“Milli kimliyimiz – ana dilimiz” mövzusunda tədbir keçirilib Tədbirdə İbrahim Yusifoğlu, Əli bəy Azəri və Ələsgər Talıboğlu iştirak edib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 1 avqust 2023-cü ildə Azərbaycan Əlifbası və Ana Dili günü münasibəti iləSabunçu rayon MKS-nin Mərkəzi kitabxanasında “Milli kimliyim-Ana Dilim” adlı tədbir keçirilib. Tədbirdə “Kinderclub” uşaq müəssisəsinin müəllim və uşaq kollektivi iştirak etmişdir. Tədbiri giriş sözü ilə Sabunçu rayon MK-nin direktoru Nəcibə Hüseyona açaraq tədbir işritakçılarını salamladı. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Mərkəzi Kitabxananın uşaq şöbəsinin baş kitabxanaçısı Ruhəngiz Hümbətova aparıcı qismində çıxış edərək “Azərbaycan Əlifbası və Ana Dili günü” haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Həmçinin tədbirdə iştirak edən Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü,Prezident təqaüdçüsü,Azərbaycan Milli ElmlərAkademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı şair İbrahim Yusifoğlu,Yazıçılar birliyinin üzvü,şair,Məmməd Araz media mükafatı laureatçısı Ələsgər Talıboğlu,“Xəzan” jurnalının baş redaktoru yazıçı Əli bəy Azəri və kitabxana əməkdaşları öz çıxışlarında danışıq davranışlarından, dilimizin saflığından, dilimizin qorunmasında anaların rolundan və digər məsələlərdən danışdılar. Şairlər öz şeirlərindən səsləndirdilər. Uşaqlar tədbirdə şeirlər söylədilər. Aylin, Tamerlan, Solmaz, Təranə və başqaları daha çox fəallıq göstərdilər. Tədbirdən fotolar:
ŞİRİN BAŞI (hekayə) Üç yoldaş – Əli, Vəli, Pirvəli meşədə dolaşır, ağac kəsib, odun doğrayır, satıb ev-eşiklərini dolandırırdılar. Pirvəli əfəl olduğundan işə yaramırdı, ona tapşırmışdılar ki, yemək hazırlamaqla məşğul olsun. Bir gün, beş gün… Axırda Pirvəli yemək bişirməkdən bezir. Deyir: “Sizə baxanda mənim işim asandır. Amma bir söz deyim, məni qınamayın. Gördüyüm heç kişiyə yaraşan iş deyil”. Əli bunu eşidib: -Nə olar, sabah bizimlə ağac kəsməyə gedərsən, – deyir. Pirvəli dediyinə peşman olur. Amma namusa boğulub etiraz etmir. O, boy-buxundan yarısa da, təbiətən ağciyər idi. Gecə düşür. Hərəsi bir ağaca söykənib gözlərini yummurlar. Pirvəli yuxuda görür ki, o, ağac kəsir, ağac yıxılmaq üzrədir. Qorxusundan başlayır qaçmağa. Bir də baxanda görür ki, bir az ləng tərpənsə, ağac onu altına alacaq. Odur ki, dalı-dalı çəkilir. Bu vaxt o biri ağacın arxasından bir şir çıxıb Pirvəlinin üstünə atılır və onun başını ağzına alır. Pirvəli qışqırıb yuxudan oyanır. Yoldaşları da qalxırlar. Vəli soruşur: -Nə oldu sənə, Pirvəli? Niyə qışqırırdın? Yuxumuzu da qaçırdın. Əli də gözlərini ovuşdura-ovuşdura söhbətə qoşulur: -Ay fərsiz, bizi niyə qoymursan yatmağa? Ağac kəsməkdən yorulub əldən düşmüşük. Lap bezdirdin bizi. Qan-tər içində olan Pirvəli özünü toplayıb nə desə yaxşıdır? Deyir: -Ay-vay! Sizin başınız da şirin ağzında olsaydı, məndən də bərk qışqırardınız!” Bakı şəhər, 01 avqust 2023-cü il
İstedad fitri deyilsə, o, ya quru əzbərçiliyin, ya da sürətli mütaliənin təsiri ilə nisbət tapır. Fitrilik Allahdandır. Allahın verdiyi də mükəmməl və əvəzsizdir… Şübhəsiz, hazırda zorən şeir yazanlar (da) az deyil; yəni, qafiyə üzrə sistemsiz anlamları kütləyə sırımağa çalışanların sayı kifayət qədərdir. Onların yazdıqlarında (bəlli ki) nə ruh tapa bilirik, nə poetika… Nə yaxşı ki, ara-sıra yaşlı vücud kimi titrəyən, təbəssümsüz çöhrə kimi qırışan fikirlərdən bezib modern ovqatda təlatüm quran qələm sahiblərinə, qabarıq təəccüb doğuran şeirlərə də rast gəlirik… Səmimi deyək ki, ilk şeirlərindən sabahına inandığımız Gün Ay Ümid də sözə müti deyil, ideal yanaşır; onun qələmə aldıqlarında (biz) müasir şeirin atmosferinə qalxa bilir, oradan şüurüstü anlamları seyr edir, hətta o vadidəki çəkisizliyə nüfuz etmək şansımız olur… Dediklərimizi sübut etmək üçün Gün Ay Ümiddən bəzi nümunələrə diqqət çəkək:
Səni sevmək həyata uzaqdan baxmaqdı… Səni sevmək dəli olmaqdı…
Səni sevmək Ayaqlarını axtarmaqdı özünü tapmağa…
Toplayanda özünü, bir parca əksik olmaqdı…
Gözlərim də kor olub İçimdəki bu çənnən. Axı mən istəmişdim By ayrılığı səndən…
Xatirən ayrı bir dərd, Gələrdimi ağıla?! Deyəsən çox inandım Uydurduğum nağıla.
Sonunda ayrılıq var, bu narahat qismətin. Götürüb çiynimizə, bunca qəmi, sevinci Ya sən ilk gedəcəksən Yada ki mən birinci…
Bu şeir parçalarında zora mübtəlalıq yoxdur; fikir su kimi axır, mütləq hesab olunan hədəf sətiraltı bəllidir, müəllif nə demək istədiyini konkret ifadə edir, dolayısı ilə (də) oxucuda eyni zərurətə eyni təəssürat verir. Məsələn: «Səni sevmək həyata uzaqdan baxmaqdı… Toplayanda özünü, bir parca əskik olmaqdı…» fikri praqmatik sistemdə (sözlə onu tətbiq edən arasında əlaqə) proporsional (tamla, bütövlə düzgün nisbət), mütənasib yayılmadır. Doğrusu, hər şairin bu va(a)kumda nəfəs almaq şansı yoxdur. Görək, müəllif nə üçün «Səni sevmək həyata uzaqdan baxmaqdı…» qənaətindədir? Burada əslində, fəlsəfi səmt ruhi zərurətdir – yəni insan həm özünün, həm də sevdiyinin – «tapdığının» da əbədi olmadığını bilir. Sevgi ilə uzaqlıq bu zəmində gerçək situasiyadır; belə deyək, bir gün mövcudsan, sabah da «tapdığından» ayrısan. Bu prosesdə nə sevgi əbədiyət üçün əsas vermir, nə asılılıq. Mütləqdə hər şey fanidir. Günayın bu qənaətinə çox səbəb (çox məna) gətirmək olar, qısaca deyək ki, bu fikirdə sadəcə, anlamsız həyata bağlılıq, fani olana etibar etməmək kimi (ədəbi) kəsblər var… Hadisələrə sətiraltı məna verməyi daha çox xoşlayan Gün Ay Ümidin digər şeirlərində də məna, məzmun və sanbal ictimai-fəlsəfi quruluşdadır:
Yaxşıyam, qurban olum Nəfəsim gəlir hələ. Qələmə hökm etməyə, Həvəsim gəlir hələ.
Ən çox da danışmağa söz olanda susarsan. Əllərin çəpər olar hisslərinin önündə…
Sözdə müqtədirlik (qüvvətli, güclü, qüdrətli, iqtidar sahib olmaq) də fitri olmalıdır, bu (hal) zorən mümkün deyil. Gün Ay Ümidin təbirində bu proses inandırıcıdır. Buna da «Ən çox da danışmağa söz olanda susarsan» ziddiyyəti ilə nisbət veririk. Doğrudan da, maraq artanda, hiss müti olur, nəticə isə çox halda məyusluq doğurur… Gün Ay Ümidin «Bir şəkil müharibə…» şeirini bu mövzuda yazılanların hamısından üstün saymaq olar. Şeir o qədər axıcı, o qədər vizual və o qədər poetikdir ki, hətta daşürək adam belə (burada) faciənin baş verdiyi andan sonuna qədər törətdiyi acıları hiss edir. Şeiri bütünlükdə təqdim edirik:
İndi şəkildən baxan Müharibə uşağı, Bu evin yaxasında Hamı səndən aşağı.
Niyə qəmli durmusan bu şəkildə, gülmürsən? Orda ki, hələ sağsan, Öldüyünü bilmirsən…
Kaş ki çəkilməsəydi… Nə yaxşı ki çəkildi… Atan, anan yanında, Gör nə gözəl şəkildi.
İndi gəl, mənə danış Hekayənin sonundan. Anana çiçək topla O çiçəkli donundan.
Topla ki, üzü gülsün, Çələng hörsün ümidlər. Şəkildən əl yelləsin Saçın tökən söyüdlər.
Çoxdandı buralarda Səma quş qəfəsidi, Azadlıq şüarları İntihar nəfəsidi…
Kağızdan gəmi yapıb Quş uçuran uşaqlar, Şəkillərdə yaşlandı, Qayıtmadı o çağlar…
Müharibədə öldü Atalar, əmilər də… Neçə uşaq boğuldu O kağız gəmilərdə…
Hələ sənə demirəm Dəhşətli mənzərəni, Elə toplar dağıtdı Top qıran pəncərəni…
Ümidlər əyni nazik, Qarşıladı qışları. Yelləncəyindən asdı Özünü sülh quşları…
İndi şəkildən baxan Müharibə uşağı, Bu evin yaxasında Hamı səndən aşağı…
Bu şeir vətənpərvər ruhdan (daha çox) insanlıq, kişilik, qürur hissi doğurur. Müəllif sanki bir roman yazıb, bir həyat eşqinin susduğu daş könülləri fəsil-fəsil cilalayıb. Zənnimizcə, şeiri sakit səslə oxuyub çılğın hava ilə qavrasaq, əlavə şərhə ehtiyac qalmaz… Günayın «Pauza» şeiri də modernçilik təqdiridir:
Hardasan, barmaqlarını hördüyüm… Bəs hər şey yaxşı olacaqdı? Keçmişdən danışan cümlələrin gələcəyi yoxdu daha… İşə bax ey… Yenə yadıma düşdün, yadımdan düşən adam…
Bu şeridə ədəbi hiss instinkt deyil, məna xəstə əhvali-ruhiyyə, sayıqlama, fantastik meyldən uzaqdır, estetik prinsip mütləqi qavraya bilməkdir. Şeirdəki qəribəlik irrosionall xarakterdədir – yəni bir fikir digərinin mahiyyətini açmaq məcburiyyətində qalmır. Qısası, «Yenə yadıma düşdün, yadımdan düşən adam…»ın «keçmişdən danışmaq» istəyi gülünc məna verir və s. Sözün istisində bir ömür bişmək çətin məsələdir, buna görə biz də Gün Ay Ümid şeirinin vəslində müəyyən qədər məna tapdıqdan sonra orada duruş tapmaq şansımızı itirməmək naminə yazımıza nöqtə qoyur, sadəcə, istəkli şairimizə bir nota yollayırıq: «Daim sözü və sözdəki mənanı xassəvi, rasional hesab et…»
GÖYƏM (hekayə) Münasib müəllim auditoriyada idi. Azərbaycan tarixindən mühazirə oxuyurdu. Adəti üzrə mobil telefonunun səsini almışdı. Mühazirənin şirin yerində hiss elədi ki, zəng gəlib. Əhəmiyyət vermədi. Hər kim olur-olsun. Yüz nəfərlik auditoriyada mühazirəni saxlayıb telefon zənginə cavab verməyəcəkdi ki. Tədris ilindəki axırıncı mühazirəsi idi. Universitetdə dərslər – mühazirə və seminar məşğələləri başa çatmaq üzrə idi. İmtahanlar keçiriləcək, sonra da məzuniyyətə çıxacaqdılar. Mühazirə bitdi. Yayın qızmar günləri idi. İstilər adamın canını alırdı. Tərləmişdi. Cib dəsmalını çıxarıb boyun-boğazının tərini sildi. Tələbələrlə xudahafizləşib auditoriyanı tərk etdi. Kafedraya sarı gedə-gedə əl çantasından mobil telefonunu çıxarıb baxdı. Təəccüblə: “Xeyir ola. Bircə Qır Saqqızov çatmırdı. Bundan nə əcəb, zəng edib? Özü də Şabrandan”. Münasib müəllim Şabranda bağ evində Qır Saqqızovla qapıbir qonşu idi. Bu Qırın işi-peşəsi “yüz-yüz vurub bu fani dünyadan kam almaq” idi. İçki aludəsiydi Qır Saqqızov. Bundan sonra xeyri yox idi, tərgidən deyildi. Münasib müəllim hər il universitetdə mühazirələrini tamamlayıb, məzuniyyətə çıxan kimi vaxt itirmədən Şabrana yollanardı. Bakıda qəfil bir iş ortaya çıxanda, burada ləngiməli olanda ah-uf edər: “Orada – bağda ağaclar od tutub yanır! Vay-vay! Vallah günahdır! Onlar da canlıdır”” – deyirdi. Tələsirdi özünü Şabrana çatdırmağa, ağacları sulamağa. İndi narahat oldu. Qır Saqqızov hara, o hara? Götürüb ona zəng edib. Görəsən bağa, evə nə olub ki, bu lo xəbər, bu alkaş ona zəng vurub. Qırın səsi gəldi: -Nə, professor, mənəm – Qır. Münasib müəllim tez soruşdu: -Eşidirəm, Qır. Nə xəbər? Qır Saqqızov çəkinə-çəkinə soruşdu: -Hələ məzuniyyətə çıxmamısınız ki? Münasib müəllim mat-məəttəl qaldı. Məzuniyyətə çıxıb-çıxmamağının bu Qır Saqqızova nə isti-soyuğu? İstədi bu sualına görə onu acılasın. Amma fikrindən daşındı. Xətrinə dəymək istəmədi. Fikirləşdi ki, yaxşısı budur sakitcə onun qarnının ağrısını soruşsun. “Bəlkə kiminsə uşağını universitetə düzəltmək istəyir. Bunu da mənim əlimlə eləmək fikrindədir. Ah sən öləsən. Mən belə şeylərdən uzağam”. Münasib müəllimin susduğunu, onun sualına cavab vermədiyini görən Qır təzədən xəbər aldı: -Deyirəm məzuniyyətə çıxmamısınız ki? Münasib müəllim cavabı ləngitmədi: -Hələ ki, yox. -Şükür. Münasib müəllim Qır Saqqızovun qırımından və “şükür” sözündən belə başa düşdü ki, onun fikri başqadır, özü də Münasib müəllimin cavabından razı qalıb. -Mənim məzuniyyətə çıxıb-çıxmamağım səni niyə maraqlandırır, ay Qır? Qır bir anlığa susdu. Sonra üzrxahlıq edərək dedi: -Bağışlayın, Münasib müəllim. Bildiyin kimi, mən içki ölüsüyəm. Özümlə bacara bilmirəm. Hər gün gərək içim. Əlqərəz… Sizin göyəm ağacınızın bir budağı bizim həyətə keçib. Hər gün həmin budaqdakı göyəmlərdən iki-üçünü dərib cibimə qoyur, aşxanaya yollanıram. Araq içəndə həmin göyəmlər karıma gəlir. Zakuskanı əvəz edir. Turşməzədir axı… Münasib müəllimi gülmək tutdu: -Nuş olsun!!! Qır Saqqızov məyus halda: -Nuş olmur axı, – dedi. Münasib müəllim tutuldu: -Niyə, ay Qır? Nə vaxt sənə deyilib ki, dəymə bizim göyəmlərə. Halal xoşun olsun. Qır aydınlıq gətirdi: -Deməmisiniz, ay müəllim. Amma Şabrana gələn kimi ağacda nə qədər göyəm var yığırsınız. Qalıram zakuskasız. Ona görə soruşdum ki, məzuniyyətə hələ çıxmırsınız ki. Siz gələnə qədər zakuskam olsun. Münasib müəllim qəh-qəhə çəkdi: -Oyunun olsun, Qır. Bəs indiyə qədər bunu mənə niyə deməmisən? Qır: -Utanmışam deməyə. Münasib müəllim dilləndi: -Səni başa düşdüm, ay Qır. Qurbandır sənə o göyəm ağacı. Özü də bütün budaqları, giləmeyvələri ilə! Qır sevincək: -Doğrudan, Münasib müəllim? Münasib müəllim: -Sözüm sözdür, – dedi. -Daha sənin həyətinə keçən göyəm budağı ilə işim olmayacaq. Lap gəlib bizim bağdan da nə qədər istəsən göyəm yığa bilərsən. Bakı şəhəri, 28.07. 2023
Bu gün Araz Yaquboğlunun doğum günüdür. Yəni anasının ağrı çəkdiyi gündür (Mən öz doğum günümə anam ağrı çəkən gün deyirəm). Məncə doğum günlərini qeyd etmək anaların ağrı gününü qeyd etmək kimidir. Ağrını şadlığa, sevincə çevirmək budur. Amma Araz Yaquboğlu həqiqətən doğulduğunu – həyata gəlişini onu tanıyanlar üçün sevincə çevirən kişidir. Mən onu kimi göyçəliləri tanıdıqca Göyçə itkimizə yanğım bir az da artdı. Dostumuz Arif Məmmədliyə qoşulub “Laçın yurdu” jurnalı çıxardılar. İşə başlayanda qaranlıq tunelə girmiş kimiydilər. Amma bu gün 30 ildən sonra Allaha şükürlər olsun Laçın azad oldu və “Laçın yurdu”nun ortaya qoyduğu, işığa çıxardığı tarixi həqiqətlər, toponimlər, adət-ənənələr, etnoqrafik məlumatlar, folklor nümunələri və bir çox dəyərlərlə dolu yazılar xalqa əvəzsiz miras qaldı. Bir gün bir məclisdə “Laçın yurdu”ndan söz düşmüşdü. Məclisdəki laçınlılardan biri mənə belə bir sualla müraciət etdi – Araz müəllim Laçının harasındandı. Mən Araz bəyin Laçından olmadığını deyəndə hiss etdim ki, məclisdəkilərin inanmağı gəlmir. Axı Laçını gələcək nəsillər üçün arxivləşdirən jurnal heç bir maliyyəsi olmadan, sanki Arif Məmmədliylə Araz Yaquboğlunun xobbisi kimi dərc olunurdu. Və laçınlı olmayan bir şəxsin də bu işə çiyin verməsi məclisdəkilərə çöçün gəlirdi. Belə fədakarlıq həm də göyçəliliyin göstəricisidir. Araz bəy günübugün də cəmiyyətdə belə təmənnasız xidmətləriylə ətrafındakıları heyrətləndirir. Onu Azərbaycan internet məkanında tanınmış adamların adına tərtib edilmiş VİKİPEDİYAçı kimi tanıyırıq. Eyni zamanda WhatsApp-da “Dədə Ələsgər Ədəbi Məclisi”nin admini kimi fəaliyyət göstərir. Gördüyü işləri səbr, diqqət və səliqəylə görür. Və son olaraq onu doğan ananın belə bir övlad üçün ağrı çəkməyinə dəyərdimi sualının cavabını açıq qoyuram… Şəxsən mən belə bir çinar boylu kişini tanıdığıma və dostluğuma çox şadam. Araz Yaquboğlu qardaşımızı ad günü münasibətiylə ürəkdən təbrik edirəm, ona doğmalarıyla könüldolusu ömür arzulayıram!
1-ci Liqada mübarizə aparacaq “İrəvan” komandası səviyyəli futbolçular transfer etməklə heyətini gücləndirir
Klubun Mətbuat Xidmətinin rəhbəri Mübariz Süleymanlının verdiyi məlumata görə, “İrəvan” FK-nın idarə heyətinin növbəti iclası keçirilib. Klubun idarə heyətinin sədri Zülfüqar Kazımov və klubun prezidenti Zahid Niyazəliyev ASK Arenada aparılan məşqlərdən,qısa bir zamanda yeni transfer olunan oyunçularla gücləndirilən komandadan danışdıqdan sonra transfer olunan növbəti futbolçunu,”Neftçi “klubunun yetirməsi Vüsal Əsgərovu ictimaiyyətə təqdim ediblər. Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə görə, I Divizionda 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.
Ətrafımızda yaxından və uzaqdan tanıdığımız, o cümlədən sevdiklərimiz insanların sayı yüzlərlədir. Əlbəttə, mən bu sayı təxmini olaraq qeyd etdim. Bəlkə də yaddaşımızı işə salsaq bu say qat-qat çox da ola bilər. Bu isə sadəcə və sadəcə say artımı deməkdir. Bu çoxsaylı insanların arasında seçilən, hər zaman yad olunan, aranan, görüşünə, söhbətinə, dəstəyinə ehtiyac duyulan, təkcə maddi maraqları üçün deyil, xüsusən də el üçün, xalq üçün, vətən üçün çarpışan insanların sayı isə bəzən barmaqla sayılacaq qədər az olur. Hər bir insan öz-özlüyündə bir mükəmməl varlıqdır. Və hər kəs də özünü bir varlıq olaraq dəyərli, gərəkli zənn edə bilər. Belə bir məsəl də var: “Heç kəs öz ayranına turş deməz”. Ancaq bir şəxsə böyük auditoruyanın diqqəti, dəyəri, sevgisi artıq o şəxsin seçilmişlərdən biri olduğunu təsdiq edir. Bir çox insanlar arasında məhz bu diqqəti, bu dəyəri, bu sevgini qazanmaq insanın özünün gözəl xüsusiyyəti ilə öz xoşbəxtliyini qazanması deməkdir. Nə xoşbəxt o kəslərə ki, bax bu sadalanan müsbət xüsusiyyətlərin, bu diqqətin, bu sevginin sahibləridir.
Bu timsalda insanlardan biri olaraq mən sizə qısa da olsa söhbət açacağım insan, hətta mənim ideal saydığım və yuxarıda qeyd etdiyim o diqqət, o hörmət, o sevgi sahibi, təbiətcə həlim, əxlaqı, mədəniyyəti çox yüksək olan birisidir. O ixtisasca mühəndis olsa da, artıq 30 ilə yaxın bir müddətdə Azərbaycan xalq yaradıcılığının dərinliklərinə qədər baş vurmuş, onlarla kitabın redaktoru, xüsusilə şəhidlərdən və yaradıcı insanlardan bəhs edən doqquz kitabın müəllifi, bu yaxın günlərdə istedadı, dəyərli yaradıcılığı, geniş fəaliyyəti nəzərə alınaraq həm Azərbaycan Jurnalistlər Birliyinə, həm də Azərbaycan Aşıqlar Birliyinə üzv seçilmiş, təkcə mənim yox, artıq çoxsaylı oxucuların, dostların sevimlisi olan çox hörmətli tədqiqatşı, şair, publisist, vikipediyaçı Araz Yaquboğludur. Mən hər dəfə Araz Yaquboğlu imzası ilə rastlaşanda istər-istəməz onun təxəllüsü ilə yaşatdığı unudulmaz, mərhum atası Yaqub Hacıyevi xatırlamalı oluram. Qeyd edim ki, mərhum Yaqub Hacıyev mənim əmim idi. Ancaq tam səmimi olaraq deyim ki, Araza olan bu yüksək fikirlərim əmim oğlu olaraq deyil, onun yuxarıda qeyd etdiyim bütün müsbət cəhətlərə tam malik olmasından irəli gəlir. Fikrimi tamamlamaq üçün əmim Yaqub Hacıyevlə bağlı məqama qayıdıram. Yaqub Hacıyev ixtisasca mühəndis olub. Və mühəndis olaraq da ötən əsrin 70–90-cı illərində Qarabağ bölgəsində — Bərdə, Yevlax, Ağdam, Tərtər rayonlarında bilik və bacarığına görə, tikinti işlərində xüsusi dəqiqliyinə görə öndə gedən mühəndis olmuş, “İnjiner Hacıyev” kimi tanınmışdır. Onun ömür-gün yoldaşı Əsmətel xanım ali təhsil almasa da (orta məktəbi əlaçı kimi bitirsə də ailə qurduğu üçün ali təhsil almamışdır) bir çox müəllimlərə, xüsusilə də riyaziyyat elmindən dərs deyə biləcək savada malikdir. Bu ailədə beş övlad böyümüşdür ki, bu beş övladdan dördü yüksək bilik ilə müxtəlif universitetlərin məzunu olmuş, hər biri həyatda öz istəkləri ilə uğurlu yol tutmuşlar. Araz Yaquboğlu da o cümlədən ali təhsil alaraq müxtəlif sahələrdə işləsə də, öz ixtisasına mükəmməl sahib olsa da, ailənin bütün üzvlərindən fəqli olaraq elmi bilikləri ilə bərabər yaradıcılığa da xüsusi meyil etmişdir. Əslində Araz Yaquboğlunun soy-şəcərəsinə diqqət etsək bu şəcərədə onlarla yaradıcı insanların — alimlərin və şairlərin olduğunu görərik. Bu isə o deməkdir ki, Araz Yaquboğlu bu seçimi ilə “əslində olan dırnağında göstərər” deyimini təsdiq etmiş olmuşdur.
Bəli, bu belə olması heç də təəccüblü deyildir. Çünki, əvvəla Araz əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Sonra isə, bu o Daşkənd kəndidir ki, hələ XIX əsrdə yaşayıb-yaratmış Şair Məmmədhüseyn kimi tanınmış bir klassiki, qüdrətli sənətkar Aşıq Ələsgərin şəyirdi olmuş Aşıq Nəcəf kimi bir aşığı, Həsən Xəyallı kimi sinəsi söz xəzinəsi olan şairi, Aşıq Hacı, Aşıq Nuriddin kimi xoş nəfəsli aşıqları, Alqayıt, Sərraf Şiruyə və Aqil İman kimi şairləri olub. Bu mənada Daşkənd kəndi yaradıcı insanları ilə Göyçə mahalında fərqlənən kəndlərdən biri olmuşdur. Onu da qeyd edim ki, Araz Yaquboğlu şair Həsən Xəyallı şəcərəsinin bir üzvü, daha doğrusu isə layiqli davamçısıdır. Demək ki, Araz Yaquboğlu bu sahəyə, yəni yaradıcılığa nəinki heç də təsadüf gəlməmişdir, hətta deyərdim ki, Allahın bu şəcərəyə bəxş etmiş olduğu yaradıcılıq missiyasını məhz elə Allahın qismətiylə layiqlə davam etdirməyə gəlmişdir. Mən təəssüf edirəm ki, tədqiqatçı, araşdırmaçı deyiləm. Əgər Araz Yaquboğlunun yaradıcılığı, çoxşaxəli, dəyərli fəaliyyəti peşəkar araşdırmaçılar, tədqiqatçılar tərəfindən öyrənilərsə, inanıram ki, onun haqqında iri həcmli bir kitab ərsəyə gətirmək olar. Mənim isə onunla bağlı yazdıqlarım onun yaradıcılığına sadəcə kənardan, ötəri bir baxışa bənzəyir.
Araz Yaquboğlunun yaradıcılığında el-obaya, yaradıcı insanlara, vətənə, torpaq uğrunda canını, qanını fəda edən insanlara, böyük qəhrəmanlara olan münasibət yalnız və yalnız onun ürəyinin bu xalqa, bu vətənə olan sonsuz sevgisinin təzahürüdür. O, vətənə, xalqa, yurda olan bu sevgisi ilə əslində ətrafında olan hər kəsə, bəlkə də bütün dünyaya öz saf sevgisini aşılayır. Bu sevginin qarşılığı olaraq da onu sevənlərin say çoxluğu minlərlədir. Mən bu say çoxluğunu son günlərdə bir neçə önəmli səbəblərdən ona ünvanlanan saysız təbrik və alqışlardan da duydum. O təbriklər, o alqışlar ki, yuxarıda qeyd etdiyim kimi, son günlərdə onun iki böyük ədəbi bilrliyə üzv seçilməsi, daha sonra isə həm bugünkü oxucular, həm də gələcək nəsillər üçün gərəkli olacaq, çox dəyərli “Sazın-sözün sorağında” adlı kitabının nəşr olunması ilə bağlı ona ünvanlamışdı. Bütün bunlar isə Araz Yaquboğlunun 50 illik yubileyinə sayılı günlər qalmış baş tutmuşdur. Əslində son on beş gündə ard-arda yaşanan bu sevinci, bu uğuru mən bir daha Allahın Araza sevgisi olaraq dəyərləndirirəm. Demək ki, Araz uca Allahın xoş nəzərindədir. Allahdan Araz Yaquboğluna can sağlığı, uzun ömür, sonsuz yaradıcılıq uğurları diləyir və onu dəyərli ömrünün 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.
Mən yazımın sonunda Araz Yaquboğludan onun yaradıcılığı haqda çox da məlumat verə bilmədiyim, xüsusən də onun Vikipediya sahəsində fəaliyyətindən heç söz aça bilmədiyim üçün ondan üzr istəyir, ona ithaf etdiyim təbrik şeirimlə sözlərimi bitirirəm.
Uğurla ötüşdü bu əlli yaşın,
İnşallah, ötüşər yüzün beləcə.
Təmkinlə, həyayla dosta, sirdaşa,
Sevdirdin özünü özün beləcə.
Düz getsin, çox getsin, yolun dönməsin,
Bəxtinin xoş üzü tərsə çönməsin.
Od alsın, alışsın, çalış sönməsin,
Söz adlı ocağın, közün beləcə.
Saxla ruhu, saxla təbi belə saz,
Altmışda yaz, yetmişdə yaz, hər an yaz.
“Sazın-sözün sorağında” ay Araz, *
Yayılsın dünyaya sözün beləcə.
Var bu yolda sənin imzan, öz adın,
Çəksin səni zirvələrə söz atın.
Son bir ayda neçə sevinc yaşadın,
Sevinsin hər zaman üzün beləcə.
Aqşinəm baharın, qışın əllidi,
Bu günə gəlincə yaşın əllidi.
Açdığın yol bəlli, izin bəllidi,
Qalacaq çox illər izin beləcə.
* Araz Yaquboğlunun son günlər nəşr olunmuş “Sazın-sözün sorağında” kitabına işarədir.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
SEVİN, A TƏBRİZ! Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Son illərdə yaxından tanıdığım, daim əyani və müasir texniki vasitələrlə ünsiyyətdə olduğum, ixtisasca mühəndis, eyni zamanda ədəbi-bədii ictimaiyyətə peşəkar jurnalist, publisist, şair, tədqiqatçı kimi yaxşı tanış olan Araz Yaquboğlunun 50 illik yubileyi ərəfəsində onun zəngin, çoxşaxəli yaradıcılıq məziyyətləri və insani keyfiyyətləri haqqında bir neçə söz demək istədim.
Türk dünyasına Miskin Abdal, Ağ Aşıq Allahverdi, Aşıq Alı, Dədə Ələsgər, Şair Məmmədhüseyn, Növrəs İman və b. kimi poetik dühalar bəxş etmiş, əsrlərlə qədim, zəngin tarixi olan Göyçə ədəbi məktəbinin bir çox tanınmış poeziya ocaqları mövcuddur ki, onların içərisində Daşkənd kəndində Həsən Xəyallı ocağı xüsusi yer tutur. Poetik gücünü sələflərindən götürən bu ocaq XX əsr Göyçə ədəbi mühitinin göstəricisi olaraq ədəbiyyatımıza onlarca istedadlı yazarlar yetişdirmişdir. Bu ocağın bünövrəsini qoymuş şair Həsən Xəyallı, onun istedadlı yazar övladları – Molla Əmirxan, Nəbi Həsənoğlu, Eldar Həsənli, xüsusilə ixtisasca riyaziyyatçı olan, ilhamlı qələmə, dərin poetik və publisistik yaradıcılığa malik, şifahi və yazılı ədəbiyyatımızı gözəl bilən görkəmli şair Sərraf Şiruyə, cavan yaşlarında dünyasını dəyişmiş, fitri istedad sahibi, şair Aqil İman Göyçə ədəbi irsinin, müasir milli ədəbiyyatımızın layiqli nümayəndələridir. Onların övladları, ədəbi varisləri bu gün uğurla yazıb-yaradan istedadlı şairlər – Aqşin Hacızadə, Qılman İman, Əli Məhərrəmov, haqqında bu yazını qələmə aldığım Araz Yaquboğlu və digər yazarlar bu nurlu ocağın qüdrətli davamçılarıdır.
Hər kəs həyatında müxtəlif xarakterli insanlarla rastlaşır, ünsiyyət qurur, yoldaşlıq edir. Onların arasında öz etibarı, vəfası, ali xüsusiyyətləri ilə seçilən üç, dörd, çox zaman ancaq bir nəfərlə dostluq əsl etalona çevrilər. Belə insanlar müqəddəsliyi, sədaqəti, fədakarlığı, qüdrəti, xoş rəftarı, təvazökarlığı, yüksək mədəniyyəti və s. ali keyfiyyətləri özündə cəm edər və əhatəsinə də təlqin etməyə müvəffəq olar. Araz Yaquboğlu kimi!
Araz Yaquboğlu yüksək mənəviyyatı, intellekti və mədəniyyəti olan əsl azərbaycanlıdır. O yorulmaq bilməyən çox zəhmətkeş, çalışqan, yaradıcı bir tədqiqatçıdır. Onun yaradıcılığı çoxşaxəlidir, həm folklorumuzu, klassik poeziyamızı, ədəbiyyatımızın tarixi şəxsiyyətlərinin yaradıcılığını tədqiq və təhlil edən, eyni zamanda innovativ sahədə uğurlar qazanan gözəl bir elm adamıdır, ziyalıdır. Daim öz işindən zövq alan, ancaq heç vaxt öyünməyən, həmişə öyrənməyə can atan təvazökar araşdırmaçıdır. Onun qələminin məhsulu oxunaqlı, mükəmməl, mövzu və məna baxımından geniş, dərin və zəngindir. Söylədiklərimi bir neçə misalla oxucuların nəzərinə çatdırmağa çalışacam.
Onun “Bütöv Azərbaycan” qəzetində dərc olunmuş “Analar anasını xatırlayarkən” yazısını insan ürəyinin dərin qatlarına təsir edən səmimi, nisgilli, nurlu, kədərli hisslərsiz oxumaq mümkün deyil. Bu yazını mən Göyçədə və Yeni Daşkənddə həyatın bütün gözəlliklərini və məşəqqətlərini görmüş, Vətən uğrunda şəhid və qəhrəman oğullar bəxş etmiş bir analar Anasının vəfatıyla bağlı Araz bəyin özünəməxsus istedadlı qələmiylə yazdığı tarixçəni “Qəriş xalanın hekayəti” adlandırardım. Onun Qəriş xala haqqında kədərli notlara köklənmiş bu fikirləri – “Daha mənim doğulduğum kənddə anamdan başqa kimim qaldı ki? Heç kimim. Heyif sizdən, ağsaqqallar, ağbirçəklər. Mən sizlə nəfəs alır, sizlə qürur duyur, sizə görə kəndə can atırdım” – insan qəlbini təlatümə salır, riqqətə gətirir. Araz Yaquboğlunun bu yazısı Göyçənin Daşkənd, Bərdənin Yeni Daşkənd əhalisinin, bütün insanlarının məhəbbətini və hörmətini qazanmış, hamının onu Qəriş ana, nənə, xala kimi çağırdığı Gülavatın Şükür qızı Məhərrəmova haqqında yazılmış bir essedir, vəfatının ağır təsirindən yaranmış, sevgi ilə xatirələrə bürünmüş rekviemdir. Araz bəy bu çox təsirli yazısında Molla Əmirxan–Qəriş ailəsinə mənsub olan “Qəriş xalanın çolpalı xəngəli”, “Əmirxan əminin qoç payı”ndan bəhs edən, onlara bənzər çoxsaylı mütəəssir olunacaq epizodlarda bu ailənin bütöv göyçəlilərə məxsus olan səxavətini və xeyirxah xasiyyətlərini açıb göstərə bilmişdir.
Araz Yaquboğlu Qəriş xalanın vəfatına həsr etdiyi yazısını bu sətirlərlə bitirir: “Dəfndən qayıdıb qapıya gələndən sonra gözlərim qarşısında sanki beş Qəriş xala gördüm. Onda dedim ki, bir daha Allah sənə rəhmət eləsin, Analar anası! Sən fani dünyanı tərk etsən də, yerində özün kimi beş ana qoyub getdin. Yerin cənnət olsun, Qəriş xala!” İstedadlı yazıçı-publisist qələmindən çıxmış bu hekayəti oxuyarkən mən Araz bəyin bu sözlərinə qoşularaq ona, mərhumun doğma və yaxınlarına, Yeni Daşkənd camaatına dərin hüznlə başsağlığı verir, Gülavatın Anaya – Qəriş xalaya Allahdan rəhmət diləyirəm!
Bu yaxınlarda Azərbaycanda olarkən Araz Yaquboğlunun bədii ifadə baxımından və tarix nöqteyi-nəzərdən maraqlı olan “Ömrün şəhidlik zirvəsi” adlı kitabını diqqətlə oxudum. Araz bəy əvəzolunmaz bir iş görüb. Kitab Göyçə mahalının Daşkəndli şəhidlərinə, ilk növbədə bu gün Bərdə rayonunda Yeni Daşkənd məktəbinin onun adını daşıyan qəhrəman şəhid Yasif Kərimova və məşhur el sərkərdəsi Daşkəndli Məşədi Qasımın xatirəsinə həsr olunub. Daşkəndin kitabda göstərilən qədər çoxsaylı şəhid verməsini təsəvvür etmirdim. Başqa müəlliflərin şəhidlərə həsr olunmuş səmimi, həqiqi ürək ağrısıyla qələmə aldıqları şeir və özgə səpkili yazılarının da kitaba salınması, real faktlara əsaslanan məlumat və hekayətlər onun əhəmiyyətini bir qədər də artırıb. Kitabın müəllifi tək adi bir kənd tarixinə yox, Göyçə mahalı, Qərbi Azərbaycan salnaməsinə dəyərli, minnətdarlıq hissi doğuran töhfə verib.
Yeri gəlmişkən, Azərbaycan radiosu kitaba xüsusi maraq göstərərək, onun əsasında uğurlu veriliş hazırlayıb və efirə buraxıb.
Bu il Göyçənin Daşkənd kəndinin insanlarının mənfur qonşular tərəfindən deportasiyasından 70 il ötür. Bildiyiniz kimi, illər boyu havadarlarının himayəsi altında “dənizdən-dənizə” siyasəti ilə sayıqlayan mənfur qonşularımız tərəfindən Qərbi Azərbaycanın başqa bölgələrində olduğu kimi bir neçə dəfə Göyçə camaatı da deportasiyaya məruz qalmışdır. 70 il əvvəl Göyçəsindən didərgin salınmış Daşkəndin 130 ailəsi Qarabağın Bərdəsində çöl-biyabanda 7 çinar ağacı ətrafında məskunlaşaraq, öz ağır zəhməti, səyi, fədakarlığı, əzm və iradəsi ilə öz orta məktəbinə, dövlət və sosial strukturlarına malik olan bu gün şahidi olduğumuz öz Göyçəsoylu adını daşıyan artıq 750 ailədən ibarət, 2768 nəfər əhalini birləşdirən gözəl məkan, kənd qura, yarada bilmişlər. Qərbi Azərbaycan torpaqlarının, o cümlədən Göyçənin zəngin tarixi-mədəni irsinin öyrənilməsi, təbliğ olunması, onların təbiətini, adət-ənənələrini, milli-mədəni dəyərlərini, görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığını tədqiq etmək, gələcək nəsillərə çatdırmaq xüsusi əhəmiyyət kəsb edir və bu sahədə alimlərimiz, yaradıcı insanlarımız qarşısında mühüm vəzifələr qoyur. Bu zəmində Araz Yaquboğlunun Daşkəndin tarixi salnaməsini yaratmaq əzmində gördüyü böyük məna daşıyan çoxsaylı işləri, ilk növbədə bu mövzudan – 2023-cü ildə əsasının qoyulmasının, deportasiya olunmasının 70 ili tamam olan Yeni Daşkənd kəndinin tarixindən, əhalisindən, o cümlədən tanınmış ziyalılarından, qəhrəman övladlarından, qələm sahiblərindən bəhs edən irihəcmli (480 səh.) “Daşkənddən Yeni Daşkəndə” kitabı bir örnək kimi xüsusi minnətdarlıqla qeyd olunmalıdır.
Araz Yaquboğlu daim televiziya və radio verilişlərinin qonağı olmaqla, öz dəyərli araşdırmalarını tamaşaçılar və dinləyicilər ilə bölüşür. Onun Dünya TV-də “Ozan dünyası” verilişində Şair Məmmədhüseyn, İctimai TV-də “Ozan məclisi” verilişində Aşıq Nuriddin, 105 FM Radioda “El havası” verilişində məşhur zurnaçı Zamaxan Qəhrəmanov, “Vətən yaşasın” verilişində Yeni Daşkəndli şəhid Ziyafət Balıyev, “Yurd yeri” verilişində Göyçə aşıqları haqqında, “O kənd bizim kəndimizdi” verilişinin Daşkəndə həsr olunmuş üç sayında söylədiyi fikirlər, etdiyi dəyərli təkliflər və tövsiyələr olduqca önəmlidir. Onun uzun illər boyu apardığı araşdırmalar, tədqiqatlar əsasında tariximizi özümüzə qaytaran maraqlı faktların, məlumatların, toponimlərin, verilişlərdə müzakirə olunan insanların həyatından bəhs edən naməlum faktların üzə çıxarılması, yer-yurd yerlərinin coğrafiyasının, təbiətinin, ayrı-ayrı hadisələrin xatirələrinin geniş oxucu, seyrçi və dinləyici kütləsinin nəzərinə çatdırılması böyük əhəmiyyət kəsb edir.
Burada adı çəkilən “Yurd yeri” verilişinə mən böyük maraq hissilə qulaq asdım. Veriliş Göyçə ədəbi mühitinə, İnternetin, xüsusilə Vikipediyanın Qərbi Azərbaycanın toponimlərini, yer, yurd adlarının tarixi faktlarla araşdırması işində əhəmiyyətinə həsr olunmuşdu. Verilişə dəvət olunmuş Araz Yaquboğlu söhbətin mövzusunu dərindən bilmək bacarığı və yüksək professionallığı ilə Göyçə ədəbi tarixinin müəyyən örtülü məqamlarını faktlarla, ustalıqla açıqlamağa nail oldu. O Miskin Abdal, Şair Məmmədhüseyn, Aşıq Hacı Bayramov yaradıcılığından maraqlı, cəlbedici söhbətlər apardı. Bu verilişdə mən sanki yenə Göyçəyə gedib qayıtdım. Hətta aşıq musiqisinin pərəstişkarı olmağıma baxmayaraq, mən “Heydəri” aşıq havasının nə cür səsləndiyinə bu verilişdə qulaq asdım.
Araz Yaquboğlu eyni zamanda çoxsaylı şeirlər müəllifidir. O, öz şeirlərini “Ədəbi İrəvan” almanaxında, “Ekspress”, “Bütöv Azərbaycan” və digər qəzetlərdə, dərgilərdə dərc etdirmişdir. Bu şeirlərdə səmimilik, lirika, poetik fikirlər diqqəti cəlb edir.
Göyçə həsrəti Araz bəyin misralarında kədərli, nisgilli notlarla səslənir:
Ayrı düşüb saz mağardan,
Zurna səsi gələr hardan?
O, tər güllü yaylaqlardan,
Çiçək üzə bilmirəm mən.
Araz çəkər möhnətini,
Dilə salar söhbətini.
Yozum sənin həsrətini,
Hansı sözə, bilmirəm mən.
Şair, qəlbinə çox yaxın olan Molla Əmirxanı bu cür təsvir edir:
Hazır bir kitabdı, aç varaq-varaq,
Neçə qərinədən verəcək soraq.
Uzaqdan vüqarlı görünən bir dağ,
Alınmaz qalaydı Molla Əmirxan.
Əmisi şair Sərraf Şiruyəyə zəmanədən belə şikayətlənir:
Gözüm, könlüm olsa da tox,
Sevincim az, kədərim çox.
Nə adətdi, kef-damaq yox –
Yadda qalan pis gün olur.
Çox gənc ikən dünyasını dəyişmiş istedadlı şair Aqil İmanla bağlı kədərini bu sətirlərlə ifadə edir:
Sənsiz ürəklər üzgündü,
Neçə baхışlar süzgündü.
Qəlblər fələkdən küskündü,
İncə qananım, hardasan?
Rəqiyə nənəsini şair aşağıdakı səmimi misralarla yada salır:
Qəlbimin aynasıydı,
Anamın anasıydı.
Babamın parasıydı
Mənim Rəqiyə nənəm.
Sevindirici haldır ki, Araz bəy şeirlərində ona dogma, yaxın, yaxşı tanış olan mövzuların poetik təsvirini verməyə çalışır.
Araz Yaquboğlunun böyük məna kəsb edən elmi axtarışları xüsusi qeyd olunmalıdır. Onun “Filologiya məsələləri”, “Yeni nəsil Azərbaycan aşıqları–II” toplularında, “Elmi axtarışlar”, “Ozan dünyası”, “Xəzan” jurnallarında “Aşıq Abbasəli Nəzərov”, “Aşıq Əli Şairov”, “Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında”, “Aşıq Orucun sazlı-sözlü dünyası”, “Dərdli Cavada cavab”, “El şairi Muxayıl Göyçəli”, “Hər sözü dillərdə bal olan şair”, “El şairi Qəmgin Fəzi” və s. adlı məqalələrdə haqlarında heç bir araşdırma, tədqiqat aparılmamış aşıqların, şairlərin həyat və yaradıcılığı tədqiq edilmiş, onlar haqqında olan səthi və yanlış məlumatlara əsaslı şəkildə, ciddi mənbələrlə aydınlıq gətirilmişdir. Zənnimcə, bu elmi məqalələr aşıq poeziyasının, el şairlərinin yaradıcılığının tədqiqi baxımından ədəbiyyatşünaslıqda özünəməxsus yer tutur.
Araz bəyin İkinci Dünya müharibəsində iştirak etmiş Göyçə aşıqlarının həyat və yaradıcılığına həsr olunmuş məqalələri də təqdirəlayiqdir. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, Araz Yaquboğlu Göyçənin 5 kəndinin – Daşkənd, Qoşabulaq, Nərimanlı, Kəsəmən, Bala Məzrə kəndlərinin Böyük Vətən müharibəsində həlak olan və itkin düşən sakinlərinin taleyini diqqət və həssaslıqla araşdırmış, onların nəticələrini “Azərbaycan Respublikası Xatirə Kitabı”nın müxtəlif cildlərində nəşr etdirmişdir. Onun uzun illər boyu nəsil şəcərələri ilə bağlı apardığı araşdırma işləri nəticəsində “Daşkənddən Yeni Daşkəndə” kitabında 52 nəsil şəcərəsi işıq üzü görmüşdür.
Araz Yaquboğlunun Azərbaycan dilində olan Vikipediyanın, Vikikitabın, Vikisitatın və Vikimənbənin idarəçisi qismində ölkəmizin tarixinin, milli-mədəni dəyərlərinin, coğrafiyasının, təbii gözəlliklərinin, görkəmli şəxsiyyətlərinin, yaddan çıxmış, naməlum həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gördüyü bənzərsiz işləri minnətdarlığa layiq olmaqla xüsusi qeyd edilməlidir. 2023-cü ilə olan məlumata görə, Araz müəllim Azərbaycanca Vikipediyada 7000-dən çox səhifənin yaradıcısı, ümumi Vikimedia layihələrində isə 440 000-dən çox redaktəyə sahibdir. Hal-hazırda, o Azərbaycanca Vikipediyada 270 000 redaktə ilə birinci sıradadır.
Araz müəllim 2021-ci ildən Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar 2020-ci ildə yaradılmış 150 nəfərdən çox poeziya, saz-söz sənəti sevdalılarını birləşdirən “Dədə Ələsgər 200”, yubiley ilindən sonra isə “Dədə Ələsgər Ədəbi Məclisi”nə çevrilmiş vatsap qruplarının moderatoru, admini kimi hər gün yorulmadan uğurla fəaliyyət göstərir. Bu qruplarda Aşıq Ələsgər yaradıcılığının və bütövlükdə Dədə Qorquddan başlayaraq bu günə qədər folklorumuzun, aşıq poeziyasının məşhur və az tanınan simalarının həyat və yaradıcılığının öyrənilməsi, təhlil və tədqiqi, müzakirəsi işinin təşkilatçısı kimi onun aparıcı rolunu xüsusi qeyd etmək istərdim.
Yaşadığımız əsrin iti sürəti, informasiya və texnologiya axınının gücü Araz Yaquboğlunun yaradıcılıq və fəaliyyətində öz əksini göstərir. Bir Vikipediya idarəçisi kimi onun verdiyi töhfələr bir örnəkdir. Gördüyü təmənnasız işlər, onun necə bir şərəfli insan, qeyrətli vətəndaş olmağından xəbər verir. Həyatda hər kəs doğulub boya-başa çatdığı yurd-yuvasını, şəhərini-kəndini, onun təbiətini, havasını-suyunu, insanlarını çox sevir, onun bir qarışını belə qürbətin zənginliyinə dəyişməyə təhəmmül etmir. Əslən Göyçə mahalının, zəngin ədəbi mühiti, ədəbi şəxsiyyətləri ilə seçilən Daşkənd kəndindən olan Araz müəllim Bərdə rayonunun Yeni Daşkəndində tanınmış mühəndis Yaqub Hacıyevin ailəsində dünyaya göz açmışdır. Hələ uşaqkən Göyçəyə iki-üç dəfə qonaq kimi gedib gəlmişdir. Lakin bu qısa səfərlərdə o, bu doğma diyarın hər cığırını-yolunu, çayını-bulaqlarını, dağını-qayasını, saz-söz adamlarını xüsusi istedadla yaddaşına həkk etmişdir. Gələcək araşdırma – tədqiqatçılığın təməli də məhz bu dövrlərdən başlamışdır. Sonralar, o, qürbətdə qalan Göyçəmizin görünən tərəfi kimi, çox təəssübkeşliklə, təbii olaraq, bu mahalın tarixi şəxsiyyətləri, saz-söz adamları haqqında məqalələr yazmış, çıxışlar etmiş, kitablar çap etdirmişdir.
Araz Yaquboğlu bir çox istedada malik olan ziyalılarımızdandır. 10-cu sinifdə oxuyarkən Bərdə rayonu üzrə keçirilən riyaziyyatdan fənn olimpiadasında I yeri tutmuş, respublika olimpiadasında iştirak etmək hüququ qazanmışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olmuş, onun “Sənaye və mülki tikinti” ixtisasını əla qiymətlərlə bitirmişdir.
O, hələ tələbə ikən universitet üzrə keçirilən “Materiallar müqaviməti” fənni üzrə olimpiadada I yeri tutmuş, haqqında “İnşaatçı kadrlar uğrunda” qəzetində “Nümunəvi tələbə” başlıqlı məqalə dərc olunmuşdur. Qeyd etmək yerinə düşərdi ki, Texniki Universitetlərdə “Materiallar müqaviməti” fənni ən çətin fənlərdən biri hesab olunur. Buna görə Araz bəyin bu fənn üzrə l yer qazanması nailiyyəti yüksək dəyərə malikdir!
Araz Yaquboğlu çox məhsuldar yazardır. “Elin yaddaşında yaşayan ömür” (2006), “Bir kökün budaqları” (2006), “Daşkənd aşıqları və şairləri” (2008), “Tələbə dünyası” (2011), “Ömrün şəhidlik zirvəsi” (2012), “Bitməyən ömür” (2013), “Elin Şiruyəsi, sözün sərrafı” (2016), “Daşkənddən Yeni Daşkəndə” (2023) və “Sazın-sözün sorağında” (2023) adlı kitabların müəllifi, onlarla kitabın redaktorudur.
Qəzet və jurnal səhifələrində, internet resurslarında mütəmadi olaraq maraqlı elmi, publisistik, araşdırma, xatirə yazılarına, o cümlədən tədqiqatı aparılmamış çoxsaylı aşıq və el şairlərinin həyat və yaradıcılığı haqqında xüsusi əhəmiyyət kəsb edən məqalələrinə görə Araz Yaquboğlu Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü seçilmişdir. O, “Laçın yurdu” jurnalında baş redaktorun müavini, “Dədə Ələsgər ocağı” İctimai Birliyi idarə heyətinin üzvü, “Dədə Ələsgər Ədəbi Məclisi”nin adminidir. Aşıq Ələsgər veb-saytının fəal yaradıcılarındandır.
Zəngin və maraqlı yaradıcılığına, faydalı ictimai fəaliyyətinə görə Araz Yaquboğlu “Qızıl qələm” media mükafatı, “Laçın” döş nişanı, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin Fəxri fərmanı və “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif olunmuşdur.
Araz müəllim eyni zamanda nümunəvi, qayğıkeş ailə başçısıdır. Bir oğlu, bir qızı var. Oğlu Təhmasib Azərbaycan Dövlət İqtisad Universitetini və onun magistraturasını, qızı Firuzə isə Bakı Dövlət Universitetini və onun magistraturasını fərqlənmə diplomları ilə bitirmişlər. Maraqlı bir haşiyə. Bir neçə il qabaq Vikipediyada cəlbedici bir hal baş vermişdi.
Belə ki, Vikipediyada keçirilən “Mövzulu ay”da (“Olimpiya oyunları ayı”) ilk üçlüyü bir ailənin üzvləri tutmuşdular. Diqqət çəkən hal isə bu olmuşdur ki, Azərbaycanca Vikipediyanın 13 idarəçisindən biri olan Araz Yaquboğlunu Vikipediya istifadəçiləri olan oğlu və qızı qabaqlayaraq 1-ci və 2-ci yerləri bölüşmüşdülər (Vikipediyada idarəçi statusu, istifadəçi statusundan yuxarı pillədir). Ataya isə 3-cü yer nəsib olmuşdu. Əminliklə deyərdim, Araz Yaquboğlunun ailəsi “Vikipediyaçılar ailəsi” hesab edilə bilər. Araz bəyin övladlarından əlavə kiçik qardaşı Elməddin Hacıyev də fəal Vikipediya istifadəçilərindən biridir.
Araz Yaquboğlu yaradıcı şəxsdir, onu bu gördüyü yaradıcı işlərə nə məcbur edən var, nə də sifarişlə yazandır. O sərbəst düşüncəli jurnalist, əvəzsiz tədqiqatları və araşdırmaları ilə mənəvi dəyərlərimizə çoxsaylı töhfələr verən, milli Vikipediyamızın zənginləşməsində xüsusi xidmətləri olan, geniş dünyagörüşlü, prinsipial, ətrafda baş verən proseslərə özünəməxsus fikri olan ziyalılarımızdandır. Araz müəllim qayğıkeş ailə başçısı, yüksək daxili mədəniyyətə, dəyərli insani keyfiyyətlərə, kövrək, olduqca xeyirxah ürəyə malik, mənəvi dünyası ruhuma çox yaxın olan gözəl, bənzərsiz insandır! Onun içindəki “MƏN”, vicdanının səsinin, düşüncələrinin, ruhunun təsiri, diktəsiylə qələmə sarılaraq gerçəkləşir. Bu şərəfli, yaradıcı yolda bizlər – dostları və həmkarları, çox yaradıb, az danışan, səmimi, təvazökar və alicənab, sözündə, amalında və əməlində məsuliyyətli, dürüst, daim axtarışda olan, nəcib, yaradıcı insan Araz Yaquboğlunu 50 illik yubileyi münasibətilə təbrik edir, doğma və yaxınlarının, onu sevən dostlarının əhatəsində ona möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları diləyirik!
Bu gün gözəl insan, əsl ziyalı, el-obasına bağlı, Yurdunu sevən, təəssübkeş araşdırmaçı – yazar Araz Yaquboğlunun doğum günüdür! Şad günü münasibətilə onu təbrik, edir yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Araz müəllim!