
“SÖZ” OĞUZUN “ÖZÜ”DÜR.
(alternativ düşüncə)
Deyirlər ki, amerikalıların həyat məsləki “A bit of money, a bit of life”. Yəni “Azacıq bir para, azacıq bir həyat”. Mənim öz aləmimdə isə “A bit of word, a bit of life” Yəni “Azacıq bir söz, azacıq bir həyat”. Bu məslək mənim üçün müqəddəsdir.
Təbii ki, söz insanın yaranışından mövcud olmuşdur. Söz necə yaranmışdır? Bu suala cavab vermək çox çətindir. Elə bu səbəbdən də dilçilik elminin yaradıcıları bu çətin sualın altına girməmək üçün sözün təsadüf nəticəsində yaranmasını izah etmişlər. Və demək olar ki, gələcək nəSillərin suallarından da sığortalanmaq üçün bu cür konkret fikirlərini bildirmişlər. Əgər sözün yaranması zərurətdirsə, insanın onun yaranmasında zehni fəaliyyəti olmuşdur. Hər bir yaranan yeni sözün insanlar tərəfindən qəbul edilməsi bir əsasa dayanmalı idi. Bu əsas (qanun) nə ola bilərdi? İbtidai insanları buna necə inandırmaq mümkün olardı?Bu suallar heç də təsadüfi deyildir. Bu suallara cavab vermək üçün ən ibtidai insanın təsəvvürünə bələd olmaq gərəkdir. Bəs necə?
Ən ibtidai insan ən qədim dövrdən özünü dərk edəndən Tanrını dərk etmişdir. O, ətrafında olan insanların Tanrı və onun inancları qarşısında icra etdikləri ritualları görür, az sayda bildikləri sözlərlə bunu anlamaq istəyir və beləliklə onun özü də bu icmaya qoşulur. Sosiallaşma yolu ilə tayfanın adət-ənənəsinin davamçı-qoruyucusuna çevrilir.
O, təsəvvür edərək dərk edir ki, onu tanrı yaratmışdır. Əgər onun özünü tanrl yaratmışdırsa, deməli onun sözünü də tanrı yaratdığına inanmışdır. Məhz bu səbəbdən də ibtidai insanlar ilkin sözlərin hamısını Tanrının adı ilə yaratmışlar. Əgər biz inancın (totemin) elmi tərifinə diqqət versək, bir daha bu fikrin elmi əsaslara söykəndiyini görərik.Tərifdə deyilir ki, tayfalar öz adlarını inandıqları Tanrının və onun inanclarının adları ilə adlandırırlar.
Əgər biz özümüzü “OĞUZ” hesab ediriksə (“O” protezası dildə sözün yumşalmasına xidmət etmişdir. Ərəblər açıq “o” səsini çox işlətmədikləri üçün bizləri “quz, quzlar” adlandırmışlar.) ən birinci özümüzdən başlamalıyıq. Əgər sadəcə olaraq dünya dilçilərinin fikri ilə bu məfhuma yanaşsaq, onlar kimi “təsadüf” deyib durarıq. Və bunu da heç kəs bizdən tələb etməzdi. Əslində “sual”ın özü sübutu tələb edir. Sübutsuz elm gərəksizdir. Çox vaxt humanitar elmlərin şifahi yolla yaranması baxımından onları dəqiq elmlərdən saymırlar. Mənim fikrimcə dilçilik elmi dəqiq elmlərin başlanğıcıdır. İnsan sözü ilkin elmi dərrakəsi əsasında yaratmışdır. Bəlkə də dünya alimləri sözlərin yaranmasında TEOLİNQVİSTİKANIN roluna bələd olsaydılar, bu fikri söyləməzdilər. Sadəcə olaraq özümüzün olan “bərk” sözünə baxaq. Hər hansı bir dilçi alimə sual olunsa, cavab ancaq təsvirlə yozulardı. Əgər “bərk” sözünə dilin əsaslı şəkildə öyrənilməsi strukturu olan dillərin müqayisəli paralelizmində semantikasına baxsaq, əsl mənzərəni sezmiş olacağıq.
Qədim Oğuzların inanclarından biri də “qurd” olmuşdur.” Qurd”a bəzi türk tayfaları “böri” demişlər. Eyni zamanda qədim insanın inancının əsas seçim mahiyyəti onun qüvvətli bir varlıq olması əsasında idi. “Bərk” sözü Tanrının və onun inancının təsəvvüründən “güc” mənasında yaranmışdır. Hətta ibtidai təktanrıçılığın əsasında “bir” sözü də “bərk” sözündən törəmədir. Hər iki semantika latın dilli xalqların dillərində də eyni paralellikdə durur. Qədim Oğuzların “bərk” sözü “solid”, “hard”, “firm”, “firce”, tough”, “dur” və s. sözlərinin hamısı tanrısal teoforlardır. “Sol” günəş tanrısı, “har” “fir” fironizmdən dalğa nəzəriyyəsi əsasına tanrı adları, “teo” və “deo” tanrı adından törəmələr və s. Yeri gəlmişkən “duralminium” sözü də “bərk aliminium” deməkdir.
“Birinci” sözü də eyni paralellikdədir. Latın dillilərdə “primary”, “prima”,“first”, “former” və s. Dalğa nəzəriyyəsi ilə latın dilli xalqlarda fironizmin Tanrı təsəvvüründən yaranan sözlərdir. (Mənim zənnimcə tarixdə Fironların sülaləsinə verilən 5000 il yaş çox azdır. Əgər dünyanın xalqlarının dilində fironizmlə bağlı bu qədər sözlər varsa, bunların hamısı uzunmüddətli gücün hesabına başa gəlmişdir.Bizim tariximizdə olduğu kimi…)
Həqiqətən də araşdırmadan aydın olur ki, dildə sözlərin yaranmasında riyazi (təqribi-yəni doğruya yaxın) əsas vardır. Məhz bu səbəbdən də dilçilik elmini dəqiq elmlərə aid etmək olar.
Keçək əsas məsələyə. ”SÖZ” OĞUZUN “ÖZÜ”DÜR.”
Biz niyə “OĞUZ” adlanmışıq? Yəqin ki, bu sualı dünya dilçilərinə versək yanılmış olarıq. Bizi özümüzdən başqa yaxşı tanıyan olmaz.(Kaş hamı özünü yaxşı tanıya biləydi…) İnancın tərifinə qayıdaq.Tayfalar özlərini Tanrının və inancın adı ilə adlandırırlar. Bizim Ulu dil və Ulu Tanrımız “Qa” olmuşdur.Özümüzü ”Qu+z(cəm), Quzlar” adlandırmışıq. Qohum tayfalarımız da özlərini “Hun” adlandırmışlar. Bu ad da “Qa” tanrısının adındandır.”Qa+n, qun (gün),han, hun, xan, kan və s. Nəticə etibari ilə dünyanı bərqərar edən “Günəş” tanrıçılığın əsası olmuşdur. “Tanrı” sözünün özü də “ta+n” sözündən yaranmadır.Əslində hər türk tayfasının ayrı-ayrı tanrıları olmuş, sonralar birləşərkən tayfa dilləri sinonimik sözlər vasitəsi ilə oğuz dilləri yaratmışlar. Uzaq düşən tayfalarda vahid türk dilinin başa düşülməməsinin səbəbi ərazilərin biri-birindən uzaq düşməsi və baş vermiş işğalçılıq səbəblərindəndir.
Əgər biz özümüzü “Oğuz” adlandırmışıqsa, deməli biz “Oğuz adamıyıq”. “Adam” sözü Ulu dilə mənsub olduğundan bütün dillərdə eyni mənanı kəsb edir. Yəni mübahisəlidir. Əslində Ön Asiyadan gəlmə sözdür.Əgər bütün xalqların Tanrı təsəvvürü eyni yuvadan, yəni Od tanrısındandırsa, elə “Adam” sözünün tərkibində olan “ad-od” yeganə olaraq türk dillərində fonoloji “od” mənasını bildirir.
Əgər tayfanın fərdlərdən formalaşmasını əsas götürsək, buradan aydın olacaqdır ki, “adam” mənasını bildirən “Öz” sözünün özü də, “ğuz” sözündən törəmədir.Yəni “adam”, “mən” sözünün epiteti kimi “öz” formasını fonoloji cəhətdən formalaşdırmışdır.Sonradan cəm forması olan “Biz” sözü də buradan qaynaqlanmışdır. (Hansı dilçiyə sual versəydiniz yəqiki “daşlaşmış” cavabını alardınız.)
“SÖZ” sözü də,“ÖZ” sözündən yaranmışdır. Əgər insanı tanrı yaratmışdırsa və yalnız insan (öz) nitqə qadirdisə, deməli “SÖZ” adama “ÖZ”ə məxsusdur.Ərəb dilində də “insan” sözü ilə “lisan” sözü eyni yuvadandır. Dilimizdə olan “danışmaq” sözü də “Tanrı” sözündəndir.(t-d)
İbtidai insanın söz yaradıcılığında əsas şərt sözləri biri-birindən ayırd etmək təfəkkürü olmuşdur. Yəni söz təsadüfdən yox, ilkin rüşeymin şaxələnməsi əsasında, yəni bir kökdən yaradılmışdır.Bəzi oğuz tayfaları “qadın”a “özük” deyirlər. (Kaşğarinin lüğəti) Yəni özününküləşdirmək mənasındadır. Qadının ərdə olmasının əlaməti olan “yüzük, üzük” sözü də “öz” sözündən yaranmadır.Qədim türklərin “Özük”-yəni “hovuz” mənasını bildirən sözü metaforik söz olub, üzüyə bənzəməsindən alınan dövrün neologizmidir. Məgər bu qədər sözlərdə rabitə yoxdurmu? Dilçilik elminə yeni baxışlar və yeni nəzəriyyələr gərəkdir. Əgər biz “ÖZ” sözünün “Od Tanrısı” nın adı ilə bağlasaq keçmiş dövrün “neologizm”i olan “köz”-“öz”, “söz” sözünü “od” mənasında olduğunun şahidi olacağıq.Şairlərin dili ilə desək “söz içimdə özümü yandırır”. Dədə Qorquda gedib çıxsaq “Ozan” sözü də “söz” sözündəndir. Yəni “Söz söyləyən”.Söz ozana verildisə, mənim sözüm qurtardı.
P.S.Təkrar etsəm də, bu stildə məqalə yazmaq həddindən artıq çətindir. Ən birinci çətinlik persuasvlikdir. Yəni inandırıcılıqdır. Elə “inanc” sözünün özü də, ərəb dilindəki “inam” sözündəndir. Dilçilik elmində “yad fikir”, yəni “öz” sözünün antonimi olan “özgə” söz özünə çətin yol tapır. Deyirlər “Qızıl sahibindən qiymət götürər”. Həmin qızılı kasıb adam taxarsa, çoxları onu saxta hesab edərlər. Bəlkə də mənim yazdıqlarımı ali elmi dərəcəsi olanlar yazsaydılar, çoxdan “Nobel Mükafatı” təsis idarəsinə müraciət edərdilər. Deyirlər məhşurlar özlərindən sonra məhşurlaşırlar. Bizim də ümidimiz bunadır. Almanlar demişkən “Alles gut, ende gut”. Yəni “Hər şeyin axırı yaxşı olsun”!
Müəllif: Həsən ƏLİYEV
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru