
Baxış bucağında…
Naxışlısan, sayasan , Teymur bəy…
Əslində başlıq ritorik sual ovqatı ilə yazılıb…
İnsan ömrünün naxışlı , ya sayalıq mahiyyəti yaşadığı həyatın məzmunundan asılıdır…
Elə naxışlar var ki, görünsə də…elə sayalıqda belədir… haracan rənglə, yenə saya olaraq qalar…
Bir şeirin min bir duyğu çalarında doğuluşu həm də müəllifin çox çalarlı rənglər, naxışlar aləmindən xəbər olmazmı…
Bu günümün sadə planı vardı… bazar günü olsa da işə gedib yarımçıq kitabım üzərində düşünməli idim… planım pozuldu…”Əfəndi” rədifli bir şeiri gözüm aldı…Teymur Kərimlinin bu şeiri qəflətən qarşıma çıxdı…
Əvvəlcə elə bildim qəzəl yana yazdıqlarının davamını görəcəm…
Gözümü oğurlayıb birinci bəndi oxudum…
Ey gidi dünya… elə bil başımdan qaynar qazandan su töküldü…
Həyatım gözlərimin önündə əlimdən düşən yumaq kimi çözüldü…
…və bildim ki, mən nəyi , necə itirmişəm, nəyi necə götürmüşəm, nəyi necə ötürmüşəm, nəyi necə bitirmişəm…
Ümumiyyətlə, hər yazı , əlbəttə həyatın bir parçasını ehtiva edən yazı, konkret olaraq insan varlığının qaranlıq bir tərəfinə işıq salan yazı, mənim zənnimə görə dərs kitabından bir səhifə olmalıdır…
Teymur Kərimli şairliyindən çox alimliyi, elmi mühitin tənzimindəki fəaliyyəti ilə tanınır…
İndiyədək başqa uğurlu şeirlərini də oxumuşam… ancaq ” Əfəndim” şeiri mənə tamam başqa cür təsir elədi…
Teymur Kerimli ilə heç bir isti münasibətim də yoxdur… bilmirəm mənim yazdıqlarıma yanaşması necə olacaq… amma bunların məsələyə heç bir dəxli yoxdur…” ƏFƏNDİM!” şeiri məni yəqin ki neçənci dəfə inandırdı ki, bir uğurlu əsər sözdə sözlə yaşamağa bəs edər…
Gəl söylədim, gəlməm dedin, nə yazık!
Gələcəksən, gələcəksən, əfəndim!
Şaka yaptım, gülməm dedin, nə yazık!
Güləcəksən, güləcəksən, əfəndim!
Allaha yalvarıb nahaq ağlama,
İnkiri-minkiri pulla yağlama!
Dünyanı dördəlli tutub saxlama –
Öləcəksən, öləcəksən, əfəndim!
Bu yıldırım ha gurlasın, ha çaxsın!
İnsan ona ha baxmasın, ha baxsın!
Silməm dedin göz yaşımı, qoy axsın:
Siləcəksən, siləcəksən, əfəndim!
Heç bilmədim ürəyim nə, dilim nə?
Günüm gedir, ayım gedir, ilim nə?
Bilməz idin bilməzlik nə, bilim nə?
Biləcəksən, biləcəksən, əfəndim!
Teymur, de kim naxışlıdır, kim saya?
Ömür günün kim saymaya, kim saya?
Mutluluğu bölməm dedin kimsəyə:
Böləcəksən, böləcəksən, əfəndim!..
Tarixə baxıram.. 22. 07. 2023, dünən yazılıb…
Şeiri oxuyan kimi yorum yerində isti isti yazdım…Çox gözəl şeirdir… güclü təsir imkanı var… ilk bəndi oxuyan kimi cazibəsini hiss etdim…
Təkrar təkrar oxudum…hisslərin , duyğuların poetik, həm də xüsusi həssaslıqla şeirə gətirilməsi…
İnsan iradəsi ilə həyatın sərt savaşı gözlərimin önündə canlandı…
İcazənizlə paylaşardım……
Gördüm bununla ötmürəm…yazacaqsan, yazacaqsan , əfəndim…
Yəqin ki, bu şeirə mən yenə qayıdaram… yenə bu əhvala dönərəm…
Şeirin ruhsal əks səda doğuran misraları arasında səs gəldi…
Dönəcəksən, dönəcəksən , əfəndim…
Əli Rza Xələfli,
LökBatan,
23.07.2023.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru