Hikmət Məlikzadə. Günahı təptəzə adam.

Günahı təptəzə adam

(Poema)

Parlaq təfəkkürlü dədə, min ilin sarvanı, əvəzsiz publisist, dəyərli söz adamı, cəmiyyətin güc mənbəyi Əli Rza Xələfliyə həsr edirəm

Proloq

Sən, bir davakar
adam kimisən, həyat,
sanki sənə ürcah olanlar
şeytandı, sən mələk.
Əslində, hər insan –
o, mələkdi, bu mələkdi, mən mələk…
Sadəcə, adamda davranış üzündən
Günaha pərvəriş var.
Günahı siqaret kimi çəkənlər
Ömrü tüstü kimi udur.
Şeytanın da, istəyi budur.
Hər insanın yolu bir düz xətti,
Əyri gedənlər günahı
nəfsə qul olmaq fəlsəfəsi sanır.
Günah, çəpəri olmayan
həyət evləri kimi çılpaq.
Səbrli, ağıllı adam sonu görür.
Bax, hərənin içində
bir həyat eşqi yanır,
Məgər hamı onu görür?!


Şeytanın daxmasına
Nə çoxdu axın, adam?
Eşit, günahdan uzaq,
Günaha yaxın adam.

Baxışlar qıyqacıdı, –
Gözünmü dandan bezib?
Özünlə savaşdasan,
Ruhunmu candan bezib?

Acıdan nə qalar ki,
Bir az da dözüm, tab ol.
Mey dolu qablar artıb,
Sən sevgi dolu qab ol.

Minbərdə durub kölgən,
El minib sürəyinə.
Azan səsləri gəlcək,
Qor dolur ürəyinə.

Bir əlin qılıncdadı,
Bir əlin də qələmdə…
Sən sevda yolçususan,
Güc axtarma ələmdə.


Ağılla saymırlar adamı indi,
Ya bir koman olsun, ya damın gərək.
Mamır da minillik günaha səddi,
Gərək üzü olsun adamın, gərək.

İman bir əməldir, iman yolunda
Gör neçə peyğəmbər daşlanıb, dədə.
İndiki adamlar günaha qaçır,
O vaxtkı adamlar yaşlanıb, dədə…

Sürət qatarıdı ömür, qadası,
Zamanın sağını-solunu öyrən.
Kimin ki, abrı var, dəli sanırlar,
Sən dəli olmağın yolunu öyrən.

Qarşıda ovçu çox, ov çoxdu hələ,
Gözün görə-görə tuzağa getmə.
Qorxuram, əlindən bir xata çıxar,
Sən öz günahından uzağa getmə.

Bir gün görəcəyik Qiyamət çatıb,
Geriyə köçümüz başlanıb, Allah…
Bir qız da deyəcək, həyata bax sən,
Əlirza Xələfli yaşlanıb, Allah…


El bələddi amalına,
Çox heyranıq kamalına.
Alqış deyək camalına,
Dilə gəlsin tarın, kişi.

Adamı yoxdan bilirsən,
Atdığın oxdan bilirsən…
Əzəldən – çoxdan bilirsən,
Cana yükdü qarın, kişi.

Tək özünsən öz bağbanın…
Bağ sənindi, göz bağbanın.
Xələflidi söz bağbanın,
Bağa gücdü barın kişi.

Səmaya çıx, dolan yerdə,
Həyat yerdə, bol an yerdə…
Zümzümələr olan yerdə
Quş səsindən yarın, kişi.


Həyat bir qəm daşıdı, –
Gör, neyləyir mənə, bax.
Yük vurduğun gəmilər
Nə gətirir sənə, bax?!

Peyğəmbər yaşın ötüb,
Taxtın var, şükür elə.
Günahdan qurtarmağa
Vaxtın var, şükür elə.

Hələ tost vaxtı deyil,
Hələ boşdu camımız.
Şeytan nə karədi ki,
Allahınıq hamımız…

Qəşəng dar ağacın var,
Cəlladın zəhmlidi.
Demə, naşı adamdı,
O, səndən rəhmlidi.

Qəmə ürcah olmusan,
Hələ başında odu.
Sözdü elçi daşın da,
Əhlət daşın da odu.

Bu Allahsız dünyada
Fağır olmaq necə xoş.
Haqqın tərəzisində
Ağır olmaq necə xoş…


Dünya nə mənəm, nə də sən,
Yerdən deyilsən, dədə, sən.
Yer payını götür, dayan,
Üstündən qəm ötür, dayan,
Ey, arada məzə kişi,
Günahı təptəzə kişi,
Bu elin gözləri səndə,
Ruh, kölgə… özləri səndə.
Tək mən yox, çoxları deyir, –
Acları, toxları deyir:
Əlirza əziz, xələfdi,
Çünki zatına sələfdi.


Sanıram, neçə vaxtdı
Dərd xəmir kimi acıb,
Gətir, kündəliyim də.
Səninçün nə fərqi var;
Dəliyəm, ya ağıllı?!
Sevgi gündəliyimdə
Həmişə qayıb olur…

Bir sahibsiz adasan,
Min ildi ac sahildə
Durursan liman kimi.
Çarmıx – edam acısı,
Sən dərvişsən, bilməzsən,
Adamda iman kimi
Çox şey olmayıb, olur…

Ömrün ahıl vaxtında
Özünü itirmisən,
Mən neynim, ağlayım ki?
Həyat eşq qapısıdı,
Nə qədər açım-örtüm,
Nə qədər bağlayım ki?!
Allahdan ayıb olur…


Qızlar “gəl” deyəndə, sən göyə baxdın,
(Bu quru şəhvətin dadı nədi ki?)
Bir də ayıldın ki, yetmiş yaşın var,
Bu yaşda sevməyin adı nədi ki?

Kim bilir, bu ömrü necə yaşadın,
Ovcunda bir-iki savab yox hələ.
İndi sən Haqqınsan, yoxsa şeytanın?
…Nədənsə, yüz ildi cavab yox hələ.

Sənin atan qədər hörmətin yox ki,
Atan sənin qədər fağır olmadı.
O gün tərəzidə çəkdilər səni,
Günahın özündən ağır olmadı.

Dilinə zər tökdün “Sübhan Allah”la,
İmansız adama kindən fayda yox.
Adam dəli olar adam olunca,
Dəli adama da cindən fayda yox.

Bəlkə də sanırsan dünya bir evdi, –
Bu evin içində taxt yoxdu hələ.
Qayğılar başını elə qatıb ki,
Beşdaş oynamağa vaxt yoxdu hələ.

Yorğun xəyalların namaza durmur,
Axı şeytan səni haradan görür?!
Sən ya bir Şamansan, ya da bir qoca…
Qaldır əllərini, Yaradan görür.

Sən Göydə mələyən şimşək kimisən,
Çalış, eyni tutma qulla özünü…
Burda nə çəpər var, nə də gözətçi,
Arada aşağı tulla özünü.

Kimsə əcəlinlə qol-boyun gəzir,
Hələ ki, tapılmır barmaq izləri.
Həyat kitabına ləkə salıbdı
Siqaret tüstüsü, qarmaq izləri.

Ahıl vücudunda ağrı-acı çox,
Deyəsən, yenə də qurdun qayıdıb…
Vətən itirmişdin Cəbrayıl boyda,
Şükür, gözün aydın, yurdun qayıdıb.

Sənin hər kitabın bir Haqq səsidi,
Haqqın əbasını gey, halal adam.
Adında adı var iki imamın,
Özün də imamsan, ey halal adam.

Təsbeh çevirməyi sevmədin əsla,
Çoxdan insanlığın tacısan, vallah.
Sənə nə gərək var namaz qılasan,
Haca getməmişdən hacısan vallah.

Mən sənin fövqündə min söz itirdim,
Nə qədər söz tapdım, ey sufi adam.
Səni çox əzdilər dar ağacıtək…,
Ölüm təşvişidi mey, sufi adam.

Kimsən? Hara dartır bu zaval səni?
Salam Qorqud Dədə, salaməleyküm.
Mənim edamıma bir ömür qalıb,
Məzlumam, mağmınam, lalam… əleyküm.

Sən hansı xaqansan, hansı sərkərdə?
Qılıncın qələmdi, qələmin qılınc.
Hələ gözlərində iman nuru var,
Hələ pir kimisən, ələmin qılınc.

Alnını qəm didib, çöhrəni sükut,
Bir susqun baxışla yüz söz deyirsən.
Neçə yalan atıb qarşına pislər,
Sən elə min ildi düz söz deyirsən.

Sən də bir Vətənsən – sərhədi açıq,
Əsir düşən yurdun təndir yeri çox…
Sən kimsən – Xətai, yoxsa Cavanşir?
Nədən boğazında kəndir yeri çox?

Əzrayıl qapıda, köçümüz hazır…
Bax, gör, bir şey qalıb komanda, dədə?
Həyat özün boyda romandı, ancaq
Romançı da sənsən, roman da, dədə.


Ahı-naləsi yox udun,
Səsindən ölən çox udun…
Sən sözü sözə toxudun –
Qarşında hana vardı ki?

Gözü nəm elədin, nə tez,
Canı dəm elədin, nə tez,
Nə tez qəm elədin, nə tez,
Hələ o ana vardı ki…

Heç gör var adamı sayan?
Tək sənsən özünə hayan.
Çox dedin tab elə, dayan, –
Orda boş xana vardı ki?

Sən ki ay baxışlı göysən…
Hər axşam qapımı döy sən.
Şeytanı o qədər öy sən,
Deyim ki, canavardı ki…

Epiloq

Oxucu tanısın Əlirza kimdi,
Bilsin, onun kimi çox az adam var.
Onsuz da həyatda dili dualı,
Nəfsi də, gözü də tox, az adam var.

Dünyadı, baxırsan haqq yox, iman yox,
Ölü əzizlənir, diri qınanır.
Əlirza, sənin də olduğun yerdə
Yüzü kefə batır, biri qınanır.

Dərviş çuxası var əynində hələ,
Sən kimsən, ay adam, komanda nə var?
Yüz ildi yazırsan daş barmaqlarla,
Qoy görüm, o böyük romanda nə var.

Hərdən sağ çiynindən bir kölgə baxır,
Kimə əl açırsan, yaylıq çıxarır.
Verməz ki, bir qurtum su içəsən o,
Zalım borc kağızın aylıq çıxarır…

Hələ ki, dözürsən, başqa əlac yox,
Sənə oğru deyir oğru adamlar.
Karına siqaret tüstüsü gəlir,
Bir də, lal baxışlar, doğru adamlar.


Oxucum, surətini vəsf etdiyim adam
Mənim kimi haqq adamı,
Mənim kimi fağır adamdı, –
Fikir yükü ağır adamdı.
Başının üstündəki söz pərvanələridi, –
Tanrının öz pərvanələridi…
Əmin ol, onu qədərindən artıq
nəzmə çəkmədim, vallah.
Qoy ona yar olsun
Ruhu, özü və Allah!

25 avqust 2023-cü il

Müəllif: Hikmət MƏLİKZADƏ,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir