
VƏTƏN TORPAĞI
Vətən torpağının tozu doğmadır,
Xan yatır o yerdə, Ələsgər yatır.
Nə qədər Mübariz, nə qədər Polad,
Nə qədər ruhu şad, saf əsgər yatır.
Vətən torpağının tozu dəyərli,
Silək üzərindəm düşmən izini.
Biz öz gözümüzü qoruyan kimi,
Qoruyaq hər zaman vətən gözünü.
Vətən torpağının tozu başqadır,
Mərd oğul beşiyi, şəhid qanıdır.
O tozla, torpaqla yetişən əsgər,
Bizim torpaqların saf vicdanıdır.
Vətən torpağının tozu dupduru,
Şəffaf, ayna kimi gözəlliyi var.
Əsgər, bu torpağı gözün tək qoru!
Alt sərvət, üst nemət, özəlliyi var.
TƏBİƏT GÜLÜR ÜZÜMƏ
Baxıram, təbiət gülür üzümə,
Bağ – bağça gəlin tək bəzənib durub.
Meyvələr şanı tək şirin, bal dadır,
Quşlar ağaclarda odasın qurub.
Həyatın ecazkar gözəlliyinə,
Sarılır duyğular ruh təzələnir.
Göy üzü, səma da xoşbəxt görünür,
Sanki, buludlara sevgi bələnir.
Çəmən çiçəkləri al əlvan geyib,
Elə bil böcəklər toy – büsat qurub.
Təbiət səadət səpib hər yana.
Günəş şəfəqlərin sevgiylə yorub.
Füsünkar təbiət könül oxşayır,
Mənimlə bir gəzir həzin yaz mehi.
Təbəssüm dodaqda gülüşə bənzər,
Çiçəklər üstündə sabah sübh şehi.
19. 06.2023.
Müəllif: Həqiqət Həqiqi
YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru