
Adil Cəfakeş (Ziyadxan oğlu) 1966-cı ildə Laçın rayonunun Şeylamlı kəndində anadan olub.
Şuşa Kənd Təsərrüfatı Texnikumunun İqtisadiyyat və Qazax Müəllimlər İnstitutunun İbtidai Təhsilin Metodikasi fakültələrini bitirib.
Hələ uşaqlıqdan şeirə həvəs göstərib, kiçik şeirlər yazmağa başlayıb.
Şeirləri 1980-ci illərdən dövri mətbuatda, jurnallarda və çoxsaylı qəzetlərdə çap olunur.
“Bir aği de, ay Ana”, “Yolçu hara gedirsən” və
“Ağam alidi”, “Azmışam öz içimdə” (2019), “Özümə cəza yeriyəm” (2021), “Bir misrayam” (2022)
adlı təcnislər kitabının müəllifidir.
Sinəsi dolu olan şair gözəl saz ifaçısıdı.
130-a qədər saz havasını bilir və ifa edir.
Çoxlarının bilmədiyi elə saz ifalarını bilir ki, bəlkə də başqaları bilmir. Həmin havalardan “Zəngəzur gözəlləməsi”
və “Laçin gülü” havalarını misal gətirmək olar.
2012-ci idə özü ilə tələbəsi Təşəkkül Əmralıyevin ifasında
“YUNESKO”nun milli mədəni irs siyahısına daxil edilmişdir.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin və
“Sazlı-sözıü Borçalı” Ədəbi Məclisinin üzvüdür.
*** *** *** ***
Sənə qovuşanda gül – çiçəkdən yox,
Əvvəl torpağından öpəcəm Laçın.
Əyilib diz üstə bir buz bulağın,
Soyuq dodağından öpəcəm Laçın.
Tarixin oxuyub daş yaddaşının,
Biləcəm çəkdiyin nələr başının,
Durursa, atamın məzarı daşının,
Qaya yanağından öpəcəm, Laçın.
Namusunu çəkən balan əsgərin,
Səni yağılardan alan əsgərin,
Döyüşüb qələbə çalan əsgəlin,
Düşüb ayağından öpəcəm, Laçın.
Boylanıb kəndimin yuxarısından,
Koluna, kosuna can deyəcəm, can.
Dağılmış damımın buxarısından –
Sönmüş ocağından öpəcəm, Laçın.
Danışıb ahəstə, dinib ahəstə,
Məna axtaracam hər gələn səsdə.
Diz çöküb bir şəhid məzarı üstə,
Vətən bayrağından öpəcəm, Laçın!
*** *** *** ***
OXUCULARIMA
Birinci kitabıma ön söz əvəzi.
Sizə arxalanıb mətin oluram,
Ay mənim istəkli oxucularım.
Həvəsim bircə an olmayır aram,
Əyilməz, yenilməz olur vüqarım,
Ay mənim istəkli oxucularım!
Siz mənim ilhamım, siz mənim təbim,
Siz mənim əvəzsiz həyat məktəbim,
Siz mənim məlhəmim, siz mənim həbim,
Siz mənim ürəyim, siz şah damarım,
Ay mənim istəkli oxucularım!
Daim arzularam elimə xeyir,
Sinəmdə telli saz, dilimdə şeir.
Həm sazbəndəm, həm bir ozan, həm şair,
Sənət adlı bağam, sizindi barım,
Ay mənim istəkli oxucularım!
Cəfakeşəm, çəkinməyin, izindi,
Söhbətiniz musiqidən həzindi,
Ön sözü mən dedim, son söz sizindi,
Son sözü deməyə yox ixtiyarım,
Ay mənim istəkli oxucularım!
*** *** *** ***
Ta şeir yazmağın başın buraxdım,
Yazsam bundan sonra ağı yazacam.
Daha bar vermədi ömür bostanım,
Çiçəyi qurumuş tağı yazacam.
Binam tikilmədi, təməlim qalıb,
Dilimdə nə yoxum, nə bəlim qalıb.
Allaha uzalı sol əlim qalıb,
Çiynimdən kəsilmiş sağı yazacam.
Keçir sınıq-sökük ömür şayədə,
Tapım təsəllimi hansı ayədə?
Daha şeirlə yox, bir hekayədə,
Sinəmə çəkilən dağı yazacam.
Şairdə xoş günmü, bir xoş anmı var?
Əriyib, canında məgər canmı var?
İndi şeriyyatı oxuyanmı var?
Şairə edilən lağı yazacam.
Adiləm, nə yazdım, bəxtdən nə sildim?,
Haqqım tapdalandı, daim əzildim.
Mən özüm özümə qənim kəsildim,
Özümü özümə yağı yazacam.
*** *** *** ***
ADİL CƏFAKEŞI DİRİ GƏZMƏYİN
Gəzib əgər məni soraqlasalar,
Kövrəlib deyəcək biri, gəzməyin.
Sonra deyəcək ki, bu dam çökübdü,
Sınıbdı bu damın tiri, gəzməyin.
Deyəcək bir şerin nəqarət edin
Hər bir kəlməsinə nəzarət edin.
Gedin uçuq evin ziyarət edin,
Ocağı gəzməyin, piri gəzməyin.
Dünya bir quyudu, itib dərində,
Yoxdu indiyədək bilən yerin də.
Yaşayır yazdığı şeirlərində,
Adil Cəfakeşi diri gəzməyin.
Müəllif: Adil CƏFAKEŞ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru