
Ustad Musa Yaqubun kitablarda çapdan qalmış əsərlərindən hələ ki, sonuncusu budur: “Xaqaniyə salamlar”. Bu poema kimi başa çatmalı idi. Xaqaniyə xüsusi sevgisi var idi ustadın. Bilirdiniz ki, məşhur “Dəyirman” poeması onun elə Xaqani yaradıcılığının, bir qədər konkret desək, Xaqaninin “Bənzəyir kündə ayağımda dəyirman daşına, Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim” misralarının təsiri altında yazılıb da demək olar. Amma poeziyamızda xüsusi çəkiyə malik “Dəyirman”da o qədər mətləblər var ki…oxuduqca çoxları dərinlikdən üzə çıxır…
Xaqani Şirvani haqqında ustadla həmsöhbət olarkən onun bu şairdən ədəbiyyat tariximizdə qalan, Mədain xərabələrinin şairə xitabən söylədiyi, əslində şairin xəyalən yazdığı “Biz ədl sarayıykən zülm ilə viran olduq, Zalimlər olan qəsrə gör neyləyəcəkdir dövran” fikrinə istinadı da çox ibrətamiz idi. Deyirdi, Qoca Şərqin bəlasına baxın ki, XII əsrdə Xaqaninin yazdığı İraq xərabəlikləri 8-9 əsr sonra da elə həmin xərabəliklərə çevrilir…Nədir bu Şərqin günahı?!
Yer üzünün Süleymanı neyləsin,
Xaqaninin dəyirmanı neyləsin?..
“Xaqaniyə salamlar”
silsiləsindən
Giriş
1
Babadağdan gələn çaylar,
Əl-ayağın soyuqdumu?
Belə aşıb-daşmaqların
Tanrıdan bir buyruqdumu?
Alapaça qaça-qaça
Gəlib səndən keçən vaxtı,
Su payını içən vaxtı
Səs-səmirdən duyuqdumu?
Ayağını daşlar əzən,
Ağzı qara bala cüyür
Suda qoyub başmağını,
Süzgəc edib yaşmağını
Burnuna su dolan vaxtı
Yenə ayıq-sayıqdımı?
Çaydaçapan çapıb gedər,
Öz ovunu tapıb gedər,
Hörgüləri hörgüləyən
Dırnaqları qıyıqdımı?
Sel suları artdı gəldi,
Sahilləri dartdı gəldi.
Nohurlanıb su ləngidən
Selintilər, çiləkənlər
Ağacdımı, qayıqdımı?
2
Babadağdan gələn çaylar
Hər dərmanın suyundadır.
Dərinlərin at belində,
Dayazın quş boyundadır.
Bulaqların bir parası
Qımıldanır ot arısı.
Bir bulağın nur aynası
İlahinin qoynundadır.
Köhnə marxal donub durub,
Daşını sel yonub durub.
Şehotları donub durub,
İncisi gül boynundadır.
Füzulinin nəfəsindən
Köynəkləri dolub durub.
Gölməçələr məclis qurub
Hübabı bərk oyundadır.
Ağ suları gümüşlənir,
Qara suyu dəmir dadır.
3
Babadağdan gələn çaylar,
Peşnu sənin qolundumu?
Gah bir olur, gah ayrılır,
Bu yol sənin yolundumu? –
Sağlandılar-sollandılar,
Başaşağı yollandılar.
Daşlar selə sinə gərir,
Elə bil ki, nər oynadır,
Novda sular cuşa gəlir,
Dəyirmanda pər oynadır.
Dəyirmanlar qoşa-qoşa,
Suyu gəlir daşa-daşa.
- Nə deyim, nə yaradım:
Gah özümü qınadım
Gül üstündə qanadım
Bir kəpənək gücündə –
Ah, bu dövran, bu dövran
Keçmək olmur yanından,
Girib dəyirmanından
Çıxdım başqa biçimdə.
Hava duman, yol uzaq,
Gecə uzun, gün yasaq.
Mən bir asi yalquzaq,
Qurd ulayır içimdə.
“Bənzəyir kündə ayağımda
dəyirman daşına,
Qanlı göz yaşımla işlər
bu dəyirmanım mənim”.
Dəyirmanlar qoşa-qoşa,
Suyu gəlir daşa-daşa…
Vələsində qara suda
dəyirmanın işlər ikən
Dəyirmanda dən növbəsi
bəlkə də min beşlər ikən
Tişək daşlar
Quru dəni əzib-vurub
dişlər ikən.
Birdən-birə
şindan gəlib dolan vaxtı,
Çiləkənlər
dar boğazda qalan vaxtı
çax-çax haray salan vaxtı
Onda bildim ey Xaqani,
bu dəyirman səninkidi.
İşləyir söz dəyirmanı,
çərxi-dövran səninkidi.
“Mədhiyyə”də xaqan üçün
De, işlət bu dəyirmanı,
“Həbsiyyə”də dövran üçün
De, işlət bu dəyirmanı.
Könlün haqqın sorağında
Kündələrin ayağında.
Yaltaqlar kef-damağında,
Sən işlət bu dəyirmanı.
Ömür keçdi, yaş qalmadı,
Bir tişəkli daş qalmadı.
Gözlərində yaş qalmadı,
Sən işlət bu dəyirmanı.
Sərt illərin yaxasından,
Əsrlərin arxasından
Durub gəlib
heç dəyirman işlətməyin vaxtı deyil.
Bu Süleyman taxtı deyil,
Deməzlərmi şairimiz
təzə bir imana gedir?
İnsan kosmosdan qayıdır,
şair dəyirmana gedir.
Bəs sənin söz dəyirmanın –
O hansı ümmana gedir?
Çay sellənib bənddən çıxıb,
İlan cızdan, xətdən çıxıb
İnsan itaətdən çıxıb
Hərəsi bir yana gedir.
Kəsilibdir gəl-getləri,
Yox vəzifə biletləri,
Yanında qəssab itləri
Yalmana-yalmana gedir.
Var kef yeri, xərac yeri,
Şum birinin əlac yeri.
Min əkənin qazanc yeri
Yığılıb xırmana gedir.
Gedişləri saxla görüm,
Günümüzə ağla görüm… –
Saxla, saxla dəyirmanı, sən Allah!
Sıxır məni dağ dumanı, sən Allah
Sənsən yenə söz sarvanı, sən Allah
Nə olsun ki, müdriklər var, Quran var,
Eh, hələ də qırdıran var, qıran var…
Yer üzünün Süleymanı neyləsin,
Xaqaninin dəyirmanı neyləsin?..

Mənbə: Nəzirməmməd Zöhrablı
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru