Katibə
Əgər sənin bir idarə müdiri ilə işin ola və sən də onun düzəlməyinə çalışasan, onda qardaş, gərək katibə ilə işini bərk tutasan. Çünki qəbul birinci növbədə katibədən başlayır.
İçəri daxil olanda ona ədəb-ərkanla salam ver. Tələsik yox, bir az gözlə, yanında adam çoxdursa, hələ dayan. Çay dəmləyirsə və dırnaqlarını laklayırsa, yenə gözlə. Telefonla danırsa, ümumiyyətlə, varlığını gizlət. Gördün ki, başı azca ayazıdı, gülümsəyərək, hörmət və ehtiramla bir salam ver. Salam “abratını” özünə qayıtsa, gözləməyə dəyər. Onda bir güncdə dayan, guya heç nəyə mane olmursan. Təklif eləsə lap yaxşı, stulların birində otur. Tez oturma , bu, sayğısızlıq olar. Guya burada ayaq üstə dayanmağın özü də gözəldi. Bir az keçəndən sonra otur. Əgər oturmasan, o, deyə bilər ki, çıx bayırda gözlə. İsdi, əgər elədiyi krasvordun bir xanasının cavabını səndən sorusdusa və səndə düz tapdınsa, elə bil ki, yüz faiz səni yuxarıdan tapşırıblar.
Fikir zad- eləmə , ədəb ərkanını gözlə. Katibənin əlindən darağı yerə düşdüsə, o da götürmək üçün əyildisə, hörmət əlaməti olaraq sən də əyil. Çünki müdirlərin açar- kilidləri katibələridir. Möhürlər çox vaxt onlarda olur. Məncə, yaltaqlığın ibtidai forması elə buradan başlayır. Bir sözlə, katibələr müdirlərin kserokopiyasıdır, daha doğrusu, mimikasıdır.
Yaxşı bir idarə müdirinin katibəsi olmaq Bakı Dövlət Universitetinin bərk gedən fakültəsinin birini qırmızı diplomla qurtarmağa bərabərdir, hələ bir ondan artıqdır.
Subaysansa, katibələrin biri ilə evlənə də bilərsən. Niyə də evlənməyəsən? Adətən qızların ən gözəllərini katibə götürürlər. Nə qədər əvvəli katibə olan deputatlar görmüşəm, nə qədər katibə alan oğlanların səsinin yuxarıdan gəldiyini və hətta onun da özünün katibəsi olduğunu bilirəm.
Nə isə…ömrümün çoxu qəbul otaqlarında keçib. Yanında güzgüləri, somavarları, moda jurnalları olan katibələrin hikkəsi, uzun müddət telefonla danışıb qəh-qəhə çəkməsi, sonra naz-qəmzə ilə içəri çay aparması, içəridən gülə-gülə çıxması və deməsi ki, müdir bərk məşğuldur və ya içimizdən bir nəfəri seçib:- sən gözlə- deməsi mənim üçün Əfqanıstan müharibəsində iştirak etməkdən də ağır olub…
Indi də qəbuldayam. Kaş Kabildə olaydım. Əfqanistanın paytaxtınnda. Katibə qəti bir söz dedi. Gəlməyib və olmayacaq.
Elə bu zaman katibə içəri daxil olan özü kimi qəşəng bir xanımla çox mehriban görüşdü, o, dedi “Seva”, bu, dedi “Gülya”, yüngülcə qucaqlaşdılar. Dodaqlar asta və usta şəkildə “moç” siqnalı verdi, amma dodaqlar siqnalı havada ifa elədilər. Deyəsən o da ayrı bir idarənin katibəsiydi, kimisə tapşırdı, dedi ki, Baloğlan müəllim özü şəxsən deyir, bu katibə qayıtdı ki, mən Balağlan müəllimin katibi olmuşam- o əlüstü bizə işarə olaraq katibə sözündəki “Ə” sözünü yedi və bu da təbii ki, bizim nəzərimizdən qaçmadı.
İdarənin polis gözətçisi katibə ilə “Mırt” vurur. Bu meribançılığa bizim də ağzımızın suyu axır.
Yanımda iki yaşlı qadın var. Hiss olunurdu ki, biri təcrübəlidir, katibədən gizli kodlarla sözlər soruşurdu, o da bunu havada tuturdu.O biri arvad isə beli adyallı , başı yaylıqlı, dərdli-qəmli dayanıb. Sanki müharibədən bəhs edən qalın bir kitabdı. Qalın kitab olan qadın katibədən xahiş edir ki, Əşrəf müəllimlə görüşmək istəyirəm. Katibə barmaqlarının manükürünü qaşovlayır, heç əhəmiyyət vermir, polisin mənasız sözlərinə hırıldayır. Arvad yenə de¬yir:- bala, başına dönüm, qaçqınam. Katibə aradabir arva¬da bir söz atır:- Tempoli Əşrəf müəllimin qaç¬qın¬ları görməyə gözü yoxdur.
Arvad hisrlənir.
-Bu saat gedərəm küçə telefonunu alaram qulağı¬ma şəxsən Prezidentə özüm deyərəm.
Arvad elə bilirdi ki bu keçə telefonları ilə istənilən yerə zəng eləmək olar.
O həmişə küçədəki telefonları ümid yeri kimi saxlayırdı.
Bu sözə katibə ilə polis gülməkdən qarınlarını qucaqlayırdılar.
Katibə dedi ki, get zəng elə.
Mənə elə gəldi ki, arvad bu ümidini də itirdi.
Təcrübəli arvad yaxınlaşdı katibəyə və dedi:
-Boynundakı sep ərəbskidir?
-Hə, nə bildin?
- Mən iyirmi il icra hakimiyyətində katibə işləmi¬şəm.
-Bəs indi işləmirsiniz? - Yox, yaşlanan kimi işdən çıxartdılar.
Katibənin kefi pozuldu.
Yaşlı qadın dedi.
-Həftə ərzində harda dincəlirsiniz?
-Şənbə, bazar günləri Buzovnaya gedirik, bağa.
Lalın dili anası bilər. Yaşlı və cavan katibələr elə danışırdıar ki, elə bil dünya məsələrini həll edirdilər.
-Əşrəf müəllim içəridədir, deyərəm keçərsiniz- katibə dedi.
Qaçqın qadın küçəyə zəng eləməyə, o biri içəri keçdi.
Mən də əllərimi çarpazlayaraq dayandım. Qız da polislə ”Mırt” vurur.
Bir əhvalat yadıma düşür, ev məsələmlə bağlı Xalq şairi Zəlimxan Yaqubla gəldik Səbail icra hakimiyyətinin sabiq başçılarının birini yanına. O vaxt böyük şairimiz Milli Məclisin üzvü idi.
Yenə katibə. dırnaqlarını manikürləyir…
Zəlimxan Yaqub məsələni dedi. Katibə içəri keçib Zəlimxan Yaqubun gəldiyini məruzə elədi. Sonra katibə dedi ki, yanında adam var. Zəlimxan da poltosunu və papağını çıxartdıb asılqandan asdı, gözləyərik- dedi. Düz saat yarım keçdi. Axırda katibə dedi, səhər gəlin, zəhmət olmasa, müəllimin əlində vacib işi var, məruzə hazırlayır. Gözünə döndüyüm Zəlimxan Yaqub qapını açıb girdi içəri, görür ki, başçı internetdə şahmat oynayır. Zəlimxan ona bir iki kəlmə adamın yeddinci qatından keçən söz dedi. Düşdü aşağı. Mən də dalınca. Sonra nədənsə qayıdıb katibəyə mən də belə bir söz dedim:
Katibələr yaşlananda işdən çıxarılırlar
Gözəlliyin çəzası ağır olur,
Xanım hey!
Mənim də gücüm bu sözə çatdı. Zəlimxan Yaqub sonralar deyirdi, qıza yaman dedin ha!
Müəllif: Qəşəm Nəcəfzadə,
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru