Qəşəm İsabəyli. Nəfs.


NƏFS
(hekayə)

Otuz il qabağın söhbətidi. Payız günlərinin birində orta məktəb yoldaşım yanıma gəlmişdi. Ucaboy, güləriz, sifətindəki işıqdan başqa elə də cəlbediciliyi olmayan, hesabat verirmiş kimi əl-qoluyla danışmağı xoşlayan dostumun üz-gözündən həyat eşqi yağırdı. Onda mən, indi adından başqa heç nəyi qalmayan “İşıq” nəşriyyatının not-musiqi redaksiyasında otururdum. Redaksiyanın qadın işçiləri bir göz qırpımında vuruldu ona. Xüsusən də Afər xanımın marağı dostumu ilhama gətirmişdi. Şirvanlı ehtirasıyla basıb-bağlayırdı. Saat yarımdan sonra xudafizləşib gedəndə az qala rerdaksiya işçiləri nəşriyyatın qapısınacan onu yola salmağa çıxmışdı. Sonra da məni tutdular sorğu-suala. Mən də xəsislklə söz kəsənlik elədim:
–Yerlimdi, bir məktəbdə oxumuşuq…
Beş aydan sonra təzəcə işə gəlmişdim ki, tanımadığım bir oğlan uşağı redaksiyamıza gəldi:
–Müəllim, çayxanada sizi bir kişi gözləyir.
Tələsik aşağı düşdüm. Gördüm dostum çayxananın bir qırağında qarşısında bir çaynik çay, iki stəkan, beli bükülmüş vəziyyətdə oturub, gözünü zilləyib bir nöqtəyə.
–Niyə yuxarı qalxmamısan?!
–Qalxa bilmədim…
–Niyə?
Qəribə cavab verdi:
–Bilərsən.
–Gözümə kefsiz dəyirsən?!
–Sınıq çıxmışam!
–Nə mənada?!
–Malımı-pulumu batırmışam. – Üzünə maraqla baxdığımı görüb, gülümsədi. –Yeməyə çörəyim vardı, sürməyə maşınım vardı, xərcləməyə pulum vardı. Amma bunlar mənə azlıq eləyirdi. İstəyirdim adamların gözündə bir mərtəbə də ucalım.
Başladım təzə qazanc yeri axtarmağa. Böyük adamların birinin bacısı uşaqlarıyla qarşılaşanda çiçəyim çırtladı: “Mənim də atımın nalınamı, alnınamı gün doğarmış!”. Onların söhbətindən belə başa düşdüm ki, Rusiyada tomat pastasının ayağı yerə dəymir. 10 min banka apar, bir ətək pulla qayıt. Beh verib, 10 min bankanı sayıb götürdüm. Vaxt qoydular. Ticarətdə də vaxt qumarda uduzmaq kimi bir şeydi.
–Narahat olmayın, inşallah, 10-15 gün qabaqcadan pulunuzu qaytaracağam.
–Unutma ki, bir gün geciksən, 1 faiz artıq ödəməli olacaqsan.
Sağ əlimi qoydum sol gözümün üstünə.
–Niyə sol?!
–Sağımdan solum yaxşı görür.
Gülüşdülər…
Malı yük maşınıyla vurdum Rusiyaya, özüm də dalıyca uçub getdim. Saratovda yükü qarşılayıb yer-yurd elədim. Nümunə üçün bir qədərini çıxartdım bazara. Alıcı quş kimi aldı üstümü. Gördüm, bankanı əlinə götürüb o-üz bu üzünə baxan-baxan yerə qoyub, çıxıb gedir.
“Köpək uşağı, – ürəyimdə dedim, – heç olmasa dadına baxın.”. Hətta birini də açıb nümunə kimi qoymuşdum ortalığa. Heç barmaqlarını batırıb dillərinə də vurmadılar. Çaşıb qaldığımı görən bir Allah bəndəsi qulağıma pıçıldadı, – bunun istehsal tarixi, yararlılıq müddəti, nettosu… bruttosu… hanı?!
Barmağımı dişlədim. Böyük adamın bacısı uşaqları tomat pastasını eləcə bankələrə doldurub, üstünə də pomidor şəkli yapışdırıb, vermişdilər qoltuğuma. Mən də hər yeri Azərbaycan bildiyimdən, ağlıma da gəlməmişdi ki, baxım görüm zəhrmara qalmış pomidor pastasının istehsal tarixi haçandı. Rusa da, bankanın içindəkindən çox çölü lazımdı – 500 qram əvəzinə 100 qram da olsa, təki etiketi olsun, elə dolu banka kimi qəbul eləyəcəklər.
Malı bazardan çıxardıb, aparıb tökdüm kirayədə qaldığım həyətə. Elə axşam ikən axtarıb bir mət¬bəə tapdım. Sifariş verib, malın çəkisi, istehsal tarixi, yararlılıq müddəti… nettosu… bruttosu… möhür düzəltdirdim. Səhər sübh namazından…
Sözünü ağzında qoydum:
–Namaz qılırsan bəyəm?!
–Bir o qalmışdı!
–İndi hamı millət namaz qılır.
–Millət çaşıb, elə bilir müsəlman olmaq namaz qılmaqdan ibarətdi! Lənət şeytana. Onu deyirdim axı. Qolumu çırmayıb, girişdim işə. Özüm tək, banka da on min… Şappa-şap başladım bankələrin kürəyinə möhür salmağa. Necə qızışırdımsa, yemək-içmək yadımdan çıxırdı. Bir də onda ayılırdım ki, bir əlimdə möhür, bir əlimdə bankə, başımı qoymuşam taxta qutunun üstünə, ağzımın suyu da daşdan su daman kimi axıb tökülüb şalvarıma.
15 günə bankaları möhürləyib qurtardım. Çıxartdım bazara – baxan-baxan göydə qapırdı. Bir gün də gördüm, nəsə mal ağır gedir. O yan-bu yana boylananda, boğazım qurudu. Yalançılar sözü bazarda tomat əlindən iynə atsaydın yerə düşməzdi. Yerlilərim parta-part tomat pastası satırdı.
Artıq malın pulunu vermək vədəm də tamam olmuşdu, hələ də 3-4 min satılmayan bankə qalmışdı. Bakıdan da xəbər xəbər dalınca gəlirdi – bizimlə zarafat eləmək fikrinə düşməyəsən, ha!
Malı dəyər-dəyməzinə yerlilərimə satıb, geri qayıtdım. Haqq-hesab zamanı məlum oldu ki, əlim ətəyimdən uzun gəlir – mayanı da yemişəm, qazancı da. Qayıtdım Kürdəmirə. Gördüm, yoldaşım, uşaqları da götürüb ehtiyac üzündən çıxıb gedib atası evinə. Evdə tək qalan bacım da acından ölüb.
2 gündən sonra ailəm geri qayıtdı. Bərk sevinirdilər. Elə bilirdilər, yel əsib, qoz tökülüb…
Başladı ağır günlərim. Bir adamdan da borc almağa üzüm gəlmirdi. Qorxurdum, məni araya qoyalar. Bir az dəmir-dümürüm vardı, satıb, puluyla gün keçirtməyə başladıq. Bir səhər evdən çıxanda yoldaşım dedi:
–Çörək alarsan.
3 çörək alıb gətirib verdim. Günorta evə qayıdanda, yoldaşım zəndlə üzümə baxdı.
–Nədi, nə olub?!
–Çö¬rək almamısan?
–Nə çörək, – dedim, – bayaq aldığım çörək deyildi?!
–Ay bəxtəvərin balası, iki oğlun var, hərəsi bir dana boyda, onlara 3 çörək bəs eləyər, elə yavan-yavan yedilər?!
İnan, dünya gözümdə zülmət qaranlığa döndü. Cibimdə bir qara qəpik də yox idi. Qapının ağzındakı kətilə yanımı qoyub, əllərimlə başımı tutdum…
Bir xeyli vaxt nə o dilləndi, nə məndən səs çıxdı.
–Bilirsən, niyə gəlmişəm?
Sual dolu nəzərlərimi dikdim üzünə.
–Mənə pul lazımdı – borca!
–Nə qədər?
–On min.
Zəka sahiblərinin məsləhəti yadıma düşdü – “İstənilən borcun yarısını verəsən gərək.”.
–Min manata gücüm çatar.
Ağlımdan keçdi ki, müdriklər onu da deyib ki, borc vermə, verdinsə, geri qayıdacağından ümidini üz.
–Onu da bağışlayıram sənə!
–Allah razı olsun! Düzünü bilsən, yaram çox dərindi, yüz min də sağaltmaz. Amma indi min də məndən ötrü böyük puldu.
–Allahın verdiyinə qane olaydın gərək!
Əlini əlinə vurub şaqqıldayıb güldü.
Çaşıb qaldım: “Bu dərd hara, bu gülüş hara?!”
–Nədi, gülüşüm səni çaşdırdı, deyəsən?!
Başımı yellədim.
Bayaq stolu döşüylə qabağa itələyib, yan tərəfə çevrildi.
Gördüm sağ ayağı dizdən aşağı yoxdu.
–Bu nədi?!
–Nəfs…

03.08-09.09. 2023

Müəllif: Qəşəm İsabəyli

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu: – YADINA DÜŞÜRƏMMİ!?

YADINA DÜŞÜRƏMMİ

A dərmanım bildiyim,
A dərdini böldüyüm,
A dərdindən öldüyüm,
Yadına düşürəmmi?

Vüsalımın dəyəsi,
Həsrətimin tiyəsi,
Yaddaşımın yiyəsi,
Yadına düşürəmmi?

Qəlbində iz açdığım,
Könlünəcən qaçdığım,
Ömrünə nur saçdığım,
Yadına düşürəmmi?

Dağım, dərəm, gədiyim,
Bu qismətə nə deyim?
Dilindən düşmədiyim,
Yadına düşürəmmi?

Qibləm bilib baxdığım,
Gözlərindən axdığım,
Eşqi boyu qalxdığım,
Yadına düşürəmmi?

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

İLHAM QAZAXLININ YAZILARI

ADİL CƏFAKEŞİN YAZILARI


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
======================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Həqiqət Həqiqi. Qardaşım.

QARDAŞIM

(10.09.1970—27.04.2014.)

Təbrikinə necə gəlim,
Bu gün sənin ad günün!
Nə deyim ki, tanrı yazıb,
Bəlkə bu gün şad günün!

Elə dolursan eynimə,
Dəli kimi gözüm gəzir…
Sənsizliklər çox ağırdı,
Dözəmmirəm qəlbi əzir.

Kimi sənə oxşadıram,
Az qalıram gedib öpüm.
Deyim gözəl qardşımsan,
Ürəyimin qəmin söküm…

Bəzən elə bənzədirəm,
Gülüşünü gülüşlərə.
Ah çəkirəm, yaş tökürəm,
Həsrətəm o görüşlərə.

Baxışından yazmyacam,
Göz dəyər o gözlərinə.
Nə desəydim “Pahh” deyərdin,
Bacı qurban sözlərinə.

10.09.17.

ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN …

Müəllif: Həqiqət HƏQİQİ

HƏQİQƏT HƏQİQİNİN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Yazarlar”jurnalının baş redaktoru Zaur USTAC “Heydər Əliyev ili” çərçivəsində səmərəli fəaliyyətinə görə “Heydər Əliyev 100” Fəxri media mükafatı ilə təltif olunub

Yazarlar” jurnalının baş redaktoru Zaur USTAC “Heydər Əliyev ili” çərçivəsində səmərəli fəaliyyətinə görə “Heydər Əliyev 100” Fəxri media mükafatı ilə təltif olunub. “Yazarlar”  kollektivi adından  Zaur   müəllimi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!!!

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏCİDİN YAZILARI

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tramvay parka gedir… – Qabilin şeiri

Gecə saat bir,

Tramvay parka gedir.

Cingildəyir şüşələr,

Boş vaqonda bilinir bu cingilti bu qədər.

Gecə saat bir.

Tramvay parka gedir

Ləngərlə.

Bu ləngər bilinməzdi –

Vaqon dolu olsaydı sərnişinlərlə.

Uzundur parkın yolu,

Küçələr sükut dolu.

Relslərin calağında çıqqıldayır təkərlər,

Elə bil bir nəhəngin dişlərini tökürlər.

Gecə saat bir,

Tramvay parka gedir.

Məftillərdən od qopur şimşək çaxan sayağı,

Məftillər fışıldayır qızıl ilan sayağı.

Uzunsov lampoçkalar yanır-sönür arabir,

Konduktor mürgü döyür…

Tramvay parka gedir.

Konduktorun çənəsi

Boynundakı çantanın qayışına toxunur,

Yumulu gözlərindən hər şey açıq oxunur.

Sürücü siqaretin kötüyünü sümürür,

Yandakı pəncərədən –

Qaranlığın üzünə bir parça köz üfürür.

Yolda bir sərxoş durur, dünyanın ağasıtək…

– Xox… qorxub qaçacağam, kişidir, bassın görək.

Təkərlər xırhaxırla relsdə sürüşüb yanır,

Konduktor məhəccərə çırpılaraq oyanır.

Qaçır sürücüyə sarı:

– Adam basdın?

– Yox, ay qız!

Heç iti-pişiyi də candan etmək yaramaz.

Qorxdun?

– Qolum əzildi yaman.

– Can-can…

Gecə saat bir,

Tramvay parka gedir.

Sürücünün saçında sürüşür qızın əli:

– Baləli!

– Can!

– Yorulmusan?

– Az-maz.

Eybi yoxdur, Münəvvər.

Parka az qalıbdır, az,

Parkacan özümüzü çatdırarıq birtəhər. –

Gecə saat bir,

Tramvay parka gedir.

Gözətçilər bayırda hərdən fışqırıq çalır,

Gözətçilər neyləsin, sübhəcən oyaq qalır,

Yuxu qovulsun gərək.

Mürgü sovulsun gərək.

– Baləli!

– Can!

– Gəl sabah ərizə yazaq, gəl çıxaq tramvaydan.

– Bu fikir hardan düşdü ağlına, ay Münəvvər?

Necə yəni gəl çıxaq, gəl ərizə yazaq səhər?

– Baləli, ayaqlarım tapdağa dözmür, inan.

Səhər-axşam ürəyim hövl edir basabasdan…

Sənə nə var, Baləli, bircə yola baxırsan,

Hay-küydən nə xəbərin, relslər üstə axırsan.

– Deyirsən də, Münəvvər.

Yoldan fikrim yayınsa, yüzünün qanı gedər.

Bu yandakı güzgüdən

Dalı da görürəm mən,

Dala da baxıram mən.

Gedə-gedə minirlər,

Gedə-gedə düşürlə.

Minəndə sürüşürlər,

Düşəndə sürüşürlər.

Hamıya cavabdehəm,

Nə qəm…

Ay dəli!

Ay tramvay gözəli!

Ay mənim konduktorum!

Köhnə bayatılarla neçin özümü yorum? –

Gecə saat bir,

Tramvay parka gedir.

– Deyirsən, tramvayın səhər ataq daşını?

Qız oğlanın çiyninə toxundurur başını.

– Bəli.

Baləli!

Hansı işə deyirsən, hara deyirsən, gedək.

Lap qızıl mədəninə…

Lap kömür mədəninə.

Gedək, amma, tən gedək.

Vaqonda işıqlar sönür bu zaman…

– Ay-hay,

– Eh, bu cərəyan da vaxt tapdı yaman.

Susur tramvay,

Bir az gedir-gedir, durur tramvay.

“Parka yaxşı gəldik”, “Yaxşıca çatdıq”.

“Yaxşıca dincəldik”, “Yaxşıca yatdıq”.

– Düş, cərəyan gəlincə, gəzək bayırda bir az,

Hava almaq pis olmaz.

Gör, bizim tramvaya nə yazılıb, Münəvvər,

“Komsomola hədiyyə!” əntiqədir bu sözlər.

Hər vaqonun böyrünə yazılmayır belə şey,

“Komsomola hədiyyə!” böyük şan-şöhrətdir ey!

– Əlbəttə, çox böyükdür, buna nə söz, nə söbhət,

Bu vaqonla işləmək səadətdir, səadət.

Adamla dolu olur tramvay səhər-səhər,

İşə gedir camaat, işə gedir fəhlələr.

Bir parası qızarır,

Gözümdən yayınmağa bir künc-bucaq axtarır.

– Bilet alın, – deyirəm, deyirəm, dayanıram.

Bir parası ağarır.

Mən isə ağartmıram – susuram, inanıram…

– Sərnişinlər də var ki… ay Münəvvər, axı sən

onların barəsində bəs niyə söz demirsən?

Bir biletçin bir onluq ötürür əldən-ələ,

Gözünü qırpmır belə…

Bəs niyə söyləmirsən: elə sərnişin də var

biletsiz düşmür yerə… keçir dayanacaqlar…

Yoxsa, sənin sözündən belə çıxır ki, daha

Bir belə camaatın işi qalıb Allaha?

Bəlkə biri xəstədir, natəmizdir cövhəri,

Ömrünün illərindən çox sevir qəpikləri.

Harda olsa, qənimət axtaranlar da çoxdur.

Hər bilet almayanın zənn etmə ki, cibində

üç qəpik pulu yoxdur.

Ölümə göz dikən var – ölüm olsa havayı,

Onların nə vecinə hökumət tramvayı.

Bilirəm, inciyirsən səhərdən-axşamadək

əlli min cür adamla çənə-boğaz döyərək.

İxtisara düşəcək onsuz da vəzifəniz,

Bütün konduktorları yığıb söyləyəcəklər:

“Başqa işə keçin siz!”

Gün gələcək, bizi də yığacaqlar bir yerə,

Deyəcəklər: “Yaraşmır tramvay bu şəhərə.

– Sürücülər, sizinlə qurtardıq”, – deyəcəklər,

“- Relslərin hamısını çıxardıq”, – deyəcəklər.

Onda biz də taparıq ayrı peşə, ayrı iş,

Yol geniş, həyat geniş.

Sənin yaşın iyirmi, mənimki iyirmi bir,

Yelkən təzə açılır, gəmi təzə yellənir.

Parkda bizi tanıyır, parkda bizi sevirlər,

Yaxşı, çıxıb neyləyək, hara gedək, Münəvvər?

Sən biləni başqa yer burdan rahatdır yəni?

Yox, kurort zənn etməyək fabrik ilə mədəni.

Üz-üzə gələcəksən insanlarla, Münəvvər,

Hər yerdə, hər məkanda.

Nə deyim, görəcəksən filan da, bəsməkan da… –

Xəttə cərəyan gəlir,

Qaranlıqdan işığa çıxan gözlər qamaşır.

Elektrik motoru elə bil donquldanır,

Kiminləsə savaşır.

Tramvay ağır-ağır öz yoluna düzəlir.

– Yadındamı, Baləli, qələm çəkdik hər şeyə,

Göz yumduq hər gileyə.

Eşqə, sədaqətə biz and içərək,

Vurğunun, “Komsomol poeması”nın

ilk sətirlərini xatırladantək:

Ayazlı-şaxtalı bir qış səhəri

İki yoldaş olub yola düzəldik.

Nabələd-nabələd gəzib şəhəri,

Axırda tramvay parkına gəldik.

Bizə yataqxana… bizə iş… hörmət…

İnsanlıq… şirinlik… qayğı… hərarət…

– Yaxşı ki, bunları sayırsan bir-bir…

Ötür dayanacaqlar, tramvay parka gedir,

Maşın tapa bilməyən sürücüyə əl edir,

Tramvay parka gedir…

– Mən bunları sayıram, mən bunları qanıram,

Ancaq öz qərarımı yenə doğru sanıram.

– Park bizə ev verəcək bu gün-sabah, Münəvvər!

– Parkda işləməyənlər küçədə yatır məgər?

Tramvay bir dövrənin ətrafında dolanır,

Çıxa bilməz kənara, gedə bilməz uzağa.

Ömrün, həyatın yolu üfüqlərə uzanır,

Bizə qol-qanad gərək üfüqləri… aşmağa,

Üfüqün yolu çətin, üfüqün özü əlvan,

Qoy bu son dövrə olsun, ayrılaq tramvaydan.

Üfüqün bir parçası harda yanır, Baləli?

Kəndimizin üstündə, yanırmı?

– Yanır, bəli!

– Bax, o həmin parçada niyə görünməyək biz?

Tinlərin arasında tam sürəti boğulan

Tramvayda nə üçün keçsin ilk gəncliyimiz?

Səninlə bağlamışam arzumu-diləyimi.

– Peşmansan?

– Yox?

Duymursan ürəyimi?

Getməsən də, dözərəm.

Boynumda pul çantası, əlimdə bilet topu

Tramvayda gəzərəm.

– Münəvvər!

Maaş günüdür səhər,

Nəqd, halal.

Gedək, nə xoşlasan, al.

İkimizin qazancı üst-üstə xeyli tutur,

Maaş günüdür səhər.

Ağlayan bir uşağı konfet ovundurantək

Böyük də pul alanda hər ağrını unudur,

Qız başını bulayır:

Çanta yana əyilir, pullar dağılır yerə.

Diksinib cingiltidən geri baxır sürücü

gözucu.

Yenə dönür irəli,

– Saxlayım?

– Sür,

Baləli, sür!

Parkın darvazasının işıqları görünür.

1962

İlkin mənbə: /edebiyyatqazeti.az/

Müəllif: QABİL

QABİLİN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac: – Hər səngər məbəddi, pirdi hər əsgər!

   ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. NƏ ZAMAN DÜŞƏCƏKSƏN?

NƏ ZAMAN DÜŞƏCƏKSƏN?

(hekayə)

Metroda basa-bas idi. Hamı eyni vaxtda – saat 18-də işdən çıxdığından metroya üz tutur, basırıq yaranırdı. Bu qədər insanı avtobuslar aparıb mənzil başına çatdıra bilməzdi. Tutumuna görə, tıxaclar səbəbindən və s. Həm də saatlarla dayanıb avtobus gözləməli olardın.

Bu yeraltı nəqliyyatı – metronu icad edənlərin Allah atalarına rəhmət eləsin. Bakıda yaşayanların sayı xeyli artmışdı. Odur ki, çox vaxt metro da xəcalətli qalırdı. Dili yox idi ki, üzr istəsin.

Xüsusən səhərlər, bir də axşamüstülər metroya da yaxın gəlməli deyildi. İşdən çıxıb metroya gəlincə on beş dəqiqə çəkdi.

Rəsul əvvəlcə metronun, sonra eskalatorun qarşısında növbədə tutdu. Axır ki, 28 May stansiyasına enib, qatarı gözləməyə başladı. Burada lap çox adam vardı. 4-5 cərgədə düzülmüşdülər. Özünü vaqona salmaq böyük qəhrəmanlıq idi ki, Rəsul bunun öhdəsindən gəldi. Təzə vaqonların kondisioneri işləsə də, köhnə vaqonların kondisionerini işə salmırdılar. Rəsulun baxtına köhnə vaqon düşmüşdü. Tər onu yuyub aparırdı. Nə etməli? Dözmək lazım idi.

İçəridəki adamlar az qala bir-birlərinə yapışmışdılar. Tərpənmək, dönmək olmurdu. Qarşı tərəfdə bir kişi vardı. Rəsulla qarın qarına dayanmışdı. Rəsulun ayağı ağrıyırdı. Bu, səbəbsiz deyildi. Növbəti stansiya “Nizami” idi. Rəsul üzünü həmin kişiyə tutaraq:

-Nə vaxt düşəcəksən? – deyə soruşdu.

Kişi:

-20 yanvar stansiyasında düşəcəyəm, – dedi.

Rəsulun ona acığı tutdu:

-20 yanvar stansiyasına qədər mən dözməliyəm?

Onun sözləri kişiyə çatmadı. Rəsulun nə dediyini başa düşmədiyindən ondan soruşdu:

-Vaqonun isti, adamların çox olmağı mənim günahımdır?

Rəsul başa saldı:

-Söhbət vaqonun isti, adamların çox olmağından getmir. Sən mənim ayağımın üstünə çıxmısan. Soruşuram ki, nə zaman düşəcəksən? Sən də mənə nağıl oxuyursan. Deyirsən 20 yanvar stansiyasında düşəcəyəm. Həmin stansiyaya hələ 3 dayanacaq qalır. O vaxta qədər mən dözməliyəm? Bu lap ağ olar axı…

Kişi başa düşüb üzr istədi və tez ayağını çəkdi.

Bakı şəhəri, 08 sentyabr 2023-cü il

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru