Hikmət Məlikzadə. “Nə sən pərvanəsən, nə də mən şamam…”

“Nə sən pərvanəsən, nə də mən şamam…”

Şəxsiyyəti də yaradıcılığı qədər önəm kəsb edən Bəradər Səməndərlinin «Bu dünyaya imtahana gəlmişik» kitabına dost-həmkar sözü

(Bəlli ki,) ideal olmaq üçün (əstəğfürullah) gərək Allah olasan… İnsanın ideal olması (isə) tamamilə mümkünsüzdür. Çünki zatında zərrəvi qüsurlar – bəlağətsiz günahlar çoxdur. Nəfsdən asılılığı onu ancaq insan kimi təqdir edir…
Bu qənaəti bizə xeyli vaxtdır tanıdığımız, şəxsiyyəti də yaradıcılığı qədər önəm kəsb edən Bəradər Səməndərlinin tanınmış şair Şərafəddin İlkinin redaktorluğu ilə 2023-cü ildə “Bakı mətbəəsi”ndə işıq üzü görmüş 316 səhifəlik “Bu dünyaya imtahana gəlmişik” adlı şeirlər kitabı da verir. Biz, həm bu kitabda, həm də istedadlı şairin illərdir xınalı çiçəklər kimi (bir-bir) ipə-sapa keçirdiyi şeirlərin əksərində böyük həyat eşqi tapırıq. (Sonra da) düşünürük ki, görəsən, o, bu böyüklükdə təpəri (o qədər də böyük olmayan) vücuduna necə sığışdırır? Əslində, akademik Nizami Cəfərovun və tanınmış şair Balayar Sadiqin söz yazdıqları kitabda bu suala cavab var…

Başlanğıc olaraq deyək ki, Bəradər Səməndərlinin yaradıcılıq duyğusu yüksək amal, məslək, əqidə, yurd, vətən, din və inanc uğrunda təmənnasız çarpışmaq fəhmidir. O, bir növ, söz uğrunda savaşın cəsur döyüşçüsüdür. Bir çoxlarından fərqli olaraq o, həyatın mübarizələrinə yaxından şahidlik edir, prosesləri kənardan – efirdən, informasiya şəbəkələrindən və s. izləmir. Vətən, torpaq, yer-yurd, el-oba şərəfinin nə olduğunu bilir. Buna akademik Nizami Cəfərov da haqq verir: “Bəlkə də jurnalist-publisist məsləkinin diqtəsidir ki, Bəradərin şeirlərində son dərəcə humanist-ictimai bir məsuliyyət var: Vətən torpağı qarşısında, adət-ənənə, din-iman qarşısında, haqq-ədalət qarşısında… Elə bu məsuliyyətin ifadəsidir ki, dediyi söz nə qədər şairanə olsa da, o qədər də əxlaqlı, ölçülü-biçili, mənən-ruhən saf, təravətlidir…”.
“Bu, Vətəndi, doğru dolan, düz yaşa”, – deyən şair “Vətən bizim üçün evdi-eşikdi” ricəti ilə hər kəsi onun fəhmi qarşısında ədalətli, nəhayətdə, Vətən olmağa səsləyir. Bu prizmadan yanaşaraq deyə bilərik ki, Bəradər Səməndərli üçün söz, vəslinə yetə bildiyi poeziyanın ən yüksək mərtəbəsi, başqa bir rakursda da Vətəndir. Bəlkə də bu üzdən o, söz üçün bu qədər təlaş keçirir.
Bəradər Səməndərlinin şeirlərində milli mənlik, qürur, milli mənsubiyyət sətiraltı deyil, aşkardır. O, yaşadığı həyatı da milli sanır, hadisələrə də milli ruhla nüfuz edir. Biz onun əksər şeirində Vətən, torpaq məhəbbətini, xalqın qayğılarını öz şəxsi istək və arzuları kimi yox, qlobal qayğılar kimi görürük. Onun (hətta) giley-güzarı, eyhamlı danışığı da öz istək atmosferindən yuxarıdadır.
Səmimi deyək, Bəradər Səməndərlinin şeirlərində adilikdən çox qeyri-adilik var; o, heç bir təltif, mükafat, təmənna gözləmədən Allahdan miras aldığını bugünkü və gələcək nəslə ötürür, yanlış təsəvvürləri ədəbi təsəvvüfdə parçalanmaya məruz qoya bilir. Bir növ, onun poetik fikirləri yanlış-yalan təfərrüat və doğru, lakin mağmın ehtimal arasında katalizator rolu oynayır.
Bəradər Səməndərli təmkinli, şən, insandır, (onun) lirik – eşq notları qabaran şeirlərində bir ağayanalıq hökm sürür. Bunu şairin bir-birini yaxın məsafədən izləyən şeirləri ilə isbat edək:

Nə sən pərvanəsən, nə də mən şamam,
Közümlə oynama, yanarsan dedim.
Odun-ocaq deyil ürək, kül olsun,
Sən bunu çox çətin qanarsan dedim.


Yaş olub gözümdən asılıb bu qız,
Gecə də, gündüz də yata bilmirəm.
Dünyada gözəl çox, amma nədənsə
Onu heç birinə qata bilmirəm.


Tərs mütənasib idik
Sənlə, xeyir-şər kimi.
Niyə gəldin ömrümə
Zülmət gecələr kimi?

Biz bu parçalarda insanı təqdir edən poetik vəsfin ənənəvi tərzi ilə qabaq-qənşərik. Şair öz çılğın hislərini oxucu naminə mum kimi yumşaldıb, sözün sanbalına, çəkisinə diqqət edib. Belə deyək, tərəzinin söz qoyduğu gözünün ağır gəlməsi üçün can əridib.
Və ya Bəradər Səməndərli “Nə sən pərvanəsən, nə də mən şamam, Közümlə oynama, yanarsan dedim” ədəbi qənaəti ilə eşqi adi hislə qarışıq sananları tənbeh edir. Doğrudan da, eşq üstün məqamdır, onun ləngərində duruş gətirə bilmək hər kəsə müəssər olmur. İnsan (bu üzdən) yalnız dadını hiss etdiyi təamı təqdir etmək gücündədir.
Bəradər Səməndərlinin “Nə sən pərvanəsən, nə də mən şamam” fikri şüuraltı nəsnədir; yəni pərvanə ola bilmək şamın hansı rakursda əriyə bilmək sevdasını anlamaq kəsbidir, şair ya şamın çəkdiyi zülmü aydın sezdiyi üçün o məsuliyyətin altına girməkdən çəkinir, “pərvanəsini” də odla oynamaq təhlükəsindən uzaqlaşdırmaq istəyir, ya da eşqi sadəcə, bir həzz, bir nəşə kimi anlayan “pəri”sinə şamdan daha artıq məqama malik olduğunu bəyan etmək məqsədi güdür.
Yaxud, istedadlı şairin “Tüstün dolur gözünə, üfür, yandır közünü. Külə çevirməkdəsən gör, haçandı özünü” və buna oxşar onlarla (bu tərz) fikrində həyatı – eşqi, taleyi, münasibəti və s. adi təsəvvür kimi qavrayanlara qaynar bir mesaj var…
Əlbəttə, bu cür sətiraltı zəminlər oxucunu həm düşündürür, həm ona doğru-düzgün yaşamağı öyrədir. Digər tərəfdən, eşqin nə olduğunu, hansı çəkidə, hansı rəng və çalarda qərar tutduğunu açır…
Bəradərin elə şeiri var ki, dumanı qatıdır, leysanı-dolusu bir ölüm anı qədər üzücüdür, fəqət bir yaz yağışı kimi oxucuya bahar təravəti daddırır, duyğularını məmnun qoyur. Bu da o anlama gəlir ki, Bəradər Səməndərli şeirin ustası obrazındadır, öz iç dünyasının çəpərlərindən poeziya meydanına keçməyi bacarıb. Bu teoremi Balayar Sadiq də təsdiq edir: «Bəradər Səməndərli öz oxucusu ilə daha çox könül dilində – səmimiyyət dilində danışır. Şeirlərinin hər biri həyat hadisələrinə söykənir…».
Aşağıdakı nümunələrdə də şairin könül-qəlb dilində danışığı aşkar diqqət çəkir:

Bəzən də yorulur bədən, yoldayıq,
Dərk edən bilər ki, nədən yoldayıq.
Olumdan ölümə gedən yoldayıq,
Xeyirxah olmasaq, neyləyir bizi?
İlahi imtahan eyləyir bizi…


Yağdı başımıza günahlarımız,
İslandıq taleyin qəm yağışında…


Acılı-şirinli ömür yolunda
Kədərsiz sevinc yox, sevincsiz kədər.
Dünya yaranıbdı əksliklərdən;
Hər şərdə xeyir var, hər xeyirdə şər, –
Kədərsiz sevinc yox, sevincsiz kədər…


Dedim, saxlayacam gözümün üstə,
Dayandım sonadək sözümün üstə.
Odumu söndürüb, közümün üstə
Külümlə oynadın, de, nədən axı?

Xalq-yazı dilində ovqat tapan bu poetik nümunələri oxuyandan sonra tam anlaşılır ki, Eşq İlahi məqam, Şeir Allahın əbədiyyət işığıdır, şeirə – sözə və eşqə daş atmaq Allaha qarşı çıxmaq, sözə-eşqə xəyanət etməkdir. Bəradər Səməndərli xoşbəxt qələm sahiblərindəndir ki, Allahın əbədiyyət işığında ömür sürür, sözə-eşqə sadiqdir. Onun həm yuxarıdakı, həm də “hər anımız xatirədi ömürdən…”, “Olum kimi ölüm də var qarşıda…”, “Ömür çırpı-çırpı çürüyüb gedir”, “Cism paltardısa, ruh canda eşqdir”, “Dünya cihad meydanı at oynadan nəfsdi” və s. kimi poetik fikirləri elə bu mahiyyəti açır. Aşkar görürük ki, xatirələr ya insana xoş anlar yaşadır, ya da yanğı verir. Və Sözün insanı titrətməsi adi hal deyil…
Əlbəttə, Bəradər Səməndərlinin üz tutduğu ünvanın adı SÖZdür. Onun söz anlayışında diqqət çəkən fərqli komponent də elə sözdür.
(Çoxumuzdan fərqli olaraq) Bəradər Səməndərli sözə elə vurğundur ki, ötən illər ərzində bir dəfə də olsun, gözlərində məyusluq sezmədik. Buna bəlkə nikbin olması zəmin verir? Bəlkə də hadisələrə şüuraltı nüfuz edir deyə, özünü toxtaq tutmağı bacarır. Hər halda, kimsə onu qəm notunda, kədər çalarında görə bilməz.
Açığı, “Bu dünyaya imtahana fəlmişik” adlı kitabı da isbat etdi ki, Bəradər Səməndərli sağlam, güclü və məzmunlu fikir üçün cihad edən fatehdir. Biz onun adıçəkilən kitabını bir insanın (bir duyğu adamının) ömür gündəliyi kimi xarakterizə etmədik, əksinə, kitabdakı şeirləri poeziya üçün ciddi bir əsas hesab etdik. Səmimi deyək, bu kitabda müəllifin (öz) könül aləmi də, vətəndaş obrazı da, elə üz tutduğu qiblə də başdan-ayağa sözün sevdaları ilə rənglənib.
Yəni adıçəkilən kitab (da) sübut edir ki, Bəradər Səməndərlinin həyat eşqi SÖZdür…

Müəllif: Hikmət MƏLİKZADƏ,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir