Murad Məmmədov – 19 şeir.

ÖMÜR YOLUMA BAXIŞ

Daim uzaq oldum boş-boş gümandan,

Yaşadım bu ömrü bildiyim kimi.

Xəbərim olmadı vaxtdan, zamandan,

Necə ki, həyata gəldiyim kimi.

*  *  *

Heç zaman heç kəsdən heç nə ummadım,

Ayrıldım rahatlıq gəzən insandan,

Gözüm açıq oldu, bir an yummadım,

Can qoydum, çalışdım ürəkdən, candan.

*  *  *

Özümün dərdimə qarışdı başım,

Nə ayı, nə ili saya salmadım.

Bir də ayıldım ki, eh, ötüb yaşım,

Vaxt tapıb həyatdan ləzzət almadım.

*  *  *

Bu dünya nazıyla çox yordu məni,

Dala çəkilmədim, nə də dinmədim.

Nə bu günü güldürdü, nə də dünəni,

Elə hey üşütdü, bir isinmədim.

*  *  *

Yamana bəd oldum, yaxşının qulu,

Kiminsə xətrinə, inan dəymədim.

İçimdə şah oldum uludan ulu,

Namərdə yalandan boyun əymədim.

*  *  *

Beləcə yoxuşa dirəndi yolum,

Dönürəm hərdən bir geri baxıram.

Deyəsən azalır həm sağım, solum,

Ya da ki, yoxuşu asta çıxıram.

NEYLƏYİM.

Dərdin nədir, bir başa sal,mən də bilim neyləyim,

Deyirsən ki, dur yaxın gəl, durum gəlim,neyləyim?!

*  *  *

Dünya səhvlər dünyasıdır, mən də xali deyiləm,

Günahlarım çox böyükdür, kəmdi dilim, neyləyim?!

*  *  *

Yüz cür pislik görmüşəm ki, dərdə salıb, incidib,

Yaddaşıma bir yük olub, daha silim neyləyim?

*  *  *

Mən Tanrıya inananam, onda günah görmürəm,

Günahsıza toxunmağa qalxmaz əlim, neyləyim?

*  *  *

Bir-birindən sınan qəlblər, inan gülməz,barışmaz,

Alın yazın mənlə deyil, küsmə gülüm, neyləyim?!

*  *  *

Deyirsən ki, mən ölürəm, Murada bax yaşayır,

Kim ölənlə ölür səncə, mən də ölüm neyləyim?

BAXMAZ

Hədəfini daim güdən,

Uzaq yolu yaxın edən,

İstəyinə doğru gedən,

Qəti sağa, sola baxmaz.

*  *  *

Sevgisindən qala tikən,

Ətrafında tər gül əkən,

Yar yolunda cəfa çəkən,

Kələ-kötür yola baxmaz.

*  *  *

Əhdə vəfa candan gələr,

Abır, həya qandan gələr,

Qəhrəmanlıq gendən gələr,

Nə istəyə, pula baxmaz.

*  *  *

Cavab verər xatasına,

Dönük çıxmaz butasına,

Umud olmaz atasına,

Vuran oğul dala baxmaz.

*  *  *

Zövq almağa çalış ,tələs ,

Boş keçirmə ömrü əbəs.

Könlü şirin istəyən kəs,

Turş bəhməzə, bala baxmaz.

*  *  *

Odda yanan, suda batan,

Yardım üçün əl-qol atan,

O dünyayla əlləşən can,

Tez boşalar, hala baxmaz.

*  *  *

Bezikənin başı çönər,

Əsəbindən gözü dönər.

Fərhad kimi dağı yenər,

Onu sıxan qola baxmaz.

*  *  *

İnsan sınsa, bel bükülər,

Sinəsinə dağ çəkilər,

Murad, barı tez tökülər,

Yetişmişə, kala baxmaz.

ÇIXDI

Ələdim ələkdən keçən ömrümü,

Baxdım ki, nə qədər kəpəyə çıxdı.

Sonda əzəmətli bir dağ sanırdım,

Yeridim güzarım təpəyə çıxdı.

*  *  *

Bəzən bir yarpaqla doyar, bəsidi,

Yaşamaq istəyi onun səsidi.

Yəqin ki, Tanrının bir möcüzəsidi,

Qurd yarpaq gəmirdi, ipəyə çıxdı.

*  *  *

Allahla təmasdan qəti qopmadım,

Qarşıma it çıxdı yoldan sapmadım.

Hirsimi tökməyə canlı tapmadım,

Nə hirsim varıydı köpəyə çıxdı.

*  *  *

Ay Murad, kim olsa saray yapardı,

Sənin imkanını kimlər qopardı?!

İnsanlar küp eşdi, qızıl apardı,

Səninki bir qırıq küpəyə çıxdı.

NƏYİMƏ GƏRƏKDİR

Aləm mənə qarasa, ağ nəyimə gərəkdir,

Məni razı salmayan, çağ nəyimə gərəkdir.

*  *  *

Yaş ötüb, dövran keçib, həvəs yoxdu qalxmağa,

Daha heyran olduğum dağ nəyimə gərəkdir.

*  *  *

Artıq piyin deyirlər, çoxdu cana ziyanı,

Məni xəstə eyləyən, yağ nəyimə gərəkdir.

*  *  *

Əzaların tamlığı həvəs verər insana,

Sol tərəfim qurusa, sağ nəyimə gərəkdir.

*  *  *

Görmüşük ki, bağ içrə bülbüllər meydan sular,

İçində şeytan gəzən, bağ nəyimə gərəkdir.

*  *  *

Ay Murad, gülməlidir, başın sağlam deyilsə,

Saçımı yarı bölən, tağ nəyimə gərəkdir.

BELƏ DƏ OLUR…

Bəzən ağlında olanı,

Cürət edib deyənmirsən.

Həzm edirsən boş yalanı,

Xətirinə dəyənmirsən.

*  *  *

Gözü tox ki doğulursan,

Halal süddən yoğrulursan,

Haram oldu boğulursan,

Zəhər olur, yeyənmirsən.

*  *  *

Bir nizam var bu dünyada,

Yaxşı adı verməz bada.

Bəlkə Tanrı qoymur, ya da,

Bu gərdişi bəyənmirsən.

*  *  *

Yaxınına bal olursan,

Hər işindən hal olursan.

Baxma, çox vaxt lal olursan,

Utanırsan, öyənmirsən.

*  *  *

Allahını yaxşı tanı,

Boynuna al, səhv olanı.

Murad, darda öz balanı,

Başa salıb, əyənmirsən!

ZƏFƏR GÜNÜ

Bu gün mənim millətimin,

Tariximin zəfər günü.

Otuz illik həsrətimin

Ölümünə səfər günü.

*  *  *

Haqqımız yox unutmağa,

Şərəf verən o anları.

Torpaq üçün şəhid olan,

Nakam gedən o canları.

*  *  *

Yadda saxla bu günü sən,

Millətimin üz ağıdı.

Bu qələbə, hər an əsən

Erməniyə göz dağıdı.

*  *  *

Uzun sürən həsrətimiz

Nəhayət ki, sona çatdı.

Üzə gülən qismətimiz

Bu həsrətə sevinc qatdı.

*  *  *

Ey Vətənə oğul doğub

Şəhid verən sağ analar!

Qarşınızda günahkarıq

Ay əyilməz dağ analar!

*  *  *

Əsgər oğlum, qov yağını,

Zəngəzurdan çiçək dərək.

Azərbaycan torpağını

Vahid görək, bütöv görək!

DÜNYA VƏ BİZ

Dünyanın bu üzü nura boyanıb,

O üzü qaranlıq, zülmət gecədir.

Orda anlayırsan bir gün oyanıb,

Haram necə olur, halal necədir.

*  *  *

Dünya yaraşıqdı, insan da bilir,

Sevinir, şadlanır, bir gün də gedir.

Bax, orda yediyi burnundan gəlir,

Bax, onda anlayır günahı nədir.

*  *  *

Gələn gələr, açıq olar üzünə,

Qapıları bağlı olan dünyanın.

Gedən gedər, baxanmazsan gözünə,

Canın buza dönər, qaralar qanın.

*  *  *

Dünən gördüklərin çıxar yadından,

Dünyanın nəşəsi gözünü bağlar.

Bu dünya alışmaz sənin odundan,

Nə sənə yar olar, nə də gün ağlar.

*  *  *

Bax, bundan dərs götür, ay bəni-insan,

Dönüb bir arxana, önünə baxsan!

İçində ruh gəzən köçəri cansan,

O ruh ki ayrıldı, deməli yoxsan.

O, KİMDİ?!

Kimin haqqı ödənməz,

Bilirsənmi, ay insan?!

İtirsən, geri dönməz,

Ömür boyu yanarsan.

*  *  *

Möhtacıq nəfəsinə,

O, olmasa donarıq.

Alışarıq səsinə,

Onu Allah sayarıq.

*  *  *

Başımızın tacıdı,

Ürəyin görən gözü.

Zəhər kimi acıdı,

Sərt baxışı, sərt sözü.

*  *  *

Bir andaca dəyişər,

Qəlbi incitməz səni.

Yanar, qarsıyar, bişər,

Sən ağrısan , bədəni.

*  *  *

Altımış il dolandı,

Ötdü mənim yaşımdan.

Dincəlməyi yalandı,

Çəkilməz ki, başımdan.

*  *  *

Siz biləli, o, kimdi?!

Mənim canım-anamdı!

Nə təbibdi, həkimdi,

Amma, həkimxanamdı.

QƏZƏL

Nə olursa xeyirə yoz, ağlama boş-boşuna sən,

Hər bir dərdə dözməlisən, gəlməsə də xoşuna ,sən!

*  *  *

Baxma süni bər-bəzəyə, səhv edərsən, yanılarsan,

Bəlkə o, quş ağıldadı, baxma qələm-qaşına, sən.

*  *  *

Qızın izlə addımını, oğlan özü böyüyəcək,

Hər işinə diqqət yetir, buraxma özbaşına sən.

*  *  *

Dillərinə çox aldanma, fikirləşmə yaşı çoxdur,

Tələsmə heç, söhbət eylə, baxma ahıl yaşına sən.

*  *  *

Öz nəfsinə hakim ol ki, yediyini haram eylər,

Mayıl olma başqasının, məcməyidə aşına sən.

*  *  *

Yeriməyin cana xeyri, çoxdu dostum, yadda saxla,

Çox oturmaq ziyandı bil, çox öyrəşmə maşına sən.

*  *  *

Ağıllı ol, elə yaşa, elə sağlam dost-tanış seç,

Qul olarsan zəmanənin dəlisinə, çaşına sən!

*  *  *

Qürbət elin cəfası çox, uyma Murad səfasına,

Qurban ol öz Vətənimin , torpağına, daşına sən.

UCA TANRI VAR.

O qədər sürətlə keçir bu ömür,

Vaxt, zaman başında qara turp əkir.

Bir kimsə dərdini kimsəyə demir,

Yaş ötür, can gedir, içində çəkir.

*  *  *

Nə dünya dəyişir, nə dağ, nə dərə,

Yurd olan, dəyişən ancaq bizlərik.

Birtəhər girləyir başını hərə,

Biz də eybimizi örtüb gizlərik.

*  *  *

Sanarıq kimsənin xəbəri yoxdur,

Sən elə mürgülə, yaxşı uzan yat.

Ay insan, işverən mələklər çoxdur,

Çatdırar Tanrıya hər gün, hər saat.

*  *  *

Yaradan yaradır min cür ağılda,

Neçə cür əməldə insanlar gəlir.

Necə ki, deyirlər şirin nağılda,

Arzular gül açır, qocalır, ölür.

*  *  *

Bir ömrün mənası, məğzi bilinməz,

Beynində planın, fikrin yoxdusa.

Qalar yaddaşlarda, qəti silinməz,

Çirkin əməllərin, işin çoxdusa.

*  *  *

Hər kəsin həyatda öz yeri bəlli,

Mən sənin yerini tuta bilmərəm.

Bu dünya tərpənmir, durub əməlli,

Köç edib getdimsə, daha gəlmərəm.

*  *  *

Nə qədər xoş üzlər görüb bu dünya,

Nə qədər niyyəti çirkin adamlar.

Bir dərddən-azardan sınarıq, və ya,

Dözərik, hifz edən uca Tanrı var.

60 YAŞDAN SONRA…

Yaş otdü, qocalırsan,

Gün qaralır gözündə.

Sanma ki, ucalırsan,

Kəsər olmur sözündə.

*  *  *

Bu dünyanın dadını,

Çıxarıb yaşayırsan.

Qocalığın adını,

Şərəflə daşıyırsan.

*  *  *

Bəzən də kövrəlirsən,

Susub kəlmə kəsmirsən.

Hamıdan gec gəlirsən,

Heç yerə tələsmirsən.

*  *  *

Hər sözdən qırılırsan,

Bu da gəlir yaşından.

Çox işi yorulursan,

Eləyirsən başından.

*  *  *

Nəvə səni buyurur,

İstəkləri gündədi.

Almırsansa, yüyürür,

Deyir günah səndədi.

*  *  *

Getmirsənsə, bax, işə,

Nəvənə bax hərdənbir.

Qocalıq da bir peşə,

Ancaq pulu ödənmir.

*  *  *

Nə yaxşı ki, nəvə var,

Yoxsa neylər qocalar?!

Nəvə sevən babalar,

Ona baxar, güc alar!

QIZIMA

Nə uzaqlaş, nə gendə dur,

Mənim görən gözüm, sənsən!

Üzümə bax, lap öndə dur,

Baldan şirin sözüm, sənsən!

*  *  *

Fikir vermə söz atana,

Hər iblisə, şarlatana.

Baş tacısan sən atana,

Canımdakı dözüm, sənsən!

*  *  *

Sözümə ruh verən xanım,

Damarımda axan qanım,

Bu dünyada mənim canım,

Adım-sanım, özüm, sənsən!

*  *  *

Sevinc gəzmə varda-yoxda,

Ağıllı ol, bərki, toxda.

Mənim üçün çətin vaxtda,

Çarə, əlac, çözüm, sənsən!

*  *  *

Yolumuza su çilədin,

Bəxtimizə gül ələdin,

Məni ata sən elədin,

İlk ovladım, qızım, sənsən!

AXTARMIŞAM

Tələbə vaxtlarım çox ağır keçib,

Beş ildə xoş qismət, pay axtarmışam.

İnsanlar içindən arayıb, seçib,

Özümə münasib tay axtarmışam.

*  *  *

Kölgə tapmamışam, isti yandırıb,

Sanki cəhənnəmi mənə andırıb.

Kasıblıq rüzgarı elə dondurub,

Çillədə günəşli yay axtarmışam.

*  *  *

O qədər yersiz söz götürmüşəm ki,

Kor olub sansımı ötürmüşəm ki,

Fikirdən başımı itirmişəm ki,

Gözümdə qaynayan çay axtarmışam.

*  *  *

Hörmət eləmişəm böyük-kiçiyə,

Valeh olmamışam heç vaxt çiçiyə.

Fikir verməliydim ölçü-biçiyə,

Niyəsə yalandan say axtarmışam.

*  *  *

Çox sakit olmuşam, sayılmamışam,

Hər dərdə dözmüşəm, bayılmamışam,

Aylar elə keçib, ayılmamışam,

Məni sevindirən ay axtarmışam.

*  *  *

Muradın başını heç nə qatmayıb,

Yüz dərdə düşmüşəm, Tanrı satmayıb,

Bəstəboy olmuşam, boyum çatmayıb,

Tanrıya baxmağa boy axtarmışam.

AZƏRBAYCAN

Şükr Allaha Günəş doğdu, otuz illik həsrətinə,

Bütöv oldun, Azərbaycan, göz dəyməsin qüdrətinə!

*  *  *

Baş əymədin səndən zəif, müti, kölə bir dövlətə,

Varlığını qorudun sən, sahib çıxdın qismətinə!

*  *  *

Zəfərinlə sübut etdin, türkə dayaq ancaq türkdür!

Ağılınla dost qazandın,hörmət qatdın hörmətinə.

*  *  *

Qoymadın sən qudurmağa,torpağından yox elədin,

Tez oyandın,yiyə çıxdın, talan olan sərvətinə.

*  *  *

Yağı düşmən qandan qorxdu, dağılışdı tülkü kimi,

Dəmir yumruq çırpıldıqca maskalanmış sifətinə.

*  *  *

Əvvəl səni saymayanlar,bayrağına hörmət qoydu,

Adın gəlcək dik dayandı, şərəfinə, şöhrətinə.

*  *  *

Mərd oğullar qanla yudu,təmizlədi, sahib çıxdı,

Tapdalanmış, ləkə düşmüş namusuna, ismətinə.

*  *  *

Yaşa,var ol,Azərbaycan, möhkəm dayan torpağında

Murad da bir töhvə verdi ,xoş sözünə-söhbətinə.

MƏNİ

(təcnis)

İl ötdü ,yaş keçdi, sularım axmaz,

Gümanım yoxdu ki, yar alar məni.

Sözlərim çəp gəlsə, üzümə baxmaz,

İlan kimi çalar, yaralar məni.

*  *  *

Nə çoxum bəllidi, nə də ki, azım,

Çoxunu yandırdı, içimdə nazım.

Qoymadı yox olum, yolumdan azım,

Təmiz namus məni, yaral ar məni.

*  *  *

Bu qədər ağrıyan özünü asar,

Əl üzər dünyadan, qəm-qüssə basar.

Baxanlar nə bilər, içimdə nə var?!

Dinc qoymaz içimdə yaralar məni.

*  *  *

Ay Murad, kol basdı könül bağımı,

Kim gördü nəşəli, cavan çağımı?!

Yar görmək istəsə ürək dağımı,

Vəsiyyət eylədim, yaralar məni!

GÖRDÜKLƏRİM, BİIDİKLƏRİM.

Bu rəngarəng dünyanın,

Dərd-azarı kiçilmir!

Bu gün qaralır qanın,

Sabah bundan seçilmir!

*  *  *

İnsanlar şeytanlaşıb,

İblisə, cinə dönüb.

Dəli ağıldan çaşıb,

Don geyib, dinə dönüb.

*  *  *

Üst-üstə maskalanıb,

Rənginə rəng bələnib.

Biri cinsini danıb,

Başına kül ələnib.

*  *  *

Rəng qarışıb, bilinmir,

Ağa qara deyilir.

Sular qızmır, ilinmir,

Düzlər beldən əyilir.

*  *  *

Gözümə baxa-baxa,

Aldığı nəfəs yalan!

Hamı çəkilir oxa,

Kimdi kənarda qalan?!

*  *  *

İnsan gülür elə bil,

Ətrafı xoş hal olur.

Bülbül kimi ötən dil,

Dara düşdü, lal olur!

*  *  *

Hara gedir, bu dünya,

Yaxşı nəsə görünür?!

Hamı eynək taxır, ya

Hamı cildə bürünür!

*  *  *

Bu dünya düzəlmədi,

Ya özünü yormadın?!

Tanrım, səsin gəlmədi,

Yəqin ki, bacarmadın?

SUALLAR ???

Həyatı sevib yaşayan,

Niyə mindən yüz kişidir?!

Əzab çəkib, dərd daşıyan,

İnsan- kimin əl işidir?!

*  *  *

Niyə hər an seçilirik,

Əzilirik, kiçilirik.

Ay əzizim, nə bilirik,

Bəlkə dövrün gərdişidir?!

*  *  *

Nədən göz yaşı tökməyən,

Yediyini heç əkməyən,

Ömür boyu dərd çəkməyən,

Minin içindən beşidir.

*  *  *

Doğuldum, böyüdüm, gördüm,

Bir bilmədim nədi dərdim?!

Mən Tanrıya sual verdim,

Yəqin Yaradan eşidir!

*  *  *

Görünəni yerə sərmək,

Yetişdirib, sonda dərmək,

İlahiyə sual vermək,

Tək Muradın vərdişidir.

ALLAHDAN QORXMURAM

Allahdan qorxmuram, çünki ürəyim,

Sakitdir, elə bir sıxıntım da yox!

Bəlli qismətim var, bir pay çörəyim,

Cəhənnəmə dartan, çəkən nəfsim tox!

*  *  *

Nə böyük amacım, nə istəyim var,

Daim şükürlüyəm dünənki günə!

İlahi, sağlıqdan böyük nəyim var,

Onu da sən verdin, borcluyam sənə!

*  *  *

Daha nədən qorxum, nədən çəkinim,

Görəndə əlimdən bir şey gəlməyir.

Nə Ona sözüm var, nə də ki, kinim,

Çünki sabahını kimsə bilməyir.

*  *  *

Gündəlik qayğım var, başım qarışır,

Beynim həftələri, ayları sayır.

İnsan taleyiylə küsür, barışır,

Qismətdə nə varsa, onu yaşayır.

*  *  *

Sürdüyüm ömürdən, gündən razıyam,

Bu ömrü özümə yaşıd sanıram.

Əvvəldən şeirin, sözün bazıyam,

Şeirlə, saf sözlə qidalanıram.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir