizmi, yaxud italyanların neorealzimi deyil, hər nədirsə, bütün sosio, psixo və neo-su ilə birlikdə dünyanın dürlü yazıçıları arasında yalnız və yalnız onun özünə məxsusdur. Yəni bu əsərin metodoloji və üslubi yönləri müəllifin çoxillik fərdi daxili gəlişmə məntiqinin sonucu kimi meydana çıxıb və yazılma prosesində yaranıb. A.Abbas realizminin öz yolu var, o, başqalarını yamsılamaq bir yana, öz-özünü də təkrarlamır və yazıçı təbiəti baxımından hər dürlü üslub nümayişi çabasından uzaqdır. Onun üçün ədəbiyat sözün gözəlini yox, düzünü deməkdir. Amma nə qədər qəribə də olsa, A.Abbasın sözünün bəzəyi öz əsərlərini hər cür bəzək-düzəkdən uzaq sadə xalq dilində yazmasından irəli gəlir və bu paradoks əksinə çevrilmə qanunundan doğur. Yəni istənilən bir şey nə qədər gəlişirsə, onun limiti bir onca tükənir və bəlli anda öz əksinə çevrilir. Hər cür üslubi bəzək-düzəkdən A.Abbasın düşüncə biçimi, yazı dili və üslubu üçün səciyyəvi olan uzaqlıq da son sınıra varınca özü bir bəzəyə çevrilir, əks qütblər bir-birinə elə qaynayıb-qarışır ki, onları gülü özündən olan parçanın materialı ilə naxışı kimi bir-birindən ayırmaq çətin olur. Burda parçanın materialını gerçək olaylara, naxışlarını isə yazıçının ona vurduğu bəzəyə bənzətmək olar. Ən önəmlisi budur ki, materialla naxışların rəngi eynidir, yəni yazıçı həyat materialına nəinki üçüncü, dördüncü, yüzüncü, hətta ikinci rəngi də vurmur, öz təxəyyülü, fərqli kitablar, dürlü “izm”lərdən gələn təsir və plagiatlarla onun boyasını dəyişmir. Təsadüfi deyil ki, 114 səhifəlik povestdə cəmi bir, ya iki yerdə 60-cı illər poetik nəsrindən gələn dil-üslub təsiri duyulur ki, bunların da ümumi həcmi yarım səhifəni aşmır. Bu üzdən “literaturşinadan” A.Abbas qədər uzaq ikinci yazıçı tapmaq çətindir. O birbaşa həyatdan, gerçəklikdən gəlir və mətnə həyatı, gerçəkliyi gətirir. Çağdaş jurnalistikamızın patriarxı C.Məmmədlinin dediyi kimi, “Aqilin əsərlərinin güc mənbəyi real həyatın özüdür”. A.Abbasın Molla Nəsrəddin gülüşü, Sabir sarkazmı, C.Məmmədquluzadə tragikomizmi ilə səsləşən məqamlarına gəlincə, bunlar onun folklor və klassikadan etkilənməsindən daha çox, hamının vahid ana mətn – həyatın özündən gəlməsinin göstəricisidir. Bir sözlə, bədii söz və gerçəkliyi A.Abbas qədər aşırı eyniləşdirən ikinci yazıçımız yoxdur desək, yanılmarıq. Həyatın ən amansız gerçəklərinə göz yummadan həm də bu amansızlığın içindəcə həzin lirizm, şeiriyyət görmək və göstərmək, bu iki bir-birindən ən uzaq qütbün ortaq məxrəcini tapmaq, əkslikləri bir nöqtəyə gətirmək və sinirləri gərilmiş oxucunu bu qütblərin toqquşmasından doğan partlayışla anidən yaxalayaraq gözləri yaşarıncaya qədər kövrəltmək! A.Abbas realizminin birinci və ən qabarıq özəlliyi budur. Bəs, digər özəllikləri nədir? Bu sualı cavablandırmaq üçün birbaşa söz konumuz olan povesti araşdırmağa keçməyib, yazıçının yaradıcılığına genəl bir baxış eləmək istəyirik.

***

Yazıçı Qarabağda – Ağcabədinn Kolanı kəndində dünyaya gəlib və onu hamımızın tanıdığı Aqil Abbas eləyən Qarabağ mövzusundakı romanlarıdır. Bu romanları akad. N.Cəfərovun janr təyinatı üzrə “Qarabağnamə” başlığı altında toplamaq olar. Muğanna öz əsərlərində Muğanlıdan Odağüz planeti, Ə.Əylisli Əylisdən Eçmiədzin kilsəsinəcən gedir. A.Abbasın düşüncə orbiti isə Qarabağdan Qarabağacandır və bu yöndən o, S.Əhmədli, Elçin, K.Əfsəroğlu, E.Hüseynbəyli kimi yazıçılarla eyni müstəviyə gəlir. Görəsən, niyə Əylisli son ünvanını, cənnətini, ölməzliyini başqa din və ölkədə, Muğanna başqa inanc və planetdə, qarabağlı yazıçılar isə Qarabağda tapır. Çünki onlar qutsal məkanı Qarabağın timsalında görüb və onu başqa yerdə axtarmağı xəyallarından da keçirmirlər. Onların ilk və son ünvanı, Məkkə və Mədinəsi, “bismillah” və “əlhəmdülillahı” Qarabağdır.

A.Abbasın on səkkizinci yüzildən danışan “Batmanqılınc”ında bu ünvan özünün tarixi, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Dolu”, “Allahı qatil edənlər”də isə çağdaş səciyyəsilə əks olunur. Onun üçün dünyada ən dəhşətli şey bu ünvanı itirmək, ən böyük səadət ona qayıtmaqdır. Dünya ədəbiyatının üç-dörd ana süjetindən biri Homerlə başlayan və Coysda öz postmodernist çevrilməsini tapan Odisseya mövzusu, yəni döyüşdən sonra evə qayıdışla bağlıdır. A.Abbasın doğma yurda qayıdış ideyası üstündə köklənən qarabağnamələri onun dürlü variantlarda yazdığı odisseyasıdır. İtaka adası Odissey, Günəş şəhəri Platon və Nizami, cənnət Dante və Milton, vadiyi-vəhdət Nəsimi və Füzuli, Yoknapatof Folkner, Makonda Markes üçün nədirsə, Qarabağ da A.Abbas üçün odur! Onun tarixi və çağdaş mövzulu odisseyalarının qayəsi birdir – tarixən də, bu gün də Qarabağın əsl sahibləri bizik, bu torpaqda yaşamaq ən çox bizim haqqımızdır və heç kəs bunu bizdən ala bilməz! Türk paşası, İsmayıl qalası komendantının Suvorova ünlü məktubundakı dillə desək, göylər uçub yerə tökülər, Kürlə Araz tərsinə axar, biz Qarabağı vermərik! Qarabağ Azərbaycandır və nida!

A.Abbasın Qarabağ mövzusundakı çağdaş məzmunlu romanları toxunsan, partlayış törədəcək yüksək gərginlikli elektrik naqillərini xatırladır və bu, məntiqidir. Bu əsərlərin müəllifi nankor qonşular tərəfindən ədalətsiz savaşa çəkilən, doğma yurdundan didərgin düşən, ata-babalarının qəbirləri dağıdılan, minlərlə şəhid verən bir xalqın yazıçısıdır; sivilizasiyanın ən yüksək sınırlara ulaşdığı bir dönəmdə mağara insanına məxsus vandalizmin ən ağlasığmaz dəhşətləriylə qarşılaşan bir toplumun təmsilçisidir; supergüclər tərəfindən ikili standartlarla üzləşən, saxta nəzakət və diplomatiya maskası taxmış ən dürlü uluslararası qurumların on illərdən bəri düzənlədiyi saysız-hesabsız, üzücü dəyirmi masalarda min bir bəhanəylə ağzı boza verilən, əli hər yerdən üzülən, təklənən, sonucda “namərdin gücü var, mərdin Allahı” inancına sığınan bir ölkənin sözçüsü, ən ağrılı istəklərimizin ifadəçisidir.

Təxminən iyirmi il öncə yazdığı “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” romanına girişdə müəllif deyir: “Elə dərdlər var ki, onu yazmaq üçün qüdrətli qələm sahibi olmalısan. Və bu dərdi içimdən keçən kimi yazmağa qüdrətim çata bilən qədər yazdım.” Yazıçı, əlbəttə ki, təvazökarlıq eləyir, çünki bu roman onillərdən bəri xalqın içində yığılan ağrı, hirs, qəzəb, hiddət, hikkə qarışıq bir qəhrəmanlıq ehtirası, vətənpərvər fədakarlığının fantastik bədii ifadəsidir. Romanın çadır şəhərciyində yaşayan, illərdən bəri anormal durum üzündən, lissabonlar, sammitlər, minskilər, atətlərin yalançı vədlərindən canı boğazına yığılan Müəllim adlı qəhrəmanı gizli yollarla, təkbaşına, ölümünü gözünün qabağına alaraq Şuşaya gedir, partlayış törədib çoxlu sayda düşmənin məhvinə səbəb olur və özü də həlak olur! Bu, təkcə bir yazıçının deyil, bütün dünyada təklənmiş bir xalqın dünyaya, yaşama, batıya, doğuya, yerə, göyə, taleyə, hətta Allahın özünə üsyanı idi və A.Abbas özgürlük dönəmi ədəbiyatımızın ən üsyankar yazıçısıdır! Ən ilginci budur ki, təkbaşına cəbhə xəttini keçən, düşmən ordusuna ciddi tələfat verərək şəhid olan, ölümündən sonra Milli Qəhrəman adı alan Mübariz İbrahimov yazıçıya məxsus eyni üsyan və onun qəhrəmanına məxsus eyni rəşadəti bir neçə il sonra həyatda göstərdi! Daha bir neçə il keçdi, Azərbaycan ordusunun xüsusi təyinatlı əsgər və zabitləri Ali Baş Komandan İlham Əliyevin çevik taktiki planı üzrə dünya hərb sənəti tarixində misli görünməmiş bir qəhrəmanlığa imza atdı – gecənin gözlənilməz vaxtı Daşaltının sıldırım qayalarını aşaraq, düşməni qəfil yaxaladı, yüzlərlə zabit və əsgərimizin şəhadəti bahasına Şuşanı düşməndən azad elədi! Sonra Azərbaycan Prezidentinin dilindən qürurla səslənən bu sözləri bütün dünya eşitdi – “Şuşa sən azadsan!”

“Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” romanı bədii təxəyyülün tarixi olayları önləməsinin örnəyidir. Belə bir önləməni daha öncə S.Əhmədlnin “Ömür urası” romanında görmüşdük və bu romanların hər ikisinə “fantastik” ruh hakimdir. Amma zəfərdən sonra Qarabağa elliklə qayıdışı təsvir eləyən “Ömür urası” romanı sözün həqiqi anlamında fantastik əsərdir, özü də xəyalın gerçəklik kimi təsvir olunması yönündən dünya nəsrində, olsun ki, qarşılığı olmayan fantastika! Burda fantastika prinsipcə mümkün, amma günün bu günü də baş verməyən olayın özündədir. A.Abbasın romanında isə “fantastika” qəhrəmanın xarakterindən doğur. Mübariz İbrahimov fenomeni göstərdi ki, Qarabağa bu şəkildə qayıdış nəinki prinsipcə, praktik olaraq da mümkündür. S.Əhmədli ilə müqayisədə A.Abbasın xəyalı gerçəkliyə daha yaxındır və yəqin bu üzdən onun xəyalları artıq gerçəkləşib. Əminik ki, yaxın gələcəkdə S.Əhmədlinin “fantastikası” da reallaşacaq və biz elliklə Qarabağa qayıdacağıq!  

“Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”in daha bir ilginc yönü onun psixoanalitik özülüdür. Roman qəhrəmanının qeyri-adi hərəkəti təkcə milli arzuların ifadəçisi olmaqdan irəli gəlməyib, həm də onun fərdi istəkləri, kişilik instinktlərinin oyanmasından doğur, milli və fərdi duyğular doğal olaraq birləşir. Çadırda aylar, illərdən bəri normal həyat yaşamayan Müəllim gəncliyində erməni qadınıyla sevişdiyi doğma şəhərə həm də öz erkəkliyini  isbatlayacaq bir yer kimi instinktiv olaraq üz tutur. Şüuraltı stixiya getdikcə güclənən və partlayışla sonuclanan olayların təsvirinə sıxılmış yay effekti və sirli cazibə verir, romanın başdan-sonacan birnəfəsə oxunmasına nədən olur.

Əsərdə diqqət çəkən üçüncü məsələ onun ilk baxışdan qəribə görünən adıdır – “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”. Bu cümlə-ad romançılığımızda, olsun ki, ilk belə örnəkdir və özəlliklə də, iyirmi il öncə gözümüzün öyrəşmədiyi bir şey idi. Sonralar P.Koelyonun “Rio-Pyedranın sahilində oturdum və ağladım”, yaxud “Veronika ölməyə qərar verir” romanları timsalında cümlə-adların dünya nəsrində varlığını gördükcə mövzu adiləşdi. Yadımdadır ki, Azərbaycan nəşriyatında rastlaşdığım yazıçıdan romana nə üçün belə ad verməsinin səbəbini soruşdum və o, “Tuncay mənə yazdı ki, romanı belə adlandır” deyə net cavab verdi. O vaxt Türkiyədə təhsil alan Tuncay yazıçının oğludur və onun romana nə üçün bu cür qeyri-standart ad verməsinin əsl nədənini yalnız özü bilir. Mənə gəlincə, romanın mahiyəti ilə bu adın bağlılığını belə görürəm: Ü.Hacıbəyov Azərbaycan kültürü tarixinin yetirdiyi ən fenomenal şəxsiyətdir, o dərəcədə ki, Üzeyir Hacıbəyov demək Azərbaycan, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” demək isə “Çadırda Azərbaycanın gələcək nəsli yetişə bilməz” anlamına gəlir; Azərbaycan çadır dövləti deyil, onun minilləri aşan gələnəkləri var; Üzeyir bəy kimi dahi yetirən xalqın neçə min il geri gedib, köçəbə həyat tərzinə qayıtması, çadırda doğub-törəməsi absurddur; həyatımız bahasına olsa belə, Qarabağı düşməndən geri almalıyıq, Qarabağsız Azərbaycanın keçmişi olmadığı kimi, gələcəyi də yoxdur; ya Qarabağ, ya ölüm! Romanın diktə etdiyi ali qayə budur!

A.Abbasın qarabağnamələri arasında ən geniş rezonans doğuranı “Dolu” romanıdır. Müəllif üstlərində göz yaşlarından başqa heç bir bəzəyi olmayan şəhid analarına adadığı “Dolu”yla bağlı suala müsahibələrindən birində belə cavab verir: “Bu roman haqqında onun özündən çox yazılıb” və doğrudan da, belədir. Mən iki ən səciyyəvi sitatla yetinəcəm: yazıçı Elçin romanı “ədəbiyyatımızda hadisə”, N.Cəfərov isə öz müəllifinin “ən dolu əsəri” adlandırır. Roman əsasında rejissor E.Səfərov eyniadlı film çəkib və filmin də taleyi romanınkı kimi uğurlu olub. “Dolu” Birinci Qarabağ savaşı mövzusunda ən yaxşı roman, “Dolu” isə ən yaxşı film sayılır. “Humay” ödülü alan filmin bəzi səhnələri, özəlliklə də Hollivudu yada salan döyüş səhnələri öz mükəmməlliyi ilə özəl razılıq doğurur.

“Dolu” romanı “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”dən sonra yazılsa da, daha öncəki olayları – Birinci Qarabağ savaşını, konkret desək, Şuşanın işğalını əks etdirir. Şübhəsiz ki, mövzunun özü bu povestə öncəki və sonrakı qarabağnamələrdən daha gərgin psixoloji ton verir. Şuşanın işğalı Birinci Qarabağ savaşının ən kəskin məqamıdır və buna uyğun romanda qaçılmaz nevrotik ruh hakimdir. Lakin bu ruh əsərin sonunacan öz başlanğıc tempini saxlamır. Görünür, bu üzdən roman birincinin ikincidən daha yüksək pərdədə yazıldığı iki hissəyə bölünür. “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”dən fərqli “Dolu” ikinəfəsə yazılıb və ikinəfəsə də oxunur.

Müəllif romanı öncə “Dünyanın ən gözəl ölüsü” adlandırsa da, Markesin ünlü hekayəsini xatırlatdığını deyən xanımı İ.Tuncayın təklifiylə qərarını dəyişib və əsərə “Dolu” adını verib. Bu ad birinci qatda təbiət olayı, ikincidə döyüşçülərimizin üstünə dolu kimi yağan düşmən güllələri, üçüncüdə taleyin və zamanın başımıza dolu kimi vurduğu zərbələri işarələyərək, həm real, həm də rəmzi-simvolik anlam daşıyır. Ad məsələsinə toxunmuşkən, romanda qəhrəmanlar və personajların adlandırılması da digər romanlardan fərqlidir: Pələng, Drakon, Pələngin anası… Bunlar “Çay kənarında bitib, susuz qalan ağacların sağlığına” povestindəki gerçək prototipi olan deyil, savaşın verdiyi adlardır. Savaşın öz qanunları olduğu kimi, söz qanunları da var, burda hər şeyi o diktə edir və insana bircə şey qalır – Şuşada ölməyi arzulayan Pələng kimi şəhadət həsrəti!

Romanın qəhrəmanları ağlasığmaz savaş dəhşətləri içindən öz ləyaqət, cəsarət, mərhəmət, ürək genişliyi ilə boy verir. Ermənilərin neçə illərdən bəri sürən beynəlxalq informasiya blokadası, böhtan və qaralama kampaniyasına qarşı yönələn bu təqdimat ikinci planda dünya insanına mesajdır: biz barbar, vandal deyilik; gənclərimiz Pələng kimi qeyrətli, kişilərimiz ən çətin anda döyüş yoldaşına dayaq duran Drakon kimi igid, qadınlarımız şəhid oğlunun döyüş yoldaşlarına “hamınıza qurban olum” deyən Pələngin anası kimi geniş ürəklidir. Pələngin əsir düşmüş erməni qızını silah gücünə öz döyüş yoldaşlarından qoruması bu yöndən daha səciyyəvidir və azərbaycanlı xarakterini açmaq baxımından təkcə A.Abbas yaradıcılığı deyil, genəlliklə bədii nəsrimizdə ən dramatik, yaddaqalan, böyük təsir gücü və dərin semantik işarələmə funksiyalı səhnələrdən biridir. Oxucunu tok kimi vuran bu epizodu yalnız və yalnız A.Abbas, özü də məhz bu cür yaza bilərdi. Azərbaycanlılara qarşı ağlasığmaz vəhşiliklər törədən düşmənin qızına qarşı bu mərdanəliyin psixoloji altyapısında türk mentaliteti və islam əxlaqı dayanır. O mentalitet və əxlaq ki, batı bu gün məhz onlara qarşı xaç yürüşü elan eləyib. A.Abbas bu epizodla Qarabağ sorununa ikili standartlarla yanaşan dünya güclərinə sətiraltı və sətirüstü ittiham oxuyur. “Dolu” başdan sonacan özümüzünkü və özgələrə qarşı ən sərt qınaqlarla doludur və bunun nədəni aydındır. Romanın müəllifi “Ədalət” hüquq qəzetinin Baş redaktoru, söz konusu isə Qarabağ xanlığının siyasi mərkəzi kimi inşa edilən və Azərbaycanın mədəniyət paytaxtı kimi biçimlənən bir şəhər – qürur mənbəyimiz Şuşadır. Şuşa əldən getdi nədir?! Və daha pisi – Şuşanı ermənilər aldı nə deməkdir?! Dünya alt-üst olubmu?! Zaman tərsinə dönürmü?!! Bu suallar “Dolu”nun hər cümləsi, hər sözünün altını cızır, üstündən keçir, oxucunun başına dolu kimi yağır!

Roman bizi A.Abbasın daha bir uzaqgörənliyi ilə tanış eləyir. Tamamilə təkləndiyimiz Birinci Qarabağ savaşında türkiyəli qardaşlarımızın harayımıza yetməməsindən giley eləyən müəllifin arzusu üstündən illər keçəndən sonra gerçəkləşdi. Birinci Qarabağ savaşında Azərbaycana hərbi dəstək verə bilməyən Özal və Dəmirəl Türkiyəsindən fərqli, sayın Ərdoğan Türkiyəsi İkinci Qarabağ savaşında öz köməyini bizdən əsirgəmədi. Və yaxın gələcəkdə Türkiyədən Orta Doğuya gedən, bütün türk cümhuriyətlərini qapsayan Turan Federasyonunun qurulmasıyla sonuclanacaq yolda Azərbaycanın mühüm geopolitik və strateji məqamlardan biri olacağına şübhə yoxdur.

“Dolu” romanının da, onun əsasında çəkilən eyniadlı filmin də bir “boşluğu” var – onların hər ikisi sual işarəsiylə bitir və başqa cür də ola bilməzdi. O vaxt Şuşanın taleyi özü sual altındadydı. Yalnız illər keçəndən, qəhrəman Azərbaycan əsgəri qurbanlar verərək Şuşanı alandan sonra bu sual belini dikəldib nidaya çevrildi. Bu zəfərin qazanılmasında “Dolu” romanı müəllifinin də mənəvi payı var və bu həm də Azərbaycan ədəbiyatının payıdır!

“Çay kənarında bitib susuz qalan ağacların sağlığına” povesti göstərir ki, Qarabağ mövzusu A.Abbasın alın yazısıdır. “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” kimi bu povest də qaçqın-köçkün həyatından danışır, hər ikisinin qəhrəmanı finalda Qarabağa qayıdır – birincisi ölmək, ikincisi yaşamaq üçün! Lakin təkcə “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” deyil, həm də “Dolu”dakı nevroz povestdə psixoza, tragizm isə tragikomizmə çevrilir. Povestin qəhrəmanı – kələ-kötür, əhli-kef, söyüşcül, baməzə qarmon ifaçısı Şakir nə ölümünü göz önünə alıb təkbaşına Şuşaya gedən Müəllim, nə də Şuşada şəhadətə qovuşmaq istəyən Pələngdir! Lakin Şakirin Bakıda qaçqın kimi keçirdiyi daxili gərginlik, başını qatmaq üçün içkiyə qurşanması, nəhayət, finalda Quzanlıya dönüşü göstərir ki, hər üç qəhrəmanı birləşdirən bir ana mövzu var – Qarabağ!

Bəs, görəsən, A.Abbasın öncəki qarabağnamələrindəki tragizm son povestdə niyə (tragi)komizmə çevrilir? Çünki Qarabağ sorunu artıq çözülmək üzrə və povest Şuşanın azad edilməsindən sonra yazılıb. Amma biz bu sorunu əvəzi heç nəylə ödənilməyəcək qurbanlar bahasına çözmüş, bu zəfərə ağlasığmaz faciələrdən keçib gəlmişik. Povestin tragi(komik) ruhunu da məhz bu amillər bəlirləyir – qaysaqlamış yaraların yeri göynəyir!

A.Abbasın qarabağnamələri dalı da, qabağı da kəsən qılınc kimidir – onun heç nəyə yanaşması birmənalı deyil. Amma son povestdə bu yön öncəkilərdən daha qabarıqdır, nədən ki müəllif olaylara zamanca daha uzaqdan baxır. Yazçının təqdimində azərbaycanlıların hamısı ideal olmadığı kimi, ermənilər də elliklə bunun əksi deyil. Povestin ənənəvi müsbət qəhrəman şablonuna əsla uymayan qəhrəmanı Şakir sxematizmdən kənar canlı insandır: az qala Kvazimoda kimi çirkindir, dünyagörüşü məhduddur, içkiyə aludədir, ağzını Allah yoluna qoyub danışır; bütün bunlarla yanaşı rəhmdil, dürüst, qürurludur, özü ehtiyac içində ola-ola son qəpiyini yetim-yesirə verir, haramdan uzaq, cəsarətlidir. İkinci Cahan savaşında həlak olan və Mozdokda basdırılan atasının qəbrini görməsə də, qarabağlı ola-ola tar-kaman yerinə qarmonda ifa eləsə də, rus mentalitetindən gələn içki aludəçisi olsa da, onun “manqutluğu” xalqın tarixi taleyindən doğan və bir nəfərin simasında əks olunan faciə kimi anlaşılır. Şakirin finalda qaçqın həyatına tüpürərək Qarabağa qayıtması milli yaddaşın alt qatdan boy verməsi kimi anlaşılır. Hər insanın bilincaltında doğma yurda qayıdış kodu var, o gec-tez özünə qayıtmalıdır! Süjetin əsasında duran ideya budur!

Amma povestdə əsas qəhrəmanın daha bir görəvi də var. Rüşvət, süründürməçilik, mənimsəmə və sair kimi toplumsal sorunlar kənddən çıxıb Bakıya gələn Şakirin “yadpalnetli” baxışında daha kəskin görünür və qəhrəmanın xarakterinə uyğun baməzə rəng alır. Az qala hər epizodu ilə tragikomik partlayış doğuran povest sarkazmla minalanmış sahəni xatırladır. Lakin bu minalar öldürmür, güldürür, düşündürür, kədərləndirir, ağladır və sonucda yaşamağa səsləyir. Həyat sudan başlayır və “Çay kənarında bitib susuz qalan ağacların sağlığına” ölüm yox, yaşam, savaş yox, dinclik, sağlıq haqqında povestdir!

Povestdə iki obraz – Suren və oğlunun simasında əks olunan erməni məsələsi də özəl açıqlama istəyir. Şakirin ölümdən qurtardığı oğul əsl erməni kimi nankor çıxaraq, azərbaycanlılara qarşı döyüşlərə qatılır. Suren isə “o ermənilərdən deyil” və Ağdamdan qaçmaq üçün öz “Moskviç”ini Şakirə verir. Amma kim deyə bilər ki, bu “xeyirxahlığın” altında erməni məkri dayanmır? Erməninin “Moskviç”ylə bütün Bakını gəzib dolanan Şakir finalda doğma yerlərə qayıdır, sərhəddi keçib, bu “it iyi verən” maşına od vurur. Yazıçı sanki bununla erməni getsin, maşını da dalınca deyir. Amma istənilən halda Surenin “xeyirxahlığına” müəllif yanaşması suallar doğurur:  bu, yazıçının hətta erməniyə qarşı da ədalətimi; yoxsa povestin həyata yaxınlığındanmı doğur? Məncə, hər ikisindən! Ədalət yazıçının vicdanında, cavabsız suallar isə gerçəkliyin özündədir. Fakta siyasətçi deyil, məhz yazıçı kimi yanaşan A.Abbasın uğuru da vicdan duyğusundan doğan bu obyektivliyindədir.

Povestin diqqəti çəkən daha bir yönü onun rəmzi-simvolik adıdır. Çay bu simvolikada ölkənin axıb gedən zəngin maddi sərvətləri, susuz qalan ağaclar isə insanlarını işarələyir. Son povestin öncəki əsərlərdən önəmli bir fərqi də məhz ekonomi sorunlarla ilgili üzə çıxır, müəllif sadəcə dış yox, həm də iç politikayla uğraşır. Odissey artıq yurda qayıdıb, odisseya isə hələ davam eləyir.

A.Abbas öz qarabağnamələrinə görə 2022-ci ildə İ.Əfəndiyev ödülü alıb. O istər bu əsərlər, istərsə də yarım əsrlik yaradıcılığına görə hər cür ödül və fəxri ada layiqdir. İnanıram ki, fədakarlıq və vətənsevərlik örnəyi olan ömrünün 70 illik zirvəsində sayın yazıçımızın əməyi dəyərincə qiymətləndiriləcək.  Sayğıdəyər yazıçımızı bu əlamətdar yubileyindən dolayı ürəkdən qutlayır, Uca Allahdan ona cansağlığı və yeni yaradıcı uğurlar diləyirəm.

Müəllif: Əsəd CAHANGİR

İlkin mənbə: /edebiyyatqazeti.az/

ƏSƏD CAHANGİRİN YAZILARI

AQİL ABBASIN YAZILARI

AQİL ABBAS HAQQINDA


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AZƏR QİSMƏT. SÖNDÜRÜLƏN İŞIQ.

SÖNDÜRÜLƏN İŞIQ

(hekayə)

Soyuqdan üşüyə-üşüyə hündür binanın qarşısına çatdı. Alaqapıdan içəri girməyə tələsməyib divara vurulu avtomat telefonun dəstəyini yerindən ayırıb nömrələri yığdı.

-Alo, hə mənəm. Sifariş verilən ünvanlara getdim… Niyə evə gəlmirəm? Qəribə söz danışırsan..Kefimdən eləmirəm ki… Bir nəfər qalıb. Deyəsən, evdədir… işığı yanır. Çalışacam on dəqiqəyə çıxım ordan. Tək olmaz. Əri ilə uşaqları da yanında olar. Yaxşı-yaxşı… Dedim ki, tez gələcəyəm. Mən də səni… hə, hə.. mən də öpürəm.

Dəstəyi yerindən asıb əynindəki zərli-naxışlı qırmızı xələti düzəldə-düzəldə alaqapıdan içəri atıldı, çünki şaxtalı külək kələyini kəsmişdi. Uşaq vaxtı əzbərlədiyi şeirləri yadına salmağa çalışdı.

Artıq siyahıda yazılanların hamısının evinə getmişdi. Bu binadakı müğənnisə siyahıdan kənarda idi. Onlardan yalnız biri zəhmətinin müqabilində pul verməmişdi. Qalanları azdan-çoxdan cibinə pul basmışdı.

Qaşları çatıldı. Çünki siyahıdakı dördüncü mənzildən çıxıb elə pilləkənlərdəcə Şaxta Baba paltarını çıxarıb nəfəsini dərəndə, ürəyində deyinmişdi ki, “pulsuzluğun üzü qara olsun”. Cibi dolduqca sevinirdi ki, həyat köpüklü pivə kimi gözəldir, bir yandan da körpələri sevindirə bilmişdi. Hələ onlarla şəkil çəkdirəndə çox atılıb-düşmüşdülər. “Yaxşı ki, şeirləri bir-birinə quraşdırıb yalançı Şaxta baba oldum. Niyə yalançı? Mən bilən hər şey əla idi. Böyüklərin də xoşu gəldi. Qaldı bu məşhur müğənni. Yəqin ərciyəzi onun başını sinəsinə qoyub “canım, bir ili də belə yola verdik” deyir, o da yanağını ərciyəzinin seyrək tüklü başına sürtüşdürə-sürtüşdürə “hə, ömrümüzdən bir il də əksildi” deyir. Bəlkə də əri yaxşı oğlandır, deyə bilmərəm. Yaxşıdır, pisdir, indi bu barədə fikirləşməyə vaxt yoxdur. Məni görəndə bilərlər ki, bu soyuqda beş-on manatın dalınca qaçanlar da var. Daha həyatın gözəlliyindən dəm vurmazlar”.

Müğənni doqquzmərtəbəli binanın üçüncü mərtəbəsində qalırdı. Şaxta baba ünvanı güclə tapmışdı.

..Yağlı boya çəkilməkdən parıldayan qapı deyəsən qoz ağacından idi. Barmağını zəngin düyməsinə toxundurmazdan əvvəl ayaq altına sərilən yaş əski ilə palçıqlı ayaqqabılarını sildi: “Yəqin döşəməni silirmiş”. Zəngin qutusunun böyüklüyü qəribə gəldi ona. Düyməni basdı. Səs eşidildi:

-Kimdir orda?

Deməli danışıq avadanlığı imiş. Başındakı papağı düzəldə-düzəldə “sizə qonaq gəlmişəm” dedi. “Hə, yəqin indi masanın üstü bəzənib, yemək yeyirlər. Şampanı hələ açmazlar. 12-yə hələ var. Sırsıra bağladım burda, bircə qapını açsaydı..”

-Axı kimdir orda?

-Dərələrdən yel kimi, təpələrdən sel kimi… Saqqalı qırov bağlayan Şaxta Baba sizə qonaq gəlib.

Qapının o üzündən yenə səs gəldi:

-Bu evdə uşaq yoxdur. Və bir də mən Şaxta Baba sifariş etməmişəm.

“Gizlədir ki, uşağı yoxdur. Deyirəm bu varlılar niyə gözdəymədən qorxurlar?”

-Mən Şaxta Babayam, başa düşürsünüzmü? Siz məni çağırmısız, mən də gəlmişəm. Əgər zarafatlaşmaq fikriniz vardısa, yanğınsöndürmə idarəsinə zəng edib “pişiyim yanır” deyərdiz. Sizə nə var ki, oturmusuz isti yerdə…Süfrə başında mənim də gözləyənim var axı…

İçəridən səs gəlmədi.

-Şaxta Baba qarlı aşırımlardan keçib, sıldırım qayaları adlayaraq, bu soyuqda bir stəkan pürrəngi çay içmək istəyir.

“Deyirəm, bəlkə əri gedib şampan almağa, bunu da qısqanclığından saxlayıb içəridə, açarı da özü ilə götürüb?”.

İçəridən səs gəldi:

-Əgər doğrudan da Şaxta Babasızsa, sizə isti çay olmaz. Yoxsa əriyib suya dönər, axıb çaya gedərsiz.

O, zərli-pambıqlı, butalı papağını başından ağır-ağır sürüşdürüb elə ağır-ağır da aşağı enməyə başladı. Beş-altı pillə aşağı düşmüşdü ki, yuxarıdan gurultu gəldi, qapı açıldı. Saçları kare stilində olan, yapon xələtli müğənni onu səslədi:

-Deyəsən gedirsiz? Niyə siz qocalar uşaq kimi dəymə-düşər olursuz?

-Mən qoca deyiləm.

-Bilirəm, siz Şaxta Babasız. Di, qalxın.. qalxın yuxarı.

O, yenə də ağır-ağır addımlarla yuxarı qalxdı. Yorulmuşdu. Müğənni gülümsündü:

-Deyəsən, doğrudan incidiz? Üzr istəyirəm.. Duş qəbul edirdim ki, birdən zəng eşidildi. Elə qurulana-qurulana sizi söhbətə tuturdum ki, paltarımı geyinim, elə bu vaxt bizim hörmətli Şaxta Babamız incidi.

-Açığı bir az incidim.

Gözlənilməz qonağın almacıqlarının qızarması müğənninin gözündən yayınmadı. Əsasən də Şaxta Babanın yorğun görkəmi, pambıq bığının bir ucunun qopması güldürdü onu.

-Qonaqpərvərliyimə söz ola bilməz. Burada dayanmayaq. Qonşularım sözbazdır, sabah yenə dalımca zurna çalacaqlar ki, evinə kişi salmışdı.

-Evinə kişi salmışdı?

-Müğənniyəm də…Recissor gəlir, prodüsser gedir, evdə məşq də edirik…Bunlar da tutub dururlar ki, bəs filankəsin evindən kişi əskik olmur. Hansının ağzını yumasan?! Keçin içəri. Xoş gəlmisiz mənim kasıb komama. Amma sizi hardasa görmüşəm.

-Ola bilər. Hamımızın mayası bir kişidəndir – Adəmdən.

-Onu düz dediz. Yox, ora yataq otağıdır, keçin qonaq otağına. Rahatlanın.

Şaxta Baba onun şampan dalınca gedən ərinin hər an içəriyə girəcəyini düşündü.

-Tez gedəcəksiz?

-Bilirsiz, biz sifarişlə işləyirik. Başqa ünvanlara da getməliyəm. Düz beş ildir ki, müxtəlif səbəblərdən Yeni ili öz evimdə qarşılaya bilmirəm. Gah qonaq gedirəm, gah da dostlarımla kafedə, barda ilişib qalıram. Hə, tez getməliyəm. Uşaqlar məni gözləyir.

Yalan danışmasına özü də qızardı. Əslində onu bir qızdan savayı heç kim gözləmirdi. Bilmirdi o qızı sevir, yoxsa elə-belə gününü keçirir.

-Təəssüf. Heç olmasa bu neçə ildə birinci dəfədir ki, evimə Şaxta Baba gəldi. Sən gözlə, incimirsiz “sən” deməyimə.. deməli incimirsiz, bu dəqiqə sənə pürrəngi çay gətirim. Aclığın yoxdur ki? Ancaq çay? Oldu.

Bu evi bəlkə də Qış Sarayının zümrüdlü otağına bənzətmək olardı. Yox, bu ağ oldu. Sadəcə rahatlıq və əyləncə üçün hər cür şərait vardı.

Fil sümüyündən ağ rəngli ərəb mebeli, şüşə rəflərdə sıralanan yapon servisləri, çex büllürları, iri ekranlı Koreya televizoru, cürbəcür nömrəyazan telefonlar, divarlardakı məxməri macar kağızları, klassik naxışlı məleykələr, istiliyindən hətta tavanı, pəncərələri belə tərlədən soba, İranın qırmızı xalıları, Afrikanın qorxulu maskaları, Hindistanın ağ fil fiqurları, türklərin yumşaq taxtı..Əşyalar bahalı, yerində və gözoxşayan olsa da, sanki yetim idilər. Onlara baxmaqdan yoruldu, “gözəllikdən də usanmaq olarmış”,-deyə düşündü. Müğənni şəkillərdə xoşbəxt idi. “Belə adamlar çox yaşayır. Nə qədər alqışlar, təriflər. Təkcə orta məktəbdə keçirilən şəhər festivalında bir dəfə oxuduğum “Cavanlığım” mahnısına görə mənə o qədər əl çalmışdılar ki, indiyəcən o alqışlar yuxuma da girir. Müğənniyəsə hər gün əl çalınır. Həsəd aparmıram, sağlığına qismət. Nə iləsə məşğuldur, deməli nə iləsə xeyir verir. Yoxsa mən? Otuz yaşım var. Məhəllədəki axsaq it də tanımır məni”.

Müğənninin sinidə gətirdiyi limonlu çay, yanında üç cür: zoğal, şaftalı, albalı mürəbbələri, xarici konfetlər və bu konfetlər içərisində ən çox sevdiyi “Mumu”…bütün bunları gətirən müğənninin boynunda, biləyində, barmağındakı brilyantlar gözünü qamaşdırıb fikirdən ayıltdı. Utanıb yenidən otağa nəzər sala bilmədi. Müğənni gətirdiklərini səliqə ilə masaya düzüb Şaxta Babaya diqqətlə baxdı.

-Ancaq doğrudan da sizi haradasa görmüşəm. Axır vaxtlar hələ yaddaşsız da olmuşam. Görürsən, yenə “siz” dedim, istəyirəm səmimiyyət olsun, alınmır. Hə, onu deyirdim axı…Yaşınıza uyğun deyilsiz. Bura baxın, bilmirəm bura necə gəlmisiz, hansı sifarişlə, amma mənim uşaqlarım yoxdur axı?

Şaxta baba təəccübləndi. Həyətdə, alaqapıda, elə bu evdə düşündüyü qara-qura fikirlərinə görə peşmançılıq çəkdi və “çox axmaq adamam” dedi.

-Niyə uşağınız yoxdur?

“Doğrudan da danışığımı bilmirəm”.

-Qəribə sual verirsiz. Axı, uşaq olmazdan əvvəl ərə getmək lazımdır. Nə toy duvağımı üzümə çəkmişəm, nə də o duvağı üzümdən götürən olub.

“Yox, məndən adam olmayacaq. Gör, bayaqdan bu yazıq haqqında ürəyimdə necə pis-pis şeylər quraşdırırdım”.

-Sevdiyiniz olmayıb?

-Mənim yox, ancaq istəyənlərim çox olub.

“Elə belə deyəcəyini düşünürdüm. Eyni sözlər, eyni baxışlar”.

Müğənni isə danışırdı:

-Heç birini bəyənmədim. Birdə ki ərə gedəndə qadının əli-qolu bağlanır. İndi də yalvaranlar var. Getmirəm. Bilirəm ki, şan-şöhrətimə, puluma görə qarmaqlarına keçirmək istəyirlər məni. Ərə getmək istəmirəm.

Müğənninin kasıb adlandırdığı komanın gözlənilməz qonağı sevdiyi albalı mürəbbəsini gümüş çay qaşığına doldurub-boşaldır, ona qulaq asırdı. Çay isə soyuyurdu. İçmək istəsə də müğənninin danışdığı lirik-romantik söhbətin sonunu gözləyirdi. “Danışsın qurtarsın sonra içərəm. Ədəbsizlik olar. Bu qadın elə bil doğrudan da insan üzü görmürmüş”.

-Ərə getmək sənət adamı üçün zəncirlənmək deməkdir. Elə indi də yalvaranlar var.

-Düz danışmırsız.

-Nəyi?

-Elə bu danışdıqlarınızı. Nə qədər eyni söhbət, bayağı sözlər…Siz qadınların xasiyyətidir. Ərə getməyəndə özlərinə təsəlli üçün deyirlər ki, guya bəyəndiyimiz olmayıb, nə bilim ərə getmək azadlığı boğmaqdır, indi də yalvaranlar var…

“Düz etmədim. Onunla elə danışdım ki, sanki neçə illərin tanışları idik. Onun sifətindəki cizgilər, gözlərindəki işığın öləziməsi tanış idi mənə. Yorğun, bezgin insan sifəti. Elə bil ərkim çatırdı ürəyimdən keçənləri deyim ona, qışqırım, acılayım. Bəlkə də mənlə adam balası kimi danışdığına görə bir azdan peşman olacaqdı”.

-Bağışlayın, amma mənlə bu tonda danışmayın. Sizi bilmirəm, mən yalan danışmıram.

-Çılğınlıq etdiyimə görə üzr istəyirəm. Bəs, uşağınız yoxdursa, niyə evinizdə çoxlu uşaq oyuncaqları, uşaq paltarları var? Deməli uşağınızın olmasını arzulayırsız.

“Oxu hədəfinə vurdum. Biləcəkdim ki, yaxşı atıcı deyiləm”.

-Yox, sadəcə, uşaqlıq illərimi yadıma salıram.

-Deməli keçmişlə yaşayırsız. Bəs gələcəklə kim yaşayacaq? Yoxsa uşaqlığınız boynuna ağır yük götürüb sizi gələcəyə aparacaq?

-Bilmirəm…Bəzən gecələr o ümüdlə yatıram ki, səhər durub görəcəyəm həmin saçları hörüklü və həmin ağ bantlı beş yaşlı qızcığazam. Həmin o uşaq ki, asfalt küçələrdə tabaşirlə şəkillər çəkər, yağış damcıları həmin şəkilləri yuyub aparar, sonra yenidən, yenidən çəkərdi. Böyüklərə şeir deyər, onlar da başını sığallayar, şıltaqlıqla alnına düşən tellərini dağıdardılar. Daha sonra tut ağacına dırmaşar, qapqara tutlarla ağappaq donunu çirkləndirərdi. Axşam evə gələndə isə yenidən danlanardı. Soyuq gecələrdə isə nənəsinin dadlı nağıllarına qulaq asar, şirin-şirin, dərin-dərin yuxulara gedərdi. Yuxuları da dadlı idi. O, mən idim. Tez-tez yuxularına qızıl balıq girən qızcığaz. O qızıl balıq üç arzumun üçünü də yerinə yetirərdi. Qızıl qanadlı tovuz quşları görərdim röyalarımda. Səhərlər isə rəngarəng mənzərələrlə açılardı. Nə yaxşı ki, həyatın əslində nə olduğunu dərk etmirdim. Qəlbim dağların əriməyən qarı idi. Hələ adamları demirəm, onlara müqəddəs varlıq kimi baxardım.

-Bəs indi?

-İndi…İndi…İndilər varmı? İndilər tarixə dönür. İstəsək də, istəməsək də. Səhərlərim eyni mənzərə. Tez-tələsik çay içib səsyazma studiyasına, ordan radioya, nə bilim televiziyaya qaçmaq, curnalistlərə biri-birinin bənzəri olmayan müsahibələr vermək. Bayaqdan telefon susur. Amma özgə vaxtlar həmin qələmçilər zəng edib zəhləmi tökərdilər: “Gələcək planlarınız. Yenidən dünyaya gəlsəydiniz müğənni olardınızmı?”, əksəriyyəti paxılllardan ibarət müğənni həmkarlarım isə paltarımı harada tikdirməyimi, hansı kremdən istifadə etməyimi soruşub saatlarla beynimi aparardılar. İndi isə telefon susur, heç birinin yadına düşmürəm. Səhərlərim şüşə kimi mənasız, ölgün. Axşamlar da “Rapsodiya” kafesində oxuyub, masa ətrafında yayxanıb ağzının danışığını bilməyən kişilərdən söz götürmək, mənzilimə gəlib başımı balınca qoyub yenidən fikirləşmək ki, “görəsən, uşaqlığıma qayıda bilərəmmi?”. Və tez-tez də hirsimdən balıncı döyəcləyirəm…Həyatım əriyib gedir, mahnılarım milçək kimi ürək bulandırır.

-Niyə ki, pis deyil.

-Bəsdirin siz Allah. Bayağı sözlərdən cana yığılmışam.

Sükut yarandı. Fincandakı çay qəddar adamın ürəyi kimi soyudu. Müğənni doluxsundu. Amma ağlamadı, qızaran gözlərini üzümə dikib dilləndi:

-Yaxşı, biz nə vaxta qədər belə oturacağıq? Şaxta Baba rolunu çox pis oynayırsız. Heç məni uşaq kimi sevindirmirsiz..

-Başa düşmədim, sizə də şeir deyib, mahnı oxuyum?, – deyə Şaxta Baba təəccübləndi.

-Nə olar, nə olar, əyləndirin də məni..Bir az könlüm açılsın. Nə qədər olmasa da bayramdır axı..

“Sınıq qəlbini çilikləmək istəmədim. Yaxşı adam olmasam da, cəllad da deyildim”.

-Nə deyirəm, amma mahnı-filan bilmirəm.

Müğənni “eybi yox, eybi yox” deyə-deyə onu tələsdirir, gözləri işıldayırdı. Şaxta Baba zərli xələtinin düyməsini bağlayıb, İvan Qroznının papağına bənzəyən papağı gözünün üstünə bir az da basıb, bığlarına əl gəzdirdi ki, qopub düşməsin. Ciddi, həm də xoş görkəm alıb əlindəki zərli ağacını başının üstündə hərlədib qalın səslə ucadan və gülə-gülə hay çəkdi:

-Mənim şəkər nəvəm, bu gün bayramdır. Nə bayramıdır, deyə bilərsənmi?

Müğənni uşaq səsilə:

-Babacan, bu gün Yeni ili qarşılayırıq.

-Nə edirik?

-Köhnə illə xudafizləşib, əlvida deyib, onu qəlbimizin tarixinə yazırıq.

Şaxta Baba əyilib onun yanağından öpdü.

-Mənim hiyləgər Şaxta Babam deyəsən fürsətdən istifadə edir. Amma məni elə qocalar kimi öpdün haa, – deyə uğunub getdi.

-Ağıllı nəvəm, hələ bu harasıdı..Baban səni o qədər güldürsün ki, tənhalığın daşını atasan.

Müğənni uğunub gedir, işıldayan gözlərindən sevincli yaş axır, uca boyunu əyib uşaq roluna girirdi.

-Babacan, ay babacan, bəlkə şeir deyəsən? Nə olar, şeir istəyirəm, şeir istəyirəm, – deyə müğənni əlini gözünün üstünə qoyub yalandan ağlamağa başladı: – Şeir istəyirəm, şeir istəyirəm, babacan, heç sən mənə xurcununda nanəli sovurma konfetlər, kuklacıqlar gətirmisən?

-Ay mənim balaca nəvəm. Sənin Şaxta Baban bura gələnə qədər çox əziyyətlər çəkdi, təpələrdən yel kimi, dərələrdən sel kimi, dağların bumbuz bulaqlarından su içdi, ayaqlarına təpər, səsinə güc gəldi. Bəs sən bu qoca babanı nə bilirdin? Səni şirin qoğallarsız, sovurma konfetlərsiz qoyarammı? Hələ bir deyirsən səni haradasa görmüşəm. Axı, mən hər il sənin kimi çoxlu-çoxlu körpələrə, nəvələrimə qonaq gəlirəm, xurcunumdan rəngbərəng hədiyyələr çıxarıb onlara paylayıram, sevindirirəm. Onlar isə rəqs edir, şeir deyir, mahnı oxuyurlar. Bəs, indi sən qoca babanı nə ilə sevindirəcəksən?

Müğənni boğazının ən incə səsilə qışqırdı:

-Şax-ta ba-ba, Şax-ta-can, har-da-san bu vax-ta-can-n-n-n?

-Ay mənim gözəl nəvəm, məgər şeiri də belə qışqıra-qışqıra deyərlərmi? Babanın qulağı batdı ki..Bəlkə rəqs edəsən, hə?

Müğənni uşaq kimi yeriyə-yeriyə qonşu otağa keçdi. Şaxta Baba isə sevinirdi. Nə vaxtdan idi belə sevinmir, hətta süfrə arxasında gözləyən qızı da yadından çıxarmışdı. Elə bil yenidən doğulmuş, elə bil yenidən uşaqlaşmışdı. Müğənninin isə sevincli göz yaşları kəsilmir, elə hey axırdı. Qısa saçına ağ bant bağlayıb, əyninə qırmızı don geyinmişdi. Don belini sıxsa da, xoşbəxtliyindən uşaqlığını yenidən və yenidən dadmaq üçün hər şeyə dözərdi. Gülüş içərisində ağlayan müğənni yellənə-yellənə bəzədiyi küknar ağacının ətrafına dövrə vurub rəqs edir, yorulanda dayanır, uşaqlar təki barmağını ağzına aparıb şeir deyirdi. Şaxta Baba isə əl çalır, hərdən o da qol götürüb oynayırdı. Müğənni xoşbəxt idi. Və xoşbəxtliyindən qarşısındakının kim olduğunun fərqinə varmayaraq qucaqlayıb sinəsinə sıxırdı. Komasına gələn özgə, yad adamı özünə doğma bilir, şeir deyir, şaqraq səslə gülür, onun əlindən tutub otaqdan-otağa keçirir, qulağına bir-birilə rabitəsi olmayan şadlandırıcı sözlər qışqırırdı:”Qoy üzümüzə gələn Yeni il bizə xoşbəxtlik gətirsin, qoy arzularımız çiçəklənsin, qoy heç kim tənha qalmasın”.

***

…O, Şaxta Baba paltarını çıxarıb evdən çıxmaq istəyəndə müğənni əlini onun cibinə apardı. Oğlan əlini cibinə atanda xeyli pul olduğunu gördü.

-Götürmərəm, vallah götürmərəm.

-Xahiş edirəm, əlimi geri qaytarmayın. O qədər sevindirdiniz ki, məni.

O, bu sözləri deyib başını qapıya söykədi, əllərilə üzünü tutub ağladı. Səssizcə ağladı.

-İnanırsız, müvəqqəti də olsa o uzaq, əlçatmaz illərimə qaytardınız məni. Pulları isə, götürün. Mümkünsə yenə gəlin.

-Yəni sizi heç bayram günlərində təbrik etmirlər?

-Təbrik də edirlər, qonaq da gəlirlər. Bilirsiz, biz çox darıxdırıcı yaşayırıq. Mən də, siz də, elə Şaxta Baba da… İldə bir dəfə Laplandiyadakı evindən çıxır ki, adamları sevindirsin…Kimisinin qapısından, kimisinin sobasından evlərə girir ki, küknar ağacının dibinə, kimisinin sobasından asılan coraba hədiyyə qoyub getsin, özü də gizlicə…Və təsəvvür edin, onun evlərə gəlməsini heç kim görməməlidir…Özümüz Şaxta babaları fikirləşdik, özümüz də həyatlarını puç etdik.

-Niyə ki… Onları hamı sevir…

-Lənətə gəlsin belə sevgi. Ömrünün hər bir ilində yalnız bircə gün sevirlər…Sonrasa qoca yaddan çıxır. Qınına çəkilir və yenə də o bircə günü gözləyir. Məgər bu da həyatdır?

-Hər halda mən bir Şaxta Baba olaraq bəyan edirəm ki, özümü xoşbəxt hiss edirəm.

Hər ikisi gülüşdü. Müğənni yenə də qaşlarını çataraq:

-Budur saat 12-nin tamamına az qalıb. 12-dən sonra mənim də qonaqlarım gələcək. Siz isə qeyri-adi, unudulmaz qonaq idiz. Aşırımlardan, enişlərdən, sıldırım qayalardan, sırsıralı meşələrdən keçib bu tənha komama qeybdən, özü də qəflətən gəldiz. Qəflətən də gedirsiz. Amma təəssüf ki, sizi harada görməyimi yadıma sala bilmədim.

-Bir dəfə konsertiniz vaxtı səhnəyə qalxıb sizdən aftoqraf almışdım.

-Yadıma düşmədi. İndi gedirsiz Yeni ili qarşılamağa, mənsə bu qırmızı donumu, ağ bantımı çıxarıb süfrə hazırlayacağam, qonaqlarımın qarşısına gülə-gülə çıxacağam. Sanki heç nə olmamış kimi. Onlar heç nəyi bilməyəcəklər. Bunu bir siz, bir də mən biləcəyəm.

***

…Alaqapıdan çölə, şaxtalı havaya çıxanda hiss elədi ki, onu iki tərəfdən külək vurur. Təbiətin bu qış gününə verdiyi külək, bir də cibini yandırıb daş kimi ağırlıq edən kağız pulların küləyi. İkinci küləkdən azad olmaq üçün yenidən pilləkənlərlə yuxarı qaçıb pulları müğənninin qapısı ağzında qoyub zəngi basdı. Və qaça-qaça birinci küləyin ağuşuna atıldı. Müğənni isə tez-tez soyuqladığına görə çoxdan bağladığı pəncərəni açıb onun ardınca baxır, gülə-gülə başını bulayırdı.

…Oğlan Şaxta Baba paltarını çıxarıb binanın qarşısındakı telefon köşkünə yaxınlaşıb nömrələri yığdı.

-Axşamın xeyir. Bu Yeni il gecəsi sifarişini yerinə yetirdim. Əcəb sürpriz fikirləşmisən. Getdim, hələ çay da içdim. Narahat olma, sevindirdim onu. Zövqün yaxşı imiş. Necə? Gəncliyində ondan gözəl idi? Nə bilim…Daha neyləyək, ilk və uğursuz məhəbbətindi də… Saat 12-dən sonra qonaqları gələcək, sən heç onun yadına da düşməyəcəksən. Yoldaşını təbrik elə, mənim ağzımdan uşaqların üzündən öp. Nə deyirsən? Ondan danışım? Ey, bura bax, mən burda donuram, sənsə ilk məhəbbətinin xiffətini çəkirsən, ancaq deyim ki, onu atmaqda ömrün boyu səni qarabaqara izləyəcək səhv eləmisən. Səni can verənə qədər izləyəcək böyük səhv. Anladın məni?

Dəstəkdən səs gəlmədi.

Dəstəyi asdı. Dayanacağa tərəf gedə-gedə neçə dəfə arxaya çönüb müğənninin pəncərəsinə baxdı. Müğənni görünmürdü. Yeni ilin gəlməsinə isə dəqiqələr qalırdı. Taksiyə əyləşdi. Yenidən arxaya çönüb onun pəncərəsini tapmaq istədi. Tapdı. Binanın bütün pəncərələrində işıq yanırdı. Müğənninin pəncərəsi isə qaranlıq idi. Deməli saat 12-dən sonra heç kim onun komasına gəlməyəcəkmiş. Pəncərə qaranlıq idi. Sanki yiyəsiz bir daxma kimi….

O, öz işığını söndürmüşdü. Özü də çoxdan söndürmüşdü.

Müəllif: Azər QİSMƏT

AZƏR QİSMƏTİN YAZILARI


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru