«Səni sevmək dəli olmaqdı…»
Günay Ümidin şeirləri haqda qısa təqdimat
İstedad fitri deyilsə, o, ya quru əzbərçiliyin, ya da sürətli mütaliənin təsiri ilə nisbət tapır. Fitrilik Allahdandır. Allahın verdiyi də mükəmməl və əvəzsizdir…
Şübhəsiz, hazırda zorən şeir yazanlar (da) az deyil; yəni, qafiyə üzrə sistemsiz anlamları kütləyə sırımağa çalışanların sayı kifayət qədərdir. Onların yazdıqlarında (bəlli ki) nə ruh tapa bilirik, nə poetika… Nə yaxşı ki, ara-sıra yaşlı vücud kimi titrəyən, təbəssümsüz çöhrə kimi qırışan fikirlərdən bezib modern ovqatda təlatüm quran qələm sahiblərinə, qabarıq təəccüb doğuran şeirlərə də rast gəlirik… Səmimi deyək ki, ilk şeirlərindən sabahına inandığımız Gün Ay Ümid də sözə müti deyil, ideal yanaşır; onun qələmə aldıqlarında (biz) müasir şeirin atmosferinə qalxa bilir, oradan şüurüstü anlamları seyr edir, hətta o vadidəki çəkisizliyə nüfuz etmək şansımız olur…
Dediklərimizi sübut etmək üçün Gün Ay Ümiddən bəzi nümunələrə diqqət çəkək:
Səni sevmək
həyata uzaqdan baxmaqdı…
Səni sevmək dəli olmaqdı…
Səni sevmək
Ayaqlarını axtarmaqdı özünü tapmağa…
Toplayanda özünü, bir parca əksik olmaqdı…
Gözlərim də kor olub
İçimdəki bu çənnən.
Axı mən istəmişdim
By ayrılığı səndən…
Xatirən ayrı bir dərd,
Gələrdimi ağıla?!
Deyəsən çox inandım
Uydurduğum nağıla.
Sonunda ayrılıq var,
bu narahat qismətin.
Götürüb çiynimizə,
bunca qəmi, sevinci
Ya sən ilk gedəcəksən
Yada ki mən birinci…
Bu şeir parçalarında zora mübtəlalıq yoxdur; fikir su kimi axır, mütləq hesab olunan hədəf sətiraltı bəllidir, müəllif nə demək istədiyini konkret ifadə edir, dolayısı ilə (də) oxucuda eyni zərurətə eyni təəssürat verir. Məsələn: «Səni sevmək həyata uzaqdan baxmaqdı… Toplayanda özünü, bir parca əskik olmaqdı…» fikri praqmatik sistemdə (sözlə onu tətbiq edən arasında əlaqə) proporsional (tamla, bütövlə düzgün nisbət), mütənasib yayılmadır. Doğrusu, hər şairin bu va(a)kumda nəfəs almaq şansı yoxdur. Görək, müəllif nə üçün «Səni sevmək həyata uzaqdan baxmaqdı…» qənaətindədir? Burada əslində, fəlsəfi səmt ruhi zərurətdir – yəni insan həm özünün, həm də sevdiyinin – «tapdığının» da əbədi olmadığını bilir. Sevgi ilə uzaqlıq bu zəmində gerçək situasiyadır; belə deyək, bir gün mövcudsan, sabah da «tapdığından» ayrısan. Bu prosesdə nə sevgi əbədiyət üçün əsas vermir, nə asılılıq. Mütləqdə hər şey fanidir.
Günayın bu qənaətinə çox səbəb (çox məna) gətirmək olar, qısaca deyək ki, bu fikirdə sadəcə, anlamsız həyata bağlılıq, fani olana etibar etməmək kimi (ədəbi) kəsblər var…
Hadisələrə sətiraltı məna verməyi daha çox xoşlayan Gün Ay Ümidin digər şeirlərində də məna, məzmun və sanbal ictimai-fəlsəfi quruluşdadır:
Yaxşıyam, qurban olum
Nəfəsim gəlir hələ.
Qələmə hökm etməyə,
Həvəsim gəlir hələ.
Ən çox da danışmağa söz olanda susarsan.
Əllərin çəpər olar hisslərinin önündə…
Sözdə müqtədirlik (qüvvətli, güclü, qüdrətli, iqtidar sahib olmaq) də fitri olmalıdır, bu (hal) zorən mümkün deyil. Gün Ay Ümidin təbirində bu proses inandırıcıdır. Buna da «Ən çox da danışmağa söz olanda susarsan» ziddiyyəti ilə nisbət veririk. Doğrudan da, maraq artanda, hiss müti olur, nəticə isə çox halda məyusluq doğurur…
Gün Ay Ümidin «Bir şəkil müharibə…» şeirini bu mövzuda yazılanların hamısından üstün saymaq olar. Şeir o qədər axıcı, o qədər vizual və o qədər poetikdir ki, hətta daşürək adam belə (burada) faciənin baş verdiyi andan sonuna qədər törətdiyi acıları hiss edir.
Şeiri bütünlükdə təqdim edirik:
İndi şəkildən baxan
Müharibə uşağı,
Bu evin yaxasında
Hamı səndən aşağı.
Niyə qəmli durmusan
bu şəkildə, gülmürsən?
Orda ki, hələ sağsan,
Öldüyünü bilmirsən…
Kaş ki çəkilməsəydi…
Nə yaxşı ki çəkildi…
Atan, anan yanında,
Gör nə gözəl şəkildi.
İndi gəl, mənə danış
Hekayənin sonundan.
Anana çiçək topla
O çiçəkli donundan.
Topla ki, üzü gülsün,
Çələng hörsün ümidlər.
Şəkildən əl yelləsin
Saçın tökən söyüdlər.
Çoxdandı buralarda
Səma quş qəfəsidi,
Azadlıq şüarları
İntihar nəfəsidi…
Kağızdan gəmi yapıb
Quş uçuran uşaqlar,
Şəkillərdə yaşlandı,
Qayıtmadı o çağlar…
Müharibədə öldü
Atalar, əmilər də…
Neçə uşaq boğuldu
O kağız gəmilərdə…
Hələ sənə demirəm
Dəhşətli mənzərəni,
Elə toplar dağıtdı
Top qıran pəncərəni…
Ümidlər əyni nazik,
Qarşıladı qışları.
Yelləncəyindən asdı
Özünü sülh quşları…
İndi şəkildən baxan
Müharibə uşağı,
Bu evin yaxasında
Hamı səndən aşağı…
Bu şeir vətənpərvər ruhdan (daha çox) insanlıq, kişilik, qürur hissi doğurur. Müəllif sanki bir roman yazıb, bir həyat eşqinin susduğu daş könülləri fəsil-fəsil cilalayıb. Zənnimizcə, şeiri sakit səslə oxuyub çılğın hava ilə qavrasaq, əlavə şərhə ehtiyac qalmaz…
Günayın «Pauza» şeiri də modernçilik təqdiridir:
Hardasan, barmaqlarını hördüyüm…
Bəs hər şey yaxşı olacaqdı?
Keçmişdən danışan
cümlələrin gələcəyi yoxdu daha…
İşə bax ey…
Yenə yadıma düşdün, yadımdan düşən adam…
Bu şeridə ədəbi hiss instinkt deyil, məna xəstə əhvali-ruhiyyə, sayıqlama, fantastik meyldən uzaqdır, estetik prinsip mütləqi qavraya bilməkdir. Şeirdəki qəribəlik irrosionall xarakterdədir – yəni bir fikir digərinin mahiyyətini açmaq məcburiyyətində qalmır. Qısası, «Yenə yadıma düşdün, yadımdan düşən adam…»ın «keçmişdən danışmaq» istəyi gülünc məna verir və s.
Sözün istisində bir ömür bişmək çətin məsələdir, buna görə biz də Gün Ay Ümid şeirinin vəslində müəyyən qədər məna tapdıqdan sonra orada duruş tapmaq şansımızı itirməmək naminə yazımıza nöqtə qoyur, sadəcə, istəkli şairimizə bir nota yollayırıq: «Daim sözü və sözdəki mənanı xassəvi, rasional hesab et…»
Müəllif: Hikmət MƏLİKZADƏ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru