Elçin Mirzəbəyli – Ağdam qatarı

Kabus qatar – “Ağdam qatarı”

2011-ci ildə yazdığım bu şeirin qəhrəmanlarının arzularının bir addımlığında ola biləcəyini təsəvvür belə edə bilməzdim.
Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasının 20 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün, Gəncəyə getmişdik. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qatarla gəlməli olmuşdular. Onlar qaldığımız otelə çatanda Rəşadı heç vaxt görmədiyim ovqatda gördüm. Rəngi qaralmışdı. Hiss olunurdu ki, bütün gecəni yatmayıb. Mən adətən onun zarafatlarına alışmışam. Harda olursa, ora pozitiv enerji ötürür. Bu dəfə isə fərqli mənzərə ilə qarşılaşmışdım. Soruşdum ki, nə olub? Dedi, sonuncu dəfə qatarla 25 il öncə Ağdama getmişdim. İndi qatarla gəlmək məni o illərə apardı, yenidən o hisləri yaşadım. Bura çatana qədər əzab çəkdim. 25 ildir Ağdama gedə bilmirəm. Hər dəfə qatar görəndə bu hala düşürəm. Sonra da dedi ki, istəyirəm, sən bu barədə şeir yazasan. Qəribə də olsa, mən özümü Rəşad Məcidin yerinə qoydum və “Ağdam qatarı” (Kabus qatar) adlı şeir yazdım. Şeir populyarlaşdı, Rəşad şeiri oxuyandan sonra dedi ki, elə bil, qatarda mənimlə birlikdə olmusan. O hisləri olduğu kimi, ən xırda detallarına qədər yazmısan.
Beləliklə, “Kabus qatar” şeiri belə yarandı və mən ilk dəfə idi ki, başqa bir adamın təəssuratlarını, yaşantılarını öz təəssuratlarım, yaşantım kimi qələmə alırdım. Özümü o qatarın içində hiss edirdim…

I hissə

Nisgil var gecənin qaranlığında,
Sükuta bürünüb Bakı vağzalı…
Gözlərim yol çəkir yol ayrıcında…
İçim başdan-başa gözləmə zalı…
* * *
Uyuyur saçımda izi illərin –
Bir kövrək baxışa, sığala möhtac.
Dolaşıb kələfi xatirələrin –
Üfiqlər dolanbac, yollar dolanbac…
* * *
Dünənə aparan yollar uzaqda,
Qapısı bağlıdır hələ yolların…
Dayanıb sakitcə dayanacaqda
Yolunu pusuram ayrılıqların…
* * *
Sükuta bürünüb vağzal,
Sükuta…
Bir dil istəyirəm dindirə məni…
Bir əl istəyirəm əlimdən tuta
Ağdam qatarına mindirə məni…
* * *
…Saata baxıram:
«Hələ vaxta var…»,
Bələdçi perronda kölgə tək susur…
Gözümdə yol gəlir bir kabus-qatar
İçimdə yol gəlir həsrət kabusu…
* * *
«Bələdçi, bələdçi!
Niyə donmusan?
Danış!
Din!
Cavab ver!
Açılsın səsin!
De, «qatar Ağdama gedir…»
De, qardaş…
De, «yanlış yazılıb «Gəncə» lövhəsi».
* * *
…Bələdçi biletə baxır sakitcə,
…Bələdçi nə bilsin içimdə nə var?
Lövhədə «Gəncə»di,
biletdə «Gəncə»,
Gözümdə…
«Ağdama gedir bu qatar».
* * *
…Bu qatar Gəncəyə gedir…
Gəncəyə…
Bəlkə də Ağdama gedib nə vaxtsa.
Bəlkə bir iz tapdım, «təsəlli», – deyə
Dəhlizə boylansam, kupeyə baxsam…
* * *
…Kupe də bənzəyir həmin kupeyə,
Dəhliz də bənzəyir, pəncərələr də…
Elə bu qatarla, elə bu yolla…
Qaçmaq istəyərdim xatirələrdən.
* * *
Kupedə sükut var…
Bu dəli sükut
Bir yetim təsəlli yoğura bilmir…
Kirpiyim altında titrəyən bulud
Bir damla göz yaşı doğura bilmir.
* * *
Xatirə qoxuyur aldığım nəfəs…
Hayqırır geri dön, geri dön, Rəşad!
Mənə divan tutur içimdəki səs:
“Bu qatar Ağdama getmir, en, Rəşad!”.
* * *
…Siqaret tüstüsü dolur gözümə
Dumana bürünür xatirələrim.
Hardasan, ey mənim itkin qatarım?!
Hardasan, ey mənim qərib şəhərim?!
* * *
…Hər gecə Ağdama bir qatar gedir
Ayrılıq daşıyır…
Qayıtmır geri…
Hər gecə Ağdamdan bir qatar gəlir –
Didərgin ruhlardı sərnişinləri…
Didərgin ruhlardı sərnişinləri….
Gəncə-Bakı, 2011.

II hissə
Ümid var gecənin qaranlığında,
İşıq var…
Seçilmir gecə səhərdən.
Tanrının ən gözəl çılçırağından
Nur yağır…
süslənir minarələr də…
* * *
Bu payız geriyə qayıdıb bahar –
Qürub da görünür bizə dan kimi.
Yurda addım-addım dönür dualar –
Tanrı dərgahına qayıdan kimi…
* * *
Səhər də açılır azan səsiylə –
Hopur yurd yerinə əsgər nəfəsi.
Ağdama xalqımın iradəsiylə
Dəmirdən yol çəkir əsgər çəkməsi…
* *
*
Qarabağ…
Qara bax Murov dağında…
Elə bir zirvədə qar çiçəkləyir –
Min şaxə ayrılır hər budağından
Kəlbəcər yolunda nar çiçəkləyir.
* * *
İndi bütöv elim – bütöv taleyim,
Dünyanın ən gözəl ölkəsindəyəm.
Ən uca zirvəyə könül bağlayan
Üçrəngli bayrağın kölgəsindəyəm.
* * *
Gəlir azan səsi minarələrdən,
Kimsə ahəngini pozmasın, Vətən!
Bayraq pıçıltısı, azan sədası
Başımın üstündə…
Susmasın, Vətən!
* *
*
Sən bizi ümidsiz qoymadın, Allah,
Bilirdik…
Ayrılıq bitəcək bir gün.
Didərgin ruhların keşik çəkdiyi
Ağdama qatar da gedəcək bir gün…

Bakı, 25.11.2020.

Müəllif:Elçin MİRZƏBƏYLİ

ELÇİN MİRZƏBƏYLİNİN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəfail Tağızadə – Şəhərim

Şəhərim

Dünənim, sabahımsan,
Varımsan, olanımsan,
Mənimlə qalanımsan,
Hər daşı sirr şəhərim,
Tütyəm, pir şəhərim.

Adı əsrlərdən keçən,
Başı bəlalar çəkən,
O çağ, bu çağ şəhərim,
Mənim qədim şəhərim,
Mənim bəxtim şəhərim.

Dosta qucaq şəhərim,
Oğlu qoçaq şəhərim,
Mənim ocaq şəhərim,
Mənim zirvə şəhərim,
Mənim türbə şəhərim.

Elin hər harayına
Anda coşan şəhərim,
Bir qıyğacı baxışa
Tez alışan şəhərim,
Bir az da sərt şəhərim.
Mənim mərdlər şəhərim,
Mənim əhdlər şəhərim.

Əzəldən seçilənsən,
Sən yoxdan tikilənsən,
Sən içdən dikələnsən,
Ağappaq daş şəhərim,
Sən mənim baş şəhərim.

Sən muğam nəfəslisən,
Həm zilisən, pəsisən,
Qarabağın səsisən.
Mənim səda şəhərim,
Mənim əda şəhərim.
Mənim muğam şəhərim,
Mənim Ağdam şəhərim.

Müəllif: Rəfail TAĞIZADƏ.

RƏFAİL TAĞIZADƏNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mənim gördüyüm Ağdam

Mənim gördüyüm Ağdam

1988 ci ilin iyul ayı idi.Biz Ağdama gedirdik.Maşınımız Kürdəmir-İmişli magistral yolundakı Kürüstü körpünü keçib, Ağdama doğru irəliləyirdi. Hələ Ağdama çatmağa neçə kənd, neçə şəhər var idi. Maşın yol boyu sütüdükcə, yol ətrafı mənzərələr adamı valeh edirdi. Gah yolun kənarındakı boz düzənlik adamın gözünü yorur, gah da yol kənarında boy- boya düzülmüş hündür, yaşıl ağaclar adamın gözünü oxşayırdı. Saatlar, dəqiqələr bir-birini əvəz edirdi. Günəşin qızılı şəfəqləri maşının pəncərəsindən keçib, adamı yandırırdı. Səhərdən başlamış yolçuluq davam edirdi. Hərdən yolun kənarında maşını saxlayıb, uzun yolun dincini alır, çaydan, sudan içib yenə də yolumuza davam edirdik. Hələ Ağdama çatmağa bir xeyli vardı. Mən çox susamışdım. Sürücüyə maşını saxlamağı xahiş etdim. Uşaqlar da maşını saxlamağı təkid etdilər. Sürücü maşının sürətini azaltdı. Bir az uzaqdan yolun kənarında hündür ağacların altında bir gəlin sac qurub, yuxa yayır, somavar qaynadır, yanında cavan oğlan çırpı yığıb, somavarın yanına gətiridi. Bir az irəliləyib, maşını onların yanında saxladı. Düşəndə onların yanında sərin bir bulağın axmasını gördük. Sərin bulaq suyunda əl -üzümüzü yuyub, bir az dincəldik. Bu ailə bizi həm də təzə dəmlənmiş somavar çayına, isti yuxa, pendirə qonaq etdi. Bir az dincəldikdən sonra yolumuza davam etdik. Yol boyu gözəl mənzərələr, yol kənarı yaşıllıq göz oxşayırdı.
Nəhayət biz gəlib Ağdama çatdıq. Düzünü deyim ki, mən ilk dəfə idi ki, Ağdamı görürdüm. Dillər dastanı olan Ağdam. İllərin, əsrlərin yadigarı Ağdam. Neçə-neçə dünya şöhrətli müğənnilərin, xanəndələrin, şair və yazıçıların, qəhrəmanların vətəni Ağdam. Biz maşından düşüb bir az o yan- bu yana boylanıb, şəhəri hansı tərəfdən gəzməyi başlamağımızı qərarlaşdırdıq. Mən ümumiyyətlə hara getsəm, hara səfər etsəm, oranın tarixi abidələri ilə maraqlanıram. Bu mənim ümdə arzularımdan biridir. Ağdamın gözəlliyini görmək lazımdır. Görmək üçünsə gəzmək. Biz əvvəl Ağdam çörək muzeyinə getdik. Muzeydə neçə illərdən qalmış çörək nümunələri nümayiş olunurdu. Mənim nəzərimi qurudulmuş, lakin hələ də rəngini özündə saxlamış çörəklərlə yanaşı həm də divarlarda rəngli boyalarla çəkilmiş həndəsi fiqurlar, illüstrasiyalar, cürbəcür naxışlar cəlb etdi. Biz muzeydən xoş təəssüratla ayrıldıq.
Sonra Cümə məscidinə yollandıq. Məscidə çatıb, maşından düşdük. Məscidin həyətində bir xeyli adam var idi. Kimi içəri keçmək üçün növbə gözləyirdi. Kimi də içəridən çıxan adamlara yol verib, onları əvəz edirdi. Biz də məscidə keçmək üçün adamların çərgəsində dayandıq. Nədənsə adam belə yerlərə gələndə özündə bir yüngüllük huss edir. Ulu tanrı hər bir insanın qəlbindən Allah xofunu əskik etməsin. Biz də başqa adamlar kimi içəri keçdik, allaha dua edib, salavat çevirib, məsciddən çıxdıq. Mən Şəhlaya Diyarşünaslıq muzeyinə getməyi təklif etdim. Dostlar mənimlə razılaşdılar. Biz muzeyə gedib, muzeydəki qədim əşyalarla tanış olduq. İllərdən qalmış qədim paltarlar, təsərrüfat əşyaları, arxeoloji qazıntılar zamanı tapılmış sikkələr, palçıq qablar, küplər, daha nələr, nələr. Bütün bunlara baxa-baxa Azərbaycanın nə qədər qədim olduğunu bir daha yəqin edirsən. Sağ olsun muzeyin bələdçisi bizi bütün muzeyi gəzib, bu əşyalarla tanış olmağımıza kömək etdi. Biz muzeyi gəzib qurtardıq. Bələdçi ilə, muzeyin başqa əməkdaşları ilə sağollaşıb maşına oturduq.
Ancaq bütün bunlarla yanaşı Ağdam deyəndə təkcə Qarabağ atını göstərmək olar ki, bu Azərbaycana dünya şöhrəti gətirmişdi.
Bir az yorulmuşduq, həm də susamışdıq. Biz Ağdamın məşhur,, Çay evi” nəgetməyi qərara aldıq. Dedik gedib həm çay içərik həm də bu bina ilə yaxından tanış olarıq. Bildiyimuz kimi bu Çay evinin belə lahiyədə tikilməsində bilavasitə Xudu Məmmədovun əməyi böyük olmuşdur. Çox sağ olsun ki, 1986 cı ildəo binanın bu formada tikilməsini təklif edib. O vaxtki raykom katibi, başqa əlaqəli məmurlar da bu binanın tikilməsini təsdiq ediblər.
Biz stolların birinin ətrafında əyləşdik. Mürəbbə, limonla çay sifariş verdik. Sağ olsunlar xidmətçilər bizə lazımı xidmət göstərdilər. Biz doyunca çay içib, pulumuzu ödəyib çay evindən çıxdıq.
Artıq günorta idi. Uşaqlar mağazaya baş çəkməklərini istədilər. Biz Ağdamın təzə istifadəyə verilmiş Ticarət mərkəzinə getdik. Tucarət mərkəzinin uzunluğu nə qədər idi bilmədim, ancaq saatlarla vaxt lazım idi ki, bu ticarət mərkəzini gəzib qurtarasan. Biz neçə köşkü gəzdik, lazım olanlardan, xoşumuza gələnlərdən bir neçə şey alıb ordan çıxıb, Ağdam bazarına getdik.
Bazar. Bir az səs-küy olanda el arasında deyillər ki, elə bil bazardı. Doğrudan da bazarda səs-küy idi. Alan kim, satan kim. Kimi gətirdiyi meyvələri satmaq üçün müştəri səsləyir, kimi toyuq-cücənin ətini nümayiş etdirir, kimi də göy-göyərtinin təzə olduğunu göstərirdi. Biz bir az bazarı dolaşdıq,bəzi mürəbbəlik meyvələrdən almaq üçün satıcılara yaxınlaşdıq. Bazarda gəzdiyimiz vaxtlarda mənim nəzərimi bir şey xüsusi cəlb elədi. Bix bazarda alış-veriş edən vaxt bazarda iki-bir, üç-bir cavan oğlanlar gəlib meyvələrin, tərəvəzlərin neçəyə olduğunu soruşur, guya xoşuna gəlmir, yaxşı deyil deyə ayaqları ilə meyvə-tərəvəz topalarını vurub dağıdırdılar. Bunlar kimdir , niyə belə edirlər?-deyə soruşduq. Yerli camaat yavaşca ermənilərdi gəlib belə dava salırlar, müdaxilə edəni də tutub aparırlar. Biz aldığımız şeyləri maşına yığıb bazardan çıxdıq. Bur az maşınla Ağdamın şəhərarası yollarında gəzib, şəhəri seyr etdik. Artıq günortadan xeyli keçmişdi. Biz Ağdamdan xoş təəssüratla, xoş xatirələrlə evimizə qayıtdıq.
Ağdam mənim yadımda o illərin insanlarının qurub, yaratdığı göz oxşayan mənzərə kimi qaldı.

Müəllif: Tənzilə ƏLİYEVA

TƏNZİLƏ ƏLİYEVANIN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Çingiz Abdullayev haqqında kitab nəşr olunub – Fotolar

Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev haqqında kitab nəşr olunub – FOTOLAR

Kitab tərtibçilər tərəfindən bu gün Xalq yazıçısı Çingiz Abdullayevə təqdim olunub.

“Yazarlar” jurnalının kollektivi adından Xalq yazıçısı Çingiz Abdullayevlə görüşən jurnalın baş redaktoru Zaur Ustac və texniki redaktor Tuncay Şəhrili gələcəkdə nəsr sahəsində fərqlənən yazarlara təqdim olunacaq “Çingiz Abdullayev” mükafatının təqdimat formasını müəyyən ediblər.

Xalq yazıçısı Çingiz Abdullayev Tuncay Şəhriliyə Azərbaycan dilində imzalı “Mavi mələklər” kitabını hədiyyə edib.

Qeyd edək ki, BMT-nin gizli əməkdaşlarını “mavi mələklər” adlandırırlar. Onların əsl adı heç kimə məlum deyil, hətta özləri belə öz adlarını unudublar. Peşəkar ekspert və analitik — Dronqo buna parlaq nümunədir. O, narkotik alverçilərinin izi ilə öz qrupuyla birgə yer kürəsinin müxtəlif bölgələrinə səfərlər eləyir və öz məqsədinə yaxınlaşdıqca o bir o qədər təhlükəli olur. Onun ən əziz insanı, ən yaxın dostları həlak olur…
“Mavi mələklər”i dilimizə unudulmaz tərcüməçi, mərhum Natiq Səfərov çevirib.

Hazırladı: Pərvanə Fərhadqızı

ÇİNGİZ ABDULLAYEV HAQQINDA KİTAB PDF:

Chingiz-AbdullayevOXU!

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

MƏNİM DOĞMA, GÖZƏL YURDUM, AĞDAMIM!

Qələbə günlərində Ağdamlı dostum Afəridə xanımın arzusu ilə yazdığım şeiri diqqətinizə çatdırıram.


MƏNİM DOĞMA, GÖZƏL YURDUM, AĞDAMIM!
Qaçqın düşdqük, əzab çəkdik aramsız,
Nə zalımmış bu erməni, bu qansız!
Düz iyrimi yeddi ili Ağdamsız,
Bu dünyaya sanki kordum Ağdamım,
Mənim doğma, gözəl yurdum Ağdamım!
* * *
Ayrı düşdün bu illər ki, elindən,
Düşməmisən bir ağdamlı dilindən.
Aldı səni yağıların əlindən,
Baş komandan, şanlı ordum, Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Ürəksizmiş harda olsa vətənsiz,
Baş neyləsin, dil neyləsin bədənsiz?
Anlamıram, bu illəri mən sənsiz,
Necə dözdüm, necə durdum Ağdamım?
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Şükür, dönüb qucağına gəlmişəm,
Sevincimdən ağlamışam, gülmüşəm.
Qiblə sanıb, səni Məkkə bilmişəm.
Yenə səndə binə qurdum Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Uca olsun onun adı, həm şanı,
Min yaşasın Ali Baş komandanı.—*
O bəxş etdi bu payızda xoş anı,
Bu həsrəti başa vurdum Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
Yaşa mənim əzəl yurdum Ağdamım!

*Ali Baş Komandan İlham Əliyev.
21.11.2020.

Müəllif:Aqşin HACIZADƏ

AQŞİN HACIZADƏNİN YAZILARI

QULU AĞSƏSİN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AĞAM!.. ADAM!.. AĞDAM!..

AĞAM!.. ADAM!.. AĞDAM!..
“Sən öl”ü, “sağ ol”u bəlli,
yaranandan üzü bəri
yasında Yasin oxunan,
toyunda tüfəng atılan –
şəhərim!
Dünyanı bazara çıxaran,
dünya bazarında satılan –
şəhərim!
Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun…
Ağam şəhərim!
Adam şəhərim!
Ağdam şəhərim!
Şükür külünə,
şükür qayıdış gününə!
Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik.
Bir “Uzundərə” havası çal,
çıx Bərdə yoluna –
Uzundərəynən gəlirik!..
15.11.2020.
Müəllif: Qulu AĞSƏS

QULU AĞSƏSİN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru