TURAN NOVRUZLUNUN HEKAYƏSİ

Kapron kalqotka
(hekayə)

“Xəyalın qarşımda canlandı, birdən
Göyərçin əllərin yadıma düşdü.” M. Müşfiq

Siz insanlar adətən özünüzü düşünürsünüz, elə bilirsiniz ki, dünya sizin üçündür, təbiət ayaqlarınızın altına sərilmiş qırmızı xalçadır. Hər şey sizə tabedir, məsələn, siz istəsəniz bir ağacdan yelləncək asa bilərsiniz, kefinizə düşsə ondan qayıq, ev, qab-qacaq, at arabası düzəldərsiniz, onu doğrayıb ocağa odun edə bilərsiniz və ya kağız hazırlayarsınız. Siz istəsəniz heyvanları diri-diri bişirə bilərsiniz, qiymətli xəzlərindən və ya dişlərindən ötrü onları öldürə bilərsiniz. Sizin üçün yalnız öz duyğularınız var, heyvanların, bitkilərin, əşyaların, yağışın, buludun, qapı cəftəsinin, əyninizdəki paltarların nə hiss etdikləri sizin üçün maraqlı deyil. Yalnız içinizdən bəziləri daha həssas, daha anlayışlı olur, onlara da öz aranızda dəli deyib arxasınca danışırsınız.
Hə, heç özümdən söz salmadım axı. Mən zərifliyi də, ömrü də Kəpənək qədər olan sadə bir kapron kalqotkayam. Bəli, düz eşitdiniz, kapron kalqotka. Ona görə də hekayəm kəpənək ömrü kimi qısadır. Sevdiyiniz üçün əlinizə alıb oxşamaq istədiyiniz kəpənəyin qanadlarını qırdığınız, incə naxışlarını sildiyiniz kimi biz kalqotkalarla da çox vaxt kobud davranırsınız. O qədər hövsələsiz, səliqəsiz qadınların dırnaqları arasında dəlik-deşik oluruq ki. Sonra da bizə deyinə-deyinə şəffaf rəngli dırnaq boyası çəkirsiniz, ya da zibilə atıb yenisini alırsınız, amma bir az ehtiyatlı, zərif olsanız aramızda bu qanqaraçılıq olmazdı.
Bircə sahibəmi unuda bilmirəm. O xanım hər dəfə əllərinə krem çəkərdi, dırnaq uclarını xüsusi ilə yağlayardı ki, mənə zərər gəlməsin. Bəzi qadınlar kapron kalqotkaları ayaqlarındakı dəri qüsurlarını gizlətmək üçün, bəziləri cazibədar görünmək üçün istifadə edirlər, mənim sahibəm isə sadəcə üşüməmək üçün seçmişdi məni. O həmişə üşüyərdi, yay-qış əlləri, ayaqları soyuq olardı. Təkcə o gecə ikimiz də isinmişdik.
Payızın əvvəlləri idi. O uzun-uzadı gəzintidən sonra evə ilk dəfə sevdiyi adamla qayıtmışdı. Onun əynində qara köynək və qara şalvar var idi. Amma həmişəki kimi yenə əynində kapron bir kalkotka vardı, bu dəfə onu soyuqdan qorumaq vəzifəsi mənim öhdəmə düşmüşdü. Onlar evə girər – girməz illərin həsrəti kimi ehtirasla öpüşməyə başladılar. Dodaqlarınının həniri canına yayıldıqca ayaqları titrəyir, soyuyurdu. Oğlan da çox yaraşıqlı idi, bir mahnıda deyildiyi kimi göyərçinə oxşayırdı əlləri. Ağ rəngli köynəyinin düymələri açıldıqca açıq şabalıdı rəngli tüklərinin altından sahildəki qumsalı xatırladan geniş sinəsi görünürdü. Sinəsindəki qıvırcıq tüklər qızın barmaqları arasında var-gəl etdikcə sahilə çırpılıb geri qayıdan kiçik dalğalara oxşayırdı. Mən isə öz canımın hayında idim, bu qarmaqarışıqlığın arasında başıma gələcəklərə tamaşa etməkdən başqa çarəm yox idi. Yəqin ki, bir azdan oğlanın ehtiraslı barmaqlarının qurbanı olacam deyə düşünürdüm. Sahibəm şalvarını soyunanda o yenidən qızı qucaqladı, ehmalca döşəməyə uzandırdı, ayaqlarını ovcuna alıb sinəsinə sıxdı. Mən də, qızın ayaqları da bu hənirtidən xoşhallanmışdıq, oğlanın ürəyinin döyüntüsünü saat əqrəbinin pıçıltısını eşidirmiş kimi hiss edirdik, sanki dünya qızın ayaqlarının altındaymış kimi, sanki isti yay axşamında sahildə gəzişirmişik kimi. Daha sonra o yaraşıqlı gənc məni toppuş göyərçin əlləri ilə çıxarıb kənara qoymuşdu. Onun əlləri sahibimin əlləri kimi zərif idi, ilahi, onların ruhları da əllərinin eynisi idi. İndiyə kimi heç bir ayaqqabı, heç bir corab, heç bir yorğan sahibəmin ayaqlarını belə isitməmişdi. Biz ilk dəfə idi ki, üşümürdük. Onun sinəsi yenidoğulan körpəni qollarına alan ana qucağı kimi doğma idi. Günəş torpağı isitdiyi kimi isitmişdi bizi. O gecəni nə Sahibəmin ayaqları, nə də mən heç vaxt unutmadıq və o gecə bir də heç vaxt təkrar olunmayacaqdı. O vaxtdan sonra günlər keçdikcə biz daha çox üşüməyə başladıq, sahibəm hər darıxanda ayaqlarını qucaqlayıb köksünə sıxardı, başını dizlərinə söykəyib aram – aram ağlayardı. Əlləri göyərçinə oxşayan oğlan deyəsən özü göyərçinə dönüb uçub uzaqlara getmişdi.
Payızın sonları idi. Həmin gün səhər yağış yağırdı, sahibəm çox fikirli və kefsiz idi, köhnə ayaqqabısını geyinmişdi. O dalğınlıqla yeriyərkən ayağının altına baxmır, küçələrdəki kiçik yağış gölməçələrini ayaqlayıb keçdikcə ayaqqabısına su dolurdu, mən də, onun ayaqları da soyuqdan buz kəsmişdik, haraya getdiyindən xəbərsiz idim. Bir də gördüm ki, ətrafımızda bir neçə ağ xalatlı qadın var, ətrafa nəzər saldım, bura xəstəxana imiş. Bir nəfər tibb bacısı ona yaxınlaşdı, həkimin abort otağında onu gözlədiyini dedi, daha sonra onu boş bir palataya apardı, əlindəki qara rəngli torbanı verdi, şəxsi əşyalarını onun içinə yığmalı olduğunu söylədi, o biri əlində tutduğu xəstəxana paltarını çarpayının üstünə qoyub getdi. O həmişəki zərifliklə paltarlarını soyunmağa başladı, çarpayıda oturub kapron kalkotkasını çıxarmağa başlayanda üzərimə tökülən göz yaşları məni son dəfə isitdi, əlləri, ayaqları hər zamankından soyuq idi. Mən də çox üşüyürdüm, bir ikimiz də o göyərçin əllər üçün çox darıxmışdıq.
Daha sonra o içinə paltar yığılmış torbanı palatadakı dolaba qoyub getdi. Mən bu dolabda neçə saat qaldığımı, bundan sonra daha nə qədər qalacağımı bilmirəm. Ancaq hiss eləyirəm ki, Sahibəmin ayaqları çox üşüyür, heyif ki, mən onu isidə bilmirəm.

Müəllif: TURAN NOVRUZLU

MÜŞFİQ ŞÜKÜRLÜNÜN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir