“Əsgər atası” – Hacı Əkbər Rüstəmov

“Əsgər atası” adlı sənədli film

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

HACI ƏKBƏR RÜSTƏMOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. SİZDƏ QURU ÇÖRƏK OLMAZ?

SİZDƏ QURU ÇÖRƏK OLMAZ?

 (hekayə)

            Məriş kişi xoruzpipiyi çay dolu fincanı qabağına çəkdi.  Tünd çayı xoşlardı. Çoxdanın söhbətidir. Təzə evlənmişdilər. Bir dəfə Pərinin gətirdiyi çayı geri qaytararaq: “Xanım, bu çay polis  görüb nədir?! Rəngi qaçıb”.

Çayın rəngi bir qədər açıq idi. Bu, Mərişin xoşuna gəlməmişdi. Pəri tez fincanı götürüb çayı dəyişdi. Pəri arvad o vaxtdan öz işini bilirdi: kişi tünd çayı içir. 

Fincana limon salınanda çayın rəngi onsuz da avazıyır.

         Məriş kişi könül xoşluğu ilə çayını içməkdə idi ki, həyət qapısı döyüldü.

         -Ay uşaq, bir görün kimdir gələn!

          Xudayar özünü çatdırdı.  Gedib xəbər gətirdi:

         -Dədə, saçlı-saqqalı bir kişidir. Yanında da bir uzunqulaq…

         Məriş kişi fincanı nəlbəkiyə qoyub ayağa qalxdı:

         -Soruşmadın nə istəyir?

         Xudayar cavabında dedi:

         -Yox, soruşmadım.

         Məriş kişi fikrə getdi. Az sonra əlini alnına vurdu. Deyəsən  saçlı-saqqalı  kişinin kim olduğunu təxmin etmişdi: “Şəhərə uzunqulaqla gəlib. Deməli, kənd adamıdır”.  Məriş kişi üzünü Xudayara tutaraq:

         -Uzunqulağın üstündə xurcun filan vardı? – deyə soruşdu.

         Xudayar dedi:

         -Vardı.

         Məriş kişi həyət qapısına sarı getdi: “Kənddən bacısı, ya da qardaşları ayın-oyun göndərib yəqin. Sağ olsunlar. Mən də kişini bu istidə qapı dalında gözlədirəm”.

         Qapı dalında dayanan qan-tər içində idi. Cib dəsmalı ilə boyun-boğazının tərini silirdi:

         -Ay kişi, buyur, keç içəri.

         Saçlı-saqqalı  kişi:

         -Sağ ol, ay kişi. Belə də xoşdur, – deyə minnətdarlıq elədi.

         Məriş kişi onun qolundan tutub içəri gətirdi. Uzunqulaq da həyətə girdi. Çəmənlikdəki ota girişdi. Məriş kişi mane olmadı:

         -Otur, ay kişi. Pəri, ay Pəri!

         Pərinin səsi gəldi:

         -Nədir, Məriş?

         Məriş dedi:

         -Qonaqçın çay gətir.

         Pəri cavabında dedi:

         -Bu dəqiqə.

         Saçlı-saqqalı  kişi  özünü narahat hiss edirdi. Sanki iynə üstündə oturmuşdu. Məriş kişi:

         -Nə var, nə yox? Necəsiniz? – deyə soruşdu.

         Saçlı-saqqalı  kişi  köynəyinin üst düyməsini bağladı:

         -Yaxşılıqdır, sağ ol.

         Məriş kişi elə hey suallar verirdi: 

         -Kənddə nə var, nə yox?

         -Hansı kənddə?

         Məriş kişi təəccüb qaldı:

         -Bizim kəndə də…

         Kişi çiyinlərini çəkdi:

         -Sizin kənd hansıdır bilmirəm axı.

         Məriş kişi onun cavabına fikir verməyib xəbər aldı:

         -Bizimkilər necədir?

         Saçlı-saqqallı kişi suala sualla cavab verdi:

         -Sizinkilər kiimdir?

         Məriş kişi dik ayağa qalxdı:

         -Madam ki, bizim kəndi, bizimkiləri  tanımırsan, onda mənim həyətimdə nə itin azıb? Sən kimsən, ay kişi?

         Özünü pis vəziyyətdə his edən saçlı-saqqallı kişi astaca:

         -Mən gəlmirdim ki, özün məcbur gətirdin, – dedi.

         Məriş kişi səsini qaldırdı:

         -Lənət kor şeytana…Sənə nə lazımdır?

         Kişi dilləndi:

         -Sizdə quru çörək olmaz? Qoyun-quzu üçün quru çörək yığıram.

         Məriş kişi cin atına mindi. Əl-qolunu ölçməyə başladı. Əli Pəri arvadın gətirdiyi çay stəkanına dəyib onu aşırdı. Stəkan çilik-çilik oldu.

         -A kişi, dur! Bizdə quru çörək yoxdur. Gedə bilərsən! Uzunqulağını da yaddan çıxarma!

         Saçlı-saqqalı  kişi kor-peşman ayağa qalxıb özünü çölə atdı.  Uzunqulaq da sahibinin dalınca çıxdı.

                                     Şirvan şəhəri, 10 avqust 2023-cü il

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Allah adı bütpərəstlərin tanrısı olan əl-İlahdan götürülmüşdürmü?!

Allah adı bütpərəstlərin tanrısı olan əl-İlahdan götürülmüşdürmü?!

  Allah adının etimologiyası ilə əlaqədar dilçi alimlərin müxtəlif görüşləri olmuşdur. Bir qisim alimin nəzərincə,Allah adı paqanist(bütpərəst) ərəblərin tanrılarından biri olan əl-ilah adından törəmədir. Belə ki,bu fikri irəli sürən linqvistiklərə görə Allah sözünün əvvəl iki hərfi müəyyənlik artiklıdır,lah isə hər iki sözdə (Allah və əl-İlah) gizlin,böyük və.s mənaları ifadə edir.Bəsrə alimlərinə görə isə “Ləh” sözünü uca və böyük göstərmək üçün qarşısına “əlif- lam” qoyulmuş və “idğam” nəticəsində “Allah” kəlməsi yaranmışdır.

 Fəqət, biz sözün quruluşuna nəzər yetirdikdə görürük ki,artikl fleksiyaya məruz qaldıqda səsdəyişimi müşahidə edilə bilməz. Yəni, əl sözündəki Ə saitinin A saiti kimi tələffüz edilməsi absurddur.

İkinci məsələ ondan ibarətdir ki, İlah sözü ümumi bir isimdir və önünə əl artiklı keçəndə nəzərdə tutulan yəni,öncədən müəyyən olunmuş Tanrı mənasını ifadə edir.Paqanist ərəblərə görə nəzərdə tutulan ilah anlayışı bütdürsə, müsəlmanların qəbul etdiyi İlah sözü də nəzərdə tutulmuş mücərrəd formalı tək tanrıdır. Məhz ona görə də Qurani-Kərimdə Allah buyurur:

İki ilah deməyin. Sizin ilahınız birdir( Nəhl surəsi (15)

Sizin ilahınız bir tək ilahdır.(Bəqərə surəsi 163)

Üçüncü məsələ ondan ibarətdir ki, paqanist və qeyri-paqanist ərəblərdə Allah  anlayışı mövcud idi,lakin onlar mahiyyət(sifət) və xüsusiyyət baxımından Allaha şərik qoşurdular. Məşhur ərəb filoloqu Xəlil ibn Əhməd və məşhur alim Fəxrəddin Razinin fikrincə, ərəblərdə böyük Allah anlayışı var idi və öz tanrılarının adlarını Allah adına bənzətməyə çalışırdılar. Misal üçün əl-İlah əl-Lat,Allahın ;əl-Uzza isə “Əziz”sifətinə nisbət verilirdi.Bu da onu göstərir ki,ərəb paqanizmi də digər paqanist dinlərdə olduğu kimi vahid monoteist dinin təhrif olmuş formasıdır.

Bir digər məsələ də ondan ibarətdir ki, Allah adı ərəbmənşəli addır və islamdanöncəki dövrlərdə də Ərəbistan yarımadasında yaşayan xalqlar tərəfindən istifadə edilirdi. Misal üçün Məhəmməd peyğəmbərin(s) atasının adının Abdullah( Allahın qulu) və əmisi Əbu Ləhəbin əsl adının Əbdülüzzə( Allahın əziz sifətinin qulu) olmasını nümunə vermək olar.

Dördüncü məsələ ondan ibarətdir ki, Xəlil ibn Əhməd və Fəxrəddin Razi kimi məşhur filoloq və alimlərin nəzərincə,Allah adı törəmə isim deyildir. Razi Məfatihul-Qayb əsərində qeyd edir ki, Allah adının ilk iki hərfi əl artiklından törəyə bilməz. Belə ki, bir sözün əvvəlinə nida və xitab əlavə edildikdə,avtomatik olaraq artikl düşməsi baş verir. Əgər,Allah adının ilk iki hərfi artikl qalığıdırsa,tələffüz zamanı düşmə müşahidə edilməli və “Ya Lah” kimi səslənməli idi. Halbuki,ərəb dilçiliyində Yə hərfi(nida) Allah adı ilə birgə işlənilir və heç bir səsdüşümü baş vermir. Lakin əl-İlah sözündə əl artiklı olduğu üçün xitab zamanı artikl düşümü baş verməli və Ya ilah kimi səslənməlidir. Bu da onu göstərir ki, əl-ilah adı məhz,Allah adının artikla məruz qalmış fleksiyasıdır.

Fəxrəddin Razi yazır ki, “Allah” sözündən gəldiyi iddia edilən “İlah”ın başqa mənalarını da düşünmək olar. O bildirir ki, “İlah”ın ərəb dilindəki işlənmələrə görə başqa mənaları da var: “Sükunət (sakitlik, əmin-amanlıq, əmin-amanlıq)”. Buna görə də belə düşünmək olar ki, onun “ilahi” adlandırılmasının səbəbi “ağıl və ruhlar ancaq Onu zikr etməklə, Onu tanımaq və düşünməklə aramlıq, rahatlıq və sakitliyə nail ola bilərlər”. “Vülü”, yəni “könül vermək, rəğbət bəsləmək, daima vəsvəsə olmaq”. Bu mənaya görə, “qəlblər həmişə ona bağlı olduğundan, hər sıxıntıda Onu zikr etməkdən, Ondan kömək diləməkdən” ötrü “Allah” adlandırıldığını düşünmək olar. Bu mənaya əsasən aşağıdakıları nəzərdən keçirmək olar: Onun tanrı adlandırılmasının səbəbi, hər kəsin qorxaraq Ona sığınması və Ona sığınanları xilas etməsidir.”

 Beşinci məsələ də ondan ibarətdir ki, Allah  adının əsas irfani mənası hu sözünü təmsil dən (hə) hərfidir. Belə ki, Allah sözünün mənası böyük gizlin O dur və bu sözdəki hərfləri bir-bir sıradan çıxardıqda yenə məna dəyişmir. Və sondakı h hərfi III şəxsin təki olan “O” əvəzliyini ifadə edir. Sözügedən əvəzlik irfanda vəhdətül-vücud nəzəriyyəsinin təməlində duran- “Ey O kəs ki,ondan başqa o yoxdur” mənasını daşıyır.

Altıncı məsələ ondan ibarətdir ki, bir şeyi izah etmək üçün mütləq yanında təyin və ya təyinedici sözdən istifadə etmək lazımdır. Belə ki, biz Zevsin,Əl-İlahın, Veneranın,İştarın və.s tanrıların tanrı olduğunu izah etmək üçün sözün əvvəlinə tanrı və ya Allah adını əlavə edirik. Məsələn; yunan Allahı Zevs,ərəb tanrısı əl-İlah,Roma allahı Venera,Tanrı İştar və.s lakin,monoteistlərin qəbul etdiyi Allah anlayışı təyinedici olmadan belə özü-özünü təyin edərək izah edir,yəni Allah sözünün əvvəlinə Tanrı və ya Allah adını əlavə etmək leksik norma və dil məntiqi baxımından absurddur.

Allah adının başqa dillərdən götürülməsi məsələsi:

 Türkiyəli alim İsmayıl Hakkı Altuntaşın nəzərincə isə bu ad ibrani mənşəli söz olmuşdur və etimologiyası Eloh sözünə dayanır. Həmçinin də Eloh sözünün kökü şumer tanrılarından olan “El” adından törəmədir.

  Əgər biz Bəsrə alimləri kimi Allah adının ilk iki hərfini artikl olaraq,sözün kökünü isə “Ləh”olaraq qəbul ediriksə,o zaman bu adın El sözündən törədiyini söyləyə bilmirik. Çünki həmin artikl etimologiya və semantikada rol oynamır,sadecə sözü müəyyənləşdirmək vəzifəsini daşıyır.

Bundan əlavə biz müxtəlif yazılarda (papirus,mixi yazı və.s) Allah adının müxtəlif semantik və fonetik variantlarını -Eloah,Eloh,Alah,Alh və.s kimi flektiv dəyişiklik formasında müşahidə etmişik. Həmin sözlər arami,ibrani,ərəb və.s flektiv dillərin yazılarında mövcud idi. Dilçilik elminə görə flektiv dillərdəki sözlər dəyişikliyə məruz qaldıqda samitlər sabitləşir. Saitlər isə sözün işlənmə yerinə görə dəyişir. Biz Eloah,Eloh,Alah,Alh adlarına nəzər yetirdikdə görürük ki, Allah adı ilə səsləşən samitlər(L və H) sıra və ardıcıllıq pozulmadan sabit qalmışdır. Lakin “El” adında isə bu adlarla səsləşən cəmi bir samit səs mövcuddur,digər samit səslərə rast gəlinmədiyindən həmin adların El sözündən törədiyini söyləmək çətindir. Bundan əlavə şumerşünaslara görə tanrı El-in əsl tam adı “Elyon”dur, El isə sadecə ümumi formada mesopotamoya dillərində təyin rolunu oynayır və tanrı deməkdir. Məsələn; əksər mətnlərdə həmin tanrının adı El Elyon olaraq qeyd edilir,həmin ismin əvvəlindəki El adı təyinedicidir, Elyon isə qeyd etdiyimiz kimi xüsusi isimdir. El Elyon da tanrı Elyon mənasını ifadə edir. Həmin söz ərəb dilində “İl” kimi istifadə edilir və leksik-lüğəvi mənası ümumi isim kimi ilah yəni tanrı deməkdir. Oxucuların nəzərinə çatdırmaq lazımdır ki, İl və ilah sözləri xüsusi isim kimi deyil,ümumi isim kimi istifadə edilir. Məsələn biz ərəb tanrıları dedikdə,ordakı tanrı sözü ümumk isim qismində çıxış edir. Monoteist türklərin qəbul etdiyi xüsusi isim kimi-uca Tanrı anlayışı mənasını kəsb etmir.

  Bir digər məsələ də ondan ibarətdir ki, Elyon adındakı samit səslər bizi onu söyləməyə əsas verir ki,Allah adının Elyon adından törəməsini söyləmək müşkül məsələdir. Çünki qeyd etdiyimiz kimi Elyon adındakı “Y və N” səsləri Allah adındakı samitlərin arasında mövcud deyildir.

Bir digər məsələ də ondan ibarətdir ki, mesopotamiya miflərindəki tanrı Elyon kişi idi və Aşera adlı həyat yoldaşı,eləcə də övladları(Anat,Baal,Yam,Mol və.s) mövcud idi. Müsəlmanların qəbul etdiyi Allah isə İxlas surəsində buyurulduğu kimi doğmaz,doğulmaz və əbədi olan Tanrıdır.

Məsələyə irfani yanaşdıqda isə Allah adının daxilindəki (h) hərfi bizə hərşeyi ifadə edir. Belə ki, ibrani dillərdəki Eloa(h),ərəb dilindəki Alla(h), avesta dilindəki A(hu)ra, mesopotamiyada yaşayan müxtəlif xalqların dillərindəki Ala(h) və.s dil və miflərdə rastımıza çıxan bu tip sözlərdəki “H” hərfi, irfanda “O” mənasını kəsb edir.

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TUMAS ATA ƏFSANƏSİ – Əli Sahib Əroğul

I. TUMAS ATA ƏFSANƏSİ

(“Tumas Ata və tumaslılar” kitabından (Bakı, 2010, səh.3-11)

Günəş Ata Əkərə çayının (“əkərə” sözü qədim türkcə­miz­cə əkin yeri deməkdir. Həkəri adı əkərə sözünün sonralar də­yi­şik­liyə uğramış şəklidir) gündoğan sahilində yurd salanda artıq yaşı səksəni çoxdan adlamışdı. Yaşının il sayını itirmişdi. Əli işdən-güc­dən soyuyan, çəkilən, sanılı gününün qapı döyən ərəfə gün­lərini yaşayırdı. Sonucu ölümlü-itimli bu yalan, gidi dünyadan köçəcəyinə Göy Tanrıdan gələn haqqı bilirdi. Mənsub olduğu as soylu türklərin başsız qalmaması üçün ər oğul kimi yetişdirdiyi Tumasa yenə, hələ də öyüdlər verməkdən, nəsihətlər etməkdən, söz deməkdən yorulmaq bilmirdi. Oğlu Tumasdan dünyalar qədər razı qalsa da, özünün təkliyindən, qosqoca vaxtı işsiz-gücsüz qal­ma­ğından yana darıxırdı, danışırdı. Ata təkrar-təkrar vəsiy­yət­lə­rini dilə gətirməkdə, oğulsa, atanın öyüt-nəsihətlərini canla-başla dinləməkdə və yerinə yetirməkdə qərarlıydı. Onsuz da o, Günəş Atanın hər türlü etimadını, dediyi söz və tapşırıqlarını, verdiyi gö­rəvlərini yeniyetməliyindən başlamış üzü bəri qədərincə do­ğ­rult­­maqdaydı. Vəlhasil, oğul atanın sınaq, sınama imtahan­la­rın­dan hər zaman üzü ağ çıxmışdı və çıxırdı.     

Sanılı günün qapı döyən son günü yetmişdi. Günəş Ata oğlu Tumasın yaxına gəlməsinə işarə verdi. Ancaq deməzsən, nə işarə verdi, nə də səsini qısdı, oğlunu içdən hayladı. Oğul atanın yatağı başına gəlib onun əllərindən öpüb gözlərinin üstünə çəkdi. Ədəb və ehtiramla duyğusalcasına atanın dizinin dibinə çökdü. Gü­nəş Ata razılıq edib məmnunluqla dindi: “Oğlum, bilirəm sən ər­dəmlisən, ərənsən, as soyunun atası adını almağa layiq olan ye­ga­nə övladım tək sənsən. Oğul, sən varsan deyə ruhum aram için­də­dir. Mən bu dünyadan arın-arxayın haqq olan dünyaya köç edirəm. Soyuma, budunuma artıq atalıq edə bilərsən. Atalıq et­mə­yə haqqın var. Əcdadımızın as soyuna Atalıq əmanətini məndən qəbul et. Qoy, Göy Tanrı səni qorusun, qoy O, gözəgörünməz var olan sənin yar və yardımçın olsun!”,-dedi və son kəlməsini dilə gətirməsiylə həmən işığı sozalan dünya gözlərini işıqlı dünyaya yummağı bir ani vaxt içində baş verdi. Nur saçan üzü-çöhrəsiylə birgə haqq dünyasına köç etdi.

O gündən Tumas Ata Günəş Atanın əzəm yerində oturdu. Həmən də o gündən şəninə hörmət əlaməti olaraq Tumas Ata adıyla çağrılan tumaslı tayfalarına ləyaqətlə atalıq etməyə başladı (əcdadlarımızdan bizə miras qalan ata kultu öz müqəddəsliyi ilə bu günlərimizədək öz çəkisini qoruyub saxlamaqdadır). Öz var­lı­ğı ilə əmanətə sahib çıxan Tumas Ata Günəş Atanın namını, onu­runu nəinki qoruyub saxladı, əksinə, onu ilk gündən daha da irəli apardı, müqəddəs tərpənişləri ilə qənşərində yeni üfüqlər açdı. Belə ki, as soyluların ata tərbiyəsi hal dəyişikliyi, öz ruhsallığı ilə yeni bir mərhələyə qədəm qoydu. Tumas Ata ilk növbədə as soy­lu tumaslı icmalarının əmin-amanlığını qorumaq, təhlükəsizliyini təmin, birliyini, diriliyini, iriliyini cəm etmək barədə düşündü. Onadək dış düşmənlər, qoy onlar bir kənarda qalsın, as soy­lu­lar­dan ona tərs düşüb arada at oynadanlar vardı. Onlara da ata sö­zünü deməliydi. Hələ də tumaslı icmaları arasında Göy Tanrıya inanc göstərməyən, pərəstiş etməyən, Günəşə tanrım deyib-duran, öz­lərini odər adlandıran, Qara kaha qabağında, habelə Saldaşın dibində yurd salmış əski soydaşlarının tez-tez təcavüzünə məruz qalma olaylarından qurtula bilmirdilər.

Tumas Ata yurd salmağa qoruması təbii dağlar olan qala yeri gəzirdi. Hələ yeniyetməlik illərindən ayağı dəyən, onu çəkən belə bir yer onsuz da fikrində vardı, qaralamışdı. Sahilində yurd saldıqları Əkərə çayının dündoğan quzeyində, beş-on ağaclıq bir məsafədə yerləşən, qala divarları tək sıldırım döşlü dimdik qa­ya­la­rın başı üstə tap yerini andıran və ötənlərdə yaylaq yurdu ad­lan­dırdıqları alp çəmənli düzəngah indi öz gözəlliyi, ənginliyi və ucalığı ilə ona gəl-gəl deyirdi. İstişarə ilə lazım olan son qərarını verdi. Əkərə sahilində ulu əcdadları Qaraxanın saldığı bağ-ba­ğa­ta, habelə qışlaq dedikləri yurd yerlərinə və əkin sahələrinə həyan olmaq üçün kiçik qardaşı Çəpik bəyi görəvləndirdi. Onu qışlaq yurdunun, gələcəkdə Çaytumas adlanacaq kəndin ağası elan etdi. Özü isə tumaslı icmalarının Göy Tanrıya inanclı, boz qurd dön­məz­liyi olan döyüşkən, seçmə ərənləri ilə birgə bələd­lə­di­yi mə­ka­na, yaylar düşərgəsinə köçdü. Uca dağlar qoyununda yer­ləşən, həm meşə, həm də dağ ətəyi olan alp çəmənli tapda, ötən illərin yay­laq yurdu olan və gələcəkdə Dağtumas kəndi ad­la­nacaq Köh­nə qala yaşayış məhəlləsinin bünövrəsini qoydu. Ətrafında yaşıl meşəsi, bol sulu çeşməsi, bərəkətli, münbit tor­pa­ğı, həm də dörd bir yandan qala divarlarına bənzər sıldırımlı dağ silsiləsi ilə əhatə olunan, təbii müdafiəsi, deməzsən, Göy Tan­rı­dan gələn, nəinki odərlərin, heç dış düşmənlərin ordusu belə cürət edib girə bil­mə­yə­cəyi Köhnə qala-Dağtumas kəndi kimi dillərə düşdü. Köhnə qala yaşayış məntəqəsindən çox alınmaz qalaya bənzəyirdi.

Köhnə qaladakı mövqeyinə görə böyük bir ərazini öz nə­zarəti altında saxlayan və oturaq həyat tərzi keçirən Tumas Atanın, həm də təktanrılığı, təkcə Göy Tanrı inancını, Ona olan si­tayişi təbliğ edən ruhsal başçıya çevrilməsi onun nüfuzunu və təsir dairəsini günbəgün artırırdı. Tumas Ata oda sitayişi, Günəşə tanrı deməyi deyil, odu, Günəşi as soyuna bəxş edən tək tanrım dediyi Göy Tanrıya inanc göstərməyi təbliğ edirdi. As türklərini bütünlüklə tək tanrılı olmağa çağırırdı. Oda sitayişdə ad çıxarmış, Günəşə tanrım deyən as soylu odər icmalarını da təktanrılı ol­mağa təşviq edirdi.

Atalar yaxşı deyiblər ki, ağacı qurd içindən yeyər. Tumas Atanın ruhaniyyəti və ruhsal tavrı, ad-sanının, namının artması, dillərə düşməsi Saldaşda yurd salmış və özünü as soylu odər tay­fa­larının öndəri və basılmaz pəhləvanı sanan Salsalın heç də ürə­yin­cə deyildi. İkinci bir tərəfdən də öz itaətində olan tay­fa­daş­la­rının Tumas Atanın təbliğatına uyması kürkünə lap birə səpirdi. Tumas Atanı aradan götürməsə işlərinin müşgülə düşəcəyindən, ortalıqda tək, üryan qalacağından xoflanırdı. Tez-tez eşmə bığ­larını çeynəyirdi. Nüfuz dairəsini günü-gündən itirdikcə, Tumas Ataya qızırdı. Ona olan düşmən münasibəti günbəgün artırdı. Xə­fiy­yələri də farağat durmurdular. Ona qıcıq verirdilər:”Sən Salsal, asların odərlər adlanan tirələri arasında oda pərəstişin-atəş­pə­rəst­liyin ipə-sapa yatmayan, həm pəhləvan cüssəli güc-qüvvət sahibi, həm də ən çevik qılınc oynadanlarından, uzaq mə­sa­fəyə ox atan oxçularındansan. Hərəkətə keçməlisən”,-deyir­di­lər. İri, divar göv­də­si sal qaya parçasından seçilməyən bu bəzzad, həm də odərlərin odqoruyanı titul-adını da almışdı.

Ancaq Salsal nüfuzu hər tərəfə səs salan Tumas Atayla üz-üzə gəlməkdən, açıq savaşa girməkdən, qəbzəsinə əl atıb qı­lınc döyüşdürməkdən çəkinirdi. Əlalxüsus, o, Tumas Atanın  qar­daşı, Çaytumasda atalıq mərtəbəsinə yüksələn, özü də adına rəğmən çevik tərpənişləri ilə tanınan, təkbətək döyüşlərdə iki əlli qoşa qılıncla düşmənlərinə qan qusduran Çəpik bəyin qaraüz ovxarlı qılıncları arasından iri gövdəsiylə sivrilib çıxacağına, sağ can qurtaracağına ümidi yox idi. Salsalın son qənaəti xəyanət yoluna əl atmaq oldu.

Ömrünün sanılı günü tamama yetən bir gün id bu gün. Belə bir günün mövcud olub-olmamasının ahıl yaşa qədəm qoy­du­ğu bir anda Tumas Ata üçün elə də bir fərqi yox idi. Son nəfəsi onu tərk edənə, ağzından çıxanadək Göy Tanrı inancını təbliğ et­mə­yi tanrı borcu sanırdı. Qara kaha oymağına gedəcəyi, gələcəyi barədə bu gün üçün vədi vardı, oradakı simsarlarına söz vermişdi. Bu gün Tumas Ata ölüm deyilən nəsnəsədən qorxub Qara kaha oymağına səfər etməyindən qalası da deyildi. Göy Tanrıdan gələn görəvini qeyd-şərtsiz yapmaqdaydı. Salsalın da bu gün öz çirkin niyyətindən əl çəkmək, dönmək fikri yox idi.

Salsal öz çirkin niyyətini həyata keçirmək üçün azdan-az, çoxdan-çox, Tumas Atanın ayağı dəyən oymaqlarda özünə bağlı, oda sitayiş edən xəfiyyələr yetişdirmişdi. Şəbəkəsi iş başındaydı. Bu gün də Tumas Atanın Qara kaha oymağında olmasından xəbər tutan Salsal fürsətkeş idi, girəvəni əldən vermədi. Xəlvətə salıb Saldaş oymağının güneyinə, Keçəl təpəyə adladı. Qara kahanın qənşərində yerləşən Keçəl təpənin ətəyində pusquya yatdı. Dörd gözlə Tumas Atanın Qara kaha oymağından çıxacağı anı gözlədi. Aşağı Çaydərəsinə enən, Gün quzeyinin rəməsindən keçən çığırın döngəsini atacağı oxa nişangah yeri seçdi. Salsal, Tumas Atanın yolunu çox gözləməli olmadı. Artıq camaatla, öz simsarları ilə xudahafizləşən Tumas Ata yolçu yolda gərək deyib yaşayış mən­tə­qəsindən çıxmışdı. Qara kaha arxada qalmışdı. Tumas Ata Gün quzeyinin rəməsindən keçən çığırın döngəsinə ayaq basar-basmaz həmin andaca Salsal yayını çəkib ayaqda hazır saxladığı üç­qa­nad­lı oxu hədəfinin üstünə buraxdı. Üçqanadlı ox arxadan Tumas Atanın kürəyinə saplandı.

Oxun ucu çox dərinə işləmişdi. Tumas Ata oxu kürə­yin­dən çıxarmağa cəhd etmək istəsə də, onu qan aparacağından, hardasa yarı yolda yıxılıb yerindəcə qalacağını düşündü. Fikrini tezcənək dəyişdi. Oxun çöldə qalan hissəsini güc-bəlayla sındırıb atmaqla kifayətləndi. Oxun az bir hissəsi kürəyində Aşağı Çay­də­rə­sinə endi. Həm də dolama yolu qısaltmaq istədi. Çay axarının da­yaz yerindən adlayıb dərənin sağ yamacına dikləndi. Şax-şəvəl bas­mış selav çıxıntısı ilə üzü yuxarı dırmandı. Orta Çaydərəsinin batı yamacı ilə “Uzunca qoşunları” adlanan yal belinə qalxmağa tə­ləsirdi ki, oradan kəsmə gedişlə onu Köhnə qalaya çatdıracaq ara­ba yolunu ələ alsın. Həm də ox atılan istiqamətdən uzaq düşsün.

Tumas Atanın aldığı yaradan yerə yıxılmadığını, torpağa sərilmədiyini görüncə Salsal itə döndü, hövsələsi nəcis iyi verdi. Ara məsafəsi oxun sürətini heçə endirirdi. Kəfərə qəzəbindən ağız atıb kamanının kirişini çeynədi. Tutalqasını dizinə dirəyib sındırdı, iki yerə bölünmüş qırıntıları qurd yolunun ağzına tulladı. Əlbəəl də qılıncına əl atdı, qınından sıyırıb Aşağı Çaydərəsinin yatağında izini itirdiyi ovunun ardına düşdü. Orta Çaydərəsində cehzlik gəbə toxumaq üçün yun isladıb çırpan-qurudan qızdan Tu­mas Atanı, kürəyinə ox sancılan bir kimsəni görüb-gör­mə­di­yini soruşdu. Qız gördüyünü dedi. Tumas Atanın sığındığı selavı, qalxdığı yal belini Salsala göstərdi. Tumas Ata harada olduğu yerin, istiqamətin qız tərəfindən Salsala xəbər verildiyi ürəyinə damınca nişanlı qızı acıladı:”Qız, cehizin bitməsin”,-dedi.

Ləng tərpəntiyə yol vermək olmazdı. Tumas Ata arxadan gələn, izinə düşən Salsalın hənirini artıq duymaqdaydı. Məlun qıs-qıvraq onu yaxalaya, quş qanadı addımlar atsa, tezliklə ona çata bilərdi. Tumas Ata özünü toxdatdı, var gücünü toplayıb ad­dım­larını yeyinlətdi. İzi itirmək üçün ala yoncalığı yarıb keçən araba yolunu ələ düşən fürsət bildi. Müxtəlif istiqamətlərə rədləp sala-sala addımlarını yeyinlətməkdən qalmadı. Araba yolunun gah sağına, gah da soluna adlaya-adlaya iz itirərək irəlilədi. Bu minvalla “Göllü zəmi”nin yastanasını arxada qoydu. Əlində qılın­cını yellədə-yellədə Salsal Uzunca qoşunlarından yel kimi gəlirdi. O, yaralanmış halda olan Tumas Atanın çox uzağa gedə bilmə­yəcəyini, biləkis irəlidə, əl içi kimi görsənən Göllü zəminin yasta­nasında ona çatacağını güman edirdi.

Ancaq yastanaya ayaq basınca tez-tez izi itirməsi başını alovlandırdı, içi pörtdü. Göllü zəminin ala yoncasından yeyib qa­r­nı­nı beli bərabərinə qaldıran Çal qatırdan başqa yastanada gözünə özgə bir canlı qaraltı-filan dəymədi. Salsal çəlimi itirib-tapmağa boşboşuna vaxt itirincə qatıra yan aldı. Qatır Salsalın ondan nə so­ruş­duğunu işarətlərindən anlayınca başını Salsalın çiyni bə­ra­bərinə qaldırıb uzun çənəsini “Topdaş”a tərəf uzatdı. Həmən də dişlərini qıcayıb qırıq-qırıq zil səslə anqırmağa başladı. An­qı­ra-anqıra Salsalı başa saldı ki, Tumas Ata elə onun qaba­ğın­ca bir ani zaman içində Topdaşdan “Çevirmə dərəsi”nin gün­do­ğan üzü­nə aşdı. Tumas Ata qatırın anqırtısından diksindi. An­qır­tıy­la Sal­sa­la nə dediyi ona agah olunca qatırı yamanladı: “Qatır qulan tut­ma­sın”,-dedi.

Tumas Ata təlaş içində olsa da, təfəkkürü üstündəydi. Köh­­nə qalaya hələ uzun bir yol qalırdı, qət ediləsi məsafə deyildi. Sal­sal onun beş addımlığındaydı. Ləhləməsini eşidirdi. Gözü ona sataşsa, iki-üç addımını cəld atmaqla Köhnə qalaya gedən yolunu hər an kəsə bilərdi. Artıq çıxış yolu qalmamışdı. Gücü ancaq vü­cu­dunu gizlətməyə çatırdı. Özünü ilk əldən tələm-tələsik gö­zü­nə dəyən, Çevirmə dərəsinin quzeyinə diklənən daşlı-çınqıllı cığırın döngəsi üstəki iri qaya parçasının altına atmaq oldu. Ağ­zını tor­paq tirəsi tutan küfülə bənzər kaha-oyuğun iç üzünə aşı­rı­lıb, ka­ha­nın dibinə sinib-sığınıb nəfəsini içinə çəkdi. Köhnə qa­la­ya do­laylanan araba yolunun ağzında Tumas Ata gözünə dəy­mə­yin­cə Salsalın başına vurduğu zərbədən baş-beyni, deməz­sən, ye­rin­dən oynadı. Ovqatı təlxə düşdü, pozuldu. Gəlib Tumas Atanın altına, küfül-kahasına sığındığı iri qaya parçasına söy­kənib içi dolu nə­fəs dərən Salsal hədəfinə çataçatda, başına nə gəldiyini an­layacaq halda deyildi. 

Məlun beş addımlığında gizlində qalan, cıqqır belə səs şıxarmayan Tumas Atanın bəlkə də qeybə çəkilib-çəkilməməsi barədə düşününcə və yaxud onun izini yenə də itirməyini anla­yın­ca dilxorçuluğundan bilmədi nə etsin. Hirsini yemək üçün bu dəfə də eşmə bığlarını çeynəməyə, barmaqlarını gəmirməyə, dişlə­mə­yə başladı. Bu zaman “Ballı qaya”dan qanad çalan, qaqqıltıyla gəlib iri qaya parçası üstə qanad gərən kəklik həmən Salsalın diqqətini çəkdi. O, qeyri-ixtiyari başı üstündəki kəklikdən Tumas Atanın yerini soruşdu. Kəklik Tumas Atanın yerini ona xəbər ver­mək, göstərmək üçün qaqqıldayıb:“Qaqqıdı, qaqqıdı, kahadadır, kahadadır”,-dedi. Tumas Ata ancaq özü eşidəcək bir pıçıltıyla kəkliyi qarğıdı:”Kəklik, balan artmasın”,-dedi.

Yan-yörəsinə baxsa da, ətraf əraziyə dörd gözlə nəzər-diq­qət yetirən Salsalın gözünə hardasa hər hansı bir kaha-filan dəy­mə­di. Hiddətindən gözü kəlləsinə çıxmış Salsal çənəsi altında olan, ağzı torpaq tirəsi ilə örtülü kimi görsənən kahanı basaratı bağlanmış gözləri ilə aşağı-yuxarı çox baxsa da torpaq qatından ayırd etmək iqtidarında olmadı. Həm də hirsindən-hikkəsindən: “Ay, aman!”,-deyib hayqırdı, bilmədi nə etsin. Başına döy­mək­dən, başının tükünü yolmaşlamaqdan özünü güc-bəlayla saxladı. Deməzsən, kürəyindən nəfəs almağıyla ağzı köpükləndi, çənəsi əyildi, gözü çəpləndi. Qəzəbini yatırmaq üçün var gücünü top­la­yıb daş kəsən qılıncını nərə çəkərək iri qaya parçasının ənsəsinə endirdi. Qılıncın zərbindən qaya pendir parçası kimi iki yerə bölündü. Qılıncın torpaq tirəsinə batan ucu Tumas Atanın torpaq altında qalmış sağ dabanının əzələ çatmasını yalayıb keçdi. Salsalın nə Tumas Atanın dabanını arxadan yaralayıb qanat­ma­sından, nə də pırıltıyla havaya qalxan kəkliyin ayağına qılıncının ucundan bir damla qan sıçıramasından xəbəri olmadı.         

Həm təntiməyindən, həm də baş itirməsindən yana Sal­sa­lın Tumas Atanı ikinci dəfə yaralamağından xəbəri yox idi. Ət­raf­da­kı dağ-daş aralarında kaha, dəlmə-deşik axtarmasından da hər hansı bir nəticə əldə edə bilmədi. Gicəlməyindən, gücən­mə­yin­dən bezikdi. Qara, nəhs fikirlər məngənəsində qalmış yaddaşı eşim-eşim eşilirdi. Eşilmədən-eşmədən beynini dəlib deşən bir qara fikir son qərarını verdi. Qərarı Tumas Atanı Köhnə qalaya apara biləcək yeganə “Araba yolu”nun bərəsini kəsmək oldu. Tumas Atanın “Ara­ba yolu” ilə aradan çıxmasına qətiyyən imkan ver­mə­sin deyə Köhnə qalaya dolaylanan bərə ağzına qaçdı. Hansı isti­qa­mətdən, hansı yöndən ortaya çıxmalı olsa, haradan qənşərə çı­xıb-çıx­ma­masından asılı olmayaraq, Tumas Ata qeyd-şərtsiz eh­ti­mal olunan Araba yolunun köçağzı bərəsindən hökmən keçməliydi.  

Salsalın Tumas Atanın öldü-qaldısını bilməyincə, ölü­mü­nü görməyincə köçağzını tərk etmək, dolaydan ayrılmaq fikri yox idi. Salsalın niyyətindən xəbər tutan, ondan ikinci yara alan və ölü­münün qənşərinə çıxmasından duyğulanan Tumas Ata onsuz da Köhnə qaladan əlini üzmüşdü. İçindən baş qaldıran ölüm yan­ğı­sı göy qübbəsinə dirək tutan dağın uca zirvəsinə qalxmaq ar­zu­sunu ürəyində alovlandırırdı. Həmən də ölümüylə üz-üzə qal­dı­ğı­nı düşününcə duyğusalcasına ənginliyə üz tutub əllərini qo­şa­laş­dı­rıb Goy Tanrıya uzatdı, son diləyini dilə gətirdi:”Sən, ey Ulu Göy Tanrım! Bu qaya parçası altındakı küfül-kahanı mənə sonev et­mə. Mənə möhlət ver, mənə güc-qüvvət ver, düşməndən fürsəti al, mənə yardım et, arzuma çatım. O dağın zirvəsinə qalxım. Qoy canımı torpağa o dağın başında tapşırım”,-dedi. Sıyrılıb küfül-kahadan çıxdı. Dabanından qan axa-axa ot topalları boy gizlədən  Çevirmə dərəsinin kəmər qayaların bənd-bərə­lə­rin­dən asılıb gələn selavı boyunca üzü yuxarı uzanan daşlı-çınqıllı çığırını ələ aldı. Dartına-dartına addımlar atdı. Nəfəsini ancaq dərə tapında dərdi. Dağ ətəyinə ayaq verən yal belinə nəfəs kəsən yoxuşları dırmana-dırmana qət etdi. Zirvəyə dolanan izlərə ayaq basdı. Zirvəyə tərəf üz tutanda, istiqamət götürəndə deməzsən, hər addımını yıxılıb-duraraq, əyilib-qalxaraq atdı. Deyərdin yeri­mir­di, iməkləyirdi.

Salsal isə hələ də dolay ağzında marığa yatmışdı. Hələ də ov gözləyən yırtıcı kaftarlar tək pusquda sumudurdu. Aldandığını ancaq yol dolayına qarın çıxarmış Ballı qayanın daşına qonan ayağı qanlı kəkliyin təkrar-təkrar qaqqıldamasından sonra anladı. Qılıncının ucunda qaralan, nöqtədən seçilməyən torpaq altda qalmış quru qan damlası gözünə sataşınca “ey dadi-bidət”lə cikkə çəkdi. Yerindən qalxmağı ilə addım atmadı. Dabanına tüpürüb ildırım sürəti ilə geriyə, ikiyə böldüyü qaya parçasına tərəf qaç­mağı bir oldu. Qılıncı ilə paraladığı dabandan qaya dibinə tökülən tər qan damlasının qoxusu burnuna dolunca at kişnərtisinə bənzər səs çıxardı. Qan izini çəlim tutunca uca dağa tərəf sürət götürdü, addımlar atmadı, damladan-damlaya sıçradı. Yelə, küləyə dönüb Tumas Atanın ardına düşdü. Tumas Atanı bir ox məsafəsində gö­zünə dəyincə yenə də hövsələsi itdən keçər oldu, inlədi, iy­lən­di. Başına qapaz saldı. İndi də nədən, niyə oxu-kamanı sındırıb Qurd ağzına tullamağının-atmağının peşmançılığını çəkdi. Bir tətəfdən də qürub cağı ötə düşmüşdü. Hava qaralırdı, toran çal­mış­dı. Xeyir şərə qarışmışdı. Salsal nə gücü-qüvvəsi var, qıç­larına verdi, ad­dım­larını sanki  havadan asdı, on qat yeyinlətdi.

Zirvəyə qalxan yastı qayalar üstündən keçən cığıra tuş gələn izlərin sərt üzlü dikləri, saysız-hesabsız dolayları-döngələri vardı. Dağın sağ-sol, aşağı-yuxarı tillərinə pillə tutan gədiklər-gəzlər qurtarmaq bilmirdi. Tumas Ata zirvənin sonuncu gəzinə ayaq basanda arxadan gələn Salsalın gürzə fısıltısından seçil­mə­yən, fit səsinə bənzər üfunət qoxuyan nəfəsinin həm səsini eşitdi, həm də dalğasının boynunun ardını yalayan yelindən pəksindi. Deməzsən, onu da hiss etdi ki, Salsalın qollarının uzunluğu on ar­şın ölçüdə olsaydı, artıq bir göz qırpımında arxadan əl atıb Tumas Atanı xırxalamış olardı. Salsalın bir an içində endirəcəyi ovxalı qılınc zərbəsindən can qurtara bilməyəcəyini eyninə gətirən, çifayda, deyib zirvədə ölümünü qarşılamaq arzusundan əl üzən Tumas Atanın baş qaldırması ilə gəzin tilinə çətir kimi taxıl­mış gövdəsi qucağa sığmaz “Yastı ardıc” ağacı ilə üz-üzə gəlməsi bir oldu. Son ümidi ardıc ağacına qaldı. Düşməni ilə üz-üzə gəlmək, diş-dişə durmaq üçün ardıc ağacının üzünə toxunan iynə yarpaqlı, palazdan seçilməyən şax-şəvəlli, qollu-budaqlı qanad­la­rını başı üstünə qaldırıb gövdənin əks tərəfinə keçmək istədi. Elə hər şey də bir ani zaman içində oldu. Göy Tanrı öz görkünü mə­sum bən­də­sinə əyan etdi. Birdən-birə bir göz qırpımında Tumas Atanın gözləri qarşısında ardıc ağacının gövdəsi öz-özünə yar­ma­ça­landı. Yarılıb iki yana ayrıldı, iri gövdə kovuş yuva açdı. Tu­mas Atanı kovuş qoynuna aldı. İynə yarpaqlı gömgöy qanadlarını da palaz kimi gövdənin yarığı üstə atdı. Yastı ardıcın bu sayaq Tumas Ata­nı düşmənindən göz görə-görə gizlətməsi Göy Tan­rı­nın olmayana ol deməsiydi. Tumas Ata riqqətə gələrək qəlbən ardıc ağacına al­xı­şını dilə gətirdi:”Ardıc, göyün getməsin”,-dedi.

Hədəfinə zərbə endirmək iştahı ilə irəli atılan Salsalın ay işığında parıldayan ovxarlı qılıncı havadan asıla qaldı. Zərbə en­dir­məyə qarşıda kimsə yox idi. Salsal ardıc ağacının dörd ya­nı­na dolandı. Dağ gəzinin gah o üz-bu üzünə, gah aşağısına-yu­xa­rı­sı­na, gah da sağına-soluna qaçdı. Salsal qeybin nə olduğunu an­la­ma­sa, bilməsə də, ancaq Tumas Atanın qaraltısını bir an için­də yağ­lı əppəyə dönüb əlindən çıxan gördü. Bədirlənməmiş ay öz kö­çünü buludlara boy tutan dağın qərb yamacına sürməyində, sir­li, sehrli gecə isə öz tund qara çarşabını yer üzünün dörb bir ya­nı­na sərməyindəydi. Ovundan əli üzülmüş Salsal gəzdən üzü enişə boylananda özünü Saldaşın başı üstə inləyən gördü. Əli ətəyindən uzun, kor-peşman qov-qaçından geri döndü. De­məz­sən, dönmədi, yerimədi, gəzdən üzü enişə, Saldaşa, naməhrəm yurduna dığır­lan­dı. Aşağılarda səs-küy vardı. Tumas Atanı soraq­la­yanların hayı-harayı gəlirdi, səsləri dağlarda-daşlarda əks-səda verirdi..

Tumas Ata Yastı ardıc ağacının kovuşundan çıxıb qəlbi, dili vəsfdə, Göy Tanrıya şükranda, son nəfəsi ağzında səbrlə, ümid­lə addımlar ata-ata zirvənin son gəzini də arxada qoydu. Eş­qin­də, arzusunda olduğu son ucalığa qalxdı. Son nəfəsi ilə də zir­və­də dizləri üstə yerə çöküb özü-özünə oqqay dedi. Nəfəs dərə-dərə kürəyini sıx-sıx daşlar arasında bir kök üstə bitən, bir-bir­lə­rin­dən fərqlənməyən, seçilməyən yeddi gövdəli, yeddi qardaş dağ­dağan ağacına söykədi. Son nəfəs verib son nəfəs aldı. Göy Ta­nrıya son şükranını bildirib əbədiyyətə qovuşdu. İşıqlı dünyaya göz yumdu, haqq dünyasına göz açdı. Şəhid ruhu Göy Tanrının uca dərgahına yol aldı.

Tumas Atanın Qara kaha səfərindən dönərkən yaralan­dı­ğını və Köhnə qalaya yetişmədiyini eşidən tumaslı icmasının camaatı böyüklü-kiçikli, uşaqlı-qadınlı gecəni fövtə vermədilər, axtarışa çıxdılar. Səs-səsə verdilər, Tumas Atanı çağırdılar, hay­ladılar, harayladılar. Çəlimçi dan üzü Çevirmə dərəsindəki qan izinə tuş oldu. Ardınca gələnlər yollarını azmasın deyə hər damla üstünə bir pəmbəz daş qoya-qoya yoluna davam etdi. Onun ar­dın­ca gələn tumaslı əhlinin hər biri daş üstə bir daş ata-ata çə­lim­çi­nin ardına düşdü. Zirvəyə qalxanlar, zirvəyə ayaq basanlar birər-birər Tumas Atanın sağ imiş kimi görsənən, kürəyi Yeddi qardaş dağdağan ağacına söykəli canlıdan seçilməyən cansız bədəni ilə üz-üzə qaldılar. Tumaslı camaatı Tumas Atanın mübarək nəşini adına ad verdikləri Tumas dağının zirvəsindəki Yeddi qardaş dağ­da­ğan ağacınının sol yanında torpağa tapşırdılar. Qəbri də o gün­dən ona pirim deyənlərin inanc ocağı kimi ziyarətgaha çevrildi. Günü bu gündə hər qan damlasının düşdüyü yerdə bir daş qalağı var. İndi də Tumas Atanın qəbrini ziyarətə qalxan hər kəs hər daş qa­lağı üstə bir daş ataraq kafirlərə, dinin münafiqlərinə lənət oxu­maq­da yükümlüdür. Tumas Atanın alxışıyla qarğışları da o gü­dən-bu günə tumaslı icmalarının, habelə onun müqəddəs qəbrinə ziyarət edənlərin, bir sözlə, ona inac göstərən insanların dillərinin əzbəridir və bu gündə yaddaşlardan silinməmişdir:

Ardıc, göyün getməsin,

Qız, cehizin bitməsin.

Qatır, mayan tutmasın,

Kəklik, balan artmasın…

Sözə qüvvət: Mifdən əsatirə yol gələn, əsatirdən əfsanəyə çevrilən Tumas Atanın ömrünün axırmacal çağında dilə gətirdiyi bu deyimi real həyatda da özünün haq yerini aldı: (1) ardıc ağacı iynə yarpaqlı olduğundan həmişə yaşıldı; (2) cehiz sarıdan qız­ların həmişə ara dartanı olur; (3) qatır balalamır, qulanı olmur; (4) kəklik kük yatıb çox bala çıxarsa da, balasının çoxu qurda-quşa yem olur, çolpa olanı da ya qartal caynağına keçir, ya da ovçu gül­ləsinə tuş gəlir. Həmçinin ayağı Tumas Atanın qanına bu­laş­dı­ğından Tumas dağının yal-yamaclarında səkən kəkliklərin ayağı qırmızı rəngdədir-xınalı kəklik deyir camaat onlara.              

Söz ardı: Tumas Ata haqqında danışılan bu qəbildən olan hekayələr, mif və əsatirlər onlarladı. Dini mükamilələr təkcə yu­xa­rıda nəql edilən əfsanə ilə bitmir. 1975-ci ildə 105 yaşında haqq dünyasına köçmüş Xatun nənəmdən eşitdiyim daha iki əf­sa­nəni də burda dilə gətirmək məncə yerinə düşər:          

01. SARI DONLU TUMAS ATA VƏ 7 MƏLƏK

Deyilənə görə Tumas Atanın çöhrəsi o qədər nurluymuş ki, günəş şüaları tək üzü ətrafa işıq saçarmış. Özünün də sarı rəng­dən xoşu gəldiyindən həmişə əyninə sarı rəngi don biç­di­rər­miş, sarı rəngli paltar geyərmiş. Böyük övliyalıq haqqı oldu­ğun­dan Allah Təala tərəfindən göndərilən 7 mələk daim onun xid­mə­tin­dədilər. Günü bu gün də onun keşiyini çəkirlər. Mələklər hər axşam dağdan aşağıya enib Tumas bağına gəlirlər. Bağdakı “Ay” bulağının cənnət qoxulu çəmənliyində oturub dincəlir, şənlənib əylənirlər. Sonra da dan üzü bağın başındakı 3 tağlı, 3 dəhnəli, 6 gözlü daş novlu “Aynalı” bulaqdan su götürüb deyib-gülə, gü­lü­şə-gülüşə təzədən Tumas Ataya qalxırlar. Mələklərin səs-küyünü, gülüşünü eşidənlər ötən zamanlarda çox olub deyirlər. Bir gün Xatun nənəmdən soruşdum ki, bəs mən dan üzü bulaq başına en­səm o mələklərin gülüşünü eşidə bilərəmmi? Xatun nənəm dedi: “Sənin o gülüşü eşidənlərdən olman üçün gərək Allah Təalaya dost olasan, bala. Göy Tanrının buyruqlarına canı-dildən əməl edə­sən.  Boğazından haram tikə keçməyə, dilinə yalan söz gəl­mə­yə, əlin özgə malına dəyməyə, xeyirxah, səxavətli adam olmağın dillərdə dastan ola. Ağzın həmişə xeyirə açılmalı, niyyətin dürüst, qəlbin təmiz, dilin daim şüküredici olmalıdır”.  

02. TUMAS ATA VƏ GAVUR

105 yaşnda haqq dünyasına köçmüş Xatun nənəm deyərdi ki, Tumas Ata Allah yolunda şəhid düşüb. Din mücahidi olub. Diridir, ruhu Allah qatında hüzur içindədir. Ardınca Tumas Atanın həyat hekayəsini danışardı. Deyərdi ki, həmişə o, dinimizin düşmənləri ilə, gavurlarla, asilərlə döyüşübdü. Qılınc tutmağına, ox atmağına söz ola bilməz imiş. Lakin bir gün xəyanət öz işini görür. Tumas Ata gavurların mühasirəsinə düşür. Düşmənləri ilə qeyri-bərabər, ağır döyüşə girir. Qılıncını əlindən salırlar. Yaralansa da mühasirədən çıxmağı bacarır. Ancaq gavurların Salsal adlı məşhur pəhləvanı onun ardına düşür. Məlun bir əlində ox, bir əlində ov­xar­lı qılınc ondan əl çəkmir. Qılıncla qıjanır, arxadan Tumas Atanı ox yağışına tutur. Nəhayət, ağır yara almış Tumas Atanı Tumas da­ğı­nın başında haqlayır. Həmən qılıncla onu arxadan vurur. Ölümcül qılınc yarası alan Tumas Ata gavura tərəf dönür və qanlı əliylə gavurun kürəyinə vura-vura deyir:

           -Sən ki arxadan namərdcəsinə məni vurdun, tay sənə sö­züm yoxdur. Səni görüm ölməyəsən, qurdla qiyamətə qalasan. Bu dünya durduqca, sən də durasan, yaşayasan,-bu sözləri deyib qur­ta­rınca Tumas Ata canını tapşırır, haqq dünyasına köçür. Onun hayına, harayına çatan silahdaşları Tumas Atanı şəhid düşdüyü yerdə də torpağa tapşırırlar .

Deyilənə görə Tumas Atanı qılıncla vuran Salsal adlı gavur indi də həmən yaşayır. Gavur o qədər qocalıb ki, dağ boyda bədəni yumağa dönübdü. Gavurlar məlunun cıvıltısı eşidilməsin deyə onu gizlədirlər, əl boyda çuxa parçasının altında saxlayırlar. Göründüyü kimi Tumas Atanın ölüm qabağı öz qatilinə uzun ömür­lülük arzulamasının çox böyük ibrətamiz bir mənası var imiş. Tumas Ata Salsala uzun ömürlülüyü onun qocalıb bu cür yu­mağa dönməsinə, rəzil günə qalmasına, daim əzab-əziyyət içində yaşamasına, cəhənnəm əzabını nahaqq dünyada çəkməsinə görə arzulamışdı. Həm də bu arzu gavur kimi zəlil günə qal­maq­dan­sa, bu sayaq rəzil gündə yaşamaqdan, murdarlıq içində uzun ömür sürməkdənsə, vaxtında ölmək yaxşıdır, ey insan oğlu, hər an ölümə hazır ol, demək, anlamı verir…

P.S.-01: Bu əfsanədən doğan daha bir məntiqi nəticə var ki, o da çox ibrətamizdir. Bu məcazi mənada “düşmən ölməyib, ölməyəcək də” məsəlinin rəmzi inikasıdır. Ey insan, sanma ki, düşmən ölübdür, düşmən var, həmişə sağdır. Ehtiyatı, sayıqlığı əl­dən vermə. Bu, özünü həmişə düşməndən, onun məkr və hiy­lə­sin­dən qoru, ayıq ol, deməkdir.

02: Qarabağ dağlarının ətəyi sayılan cənub-şərq zirvə və yamaclarında məlum bir xətt üzrə yerləşmiş 10 sayda ata qə­bir­ləri-Günəş Ata, Tumas Ata, Çəpik Ata, Şıx Ata, Dom Ata, Müş­gül Ata, Cəbrayıl Ata, Çomaq Ata, Məngələn Ata, Şirvan Ata var. Bu qəbirlərdə dəfn edilmiş şəxslər nəinki İslamdan əvvəlki, əksəriyyəti b.e.-dan öndəki dövrlərdə yaşamış insanlar olmuşlar. Bu qəbir-məqbərələr ciddi şəkildə araşdırılmalıdır…

Müəllif: ƏLİ SAHİB ƏROĞUL

ƏLİ SAHİB ƏROĞULUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elçin Məlhəmli. Mənim Atam.

MƏNİM ATAM

Zəhmi ağır, özü ipək,
Əllər dəmir, ürək kövrək,
Gündə yanmış rəngi tunc tək,
Belə idi mənim atam.

Bir az ciddi, bir az şəndi,
Gözləri tox, ürək gendi,
Cib boş idi, qəlb zəngindi,
Belə idi mənim atam.

Sevərdi haqq-ədaləti,
Yox idi kin-küdurəti,
Var idi eldə hörməti,
Belə idi mənim atam.

Heç vaxt özünü öymədi,
Kimsəyə boyun əymədi,
Dilinə haram dəymədi,
Belə idi mənim atam.

Söz-söhbəti şəkər, noğul,
Danışardı çoxlu nağıl,
Hər nağılı hikmət, ağıl,
Belə idi mənim atam.

Getdi, gəlməz gözəl çağım,
Bir də dönməz o növrağım,
Ürəyimə çəkib dağı,
Belə getdi mənim atam.

MÜƏLLIF: ELÇİN MƏLHƏMLİ


Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru