Susmağın bəzən zərəri də olur, dost, susamışkən su kimi saf sözə… Adamın ürəyi sıxılır məngənələrdə, çarmıxa çəkilməkdir cəzaların ən yaxşısı Oysa ki, bizi aşağılar paxıllıqdan, yuxarılar həsəddən sıxır ovcunda. Toparlanmaq olmur dişli çarxların arasında əziləndə xırçhaxırç Dişlərin dibində qalmaq daha dəhşət,- çöplə qurdalayırlar həriscəsinə, sümürürlər ilik içi kimi, tüpürürlər hayqırıq qarışıq bir küncə. Ət maşınında qiymə kimi çəkilmə əzabı var adam ürəyinin, sonrası nə olacaq, olacaq… Eşidirəm cızıltısını oda düşən yağın, görürəm tüstüsünü manqalın, susuram fəlsəfəsini iştahanın… Daha zərərdən keçib, dost, keçib!
Məndən Şuşa həbsxanasındakı sağdan 2-ci kameranın şəklini istəmişdi erməni əsirliyində olmuş bir döyüşçü… Öz torpağında əsir olanlar yatmaz daş kimi qala divarlarında, oyanmaz ağac kimi yamacların sinəsində… Adı türmədirsə vətənin ha düşməndə olsun, ha özündə… Cücərməz kamera künclərinə qısılan ümidlər, gün işığı sarıdan korluq çəkər bomboz nəm divarlar. İçindən ağrıyar Vətən həbsxanaları, daş və yaş döşəmələrində sürünən övladlarını sıxdıqca köksünün darlığına. Buraxmadılar bizi həbsxananın həyətinə, salamını çardıra bilmədim boşluqdan bağrı çatlamış kameralara bir əsirin… “Çıx, get də, qardaşım”- bezib dedi israrla qarovul rəisi,- “çıx, get!” Çıxılmaz vəziyyət idi, çıxıb qala divarına getdim ürəyimin çəkildiyi yerə… Sonra dostum göndərmişdi risk edərək bir fraqment gizli çəkilişdən… Deməli, üzbəüzdəki imiş 2 nömrəli kamera… İndi içi dağınıq, çölü çatlaq, adı xarabazar bir həbsxana karseri…
Mən də Şuşanın əsiri idim o gün, Əllərim daş divarlarında gəzişirdi, Ayaqlarım daş küçələrində Gözlərimə köçürürdüm illərin ağrısını, Uçurulmuş, dağıdılmış heyrəti görəndə. Mənim əvəzimə torpağı öp,- demişdi döyüşçü dostum,- mən qorxuram gəlməyə… Qorxuram şəhid dostlarımın ruhu hər küçədə, hər tində tutub boğar məni deyə… O gün dünyanın Şuşa adlı bir şəhər olduğu gün idi, Gözəlliyinin əsiri idim o gün bu şəhərin!