Bu gün böyük Vaqif Bayatlı Odərin doğum günüdür. Vaqif Bayatlı şeirlərində göyüzünə elə baxır, elə bil, öz evinin həndəvərinə baxır. Məncə o, sürət əsrində bizə elə hey eyni həqiqəti pıçıldayır: sevgi aram-aram, qətrə-qətrə olur, sürət, qaçhaqaç ehtirasın qohumudur.
“Mən səni sakitcə, yavaşca sevmək istəyirəm. Sevmək istəyirəm Tanrıdan yazılantək, Bir balaca quş Öz balaca yuvasının küncünə qısılantək.”
Məncə, Vaqif Bayatlı dillər əzbəri olan havalı şeirlərindən çox bu cür sadə misralarında gizlənib: “…düşünürəm öz dalımca, gözüm dolur.”
Məncə, onun bircə mövzusu var: mənəvi dincliyə, ruhani sakitliyə, könül rahatlığına çağırış. O deyir ki, bu dünyada şərlə bağlı nə olursa, hamısı “dünyanın tələsik yır-yığışından” olur…
AŞIQ ABBAS Piçənis kəndində doğulub. Təxminimizə görə XIX əsrin birinci yarısı və XX əsrin əvvəlləri aralığında yaşayıb. Qarabağda və Zəngəzurda tanınmış aşıq olub. Kürdhacılı Sultan bəyin müasiri və yanında mirzəsi olub. Qalada Xan qızı Xurşidbanu Natəvanın da üzvü olduğu Məclisi-ünsün toplantılarında iştirak etmişdir. Onun hazırcavablığı bu gün də dillər əzbəridir. Gözəl şeirlər müəllifi olan aşığın irsi aralıqda it-bat olub. Diqqətinizə çatdırılan aşağıdakı nümunə isə Laçının Ələkçi kəndindən Ramil Cəbrayılın yaddaşından qələmə alınmışdır.
AŞNALIQ EYLƏMƏ
Aşıq Abbas Qalada (Şuşa) keçirilən məclis və şənliklərə tez-tez dəvət alırmış. Bir gün Cıdır düzündə Xurşidbanu Natəvan bayram şənliyi keçirirmiş. Aşıq Abbas da bayram şənliyinə dəvət alır. Necə olursa Aşıq Abbas şənliyə gecikir. Məclisə gec gələn Aşıq Abbas Xan qızının şəninə bir şeir söyləyir:
Sevgili sultanım, istəkli xanım, Gəl yadlara aşinalıq eyləmə. Dön başına könül sevən aşiqin, Hər nakəsə ilticalıq eyləmə.
Qoynun içi qızıl gülün çəməni, Dodaqların ləli-mərcan Yəməni, Aşiqinəm, hər dəm yada sal məni, Vəfalı yar, bivəfalıq eyləmə.
Nə müddətdir həsrətini çəkirəm, Gözlərimdən qanlı yaşlar tökürəm, Vəfalı qulunam, sənə nökərəm, Padişahım, gəl qəddarlıq eyləmə.
Hüsnün düşüb Dağıstana, Dərbəndə, Dodaqların bənzər nabata, qəndə, Bir busə lütf eylə mən dərdiməndə, Ağrın alım, nakəsalıq eyləmə.
Bugün görkəmli şairimiz, sözün qarşısına öz ilahi şeirləri ilə çıxıb poeziyaya meydan oxuyan Vaqif Bayatlı Odərin 75 yaşı tamam olur. Şairə uzun ömür, can sağlığı arzulayıram.
Güllələyin şairləri
Noldu birdən-birə, Mixail Yuriyeviç, İndicə gülürdünüz?! İndi qəbir tüfəng lüləsitək dar, Elə bilirdiniz hamının Allahı var?
Diz çökün, cənab Martınov, diz çökün! Fələyin zülmü çox, Allahın mərhəməti! Diz çökün! Bir şair də söndü – Sevdalar yaşılı, ocaq kösöyü, Üstündə Allahı, üstündə göyü. Gözlər hədəqədə, ölüm sinədə, Alın yazısına, qara günə də, bazarda soğanın qiymətinə də, bir bəhanə gərək, bir bayıs gərək Güllələyin şairləri! Sonra diz çökün!
Kimin günahı var, kimin ahı var, Dünyanın nə qədər pis sabahı var. Hamsına, hamsına şairlər bayıs! Güllələyin şairləri! Sonra diz çökün!
Güllələyin qulaqları, oxşamayan təzə sözü, Güllələyin damarlara sığmayan təzə qanı! Güllələyin lirikanı, Lorkanı, Nerudanı! Güllələyib güllələnmək əsridi, Güllələyib güllələnin!
Koroğlu zəncirdə, Qıratı darda, Dəlləklər gəzirlər karetalarda. İndi ağlayanlar güləcək gorda, Gorda ağlayanlar güləcək harda? Güllələyin şairləri! Onsuz da Şairlər ölürlər yaz yağışından, Arvad qarğışından, qız baxışından, Dünyanın tələsik yır-yığışından, Günahlı, günahsız şairlər ölür.
Güllələyin şairləri! Ancaq tövbə gecəsi əynində soyxa, qorxa-qorxa Puşkinin yarasın öpməyə yüyürsün Dantes, bir kilsə qapısında səhərəcən böyürsün Dantes; Bir də yol verin, yol verin cənab Martınova yıxılan Lermontovu qucaqlamağa…
Əziz və dəyərli dostlarım! Hər birinizi ayrı-ayrılıqda salamlayıram. Xoş gördük sizləri. Sabahınız xeyirli, gününüz uğurlu olsun.
Dəyərli dostlarım! 2021-ci ildə dəyərli şairimiz Rafail Tagızade tərəfindən “ƏDƏBİ OVQAT” jurnalı təsis olundu. Baş redaktoru hörmətli Vaqif Osmanovdur. Jurnalın rəssamı tanınmış rəssam Sehran Allahverdidir. İndiyə kimi xatırlayıram “ƏDƏBİ OVQAT” 1ci say çıxdıqdan sonra. 28-avqust-2021-ci ildə “Xan xəzinəsi” kitab mağazasında ilk sayınnı təqdimatı keçirildi. Artıq jurnalın 10-cu sayının üzərində çalışırlar.
Jurnalın 8-ci sayını xüsusi buraxılış olaraq Sumqayıt qələm adamlarına həsr ediblər. Sumqayıtda təqdimatı keçirilib.
“Heydər Əliyev-100” çərçivəsində AYB Sumqayıt bölməsinin təşkilatçılığı ilə Poeziya Evində sumqayıtlı qələm adamlarının əsərlərindən ibarət “Ədəbi ovqat” jurnalının xüsisi buraxılışının təqdimat mərasimi keçirilib. Öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçən vətən oğullarının xatirəsi yad edilib.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin Ulu Öndərin ədəbiyyatımızın və mədəniyyətimizin inkişafındakı rolu və xidmətlərindən danışaraq,sözü AYB – nin Poeziya seksiyasının rəhbəri İbrahim İlyaslıya verib. Şairlərdən Ofelya Babayeva, Rafiq Yusifoğlu, Məryəm Aslanqızı, Zakir Zahir, Süleyman Hüseynov, Rəfiqə Şəms, Eyruz Məmmədov, Mövlam Hüseynli, Almaz Bəyazid, Mənsurə Xələfbəyli, Xatirə Fərəcli, Rəfail Laçınlı, Lilpar Cəmşidqızı, Gülnar Ümid, Elvin İntiqamoğlu, Aygün Hacıyeva, Elşad Xaqan Davudoğlu, Mirzəcan Ağabalayev, Səadət Salmanqızı, Qabil Nəbi çıxış edərək jurnalın araya- ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildirərək, yeni şeirlərini oxuyublar. “Ədəbi ovqat” jurnalının təsisçisi Rəfail Tağızadə, redaktoru Vaqif Osmanov, rəssamı Sehran Allahverdi Sumqayıtda güclü ədəbi mühitin olduğunu xüsusi olaraq vurğulayıb və gələcəkdə belə tədbirlərin keçirilməsinin zəruri və əhəmiyyətli olduğundan söz ediblər.
Çox hörmətli Rafail Tağızadə! Jurnalınız uzun ömürlü olsun! Başda siz olmaqla jurnalın bütün redaksiya heyətini və bütün yaradıcı heyətini təbrik edirəm. Hər birinizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram! Uğurlu olsun və daimi olsun!
Səhər bildim ki, bu gün iş günü deyil. Yox, mən işləmirəm, məni heç yerdə işə götürmürlər, amma yazım bu barədə deyil. Mən neçə illərdir ki, ölkədə çox qeyri-iş günlərinin tarixini və səbəbini adətən həmin gün bilirəm. Öyrəndim ki, bu gün – 9 noyabr Dövlət Bayrağı günüdür. Bayraq dövlətin atributudur, müqəddəsdir, bayraq simvoldur. Nə bayrağımızın tarixindən, nə rənglərindən yazmaq fikrim yoxdur. 1992-ci ildən bəri Azərbaycan bayrağından söhbət düşəndə, bayraq haqqqında düşünəndə.., yadıma Natiq düşür-Natiq Qasımov. Bu adı oxuyanda inanıram ki, tək-tək adamlar biləcək ki, Natiq Qasımov kimdir. Bakının küçələrində sorğu keçirsək, yüz adamdan biri-ikisi tanıya, ya tanımaya.
Amma, bu günlərdə radio ”” televiziya günü münasibətilə mükafat alan şoumenləri və elə onların təqdimatı ilə hər gün teleekranlardan camaatın gözünü yağır edən hansısa “bezdarnı” müğənni gözəlçələrin neçə dəfə ərə gedib boşandığını sorsanız mütləq düzgün cavab alacaqsınız. Və burda qeyri – adi heç nə yoxdu, xalq gördüyünü tanıyır. Natiq qəhrəman titulunu rəsmən almayan QƏHRƏMANDIR! Qarabağ döyüşlərində şəhid olan hər kəs qəhrəmandır. Natiqin qəhrəmanlığı həm də bu gün bayram kimi qeyd etdiyimiz bayraqla bağlıdır. Natiqin döyüş zamanı göstərdiyi hərəkətlərin hər biri qəhrəmanlıq epizodudur.
Natiq əslən Gədəbəy rayonundandır. Mingəçevirdə böyüyüb başa çatıb. Qarabağa könüllü vurşmağa gedib. Natiqin vətən sevgisi bir qəhrəmanlıqdır. Natiq Əsgəran istiqamətində Xramort kəndi yaxınlığındakı kilsədə döyüş yoldaşları ilə mövqe tutub düşməni tərpənməyə imkan vermirdilər. Onlar cəmi 7 nəfər olublar. Yanvar ayının soyuğunda günlərlə döyüşüblər, yoldaşlarının 6-sı həlak olub. Əlverişli mövqedə olan Natiq 6 gün ac-susuz təkbaşına düşmənlə vuruşur. Natiq mövqeyi tərk edib Ağdama qayıda bilərdi. Qayıtmır. Natiqin qəhrəmanlığı sonadək döyüşməyidir. Həlak olmuş döyüş yoldaşlarının ruhunu əziz tutub, onlara sadiq qalıb. Düşmən hiyləyə əl atır – 22 nəfər Xocalı sakinini tutub girov götürən ermənilər xocalılardan bir nəfəri kilsəyə göndərir. Kilsəyə gələn Xocalı sakini deyir ki, təslim olmasalar onları öldürəcəklər. Natiq deyəndə ki, o təkdir, həm də 5 gündür ac-susuz, yuxusuz təkbaşına döyüşür, gələn Xocalı sakini dəhşətə gəlir. Natiqin üz gözü hisdən qapqara qaralmışdı. Natiq təslim olmasa 22 nəfər Xocalı sakinin güllələnəcəyini deyirlər. 21 yaşlı Natiq Qasımovun həmin andakı düşüncələri, hərəkəti Hollivud filmlərinin mövzusudur. Serjant Rayanı xilas etmək istəyən döyüşçülərin qəhrəmanlığından qat-qat artıqdır Natiqin o zaman kəsimində göstərdiyi qəhrəmanlıq! Natiq 22 Xocalının güllələnməsindənsə özünün ölümünü seçir. Təslim olacağını deyir. “Uzaq sahillərdə” filminin son səhnəsini xatırlayın. Mehdi təslim olmasa kəndin adamlarını güllələyəcəklər. Natiq də Mehdi kimi ayağa qalxır, son iki patronunu havaya atır.., son gülləsinədək vuruşduğunu özü üçün dəqiqləşdirir, döyüşdüyü yerə baxır, qaranlıqda gözləri işıq axtarır, zülmət gecədə axtardığı işığı tapır.., o işıq kilsəyə sancılmış Azərbaycan bayrağı olur. Bayrağı büküb əlinə alır, ağır-ağır, amma mərdliklə, düşmənə nifrətlə, üzündə əlində tutduğu bayraqdan aldığı işıqlı təbəssümlə aşağı enir.
Yenə Mehdinin filmilə müqayisə aparacam. Mixaylonu görən Şultsun təəccübü yadınızdamı? Ermənilərin üzündə də o təəəccüb aydın görünür. Düşmən təslim olacaq bir dəstəni gözlədiyi halda kilsədən bir nəfər – əlində Azərbaycan bayrağı tutmuş Natiq Qasımov çıxır. Altı gün, altı gecə düşmənlə təkbaşına vuruşan Azərbaycan vətəndaşı! Üzündə qorxu olmayan, hətta işıqlı gözləri olan bu oğlan onları pərt edir. Günlərdir çoxlu itki verdikləri , ala bilmədikləri bu yeri bir uşaq qoruyurmuş. Onun təslim olma anını rus jurnalisti fotolarla əbədiləşdirir və sonra “Oqonyok” jurnalında o da bu igid oğlanın təmkinliyi, qoçaqlığı qarşısında təəccübünü gizlədə bilmədiyini etiraf edir. Baxın, bu fotoya ”” Natiqin son ümidi əlindəki bayaraqdır. Natiq o zaman bəlkə də, vətəndaşı olduğu dövlətin bayrağına sığınıb, bu dövlətin onu darda qoymayacağını da fikirləşib. Natiq Qasımov bayrağını uca tutdu, əlində bayraq sonsuzluğa getdi, sözün birbaşa mənasında. Bu günədək onun ölüsündən – dirisindən xəbər yoxdur.
Məşhur kəlam var – anadan qəhrəman doğulmurlar, qəhrəman olurlar”. Qarabağ müharibəsinin bitmədiyi bir zamanda, Natiqin qəhrəmanlığı örnək olacağı halda niyə onun qəhrəmanlığı dərsliklərə salınmayıb? Stalinqrad vuruşunda tarixə düşən bir “Paşkovun evi” var. Tarix kitablarında o vaxt yazırdılar ki,” Paşkovun evinin müdafiəsi zamanı faşıstlər o qədər itki vermişdilər ki, heç bəzi Qərbi Avropa ölkələrini işğal edəndə bu qədər itki verməmişdilər”.
Natiqin təkbaşına qoruduğu yerdə də ermənilər ağır döyüşlərdə verdikləri itkilər qədər itki verib. Natiqə niyə Milli Qəhrəman adı verilmir? Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı müharibədən 11 il sonra – 1956-cı ildə verilib. Gec deyil. Natiq Qasımov gələcək Qarabağ döyüşlərinə nümunə qəhrəmandır! Gələn bayraq günü bayramına kimi verin ona bu adı. Bu ad Natiqə lazım deyil, bu ad Azərbaycana lazımdır!
Şabran rayonu “Xaqani” poeziya evində Anım günü ərəfəsində şair- publisist, esseist, Prezident mükafatçısı, lBeynəlxalq Rəsul Rza mükafatı laureatı Şahnaz Şahinlə görüş keçirildi. Tədbirdə şairin Vətən müharibəsinə həsr olunmuş “Zəfər nəğmələri” və “Şuşa haqqı” kitabları da oxuculara təqdim olundu. Tədbirdə şairin qələm dostları və Şabran ziyalılari, eləcə də bir qrup məktəbli iştirak edirdi. Tədbiri “Xaqani” Poeziya evinin müdiri sair Aybəniz Əliyar açdı. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Aybəniz xanım Vətən müharibəsinin tariximizdə ölçüyəgəlməz rol oynadığından, igidlərimizin böyük şücaətindən danışdı. Şahnaz Şahinin yaradıcılığı haqqında ətrafli söz açan Aybəniz Əliyar bu əsərlərin gələcək nəsillərin tərbiyəsində, onların vətənpərvər ruhda böyüməsində mühüm rol oynayacağinı qeyd etdi. Yazıçı, publisist Kənan Hacı tədbirdə çıxış edərək qeyd etdi ki, Qarabağın azad edilməsi ilə xalqın ən böyük arzusu həyata keçib. Bu parlaq qələbəni əks etdirən bir çox əsərlər yazılıb. Şahnaz Şahinin “Zəfər nəğmələri” və “Şuşa haqqı” bu mövzuda yazılmış dəyərli əsərlərdəndir. Sonra tədbirdə çıxış edən tanınmış qələm adamları Gülayə Könül, Günel Natiq, İlhamə Dağlı Şahnaz Şahinin yaradıcılığı haqqında fikirlərini bölüşərək şairin Vətən muharibəsini əks etdirən kitablarının bədii dəyərindən söz açdılar. Daha sonra Şabran MKS- nin direktoru Firəngiz Aslanova, yerli şairlər Gülnar Zakirqızı, Qızqayıt Mahmudova və başqa iştirakçılar çıxış edərək fikirlərini bildirdilər. Daha sonra məktəblilərin Şahnaz Şahinin əsərlərindən soylədiyi nümunələr maraqla dinlənildi. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
(Əzizli Əlirza Zal oğlu) Şair, publisist, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü və Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Qabaqcıl maarif xadimi (1980), Prezident təqaüdçüsü (2010). 1953-cü il oktyabrın 1-də Azərbaycanda, Cəbrayıl rayonunun Xələfli kəndində anadan olmuşdur. Kənd məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Cəbrayıl şəhərindəki M.Qorki adına orta məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır. (1971-1975, fərqlənmə diplomu ilə). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Cəbrayıl rayonunun Şahvəlli, Tatar, Aşağı Xələfli kənd orta məktəblərində müəllim kimi başlamışdır (1975-1980). “Xudafərin” – Cəbrayıl rayon qəzeti redaksiyasında xüsusi müxbir, şöbə müdiri vəzifələrində çalışmışdır (1980-1993). “Qaradağ” qəzetinin xüsusi müxbiri, şöbə müdiri, redaktor əvəzi (1993-1995), “Xudafərin”, “Qoşa qanad”, “Həyat” qəzetlərinin xüsusi müxbiri (1995-1999) olmuşdur. Hazırda həftəlik “Kredo” qəzetinin baş redaktorudur (1999-cu ildən). Eyni zamanda vaxtaşırı ədəbi-bədii, publisistik kitabları tərtib və redaktə etmişdir: Seyid Nigari “Xaki-payin taci-sərim” (2004), Aşıq Mehdi “Deyirdin ölərəm sənsiz” (2003), Ənvər Nəzərli “Bu dünyanı belə gördüm” (2009), “Mənəviyyatın ekologiyası” (2005), “Fənayənin sualları” (2006), “Yana-yana yaşadım” (2006), “Koroğlu: hoydu, dəlilərim, hoydu” (2006, şərikli) və s. Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. İlk şeirlərini və publisist yazılarını 80-ci illərdən çap etdirmişdir. Dövri mətbuatda külli miqdarda şeiri və publisistik məqalələri çıxmışdır. “Qızıl qələm” media mükafatına (2002), “Məmməd Araz” ali ədəbi mükafatına (2003), Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliğ Bürosunun “Qılınc və qələm” yaddaş mükafatına (2004), Beynəlxalq Rəsul Rza mükafatına (2008), Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına (2010) və Səməd Vurğun fondunun diplomuna layiq görülmüşdür. Haqqında çoxlu sayda ədəbi-tənqidi məqalələr və monoqrafiyalar yazılmışdır. Müəllifdən: Yaşam yolumla bağlı qeydlər filologiya elmləri doktoru, professor Teymur Əhmədovun “Azərbaycan yazıçıları XX-XXI əsrlərdə” kitabından götürülüb. Həmin qeydlər mənim öz əlimlə yazdığım tərcümeyi-halım əsasında hazırlanıb. Bütün bunlar rəsmi sənədlərdə göstərilən faktlardır. Ancaq rəsmi sənədlərdə öz əksini tapmayan həyatımla bağlı məqamları da burada açıqlamaq istərdim: Mənim dünyaya gəlmək tarixim “1 oktyabr” kimi göstərilsə də, atamın və anamın dediyinə əsasən, payızdan on dörd gün qalmış doğulmuşam. Bu da eləyir 7 dekabr 1953-cü il. Sənədlərdə Cəbrayıl rayonunun Xələfli (Yuxarı) kəndində doğulduğum qeyd olunur. Amma əslində, Araz qırağında – Diri dağının ətəklərində yerləşən Xələfli (Aşağı) stansiyası adlanan qəsəbədə doğulmuşam. Qarlı, çovğunlu bir gündə. Doğrudur, birinci sinfə Yuxarı Xələfli kəndində getmişəm. Ancaq iş elə gətirib ki, bütövlükdə birinci sinfi indiki Neftçala rayonunun Kürkosa (Kür daşı) kəndinin yaxınlığındakı Günəşli (Jarski) qəsəbəsindəki məktəbdə oxumuşam. İndi həmin ərazilər dənizlə əhatələnib, uzaq adadır. Və deyəsən, yaşayış da yoxdur. Həqiqi həyat yolumla bağlı başqa fərqlər də var. Görünür, bu barədə geniş və əhatəli ayrıca yazmalıyam.
ƏSƏRLƏRİ:
Karvan körpüdən keçir (ədəbi publisistika, esselər, portret cizgiləri), B., Azərbaycan Dövlət Kitab Palatası, 1997. 240 səh., 3000 nüs.
Baş daşımın yazıları (publisistik qeydlər, esselər, ədəbi-fəlsəfi məktublar), B., “Zaman” nəşriyyatı, 1998. 384 səh., 5000 nüs.
Müəllifdən: Burada göstərilənlər də mənim yazdıqlarımın tam siyahısı deyil. Vaxtilə “Xudafərin” (“Kolxozçu”) qəzetində, ayrı-ayrı respublika qəzet və jurnallarında, eləcə də “Kredo” qəzetində yüzlərlə yazılarım kitablara yığıla bilməyib. Hər halda “Xudafərin” qəzetinin və “Kredo” qəzetinin Milli Kitabxanamızın saxlancında qala biləcəyini düşünməyim bir təskinlikdir. Ən böyük kitabım isə “Kredo” qəzetinin 19 cildliyidir.
HAQQINDA YAZILANLAR
Abbas Hacıyev, Sənətin işığında (Əli Rza yaradıcılığından portret cizgilər), Adiloğlu nəşriyyatı, B., 2010. 240 səh+32 səhifə şəkillər. 500 nüs.
Sabir Bəşirov (tərtibçi), Əli Rza Xələfli – 60, I cild (ədəbi-tənqidi məqalələr, publisistik düşüncələr), Vətən nəşriyyatı, 2013. 432 səh. 500 nüs.
Sabir Bəşirov (tərtibçi), Əli Rza Xələfli – 60, II cild (ədəbi-tənqidi məqalələr, publisistik düşüncələr), Vətən nəşriyyatı, 2013. 432 səh. 500 nüs.
Sabir Bəşirov (tərtibçi), Əli Rza Xələfli – 60, III cild (ədəbi-tənqidi məqalələr, publisistik düşüncələr), Vətən nəşriyyatı, 2014. 432 səh. 500 nüs.
Mədəd Çobanov, Müşfiq Çobanlı “Xələflinin yaradıcılıq yolu” (monoqrafiya) Vətən nəşriyyatı, 2016 B., 350 səh. 1000 nüs. Təkrar nəşr (cüzi ixtisarla) “Sözün ucalığında: şair, publisist, alim…”, Borçalı, Bakı – 2018, 1000 nüs.
Sabir Bəşirov, “Əli Rza Xələfli – ədəbi yol – əbədi yol” (monoqrafik qeydlər), Vətən nəşriyyatı, 2018. 240 səh. 300 nüs.
Sabir Bəşirov (tərtibçi), Əli Rza Xələfli – 65, I cild (ədəbi-tənqidi məqalələr, publisistik düşüncələr), Vətən nəşriyyatı, 2018. 320 səh. 500 nüs.
Sabir Bəşirov, Elçin Mehrəliyev (tərtibçilər), Əli Rza Xələfli – 65, II cild (ədəbi-tənqidi məqalələr, publisistik düşüncələr), Vətən nəşriyyatı, 2018. 364 səh. 500 nüs.