ÇİNGİZ ABDULALYEVƏ QARŞI ÇIXMAQ ???

ÇİNGİZ ABDULALYEVƏ QARŞI ÇIXMAQ ???

Son vaxtlar Xalq yazıçısı Çingiz Abdullayevə qarşı edilən “hücum”ları araşdırıram. Onların arasında təəssüf ki, yazarlarımız da, jurnalistlərimiz də var. Vaxtilə İranda molla rejiminin “casusluq” damğasıyla tutularaq 20 il həbs cəzası gözləyən, məhz Çingiz Abdullayevin hökumət səviyyəsində müraciətindən sonra azad olunaraq doğma vətənə dönən yazarımız da…təəssüf ki…Həm də çox kobud formada “hücum”…
Yaxşılıq çox tez unudulur. Heç olmasa yazma!
Cəmiyyət nə vaxt deqrodasiyaya uğrayır? O vaxt ki, maddiyyat mənəviyyatı üstələyir. Maddiyyat mənəviyyata üstün gələndə cəmiyyətdə eybəcər formalar, eybəcər düşüncələr ortaya çıxır. Hətta bəzilərində emosiya, öfkə, əsəb, yaşadığı mühitdən narazılıq onların insanlıq hissinə üstün gəlir. Və dəyər verə bilmək qabiliyyətləri də arxa plana keçir. Belə olduqda meyarlar, dəyərlər itir.
Yaxşımızı da mənən itiririk…
Sosial şəbəkələrdə dəyərli sənətkarlarımıza, şəxsiyyətlərimizə qarşı yazılanları oxuyaraq bu nəticəyə gəlirəm.
Bu gün Xalq yazıçısı Çingiz Abdulalyev, Xalq artisti Rasim Balayev və başqa şəxsiyyətlərimiz haqqında bildi-bilmədi, ağına-bozuna baxmadan yazanlar, status paylaşanlar, həmin statusların altından az qala söyüşlə, təhqirlə dolu rəy yazanlar düşünürəm ki, bununla sanki cəmiyyətdən hayıflarını çıxırlar. Bəlkə də o anda öz problemləri düşür yada, beyinlərində ancaq yaşadıqları neqativləri yazmaqdır…
Onların içində narazılar da var, “küyə” gedənlər də…
Bəziləri isə sadəcə ədəbi mühitdə, cəmiyyətdə çaxnaşma yaratmaq üçün və yaxud reytinq xatirinə edirlər.
Şübhə etmirəm ki, nə zamansa o qərəzli, səmimilikdən tam uzaq, hətta az qala söyüşlə olan “yazılarını” paylaşan adamlar haqqında da indi onların yazdığı kimi “hədyanlar” yazacaqlar…! Buna tam əminəm.
Və bir sənətkara, dünya şöhrətli bir yazıçıya bu qədər “hücumları” qəbul edə bilmirəm!
Cingiz Abdullayev kimdir?
Bu suala dəyərli aktyorumuz Xalq artisti Fəxrəddin Manafovun illər öncə mənə söylədikləri ilə cavab vermək istəyirəm:
Fəxrəddin Manafov deyirdi:
“Moskvada idim. Küçədə insanların bir dükanın qarşısında sıra ilə düzüldüyünü gördüm. Maraq məni bürüdü. Növbə o qədər uzun idi ki, hövsələm çatmadı, sıraya durum. Sadəcə bir rus qadınından soruşdum ki, orda nə satırlar? Cavab verdi ki, yazıçı Çingiz Abdullayevin əsərlərini. Mənim hövsələm çatıb durmadığım sırada insanlar məşhur yazıçımızın əsərləri üçün saatlarla növbəyə dururdular. Təsəvvür edirsiz? Sonradan Pribaltika respublikalarında və digər yerlərdə də bu növbələrin şahidi olurdum. Düzü, bir yerli kimi bu məni çox qürurlandırır..”
Bu qədər sadə.
Məşhur Qırğız yazarı Çingiz Aytmatov rusca yazdığı “Cəmilə” hekayəsi ilə dünyaya çıxdı. Hekayə “Drujba narodov” jurnalında dərc olunmuşdu. Baxmayaraq ki, Çingiz Aytmatov da rusdilli idi, orta təhsili də rusca almışdı, ana dilində çox da səlis danışmırdı, amma qırğızlar onun başına and içirdilər…
Belə şeyləri görəndə “biz niyə elə deyilik?” sualı yaranır beynimdə. Bizi dünyada tanıdan məşhur yazarlara, aktyorlara, sənətkarlara niyə zamanında, elə sağlığında qiymət verə bilmirik? Yaxud vermək istəmirik??
Düşüncəmiz, təfəkkürürmüz, yanaşma tərzimiz dəyişməlidir. Dəyərlərimizə dəyər vermək bacarığına, mədəniyyətinə malik olmaqda böyük fayda var. Bunun üçün də telekanalların üzərinə böyük vəzifə düşür.
P.S. Özbəkistanda bir telekanal var, gecə -gündüz ancaq klassik və müasir yazarlarını, onların əsərlərini təbliğ edir, onlar haqqında gəncliyə məlumatlar verirlər.
Heç şübhəsiz ki, bizdə də olarsa, bu, düşüncəmizdə, beynimizin mütaliəsində əsas rol oynayar.
Son sitat: “Bizdə bu soyuq qanları neylərdin, İlahi?”
Müəllif: Südabə Sərvi

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Qaraxanbəyli döyüşü” adlı sənədli filmin təqdimatı keçirildi – FOTOLAR

Bu gün – 12 sentyabr 2023-cü il tarixində “Trend.az” agentliyində  “Replay media”nın təqdimatında  44 günlük Vətən müharibəsi zamanı 1-ci mexanikləşdirilmiş tank taborunun Füzuli rayonunun Qaraxanbəyli kəndini azad etməsi haqqında “Qaraxanbəyli döyüşü” adlı sənədli filmin təqdimatı keçirildi.  

Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirildi, bir dəqiqəlik sükutla torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi yad olundu.

Sonra mərasim iştirakçıları salamlandı, onlara “Qaraxanbəyli döyüşü” adlı sənədli filmi haqqında məlumatlar verildi. Birinci taborun qazi komutanı mayor Elçin Allahverdiyev bildirdi ki, filmdə canlı döyüşlərdən kadrlar əks olunub, onun komutanı olduğu taborun əsgər və zabitləri Qaraxanbəyli döyüşlərində şücaətliklə vuruşaraq qalibiyyət əldə ediblər. Filmin sifarişçisi şəhid Ruslan İmanquliyevin dayısı Ceyhun Səfərov bildirdi ki,  bu filmi sifariş etmək Vətən müharibəsi bitən kimi çəkdirmək arzusu olub və elə həmin ildən filmidə istifadə olunan kadrları şəhid və qazilərin, sıralarımızda olan hərbiçilərin telefonlarındakı video çəklişləri yığaraq ərsəyə gəldiyini bildirdi: “Bu film dəyərli millət vəkili Aqil Abbasın müəllifi olduğu “Dolu” filminin davamıdır. O filmdə Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir, döyüşçülərimiz işğal olunmuş Qarabağımızdan tankla çıxırlar. “Qaraxanbəyli döyüşü” adlı sənədli filmində isə döyüşçülərimiz tankla Qarabağa girir və torpaqlarımızı azad edir.

27 sentyabrda başlanan Vətən müharibəsində əsas zərbə istiqaməti Füzuli idi.  İlk əməliyyatlardan biri Füzuli rayonunun Qaraxanbəyli kəndində şəhid komutan Həmdəm Ağayev və qazi komutan Elçin Allahverdiyevin 1-ci taboru tərəfindən keçirilirdi. Beləliklə, Azərbaycanın hərb tarixində ən qanlı savaşlardan olan Qaraxanbəyli döyüşünün adı həkk olundu. 34 şəhidi və 117 qazisi olan 1-ci mexanikləşdirilmiş tank taboru, itkilərə baxmayaraq, Azərbaycan Ordusunun şücaətini bütün dünyaya göstərə bildi. 
“Replay media” nın təşkilatçılığı ilə hazırlanan “Qaraxanbəyli döyüşü” sənədli filmi əsgərlərimizin qəhramanlığını real kadrlar əsasında nümayiş etdirmək və şəhidlərimizin xatirəsini əbədiyyən yaşatmaq məqsədini daşıyır.  Xatırladaq ki, sənədli filmdə istifadə olunan videomateriallar 1-ci taborun əsgərlərinin döyüş əsnasında çəkdikləri kadrlardır, məhz bu səbəbdən filmdə tam olaraq real döyüş şəraiti əks olunur.
Bundan əlavə, filmdə şavaşın dəqiq təsvirini, eləcə də əməliyyatın ab-havasını taborun qazi komutanı Elçin Allahverdiyevin dilindən də eşidilir.
“Qaraxanbəyli döyüşü” adlı sənədli filminin təqdimat mərasimində iştirak edən şəhid anaları; əfsanəvi generalımız Polad Həşimovun anası Səmayyə Həşimova, gizir Elmar Nəsibovun anası Sürəyya Mehdiyeva, kəşfiyyatçı leytenant Vüsal Muradovun anası Kəmalə Muradova, şəhid ailə üzvüləri, elm xadimləri, döyüşçü qazilər, bir sıra media nümayəndələri filmə baxaraq çox təsirləndilər və hələlik bu səpkidə yeganə olan filimin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür etdilər.   

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.

Mənbə: trend.az

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Müzəffər ordunun şanlı əsgəri – Zaur Ustac

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elçin İSGƏNDƏRZADƏ: – Şuşam!



Şuşam

O bizim ağaclarıydı,

o bizim küləkləriydi,

o bizim yağışlarıydı…

Duruşundan tanıyırdım,

qoxusundan tanıyırdım,

yağmasından tanıyırdım.

Ağac da boynubüküydü

külək də qırıq-qırığıydı

bulud da çilik-çiliyiydi…

Ağacına qurban olum, dedim

buluduna qurban olum, dedim,

daş yoluna qurban olum dedim…

O qədər qurban oldum ki, –

gördüm anam da qurbandı,

gördüm balam da qurbandı…

Qurbanlarını qəbul elə, Şuşam!

lll

Duyğularım aşıb-daşır, arzularım sellənir,

yağan yağış ağacların çökəyində göllənir,

ürəyimdə tutya kimi neçə şeir dillənir –

Şəhərlərin şəhərisən, şəhərisən ay Şuşam

zəfərlərin şəhərisən, şəhərisən ay Şuşam!

Qədimliyin, ululuğun əsrlərə söykənir,

igidliyin, ağalığın nəsillərə söykənir,

nağılların nə miflərə, nə sirlərə söykənir –

Gövhərlərin şəhərisən, şəhərisən ay Şuşam,

Zəfərlərin şəhərisən, şəhərisən ay Şuşam!

Bütün yollar səndən keçir, sən yolların yolusan,

Məscidintək, keçmişintək ululardan ulusan,

Gözümüzün işığısan, ömrümüzün nurusan –

Şəhərlərin şəhərisən, şəhərisən, ay Şuşam,

Zəfərlərin şəhərisən, şəhərisən, ay Şuşam!

Şuşadakı evimizin uçuqları önündə

O evin uçqunuyam,

hər gün kərpiclərim ovulur,

uçunuram,

uçuluram…

Havaya bax,

toz-dumandı

uçula-uçula uçuram

tozumun içindən keçirəm,

yazımın içindən keçirəm,

ruzumun içindən keçirəm…

Tozum ərşi-əlada,

yazım bir alınlıq,

ruzum bir ömürlük…

ikinci ömür yox.

Evim yox,

nə ovcumun taleyində,

nə talemin ovcunda,

nə dünyanın o ucunda…

Dünya da uçulur evim kimi

dünya da uçur toz kimi…

Şuşadakı evimizin uçuqlarına noktürn

Əllərim

qapımızın tutacağında qaldı…

Səsim qapımızın cırıltısına qarışdı,

gözlərim pəncərəmizdən asıldı…

Xəyallarım hardasa yol gözləyir,

mənim yolumu…

Evimizin uçuq, sökük daşları,

ürəyimi əzir indi…

Daha…

ürəyim yeriyir uçulmuş yurd yerlərində…

Şuşa küləyi, Şuşa yağışı

Bakıda Şuşa küləkləri əsir hərdən,

Şuşa yağışları yağır…

Bir qərib oğlan keçir o küləklərdən,

islanır o yağışlarda.

Bir qərib umud közərir

vətən həsrətli baxışlarda.

Küləklər Şuşa küləyi,

yağışlar Şuşa yağışı…

Bir qərib oğlan dumana qarışır,

çənə qarışır.

Duman nə gözəldi, İlahi,

külək nə gözəldi, İlahi,

yağış nə gözəldi –

oğlan nə qəribdi, İlahi!..

Şuşalı xatirələrimin baş qəhrəmanı,

Qəmər nənəmin əziz ruhuna

Eh… nənəm o günü xamır qatmadı,

təndir qalamadı, çörək yapmadı.

Xalça toza batdı, cejim qırışdı,

titrək əlləriylə palaz çırpmadı.

Süd daşdı ocaqda, baxan olmadı,

keçilər çəpəri yarıb keçdilər.

Kəndin uşaqları bizim doqqazın

taxta dabanını qırıb keçdilər.

Nəsə dəyişmişdi, həmin deyildi…

hamı yerindəydi, nənəm yoxuydu.

Hərdənbir ağlım da uçub gedirdi,

sanki gördüklərim bir boz yuxuydu.

Yuxuya düşmüşdüm, yuxu nənəmsiz,

bütün baxışlarda boşluq sezirdim.

Nənəm çiyinlərdə getdiyi zaman,

mən evdə, həyətdə nənə gəzirdim.

Eh… nənəm, nağıllı, noğullu nənəm,

payız dumanına qarışıb getdi.

Bizi uydurduğu o nağıllara,

bir də payızlara tapşırıb getdi…

Şuşanın qala divarlarından

Malıbəyli səmtə baxarkən

Könül ki, var

bir sevdanın yarasıdır,

qısıldığım bu divar,

gizləndiyim bu kölgə

ömrün payız arasıdır…

Yarısıdır…

yolun da, yolağın da,

ilk sevgi nəğməsinin

səsi qaldı qulağımda,

ta o vaxtdan,

heç bilmirəm bura

ömrün harasıdır…

Sarısıdır…

gözlərimdə saralan

bu xəzan güllərinin.

yarpaq kimi tökülən

bu təqvim günlərinin.

Daha bu andan belə,

buludlara qoşulub

getməyin sırasıdır.

“Xarıbülbül” otelinin pəncərəsindən baxarkən

Pəncərələr bir umuduydu, onda,

hər mövsüm çiçəkliyərdi şüşələrdə nəm,

hər mövsüm utancaq baxışlar keçərdi şüşələrin içindən…

Bir ürək şəkli cizilərdi,

cızıqlarından şeh daman…

sonra o ürək də süzülüb gedərdi,

yerində ağlayan şüşələr qalardı…

Bir umud yeriydi pəncərələr quşların

ovcumuzda çörək qırıntıları uzadardıq quşlara,

əvvəl qorxardı quşlar,

sonra öyrənərdilər ovucdan yem yeməyə.

Quşlar da sevda quşlarıydı, sanki,

pəncərələr də,

küçələr də.

Pəncərələr yola açılırdı, onda,

sevdaya açılırdı.

İndi ayrılığın gözləri kimi baxır pəncərələr –

içindən bütün ayrılıqlar keçir.

“Xarıbülbül” otelində bir gecə

Bilirsən, bu yol da çıxıb gedəcək,

harasa gedəcək, qayıtmayacaq.

Ürəyin içində yaralı quş tək –

nə gəliş, nə gediş ovutmyacaq…

nəsə baş verəcək, nəsə bitəcək,

yorğun gözlərinə mil sürəcəksən.

çəkilib bir küncə, itib bir küncdə

içində uşaq tək hönkürəcəksən…

Bilirsən, gün daha gün olmayacaq,

önündə qapılar açılmayacaq.

sarmaşıq ağrılar,

sarmaşıq dərdlər –

səndə kök salacaq, qaçılmayacaq…

Beləcə qazancın bir sürü həsrət,

beləcə gedişin səssiz olacaq.

Əvvəl sığınmışdın öz yoxluğuna

sonra yoxluğun da sənsiz qalacaq…

Şəhid evimizə elegiya

I

İndi ağrı bizim evin hekayəsidir,

hərfləri qırıq,

sətirləri sökük,

kərpicləri yerlə-yeksan olmuş.

Tavanının dirəkləri təkcızıq dəftər kimi

üzü göylərə açılmış,

sanki dua edir.

Bilmirəm nə yazım bu təkcızıq dəftərə.

İndi həsrət bizim evin şeiridir,

yazıram,

yazıram,

hərflər evimiz kimi uçur.

II

Dağılmış oyun yerlərindən keçirəm,

xatırlayıram…

– topu tut

– ipi çək

– daşı at

neçə uşaq səsləri gəlir qulaqlarıma…

Neçə səslərin yoxluğundan ötürəm –

nə topu tuta bilmirəm,

nə ipi çəkə bilmirəm,

nə də daşı ata bilmirəm, –

Sevinə bilmirəm heç nəyə…

Sevincim dağıntılar altında çoxdan toza dönmüş, –

çoxdan yoxa çıxmış və unudulmuş…

Müəllif: Elçin İSGƏNDƏRZADƏ

İlkin mənbə: /525.az/

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ELÇİN İSGƏNDƏRZADƏNİN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru