Əlibala Hacızadə- 88
Deyirdi ki;- ”Vəfalım mənim” romanımın üstündə başım çox cəncəllər çəkdi. Kitabın içindəki obrazlar canlı şəkildə qarşıma çıxdılar. Məni öldürməyə, işdən qovmağa çalışdılar. Bir dəfə işdən çıxartdılar, yenə mübarizə aparıb öz işimə qayıtdım. Axırda gördülər mümkün deyil, baş elmi işçilikdən məni çıxarıb kiçik elmi işçi elədilər. Maaşım 320 manat idi, elədilər 145 manat. Dedilər get buradan. Dedim heç yana gedən deyiləm. Mən yetim oğlan olmuşam. Pendir-çörək yemişəm. Pendir-çörəklə də uşaqlarımı saxlayacağam, amma sənətimi və iş yerimi dəyişməyəcəyəm. Zaman keçdi, o mənə haqsızlıq edənlərin hamısı gözümün qabağında tut kimi tökülüb getdilər.”
Qəribə adam idi. Sanki bu qəribəlik taleyinə yazılmışdı. Ömrü boyu haqsızlıq, ədalətsizliklə üz-üzə qalsa da ruhdan düşmür, yazıb yaradırdı…
“Hələ uzun illər bundan əvvəl demişdim ki, mən ədəbiyyatımızın ögey balasıyam. O zaman mənim bacarığımdan istifadə olunmayıb. Uzun müddət adım qara siyahıda olub. Mənim stolum, mənim səngərimdir. Elə adamam ki, çağırılan yerə ərinmirəm, çağırılmayan yerdə görünmürəm. İndi-indi tədbirlərə dəvət eləyirlər. İnanın ki, üçüncü kursu bitirənə kimi Bakı kimi küləkli şəhərdə pencəkdə oxumuşam. Aldığım təqaüdün yarısını ev kirayəsinə ödəmişəm.”- söyləyirdi.
O, Azərbaycan ədəbiyyatı tarixində ən çox tirajla çap olunan müəlliflərdən biri olub. Bir vaxtlar elə bir ev tapılmazdı ki, onun “İtgin gəlin” kitabı həmin ailədə olmasın. Söhbət 1935-ci il, avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olan yazıçı Əlibala Hacızadədən gedir…
Deyirdi ki;- “Ədəbiyyat aləmi müqəddəs bir aləmdir və əbədiyyət adlı bir dünyaya uzanan bir çox yolların ən gözəli, şirini və əzablısıdı. Mən ömrümün böyük bir hissəsini burada – müqəddəs saydığım bu dünyanın içində yaşamışam. Onun paklğını, müqəddəsliyini bildiyim üçün, o aləmin qapısı ağzında ayaqqabılarımı təmizləyib içəri girmişəm, bilmişəm ki, o saf, şəffaf dəniz kimi, natəmiz şeyləri qəbul etmir, silkinib-çırpınıb gec-tez sahilə atır…”
Bəli, Əlibala Hacızadə bu fani dünyada belə bir ömür yaşayıb. Əməlləri ilə Allahın nə qədər xoşuna gəldiyi isə axirətdə məlum olacaq. Deyirlər ki, bu dünyada Allaha inamınla, imanınla yaşayanları, o dünyada mükafat gözləyir…
Yaşasaydı avqustun 28-i 88 yaşı tamam olacaqdı. On dörd il bundan öncə Allahın ölüm mələyi Əzrailə qoşulub əbədi dünyaya getdi. O dünyada sorğu-sualı asan, son mənzili rahat olsun!
Müəllif: ELMAN ELDAROĞLU
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru