Cəvahir Tanrıverdinin şeirləri

ANAMIN ÇİÇƏKLƏRİ

Nazını çəkirsən hər an, hər zaman,

Eşqinlə böyüdüb sən çiçəkləri.

Qoruyub küləkdən, qardan, yağışdan

Qayğı göstərirsən bir ana kimi.

Deyirsən : “çox həssas olur çiçəklər,

Sevgiylə toxunub duyasan gərək.

Bir soyuq baxışdan sola bilirlər,

Bir çiçəklə çiçək olasan gərək.”

Səbrlə dayanıb qulluğunda sən

Yeddi il gözlədin açan çiçəyi.

Körpə anasına sığındığı tək

Sevginə sığındı çiçəklər sənin.

Duydun bir baxışdan dərdlərini də,

Bu qədər həssaslıq nədir, ay ana?

Bir gülün yarpağı titrədikcə sən

Bir ürək titrətdin hər baxışında.

Deyirəm, dünyada nifaq salanlar

Bir ürək daşıya kaş sənin kimi.

Bir körpə ürəyə mərmi tuşlayan

Görən düşünürmü o körpəliyi…

Sənin əllərinlə çiçək də bitər

Heç çiçək görməyən bir daşın üstdə.

Bu dünya mərmisiz yaşaya bilər,

Ağacsız, çiçəksiz olar can xəstə.

Kaş, sənin əlinlə gülüstan ola

Daş tək gəzdirilən ürək yerində.

Torpağın üzünə insanlıq düşə,

Üzü xoşbəxtliklə gülə Yerin də.

Necə də sevinir o kövrək qəlbin

Hər yeni açılmış görcək çiçəyi.

Ana, sanki, onlar sənə qız olub

Yuvadan qızların gəlin köçəli.

 

GƏL GEDƏK DAĞLARA SARI

Bu qədər dərd üzdü bizi,

Gəl gedək dağlara sarı.

Qəmlər qəmə düzdü bizi,

Gəl gedək dağlara sarı.

Ürəyindən buz əritsin,

Ruhuna sevinc yeritsin.

Dost olmayanı qarıtsın,

Gəl gedək dağlara sarı.

Məhəbbəti coşub-çağlar,

Yeri cənnət, ruhu sarar.

İnsanlığa mehr salar,

Gəl gedək dağlara sarı.

Qayğı desən qucaq-qucaq,

Çəksə, yaran sağalacaq.

Ruhu xoşbəxtlik saracaq,

Gəl gedək dağlara sarı.

Xəstə cana təbib dağlar,

Eşq yolunda həbib dağlar.

Həsrətdən könlüm qan ağlar,

Gəl gedək dağlara sarı.

Haqq yolunu tutaq gedək,

Kərəmi dost tutaq gedək.

Naqisi unudaq gedək,

Gəl gedək dağlara sarı.

DƏDƏM QORQUD

Dədəm Qorqud, dəyişibmi

                              Söylə sən görən dünya?

Dəyişibmi, de, zamanla

                              Dostluqların dəyəri?

Sevgisinin alovundan

                              Şimşək kimi çaxanlar,

Bu dünyanın gərdişindən

                              O dünyaya baxanlar?!

Dədəm Qorqud, dəyişibmi

                              Sözümüzün qüdrəti?

Yoxsa susmaq qızıl kimi

                              Yerində durmalıydı?

Nə cümləmizin sonu var,

                              Nə sözün məna yükü.

Dədəm Qorqud, bir yol göstər,

                              Azalsın fikir yükü.

Dədəm Qorqud,

                     Xatunların xatunluğu qalıbmı?

Yoxsa dövran xan ərəni

                              Soydan ayrı salıbdır?..

Dünya varı yorğan olur

                              Bacaranın üstündə,

“Ac qalanın canı çıxsın “,

                              Yansın içi tüstümdə.

Dədəm Qorqud, yaxşı dedin,

                             Soyun soydur, boyun boy.

O tarixin dəyərini

                              Bu gün önümüzə qoy.

Müəllif: Cəvahir TANRIVERDİ

CƏVAHİR TANRIVERDİNİN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir