
Azərbaycanlı şair-alim: “Şərəfimi qorumaq üçün hər şeyə hazıram”
(Rafiq Yusifoglu ilə müsahibə)
- Sizə görə həyatda ən asan və ən çətin şey nədir?
- Ən asan şey ağzına gələni danışmaq, ən çətin şey isə özünü dərk eləməkdi.
- Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız?
- Şeirlərimin birində belə bir misra var: “Bir çayam, kəndimdən başlanır ömrüm”. Ucqar bir dağ kəndində – Çardaxlıda doğulduğuma, meşələri, dağları, çəmənləri gəzdiyimə, odun yığdığıma, ot biçdiyimə, qoyun-keçi nobatına getdiyimə, heyvanları yaylıma apardığıma, at çapdığıma, biçənəkdə uzanıb otların, çiçəklərin ətrini sinəmə çəkə-çəkə quşların, böcəklərin səsini dinlədiyimə, çiynimdə tüfəng qarlı düzlərdə gəzdiyimə, çayda çimdiyimə, balıq tutduğuma görə çox xoşbəxtəm. Yaradıcı adam üçün bunlar çox vacib şeylərdi… Ucqar bir dağ kəndində yaşasaydım, çörəyimi torpaqdan çıxarmağı bacarardım. Ancaq təəssüf ki, mənim doğulub boya-başa çatdığım kənd indi düşmən tapdağı altındadı…
- Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?
- Ona üzülürəm ki, doğulduğum torpaq işğal altındadı, ona sevinirəm ki, Azərbaycan müstəqil Respublikaya çevrilib. Ona üzülürəm ki, mənim üçün çox əziz, doğma olan adamları – babalarımı, nənələrimi, valideynlərimi, əmilərimi, dayılarımı, bibimi, əmim oğlanlarını, bibim oğlanlarını, bibim qızlarını itirmişəm, ona sevinirəm ki, həyat davam eləyir, onların heç birinin yeri boş qalmayıb. Bir şeirimdə deyildiyi kimi: “Zamanın qurbanı olubdur atam, Zamana göz dikib nəvəm-nəticəm”…
- Valideyn və müəllimlərdən başqa özünüzü kimlərə borclu bilirsiniz?
- Ulu yaradanıma və doğulub boya-başa çatdığım Azərbaycan torpağına…
- Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı?
- Şərəf və ləyaqətimi qorumaq üçün hər şeyə hazıram.
- Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?
- Mühitə düşsəm, bəlkə yaxşı bəstəkar da ola bilərdim, ancaq doğrusu, başqa peşədə gözüm yoxdu. Özümü şair kimi də, ədəbiyyatşünas kimi də, pedaqoq kimi də, naşir kimi də yerimdə hesab edirəm və gördüyüm işlərdən zövq almagı bacarıram. Tələbələrimin sonsuz sevgisini qazana bilməyim mənim ən böyük mükafatımdı…
- Üzr istəmək sizə ağır gəlmir ki?
- Çox ağır gəlir. Ona görə ömrüm boyu çalışmışam ki, üzr istəməyə lüzum qalmasın.
- Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”, siz necə düşünürsünüz?
- Ağlamaq var, ağlamaq var da! Sabirin dediyi anlamda kişiyə ağlamaq, zarımaq yaraşmır. Kişi ən çətin vəziyyətdən çıxmağı bacarmalıdı. Ancaq ağlamaq insana xas olan xüsusiyyətdir. İnsan robot deyil axı! Şeirlərimin birini bu misralarla bitirməyim təsadüfi deyil:
Ürəyim doğmadı dərdə, ələmə,
Zərrəcə qorxum yox dardan, çətindən.
İlahi, sən məni məhrum eləmə
Hönkürüb ağlamaq səadətindən… - “Kaş ki, filan ölkədə doğulaydım, filan xalqın nümayəndəsi olaydım” dediyiniz olurmu?
- Hərdən diqqətsizlik, sayğısızlıq, mədəniyyətsizlik görəndə adamın ürəyindən buna bənzər hisslər keçir, ancaq nə vətəni, nə də valideynləri seçmək mümkün deyil.
- Evinizdə inciklik olurmu? Olursa birinci kim barışır?
- Söz-söhbətsiz ev olmur. Ancaq ömrünün ixtiyar çağını yaşayan insanlar üçün inciklik səciyyəvi cəhət deyil.
- Özünüzü kimin qarşısında günahkar bilirsiniz və kiminsə günahını bağışlamısınızmı?
- Mən özümü yalnız Ulu Yaradanımın önündə günahkar sayıram. Çox adamın günahlarını bağışlamışam, yetər ki, səhvini başa düşsün.
- Sizcə azadlıq istədiyini eləməkdi ya istəmədiyini?
- Azadlıq şərti məfhumdu. Mənim “Azadlıq” adlı bir essem var. Orada yazmışam ki, insan bir bətndən (ana bətnindən) o biri bətnə qədər (torpağa) yol getmək zorundadır. İki “zindan” arasında nə azadlıq? İnsan kainatın, cəmiyyətin ayrılmaz bir təkərciyi, vintciyidi. O boyda günəş, yer azad deyilsə (istədiyini eləyə bilmirsə), insan necə azad ola bilər? İnsan yalnız düşüncəsində azaddı, o da qismən.
- Sevgi nədir: ümid, qorxu ya xoşbəxtlik?
- Lirik şeirlərimin əksəriyyətində, özü də ayrı-ayrı ovqatlarda bu sualın rəngarəng cavablarını verməyə çalışmışam: “Sevgi çağırılmamış qonaqdı, ancaq ev sahibinə çevrilir”.
Sevən qəlbdə nə sırsıra, nə şaxta?
Salıb mənim saçlarıma sevgi dən.
Ulu Tanrım, gözlərimi işıqdan,
Ürəyimi əskik etmə sevgidən… - Ən çox nə zaman utanırsınız?
- Çalışıram ki, mənə utanc, xəcalət gətirən bir iş görməyim. Çox şükür, heç kəsin yanında gözükölgəli deyiləm.
- Ölüm nədir?
- Ölüm bu dünyanın sonu, o biri dünyanın isə başlanğıcıdır.
- Çoxlu pulunuz olsa, hara xərclərdinz?
- Çoxlu pul mənim nəyimə gərəkdi? Qazancım insan kimi yaşamağıma bəs eləyirsə, buna min şükür!
- “Mən almasam, bir başqası alacaq, mən olmasam, başqası olacaq” düşüncəsi nəyi ifadə edir?
- Müqəddəs məbədlər boş qalmır ifadəsi təsadüfi yaranmayıb. Ancaq hər kəsin həyatda öz yeri, öz qisməti var.
- Həyatda ən böyük təsəlliniz?
- Dəli sevda dolanmırsa başında,
Sevmirsənsə, bu dünyada qəribsən.
Ulu tanrım, baş əyirəm qarşında, –
Mənə sevmək istedadı veribsən! - Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?
- Bütün sualları imkanım daxilində cavablandırmağa hazıram, ancaq yersiz, sual vermək xətrinə sual olmasa. Mənə görə, sual düşüncənin başlanğıc nöqtəsidi…
- Yubiley və ad günlərində özünüzü necə hiss edirsiniz?
- Çox narahat. Nə yubiley, nə də ad günü qeyd eləməyi xoşlamıram.
- Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?
- Heç nə. Nəsihət verməyi də, nəsihət dinləməyi də xoşlamıram.
- Sizə görə, insanda ən yaxşı və ən pis xarakter hansıdır?
- Ən yaxşı cəhət səmimiyyət, ən pis cəhət isə riyakarlıqdır.
- Nə vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran, ya da aşiq olmusunuzmu?
- Müğənniləri, sənətçiləri heyranlıqla dinlədiyim anlar olub, ancaq onların heç birinə aşiq olmamışam.
- Övladlarınız sizi atsalar, onlara nə deyərdiniz?
- Tam əminliklə deyirəm ki, mənim heç bir övladım məni ata bilməz. Çünki ot kök üstündə bitir. Digər tərəfdən mən atılmalı ata deyiləm.
- Ən çox sevdiyiniz və sevmədiyiniz sözlər?
- Yerində, məqamında deyilən bütün sözlər gözəl, yersiz deyilən bütün sözlər isə eybəcərdir.
- Fürsət olsa, ölümqabağı nə vəsiyyət edəcəksiniz?
- Nə vəsiyyətdən, nə də nəsihətdən xoşum gəlmir. Canının hayında olan bir adamın ağıllı söz deyəcəyinə inanmıram.
- Ən çox nədən qorxursunuz?
- Tənhalıqdan və ölümdən.
- Xoşbəxt olmaq üçün nəyiniz çatmır?
- Xoşbəxtəm, hər şeyim var…Sağlam düşüncə, sevgi xoşbəxtliyin təməl daşıdır.
- Sizin kimlərə və nə kimi xeyriniz var?
- Mənim kimlərə nə kimi xeyir verdiyimi həmin kimlərin özü çox yaxşı bilir.
- Bu dünya bir insan şəklində qarşınızda dursa, ona nə deyərdinz?
- Gözəlim dünya, sənin qoynunda yaşamaqdan çox məmnunam.
- Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?
- Bəli. Məni cavan vaxtı məktəb direktoru qoymaq istədilər, getmədim. Məni “Azərbaycan pioneri” qəzetinə redaktor qoymaq istədilər, getmədim.
- Gənclik hansı yaşda bitir?
- Hansı yaşda olursa-olsun, ürəkdən sevgi tükənirsə, gəncliyə əlvida deməyə məhkumsan.
- Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?
- Dost sarıdan korluğum yoxdur. Ancaq bir qədər dərindən düşünəndə insanın dostu da, düşməni də onun özüdür… Özünə dost olsan, dost qazanacaqsan, özünə düşmən olsan, düşmən…
“Zaman Azərbaycan” qəzeti
Mənbə: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru