Xanlarov Elgiz Zakir oğlu 30 yanvar 1992-ci ildə Laçın rayonu Budaqdərə kəndində anadan olub. 2012-ci ildə Azərbaycan Maliyyə İqtisad Kollecini bitirib, daha sonar Texnologiya Universitetində qiyabi təhsil alıb. Bədii ədəbiyyata kiçik yaşlarından maraq göstərib.
Torpaq yoldan dönüb məzarlığın girişinə yaxınlaşdı. Qapsağın məftil cəftəsini açaraq içəri daxil olub dayandı. İrişüşəli günəş gözlüyünü çıxarıb qulpunu barmaqlarının arasına keçirtdi. Əllərini açıb dua etməyə başladı. Duasını bitirəndə əllərini üzünə çəkib salavat gətirdi, uca səslə: – Amin, – deyib gözlərini qaldırdı, önündə sıra-sıra düzülən baş daşlarının arasından ziyarət edəcəklərini seçməyə çalışdı.
İllər öncə o da digər həmyaşıdları kimi qürbətə, qazanc dalınca getmişdi. Əli çörəyə çatdıqda sevinmiş, – özümə ev, maşın almadan dönməyəcəyəm, – deyə qərarını vermişdi. Ancaq var-dövlət həvəsi gözünü elə tutmuşdu ki, qazandıqca daha çoxunu istəmişdi. Onunla birgə gedənlər elinə-obasına dönüb evlənmiş, ailə-uşaq sahibi olmuşdular. O isə uzun illər dönməmiş, daha çox qazanmaq ümidi ilə qərib ellərdə qalmışdı. İndi kəndlərinə cibində xeyli qalın portmanatla, amma yapayalnız dönmüşdü…
Sakitcə dayanıb məzarlığı seyr edirdi. Bura səksəninci illərdə salınsa da, illər keçdikcə əməlli-başlı böyümüşdü. Baş daşları sanki kənd əhalisinin maddi durumunu, dolanışığını özündə əks etdirirdi. Ən arxadakılarda sementdən tökülmüş, ad və tarixlərin yazıldığı metal lövhələr dəmir çubuqlarla başdaşının üstünə bərkidilmişdi. Orta sıradakılar əhəng daşından yonulmuşdu. Yenilərsə mərmərdən hazırlanmış, üzərlərindəki yazılar lazerlə yazılmışdı.
Düşüncələrindən sıyrılaraq əlindəki gözlüyünü qatlayıb köynəyinin cibinə qoydu. Qohumlarının yatdığı məzarları axtarmağa başladı. Onların yerlərini ya unutmuşdu, ya da bilmirdi. Önündən keçdiyi məzarların baş daşlarındakı adları və ölüm tarixlərini oxuyaraq, sıraların arasında dolaşırdı. Burada yatanların hamısını tanıyırdı. Bəxtiyarı da, Sona xalanı da, Hüseyn kişini də…. Necə tanımayaydı? Uşaqlığı onların gözləri önündə keçmiş, əllərində böyümüşdü. İyirmi il öncə o, kənddən çıxdığında cavan oğlandı, indi mərmər daşların altında yatanlar isə onun indiki yaşında, ya da bir az böyük idilər… Məzarlığı gəzdikcə kəndlərindəki insanların nə qədər tez öldüklərinin fərqinə vardı. Son zamanlar dəfn olunanların arasında, demək olar ki, yetmiş yaşını görən yox idi… Əti ürpəndi, öz-özünə: “Məndəmi yetmişimi görmədən köçüb gedəcəyəm?” – deyə soruşdu. Tərlədiyini hiss etdi. Bilmirdi başının üstündə dayanan iyul günəşindən idi, ya da sürətlə döyünən ürəyindən… Amma yamanca tərləyirdi. Dodaqlarını yalayıb udqundu, qapsağın yanındakı bulağa tərəf boylanıb: “Çıxanda su içərəm”, – deyə özünə təsəlli verib yoluna davam etdi.
Qurumuş otların ayaqlarının altında əzilərək çıxardıqları iniltiyə bənzər xışıltını dinləyə-dinləyə məzarlıqda gəzişir, önündən keçdiyi hər başdaşı gəncliyi ilə bağlı bir xatirəsini yaddaşında oyadırdı. Sanki hər ölüb-gedən özü ilə bərabər, onun keçmişinin, gəncliyinin bir qismini də buraya gətirmiş, tünd rəngli sinə daşlarının altına gömmüşdü. Öncə dayısının məzarının yanında dayandı. Daha keçən il ölmüşdü. Onun adını, soyadını, doğum və ölüm tarixini təkrar-təkrar oxudu. Son vaxtlar qoyulan baş daşlarının hamısı şəkilsiz olduğundan dayısının ölmədən öncəki vəziyyətini gözlərinin önündə canlandırmağa çalışdı. Amma nə qədər elədisə, altmış doqquz yaşında dünyadan köçmüş dayısının görünüşünü gözlərinin önünə gətirə bilmədi. O, elə xəyalında əlli yaşındakı arıq, hündürboylu, gur bığları siqaret tüstüsündən saralmış Məmmədbağır olaraq qalmışdı… Dayısının ruhuna dua oxuyub başdaşına toxundu, dodaqaltı: “Məni bağışla, dayı, yasına gələ bilmədim”, – deyərək məzarın yanından keçib irəlilədi. Abbasın başdaşının önündə dayandı, ölüm tarixinə baxdı. Altı il öncə dünyasını dəyişmişdi… Onlar sinif yoldaşı olmuşdular. On il bir sinifdə oxumuş, məktəb illərində dostluq etmişdilər. İndi biri qara mərmərin üzərindən boylanır, digəri onun başdaşının önündə çarəsizcə dayanıb başını aşağı salmışdı… Sanki Abbasın ölümündə o günahkarmış kimi başdaşından boylanan şəkli ilə göz-gözə gəlməkdən qorxurdu. Olduğu yerdəcə sakitcə dayanıb qalmışdı. Səssizcə titrəşən dodaqlarının arasından: “Vəfasız dünya”, – deyə təkrarlayır, sinif yoldaşının ölümündən xəbərsiz qaldığına görə özünü qınayırdı. Başını qaldırıb göy qübbəsinin ortasında dayanaraq, od ələyən günəşə baxdı. Qamaşan gözlərini çəkib əlinin arxası ilə alnında tumurcuqlanıb aşağı doğru yuvarlanan tər damlalarını sildi. Qəbirlərin arasında gəzməyə davam etdi. Balaca vaxtı yaşadığı batil inancı xatırladığından dodağı qaçdı, öz-özünə gülümsünüb başını yellədi; məzarlığın yanından keçərkən kiminsə qəbrini əlləri ilə göstərməz, təsadüfən çaşıb göstərdiklərində isə günaha batmasınlar deyə işarət barmaqlarını dişləyib ayaqlarının altına qoyardılar…
“Üst arx”ın aşağı tərəfində iki sıra o tərəfdən boylanan şəkli görəndə qəlbi sızıldadı… İncə, hündür başdaşından boylanan bibisi sanki onu çağırırdı… Gəlib məzarın yanına çatanda başdaşını qucaqlayıb öpdü. Ayaqüstə durmağa gücü qalmadığından dizlərini yerə qoyub oturdu.
Bibisini çox istəmişdi, elə bibisi də onu o biri qardaşlarının uşaqlarından çox sevmiş, hamısından üstün tutmuşdu. O, uzaq ellərdə, qərib diyarlarda ikən bibisi dünyadan vaxtsız-vədəsiz köçüb getmişdi. Sanki bircə övlad payını da ondan əsirgəyən bu dünya ona yaşamağı da çox görmüşdü… Bibisi ilə bağlı xatirələri gözlərində tumurcuqlanıb yaşa dönür, yanaqlarından süzülərək sinə daşının üstünə damlayırdı. Ətrafdakı məzarlarda yatanların başdaşlarının altından boylanıb: – “Bibin son nəfəsində səni arzulayarkən haradaydın, ay vəfasız?” – deyə rixşənd dolu baxışlarla ona baxdıqlarını düşünür, hönkürə-hönkürə ağlayıb içini boşalda bilmirdi. Qırtlağını yandıran qəhərini soyutmaq üçün gəmirib qanatdığı alt dodağını sümürür, boğazından keçən hər damla qan özünə duyduğu qəzəbini bir az soyudurdu…
Nə qədər oturduğunu bilmirdi. Sinə daşının əzdiyi dizləri ağrıyır, yumruqlarını möhkəmcə sıxdığından ətinə keçən dırnaqlarının yeri göynəyirdi… Bəlkə yarım saat, bəlkə də bir sat bibisi ilə dərdləşdi, içini boşaltdı.. Başdaşından tutub ayağa qalxarkən səndirlədi, sanki keyimiş ayaqları vəfasız birini daşımaq istəmirdilər. Son dəfə bibisinin başdaşını öpüb ayrıldı, ağlamaqdan qan çanağına dönmüş gözləri ilə axtarıb nənəsinin məzarını tapdı… Yaxınlaşıb qolunu başdaşının çiyninə saldı, əyilib ağ kəlağayı ilə çevrələnmiş üzündən öpdü. Dikəlib ölüm tarixinə baxdı, canlanan uşaqlıq xatirələrini daha aydın görə bilmək üçün əlinin arxası ilə gözlərinin nəmini sildi… Nənəsi onu digər nəvələrindən çox sevsə də, bunu onlara hiss etdirməməyə çalışardı. Hər gördüyündə gur ipək saçlarını oxşayar, üzündən öpüb cibindən çıxartdığı meyvə qurusunu, bəzənsə bir konfeti, ya da bir parça qəndi ovcuna qoyub qulağına: “Kimsə görmədən ye, yoxsa əlindən alarlar”, – deyərdi… Amma o, nənəsinin ölüm xəbəri gələndə nəinki üzülməmişdi, hətta anasına başsağlığı verməklə kifayətlənmiş, dayılarına zəng vurmağa belə ehtiyac görməmişdi… İndi başdaşının önündə boynubükük dayanıb əfv diləməyin nə mənası vardı ki? Nə nənəsi onu eşidəcək, nə də əfv edə biləcəkdi… Oradan ayrılıb babasının, sonra da sıra ilə digər yaxınlarının məzarlarına yaxınlaşıb dua oxudu, dəfnlərinə gəlmədiyi üçün üzrxahlıq etdi…
Günəş qüruba gedərkən ziyarətini bitirib məzarlığın çıxışına yaxınlaşdı. Qapsağın yanındakı bulaqda əl-üzünü yudu, ovcunu şırhaşır axan suyun altına tutub doyunca içdi. Cib dəsmalını çıxardaraq qurulandı. Yaxınlıqdakı vedrəni götürdü, çəpər boyunca əkilmiş beş-altı şam tingini suladı. Son dəfə üzünü məzarlığa çevirərək əllərini açıb dua etdi. Köynəyinin cibindən götürdüyü gözlüyünü taxaraq məzarlıqdan çıxdı. Qapsağın məftil cəftəsini bağlayarkən öz-özünə düşünürdü: vəfasız kim idi? Omu, yoxsa dünyamı? “Yox, dünya elə köhnə dünyadı”… Ölümlü, itimli, fani dünya…. Nə ağaya fərq qoymaz, nə də nökərə. Bir zamanlar yer üzündə at oynadanlar indi yerin altındadır. Vaxtları yetişdiyində onlar da yerin üstündən altına köçəcəkdilər. Bəs insanlar? Onlara nə gəlmişdi? Bu qısacıq yaşamlarında sevmək, sevilmək, bir-birinə yardım edib əhvalını xəbər almaq yerinə, hərə öz qınına çəkilib balaca pəncərəsindən dünyanı seyr edir, adını da qoyurlar müasir yaşam tərzi, fərdi həyat, daha nə bilim nə. Dönüb kəndlərinə tərəf boylandı. Yaşıl ağacların arasından görünən rəngli damları seyr edə-edə otuz-qırx il öncəki yaşamlarını xatırladı: – Nə sosial media var idi, nə mobil telefonlar. İnsanlar da indikindən kasıb yaşayırdılar. Amma nə qədər çətin vaxtlar olsa da, üzlərindən təbəssüm, dodaqlarından gülüş əskik olmazdı. Gündüzlər qonşu uşaqlarla oynamağa gedər, kimin evi yaxındırsa, orada yeməklərini yeyərdilər. Uzun qış gecələri ailəlikcə hər gün bir qohuma-qonşuya qonaq olar, böyüklər dünya işlərindən danışarkən, balacalar müxtəlif oyunlar oynayıb əylənərdilər… Getdikcə müasirləşirik, ancaq müasirləşdiyimiz qədər də laqeydləşirik, üzümüzdən təbəssüm silinir, dodaqlarımızdan gülüş çəkilir, qəlblərimiz daşlaşır…
Əsl vəfasız mənəm, mənim kimi insanlardı. Gen gündə başımız dünya işlərindən ayılmır, yaxınlarımızı, tanışlarımızı sağlığında itirib axtarmırıq, sonra da hər şeyi atırıq dünyanın boynuna, – deyə torpaq yolda gəldiyi istiqamətdə irəliləyərkən öz-özünə deyinirdi.
Səni gizləmədi dumanın, çənin, Yaladı hüsnünü xain gözləri. Birazdan gələcək bənövşə dəmin, Çiçəklər gəzəcək o gül əlləri.
Şurlu bulaqların gözü qalırmı? Qızıl yataqların dururmu orda? Dağlar unudurmu sinə dağını? Çoxdan vurulmuşam, o dadlı yurda.
Obaşdan Xavərim at çapıb orda, Min bir xatirə var dağda, nohurda. Çağır qonaq kimi qalım, Zəngilan, Toy elə, toyuna gəlim Zəngilan!
TƏBRİZİMƏ …Nə oğullar bada verib həsrətin Bu sevginin üzü dönməz, Təbrizim! Bəlkə mənim olmayıbdı hünərim, Mən olmuşam dili dinməz, Təbrizim…
Bir illətdi, çəkə-çəkə qalmışıq, Qollarının Araz boyda bağı var! Göz yaşların səpə-səpə qalmışıq, Ürəyinin Vətən kimi dağı var!
Bu vətənin yaraları qan verir, Saya gəlmir dərdlərinin sırası. Tikələnib, parçalanıb, can verir, Ölmür ruhu, ayaqdaymış anası.
Yollar getdim İrəvandan Təbrizə, Karvanların sarvanları necoldu? Ya mən gəlim, ya sən oyan, gəl bizə, Kim ləngidi, kim qayıtdı, gec oldu…
Dumanların çöküb yenə üstünə, Oğulların bu dumanda azmasın. İkili baxışlar durdu qəsdinə, Tarix yenə öz yolunu azmasın…
O yan-bu yan varıq, bizik, olmuşuq! Bu həsrətin açılıbdı qolları… Sənələrdi xəyallara dalmışıq, Gözümüzə yığacağıq yolları.
XOŞ GÖRDÜK, QARABAĞ! Xoş gördük Qarabağ, qaldır gözünü, Şirinlik günüdür noğulun gəlib. Hazırla cıdıra “Çıdır düzü”nü, Gözün aydın olsun, oğulun gəlib.
At, bu başındakı, qatı dumanı, Qışına yaz gəlib Şuşam, ay Şuşam. Tanrının lütfüdü, sevgi zamanı, Açsana qoynunu, çox darıxmışam.
Tarix unutdumu acı dərsləri, Baş vuran başından olub bu yurdda, Qaytardım tarixi həqiqətləri, Sirrim gizlənibmiş demə “Boz Qurd”da.
Buz bulaq, üzünü tutma o yana, Natəvan şeridi, sevincdən axır. Əsgərim, bir dayan, getmə uzağa, Ürəyi yaralı Vaqifdi, baxır…
Allah, bu zəngulə Xanın səsidir, Demə oxuyurmuş bir əsgər bala. “Cəngi” bu torpağın salnaməsidir, “Cəngi” çal cəngiylə yetim vüsala.
YAZARLAR.AZ Zəfər bayramına hazırlıqla bağlı bu mövzuda Mina RƏŞİDin uşaqlar üçün silsilə şeirlərini təqdim edir. Şeirlər məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Sinifdənxaric oxu və Zəfər günü münasibətilə təşkil olunacaq tədbirlərin təşkili zamanı istifadəsi tövsiyə olunan ən gözəl nümunələrdir. Müəllifin bu silsilədən şeirlərinin yayımlanması davam edəcək.
“İrəvan “FK -nın 14 yaşlılardan ibarət komandası bizi sevindirir.
Bu gün “İrəvan” futbol klubunun 14 yaşlılardan ibarət komandası ” Dalğa Arenada” “Araz ” futbol komandası ilə üzləşib. Belə ki, 14 yaş qrupundan ibarət “İrəvan” futbol komandası 8:0 hesabı ilə rəqib ” Araz ” futbol komandasını məğlub edib. Nəzərinizə çatdırırıq ki,ötən həftə “İrəvan ” nın 14 yaşlılardan ibarət futbol komandası bundan əvvəl 2:0 hesabilə “Xocalıı” futbol komandasını məğlub etdi. Ümumilikdə 4 oyundan 4 qələbə ilə 12 xalla turnir cədvəlində Baku Srortink ” futbol komandası ilə birinciliyi bölüşür. Xatırladaq ki, “İrəvan” FK nın 14 yaşlılardan ibarət komandasının baş məşqçisi Elman Şəfiyevdir.
Oyunu izləyənlər sırasında “İrəvan” İdman Şirkətlər Qrupunun rəhbəri, “İrəvan” FK -nın İdarə Heyətinin sədri Zülfüqar Kazımov,”İrəvan”FK nın prezidenti Zahid Niyazəliyev və “İrəvan” Futbol Akademiyasının koordinatoru Müşfiq Qənbərov da olub.