30 AVQUST – TÜRKİYƏNİN ZƏFƏR BAYRAMI GÜNÜ!!!

30 AVQUST – TÜRKİYƏNİN ZƏFƏR BAYRAMI GÜNÜ!!!

MUSTAFA KAMAL ATATÜRKÜN TƏHSİL İLLƏRİ

Mustafa məktəb yaşına çatmışdı. Salonikidə bir neçə məktəb vardı. Əli Rza əfəndi açıqgözlü bir şəxs idi. İstəyirdi ki, oğlunu yeni tipli, dünyəvi təhsil verən məktəblərdən birinə qoysun. Amma Zübeydə xanımın da öz planları vardı. Ər və arvad xeyli məşvərət-məsləhət etdilər.

Əli Rza əfəndi Mustafanı müasir təhsili təlim edən Şəmsi əfəndinin məktəbinə göndərmək fikrində olduğunu Zübeydə xanıma bildirdi. Zübeydə xanım daş atıb başını tutdu, dediyindən dönmədi. Axırda Əli Rza əfəndi güzəştə getdi və Mustafa diniyönlü Molla Fatmanın məhəllə məktəbinə qoyuldu.

Zübeydə xanım Mustafanı məktəbə yola salarkən ona ağ bir xalat geyindirdi, başına da qızılı işləməli çalma qoydu. Mustafa məktəbə getmək istəyirdi ki, bir də gördülər müəllim məktəbdəki şagirdləri də başına toplayıb özü onların məhəlləsinə gəlir. Yaşıllıqlarla əhatə olunmuş məhəllədə dua oxundu. Mustafa anasının, atasının və müəlliminin əllərini öpdü. Sonra Mustafa yeni yoldaşlarının alqışları altında sevinc içərisində şəhərin küçələrindən keçərək məscidin yanındakı məktəbə gəldi.

Onlar məktəbə çatar-çatmaz yenə dualar oxudular. Sonra müəllim Mustafanın əlindən tutaraq onu boş və tağlı otağa apardı. Burada Mustafaya Quranın müqəddəs kəlamlarını aydınlaşdırmağa başladı.

Oğlunu bu məktəbə qoyduğu üçün Zübeydə xanım çox məmnun idi. Mustafa da məktəbdə yaxşı ad çıxarmışdı. Lakin dini dərslər onun ürəyincə deyildi. Məşğələlər quru, cansıxıcı keçir, müəllim otaqda zəhmli gəzişir, tələbləri günü-gündən artırdı. Bir sözlə, yeknəsək dərs uşaqları sıxır, həyatın fərəhli anlarından onları  məhrum edirdi. Müəllim uşaqları  bardaş quraraq döşəmədə oturmağa, çətin tələffüz olunan ərəb sözlərini, cümlələrini dizlərinin üstündə  yazmağa məcbur edirdi.

Mustafa əcnəbi uşaqlarının necə dərs keçdiklərini görmüşdü. Onlar  kimi bardaş qurub oturmur, stulda əyləşərək, dəftərlərini qarşılarındakı  partaların üzərinə qoyaraq verilən tapşırığı yazırdılar.

Axırda döşəmədə oturmaqdan təngə gələn Mustafa qalxıb ayaq üstə dayandı. Müəllim bunu görüb ona oturmağı buyurdu. Mustafa onun dediklərinə qulaq asmayaraq:

-Ayaqlarım ağrıyır, – dedi.

Bunu eşidən müəllimi təəccüb bürüdü. Mustafanın itaətsizlik göstərməsindən acıqlandı:

-Nə dedi? Nə dedin? Mənim buyruğuma əməl etmirsən?

Mustafa cəsarətlə:

-Mən yerdə əyləşə bilmirəm. Ona görə də bardaş qurub oturmayacağam! Bu şəkildə dərs keçilməsinin əleyhinəyəm!

Müəllim irəli yeridi. O, sözə baxmayan şagirdinə qulaqburması vermək istəyirdi. Lakin onun cəhdi baş tutmadı. Uşaqlar Mustafanın müdafiəsinə qalxdılar. Səslər eşidildi:

-Biz də Mustafa kimi fikirləşirik. Bardaş qurub yerdə oturmaqdan, ərəb sözlərini əzbərləməkdən biz də bezmişik.

Müəllim deməyə söz tapmadı. Hamı ona qarşı çıxmışdı.

Mustafa, onun ardınca da o biri uşaqlar sinif otağını tərk etdilər. Mustafa ağır-ağır evə sarı gedir və öz-özünə fikirləşirdi ki, ata-anası baş verən hadisədən xəbər tutanda onun aşını-suyunu verəcəklər. Müəllim əlüstü əhvalatı müdirə, Mustafanın ailəsinə çatdıracaq, onu günahkar sayacaqdılar. Mustafa başlamasaydı, o biri uşaqlar da üzə durmazdılar. Məsələ belə qoyulacaqdı. Ən çox Zübeydə xanım dilxor olacaqdı.

Bunları fikirləşən Mustafa birdən əlini yelləyib belini dikəltdi:

-Hər nə olur-olsun. Belə məktəbdə oxumağın faydası yoxdur!

O heç nə olmayıbmış kimi addımlarını yeyinlətdi. Evə gəlib sakitcə yeməyini yedi. Həyətə çıxıb uşaqlara qoşuldu. Az keçmiş Zübeydə xanımın səsi gəldi. Oğlunu səsləyirdi:

-Mustafa! Mustafa!

Mustafa hay verdi. Anası onu evə çağırırdı. Mustafa öz-özünə: “İndi divan qurulacaq, sorğu-sual başlanacaq!” – deyə düşünüb cəld evə gəldi.

Əli Rza əfəndi stulda oturmuş, Zübeydə xanım isə otaqda gəzişirdi. Mustafa diqqət yetirdi. Atası sakit görünürdü. Zübeydə xanım qaş-qabağını töksə də, bir elə acıqlı deyildi. Görünür, Əli Rza əfəndi ilə aralarında söhbət olmuş, məsələni aydınlaşdırmağa çalışmışdılar. Əli Rza əfəndi Zübeydə xanımın acığını soyutmağa müvəffəq olmuşdu. Zübeydə xanım susurdu.

Əli Rza əfəndi soruşdu:

-Mustafa, indi fikrin nədir?

Mustafa:

-Ata, – dedi, – o məktəbdən, o müəllimdən faydalı bir şey götürmək qeyri-mümkündür. Mən biləni, məktəbə elm öyrənməyə gedirlər…

Əli Rza əfəndi dönüb Zübeydə xanıma baxdı. Yəni: “Gördün?! Uşaq olsa da, ağıllı danışır. Mustafa da mən deyəni deyir.

Zübeydə xanım dilləndi:

-Madam belədir, öz bildiyiniz kimi hərəkət edin.

Zübeydə xanım qalxıb mətbəxə keçdi. Onun acığı soyumasa da, hiss olunurdu ki, onların fikrinə şərikdir. Yoxsa, təkid edərdi.

Ertəsi gün Əli Rza əfəndi Mustafanın əlindən tutub Şəmsi əfəndinin məktəbinə apardı. Məktəb Mustafanın xoşuna gəldi. Bu arada – 1871-ci ildə ailədə bədbəxt hadisə baş verdi. Əli Rza əfəndi 47 yaşında dünyasını dəyişdi. Ağır itki Mustafaya pis təsir göstərdi. Yeddi yaşında ikən atanı, ailənin başçısını itirməyin nə demək olduğunu hamı bilir.

Ailənin bütün ağırlığı Zübeydə xanımın üzərinə düşdü. Mustafanın qardaş-bacılarından bəziləri  rəhmətə getmişdi. Əli Rza əfəndi həyatdan köçəndə ailədə üç uşaq qalmışdı. Məqbulə bir yaşında, Naciyə qırxgünlük idi. Az keçmədi Naciyə də dünyadan köçdü. Qaldı Mustafa ilə Məqbulə.

Ailənin maddi durumu pisləşdiyindən Zübeydə xanım uşaqlarını götürüb Raplada yaşayan qardaşı Hüseynin yanına yollandı. Rapla Salonikidən təxminən otuz kilometrlik bir məsafədə yerləşirdi. Hüseyn əfəndi təsərrüfatda subaşı olaraq çalışırdı.

Yazı quraqlıq, qışı yağmurlu olan bu yerlər qırmızı torpaqlı  və məhsuldar idi.  Məhsul yığılandan sonra mal-heyvanı tarlaya buraxırdılar ki, otlasın.

Dayısının məskən saldığı bu yerlər Mustafanın çox xoşuna gəlirdi. Ətrafı gözdən keçirən, bu yerlərdə gəzişən Mustafa ətrafdakı yaşıl dünyadan vəcdə gəlir, gül-çiçəyin ətrindən xoş-hal olur, təmiz havasından sinə dolusu alırdı.

O, təsərrüfat işlərində Hüseyn əfəndiyə kömək edir, işlədikcə fərəhi köksünə sığmırdı.

Buralar Məqbulənin də xoşuna gəlirdi. O hələ balaca idi. Məhəllədəki tay-tuşlarına  qaynayıb-qarışmışdı. Onlarla oynayır, atılıb-düşürdü.

Zübeydə xanım övladlarının xoşbəxt, qayğısız günlər keçirdiyini görüb şadlanır, arada hətta kövrəlirdi. Yemək-içmək sarıdan korluq çəkmirdilər. Ev-eşik də geniş idi. Hüseyn əfəndi allah adamı idi. Bacısını da, onun uşaqlarını da çox sevir, onların darıxmamaları, xoş gün keçirmələri üçün əlindən gələni əsirgəmirdi. Hüseyn əfəndinin ailə üzvləri də xoş məramlı idilər.

Mustafa ciddi idi, uşaqlarla oyunlara çox da qatılmazdı. Vaxtını mənalı keçirməyi xoşlar, yaşıdlarından fərqli olaraq əyləncələrlə başını qatmaq əvəzinə bilik, məlumat almağa üstünlük verərdi. Oxuyur, düşünür, öyrənirdi.

Dayısının yanında günü nə qədər xoş keçsə də, başa düşürdü ki, artıq belə həyat onu təmin etmir. Əlindən kitab düşməsə də, hiss edirdi ki, məktəbə ehtiyacı var. Dərs almaq, elm kəsb etmək həsrətindədir.

Oğlunun son vaxtlar qayğılı gəzib-dolaşdığı Zübeydə xanımın diqqətindən yayınmadı. Mustafanı yanına çağırıb:

-Oğlum, gözümə birtəhər dəyirsən, – dedi. – Nə olub?

Mustafa ürəyini anasına açdı:

-Anacan, burada hər şey gözəldir. Allah dayımın canını sağ eləsin. Ailəsi də bizdən ötrü əldən-ayaqdan gedir. Bunu qiymətləndirməmək nankorluq olar. Məqbulənin xoşbəxt, şad-xürrəm gəzib-dolaşdığını görüb sevinirəm. Fəqət, anacan, hiss edirəm ki, dərslərimdə geri qalmışam. Doğrudur, oxuyuram, çalışıram, ancaq məktəbin, müəllimin öz yeri var. Məktəbin, müəllimin köməyinə ehtiyacım var.

Zübeydə xanım oğlunun haqlı olduğunu, həm də ondakı təhsilə, savad almağa yanğını görüb dedi:

-Oğlum, narahat olma. Burada məktəb də, müəllim də var. Yaxın vaxtda təhsilini davam etdirərsən.

Kənddə bir müsəlman müəllimi, bir də Rum papası vardı. Zübeydə xanım əvvəlcə Mustafanı Rum papasının, sonra da müsəlman müəlliminin yanına dərs almağa göndərdi. Mustafa ona yabançı olan Rum dilini xoşlamırdı. Həm də xristian uşaqlar özlərini iddialı aparır, onunla soyuq davranırdılar. Ona görə də Mustafa daha həmin məktəbə getmədi.

O özünə qarşı necə tələbkar idisə, müəllimə qarşı da elə tələbkar idi.. Ona görə də bir neçə gün mədrəsəyə getdikdən sonra təkidlə anasına dedi:

-Mən bundan belə mədrəsəyə getməyəcəyəm!

Zübeydə xanım təəccüblə oğluna baxdı:

-Ay bala, sənə nə məktəb bəyəndirmək olur, nə də müəllim! Bu nə işdir?!

Mustafa dedi:

-Anacan, mən mükəmməl təhsil almaq istəyirəm. İstəyirəm ki, bildiklərimi yox, bilmədiklərimi mənə çatdırsınlar. Sonra da hər cür cəfəngiyyatı yox, həyat üçün lazım olan bilikləri almaq istəyirəm.

Zübeydə xanım bir söz deməyib fikrə getdi. Sonra:

-Yaxşı, oğlum, – dedi. – Öyrənim, görüm səni hansı müəllimin yanına göndərə bilərəm.

Zübeydə xanım bu dəfə Mustafanı özəl bir müəllimin yanına qoydu. Bir-iki gün ötmüş Mustafa yenə anasına müraciət etməli oldu. Onun qırımından Zübeydə xanım başa düşdü ki, bu müəllim də Mustafanın xoşuna gəlməyib. Odur ki soruşdu:

-Hə, oğlum, sözlü adama oxşayırsan!..

Mustafa dilləndi:

-Anacan, məni qınama. Bu müəllimin savadı yetərli deyil.

Zübeydə xanım anladı ki, buralarda Mustafanı təmin edəcək nə məktəb var, nə də müəllim. Oğlu isə oxumaq, biliklərə yiyələnmək ehtirası ilə yanır.

Beləliklə, onlar Salonikiyə qayıtmalı oldular. Burada Mustafa Mülkiyyə məktəbində oxumağa başladı…

Müstəqil qərar qəbul etmək, vaxtını bihudə yerə keçirməmək, seçimdə sərbəstlik, mənəvi tələbatını ödəmək cəhdi hələ uşaqlıqdan Mustafada baş qaldırmışdı və ömrü boyu onu tərk etmədi.

Mustafa necə Mustafa Kamal oldu? Mustafa hərb sənətinin vurğunu idi. Sağlam görkəmli, çevik, düz qamətli, səliqə ilə geyinən hərbiçiləri görəndə onlara həsəd aparırdı. Türk sərkərdələrinin həyatından bəhs edən əsərləri oxumaqdan doymazdı. Türk hökmdarları Alp Ər Tunqa, Ərtoğrul, Osman qazi, Mətə, Atilla, Bilgə xaqan, Uzun Həsən, İldırım Bəyazid, Fateh Sultan Məhmət, Sültan Süleyman onun sevimli qəhrəmanları idi. Bəzən özünü onların yerində görürdü.

Qonşu Əhməd hərbi rüştiyyədə oxuyurdu. O,  əsgər forması geyinir və özünü dartırdı.

7 yaşında olarkən Mustafanın atası Əli Rza əfəndi dünyasını dəyişmiş, ailə Zübeydə xanımın ümidinə qalmışdı. Mustafa çoxdan qəlbində gəzdirdiyi arzusunu anasına bildirmək qərarına gəldi. Oğlunun dini təhsil almasını istəyən Zübeydə xanımın nə cavab verəcəyi bəlli deyildi.

O, oğlunu dinləyib dedi:

– Oğlum, mən isə deyirəm, Peyğəmbərimizin yolunu tut. Bir uca olan Allah da səndən razı qalar.

Mustafa cavabında dedi:

– Ana, Peyğəmbərimizin yolu haqq yoludur. Böyük Allaha da, Həzrəti Məhəmməd əleyihissəlama da dərin hörmətim və sayqılarım var. Amma arzum din xadimi olmaq deyil. Mən hərbi rüştiyyədə oxumaq istəyirəm.

Zübeydə xanım oğlunu öz fikrindən daşındırmaq istəyirdi. O, Mustafanın gələcəyini düşünür, onun sakit, dinc bir peşə seçməsini arzulayırdı. Hərb sənətinin çətinliklərindən, əsgərlərin narahat həyat sürmələrindən xəbəri vardı. Zübeydə xanım Mustafadan başqa daha beş övlad dünyaya gətirmişdi: Əhməd, Ömər, Naciyə, Fatma və Məqbulə. Mustafa ilə Məqbulədən başqa qalan uşaqlar kiçik yaşlarında ikən ölmüşdülər. Hərb meydanı ölümlü-itimli idi. Osmanlı əsgəri çox vaxt sürgünlərə məruz qalırdı. Odur ki, oğlunu dilə tutmağa çalışırdı:

– Heç olmasa, atanın yolu ilə get. Atan ticarətə başladı – bacarmadı, yarımçıq qoydu. Yox, a bala, üz vurma. Sənin hərbi rüştiyyədə oxumağına razılıq verə bilmərəm. Mənə, körpə bacına rəhmin gəlsin…

Mustafa anası ilə söhbətdən bir kar aşmadığını görüb küçəyə çıxdı. Fikirli-fikirli məhəllədə gəzişirdi ki, qonşu Əhmədə rast gəldi. Dayanıb söhbət etdilər. Əhməd hal-əhval tutdu, sonra isə Mustafadan xəbər aldı ki, nə üçün əhvalı pozğundur. Mustafa əvvəlcə demək istəmədi, sonra fikirləşdi ki, necə olsa Əhmədin atası hərbiçidir, bəlkə ona köməyi dəydi. O, anası ilə aralarında olan söhbəti Əhmədə danışdı, xahiş etdi ki, bu barədə atası ilə məsləhətləşsin.

Əhvalatı öyrənəndən sonra Əhmədin minbaşı (mayor) vəzifəsində çalışan atası həqiqətən ona öz köməyini göstərdi. Mustafa anasından xəlvəti hərbi rüştiyyədə keçirilən məşğələlərə davam etməyə başladı. Lakin az keçmiş ona bildirdilər ki, məktəbdə oxumaq üçün anasının yazılı razılığı lazımdır.

Mustafa bir daha Zübeydə xanımla söhbət etməli oldu. Anası dedi:

– Ay oğul, başa düş. Sənə etiraz etməyimin səbəbi o deyil ki, hərb sənətindən acığım gəlir. Bizə yaxşı əsgərlər lazımdır. Vətən darda olanda bu bəladan bizi onlar qurtarır. Kimsə ilə işimiz olmasa da, ölkəmizə göz dikənin sayı çoxdur. Səni gözümdən uzağa qoymaq istəmirəm. Əsgərin həyatı ağırdır. Bu gün burada, sabah Allah bilir harada. Çamadanını yığıb hazır qoyur, əmr verilən kimi götürüb düzəlir yola.

Mustafa sonuncu dəfə cəhd etdi:

– Anacan, yadındadır, mən doğulanda beşiyimin başından qılınc asmışdınız. Onu mənə kim hədiyyə etmişdi? Atam. O məni bir əsgər, bir komandan görmək istəyirdi. Demək, hərbiçi olmaq tək mənim yox, onun da arzusu olub. Xahiş edirəm, bunu da nəzərə al.

Zübeydə xanım fikrə getdi. Oğlu ilə belə danışsa da əslində tərəddüd içərisində idi. Onun arzusunu gözündə qoymaq istəmirdi. Ötən söhbətdən sonra bütün günü hey bu barədə fikirləşirdi. Bu söhbət yuxuda da onu rahat buraxmırdı. Mustafanın xatırlatdığı qılınc əhvalatı Zübeydə xanımın yadına srağagünkü yuxusunu saldı. Yuxuda görmüşdü ki, Türkiyənin başı üzərini qara buludlar alıb. Əsgərlər düşməni yerində oturtmaq üçün toplaşıblar. Hamı gözləyir ki, bir komandir gəlib onları döyüşə aparsın. Bunu görən balaca Mustafa cəld evə qaçıb uşaq vaxtı atasının onunçun aldığı qılıncı götürür. Geri qayıdıb qoşunun qabağına keçir. Komandiri gözləyən yəhərli kəhər atın belinə qalxır.

Zübeydə xanım baxıb görür ki, Mustafa tamam dəyişib. Birdən-birə böyüyüb, geyimi də başqadır. Hərbi forma ona özgə əzəmət verib. Mustafa birdən qılıncını çəkib irəli doğru uzadır. Zübeydə xanım görür ki, bu qılınc da atasının Mustafaya bağışladığı balaca, oyuncaq qılınc deyil. Günəşin altında par-par yanan Koroğlu qılıncıdır. Mustafa qılıncı havada oynadaraq döyüşçülərə: “Ya istiqlal, ya ölüm!” deyib atını çapır. Əsgərlər də öz növbələrində: “Türkiyənin azadlığı uğrunda irəli!” deyə qışqırıb atlarını Mustafanın ardınca çapırlar.

Bunları xatırlayan Zübeydə xanım ayağa qalxıb Mustafaya sarı getdi və onun alnından öpərək:

– Oğlum, əgər qərarında belə israrlısansa, sənə    xeyir-dua verirəm.

Ertəsi gün Mustafa artıq hərbi rüştiyyədə oxuyurdu. Sarışın saçlı, mavi gözlü Mustafa hərbi formada daha əzəmətli, daha yaraşıqlı görünürdü. Dərslərinə səylə hazırlaşırdı. İti zəkaya və təfəkkürə, aydın nitqə, dərin məntiqə malik idi. İntizamı gözləyir, müəllimləri və yoldaşları ilə nəzakət və hörmətlə davranırdı. O, hərb sənətinin sirlərinə həvəslə yiyələnirdi. Rüştiyyədə hərbi fənlərdən başqa fəlsəfə, riyaziyyat, tarix, iqtisadiyyat da keçilirdi. Mustafa başa düşürdü ki, yaxşı mütəxəssis olmaq üçün gecəsini-gündüzünə qatmalı, çox oxumalı, oxuduqlarından faydalanmağı bacarmalıdır.

Riyaziyyat Mustafanın sevdiyi və uğur qazandığı dərslərdən idi. Riyaziyyat dərslərini yüzbaşı Mustafa əfəndi aparırdı. O, yaxşı insan və savadlı müəllim idi. Şagirdləri onu çox sevirdilər. Yüzbaşı şagirdi Mustafanın qabiliyyətinə heyran qalmışdı. Oğlan təfəkkürünün çevikliyi və itiliyi ilə başqa uşaqlardan çox fərqlənirdi.

Riyaziyyat müəlliminin adı da Mustafa idi. Bundan başqa, sinifdə Mustafa adında bir neçə şagird vardı. Bir dəfə Mustafa yoldaşlarının yerinə yetirə bilmədiyi bir məsələni həll etdikdən sonra yüzbaşı Mustafa Əfəndi əllərini bir-birinə vurub heyrət içərisində ayağa qalxdı:

– Əhsən, mənim balam! Əhsən! Ağlıma bir fikir gəlib. Sinifdəki başqa Mustafalardan səni fərqləndirmək üçün adına bir “Kamal” sözünü də artırıram. Bundan sonra səni Mustafa Kamal çağıracağam. “Kamal” sözünün mənasını, yəqin ki, bilirsən – kamillik, bitkinlik, ağıl, idrak, mükəmməllik deməkdir. Sən bu ada layiqsən!

İllər keçdi. Mustafa bu adı ömrünün axırına kimi şərəflə daşıdı.

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir