
GƏL ÜZÜ DAĞLARA GEDƏK, ƏZİZİM
Borçalıda yaşayan şair dostum Əflatun Hüseynov yeni kitabının adını “Gəl üzü dağlara gedək, əzizim” qoyub…
Buluddan şal örtüb, yaşıl don geyib,
Gələn qonağını oxşayıb, öyüb,
Bizsiz çox darıxıb, çox qəribsəyib,
Gəl üzü dağlara gedək, əzizim.
Çimib təmizlənər yağan yağışda,
Tapar dincliyini doğma baxışda,
Yamacı naxışda, yalı naxışda,
Gəl üzü dağlara gedək, əzizim.
Gör neçə peşəli insan dostu var,
Mühəndis, müəllim, loğman dostu var,
Naxırçı dostu var, çoban dostu var,
Gəl üzü dağlara gedək, əzizim.
Vüqarlı görkəmi ruha bələkdi,
Ətirli çiçəklər sirli lələkdi,
Vəsfinə söz qoşan şair gərəkdi,
Gəl üzü dağlara gedək, əzizim.
Oğullar yetirib, hər biri bir ər,
İlhamı mayalı, təbi təzə-tər.
Biri Əflatundu, biri Qəzənfər,
Gəl üzü dağlara gedək, əzizim.
15.10.2023.
Müəllif: Qəzənfər Məsimoğlu
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru