“QAYIT, GƏL!” – İgid döyüşçü Hacı Əkbərin səngər gündəliyi – Şamil Namaz

“QAYIT, GƏL!”

İgid döyüşçü Hacı Əkbərin səngər gündəliyi

Düşmənə igid tək sinəsin gərən,

Hər bir əsgərinin qədrini bilən.

Döyüşdə Sənan tək oğul itirən,

Vuruşan Əkbəri tap, Qarabağda,

Atını dördnala çap, Qarabağda.

Akif Hüseynli

Qısa arayış: Rüstəmov Əkbər Məhəmməd oğlu 1947-ci ildə Ağdam şəhərində doğulub. Rayon 3 saylı orta məktəbin səkkizinci sinfini bitirib. Daha sonra elektrik montyoru ixtisasına yiyələnib. Bakı-Sənaye Pedaqoji İnstitutunu bitirib. Ağdam Uşaq-Gənclər İdman məktəbində məşqçi-müəllim vəzifəsində çalışıb. Dəfələrlə sambo güləşi üzrə çempion olub. O, Ağdam icra hakimiyyətinin şəhər nümayəndəsinin sədr müavini işləyib. Bakıda idman məktəbində çalışıb. Hazırda pensiyaçıdır. I Qarabağ mühaibəsi veteranıdır.

Əkbər Rüstəmovun I Qarabağ savaşı illərində torpaqlarımızı Ermənistanın hücumlarından qorumaq, üçün fəaliyyəti necə-necə kitaba sığmaz. Əkbər müəllim yaxşı publisistdir. Şəhid Sənanın atasının “Qayıt, gəl!” kitabı müəllifin oxucularla dördüncü görüşüdür. Bundan əvvəl “Qalx, ayağa, Vətən oğlu”, “Qapımı Vətən döydü”, “Vətən kitabı” əsərlərini çap etdirib.

Bu kitabı da maraqla oxudum. Bu əsər birinci Qarabağ müharibəsi dövründə – milli ordunun ilk yaradılışı dövründən atəşkəsə qədər bir müddəti, eləcə də son illəri əhatə edir.

O dövrdə, yəni 90-cı illərin əvvəllərində ilk ordumuz yaranmağa başladı. Milli Qəhrəman Şirin Mirzəyevin fəaliyyətindən də bu kitavda söz açılır. Bu illərdə Ağdamda ilk batalyonlarda fəaliyyətə başladı. 845 saylı olayın komandir müavini Ə. Rüstəmov övladları-Sənan, Sarvan, Kənan ilə birlikdə erməni qəsbkarlarına qarşı mərdliklə vuruşub. Sənan Hacı Əkbər oğlu 1992-ci ildə Ağdamın Abdal-Gülablı kəndlərinin müdafiəsi zamanı qəhrəmanlıqla şəhid olub. “Qayıt gəl!” kitabında bu illərin döyüş səhnələri, əsgər yoldaşların vətənpərvərliyi, vətən segvisi hərarətlə əks olunub.

Esse və məqalələrində emosionallıq var. Qələbədən xeyli əvvəllərdə “Qarabağ”, “Ədalət”, “Ana torpaq” və s. qəzetlərdə dərc olunmuş yazılara da rast gəlirik. O, Vətən torpağının müqəddəs güşəsi olan Qarabağın erməni qəsbkarlarının caynağından xilası üçün çağırış edirdi. Hacı Əkbərin “Hey, hey, irəli, milli ordu əsgəri!”, “Nə deyim”, “Vətən torpağı”, “Şəhidi ağlamazlar”, “Müharibə və ya nəslin sınağı”, “Haqqın yolu” və s. həm kövrək, həm dəyanətli ürək yanğısı ilə qələmə alınmış yazıları maraqla oxunur.

Əkbər müəllim döyüş yoldaşlarının obrazlarını əks etdirir.

“Sağ ol, Babək!” yazısı daha çox xoşuma gəldi. Müəllif qeyd edir ki, Babək Quliyev bir əlində video-kamera-foto aparat, o biri əlində avtomat tutub səngərlərə atılmışdı.

Bu kitabda şəhid olmuş oğullarımız kövrək hisslərlə xatırlanır. “Məktub” essesinin bədii dili çox emosionaldır. Səngərdə məktub alan döyüşçü yazır: “Bu məktubu hər kəs oxumalıdır. Qeyrətlilərin hamısı birlikdə oxuya-oxuya döyüşə atılmalıdır”

Hacı Əkbərin yazıları rəngarəgdir. “Əlvida, Vətən oğlu”, “Şəhidi ağlamazlar”, Vətən torpağı və digər publisistik qeydləri maraqlı oxunur.

Abdal-Gülablı vertolyotdakı pilotu xilas edən Sənan Əkbər oğlunun igidliyi haqqında yazarkən həyəcanını gizlədə bilmir.

“Bir neçə saatdan sonra pilotun birini azad etdilər. İkinci pilotu azad etmək cəhdi baş tutmadı. Düşmən gülləsi Sənanın sinəsini parça-paça etmişdi”.

Sənanın son sözü daha təsirlidir: “Qəm yemə, komandir. Onsuz da düşməndən qisasımı almışam. Atama, anama, deyərsiniz ki, məni ağlamasınlar, axı şəhidi ağlamazlar”.

23 iyul 2013-cü ildə qələmə alınmış “Qayıt, şəhid ruhları sevinsin” yazısı daha çox emosional, kövrək və inamlı təsir bağışlayır. Kitabda 1993-cü ilə kimi cəbhə xronikası verilib.

Müəllif öz publisist yazılarında döyüş yolunun anlarını xatırladır, o vaxtlar uduzmağımızın səbəblərini araşdırır, tezliklə qələbə olacağına inanır.

Hissiyyat, səmimi duyğular, birliyinə çağırış bu kitabın məziyyətləridir.

Hacı Əkbər canıyla, qanıyla bir çox yazılarıyla tarixə səyahət edir. Onun çağırış ruhlu yazılarının bir çoxu son illərdə mətbuatda çap olunub. Kitabda verilən “Yandırdılar Xocalını, yanır Xocalı, “Hansı yolla getməli”, “Döyüşçü Əkbərin bayatıları” və digər yazılar Vətən eşqiylə çırpınan bir ürəyin haray dolu həyacanlarıdır. Məsələn, bayatılarda o vətəndaş, Vətənsə vətənsiz qalan soydaşların ağrılarını əks etdirir. Bayatılarının biri daha kövrəkdir:

Vətənsiz ömrüm soldu,

Gözlərim yaman doldu,

Üç oğlumla döyüşdüm,

Sənanım şəhid oldu.

Hacı Əkbərlə şəxsi söhbətlərində qələbə sevinci var. O deyir ki, 2020-ci ildə qələbənin əldə edilməsi ürəyimi dağa döndərdi. Indi 76 yaşım var. Əgər erməni qəsbkarları yenidən baş qaldırsa, övladlarımla birgə döyüşə hazıram.

Bir qədər kitabın poliqrafik xüsusiyyətləri haqqında danışmaq istəyirəm. Kitab o illərdə çəkilmiş foto-şəkillərlə zəgindir. Nəfis tərtibat, üz qabığı, çap keyfiyyəti xoşagələndir. Üz qabığındakı rəngli rəsm işi Hacı Əkbərin nəvəsi Rəmzinin həyat yoldaşı Nigar Süleymanovanın əsəridir, əsərlərin ruhuna uyğundur. “Adiloğlu” nəşriyyatında buraxılmış kitabda ön söz çox maraqlıdır. Nəşrin redaktoru jurnalist, yazıçı-tərcüməçi Novruz İbrahimoğlu kitabın girişində yazır: “…Hacı Əkbərin insanlıq fəlsəfəsinin ruhu kitabın bütün səhifələrində aydın duyulur və dərk edilir”.

“Qayıt, gəl!” kitabı oxunduqca oxucu düşünür, təəssüratını başqalarıyla bölüşməyə çalışır. Müəllif onu təlqin edir ki, hər an torpaqlarımız qorumağa hazır olmalıyıq. Bəli, artıq Qarabağ azaddır.

Əkbər müəllim bu yaxın vaxtlarda işğaldan azad olunmuş Ağdama bir neçə dəfə gedib torpağı öpdüm deyir. O torpağa şəhid oğulların qanı hopub. Mənfur düşmən yurd yerlərini xaraba qoysa da, tezliklə qurulacaq, o yerlərə qayıdacağıq.

“Azad Azərbaycan” televiziyasında “Ağdam və mən” verilişinə həmişə baxıram. Bu yaxınlarda Əkbər müəllim Ağdamda çəkilmiş tele-filmdə gördüm. O, oğlu Sənanın qəbrini ziyarət etdi.

Qarabağdan, Ağdamdan danış.

… Bu kitabı hamı oxumalıdır, təbliğ etməlidir. Yaxşı olar ki, “Qayıt, gəl!” Əsəri Yazıçılar Birliyində müzakirəyə çıxarılsın, təqdimatı keçirilsin. Arzu edirəm ki, Əkbər Rüstəmov jurnalistlər birliyinə üzv qəbul edilsin.

Nəhayət sonda kitabın müəllifinə uzun ömür, can sağlığı, qələbə ruhlu yeni yazılar qələmə almasını arzulayıram.

Şamil Namaz,

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

Zaur Ustac – Dağlar

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hacı Əkbər Rüstəmovun “Qayıt, gəl” adlı kitabı işıq üzü görüb

Hacı Əkbər Rüstəmovun “Qayıt, gəl” adlı kitabı işıq üzü görüb. Jurnalist-yazıçı-tərcüməçi Novruz İbrahimoğlunun redaktoru olduğu bu kitabda müəllifin səngər qeydləri yer alıb. N.İbrahimoğlunun “Ölümün ağuşunda doğulan düşüncələr” başlıqlı ön sözdə qeyd etdiyi kimi, “Qayıt, gəl” kitabı bir əlində silah, bir əlində qələm tutan Hacı Əkbər Rüstəmovun səngər qeydlərindən yaranıb.

Türk dünyasının bir əlində qılınc, bir əlində qələm tutan qəhrəmanlarının çox olduğunu xatırladan N.İbrahimoğlu Hacı Əkbər Rüstəmovun bu qəhrəmanların ardıcıl statusunu əməlləri və qəlb ilə qazandığını vurğulayır və onun gördüyü dəhşətlərdən doğan hayqırtıları toqquşan nəhəng buludların nərəsindən yaranan enerji qədər güclü və yaxşı mənada dağıdıcı olduğu qənaətinə gəlir.

Birinci Qarabağ müharibəsində vətənin müdafiəsi uğrunda döyüşən Hacı Əkbər Rüstəmov “Qayıt, gəl” kitabında şahidlik etdiyi və iştirakçısı olduğu hadisələrdən bəhs edir.

N.İbrahimoğlunun qeyd etdiyi kimi, kitabda toplanmış qeydlərin maraq doğuran məqamlarından biri müəllifin xəyal və xatirələri, vətəni və istəkləri ilə tez-tez ədəbi personaj qismində mükaliməyə girməsidir: “Bu cür ədəbi tryuk fikrin dəqiq izahı üçün əhəmiyyətli rol oynayır. Kitibda eyni fikrin eyni sözlərlə dəfələrcə ifadə edilməsi təkrarçılıq yox, dərddən çatlayan və vətən sevgisindən alovlanan bir qəlbin çırpıntılarıdır. Qarabağ müharibəsinin xronikası Əkbər Rüstəmovun yaşadığı həyatdır. O, şahidlik etdiyi, yaxud iştirakçısı olduğu hadisələri bütün çılpaqlığı ilə oxucuya danışır və açıq mühakimələri ilə dünyanı silkələyir: müharibə arzulamayın, ancaq ondan qaçmayın, ölümdən qorxmayın, ancaq ölümə təslim olmayın, insanları sevin, ancaq insanlığın düşmənlərinə nifrət edin, vətəni sevin və üzərində ilk addım atdığınız torpaqdan heç vaxt qopmayın, ədalət uğrunda vuruşun və bu yolda məğlub olmağı bacarmayın! Hacı Əkbərin insanlıq fəlsəfəsinin ruhu kitabın bütün səhifələrində aydın duyulur və dərk edilir. Buna görə də yazılarda şəlalə tək çağlayan vətənpərvərlik hissinin bədii-estetik təsir qüvvəsi kifayət qədər güclüdür”.

Kitabda Hacı Əkbər Rüstəmovun “İrəli, hey irəli, milli ordu əsgəri!”, “Qalx ayağa, vətən oğlu”, “Sağ ol, Babək”, “Vətən”, “Biz qalib gəlmək üçün vuruşurduq”, “Vətəni azad etməliyik”, “Hər gecə yuxuma girir Qarabağ”, “Vətən yanğısı”, “Ana torpağı qoruyan ölməz” və digər başlıqlı yazıları daxil edilib. Müəllifin müxtəlif illərdə qələmə aldığı bu yazılarda xalqımızın heç zaman unutmayacağı Birinci Qarabağ müharibəsinin dəhşətləri, vətənin müdafiəsinə qalxan igid oğullarımızın çətin və eyni zamanda şərəfli mübarizəsi, o illərdə erməni cəlladlarının işğalına məruz qalan torpaqlarımızın itkisindən doğan ağrı-aclar, yurd nisgili və ötən illərin əzabları öz əksini tapıb.

Qeyd edək ki, Hacı Əkbər Rüstəmov “Qalx ayağa, vətən oğlu”, “Qapımı vətən döydü” və “Vətən” adlı kitabların da müəllifidir.

Elbar ŞİRİNOV

Aysu Türkel. ƏBƏDİLƏŞƏN GÜLÜŞ.

ƏBƏDİLƏŞƏN GÜLÜŞ

Günəşin sarı telləri ətrafa yayıldıqca, yer qara pərdəsini üzündən çəkirdi. Ənginliklərdə qızaran buludlar sübh yelində nazlana-nazlana rəqs edir, gah da əriyib yox olurdu. Haradasa, təkəmseyrək qalan tənbəl ulduzlar qaçıb gizlənməyə çalışırdı. Bayaqdan bəri göylərin gərdişinə tamaşa edən fədailər zülmətin yorğanını kənara tullayıb ötən günün ağrılı-acılı səhifələrini vərəqləməkdə idilər.

Rəşadın qəh-qəhəsi yoldaşlarını da ovsunlamışdı. Düşmənin necə geri çəkildikləri, döyüş meydanından tülkü kimi qaçdıqları barədə danışdıqca, qürur hissi hər kəsin sinəsini qabardırdı.

Artıq üç gün idi ki, müharibə başlamışdı. Füzuli və ətraf ərazilərdə şiddətli döyüşlər gedirdi. Torpaqların azad edilməsi igid oğulların ruh yüksəkliyini artırır, qələbəyə inamını gücləndirirdi.

-Belə davam etsək, qısa zamanda torpaqlarımızın hər qarışını azad edəcəyik. İllərdir ki, Qarabağımız düşmən tapdağındadır, qəfəsdəki quş kimi azad olacağı günü gözləyir, – deyə Murad dilləndi.

-Əlbəttə, azad edəcəyik! Qələbə bizim olacaq, sən ki, gözlərinin şahidisən, düşmənin qabağımızdan necə qaçdığını yaxşı görürdün?! Rəşad yoldaşını dəstəklədi.

Onun üçün vətən hər şeydən öndə idi. Hələ məktəbə getməmişdən dahi Füzulinin “Edəməm tərk, Füzuli, səri-kuyin yarın Vətənimdir, vətənimdir, vətənim”
beyti ilə bitən qəzəlini əzbər bilən Rəşad qələbəyə doğru inamla addımlayırdı.

-Rəşad, axırıncı dəfə evlə nə vaxt danışmısan? – Murad dilləndi.

-Elə müharibə başlanan gün.

-Döyüşə girəcəyini atana dedinmi?

-Yox eee, nə danışırsan? İstəmirəm onlar məndən sarı narahat olsunlar. Qoy elə bilsinlər ki, mən arxa cəbhədəyəm. İnşallah, sağ qalsam, qələbə xəbərini özüm çatdıracağam atama da, anama da. Yox, əgər ömür bivəfalıq etsə, şəhid qardaşlarıma qovuşsam, siz mənim adımdan ailəmi təbrik edərsiniz, -Rəşad sözünü tamamladı.

Yusif müdaxilə etdi:

-Elə danışma, qardaş, inşallah otuz ildən bəri həsrətlə gözlədiyimiz Qarabağı azad edib evimizə sağ-salamat qayıdacayıq.

Aralığa dərin bir sükut çökdü, amma təəssüf ki, uzun çəkmədi. Bu sükutu, səssizliyi top mərmilərinin uğultusu pozdu. Bu dəfə silahlar dilləndi. Sanki onlar da düşmən üzərində qələbənin təntənəsinə tələsirdilər. Güllələr göydə bir-biriləri ilə sürət yarışına girmişdi, bir an belə gecikmək olmazdı. Bu məqamda “Dədə Qorqud” dastanında Qazan xanın dilindən söylənilənlər lap yerinə düşür. “Biz onlara yetsək öldürərik, onlar bizə yetsə öldürərlər”. Bəli, elə bu fikirləri əsas tutaraq biz onlara yetməli idik, illərin ağrılı-acılı günlərinin hesabını sormalı idik. Beləcə, güllələrin müşayəti ilə gecə gündüzü əvəz etdi.

Düşmənin hər cür hiyləsindən qorunmaq üçün dayanmadan planlar hazırlanırdı. Günlər bir-birini əvəz etdikcə, hər gün yeni bir yaşayış məntəqəsi, yaxud bir yüksəklik azad edilirdi. Döyüşçülər Füzulinin bir addımlığında idilər.

-İnşallah, tez bir vaxtda Füzuliyə çatacağıq.

-Hə, demək olar ki, şəhərin bir addımlığındayıq. Bu gün oranı azad etməliyik.

-Ayın neçəsidir ki?

-17-si.

-Düz 21 gündür ki, döyüşdəyik? Səngərdən-səngərə atılmaqdan günlərin necə keçdiyini də unutmuşuq.

-Elədir, amma arxa cəbhədə yolumuzu gözləyənlər üçün bu günlər illərə bərabərdir Rəşad.

-Yaxşı, bəsdir bu qədər söhbət, düşmən caynağında inləyən torpaqlar bizi gözləyir, Rəşad silahını götürüb irəli keçdi.

Gözlənilən an gəldi. Füzuli uğrunda şiddətli döyüşlər başladı. Mərmilərin səsindən qulaq batırdı. Döyüş nə qədər ağır olsa da, təpərli oğullar əzmlə irəli atılır, daha çox düşmən öldürməyə çalışırdılar. Rəşad ətrafa nəzər salanda, elə bil alovlar içindən məsum bir körpənin səsi qulaqlarda əks-səda verdi: “İntiqamımı alın, ruhum bu torpaqlarda məhbus kimidir. Onu ancaq siz azad edə bilərsiniz. Siz gücdən düşsəniz ruhum da cismim kimi məhbəsdə çürüyüb gedəcək. Bilirəm, buna imkan verməyəcəksiniz, saf, günahsız insanların ruhunu şad edəcəksiniz. Biz sizə inanırıq! İrəli… İrəli… İrəli… “Səs getdikcə zəiflədi, lakin Rəşadın qulağında dayanmadan təkrarlanırdı. Bu intiqam hissi ona yeni bir güc, tükənməz bir inam verdi. Bütün döyüşçülər kimi o da cəsarətlə, dizində təpər, qolunda qüvvət, ürəyində vətən sevgisi irəli atıldı. Düşmən uzun çəkən mübarizədən sonra məhv edildi, ən ağır texnika, canlı qüvvə və saysız-hesabsız minalarla əhatə olunan Füzuli azad edildi. Şəhid qanına bələnmiş üçrəngli bayrağımız xaraba şəhərin mərkəzində göylərə qaldırıldı.

Rəşad və döyüş yoldaşları əsən küləkdən cəsarətlənən, məğrur-məğrur dalğalanan, vətən səmasına rəng qatan bayrağı fərəhlə seyr etdilər. Rəşad qürurla bayrağa baxa-baxa:

-Bu hələ son deyil, böyük zəfərimiz qabaqdadır, hələ bayraq sancılası çox zirvə var. Sonra əlini göylərə açıb dua etdi: – Allahım, vətənin bütövlüyü üçün sona qədər vuruşmaq üçün bizə güc ver. Ya rəbb, bizi düşmənin hiyləsindən, məkrindən, fitnəsindən qoru, torpaqlarımızı azad etmək üçün bizə yenilməzlik bəxş et!

Qısa fasilədən sonra komandir növbəti hücum üçün əmr verdi. Bölük Xocavənd və Şuşa istiqamətində hərəkətə keçdi. Cəsur oğulların qarşısında tab gətirməyən düşmən günbəgün geri çəkilir, ərazilər boşalırdı. Elə bu məqamda Rəşadın da daxil olduğu 16 nəfərlik qrup mühasirəyə düşdü. Amansız döyüş başladı. Cəsur oğullar “Bura qurdun yuvasıdır, qurdun yuvasına isə çaqqal sahib çıxa bilməz”, – deyib od yağdırdılar düşmənin başına. Düşmənin xeyli canlı qüvvəsi məhv edilsə də, döyüş davam edirdi. Artıq açıq döyüşdən çəkinən erməni hərbi birliyi gizlənmək üçün yer axtarırdı.

Amansız döyüşdə iki əsgərin yaralanması 16 nəfərlik qrup üçün böyük zərbə idi. Üstəlik onları odun-alovun içindən çıxarmağa çalışan tağım komandiri Kənan da düşmən gülləsinə tuş gəlmişdi. Bu dəfə Kənanı təhlükəsiz yerə çəkmək üçün Rəşad döyüş meydanına atıldı. Təəssüf ki, o da komandirin köməyinə çata bilmədi. Namərd gülləsi onu da yaxaladı. Rəşad ağrılar içində yerə yıxıldı. Özünü toparlayıb ətrafa göz gəzdirdi, demək olar ki, bütün igidlər yerdə qan içində idi. Rəşad nəfəs aldıqca qan şoralanır, səsi zəifləyirdi. Artıq taqətdən düşmüşdü, ani də olsa, valideynlərini xatırladı. Ötən günlər göz önündən film kimi gəlib keçdi. İki gün öncə atası ilə əlaqə saxlamışdı. Söz vermişdi ki, qalib bir əsgər kimi sağ-salamat dönəcək evə, söz vermişdi ki, mənfur düşməni birdəfəlik qovacaq Qarabağımızdan. İndi anası nə edəcəkdi? İllərlə göz bəbəyi kimi qoruduğu, büdrəyəndə əl tutduğu, əsən küləyə qısqandığı, hər zaman dayaq olduğu can parçasının onu əbədi tərk etdiyini öyrənəndə nə hala düşəcəkdi?! Yeganə övladını itirən ananın fəryadını, ahını, naləsini sözlə ifadə etmək mümkündürmü?! Əsla!

Bəlkə də bu acı xəbərdən dünya ona dar gələcəkdi. “Kaş oğlumu bircə dəfə də olasa qoxlayam” deyəcəkdi. “Bağışla, ana, bağışla, sözümü tuta bilmədim. İndi yanımda olsan, son nəfəsimdə səni qoxlasam, əllərini öpsəm, başımı dizinin üstünə qoysam rahat gedərdim dünyadan. Ata, sən də bağışla, böyüyüb sənə dayaq olacaqdım, böyüdüm, amma vətənin mənə daha çox ehtiyacı olduğu üçün onun dadına çatmağa çalışdım. Bilirəm, son nəfəsimdir, artıq bədənimin soyuduğunu hiss edirəm”, -Rəşad ətrafa bir də nəzər yetirdi, xəfif-xəfif gülümsədi: “Deməli şəhadət üçün yaşamışıq, ən şərəfli ölümlə qucaqlaşmaq üçün zamanım buracanmış…”, – deyə gözlərini əbədi yumdu. Məsum bir təbəssüm yanağından çəkilməmişdi hələ…

Müəllif: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru