Yenə kövrəlib o uşaq, elə ağlar için-için… Sürünür yollarında, ömrüm-günüm, elə sürünür, elə dizin-dizin. Ay insafsız, tapa bilmir bu tifil axı hardadır, hardadır sənin izin? Ax-x bu izlər qanla doldu, yad tapdadı viran oldu, axı bu olanlar nədən oldu?! Atası gəlmədi o izdən, balası qayıtmadı bu üzdən… Qan çanağı dizə qədər , söylə, kim ötürsün onu sizə qədər? Sənin qəlbin daşdır, daş! İllərdir bağırır, eşitmir heç kəs! Barı sən eşit; Deyir ki, ona olum yoldaş, yollarında süzüm, elə süzüm , qoy xoşlansın, qərənfil düzsün! Deyir, amandır çağırsın məni, nəfəsini dərsin, sığal çəksin saçıma. Qovuşaq, ağlaşaq, qoxlasın qızını, gör neçə ildir, yetim qalıb anasından… Saçı, başı, üzü, gözü qan anam, qucağında milyon ər adamına nənni deyən öz anam; Layla istəyirəm, öncə nağıl danış, göydən üç alması düşməyən, sonu yalanlarla bitməyən, birdən-birə lap gərçəyə dönüşən… Yaxın gəlim sıx köksünə, viranə qalmış sus könlünə. Öp üzümdən, gözümdən, Sənə həsrət qalan sözümdən. Bir az lütf et, bir az duy. Qoy uyuyum qoynunda, Qarış-qarış çatladılmış boynunda. Nakam gedən balaların toyunda, tarixlərin lap dibindən, 92-nin əvvəlindən, sənə gələn körpələrin boyunca, səssiz-səssiz köks ötürüm doyunca…
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
MÜTALİƏ NİYƏ VACİBDİR?
BEŞİNCİ YAZI
Salam çox dəyərli oxucum, bu yazını “beşikdən qəbrədək oxumaq lazımdır”, “oxumaq, oxumaq yenə də oxumaq” və s. çox məşhur olan buna bənzər digər mütaliəyə, elm öyrənməyə təşviqedici kəlamların açıqlaması kimi də qəbul etmək olar. Niyə görə elmdən, kitablardan bircə damla nəsə götürməyi bacarmış şəxslərin hamısı oxumağı, mütaliəni belə ciddi-cəhdlə məsləhət görmüş, təbliğ və təşviq etmiş, hətta bəzi hallarda əmr kimi buyurmuşdur? Bunun bircə səbəbi var. Necə ki, dövrümüzdə kimsə maraqlı, əyləncəli bir yerə səyahət edəndə və ya ucuz və sərfəli yerdə alış-veriş edəndə, yaxşı həkimə rast gələndə və s. bu siyahını ən xırda məişət problemlərimizi həll etdiyimiz yerlərin, kəslərin təbliğinə qədər uzatmaq olar. Bu barədə danışmağı, yaxın ətrafındakı dostu-tanışı, doğmaları məlumatlandırmağı, onlara xeyir verməyi, onlar üçün faydalı olmağı özünə borc bilir, oxumağın, mütailənin təbliği də eyni bu qəbildən olan həyati əhəmiyyətli bir hadisə olduğu üçün, bunun xeyrini, faydasını görmüş hər kəs onun təbliğ və təşviqini özünə borc bilmişdir. Bəs nədir mütaliənin faydaları? Bu kiçik yazıda mümkün qədər yığcam və sistemli şəkildə bir neçə kəlmə də mütaliənin, bilgili, məlumatlı olmağın faydası barədə mən danışmaq istəyirəm. Əvvəlcədən qeyd edim ki, çalışacam ancaq və ancaq praktik və həyati söhbət olsun. Sizi inandırım ki, bu ən ümdə, çox vacib məsələdir. Xüsusən də olduqca geniş imkan və resurslara malik müasir dövrümüzdə bu prosesdən kənarda qalmaq sadəcə olmaz! Bunu belə qəbul etmək lazımdır. Bir söz də əlavə etmək istəyirəm çoxumuzun tez-tez işlətdiyi “günahdır” kəlməsini…. Bəli, bəli kitab, jurnal, qəzetlərdən əlavə əlimizin əltında internet kimi çoxumuzun bəlkə də təsəvvür belə edə bilməyəcəyi informasiya zənginliyi dövründə oxumamaq, mütaliə etməmək, öyrənməmək, öz həyatını yüngülləşdirməmək sadəcə “günahdır”. Vəssalam! Keçək əsas məsələyə, nə verir mütaliə bizə? Birinci ən ümümi cavab, əlbətdə, məlumatlı olmaq ilk növbədə həyatımızı, gündəlik yaşam tərzimizi asanlaşdırır. Sizə deyərdim ki, əhəmiyyətli dərəcədə yüngülləşdirir. Bizi izafi xərclərdən qoruyur. Və başqa belə çoxlu həyati misallar gətirmək olar. İndi çalışacam ki, bu barədə mümmkün qədər sistemli və yığcam danışım. Bir insan ömrünü mütaliə baxımından beş hissəyə asanlıqla ayırmaq olar:
Uşaqlıq,
Yeniyetməlik,
Gənclik,
Orta yaş dövrü,
Ahıllıq.
Keçək açıqlamalara, uşaq hələ məktəbə getməzdən əvvəl indiki müasir vasitələrin zənginliyindən də istifadə etməklə, sözləri olmasa belə şəkilli kitablarla tanış olması, oynaması onlara baxıb öz-özünə hekayələr uydurması, danışması çox vacibdir. Çünki, o məktəbə gedəndə, artıq ilk kollektivə düşəndə danışmağa nəsə sözü olmalıdır. Sizi inandırım ki, nə qədər laqeyid, dəcəl uşaq olsa da o, oyuncaqlarının içində, stolun üstündə, televizorun, kompüterin, planşetin yanında hətta döşəmədə belə (qoy olsun onsuz da oyuncaqlar bütün günü əl-ayağa dolaşır) olsa şəkilli kitab görsə, (indi olduqca bahalı pultlu maşınların, helikopterlərin, gəlinciklərin və s. birinin qiymətinə 2-3 dənə yaxşı möhkəm materiallardan hazırlanmış, tez xarab olmayan şəkilli kitablar almaq olar) uşaq götürüb onunla da maraqlanacaq, baxacaq. 3-4 yaşlarında bütün normal uşaqlar (daha inkişaf etmiş, hazırlıqlı uşaqları çıxmaq şərti ilə, onlar artıq oxumağı bacarırlar) şəkilli kitablara baxıb hekayələr uydurmağı, ordakı oğlanın və ya qızın yerində olmağı bacarırlar, istəyirlər, sevirlər. Yetər ki, onlara bu abu-havanı yaradıb sərbəstlik verəsən. Bir müddət oynadıqdan sonra isə təbii olaraq uşaq yazmağa və oxumağa can atacaq. Məktəbi gözləmədən uşağın digər tələblərini ödədiyimiz kimi bu təlabatı mütləq qarşılamaq lazımdır. Bunun üçün sadəcə 4-5 ay planlı və məqsədyönlü şəkildə, məşğul olmaq uşağın bir ömür boyu qarşıda dayanmış əsas problemini kökündən həll etmək lazımdır. İnanın 3-5 yaş arasındakı bütün normal uşaqlara ən şoxu 1 il əziyyət, xərc çəkib sadəcə onu kitablarla, intrnetdəki axtarış sistemləri ilə tanış etməklə, kitablardan istifadə etməyi (yazıb oxumağı), sadə hesablamanı öyrətməklə məktəbə hazır şəkildə göndərsək onun bütün gələcək problemlərini həll etmiş oluruq. Məktəbə ən azı yuxarıda qeyd olunan dərəcədə hazırlıqlı və ondan daha yaxşı qaydada hazırlanmış şəkildə gedən (kitablardan istifadə etməyi, mütailəni bacaran), sərbəst çalışmaqda heç bir çətinliyi olmayan uşaq sizi bütün gələcək təhsil boyu izafi xərclərdən, təhsildən sonra (maşın almaq, işə düzəltmək, ev almaq, toy etmək kimi) isə daha böyük və vacib külli miqdarda sərfiyyatdan xilas edəcək. Burada söhbət qismən maiddiyyatdan gedir çünki, bizim mental alaraq öz dəyərlərimiz var. Ancaq, burda əsas məsələ odur ki, bu hazırlıqlı uşaq gələcəkdə özü ya bunları qəbul etmək istəməyəcək, ya da ona ehtiyacı olmayacaq. Birinci sinifə gedəndə tam hazırlıqlı olduğu üçün bütün məsələlər ona asan və adi gəldiyindən bütün həyatı boyu belə davam edəcək. Bura da böyüyün öhdəçiliyi və vəzifəsi sadəcə nəzarət etməkdən ibarət olacaq. Bura qədər biz sadəcə uşaq vaxtı mütaliənin nə qədər vacib və önəmli olduğundan danışdıq. Bütün ibtidai siniflər boyu və ondan sonra da yeniyetməliyə qədər uşağı nəzarətsiz qoymaq olmaz! Bu dövrdə uşaqlar lüğətlərdən istfadə etməyi mütləq bacarmalıdırlar. Uşaq vaxtı mütaliə etmək hamıya vacibdir, gələcəyin ustasına da, müğənnisinə də, aşbazına da, hərbiçisinə də hamıya. Mütaliə nəticəsində uşaq istənilən mühit və kollektiv içərisində tam sərbəst şəkildə, kompleksiz öz yerini tapır, öz kiçik dünyasını qurur, ətrafını formalaşdırır. Məlumatlı uşaq yeni mühitə tez inteqrasiya edir, uyğunlaşır. Belə uşağın dostları çox olur. Bütün kollektivin sevimlisi olur. Bütün bunlar nəyin nəticəsidir? Əlbəttə, mütaliənin, oxumağın, araşdırmağın. Yeniyetməliklə uşaqlığın şərhəddinin harda bitib, harda başladığı dəqiq heç kimə məlum olmasa da uşaq böyüdükcə təbii proseslərin nəticəsində orqanizmdə istər fiziki, istərsə də mənəvi cəhətdən bir çox dəyişikliklər baş verir ki, məlumatlı və məlumatsız yaxud da bu dəyişiklikləri gözləyənlə, gözləməyən uşaq-yeniyetmənin hərəkətləri, özünü aparması, bu dəyişikliklərə reaksiyası da məntiqi olaraq müxtəlif olur. Elə bil bilirsən ki, dostun qonaq gələcək hazırlıqlı olursan. Ya da qəflətən qapı döyülür. Effekt təxminən eynidir. Məlumatlı yeniyetmə qeyri-adi heç nə yoxmuş kimi öz yaşam tərzini mütaliənin hesabına sakit şəkildə davam etdirir. Məlumatlı gənc (ancaq və ancaq davamlı mütaliə nəticəsində buna nail olmaq mümkündür) məktəbdən sonra ixtisas seçimində, təhsilin digər pillələrində, hərbi xidmətdə, ilk iş yerində də demək olar ki, heç bir çətinliklə üzləşmir. Məlumatlı gənclərin ailə həyatı da qat-qat daha uğurlu olur. Onlar kənar müdaxilələr və təbiətin maneçiliyi olmasa. Demək olar ki, seçimlərində çox az-az hallarda yanılırlar. Deyərdim ki, bu şeçim –gələcək ömür-gün yoldaşını seçmək dünyaya yenidən gəlmk qədər əhəmiyyətli bir hadisədir. Bu məqamda səhv etmək, doğuşu qəbul edən mamaçanın səni əlindən yerə salmasına bərabərdir. Bəlkə də daha artıq. Deməli, mütaliə sayəsində gənc bu sınaqdan da mümkün qədər az risklə keçir. Mütaliə sayəsində 25-30 yaş arası hər bir gənc heç bir kömək olmadan öz işini tapmağa və ya qurmağa, özünü maşınla, evlə təmin etməyə qadirdir. Mütaliə heç vaxt bitmir. Ailə həyatı, məişət problemləri, qidalanma, yaşam tərzi, istirahət, ixtisas artırma, orta yaşlı hamının gündəlik qayğılarıdır. Mütaliə sayəsində oxumuş, savadlı, bütün həyatını tam təmin etmiş şəxslər daha sağlam yaşayırlar. Belə şəxslərin ailə büdcəsi daha dayanıqlı, qidaları daha sağlam, istirahətləri daha keyfiyyətli olur. Mütaliə isə bitmir ki, bitmir…. İnsan daim axtarışdadır. O, fasiləsiz olaraq, oxuyur, axtarır, araşdırır, hər şeyin ən yaxşisini, ən ucuzunu istəyir və mütaliə nəticəsində buna nail olur.
Mütaliənin bir mənfi cəhəti var ki, onu da ahıllıqda hiss edirsən… Bir vaxt oyanırsan ki, məktəb yoldaşlarından, xidmətdə bir yerdə olduğun dostlardan, tələbə vaxtından əlaqə saxladığın adamlardan demək olar ki, heç kim qalmayıb. Yada salmağa çalışırsan, çoxları qəfil ölümlə (gecə yatıb, səhər oyanmayıblar), qəzada, həbsdə, müxtlif səbəblərdən dünyaların çoxdan dəyişiblər, ya da heç bir məlumat yoxdur. Sağ qalanları barmaqla sayırsan…. Bu şəxslərin demək olar ki, hamısı səinin həmsöhbətlərin, həmfikirlərin, həmişə kitab alıb-verdiyin, hansısa yeni bir məlumat-xəbər barədə həmişə mübahisə etiyin yoldaşlardır…. Günlər keçir bir də görürsən daha zəng edən, statuslarına şərh yazan dost-tanışdan heç kim qalmayıb…. İstər-istəməz nə vaxtsa dostlarla mübahisədə dediyin söz düşür yadına; – “mütailə orqanizmin kompleks müalicəsi və sağlam həyat deməkdir” – üzünə qeyri-ixtiyari təbəssüm qonduğunu hiss edirsən….. O vaxt dostlardan bir çoxu bunla razılaşmasa da izahat verəndən sonra ki, mütaliə yeganə vasitədir ki, həm ruhun hən də cismin bunla qidalanır, yekəqarın bankirdən başqa hamı bunla razılaşmışdı. Bankirin ki, isə sadəcə kor inad, həm də nankorluq idi. O, artıq çoxdan unutmuşdu ki, say – hesabını itirdiyi var dövlətini özü ilə qonşudan alib geyərək oxumağa gəldiyi nimdaş pencəyin cibində gətirməmişdi…. Ani olaraq onun lap çoxdan olmuş yas mərasimi gözünün önünə gəlir, yaziq şəhərin mərkəzində tək qaldığı mənzilində qəflətən dünyasını dəyişmişdi. Ancaq işdə bir-neçə gün görsənməyəndən sonra mənzilində cansiz tapmışdılar. Yekə adam bir az da şişmişdi, evin qapısından çıxmadı. Zalım oğlu qapını da elə düzəltdirmişdi ki, sökmək də mümkün olmadı. Həm də baxdılar ki, qapı sökülsə də oradan çıxmayacaq. Odur ki, pəncərələri söküb, kranla pəncərədən düşürdülər…. Təəssüf hissi ilə başını bulayıb, düşünürsən yəqin ki, ən çox mütaliə edən elə mən olmuşam…..
15.10.2016. Bakı.
QEYD:
Bu yazı bu yazı başqa-başqa saytlarda dərc olunmaqla yanaşı müəllifin “Usubcan əfsanəsi” və “Qələmdar” adlı kitablarında müstəqil məqalə şəklində yayımlanıb.
“DƏRDİM, SEVİNCİM” (Sonetlər çələngi 15 nəğmədən ibarətdir. Nəğmələr doğma Azərbaycanımıza həsr edilib! Dərdim, sevincim, Azərbaycanım…) I Olmasın, olmasın sənsiz bir günüm, Ancaq qucağında uyuyaram mən. Kimə yetə bilər harayım, ünüm Əgər sən olmasan, ey ana Vətən.
Qdludur torpağın əzəldən, başdan Dağlarda qarın da qığılcım çaxar. Sənin ürəyini döyündürən qan Mənim də qəlbimdən dolanıb axar.
Fikirlər uçdumu uzağı çəkər, Görüb dərdlərini sızlasam əgər Demə uşaq kimi ağlar, kürəm mən.
II
Demə uşaq kimi ağlar, kürəm mən. Sənin çəkdiklərin tarixdə azmı. Sökülən, danılan, dağ çəkdirilən Bir ana övladı de, ağlamazmı?
Çiçəklər içində çiçəyin incə, Nəğmən nəgmələrə ilk cığır açdı. Elə bir ocağa döndü ki, Gəncə Bütöv yer üzünə nurunu saçdı.
Dildən dilə düşdü şöhrətin, adın Çoxları üstünə oynatdı atın. O gündən qaraya tutuldu günüm.
Eh, bir də həyatda deyilki yalan Pis gözə bıçaqdır qiymətli olan Eşit, Azərbaycan, başına dönüm.
III
Eşit, Azərbaycan, başına dönüm, Çiçəklər oxşayar, tikanlar dalar. Yadından çıxıbmı “Məvailər”im… Qiymətli zər kimi oğurlandılar.
Vətən yanğısıdır, Vətən yanğısı, Insan ürəyində dərdin dərini. Bəlkə də dönəndə durna sırası Oxuyur onların nəğmələrini.
Dəyişən dəyişib, qalanlar qalır, Kimi üz çevirib astarın salır. Tarixsə dəyişməz həməndir, həmən.
Pərvanə vurğundur yanarsa şamda, Bəzən qovurlanıb, sızıldasam da Sənin şöhrətinlə öyünürəm mən.
IV
Sənin şöhrətinlə öyünürəm mən Dillərdə əzbərin birmi, ikimi. Saysız övladın var dillərdə gəzən, Həsən oğlu kimi, Nizami kimi
Çoxu çiçək olub öz çəmənində Olana olan tək qiymət verən az. Qarşımda eşmirəm ocağı mən də Sənin çiçəyindən gülündən olmaz.
Düşüb şerləri hey dildən-dilə Sənin Nizaminin hikməti ilə Ilkin açmadımı dünyada bahar.
Azmı çürüyübdür qılınclar qında, Ulu əsrlərin ulu yolunda Qartal duruşun var, qartal adın var.
V
Qartal duruşun var, ulu adın var. Cır meyvə gətirməz cır deyilsə tum. Doğuldun, bələyin oldu dümağ qar Qurdu beşiyini Turan xatunun.
Qəlbinin mayası od idi deyə Oğlun da, qızın da pir bildi odu. Sənin sevincinə, yaşına yiyə, Ağsaqqal seçdilər Dədəm Qorqudu.
Başsız el-obadan əksilməz qada, Ixtiyar sahibi şah olubsa da, Sözü ötən olub ağsaqqalının.
Bir alaq kökündən göyərər mini Necə ki, görmədin Aruz kimini, Başından aşıbdır dövlətin, varın.
VI
Başından aşıbdır dövlətin, varın Var-dövlət daş-qaşdır, qızıldır məgər?! Şerin var bir bəndi fateh şahların Bütöv sərvətinə, zərinə dəyər.
Çox düşüb kəsərdən baş kəsən yaraq, Kəsərdən düşməyib sözün sətiri. Haq sözü daş-qaşdan üstün tutaraq Dahi olmadımı oğlun Xəqani.
Nə olsun çoxları özündən deyib, Həmişə başını aşağı əyib Meyvəli ağaclar, ay gözümə nur.
Keçib qanımıza qəlbindəki köz, Nahaqdan üzünə haqq dediyin söz- Dünyanın özünə çıraq olubdur.
VII
Dünyanın özünə çıraq olubdur. Bir el yolunda da çıraq yandıran. Dilindən köz alıb, dağından qürur Yoluna nur oldu Xətai balan.
Çox tapdaq olmuşdun düşmənə, yada Boynu bükülüydü açan gülün də. Həsrəti qürbətdə zoğ atdısa da Füzuli axır ki, ötdü dilində.
Doğma havasını çalmaq dəmində, Ötə bilərsə də özgə simində…. Daha gözəl ötüb öz simi tarın.
Demə ki, dərd deyil, dərdsə də azdır. Şerini özgənin dilində yazdı Sinəndə göz açan söz sərrafların.
VIII
Sinəndə göz açan söz sərrafların Vaxt olub çiçəkcə anılmayıblar. Dilləri dillərdə ötüb onların, Ancaq haqq yolunda yanılmayıblar.
Fəzlullah Nəimin iki bölünüb, Dözmüsən dərdini sən uda-uda. “Ənəlhəqq” söyləyib Allaha dönüb, Nəsimi – dərisi soyulubsa da.
Tarix canı deyib hər soyan kəsə Ancaq görmüşük ki, soyulan isə Haqqın yollarına şəfəq, nur salıb.
Onunla fəxr edib öyündüm ki, mən- Talanıb, soyulub, danılsan da sən, Çoxunun gözləri əlində qalıb.
IX
Çoxunun gözləri əlində qalıb Baxma ki, çoxları daş atıb sənə . Nadir əsərlərin azmı talanıb, Dönüb özgələrin qiymətlisinə.
Söz də tarix deyil hər yetən dana, Qarğa verə bilməz bül-bül yerini. Məgər çıxmadımı, de öz adına Bodenşted Vazehin nəğmələrini?…
Qələm dediyini deyə bilməz ox, Bu həyat yolundsa çox görünüb, çox, Talayan alçalıb, soyan alçalıb.
Elə soyulmağın dərddimi təkcə, Yox, sənə can atıb yetişmədikcə…. Çoxunu dərd alıb, fikir-qəm alıb.
X
Çoxunu dərd alıb, fikir-qəm alıb, Sən çiçək açdıqca, gətirdikcə bar. Bəzən də illərcə qonağın qalıb, Sənə quyu qazan, tor quran da var.
Yolunda keçsək də, bir, canımızdan, Uyduq neçəsinin əməllərinə. Özümüz sıyrılıb öz qınımızdan, Qırdıq özümüzü düşmən yerinə.
Qeyrət məqamında uduzmuşuq biz- Elə ki, bilinib kəramətimiz, Səni döndəriblər yola, səkiyə.
Sənin çörəyini yeyənlər ki, var, Çox məqam gözləyib, çox göz qoyublar, Qızıl qanını da sorsunlar deyə.
XI
Qızıl qanını da sorsunlar deyə Sərhədlər keçiblər, dağlar aşıblar. Zoru keçməyəndə keçib hiyləyə, Söz verib, and içib “qardaşlaşıblar”.
Eləı ki hiylənin yırtılıb qını, Əvvəl qeyrətini veriblər bada. Dartıb bədənindən şah damarını, əmzik tək əmiblər onu sonra da.
Xəncər qayıdarmı sipər yoxdusa , Övlad ürəyində təpər yoxdusa….. Ay anam, nə xeyri deyilən sözün.
Mənim də öz gücüm çatır dilimə, Ay Vətən, günahkar özünsən demə. Bil, alnın açıqdır, bil, ağdır üzün.
XII
Bil, alnın açıqdır, bil, ağdır üzün. Səndə sınmaz olan duruşa əhsən . Ay elim, ay obam, fikir ver özün, Bu dərdə sənsən ki, tab gətirmisən.
Bir de hansı qartal uça bilərdi Bircə qandıyla zirvə tənində. De, hansı torpaqda çiçək gülərdi Sənin torpağın tək darda, çətində.
Paklıq ələnibdir səndəki oda, Bir gözün həmişə ağlayıbsa da Əsrlər içində gülüb bir gözün.
Baxıb keçmişinə balan kimi mən, Üz tutub deyirəm, inan, ürəkdən Bütövdür yerişin, bütövdür sözün.
XIII
Bütövdür yerişin, bütövdür sözün Belə bir gedişi ariflər anlar. Qaranlıq uçruma bürünsələr də, Büdrəməz heç zaman bütöv olanlar.
Mən də bir övladam yuxusu sərsəm, Taleh gəncliyimlə oynadı oyun. Adına zərrəcə ləkə gətirsəm, Qoy gəlsin burnumdan çörəyin, suyun.
Özümə qənimmiş mənim bu andım…. Ömür yollarında sərtlik qazandım…. Alnımı daşlara hey döyə-döyə. Iki yad ocağa bölünməz bir ev, Ay Vətən, qəlbimdə bütövsən, bütöv, Qəlbini bölsə də Araz ikiyə.
XIV
Qəlbini bölsə də Araz ikiyə, Nəğməni bir tonda çalan tarın var. Üz tutub o taya “Şəhriyar” deyə Səsinə səs verən Bəxtiyarın var.
Bir ağac kökündən söylə bir mənə Iki özgə ağac çıxa bilərmi?! Bir çay əsrlərlə biri-birinə Söykənən dağları yıxa bilərmi?!
Açdım əllərimi qucam mən səni Tikanlı məftillər qoymur birini, Biri də halsızdır başına dönüm.
Təki hürsün itin, yansın çırağın, Təki məndən olsun gələn sorağın, Olmasın, olmasın sənsiz bir günüm.
XV
Olmasın, olmasın sənsiz bir günüm, Demə uşaq kimi ağlar, kürəm mən. Eşit, Azərbaycan, başına dönüm Sənin şöhrətinlə öyünürəm mən
Qartal duruşun var, ulu adın var. Başından aşıbdır dövlətin, varın Dünyanın özünə çıraq olubdur. Sinəndə göz açan söz sərrafların.
Çoxunun gözləri əlində qalıb Çoxunu dərd alıb, fikir-qəm alıb Qızıl qanını da sorsunlar deyə
Bil, alnın açıqdır, bil, ağdır üzün. Bütövdür yerişin, bütövdür sözün Qəlbini bölsə də Araz ikiyə…
İldırım Əkbəroğlu – Füzuli (Məmmədov İldırım Əkbər oğlu) 13 sentyab 1950-də anadan olub. Beyləqan rayonu Kəbirli kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmət keçib. Bu ərəfələrdə artıq şeriləri rayonun çoxtirajlı qəzetində müntəzəm şəkildə çap olunması səbəbi ilə bölgədə hamı onu şair kimi tanıyırdı. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutuna, indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunur və 1979-cu ildə təhsilini başa vurur. Bu müddətdə radioda, televiziyada şeriləri səslənir, 1978-ci ildə B.Vahabzadə və İ.Şıxlının redaktorları olduğu “Çinar pöhrələri” toplusunda şeriləri geniş oxucu kütləsinə təqdim olunur. Dost – tanış və eyni zamanda yazıları ilə tanış olan hər kəs onu bir şair kimi qəbul edir, gələcəyini bu istiqamətdə təsəvvür edirdi. Müntəzəm olaraq şerləri qəzetlərdə çap olunurdu. Təhsili başa vurub Rayonda işə başlamaqla sanki, yaradıcılıq arxa plana keçir… RTTB –ndə 1998–ci ilə kimi baş mühasibin müavini, 2015-ci ilin sonuna kimi İH-nin Kəbirli kənd ərazi nümayəndəliyində baş məsləhətçi kimi fəaliyyət göstərir. Təqaüdə çıxdıqdan sonra sirli söz aləmi yenidən onu öz sehrinə salır.. Şerləri dəfələrlə almanaxlarda, qəzetlərdə çap olunur. İldırm Əkbəroğlu 22 yanvar 2019 – cu ildə MYK -ın ömürlük fəxri sədri seçilmişdir. İldırım Əkbəroğlu 22 dekabr 2019 -cu ildə vəfat emiş və Beyləqan rayonu, Kəbirli kəndində dəfn olunmuşdur.
KİTABLARI:
İldırım Əkbəroğlunun bu günə qədər iki kitabı nəşr olunub. “İldırım Əkbəroğlu” adlı ilk kitabı sağlığında, demək olar ki, ömrünün son günlərində (2019), “70” adlı ikinci kitabı isə ölümündən sonra (2020) nəşr olunmuşdur. Son olaraq “Yazarlar” jurnalının tərtib etdiyi “Ana şeirləri” almanaxında yer alıb.
QEYD:
“Bayram Bayramov – 100” layihəsi çərçivəsində İldırım Əkbəroğlu 2019 -2020 ci il üçün “İLİN YAZARI” seçilib və “Bayram Bayramov ” diplomu ilə təltif olunub (ölümündən sonra). Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.
Əli Kərim (tam adı: Kərimov Əli Paşa oğlu) — azərbaycanlı şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı,
Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Atası Paşa kişi fəhlə işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya qayıtdıqdan sonra «Azərbaycan» jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur.
Yaradıcılığı,
Əli Kərimin ömrü,öz şair sözü kimi,poeziyada atributa çevrildi. Bu gün onun üslubunu,deyim tərzini,söz-obrazlarını davam etdirən şairlər var. İlk nəşr olunan əsəri 1948-ci ildə «Azərbaycan pioneri» qəzetində çıxmış «Təzə müəllim» şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında «İlk simfoniya» poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rusca çıxan «İki sevgili» kitabı olmuşdur.
«İki sevgi» (1960), «Həmişə səfərdə» (1963), «Qızıl qanad» (1965), «Qaytar ana borcunu» (1970), «Uşaqlar və ulduzlar» (1971) «Səfərdən sonra» (1972), «Pillələr» (1978), «Gül və çörək» (1978), «Seçilmiş əçərləri» (I cild, 1974, II cild 1975), «Qayıt» (1983), «Pillələr» (1987), Seçilmiş əsərləri» (2 cilddə, 1991), «Mavi nəğmənin sahilində» (1991), «Neyləyim, şeirlə dərd söyləyirəm, (1999) və s. kitabları nəşr edilmişdir. Ona həsr edilmiş Feyzi Mustafayevin «Dinmə, ey kədər» (1986), Elza Kərimin «Nə xoşbəxt imişəm», Altay Məmmədovun «Tanıdığım Əli Kərim» xatirələr kitabları çapdan çıxmışdır. Şairin bədii yaradıcılığının tədqiqinə həsr edilmiş Cavanşir Yusiflinin «Azərbaycan poeziyasında Əli Kərim mərhələsi» (2005), «Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış» (2010), Sona Xəyalın «Əli Kərim» (2011) və b. monoqrafiya və məqalələrin adlarını çəkimək olar. Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görmüşdür. Əli Kərim 1969-cu ilin 30 iyununda Bakıda vəfat etmiş, Göyçayda dəfn edilmişdir. Dəfn edildiyi yerdə Əli Kərim parkı salınmışdır. Sumqayıt şəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir. Əli Kərim ədəbiyyata özünə məxsus üslubu ilə gəlmiş, ilk şeirlərindən parlaq istedadı ilə şeirsevərlərin diqqətini cəlb etmiş, özündən sonra gələn bir sıra şairlərə güclü təsir etmiş sənətkarlardandır. AMEA-nın Həqiqi üzvü, professor Tofiq Hacıyev onun yaradıcılığı barədə yazır: «Ə.Kərimin ömrü, öz şair sözü kimi poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. Əli Kərim mövzu məhdudluğu bilməyib, mövzu əlvanlığı, həm də seçilmiş mövzunu orijinal işləmə tərzi onun yaradıcılığını səciyyələndirən cəhətləndəndir. Mövzuların bir qismi yalnız onun özünə məxsusdur, yəni onları o görüb, o mənalandırıb: «Babəkin qolları»nda məşhur Babək bir yanda qalır, onun kəsilmiş – Babəki xalq qəhrəmanı edən qolları qəhrəman seçilir; «Heykəl və heykəlin qardaşı» poeması da həmin prinsiplə yazılmışdır – qəhrəmanın özü yox, hekəlidir. «Gül və çörək», «Sevirəm», «Bomba üstündə ev», «Çiçəklər iclasda» kimi şeirlərdə də vəziyyət eynidir, bu əsərlərdə mövzu orijinallığı ideya-məzmun orijinallığı ilə, poetik forma yenilikləri ilə uyğun gəlir.
Həyat faktlarına xüsusilə poetik yanaşma, onlar üçün xüsusi poetik mühit yaratmaq üsulu şairin iri həcmli əsərlərində – poemalarında da saxlanır. İdman mövzusunda yazdığı «Bir santimetr haqqında ballada» poemasında iradə ilə ətalətin mübarizəsi gözəl, şairanə ekrana çevrilir və bu ekranda şairliklə kommentatorluq çox təbii əlaqələndirilir. Əli Kərimdə oxucunu poetik mühitinə salmaq istedadı vardır: «İlk simfoniya» poemasını oxuyarkn əvvəldən axıra musiqi dünyasına düşürsən, buradakı obrazların timsalında musiqiçilərin sənətini, ailə-məişət ziddiyyətlərini təbii lövhələrlə yaşayırsan, şair oxucunu musiqi salonundan çıxarıb, qəhrəmanının ardınca yollara, bağlara, parklara izlətdikcə qulaqlarında melodiya cingiltisi kəsilmir. «Heykəl və heykəlin qardaşı» poemasında müharibə səhnələri ilə sülh dövrünü təsərrüfat-quruculuq mənzəsinin poetik ritmləri sənətkarlıqla növbələşir, müxtəlif mövzular ustalıqla bütövləşir…»
,Şeirlərinə yazılmış mahnılar,
· Aybəniz Haşımova, Nə gəlməz oldun, musiqi: Oqtay Kazımi
· Flora Kərimova, Nə gəlməz oldun, musiqi: Oqtay Kazımi
· Səbinə Ərəbli, Yar gəldi, musiqi: Adil Gəray
· Yaqub Zurufçu, Yar gəldi, musiqi: Adil Gəray
· Vaqif Şıxəliyev, Azərbaycanım mənim, musiqi: Hacı Zirəddin Tağıyev
Haqqında yazılmış kitablar,
· Feyzi Mustafayev – “Dinmə, ey kədər”
· Cavanşir Yusifli – “Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış”
· Cavanşir Yusifli – “Azərbaycan poeziyasında Əli Kərim mərhələsi”
· Altay Məmmədov – “Tanıdığım Əli Kərim”
· Sona Xəyal – “Əli Kərim”
· Elza Kərimova – “Nə xoşbəxt imişəm”
Əsərləri,
Əli Kərimin Təbrizdə nəşr olunan Qaytar Ana Borcunu kitabı
1. İki sevgili. Bakı: Azərnəşr, 1960, 60 səh.
2. Həmişə səfərdə. Bakı: Azərnəşr, 1963, 63 səh.
3. Qızıl qanad. Bakı: Azərnəşr, 1965, 132 səh.
4. Qaytar ana borcunu. Bakı: Gənclik, 1970, 223 səh.
5. Uşaqlar və ulduzlar. Bakı: Gənclik, 1971, 71 səh.
6. Səfərdən sonra. Bakı: Azərnəşr, 1972, 192 səh.
7. Tənbəl ayı balası. Bakı: Uşaqgəncnəşr, 1973, 15 səh.
8. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1974, 407 səh.
9. Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1975, 185 səh.
Qayıt, mənim gülüm, yerbəyer elə Dərdli səhərləri, gecələri sən. Çaşıb başqa yolla keçirəm elə, Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi,- Yenə olduğu tək görüm həyatı. Qayıt, gözüm nuru, könlüm atəşi, Qayıt, səhmana sal bu kainatı
İki sevgi
Gözəl qız, sən saf susan, İki qəlb arzususan. Mən səni sevirəm Sususzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. O isə səni sevir rahatca bardaş qurub, – Kabab üstdən sərin su pis olmaz – deyən kimi Gözəl qız, sən işıqsan, Yurduma yaraşıqsan. Mənsə səni sevirəm iynənin ucu boyda İşığa həsrət qalan göz işıq sevən kimi O isə səni sevir Bir şən mağarda, toyda, İşıqlardan yaranmış yaraşıq sevən kimi. Danış, ucalsın səsin, Qısılmasın nəfəsin. Mən ki səni sevirəm Bakıdan, Daşkəsəndən Gələn bir səda kimi, Səs kimi, Qüdrət kimi O isə səni sevir, Gizli deyil ki səndən, Bir otaq küncündəki qəmli sükunət kimi. Bu mən, bu o, bu da sən, De görək nə deyirsən! Amma yaxşı fikir ver bu iki məhəbbətə. Daha heç nə demirəm Nöqtə, nöqtə və nöqtə. 1953
O qıza
Axtarıram mən səni, Arayıram mən səni. Soruşuram gözümlə ötüb keçəndən səni, Axtarıram kitabda, arayıram həyatda. Bilmirsən nə boydasan, nə görkəmdə, nə adda, Sənin təhsilin nədir, sənin yaşın neçədir? Aladırmı gözlərin, qaradırmı, necədir? Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi, Qoy qara xalın olsun həsrətimin nöqtəsi! Bəlkə məndən böyüksən, bəlkə məndən kiçiksən; Ol, kiçik ol. böyük ol, amma kamallı ol sən. Kamal ol ki ömür bir şən nümayiş deyil, Mənalı yaşamaqsa çox da asan iş deyil. Ağıl da öz yerində. kamal da öz yerində. Bir gözəllik də görüm mənalı gözlərində. Kimə, niyə baxıram təkcə səni andırır. Ürəyimdə sözüm var, ürəyimi yandırır. O elə bir sözdür ki, dosta. yada deyilməz. Anadan əziz nə var, anaya da deyilməz. Əllərimi göynədir saçlarının həsrəti. Gəl yiyəsiz qalıbdır könlümün məhəbbəti. İşdir üz-üzə gəldik… Onda məndən utanma, Ürəyindən keçəni nə gizləmə, nə danma Gizləmə ki, danma ki, gedər hərə bir yana; Qoyma canım od tutub yana, ömürlük yana. Səni harda axtarım? De nəçisən? De kimsən? Tez ol, görün, tez ol gəl, axtarıram səni mən! Gözümdə, könlümdə qəm, Yollarına bitmişəm. İlk baharı gözləyən cavan bir ağac kimi. Baharı gözləyirəm… Ay qız, gəl bahar kimi.