AĞ ADAM ŞEİRİ
(Rəşad Məcidin doğum gününə)
Tanrı mayasını tutubdu “ağ”la,
Torpağı ağ, sümüyü ağ, sözü ağ.
Sən bu hekayətə ya gül, ya ağla,
Bu adamın əyrisi ağ, düzü ağ.
* * *
Ağoğlanda göz açıbdı dünyaya,
Ağ doğulub, nur saçıbdı dünyaya,
Ağ qalacaq, and icibdi dünyaya,
Sözün tutub; alnı açıq, üzü ağ.
* * *
Ağdam adlı məmləkətin uşağı,
Burda çözüb min-bir türlü tuşağı,
Çox dinləyib “dastan” deyən “aşığı”;
Hekayətin mini qara, yüzü ağ.
* * *
Ağcabədi, mədəniyyət beşiyi,
Yurd yeridi, çəkilibdi keşiyi,
Sadə olub daim evi, eşiyi,
Məqamında kürsüsü ağ, mizi ağ.
* * *
Ustac deyir; tam arınıb bu adam,
Ağayana, mərd tanınıb bu adam,
Yarananda, ağ yaranıb bu adam,
Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”.
Qeyd:
21 avqust dəyərli ziyalımız – yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü – Rəşad Məcidin doğum günüdür. Şad günü münasibəti ilə Rəşad müəllimi təbrik edir, can sağlığı, uzun ömür və bütün fəaliyyətində uğurlar arzulayırıq.
Rəşad müəllimin 59 yaşı tamam olur. Xatırladıram ki, “60”-la bağlı “Yazarlar”ın xüsusi “Ağ adam” adlı təbrik layihəsi davam edir. Bu layihədə iştirak etmək istəyən hər kəs Rəşad Məcidin həyat və yaradıcılığı barədə olan yazılarını zauryazar@mail.ru e-mail ünvanına göndərə bilərlər. Bütün materiallar 01.08.2022-ci ildən 01.06.2024-cü ilə (əvvəlcədən təyin olumuş vaxt uzadılıb) qədər qəbul ediləcək. Yazılarınızı gözləyirik.
Müəllif: Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist.