Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Poeziya klubunda xanım yazarımız, dos. dok. Esmira Fuadın Güney Azərbaycan ədəbiyyatı ilə bağlı sayca 14-cü olan “Bütöv Azərbaycan bədii təfəkküründə ŞUŞA” Antologiya-kitabının təqdimat mərasimi keçirilib.
Tədbirin gedişində Esmira xanıma “Ziyadar” mükafatı təqdim olunub.
Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Poeziya klubunda xanım yazarlarımız Esmira Fuadın tərtibatı və Mina Rəşidin redaktorluğu ilə işıq üzü görmüş “Bütöv Azərbaycan bədii təfəkküründə ŞUŞA” Antologiya-kitabının təqdimat mərasimi keçirilib.
Tədbirin gedişində Esmira Fuda “Ziyadar” mükafatı, Mina Rəşidə isə “Fəxri Fərman” təqdim olunub. Xatırladaq ki, “Bütöv Azərbaycan bədii təfəkküründə ŞUŞA” Antologiya-kitabı Esmira xanımın Güney Azərbaycan ədəbiyyatı ilə bağlı sayca 14-cü kitabıdır.
Sabah mərhumun üç mərasimiydi. Gecəyarısı olmasına baxmayaraq, hələ də axşamdan başlayan ailədaxili məsləhət-məşvərət öz axarında davam edirdi. Ehsan üçün alınacaq ərzaqlar hesablanmış, yas mərasimində iştirak etmək üçün gələnlərin necə qarşılanması və yola salınması planlaşdırılmışdı. Aşbazından tutmuş qulluqçusuna, qabyuyanına, çayçısına qədər hər kəs siyahıda öz yerini tutmuşdu. Təkcə siyahının “arvad mollası” bölməsinə boşluq hökm edirdi. Çox keçmədi ki, mərhumun həyat yoldaşı boşluğun sultanlığını hiss edib onu taxtdan endirməyi qərara aldı. Güya bu itkidən təsirlənibmiş kimi xırıltılı səslə dilləndi: -Bala, əsas məsələ “arvad mollasıdı”, onu da yaddan çıxarmışıq. Sabah Quranı kim oxuyacaq, mərsiyə deyib arvadları kim ağladacaq? Ailə üzvləri tanıdıqları, yaxınlıqda olan bütün “arvad mollalarının” bir-bir adlarını sadalamağa başladılar. Ancaq hər ad çəkiləndə mərhumun həyat yoldaşı “Onun yaxşı səsi yoxdur, o, yaxşı mərsiyə deyə bilmir, o, məclisi ələ ala bilmir” deyib etirazını bildirdi. Bayaqdan kənarda özünü qəmgin göstərməyə çalışıb, ancaq buna müvəffəq ola bilməyən mərhumun kiçik qızı vəziyyətdən çıxmaq üçün dilləndi: -Ana, niyə dağa-daşa düşürsünüz ki? Mənim ibtidai sinif rəhbərim Xavər müəllim kimi molla var? İlin mollası seçildi rayonumuzda. Xavər müəllimə niyə demirik ki? Mərhumun həyat yoldaşı sanki yuxudan diksinib oyandı. -Ay qızım, bayaqdan deyirəm axı mən tanıdığım yaxşı molla olmalıydı. Amma, adını yadıma sala bilmirdim. Bax, o, əsl məclis adamıdır. Həm illərin müəllim təcrübəsi, həm əla səsi var, həm də məclisi o dəqiqə ələ almağı bacarır. Bilirəm də, camaatın əməlindən baş, bizimkilərin də gözündən yaş çıxarmaq çətin məsələdir. Dur tez zəng elə yatmamış. Ədalət müəllim hələ uşaqlıqdan adının mənasını doğrulda bilməmişdi. Ömrü boyu da adı ilə xasiyyətinin təzadı arasında qərar tutmağa çalışdı, ancaq bacarmadı. Hələ sovet dönəmindən “özünə xidmət” vəzifəsinin əla icraçısı olduğu üçün müxtəlif sahələrdə çalışdı. Dörd övladdan təkcə biri, böyük qızı ali məktəbdən diplomunu, atasından isə dərsini aldı. Diplomunu alan kimi də paytaxtda vəzifə başına keçib kəndlə, ailəsinlə əlaqələri zəiflətdi. Yaşı 35-i haqlasa da “özünə xidmət” vəzifəsindən vaxt ayırıb ailə qurmaq barəsində heç düşünmədi. Hər il də vəzifəsi böyüdü, böyüdükcə də atası kimi daha da öz vəzifəsinə doğmalaşıb, doğmalara yadlaşdı. O vaxt Ədalət müəllimin atası dünyasını dəyişəndə dəfn mərasimində iştirak etmədi ki, – Mən vəzifə adamıyam, kolxozda yoxlanış var. Onu yoluna qoymasam vəzifədən uzaqlaşdırarlar. İndi də qızı bu ənənəyə sadiq qalaraq işinlə bağlı atasının dəfninə gəlməməklə bir daha sübut etdi ki, aldığı dərsi bir vergül belə unutmayıb. Bir vaxt Ədalət müəllimə kənddə hamı ehtiyatlı yanaşırdısa, indi də qızına ehtiyatlı yanaşırdılar. Bəlkə də, ondan irəli gəlirdi ki, həyat yoldaşı xüsusi “arvad mollası” axtarırdı ki, nə yolla olursa-olsun camaatı ağlada bilsin. Uşaqlar otaqdan çıxdıqdan sonra, mərhumun həyat yoldaşı çarpayısına uzandı. Çarpayının bir hissəsinin boş olduğunu indi hiss elədi. Ancaq nədənsə bu boşluq onu kövrəltmədi. Sanki həyat yoldaşı illərdi bu yatağı boş qoymuşdu. Öz-özünə gileylənməyə başladı:
Bax, a Rəhmətliyin nəvəsi, sağlığında pul qazanmağı bacardın, hörmət qazanmağı bacarmadın. Sabah 3-dü, qohum-qonşunu ağlatmaq mollanın məharətinə qalıb. Bircə sabahı yola verə bilsəydik, qızın gəlib çıxsaydı camaatın içində xar olmazdıq. Bu düşüncələrlə də nə vaxt yuxuya getdiyinin fərqinə varmadı. Bu sabah mərhumun həyəti işsizlər parkını xatırladırdı. Boşluqdan bir tərəfində siyasət meydanı açılmışdı. Bir tərəfində iqtisadi məsələlər müzakirə olunurdu. Digər tərəfdə isə qeybət meydanı fəaliyyət göstərirdi. Burda demək olar ki, ox atanların əksəriyyəti mərhumun vəzifəli qızını hədəf seçirdi. Bir sözlə gələnlərin çoxu bəzən nə üçün gəldiklərini belə unudurdular. Bəlkə də, bu an gələnlərin böyük əksəriyyəti mərhumun adını yox, qazanda bişirilən ehsan yeməklərinin dadını, bir də atasının yasına gəlib çatmayan vəzifəli xanımı müzakirə edirdilər. Az keçməmiş mərsiyələri, ağıları ilə ağlatmaq üzrə “ilin mollası” adını almış” Xavər müəllim göründü. İçəri keçib “Başsağlığı” verdikdən sonra şüşəbəndə yönəldi. Hər kəs öz yerini aldıqdan sonra “arvad mollası” “Əl Fatihə” surəsi oxuyub, mərsiyələr deməyə başladı. Ancaq camaatın nəinki gözündən yaş çıxdı, hətta mərsiyə deyildiyi vaxt pıçıltı səsləri belə eşidilirdi bəzən. Xavər müəllim mərhumu yaxşı tanıdığı üçün bu halla qarşılaşacağını təxmin etmişdi. Ancaq bu qədərini düşünməmişdi. Demək olar ki, bildiyi ən ağrılı mərsiyələri deməsinə rəğmən hələ də məclisdəkilərin gözünə yaş gəlməmişdi. Bu isə Xavər müəllimin məğlubiyyəti sayılırdı. Mərsiyələrə ara verib əlini çay stəkanına uzatdı ki, boğazını yaşlasın. Əslində məqsədi çay içmək deyildi, nəsə düşünüb bu vəziyyətdən çıxmaq lazım idi. Elə bu məqamda çöldə səs-küy düşdü. Mərhumun vəzifəli qızı təşrif buyurmuşdu. Soyuqqanlı şəkildə şüşəbəndə daxil olanda məclisdəkilər sanki qəflət yuxusundan ayıldı. Əslində camaat oyanmazdı, əgər daxillərində yatmış kimi görünən nəfsləri oyanıb, baş qaldırmasaydı. Axı bu gələnlərin nə vaxtsa yolları mərhumun qızının qapısından keçəcək. Bəs o zaman xanım vəzifə sahibi deməyəcəkmi atamın yasında yığıb saxladığınız göz yaşını bu gün beş qatıyla geri qaytarmasanız bu qapı üzünüzə açılan deyil. Bu düşüncələrdən gələnləri öncə mərhumun həyat yoldaşının səsi ayırdı:
Gəl ay, Ədalət, gəl, dağ boyda vəzifəli qızın gəlib, hardasan? Əlin balandan uzanıqlı getdi, gəl. Bacısının sözünü ağzında qoyan mərhumun baldızı vay-şivən qopardı: -Gəl ay Ədalət, gəl, bax gör kim gəldi. Son nəfəsinin istisinə isinməyən qızın gəlib, gəl vidalaş, gəl. Bayaqdan göz yaşlarının qarşısını kəsib saxlayan məclisdəkilərin hönkürtüsü indi solisti müşayiət edən xor dərnəyini xatırladırdı. Mərhumun bacısının ağısı göz yaşlarını leysana çevirdi: -Qızını görmədən dünyadan köçən qardaşım lay-lay. Kaş sənin yerinə mən öləydim, a qardaş, a qardaş. Ağlaşma səsləri get-gedə daha da güclənir, sanki küçəni başdan-başa işğal etməyi qarşısına məqsəd qoymuş qoşun kimi hava boşluğunu yarıb sürətlə irəliləyirdi. Gələnlərin hərəsi bir ağı deyib dizinə vurur, hətta üzünü cırnları da görmək olardı. Bütün axıdılan göz yaşları selə dönüb, bir çayda birləşib, üzü Xəzərə doğru sürətlə irəliləyirdi. O çayda kiminin vəzifə arzusu, kiminin iş arzusu, kiminin maşın arzusu, kiminin qızına verəcəyi cehiz arzusu axıb ünvanına doğru gedirdi. O çayda axan arzuların ən böyüyü isə Xavər müəllimin “xalq mollası” arzusuydu. Çaya öz töhfəsini verməyən yeganə şəxs isə mərhumun qızıydı. Babasının yasında atasının göz yaşını görməyən xanım vəzifəli atasının ənənəsini yaşadacağına and içmişdi sanki. Əvəzində vəzifəsinə sadiqlik nümayiş etdirib kimin necə ağladığına nəzarət edir və heyrətlə ağlayanların üzünə baxıb düşünürdü. Görəsən dünyasını dəyişən mənimmi atamdır, ağlayanlarınmı atasıdır, yoxsa vəzifənin atasıdır? Əşşi, nə fərqi var? Əsas odur ki, insanlar mərhum Ədalət üçün göz yaşı tökürdü…
Mən Mirzə Xəlilin qız ovladı Ruhəngiz Muradovanın oğluyam.Anam ailə albomunda atasının şəkillərini qoruyub saxlayır.Hərdən onun haqqında danışır.Odur ki, bir gün bunları yazmağı qərara aldım.Necə olmasa uzun illərdir Azərbaycan Jurnalistlər İttifaqının üzvüyəm.
Mirzə Xəlil İşraği 1896-cı ildə Lənkəran şəhərinin Hacılı qəsəbəsində anadan olub.Atası Hacı Murad fermer idi.İimkanlı şəxs olub.Çünki Mirzə Xəlil qəsəbələrindəki mədrəsədə fars dilində təhsil alandan sonra Lənkəran şəhərində dərslərini davam etdirməyə göndərib.Bu isə kasıb adam üçün mümkün ola bilməzdi.O, Mirzə Xəlilin nüfuzlu ruhani görmək istəyirdi.Mirzə Xəlilin dərslərini yaxşı oxuması hacı Muradı ruhlandırırdı..Onun həmin dövr üçün yüksək təhsilə malik olması üçün heç nəyi əsirgəmirdi.Atasının məsləhəti ilə Mirzə Xəlil 1914-cü ildə Bakıya yollanır.Burada Təzə Pir məscidindəki mədrəsədə ərəb dilində təhsilini davam etdirir və 1917-ci ildə təhsilini uğurla bitirir.Mədrəsədə dərs deyən din xadimlri Mirzə Xəlilin yüksək zehni qabiliyətini görüb atası Hacı Murada məsləhət görürlər ki, onu ali dini təhsil almaq üçün Tehrana göndərsin.Hacı Murad onların məsləhətinə qulaq asır və bu təkliflə razılaşaraq oğlunu Tehran şəhərinə təhsilini davam etdirməyə göndərir.Elə həmin il Mirzə Xəlil Təzə Pir məscidinin axundlarının tövsiyəsi ilə Tehran şəhərinə yola düşür və bu onun həyatında yeni bir dövrün başlanğıcına olur.
Mirzə Xəlil fars , ərəb dillərində mükəmməl danışa və yaza bilirdi.Tehran şəhərində ali dini təhsil aldıqdan sonra o daha sonra Xorasan şəhərində tibbi təhsil alıb həkimlik ixtisasına da yiyələnir.
Təxmin etmək olar ki, Mirzə Xəlil Tehran şəhərində dini təhsilini bitirdikdən sonra axund kimi məsciddə fəaliyyətə başlayıb.Çünkü atası bu qədər müddətdə onun maddi tələbatlarını təmin edə bilməzdi.Mirzə Xəlil 1928-ci ildə Xorasan şəhərlərindən Ərdəbil şəhərinə gəlir və bu şəhərdə ailə həyatı qurur.
O, 1929-cu ildə Ərdəbil şəhərində Siddiqə Hacı Qafar qızı ilə evlənib. Burada özünə ev-eşik qurur.Həyatının ən xoşbəxt günlərini burada yaşayır.1930-cu ilin mart ayında ilk övladı Rübabə dünyaya gəlir.
Onu da xatırladım ki, Mirzə Xəlilin ailə qurduğu Siddiqə yaşca ondan xeyli kiçik olub.Onun 33 yaşı olduğu halda Siddiqənin cəmi 16 yaşı olub.Siddiqə atası Hacı Qafarın tövsiyəsi ilə Mirzə Xəlilə ərə gedib.Hacı Qafar Mirzə Xəlil yaxşı tanıyır onun Ərdıbildə tanınan , nüfüzlu bir adam olduğnu bilirdi . Odur ki qızını ona ərə getməsini məsləhət bilmişdi.Zaman göstərdi ki o bu qərarıda heç də yanılmamışdı.
Dini fəaliyyətlə yanaşı Mirzə Xəlil Ərdəbil şəhərindəki xəstəxanada həm də həkim kimi işləyir.Bu da ailəsinin yaxşı yaşamasına səbəb olur.Əbəs deyil ki , Rübabə xanım sonralar ərdəbil şəhərindəki evlərini , həyətlərini, ordakı xoşbəxt uşaqlıq və gənclik günlərini həsrətlə xatırlayacaqdı.
Rübabədən sonra ailədə başqa ovladları dünyaya göz açdılar.1933-cü ildə Ənvər,1942-cvi ildə qızı Ruhəngiz,1944-cü ildə isə Mahrux,1946-cı ildə kiçik oğlu Əşrəf dünyaya gəldilr.Siddiqə xanım həmişə kiçik oğlu Əşrəfin dünyay gəlməsini bir qədər gileylə xatırlayır və adətən belə deyirdi:
—Yaxşı yaşayırdıq.Əşrəf doğular-doğulmaz dünya qarışdı.Hər şey alt-üst oldu.
Siddiqə xanım bunu deməklə ,məhz həmin ilin dekabr ayında yurd-yuvalarından didərgin düşərək, siyasi mühacir kimi şimali Azərbaycana köçüb gəlməyə məcbur olduqlarını nəzərdə tuturdu.Hərçəndi ki, məhz həmin il Əşrəfin dünyaya gəlməsinin buna heç bir aidiyyəti yox idi.Siddiqə xanım bununla yalnız öz ürək ağrısını şatdırmaq istəyirdi.Amma ailənin İrandan mühacirət etməsinin əsas səbəbi onun həyat yoidaşı Mirzə Xəlilin siyasi fəaliyyətə qoşulması idi.
Məsələ bunda idi ki,1945-ci ildə ikinci dünya müharibəsi Sovet Hökümətinin qələbəsi ilə bitmişdi.Stalin yaranan siyasi şəraitdən faydalanaraq İranda müstəqil Azərbaycan dövləti qurmaq fikrindı idi.bu səbəbdən də o İranda azərbaycanlıların milli azaddlıq hərakatının alovlanmasına rəvac verdi.Pişəvərinin başçılığı ilə azərbaycanlıların azadlıq hərakatı vüsət aldı.Təbriz şəhərində Azərbaycan demokratik firqəsi yaradıldı.Ərdəbildin tanınmış ziyayılarından olan Mirzə Xəlil Bu hərakatın əsas təşkilatçılarından və Demokratik Firqənin Ərdəbil şəhər filialının yardıcılarından biri idi.Mirzə Xəlil firqəınin Ərdəbil şəhər şöbəsinin sədr müavini vəzifəsini tuturdu.Demokratik hərəkat qələbə çalandan sonra ,1945-ci ilin dekabr ayında Təbriz şəhərində ilk qurultay keçirildi.Mirzə Xəlil Ərdəbil şəhərinin təmsilçilərindən biri kimi bu qurultayda iştirakçılardan biri olmuşdu.Onları qarşıda azad həyat gözləyirdi.lakin siyasi proseslər başqa istiqamətə yönəldi.beynəlxalq qüvvələrin təsiri nəticəsində covet qoşunları İranı tərk etdi.Şah rejimi İranda yenidən hakimiyyətə gəldi.Bundan sorra azadlıq hərakatının iştirakşılarının təqib olunması başlandı.Mirzə Xəlil şah rejimi gələndən sonra həbs olundu.Bir müddət sonra şah Rza şah siyasi məhbuslara azdalıq verdi.Onları həbsdən buraxdı.Amma bu xarici qüvvələri razı salmırdı.Onlar şah rejimi ilə inqılabçılar arsında təxribata əl atdılar.Təxribata uyan şah rejimi yenidən həbslərə və edamlara başladı.Bunu görön Mirzə Xəlil 7 nəfərdən ibarət ailə üzvləri ilə İranı tərk etdi.Onlar 1946-cı ilin soyuq dekabr ayında arazı keçərək Şimali Azırbaycana üz tutdular.Burada onları yeni mühüt , yeni həyat gözləyirdi.
Sərhəddi keçəndən sonra Mirzə Xəlilin ailəsi əvvəlcə O vaxtkı Cəliliabad rayonunda məskunlaşırlar.Bir il bu rayonda yaşadıqdan sonra 1948-ci ilin əvvəllərində Səlyan rayonuna köçüblər.Mirzə Xəlil Səlyan xəstəxansında göz həkimi vəzifəsinə işə düzəlib.O iilər Azərbaycanda dini qadağalar güclü idi.Dövlət tərəfindən din adamlarına yaxşı baxılmırdı.Bu səbəbdən Mirzə Xəlil yeni mühütdə özünü rahat hiss edə bilmirdi.Onun uzun illər yaşadığı İranda dinə münasibət başqa idi.Burada ,Sovet dövlətində isə dinə qarşı sərt mövqe hökm sürürdü.Lakin xalq gizlində də olsa dini ayinlərə əməl edirdi.Xalq öz dinini əzəz tuturdu və yüksək dini təhsil görmüş Mirzə Xəlilə hər cür hörmət göstəriridi.Məhz Səlyan rayonunda Mirzə Xəlilin daha iki övladı dünyaya gəliblər.1948-ci ildə Səlyan rayonunda qızı Tahirə .1953-cü ildə isə sonbeşiyi Pərvin doğulduiar.
Mirzə Xəlil 1960-cı illərin ağsaqqalları arasında .Mirzə Xəlil ortada əyləşıb.
Mirzə Xəlil onu təklifini qəbul edir və elə həmin il Əli Bayramlıya gəlir.Birinci katib vədinə sadıq qalır .Burada Mirzə Xəlil torpaq sahəsi alır , ailəsi üçün ev tikir.o 1957- 67-ci illərdə Əli Bayramlının axundu olur.Sonralar Əli Səfərov birinci katiblikdən getsə də ondan sonra vəzifəyə gələn Məmməd Məmmədov da ,Bilal Kərimov da hər biri Mirzə Xəlilə böyük hörmət göstərirlər.
O bir vaxtlar cavanlıqda Ərdəbil şəhərində qurmuş olduğu ev və həyət kimi Əli Bayramlı şəhərində ailəsi üşün yeni ev , həyət qurur.Böyük oğlu Ənvəri evləndirir.Ona həyət alır.Ənvər ticarət sahəsində işə düzəlir.Kiçik oğlu Əşrəf Unversitetin tarix fakultəsini bitirir və tarix müəllimi işləyir.Böyük qızı Rübabə azərbaycanın xalq artisti adına layiq görülür.İrandan mühacir kimi gəldiyi üçün onun qarşısında bir çox sədlər çəkilir.Xarici ölkələrə qastrol səfərlərinə icazə verilmir.Əgər bu qadaqğalar olmasaydı Rübabə bəlkə də dünya şöhrətli müğənni ola biləcəkdi.
Mirzə Xəlil 1967-ci ildə Əli Bayramlıda dünyasını dıyişib və burada dəfn olunub.O keçməkeşli həyatının son on ilini Əli Bayramlıda yaşadı.Yaşlılardan eşitdiyim söhbətlərdən öyrənmişəm ki, onun dəfni həddən artıq izdihamlı keçib.Onun dəfnində və hüzür mərasimində şəhərin bütün tanınmış adamları iştirak ediblər.Məclisə gələn Birinci katib Bilal Kərimov göstəriş verib ki, onun yaşadığı küçəyə təcili asfalt çəkilsin və küçə dərhal işıq sistemi ilə təmin olunsun.Qısa vaxt ərzində bu məsələlər operativ həll olunur.
ÖZ YARADICILIĞI İLƏ GƏLƏCƏK İLLƏRİN PRİORİTETLƏRİNİ MÜƏYYƏNLƏŞDİRƏN ALİM
(Pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kamal Camalovun 50 illiyi münasibətilə)
İnsanlara qoyulan ad bir çox hallarda onların taleyinə öz mistik təsirini göstərir və sanki ilahi həmin adın daşıyıcısını bu ada layiq olmaq üçün hazırlayır. Belə insanlara yaşadığımız zaman ərzində rast gəlirik və adının haqqını verən insan deyirlər belə insanlara. Kamal müəllim də ədəb-ərkanı, kamali-səliqəsi, ziyalılığı və elmi təfəkkürü ilə öz adının haqqını verən insandır. Onunla tanışlığımız elmdə ən çətin mərhələmizdə-elmlər doktoru diplomunu alanda olmuşdu və hər ikimiz Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasından çıxarkən ayaqüstü söhbətimizdə mən qarşımda duran, hələ cavan olmasına baxmayaraq həm elmdə, həm də Naxçıvanın sosial-ictimai həyatında nüfuz qazanmış insanın psixoloji portretini cıza bildim. Kamal müəllim öz ömrünü elmə, elmi axtarışlara həsr edən, yaşadığı illəri həmin illərin elmi məhsuldarlığı ilə ölçən cəfakeş alimlərimizdəndir. Onun hər il kafedra qarşısında verdiyi illik hesabatını sosial şəbəkədə bütün ictimaiyyətə təqdim etməsi, alimin bütün cəmiyyət qarşısında hesabatını ifadə edir. Alim öz elmi-fəlsəfi təfəkkürünə, akademik səviyyəsinə güvənəndə onun üçün özünüifadə çox asan olur. Kamal müəllimin yazdığı əsərləri, monoqrafiyaları, məqalələri onun yuxusuz gecələrinin, böyük zəhmətinin bəhrəsidir və bu əsərlərlə o özünü həm insan, həm vətəndaş, həm də alim kimi təqdim edir.
Ziyalı qıtlığı, alim olsa da ziyalılıq zirvəsinə qalxa bilməmək bu gün də elmi ictimaiyyətdə aktual problem kimi qalır. Biz hələ elmi səviyyəni qiymətləndirməkdən əvvəl, qarşımızdakı insanın insani keyfiyyətlərini, şəxsiyyətlərarası münasibətlərdəki yerini etik normalar süzgəcindən keçiririk. Bəzən bu süzgəcdən keçə bilməyən insanların yüksək elmi səviyyəsi ilə əxlaqi keyfiyyətləri tərs mütənasib olanda onların intellekti, həqiqi elmi nüfuzu kölgədə qalır. Kamal müəllim gözəl əxlaqı dərin elmi zənginliyi ilə üst-üstə düşən alimdir. Bunu onunla söhbətlərdə, ətrafdakılara münasibətində asanlıqla görmək olar.
Kamal müəllimin tərcümeyi halı onu gənc yaşlarından özünü elmə həsr etmiş, bu yolun çətinliklərinə baxmayaraq, elmdə öz adını, nüfuzunu, yerini təsdiqləmiş alim, Naxçıvanın yalnız elm məkanında deyil, eyni zamanda, ictimai-siyasi həyatında fəal rol oynamış ictimai xadim kimi səciyyələndirməyə imkan verir. Zəngin elmi-pedaqoji fəaliyyəti bizdə heyrət qarışıq heyranlıq hissi oyadır və bunu onun elmi-pedaqoji-ictimai-siyasi fəaliyyəti də təsdiq edir: Kamal müəllim 2004-cü ildə “Hüseyn Cavidin pedaqoji ideyaları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 1999–2010-u illərdə Naxçıvan Dövlət Universiteti “Gənc Alimlər Şurası”nın sədri vəzifəsini daşımışdır. 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası 10 yanvar 2012-ci il tarixli (protokol № 01–k) qərarı ilə ona dosent elmi adı vermişdir. Alimin dərslik, dərs vəsaiti və monoqrafiyasına 50-dən artıq elmlər doktoru və professorlar elmi jurnallarda və qəzetlərdə resenzet rəyləri yazılmışdır. 500-dən artıq elmi-pedaqoji məqalənin müəllifidir. Əsərləri ABŞ, Makedoniya, Türkiyə, Kuba, Hollandiya, İran, Özbəkistan, Rusiya və Gürcüstanda nəşr olunmuşdur. Rusiya, İsveç, Hollandiya, Türkiyə Respublikasında keçirilən Beynəlxalq konfrans və Beynəlxalq simpoziumlarda Azərbaycanı təmsil etmiş, sertifikatlara layiq görülmüşdür. 2010-cu ildən Naxçıvan Dövlət Universiteti Elmi Şurasının üzvüdür. Naxçıvan Muxtar Respublikası dördüncü çağırış Ali Məclisinin deputatı seçilmişdir. 2015-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurası tərəfindən “İlin alimi” adına layiq görülmüşdür. 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müdafiə Şurasında “Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafı tarixində “Molla Nəsrəddin” jurnalının və mollanəsrəddinçilər hərəkatının yeri və əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və pedaqogika elmləri doktoru elmi adına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Bu il mənim həm alim, həm də müəllim kimi çox böyük hörmətim və rəğbətim olan Kamal müəllimin 50 yaşı tamam olur və 50 yaşın zirvəsindən geriyə, keçdiyi ömür yoluna baxan Kamal müəllim, heç şübhəsiz ki, məmnunluq hissi keçirir. Ömrünü gənc nəslin təlim-tərbiyəsində şam kimi yandıran, elmdə yorulmadan araşdırmalar aparan, çağdaş Azərbaycan pedaqoji elminin, gənc olmasına baxmayaraq, tanınmış siması olan Kamal Camalov 6-cı onilliyə keçidin astanasında həm vətəndaş, həm alim kimi özünə hesabat verir və gələcək illərin prioritetlərini müəyyənləşdirir.
Kamal müəllimin qətiyyəti, elmi prinsipiallığı, elmə olan böyük sevgisi, tükənməyən tədqiqatçılıq həvəsi onu deməyə əsas verir ki, hələ qarşıdakı uzun illər Kamal Camalov imzası elmi cameəni klassik və çağdaş pedaqogikaya, onlar arasında varisliyin əhəmiyyətinə, milli-mənəvi dəyərlərimizin təbliğinə, pedaqoji fikir tariximizin açılmamış qatlarının tədqiqinə həsr etdiyi əsərlərlə bizi sevindirəcək. Bu gün Azərbaycan pedaqoji elminin belə alimlərə, elm adamlarına çox ehtiyacı var.
Əziz Kamal müəllim, Sizi 50 illik yubileyiniz və ömrünüzün ikinci baharına keçməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə cətin və şərəfli elmi-pedaqoji fəaliyyətinizdə uğurlar, can sağlığı, xoşbəxtlik arzu edirəm. Nə yaxşı ki, qədim Azərbaycan diyarı olan Naxçıvan-Nəqşi-Cahan Kamal Camalovu yetişdirib!
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
ARAZ Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
NADANLIQ
Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…
* * * Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın? * * * Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür… * * * Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik… * * * Nəsimi nəşi Hələbdə, Füzuli hərəmdə qalıb… Babəkin ruhu sərgərdan, Bəzz qalasın duman alıb… * * * Suyumu daşla boğurlar, Daşımı suyla yuyurlar… Xudafərin, Urmu incik, Bizləri bizsiz qoyurlar… * * * Şah babam yol ortasında, Koroğlu göylərdə gəzir… Bizi, bizdən ayrı salan Nadanlıq ruhumu əzir…
MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM Qutlu zəfər sancağım, Sancılmağa yer gəzir! Alınası öcüm çox, Bu gün ruhumu əzir! * * * Dərbəndi, Borçalını Unuduruq həmişə… Kərkük, Mosul bağrı qan, Boyun əyib gərdişə… * * * Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm! * * * İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla… * * * Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi… * * * İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə… * * * Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq… * * * Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün! * * * Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!!
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
TUNCAYA
(Tuncayın timsalında !!!)
Tanrı tutub, ağ torpaqdan mayanı, Gündoğandan Günbatana sənindi! Nişan verib, yeddi günlük Ayını Əksi düşən tüm torpaqlar sənindi * * * Xəzəri ortaya düz qoyub nişan, Boynuna dolanan Hilal sənindi! Ən uca zirvələr, ən dərin göllər Ormanlar, dəryalar, düzlər sənindi! * * * Tanrının payıdı, lütf edib sənə, Tanrıya sarsılmaz inam sənindi! Ataya, Anaya, qocaya hörmət Sirdaşa sədaqət, güvən sənindi! * * * Zamanla hökm etdin tüm yer üzünə Hakimiyyət sənin, höküm sənindi! Aman istəyəni kəsmədin heç vaxt, Ən böyük ədalət, güzəşt sənindi! * * * Unutma ki, lap binədən belədi, Mərhəmətli, yuxa ürək sənindi! Xilas etdi, bağışladı ənamlar, Yamana yaxşılıq, ancaq sənindi! * * * Döyüşdə, düşməni alnından vuran, Süngüsü əlində ərlər sənindi! Savaşda, uçağı kəməndlə tutan, Qüvvəsi qolunda nərlər sənindi! * * * Dəli-dolu Türk oğullar cahana Bəxş etdiyi şərəfli ad sənindi! Adı gəlsə, yeri-göyü titrədən Qorxu bilməz, şanlı əsgər sənindi! * * * Çöldə simgə etdin Qurdu sancağa, Kəhər Atın ən yaxşısı sənindi! Ay-yıldızı nişan tikdin Bayrağa, Zəkalar, dühalar tümü sənindi! * * * Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.