
Bu gün II Fəxri xiyabanda Vətən Müharibəsi Qəhrəmanı kapitan Surxay Noçuyevin anım mərasimi keçirilib. Tədbirdə qəhrəmanın döyüş yoldaşları, yaxınları, ziyalılar və məktəblilər iştirak ediblər. Şəhidimiz əvvəlcə məzarı başında anıldı. Ruhuna dualar oxundu. Valideynləri, döyüş yoldaşları, qələm adamları xatirələrini danışdılar. Məktəblilər şeirlər söylədilər. Sonra tədbir II Fəxri xiyabanın ərazisində şəhidin ruhuna ehsan süfrəsi açılmış mərasim evində davam etdi.
Noçuyev Surxay Əbdül oğlu haqqında
Surxay Noçuyev 1988-ci il dekabrın 19-da Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub.1995–2002-ci illərdə Xarici Dillər Təmayüllü Gimnaziyada, 2003–2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006–2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) Quru Qoşunları fakültəsini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə “leytenant” hərbi rütbəsi verilib.
Zabit kimi fəaliyyəti müddətində Noçuyev Surxay motoatıcı taqım komandiri, mexanikləşdirilmiş taqım komandiri, motoatıcı bölük komandiri, motoatıcı taborun qərargah bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-1) mexanikləşdirilmiş bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-3) mexanikləşdirilmiş bölüyünün komandiri, qərargah bölüyünün komandiri, motoatıcı bölük komandiri, motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini, motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini, motoatıcı taborun komandiri, mexanikləşdirilmiş taborun (BTR, SandCat) komandiri vəzifələrində xidmət edib.
“Kapitan” hərbi rütbəsinədək yüksəlib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində qələbənin qazanılmasında müstəsna xidmətləri olub. Komandiri olduğu mexanikləşdirilmiş taborun şəxsi heyəti ilə birlikdə döyüşlərdə xüsusilə fərqlənib, şücaət və rəşadət nümunələri göstərərək Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib və noyabr ayının 9-u Şuşa şəhəri ərazisində hərbi əməliyyatlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 12 noyabr 2020-ci il tarixdə II Fəxri Xiyabanda dəfn olunub.
Sağlığında Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” medalları ilə təltif olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ona “Vətən Müharibəsi Qəhrəmanı” (ölümündən sonra), “Vətən uğrunda” medalı (ölümündən sonra), “Qubadlının azad olunmasına görə” (ölümündən sonra), “Füzulinin azad olunmasına görə” (ölümündən sonra), “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunub.
2021-ci ildə Zəngilan rayonu 1 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Bakı şəhəri, Binəqədi rayonunda yerləşir) Vətən Müharibəsi Qəhrəmanı Surxay Noçuyevin adı verilmişdir.
Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru