Ayaz İmranoğlunun hekayəsi haqqında – İLQAR ATABƏYLİ

Yazıçı dostum Ayaz İmranoğlunun ,,Eşşək anqırtısı,, adlı hekayəsini oxudum. Hekayədə hadisələr keçmiş zamanda baş versə də müasir günümüzlə çox səsləşdiyi üçün üzərində dayanmalı oldum. Hekayənin sujet xətti təxminən belədir: Kəndin bəyinin dümağ rəngli sevimli bir eşşəyi olur. Bəy eşşəyini çox sevdiyinə görə ona xüsusi baxıcılar tutur. Yatıb-durması, istirahət etməsi üçün ev tipli tövlə tikdirir. Gündüzlər eşşəyinə tam sərbəstlik verir. Baxıcıların nəzarəti altında hara istəyir gedir. Yemək-içməyini də xüsusi eşşək aşbazına hazırlatdırır. Eşşək aşbazı kişmişdən, xurmadan, arpa-buğdadan, yonca və başqa ən yaxşı gül-çiçəklərdən təam hazırlayır. Ağ eşşək də yeyir. Harınlamış eşşək gecə səhərə qədər anqırır. Kənd sakinlərini yatmağa qoymur. Amma anqırtısı bəyin çox xoşuna gəlirmiş.Kəndin yaltaqları bəyin xoşuna gəlmək üçün eşşəyin anqırtısını hər yerdə tərifləyirmiş. Gündüzlər eşşək baxıcılarının qabğında gedib camaatın əkin-biçin sahələrini dağıdar, ağnayaraq ziyan vurarmış. Kəndin qoyun, inək, camış, at-eşşəklərinə qənim kəsilibmiş. Yazıq heyvanların harasından gəldi qapar, şıllaqla şil-küt edərmiş. Elə bil heyvanlar da bəy eşşəyi olduğunu düyurmuş kimi qabağında yazıq-yazıq baxaraq müqavimətsiz dayanırlarmış. Nə isə bəyin eşşəyi kəndə qan uddururmuş. Hər gecə səhərə qədər də anqıraraq bəyi feyziyab etdiyi üçün çox qiymətli heyvan sayılırmış.
Kəndin dağ tərəfində camaatın ,,Qurd dərəsi,, dediyi canavarların yaşadığı bir dərə var imiş. Bir gün eşşək baxıcılarının qabağında qaçmağa başlayır və onlardan xeyli uzaqlaşaraq ,,Qurd dərəsinə,, enir. Dərədə qarşısına bir boz canavar çıxır. Eşşək təəcüb içində donub qalır ki, kimsə qorxmadan qabağında dayana da bilərmiş. Canavar məğrur-məğrur baxır və birdən-birə eşşəyə hücum edir. Heç vaxt qorxu hissi keçirməyən eşşəyin dili-ağzı quruyur. Bədəni tir-tir əsməyə başlayır. Tir-tap özündən gedərək yerə yıxılır.Baxıcılar yetişib canavarı qovur. Eşşəyi tövləsinə gətirirlər. Eşşək o gündən sonra heç vaxt anqırmır və həmişə də tir-tir əsir. Bəy çox gözləyir, amma eşşək anqırmır ki, anqırmır. Səhərlər çölə çıxardanda da tir-tir əsə-əsə özündən gedir. Üstünə soyuq su tökərək bir təhər ayıldırlar. Eşşəyin bu hərəkəti bəyi qəzəbləndirir. Bəy əmr edir ki, eşşəyi sürüyərək aparıb ,,Qurd dərəsinə,, atsınlr.
Bu hekayə bizim müasir həyatımızla uzlaşdığı üçün ətraflı yazmalı oldum. Hər kəs gündəlik rastlaşdığı hadisələr haqqında bu hekayədən nə isə tapa bilər. Azərbaycanda sevimli eşşəklər o qədər çoxdur ki… Qarşımıza tez-tez çıxır, ətrafınıza baxın, hər yerdə anqıraraq öz bəyini feyziyab edənləri görəcəksiniz. Amma unutmayın bəy də axıra qədər etibarlı olmur ha….

İLQAR ATABƏYLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir