Mehman İsmayılov – Azərbaycan müəllimlərinin qurultaylarının tarixi

Azərbaycan müəllimlərinin qurultaylarının tarixini (araşdırma)

XX əsrin əvvəllərində təhsil, müəllim kadrları ilə bağlı məsələlər kəskin bir durumda olarkən bunların həllinə milli birlik kontekstində nail olmaq zərurəti meydana çıxıb. Azərbaycanda maarifçilik cəmiyyət həyatında bir hərəkat olmaqdan çıxaraq siyasi-ictimai və mədəni-sosial bir prosesə çevrilib. Xalqın inkişafını təmin edən dünyəvi təhsil, xalq müəllimi hazırlığı, qadın təhsili, ali təhsil məktəblərinin açılması, təhsilin ana dilində aparılması, dərslik və dərs proqramlarının hazırlanması və sair məsələlər bir qrup ziyalının deyil, bütövlükdə Azərbaycan məkanının (çar Rusiyası tərkibində) müzakirə etməli olduğu milli- tarixi problemə çevrilib. Dövrün müdrik və uzaqgörən ziyalıları, müəllimləri bu problemləri geniş müzakirə edib daha yaxşı yol tapmaq məqsədilə Zaqafqaziya müsəlman müəllimlərinin (Zaqafqaziya miqyasında ) qurultayını keçirmək təşəbbüsünü ortaya atıblar.


1906-cı ilin 15 avqustunda başlanıb 30 avqustda başa çatan Azərbaycan müəllimlərinin I qurultayı ilə bağlı geniş hazırlıq işləri görülüb. Qurultayda Azərbaycan dilində mövcud proqramlar müzakirə olunub yenisinin tərtib edilməsi, müvafiq dərsliklərin hazırlanması, təlimin ana dilində aparılması, kənd müəllimlərinin vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər müzakirə olunub. İlk qurultay Azərbaycan təhsili tarixində mühüm rol oynayıb. Bu qurultayın təşkili və keçirilməsində H.B.Zərdabi, N.Nərimanov, A.Şaiq, S.S.Axundov, F.Ağazadə, F.B.Köçərli böyük fəallıq göstəriblər.
İkinci qurultay 1907-ci il avqustun 25-də öz işinə başlayıb. Qurultayda 1906-cı ildə çağırılan qurultayın tərtib etdiyi proqramlara, Azərbaycan dili və hesab kitablarına, Azərbaycan dilində tədris üsulunun işlənilməsinə və s. məsələlərə baxılıb.
Əvvəlki qurultaylardan fərqli olaraq 1919-cu ilin avqustunda (20 avqust-1 sentyabr) başlayan III qurultay artıq dövlət səviyyəsində keçirilib, Azərbaycan Xalq Cümhuriyyəti qurultayın təşkilinə xüsusi vəsait ayırıb.
Sayca IV qurultay 1925-ci il mayın 25-də öz işinə başlayıb. 250 nəfər nümayəndənin iştirak etdiyi bu ali məclis Şuralar İttifaqının beynəlxalq vəziyyəti, Şura quruluşunda maarif məsələləri, müəllimlərin cəmiyyətdə rolu məsələlərini müzakirə edərək müvafiq qərarlar qəbul edib.
V qurultay 1931-ci il yanvarın 25-də keçirilib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Q.Musabəyov giriş sözü ilə çıxış edib. ASSR Xalq Komissarları Sovetinin sədri D.Bünyadzadənin məruzəsi dinlənilib, kənd müəllimləri üçün əlavə güzəştləri əks etdirən qətnamə qəbul edilib. Qurultay ümumi icbari təhsilin həyata keçirilməsi, savadsızlığın ləğvi barədə məsələlərə xüsusi əhəmiyyət verib.
1946-cı ilin 26 avqustunda başlayan VI qurultay ağır və dəhşətli müharibədən sonra respublika məktəblərində təlim və tərbiyə işlərinin yüksəldilməsi; müəllim hazırlığı və ixtisasının artırılması məsələlərini müzakirə etməyi gündəliyə salıb. Birinci mövzuda Azərbaycan SSR maarif naziri, akademik M.İbrahimov məruzə edib, ümumi icbari təhsil qanununun yerinə yetirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin ixtisasının təkmilləşdirilməsi, pedaqoji elmin öyrənilməsi, məktəbə rəhbərlik və s. haqqında real vəziyyət təhlil olunub.
1960-cı ilin 14 noyabrında Azərbaycan SSR EA-nın binasında işə başlamış VII qurultayda respublika maarif naziri, professor M.Mehdizadə məktəblərin yenidən qurulmasının ilk yekunlarını təhlil edən məruzəsində “Məktəbin həyatla əlaqəsini möhkəmlətmək və ölkədə xalq maarifi sistemini daha da inkişaf etdirmək haqqında” qərarla bağlı Azərbaycan müəllimlərinin qarşısında duran vəzifələri şərh edib.
1967-ci ilin 26 yanvarında öz işinə başlayan VIII qurultayda Azərbaycan SSR maarif naziri M. Mehdizadənin “Sov.İKP-nin XXIII qurultayının qərarları ilə əlaqədar olaraq Azərbaycan SSR-də ümumtəhsil məktəblərinin işinin daha da yaxşılaşdırılması haqqında” geniş məruzəsi dinlənilib müzakirə olunub.
Azərbaycan SSR müəllimlərinin 18-19 may 1978-ci il tarixlərində Bakıda keçirilən IX qurultayı Sov.İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin geniş nitqi ilə açılıb. Azərbaycanda müvafiq qərarla bağlı görülən işlər və vəzifələr nitqdə şərhini tapıb. “Ümumtəhsil məktəbləri şagirdlərinin təlimini, tərbiyəsini və əməyə hazırlanmasını daha da təkmilləşdirmək haqqında” partiya və hökumət qərarında əksini tapmış vəzifələrlə bağlı geniş məruzə dinlənilib.
1987-ci ilin iyununda indiki Heydər Əliyev sarayında keçirilmiş X qurultayda Azərbaycan SSR maarif naziri, professor K.Rəhimov və Respublika Texniki Peşə Təhsili Komitəsinin sədri H.İsayev məruzə edib, geniş və əhatəli çıxışlarda 1984-cü il təhsil islahatı istiqamətləri ilə bağlı görülən işlərə aydınlıq gətirilib.
Azərbaycan müəllimlərinin XI- XVI qurultayları müstəqillik dövründə keçirilən ali məclislər kimi səciyyəvidir.
XI qurultay 1998-ci il sentyabrın 25-də Heydər Əliyev sarayında keçirilib. 1995 nəfər nümayəndə qeydiyyatdan keçib, ilk dəfə olaraq Azərbaycan müəllimlərinin himni məhz həmin qurultayda səsləndirilib.
Müəllimlərin 2003-cü ilin 4 oktyabrında Heydər Əliyev sarayında keçirilən XII qurultayı ulu öndər Heydər Əliyevin təbrik məktubu ilə açılıb. Qurultayda milli təhsilimizin problemlərindən, qarşıda duran vəzifələrdən söz açılıb. Vurğulanıb ki, böyük siyasətçi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan məktəbi, milli təhsilimiz çox böyük uğurlar qazanıb.
2008-ci il sentyabrın 22-də Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilib. Qurultaydakı çıxışlarda qeyd olunub ki, Azərbaycan təhsili bütün parametrlərdə uğurları ilə dünya miqyaslı təşkilatların diqqətini cəlb edir. Təhsil sistemində qazanılan nailiyyətlərdə ölkə rəhbəri İlham Əliyevin misilsiz xidmətləri olduğu çıxışlarda öz əksini tapıb.
2013-cü il Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilib. Azərbaycan Respublikasının ümumi təhsil sistemində 4 min 513 təhsil müəssisəsi, 1 milyon 288 min şagird, 151 min 538 nəfər müəllim heyəti vardır. 2013-2014-cü dərs ilində 137 mindən çox şagird ilk dəfə məktəbə qədəm qoymuşdur.
İlk peşə-ixtisas təhsili pilləsində mövcud olan 108 müəssisədə 29 min 337 nəfər şagird tədris prosesinə cəlb edilmişdir. Orta ixtisas təhsili pilləsində 64 min 116 nəfər tələbə 59 müəssisədə təhsil alır. Hazırda 44 mülki ali təhsil ocağında bakalavr səviyyəsində 136 min 682, magistratura səviyyəsində isə 11 min 245 nəfər təhsilini davam etdirir.
Çıxışlarda, həmçinin, müəllim nüfuzu, idarəetmə, yeni maliyyələşdirmə mexanizminin tətbiqi, səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və digər vacib məqamlardan söhbət açılıb. Müzakirələr zamanı müvafiq təkliflər səsləndirilib, qarşıda duran vəzifələrin həllinə dair mülahizələr irəli sürülüb.
Azərbaycan təhsilinin dünyanın qabaqcıl təhsil sistemləri sırasında yer tutması üçün həyata keçiriləcək islahatların yeni mərhələsinin müvafiq hədəflərə çatmağa imkan verəcəyinə əminlik ifadə olunub.
2018-ci il Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib. Qurultayda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiya¬sı”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, həyata keçirilmiş tədbir və islahatlar müzakirə olunub, həmçinin təhsil sisteminin qarşısında duran yeni vəzifələr müəyyənləşdirilib.Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medalı ilə təltif olunmuş 127 nəfər təhsil işçisinə dövlət təltifləri təqdim edilib. Qurultayda ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə iştirak edib.
2023-cü il Dekabrın 15-16-sı tarixlərində Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyun tarixli Sərəncamı ilə ali təhsilin bakalavriat səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 tələbəyə “Heydər Əliyev adına təqaüd” təqdim olunub.
“Böyük fəxr hissi ilə bildiririk ki, Azərbaycan müəllimlərinin XVI qurultayı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuşdur. Eyni zamanda, müəllimlərin bu ali məclisi Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması dövründə keçirilən ilk Müəllimlər Qurultayı kimi tarixə düşmüşdür. Bu şanlı tarixi dövr qarşıya yeni imkanlar və vəzifələr qoyur, eləcə də, Azərbaycanın sosial-iqtisadi qüdrətinin artması, təhsil sahəsində davamlı islahatların intensiv xarakter alması, rəqabətli insan kapitalının formalaşması, işğaldan azad edilmiş ərazilərimizdə təhsilin bərpası və inkişafı istiqamətində əhəmiyyətli addımların atılması ilə xarakterizə olunur.
Qurultay Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik məktubunda öz əksini tapmış konseptual müddəaları, hesabat məruzəsində, məruzə ətrafında çıxışlarda və plenar sessiyalarda irəli sürülən təklifləri nəzərə alaraq, aşağıdakı istiqamətləri əhatə edən qətnaməni qəbul etmişdir:

  • Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil infrastrukturunun yaradılması və tədris prosesinin müasir standartlara uyğun təşkili işinin davam etdirilməsi;
  • təhsil müəssisələrində tərbiyə işinin sistemli təşkili, Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi, Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət və vətəndaşlıq mövqeyinin formalaşdırılması;
  • ümumi təhsilin məzmununda Vətən müharibəsində “Böyük Zəfər” və Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ilə bağlı məlumatların əks etdirilməsi, ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı məzmunun daxil edilməsi və bu ideyaların yetişməkdə olan gənc nəslə aşılanması sahəsində sistemli işin aparılması;
  • gələcək süni intellekt və IV Sənaye İnqilabı dövrünün tələblərinə, dünyada təhsilin inkişaf tendensiyalarına uyğun olaraq, ümumi təhsildə fənlərin tədrisinə yeni yanaşmaların tətbiqi ilə bağlı zəruri tədbirlərin görülməsi, bununla əlaqədar dərsliklərin və dərs vəsaitlərinin məzmun baxımından təkmilləşdirilməsi;
  • uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, məktəbəqədər təhsilin məzmununun təkmilləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi və müəllim heyətinin peşəkarlığının arıtılması;
  • ölkədə ümumi təhsildə səriştəəsaslı məzmunun, nəticəyönlü idarəetmə və maliyyələşmənin tətbiqi, təmayüllərin əhatə dairəsinin genişləndirilməsi və infrastrukturun müasirləşdirilməsi nəticəsində təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə ölkənin nəticələrinin yüksəldilməsi;
  • təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal bacarıqların aşılanması, təhsil müəssisələrində İKT əsaslı infrastrukturun inkişaf etdirilməsi, tədris prosesində və idarəetmədə İKT-nin tətbiqinin və STEAM-əsaslı tədrisin əhatə dairəsinin genişləndirilməsi vasitəsi ilə təhsilin keyfiyyətinin artırılması;
  • təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin peşəkar inkişafı sisteminin təkmilləşdirilməsi, müəllim fəaliyyətinin qiymətləndirilməsi və diferensial əməkhaqqı sisteminin tətbiqi üzrə fəaliyyətlərin davam etdirilməsi;
  • əmək bazarının tələbələrinə uyğun olaraq, peşə təhsilinin əhatə dairəsinin və keyfiyyətinin artırılması, peşə təhsili sistemində maliyyələşmə və idarəetmə sisteminin təkmilləşdirilməsi, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması;
  • ali təhsilin məzmununda əmək bazarının tələblərinin nəzərə alınması, rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması ilə ali təhsilin əlçatanlığının artırılması, müasir təfəkkürlü gənclərin elmi araşdırmalara cəlb edilməsi, elm və təhsilin inteqrasiyası sahəsində tədbirlərin davam etdirilməsi;
  • bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilininin təşkili mexanizminin yaradılması və tətbiqi;
  • istedadlı uşaq və gənclərin aşkara çıxarılması və inkişafı üzrə işin səmərəliliyinin artırılması, fənn olimpiadaları və bilik yarışları sahəsində qazanılan uğurların davamlılığının təmin edilməsi, istedadlı uşaq və gənclərin inkişafına nail olunması;
    Qurultay böyük inam və nikbinliklə bəyan edir ki, elm və təhsil işçiləri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil quruculuğu prosesini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirəcək, müasir dövrün çağırışlarına, müəyyən olunmuş strateji hədəflərə və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq, növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcək”.
    Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 6 qurultayı keçirilib. Bu il keçirilən qurultay Azərbaycan müəllimlərinin sayca 16-cı, müstəqillik dövründə 6-cı qurultayıdır.

Müəllif: Mehman İsmayılov 

.

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İslam Sadıq -70

İslam Sadıq -70

“Yazarlar” İslam Sadığı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayır! Məlumatı oxuyan hər kəs dəvətlidir. Sizi gözləyəcəyik! Mütləq gəlin. Maraqlı olacaq. Oxu! :

İSLAM SADIĞIN YARADICILIĞI VƏ FOLKLOR

Çağdaş poeziyamızda öz dəst-xətti ilə seçilən şairlərimizdən biri də İslam Sadıqdır. O, öz üslubuna və mövzuya yanaşma fərdiliyinə, şeirlərindəki ahəngliliyə, həzinliyə görə seçilən şairlərimizdəndir. 16 oktyabr 1953-cü ildə Tovuz rayonunun Samanlıq kəndində ziyalı ailəsində gələcəyin şairi dünyaya göz açır. Doğulub boya-başa çatdığı bölgə saza-sözə və şeirə yüksək qiymət verən bölgələrimizdən biridir. İslam Sadıq sazın və sözün yurd saldığı bir bölgədə boya-başa çatdığı üçün onun qanında, canında sazın və sözün təsiri olduqca böyükdür. İslam Sadıq lirik şairdir. Əlinə qələm aldığı ilk günlərdən şeirlərinə həzin, kövrək duyğular hakim kəsilib. Onun lirik məni yaşadığı mühitə, cəmiyyətdə baş verən mənfi hallara, ikiüzlülüyə, yaltaqlığa qarşı da susmur, sözünü deyir, üstəlik də cəsarətlə, qorxu-hürkü bilmədən deyir. İçini göynədən bu duyğular qəlbindən süzülüb şeirlərinə hopur. Şairin yaltaqlığa qarşı yazdığı “Yaltaq oğlanları sevməyin, qızlar” şeirindən bir bəndə fikir verin:

Gözündə mələk var – gözünə baxın,

Üzündə ələk var – üzünə baxın,

Sözündə kələk var – sözünə baxın,

Yaltaq oğlanları sevməyin, qızlar!

İslam Sadıq ədəbiyyata xalq şeirinin, aşıq poeziyasının içindən çıxıb gəlib. Hələ şeir yazmadığı vaxtlardan öncə onun ruhu saz havalarıyla qidalanıb. Onun istisinə qızındığı ocağın közü, suyundan içdiyi bulağın gözü saz üstündə köklənmişdi. Özünün beşiyi başından saz asılmışdı. Saz havası üstündə böyümək özü bir aləmdi. Çünki o sazda Dədə Qorqudun, Koroğlunun nəfəsi vardır. Şairin “Tökülübdü” rədifli gəraylısının ərişi-arğacı büsbütün aşıq şeirini yada salır. Adam istər-istəməz onu bir şairin yazdığını yox, ustad bir aşığın düzüb-qoşduğunu düşünür. Sözlər zərgər dəqiqliyi ilə seçilib, inci kimi ipə-sapa düzülüb. Dil gözəl, axıcılıq yerində, misraların da hamısı arı şanı kimi doludu:

Dağlar başı hələ qardı,

Ətəyinə yaz tökülüb.

Simlərini sındırmışam.

Pərdə – pərdə saz tökülüb.

Üzü məndən elə dönüb,

Bir qayıtmaz yelə dönüb,

Göz yaşlarım gölə dönüb,

Yenə deyir az tökülüb.

İslam Sadıq, dur keçibdi,

Yeli yolda yor, keçibdi.

Vallah burdan yar keçibdi

Yola, izə naz tökülüb.

İslam Sadığın “Ocağı közündən tanıyıram” kitabına ön söz yazmış Vaqif Yusifli bu gəraylı haqqında deyir: “Vallah, burdan yar keçibdi, Yola, izə naz tökülüb” – elə bil Aşıq Ələsgərin, Dədə Şəmşirin qələmindən süzülüb bu misralar. Amma yox! Bunlar ustad dədələrə “mən sizin varisinizəm” deyə bilən çağdaş aşıq-ozan təfəkkürlü şairimizindir-İslam Sadığındır”. Vaqif Yusifli doğru deyir. İslam Sadığın “Tökülübdü” gəraylısını Aşıq Ələsgərin, Dədə Şəmşirin gəraylıları ilə qarışıq salmaq olar. Bu, İslam Sadığın şair kimi böyüklüyünün təsdiqidir. İslam Sadıq dövrümüzün gözəl şairlərindən biridi. O öz duyğularını, hisslərini qələmə alır. Gördüklərini və ürəyindən keçənləri yazır. Şairin yaradıcılığında türkçülüyə aid şeirlərə tez-tez rast gəlinir. “Dünyanı gülə bələyən əsgər” adlı şeirini şair Quzey Kıbrısda səfərdə olarkən yazmışdır. Bu şeirində şair türk gücünün yenilməz bir qüvvə olduğunu vurğulayır. Şeirin bircə bəndini misal gətirmək bəs eləyir:

Yatıb yasdan toya, toydan yasatan,

Mənim qılıncımdı qında pas atan.

Buğasan – Buğacam, divsən- Basatam,

Mən bir türk oğluyam,

Türk əsgəriyəm!

Şair bu bənddə maraqlı bir məsələyə toxunmuşdur. “Buğasan-Buğacam, divsən-Basatam” misrasının fəlsəfi tutumu və buradakı tarixiliklə yanaşı, qarşılaşdırmanın özü təzədir və İslam Sadığa məxsusdur. Bu misra Azərbaycanın şah əsəri sayılan və mən belə deyərdim ki, “ədəbi bir məktəb” rolunu oynayan “Kitabi-Dədə Qorqud” dastanından süzülüb gəlir. “Dədə Qorqud” dastanından bilirik ki, türklər hər igidə ad vermirdilər. Həmin igid mütləq qəhrəmanlıq göstərməliydi və yalnız ondan sonra Dədə Qorqud ona ad verirdi. İstər Basat olsun, istərsə də Buğac, hər ikisi igidlik göstərdiyinə görə ad qazanmışdır. Dədə Qorqud Buğac buğanı öldürdürdüyünə görə ona Buğac, Oğuz elinə düşmən kəsilən Təpəgözü öldürüb Oğuz elini bu bəladan qurtardığına görə, Basata Basat adı qoymuşdur. Şair burada demək istəyir ki, düşmən buğa da olsa, onun qabağında Buğac kimi türk əsgəri var. Düşmən Təpəgöz də olsa, Oğuzun adlı-sanlı igidlərinə qan da qusdursa, bir gün qabağında Basat kimi türk əsgərini görəcək. Burada şair türk əsgərinin kim olduğunu çox gözəl ifadə etmişdir. Düşmən-Buğa-Təpəgöz və Türk əsgəri-Buğac-Basat paralelləri şairin uğurlu tapıntılarıdır. Bunlar onu deməyə əsas verir ki, İslam Sadıq şifahi xalq ədəbiyyatına yaxşı bələddir. İstər şair olsun, istərsə də yazıçı hər biri şifahi xalq ədəbiyyatını yaxşı bilməlidir. Çünki şifahi xalq ədəbiyyatı xalqımızın düşüncəsinin məhsuludu, onlarda ulu babalarımızın nəsihətləri, nəfəsləri yaşamaqdadır. İslam Sadıq şeirlərində çoxlu folklor motivlərindən istifadə etmişdir. Məsələn, onun “Üzün məndən, niyə döndü” şeiri “Koroğlu” dastanının motivləri əsasında düzülüb-qoşulmuşdur. Koroğlunun dəliləri ondan inciyirlər, bu zaman Nigar da Koroğludan üz döndərir. Bu, Koroğlunu coşdurur, sazı bağrına basıb deyir:

Ala gözlü Nigar xanım,

Üzün məndən niyə döndü?

Sənə qurban şirin canım,

Üzün məndən niyə döndü?

İslam Sadığın “Üzün məndən, niyə döndü” şeiri Koroğlunun eyni adlı gəraylısının notları üstündə köklənmişdir:

Ay könlümün yarı nigar

Üzün məndən niyə döndü?

Belə sevməz yarını yar,

Üzün məndən niyə döndü?

Bizi qoşa görən oldu,

Sirrimizi bilən oldu.

Aramıza girən oldu,

Üzün məndən niyə döndü?

Niyə susub deynən dilin,

İslam Sadıq deyən dilin.

Daşa dönüb eynən dilin,

Üzün məndən niyə döndü?

Elə şeylər var ki, yada düşəndə onlar insanı keçmişə aparır. Keçmiş də iki cür olur: birincisi xoş günlərlə dolu keçmiş, ikincisi də hər ili, hər ayı, hər günü, hər saatı, hər dəqiqəsi, hər saniyyəsi əzab və iztirablarla dolu keçmiş. İslam Sadığın “Xarı bulbul” adlı şeiri həmin acı keçmişi xatırladır. “Xarı bulbul” yalnız Qarabağda-Şuşada bitən bir güldü. Düşmən tapdağında olan Qarabağın bağrı qara olduğu kimi “Xarı bulbul”ün də bağrı qanla dolmuşdur. Bu şeirdə şairin həm poetik duyumunun gücünü, həm də sözü demək bacarığını, ustalığını aydın görürük:

Min sığal vururdu orda özünə,

Gecələr gülürdü ay da üzünə.

Mehrini salmışdı Cıdır düzünə,

Eşqini qayaya, daşa yazmışdı.

Həsrətdən köksü də sarı bülbülün,

Bilmədim kimiymiş yarı bülbülün?

Tanrı taleyini Xarı bülbülün

Şuşada Şuşayla qoşa yazmışdı.

Soyuqdan qorudum, yeldən qorudum,

Yağışdan qorudum, seldən qorudum.

Tikandan qorudum, güldən qorudum,

Yenə də əlimdən haşa yazmışdı.

İlk eşqi Şuşada qalan yarpaqlar,

Burda yalan oldu, yalan yarpaqlar.

Qovrula – qovrula solan yarpaqlar

Yan- yana düzülüb Şuşa yazmışdı.

Şair bu şeirdə Şuşanın taleyini Xarı bülbülün yarpaqlarının Bakıda qovrula-qovrula solmasına bənzətmişdir. Şuşanı görən də ağlayır, görməyən də. Görən ona görə ağlayır ki, gözündən nur, torpağından torpaq əskildi.

Görməyən də gözəlliyi ilə göz oxşayan o yerləri görmədiyi üçün ağlayır.

İslam Sadıq həm şair, həm folklorşunas, həm də müəllimdi. Ömrünün müdriklik çağlarını yaşayır. Ona görə şeirləri aforizmlərlə çox zəngindir:

Hər insan köçündə bir qorxu da var,

Hər qapı keçəndə bir sorğu da var.

***

Biri şərə qaçır, biri də şərdən,

Şərin də içində xeyir var hərdən.

***

Ovçununku ovu göz alıncadı,

Ocağınkı odun köz alınmcadı.

Aforizm yaratmaq hər kəsə və ya hər şairə nəsib olmur. Burada zəka və şairin lüğət fondunun zənginliyi şərtdir.

İslam Sadığın Azərbaycan bayrağına yazdığı şeirdə neçə-neçə igidlərimizin öz qanları ilə üç rəngli bayrağımıza boya çəkərək onu daha da ucaltdıqlarını görürük:

Çoxu soya, kökə çəkdi,

Qılıncını suya çəkdi.

Al qanından boya çəkdi

Azərbaycan bayrağına.

Neçə illərdi ki, düşmən əsarəti altında qalan torpaqlarımız Şuşa, Laçın, Qarabağ, Kəlbəcər üç rəngli bayrağımıza həsrətlə baxır:

Qollarımı açın, açın,

Yollarımdan qaçın, qaçın.

Həsrət çəkir Şuşa, Laçın

Azərbaycan bayrağına.

Şuşa, Laçın Azərbaycan bayrağına həsrətlə baxdığı kimi, bütün Azərbaycan da Şuşaya, Laçına, Kəlbəcərə, Qarabağa ana öz övladına həsrətlə baxdığı kimi baxır.

İslam Sadıq öz şeirlərində dastan qəhrəmanlarını, onların mərdliyini, igidliyini, namusunu dönə-dönə xatırlayır. Buna görə də yalançı, hiyləgər adamları “Həmzələşən dünya” adlı şeirində kəskin tənqid hədəfinə tutmuşdur.

Soruşma bu əməl, bu iş kimindi,

Həmzədən törəyən yüz- yüz, min- mindi.

Hər gün yüz on uşaq doğulur indi,

Yüzü həmzələşir, yüzü, Koroğlu!

Həmzə kimi hiyləgər adamlar Koroğlu kimi mərd adamları aldatmaqla dünyanı gözdən salırlar. Həmzə kimilərdən törəyənlər elə həmzələr olur.

Dünən “Cəngi”, “Misri” çalan dünyanın,

Nəfəsi yalandı, yalan dünyanın.

Keçəl həmzələrə qalan dünyanın

Özü həmzələşir, özü, Koroğlu!

Elə bir zaman varıydi ki, biləyin gücü basılmaz bir güc idi . “Koroğlu” və “Kitabi-Dədə Qorqud” dastanlarında biz qol gücünün nə qədər əhəmiyyətli olduğunu görürük. “Cəngi”, “Misri” çalan dünya bu gün namərdlər qarşısında böynu bükük qalıb. Bu dünya nə qədər keçəl həmzələrlə doludu, çətin haqq öz yerini tapsın.

“Koroğlu” havası üstündə yazılmış “Qalmışıq” şeirində İslam Sadıq qeyd edir ki, dünən bizim qarşımızda ikiqat olan düşmənlərimizin qarşısında bu gün biz boynubükük qalmışıq.

Sazla qoşa Misri qılınc dinəndə…

Elə bilmə hər şey qaldı dünəndə.

Bizə boyun əyənlərin önündə

Boynumuzu bura- bura qalmışıq.

“Sazla qoşa Misri qılınc dinəndə” deyərkən şair Koroğluya işarə edir. Koroğlu döyüşdə qılıncla yanaşı, sazla da döyüşürdü. Qılınc bədəni doğrayırdısa, söz də düşməni mənən parçalayırdı. Çox təəssüf hissi ilə qeyd edirik ki, bu gün nə sözün dəyəri var, nə də ki qol gücünün. Bu dünya zalımlar dünyasıdı.

İslam Sadığın yaradıcılığını bir məqaləyə sığışdırmaq imkansızdır. Buradakı şeirləri bir neçə kitab əsasında işlənmişdir. Halbuki onlarca kitabları var. İslam Sadıq təkcə Azərbaycan folkloru yox, türk və Şümer xalqlarının tarixi və folkloru haqqında çoxlu məqalə və kitabların müəllifidir. Şümerlərin mədəniyyətini, ədəbiyyatını, folklorunu, həmçinin şümer və Azərbaycan folklorunun ortaq motivlərini araşdırmışdır. “Koroğlu” eposunda Şumer motivləri”, “Şumer və türk folklorunda su motivi”, “Azərbaycan nağıllarında şümer motivləri”, “Şümer və türk folklorunda əbədi həyat ideyası.

Şumerin Həyat ağacı və Dədə Qorqudun Qaba ağacı, türk folklorunda ağac obrazı” və s. bu kimi yüzlərlə məqalələrin adlarını sadalamaq olar. “Koroğlu” eposunda Şumer motivləri” adlı məqaləsində şair maraqlı paralellər aparmış, çoxlu oxşarlıqlar üzə çıxarmışdır.

Bu yazını akademik Nizamı Cəfərovun İslam Sadıq haqqında dediyi bir sözlə bitirmək istəyirəm: İslam Sadıq Şumer dövrünün adamıdı.

İLKİN ELSEVƏR

Bakı Avrasiya Universitetinin

filologiya fakültəsinin tələbəsi

Ədalət  2017.- 21 dekabr.- S.6.

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ

ZAUR USTACIN YAZILARI

“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ
“BB” – Zaur Ustacın ən çox səs salan hekayəsidir, bəlkə də ədəbiyyat aləmində böyük rezanans yaradan on hekayədən biridir. Kriminal aləmin qloballaşan dünyada adi həyat tərzini qat-qat üstələdiyindən bu başlıq ilk görünüşdə “Bas bayıra” kimi anlaşıla bilər. Yaxud, hələ də bir çox hallarda milli mental dəyərlərimizi qoruyub saxlamağa üstünlük verdiyimiz Azərbaycanımızda onu bizə daha yaxın başqa adlarla da əvəzləyə bilərik. Məsələn: “Böyük Bakı”, “Bizim Bakı”, “Babamın babası”, “Balamın balası” və bu stildə adları daha da uzada bilərik. Lakin bizdən fərqli olaraq Zaur Ustac bu adı yenə də qloballaşan dünyanın başqa – bəlkə də daha vacib bir sahəsinə – bazar iqtisadiyyatının şah damarı sayılan ticarət sahəsinə yönəldə bilmiş və son otuz ildə baş verənlərdən bir qisminin mənzərəsini təsvir etməklə maraqlı süjet xətti üzərində gözəl nəsr nümunəsi yaratmışdır.
Hekayə nəsrin kiçik növlərindən biridir. Ya birinci şəxsin dili ilə söylənilir, ya da üçüncü şəxsin təsəvvüründə canlandırılır. Oxucu ilə arada daha tez səmimiyyət yaransın deyə bir çox qələm sahibləri avtobioqrafiq təsir bağışlayacaq tərzdə əhvalatı birinci şəxsin dili ilə nəql etməyə üstünlük verirlər. Zaur Ustac bəzi sələflərinin yolu ilə gedərək, hətta Qərb ədəbiyyat nümunələrindən bəhrələnərək adıçəkilən hekayədə məhz, bu üsulu seçmişdir. Nəsrin digər sahələrində olduğu kimi hekayədə də zaman və məkan anlayışı əsasən mücərrəd olur, lakin konkret göstəricilər də qadağan deyildir.
“20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9.00, mən artıq işdəyəm” – hekayə bu cümlə ilə başlayır. Texnikanın inkişafı nəticəsində müasir insan dünyanın istənilən məkanında baş verən hadisə barədə tez bir zamanda xəbər tuta bilir. İndi həyatda elə hadisələr baş verir ki, onlar bədii əsərlərdə təsvir olunanlardan daha maraqlı təsir bağışlayır. Oxucunun diqqətini ilk cümlədə cəlb etmək lazımdır ki, sonra nəql edəcəyin istənilən hadisəni ona maraqla dinlətdirə biləsən. Zaur Ustac ilk cümləsi ilə oxucunun diqqətini özünə cəmləşdirməyi bacarmışdır.
“Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı”. Bununla da o, həm öz iş yerindəki vəziyyəti təsvir edir, həm də oxucunu ona danışacağı hansısa qəribə əhvalatı dinləməyə hazırlayır.
Beləliklə, ofisin telefonlarından biri zəng çalır. Dəstəyi xadimə qaldıraraq cavablandırır və əsərin əsas personajına ötürür. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim özünü təqdim edir və zəng vuran xanımın məqsədini öyrənməyə çalışır. Təqdimatın qeyri-adi uzun şəkildə görünməsi heç də oxucunu dolaşığa salmaq məqsədi daşımır, sadəcə, hürriyyətçilik dövründə belə kolantay vəzifə bölgülərini nəzərə çarpdırmaqla Zaur Ustac planlı dövrdən müstəqillik zamanına keçidin bəzi əndazədən çıxma hallarını təsvir etmiş olur. Həm də oxucuya şərait yaradır ki, qırışığı açılsın, özünü cəmləşdirsin, fikrini hekayədə nəql olunacaq əhvalata yönəltsin, çünki indi onun üçün gözlənilməz bir hadisədən söhbət açılacaq.
“BB” şirkətinin nümayəndəsi İlahə xanım telefonda Əli Mülayimin nəzərinə çatdırır ki, qarşıdan yubileylər gəlir, özü də ikisi birdən; həm şirkətin yaranmasının ildönümüdür, həm də şirkətin rəhbəri Bəy Bala müəllimin ad günü olacaq. Bu münasibətlə bos müsahibə vermək istəyir, ona görə ofisə dəvət olunur. Dəvəti məmnuniyyətlə qəbul edir, çünki onların işi elə müsahibələr hazırlamaq, maraqlı əhvalatları yazmaqdır.
Beləliklə, “BB” şirkəti ofisinin yerləşdiyi ünvanını dəqiqləşdirən Əli Mülayim dərhal jurnalistin şans alətləri hesab olunan qələm, bloknot, diktafon və fotoaparatı çantasına qoyaraq, necə deyərlər, tədarükünü görüb üz tutur deyilən ünvana.
Zaur Ustac müsahibə götürüləcək adamın ofisini – işgüzar şəraitini belə təsvir edir: “T şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan noutbuk və sonsuz sayda kağız-kuğuz… Bu mənzərəni insan öz gözü ilə görməsə, sözlə ifadə etmək çox çətindir”, – deyir. Bundan sonra o, salamlaşma və təqdimolunma səhnəsini təsvir edir:
“-Əli Mülayim.
-Çox gözəl, Əli müəllim. Vallah, indi elə zəmanədə yaşayırıq ki, mülayim olmayıb neyləyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun!”
Bu, kiçikdən kiçik dialoq-tanışlıq vasitəsilə Zaur Ustac oxucuya, bəlkə də cəmiyyətə böyük mətləblərin sirrini açır. Sanki ölkəmizdə mövcud olan jurnalist-məmur faktoru bu iki-üç kəlmədə öz əksini tapıb. Harın, rüşvətxor, təpədən dırnağadək korrupsiyaya qurşanıb qudurmuş bəzi məmurların qarşısında heç bir sosial müdafiəsi olmayan, hüquqları yalnız kağız üzərində qorunan jurnalistin mövcudluğunu qorumaq, elementar yaşayış tələbatını ödəmək üçün mülayim olmaqdan başqa çıxış yolu qalırmı? Qalırsa da, bu yol mübarizlik yolu deyil, sonda onu həbsə aparacaq əzilmək, sındırılmaq, şərlənmək, ölkədən didərgin salınmaq yoludur. Bu yol itki yoludu, gedər-gəlməz yoldu, çox adam gedib, hələ geri qayıdan olmayıb. Bir nəfər yarı yoldan – Türkiyədən qayıtmışdı, o da dərhal həbsə atıldı.
Burda elə görünə bilər ki, əsərin zirvəsinə yaxınlaşma prosesi gedir. Ya elə bir hadisə baş verəcək ki, kulminasiya hesab olunacaq, ya da Bəy Bala müəllimlə Əli Mülayim hansısa sözə görə anlaşmayacaq, bununla da müsahibə alınmayacaq. Əslində, əsəri maraqlı edən elə bu cür süjetlərdir, dirənişdir, personajlar arasında yaşanan dramatiklikdir. Zaur Ustac burda belə görüntü yaratsa da başqa yol seçib. Axı onun personajı hansısa Vulkan, İldırım, Şimşək ləqəbli birisi deyil, sadəcə Mülayimdir. Bəy Bala müəllim onu anlayacaq birisini tapdığına görə uşaq kimi sevinir və dərhal niyyətini açıqlayır. Özünün 55, şirkətin yaranmasının 20 illiyini müsahibinin diqqətinə çatdırır. Amma özünü elə göstərir ki, onun buna ehtiyacı yoxdur, elə-belə, sözgəlişi “mətbuatda, televiziyada bu barədə məlumat getsin”, deyir.
Əsərin bu yerində Bəy Bala müəllim gözlənilmədən bir eyham vurur:
“Bir də xahiş edirəm o maskanı çıxardasınız. Burada kim var ki? İnanın səmimiyyətimə, bunlar hamısı boş şeydir. Can verən də, alan da, bax, o kişidir!”
Burda Zaur Ustac üstüörtülü olsa da diqqəti iki məqama yönəldib. Birincisi, dünyanı ağuşuna götürmüş Koronavirus pandemiyası nisbətən səngisə də, qapalı məkanlarda maskasız gəzmək qadağası tam olaraq aradan qaldırılmamışdı. Bəy Bala müəllim öz iş otağında maskasız əyləşsə də qonağının maskada oturmağı onu narahat edirdi, tıncıxdırırdı. İkinci məsələ isə bunun məcazi mənasından gedir. Bir də görürsən məmur hansısa jurnalistin səmimiyyətinə inanır, ağzın qoyur Allah yolunda, nə istəyir, danışır. Danışığı xəlvətcə lentə alan jurnalist cənabları bir müddət sonra bunu üzə çıxardaraq yayır və aləm bir-birinə qarışır. Ya da əksinə olur, məmur jurnalisti dilə tutub danışdırır, onun səsini yazır, rəhbərlərinə qarşı istifadə edir. Maskalanmış insanlardan cəmiyyətdə hər nə desən gözləmək olar.
Zaur Ustac məharətlə bu eyhamı vurub tez də üstündən adlayıb keçir. Mirzə Ələkbər Sabir demişkən: “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın!”
“Dedi (Söhbət Bəy Bala müəllimdən gedir – Ə.A) və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı”.
Beləliklə, Əli Mülayim Bəy Bala müəllimdən müsahibə götürür. Bəy Bala müəllim uşaqlığından başlayaraq həyatında baş verən bütün hadisələri xırdalığınadək incələyib danışır. Böyük ölkənin necə kiçik dövlətlərə parçalandığından, oxuya-oxuya alverə qurşandığından, xırda ticarətini inkişaf etdirərək ailə biznesi yaratdığından tutmuş ailədaxili baş verən kiçik detallaradək hər nə baş veribsə, hamısını açıqlayır. Burda yazıçı məharəti dərhal özünü büruzə verir. Zaur Ustac Bəy Bala müəllimin dili ilə Sovetlər ölkəsinin dağılması ilə müstəqillik əldə etmiş dövlətimizin hansı daxili fəsadlarla üzləşdiyindən, o vaxtkı insan təfəkkürünün bir andaca əriyib getməsindən və yeni yaranmış münbit bazar-ticarət əlaqələrinin sürətlə inkişafından və başqa mətləblərdən söhbət açır. Ən nəhayət, hər şeyi yerli-yataqlı danışıb rahatlıq tapandan sonra Bəy Bala müəllim soruşur:
“-İndi bu yazının adını nə qoyacaqsınız?
Fikrimdən “Bit Biznesi” keçsə də “Böyük Biznes” dedim.
-Bəlkə bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız. Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq”.
Dahilərdən hansısa deyib ki, “bütün xoşbəxtliklər eynidir, bədbəxtliklər isə müxtəlif cür olur”. Zaur Ustacın baş qəhrəmanı da özünü “Böyük Bədbəxt” hesab edir. Baxmayaraq ki, evli-eşikli, qohumlu-əqrəbalı birisidir. Biznesi də özünün dediyi kimi Bakıdan vurub Dubaydan çıxan, Dubaydan vurub İstanbuldan fırlanaraq yenidən Bakıya gələn böyük şəhərlərdə adam sıxlığından istifadə edərək sürətlə artıb çoxalan nadir biznes sahəsidir. Bununla belə o, özünü böyük bədbəxt hesab edir. Deməli, xoşbəxlik var-dövlətdə, ailə-uşaqda, qohumlar və dostlar arasında ayın-şayın yaşamaqda deyil, səni anlayacaq birinin yanında olmaqdır. Bəy Bala müəllim məhz o gün – müsahibə verdiyi gün onu anlayacaq birini tapdığına sevinir və özünü xoşbəxt sanır.
“-Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil”, – deyir Bəy Bala müəllim. Bu qədər qohum-əqrəba, dost-tanış, biznesində istifadə etdiyi adamlar arasında onu anlayacaq bircə nəfər də olsun tapıb ürəyini boşalda bilməyən “Böyük Biznes” sahibi Bəy Bala müəllim…
Zaur Ustacın “BB” hekayəsini uğurlu nəsr əsərlərindən hesab etmək olar. Ən azından otuz illik bir qərinənin gözəçarpmayacaq panoraması canlandırılır bu hekayədə… Bilmədiyimiz, bəlkə də varlığına fikir vermədən adi hal kimi baxıb, yanından ötüb keçdiyimiz ciddi sahələr işıqlandırılıb bu əsərdə…
Yazıçının missiyası qələmə aldığı əhvalatı təkcə bədii mətnə çevirib cəmiyyətə təqdim etməkdən ibarət deyil, həm də sətiraltı olsa belə cəmiyyətə ideya verib hekayəsini hərtərəfli mənalandırmağı bacarmaqdır. Düşünürəm ki, Zaur Ustac burda qarşıya qoyulmuş tapşırıqların hər ikisinin öhdəsindən məharətlə gəlib.
“BB” hekayəsində təkcə şirkət qurub bizneslə məşğul olmaq deyil, çalışqan insan üçün götürüb inkişaf etdirəsi müxtəlif istiqamət və yollar mövcuddur. Ən əsası isə dövrün bir çox böyük sahələri bu kiçik həcmli əsərdə öz mənzərəsini əks etdirib.
20 noyabr 2022, Xırdalan şəhəri.

Müəllif: Əli bəy AZƏRİ 

ƏLİ BƏY AZƏRİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru