
DAŞ ÖMÜR
Ayrılıq adlı düşmənlə
Vuruşur adam, vuruşur…
Gedənə – yol, qalana – qəm,
Barışır adam, barışır…
* * *
Dərdi qəlbdən yan atmağa,
Xoşbəxtliyə can atmağa,
Gedəni də unutmağa
Çalışır adam, çalışır…
* * *
Qulağında donur səsi,
Boynunda yanır nəfəsi.
Hamıdan o doğma kəsi
Soruşur adam, soruşur…
* * *
Yol çıxır sərt döngələrə,
Ümid qalır “bəlkə”lərə…
Bir ovucluq kölgələrə
Qarışır adam, qarışır…
* * *
Gündən-günə daş olmağa,
Bu daş ömrü daşımağa,
Ağrılarla yaşamağa
Alışır adam, alışır…
İSTİ ŞEİR
Nə uzun gediş oldu?
Dolan səbrin daşmadı?
Gözlərimi incitdin,
Heç sənə yaraşmadı.
* * *
Sən ki qıymazdın mənim
Gözlərimə yaş dola.
İndi nəmli gözlərim
Yağır getdiyin yola.
* * *
Sığalının dadını
Unutmayıb tellərim.
Öz qoynumda üşüyür
Sən öpdüyün əllərim.
* * *
Sən yoxsan, heç duyulmur
Gəlişi də bu yazın.
Güldanda gülün solub,
Çiynimdəsə əl izin.
* * *
Səni xəbər almaqdan
Bezdirmişəm hər kəsi.
Dodağımda titrəyir
“Qayıt, dön, gəl” kəlməsi.
* * *
Nəfəsin yanağımı
İsidən bahar yeli,
Qayıt gəl ki, isinsin
Saçlarımın hər teli.
* * *
Gəl, yorğun baxışımdan
Acı həsrəti götür.
Gözləmə, ömrüm-günüm,
Vaxt keçir, ömür bitir.
* * *
Nə bu ömrü bada ver,
Nə eşqi hədər elə,
Mən olduğum yerdəyəm,
Sən gəlsən, xəbər elə.
* * *
Yoluna eşqətirli
Misraları düzüm, gəl.
Zəng elə, qapıdayam,
İsti şeir süzüm, gəl.
DODAQLARIN YADDAŞI
Bu həsrətin atəşi heç səngimir,
Hicran dolu od-alovdur yan-yörəm.
Mən gündüzlər adlayıram siratı,
Gecələrsə cəhənnəmdə yanıram.
* * *
Əllərimi soyuq kəsir bu bahar,
Saçlarımı yaz küləyi dağıdır.
Buludlarda baxışlarım əriyir,
Gözlərimin alovunu dağ udur.
* * *
Dodaqlarım həzm eləmir bu dərdi,
Sən gedəli tökür qanlı göz yaşı.
Yadındadır, demişdim ki, unutmur,
Güclü olur dodaqların yaddaşı.
* * *
Hey adını pıçıldayır gizlicə,
Qürurum da yoxluğuna yenilir.
Çeynənməkdən gömgöy olub dərisi –
Bütün hirsim dodaqlara yönəlir.
* * *
Bu eşq qaya, ayrılıqsa xəfif yel,
Nə apara bilər ki, yel qayadan?
Nəfəsimi kəsir acı yoxluğun,
Sənsizliklə boğma məni, ay adam…
UZAQLIQ
Bu ayrılıq parçaladı köksümü,
Qopub düşdü ürəyimin tək simi.
Baxışların tez soyundu əksimi,
Daha sənə görünürəm yad kimi…
* * *
Şeirlərin keçmədi ki əynimə,
İndi bu sərt soyuqlarda neynim, hə?
Nəfəsindən köz düşmədi çiynimə,
Bürümədi vücudumu od kimi…
* * *
Bilməzdim ki, doğma dönər yad olar,
Gedişinin başqa necə adı var?
Saçlarımda əllərinin dadı var,
Dad görmədim ondan şirin dad kimi…
DAŞ İNAD
Səpdin göy üzünə ayrılıqları,
İndi buludlardan vüsal süzülmür.
Mənim ürəyimdir, dözür hələ də,
Yer – göy də götürməz bu boyda zülmü.
* * *
Susub dodaqların yol ayrıcında,
Gələn sabahıma xeyir söyləmir.
Gözlərin unudub pıçıldamağı,
Daha baxışların şeir söyləmir.
* * *
Düşüb tərsliyinin məngənəsinə,
Ərköyün hikkənin əlində qaldım.
Yazıq saçlarımın günahı nəydi?
Yenə də heyfimi onlardan aldım.
* * *
O daş inadını tulla dənizə,
Odur yolumuza hər an daş qoyan.
Onsuz nə sən məndən çıxıb gedənsən,
Nə də ki, mən səndən ayrı yaşayan.
* * *
Günlərdir, qapıya ilişib gözüm,
Sən də darıxırsan mənsiz, bilirəm.
Əvvəlcə bu yersiz qürurunu yıx,
Sonra da mesaj yaz: Gözlə, gəlirəm…
Müəllif: SEVİL GÜL NUR
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru