GECƏ
Gecəyarı, kənd yolu,
Hər tərəf qatı duman.
Gözümə heç nə dəymir,
Duman məni udacaq,
Qorxuram, aman, aman.
Kəndi alıb altına
Zülmət nə yaman Allah.
Vaxt da keçmir elə bil
Dayanıb zaman , Allah.
Yumuram gözlərimi,
Açıram yenə duman.
Dayanıram dumandı,
Qaçıram yenə duman.
İtirimişəm bu kəndi,
Bu yolu, bu döngəni.
Duman düşüb dalımca
Qamçılayır kölgəmi.
Deyəsən yol azmışam,
Ya qara basır məni?
Qaranlıq pusur məni.
Qanın, tərin içində
Kəndi ayaqlayıram,
Gülürəm, ağlayıram.
Evlər, çəpərlər hanı?
Hara getsəm özümlə
Daşıyıram dumanı.
Gecə duman donunda
Nə qorxulu görünür,
Duman kənd-kənd sürünür.
Səsimə səs verən yox,
Dünya yatıb deyəsən.
Kənd dumanın altında
İtib batıb deyəsən.
Dörd tərəfim qaranlıq,
Dörd tərəfim dumandı…
Kimsə çağırdı məni:
-Getmə!Dayan!
Dayandım..
Sonra geri qayıtdım.
Gözlərim duman donun
Yavaş-yavaş soyundu.
Şükür, səhərə çatdım!
Müəllif: Təranə Dəmir
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru