Təranə Dəmir – Yasəmən ətri

–Yenə dəliliyin tutub deyəsən. Öz-özündən küsmüsən.Bəlkə səbəbini deyəsən bu incikliyin.Fikirləşə-fikirləşə qalmışam ki, görəsən harda düz etməmişəm? Beynim dağılacaq vallah düşünməkdən.
Heçnə olmayıb .Həmişəki halımdı. Nə etməliyəm ki?Yolun ortasında boynuna sarılmağımı gözləmirsən hər halda. _Həmişəki halın deyil.Görmürəm ki, əməllicə küsmüsən.Danışanda heç üzümə də baxmırsan. Bir də ki..Bir də ki, boynuma sarılanda nə olar ki? Adam sevdiyindən heç nəyi əsirğəməz. __Yox bir.Bircə o qalmışdı. __Nədi?İstəyirsən mən qucaqlayım səni.Elə küçənin ortasında, adamların içində.Qoy bilsinlər ki, səni necə sevirəm. __Yox,yox.Sən Allah bir az uzaq dur məndən. Tanış bilişdən görüb eləyən olar. Sonra heç kimin ağzını yuma bilmərik. __Görsünlər də.Sən ki, mənimsən. Nədən qorxursan? __Qorxmaq deməzdim. __Darıxma , az qalıb. Hərbi xidməti bitirən kimi elçilər sizdədi. __Eh… Oğlan daha dözmədi.Əl atıb qızın saçlarını qarışdırdı: __Saçların üşüyür. Buz kimidi. __Hmm. __Nə hmm? Üşüyür saçların. Nə qədər sığalsız, tumarsız qalacaq bu saçlar? Qaşqabağın yerlə gedir. Nə olub e, sən Allah? İndi nə etmişəm? __Dedim ki, heç nə olmayıb. Nə çox sual verirsən? Yorğunam sadəcə. __Niyə yorğunsan? Nə iş görmüsən ki, belə yorulmusan? __Ruhum yorulub. __Niyə yorursan axı ruhunu? Sənə deməmişəm ki, hər şey gözəl olacaq? __Heçnə gözəl zad olmayacaq. Özünü də, məni də aldatma. __Olacaq.Mənə güvən. __Nə bilim. İki saatdı fırlanırıq bu küçənin başına. Gedək evə.Gecdi daha. __Bezdin məndən? Saatı sayırsan bayaqdan? __Yox. Saatı filanı saymıram. Deyirəm ki, gecdi daha. Həm də hava soyuyur. Payız özünü göstərir artıq. Üşüyürəm. __Pencəyimi verim geyin.Mən üşümürəm. __Yoox. Evə gedək. __Yaxşı, dəli qız. Gedək. Səni taksiylə yola salacam.Özüm piyada gedəcəm.Gəzə- gəzə getməyi sevirəm. __Yaxşı. Oğlan yolun qırağında dayanmış , bayaqdan səbirsizliklə sərnişin gözləyən sürücülərin birinə yaxınlaşdı.Qızın gedəcəyi yeri tarif etdi.Sürücü böyük məmnuniyyətlə razılaşdı. Qız maşına oturdu.Birdən oğlan nə fikirləşdisə bir göz qırpımında keçib qızın yanında oturdu. __Sən niyə ?Bəs demədin piyada gedəcəm? İstəmədim tək gedəsən. Darıxdım həm də.
Hiss olunurdu ki, qız da sevinir. Gözlərindəki bütün incikliyi keçib getmişdi. Ürəyinə sakitlik çökmüşdü. Oğlan qızın əlindən tutdu.
_
Əlin də buz kimidi. Bu gün sənə nə olub? Xəstə filan deyilsən?
Qız oğlanın səsindəki titrəyişdən onun narahat olduğunu anladı . Sevindi. Amma bunu oğlana hiss etdirmədi:
Yox. Əli soyuq olanın ürəyi isti olur. Narahat olma. _Nə demək istəyirsən?Mənim əlim istidi.Bu o deməkdi ku, ürəyim soyuqdu? __Yoox.Elə demək istəmədim. Sən də sözdən söz çıxarırsan. __Sənin sözündən elə çıxır da. Nə ətri vurmusan?Saçların çiçək qoxuyur. __Yasəmən ətri. __Olar qoxulayım saçlarını? __Olmaz. __Niyə? __Elə. Maşın düz binanın qarşısında saxladı. Qız sağollaşıb maşından düşdü. O çıxıb getsə də ətiri içəridən getmədi.Yol boyu oğlan bu ətiri qoxulaya-qoxulaya qaldı. Yenə ürəyi dözmədi.Qızın səsini eşitmək istədi birdən-birə. Bu dəli istəklə də qızın nömrəsini nə vaxt yığdığından xəbəri olmadı: __Alo. Çatdın evə ? Necəsən indi? Üşümürsən?
Hə, çatdım.Yox , ev istidi. Üşümürəm. Sən hələ taksidəsən? __Hə. İndi mən üşüyürəm. Gördün?Dedim axı, havalar soyuyub.İnanmırdın mənə.
_
Çıx eyvana.Yağış yağır.
__Burda yağmır.
__Hmm.
__Məni gözlə ha. Az qalıb.
__Bu nə sözdü.
__Hər şeyin gözəl olmağına.
__Yaxşı.
….Güllələrin səsindən heç nə eşidilmirdi. Başının üstə dayanıb həyəcanla nəsə danışan yoldaşlarına halsız-halsız baxırdı.Dodaqlarının açılıb yumulduğunu görürdü sadəcə.Qulaqları batmışdı elə bil. Yaralıydı deyəsən.Amma ağrısı yox idi. Keyimişdi bütün bədəni. Qəribə bir ağırlıq çökmüşdü üstünə.Birdən qaranlığın içində gözlərinin qabağında ulduzlar oynamağa başladı.Rəqs edirdilər əməllicə. Yox, yox, yuxu deyildi. Həm də necə işıqlıydı bu ulduzlar, ilahi..Yüngülləşirdi getdikcə.. Özünü quş kimi hiss edirdi.Sonra hardansa burnuna yasəmən ətri doldu.Bütün qüvvəsini toplayıb bu ətri ciyərlərinə çəkdi.
…Qız yuxudan dik atıldı.Qalxıb yerinin içində oturdu. Əsim-əsim əsirdi.Bütün bədəni lərzəyə gəlmişdi. Gecə lampasının işığında gözü çarpayıyla üz-üzə dayanmış güzgüdə özünə sataşdı. Qorxdu.Gözünü güzgüdən çəkdi. Ürəyi ağzına gələcəkdi sanki. Tumbanın üstündən telefonunu götürdü. Saata baxdı.Hələ səhərə bir ömür vardı.

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

QULU AĞSƏSİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir