
Böyüyə daş atmazlar
Son illər əsərləri həm ölkəmizdə, həm də dünya ölkələrində maraqla oxunan və təqdir edilən qələm sahiblərindən biri də bildiyimiz kimi, Xalq yazıçısı Çingiz Abdullayevdir. Çingiz Abdullayev əsasən detektiv romanlar müəllifidir və oxucular tərəfindən sevilir. Onun Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələr bugünkü və gələcək nəsillərin ədəbi baxışlarını parlaq şəkildə cilalayır. Açığı, onun bədii qənaətləri çoxumuzda xoş təəssürat oyadır. Xalq yazıçısının yaradıcılığında səmimiyyət başlıca yer tutur. O, özü də çox səmimidir.
Əlbəttə, bu yazıda Çingiz Abdullayevin romanları barədə fikir demək niyyətimiz yoxdur. Məqsədimiz Azərbaycanı dünyada tanıdan bir qələm sahibi barədə deyilən hədyan, iftira sözlərə münasibət bildirməkdir.
Çingiz Abdullayevin Azərbaycan dilində yaxşı danışa bilməməsi böyük qəbahət deyil. Xalq yazıçısına bu iradı tutanlar bəs nə üçün onun ədəbiyyatımıza verdiyi ədəbi töhfələri əsas götürmürlər? Məgər onlar bilmirlər ki, hazırkı dövrdə Azərbaycan ədəbiyyatını dünyada Çingiz Abdullayev kimi bir-iki qələm sahibi təmsil edir?
Əslində, Çingiz Abdullayevə qarşı hazırlanmış qara piyarın mahiyyətində zənnimcə, başqa nüanslar var. Fizianomiyasında bir həya, səsində daxili həyəcan, yeyin titrəyişlər olan Çingiz Abdullayev görəsən kimlərin yerini dar edir? Necə olur ki, son dərəcə həlim və sadə olan bu görkəmli yazıçıya dünya oxucusu hüsn-rəğbət bəsləyir, özümüzünkülər onu az qala təhqir edirlər? O şəxslər ki, Çingiz Abdullayevə qənim kəsiliblər, onlar hörmətli yazıçımızda olan vətəndaşlıq hissindən xəbərdardırlar?
Əslinə qalsa, heç kim ideal deyil. Gəlin,bir az məntiqli düşünək; aramızda yetişən, dünya arenasına çıxan və ölkəmizə maraq artıran qələm sahibləri artıq alçatmazdırlar və onlara daş atmaq böyüyə daş atmaqdır. Böyüyə isə daş atmazlar.
Sona Abbasəliqızı
Türkiyə:-“Kaya haber”ajansı Azərbaycan təmsilcisi