Şəhid Vahidov Niyazi Bahadur oğlunun 50 illik yubileyi münasibətilə

Ağsu rayonu Çiyni kənd sakini, Birinci Qarabağ müharibəsi şəhidi Vahidov Niyazi Bahadur oğlunun 50 illik yübileyi münasibətilə onun əziz xatirəsinə ithaf olunur

Heç belə həycanlı olduğumu xatırlamıram. Düz 29 ildir səmasında dolaşdığım doğma kəndimə, hər cığırına bələd olduğum yerlərə enməkdən çox çəkinirəm. Birdən özüm də bilmədən ayaqlarım məni çəkib aparar. İllərlə həndəvərinə belə yaxın düşməyə ürək etmədiyim ünvana. Kimsə duyuq düşər, kimsə yozar. Qaysaq bağlamamış yaralar yenidən dəhşətli ağrılara qucaq açar. Heç kimin bilmədiyi, yalnız özümə bəlli istəyim qoy eləcə gizli qalsın.
Bu nədir? Niyə adamlar yığışıb bizim həyətə? Yoxsa anama nəsə olub? Aman allahım, bircə anama heç nə olmasın!

Uşaqlıqda zarafatla kəndlərinin göydələnləri dediyi əbürşüm ağaclarını ən uc budaqları üstə dövrə vurdu. Aşağıda böyürtkən kolları yamyaşıl idi. Elə bil payız Çiyni kəndindən yan ötüb, ancaq Girdimanın Niyaldağdan üzü aşağı uzanan dərələrinə qonaq gəlib. Vələslərin sarı-qızılı yarpaqları naxışlı örpək təki göz oxşayırdı. Dolayların sarı kələayağısının ətəkləri də yaşıldan rəng almışdı. Nəzərlərini Şirvan düzünün sinəsində ilan kimi qıvrılan yollardan keçirib, düz həyətlərinə zillədi. Əvvəl tanımadığı insanların simasında bir doğmalıq hiss etdi. Qonşular, qohumlar, məktəb yoldaşları, hamısını tanıdı. Bəs niyə görən bu qədər dəyişiblər? Dərhal da özünü məzəmmət etdi. Bir gör nə qədər vaxt keçib. O soyuq qış günü Füzulidə, Əbdürrəhmanılda düşmən gülləsinə tuş gəldiyi anı xatırladı. 28 yanvar 1994-ci il. 21 yaşımda əbədi olaraq göylərə qalxdığım vaxtdan gör bir nə qədər keçib. İndi mənim 50 illik yubleyimə yığışanlar hamısı dəyişib, yaşlanıb. Təkcə mən qalmışam eləcə gəncliyimdə. Fikirindən keçənlərə gülümsədi. Heç vaxt qocalmayacağına içində xəfif bir məmnunluq duydu. Yenə qeyri-ixtiyari qəlbinin lap dərinliyində ona rahatlıq verməyən gizlini baxışlarını özündən alıb,bir həyətə sarı boylandırdı. Tez də diksinib, çəkindi. Anam yazıq duyuq düşər. Bilsə gizli sevdam olduğun, dözməz bu dərdə.
Hə, bax tanıdım, bu mənim sinif yoldaşım idi. Aa… gör bir necə dəyişib, yaşlanıb. Bu ki, mənim sevimli müəllimim… Bu da dostlarım. Gör necə etibarlıdılar. Unutmayıblar. Bəs görəsən tələbə yoldaşlarımdan kimsə gəlib, ad günümə? Tanıya bilmirəm. Bəlkə… yox, inanmıram. Bir də ki, heç düz əməlli tələbəlik gördüm ki? Heç uşaqlarla isinişməyə vaxt olmadı.
Başa düşmürəm. Bu nə deməkdi. Bəlkə ruhlar həyatda olan insanların dilini çətinliklə anlayır. Niyə bu adamlar göz aydınlığı verir?
Diqqət yetirdikcə ona hər şey aydın oldu. Düşmən basılıb. Bütün torpaqlarımız azad edilib. Ordumuz intiqamımlzı alıb. Qanımız yerdə qalbayıb. Bizim başladığımız işi indiki nəsillər şərəflə sona çatdırıblar. Bu gözaydınlıqları da onun üçündür, qələbəmiz üçündür.
Sevindi. Uzun zaman narahat-narahat dolaşdığı göylərin ucsuz-bucaqsız nəhayətsizliyinə tamaşa etdi. Əvvəl öz nəşinin uyduğu kənd qəbirsanlığına baxdı. Sonra yolların qıvrılıb dərinliklərinə getdiyi kəndlərin mazarllqlarında sıralanan alqırmızı güllərlə bəzənmiş şəhid baş daşlarına nəzər yetirdi. Çiyni, Məlikçobanlı, Növcü, İlxıçı, Kəndoba kəndlərinin qəbristanlıqlarındakı başdaşlarından boylanan şəhidlərin nur üzlü şəkillərinə baxdı. Daha sonra Ağsu Şəhidlər Xiyabanının üzərindən keçib, artıq payızın qonaq gəldiyi dağ kəndlərinin- Xatman, Diman, Hacman, Kalva şəhidlərinin ruhlarına salam verdi. Babadağın zirvəsində qərar tutub, İsmayıllı, Şamaxı, Göyçay, Ağdaş, Kürdəmir, Ucar…- bütün ölkə şəhidlərinin ruhuna xitab etdi:

  • Biz vətən səmalarının əbədi sakinləri!
    Çin olmuş arzularımıza qovuşmağımızdan çox bəxtəvərik!
    Uğrunda canımızdan keçdiyimiz vətənin azadlığını duyub, hiss edən ruhlarımız daha narahat deyil!

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir