SÖZÜN DƏ SÖZ VAXTI VAR..

SÖZÜN DƏ SÖZ VAXTI VAR..

Sözlə qılınc həmişə eyni kəsərdə olub.Bəzən qılıncın kəsmədiyi savaşı sözlə kəsiblər.Bəzən qılıncın açmadığı qapını sözlə açıblar.Sözlə savaşa çıxanlar da az olmayıb tarix boyu.Bir sözlə söz böyük qüvvədi. Onu öz çəkisində, dəyərində saxlamaqsa hünər istər. Haysız, küysüz, bəzən qulağımıza pıçıldanan bir söz bizi dartıb ən dərin quyunun dibindən çıxarar. Atar həyatın burulğanına. Adamı yoxdan var edər.Bəzənsə bir söz bizi dağın başından tullayar ümidsizliyin üstünə .Bütün gələcəyimiz və arzularımız alt -üst olar. Bəzən bir sözün işığına yığışar bütün cahan.Bəzənsə bir sözün qaranlığında qərq olar dünya. Dahi Nizami Gəncəvi demiş:

Söz eşqin lüğətindən öz canımızdır bizim,
Biz sözük, bu bədənsə eyvanımızdır bizim.

Və yaxud:

Hər zaman sözünün bil məqamını,
Boş sözlə məhv etmə ehtiramını(Sədi Şirazi)

Dahilərdən söz haqqında yazılan yüzlərlə sitatlar gətirmək olar. Sözə ilahi pəncərədən baxan, sözü Allaha qədər ucaldanlardan gedir söhbət əlbəttə.. Mənə elə gəlir ki, sözün qüdrətini şairlərdən çox anlayan olmaz. Heç sözün qədrini də onlardan gözəl bilən yoxdu məncə .Həmişə sözün qulpundan tutub öz məninə sarı gedən şairlər söz verir, söz alır. Sözləriylə var edir, yaşadır. Özünü sətir-sətir şeiriyyata hörən, sevginin sözlə tablosunu çəkən, “Mənim səndən uzaqlarda yamandı halım, necəsən”?-deyib eşqini dünyaya hayqıran şair qalibdi məncə. Söhbət təpədən dırnağa sözə tutunan, silahı da, günahı da, ərk yeri, görk yeri də söz olan şair İbrahim İlyaslıdan gedir. İçi özünü, çölü özgəni yandıran şairçün bir söz var, bir də Tanrı. İkisindən də bərk yapışıb. Küsüb barışdığı məbədgahdı hər ikisi. Bircə onların qarşısında əyilir sevda şairi.And yeri, güvənc yeri də söz və Tanrıdı. Şair olmaqdan yorulmur, usanmır heç vaxt. Bu yol onu dağa, daşa çırpsa da , küləklərə, yağışlara , sazaqlara atsa da dayanmır. Nə yaxşı ki, dayanmır, bitmir, tükənmir. Çünki sözünə, Tanrısına sadiqdi.Onların qarşısında başı dik, alnı açıqd

Eşq əhlinə zaval yox,
Od ilə su tən gərək.
Mənə ağıl, kamal yox,
Sən gərəksən, sən gərək

-deyən şair əslində ağılın fövqündədi, sevgininsə ən uca zirvəsində. Sevgisi də sufi sevgidi, ilahi eşqdi.Səsi Allahacan çatanlardandı. Bütün söz adamları kimi o da əzabları, ağrıları, xəyalları ilə təkdi, yalqızdı:

Bu gecədə mən duyanı
Bir bəndə bəşər duymasın.
Bu qədər zülmü yazıqdı,
Allah heç kəsə qıymasın –

deyən şair həm də bütün yükü özü çəkməyə hazırdı. Gecəylə , ayla, uıduzla danışa-danışa varaqlarla, qələmlə dərdləşir öz dünyasında. Susqunluğunun özündə bir haray var, nalə var. Amma bu boyda yükün altında şair yenə dayanmır, sabaha can atır. Öz müqəddəs duyğularına tutuna-tutuna həm də.
İbrahim İlyaslının sözünün böyüklüyü həm də ondadı ki, o incitmir heç kəsi.Ruha sığal çəkə-çəkə, yaraları sarıya-sarıya ağladır .Göz yaşını da özü silir.Sözüylə.Şair hamının əvəzinə danışa bilir. Qorxmadan, çəkinmədən həm də. Ruhu azaddı çünki.Buxovlamır sözünü :
Küfr mənlik deyil, Əstəğfürüllah,
Sənə can atıram, sənə , İlahi!
Şeytan bardaş qurub kürəyimizdə,
Aman vermir gələk dinə, İlahi”
-deyən şair əslində ədalətsizliyə, haqsızlığa ,yalana, hiyləyə, nifrətə qarşıdı.Ümumilikdə insanlığa can atır İbrahim İlyaslı sözü. Dumduru, ləkəsiz, boyasız , riyasız bir dünya axtarışındadı şair bütün söz adamları kimi.Səbrinə sığınıb arzuladığı dünyanın qapısını sözlə döyür.O qapını üzünə açan olacaqmı? Yenə Tanrıya üz tutur. Özü də ürəyiylə, ruhuyla :

Nədir əyrində düz – deyim,
Nədir birində yüz-deyim,
Gəl könlünə bir söz deyim-
Bir də məni aramazsan!
Şairin ürəyi doludu. Yenə ilahi sözə sığınıb:

Gəl ya dəli elə, ya qandır məni,
Ya gizlət ovcunda, ya yandır məni,
Hər gün bir yalana inandır məni,
Səndən üzülməsin umudum , ömrüm.

Misralar çırpınır adamın gözlərinin önündə. Yanır, cızdağı çıxır ayrılığın, həsrətin. Amma hardansa bir ümid boylanır üzü hicrana.”Nə yaxşı ki, bu ümid var “-deyirsən .Baxırsan ki, şair sözqarışıq söykənir həmin o alotorana sarı. Ürəyi dopdolu, əlləri boş olsa da sabaha inanır :

Bu qədər zülmün içində
Məni bir ümid yaşadır.
Başını qaldır, göyə bax,
İki ulduz baş-başadı.

İlrahim İlyaslı həqiqətlərə söykənən yazardı. Qismətlə barışan, baxtına sığınan , dünyayla hesablaşan,şairdi. Heç kimdə günah axtarmayan, qınaqlardan qorxmayan, sözü əsarətdən qurtaran mücahiddi. Qarşılıq gözləmədən sevən , usanmayan, yorulmayan sevda yolçusudu həm də:

Mən sevə bilirəm ancaq,
Sevilmək-O mənlik deyil –

deyən şair heç bu yükü daşımaqdan da narazı deyil.Təki ürəyində sevgi olsun. Yükünü sözdən tutan şairin hər sözü bir məktəbdi. İnsanı günahlardan arındırmağa, saflaşdırmağa xidmət edən sözünə arxalanır həmişə.Elə söz də ona güvənir:

Divarların bu üzündə

Qismətim qubardı mənim.
Hər yan gözəllikdi, Tanrım,
Hər yanım divardı mənim.

İlahi, nə yoxdu bu bircə bənddə. Tənhalıq, məhkumiyyət, eşq, qaranlıq, dərd, həsrət, əlçatmazlıq.Eyni zamanda sözün qələbəsi. Bu məğlubiyyətin içində ilahi bir qalibbiyyət var həm də.Şair qalibdi. Həsrətiylə, ağrısıyla, sədaqəti, sevgisi, səbri, dözümüylə qalibdi.
İbrahim İlyaslı Tanrıyla təkbətək olanda çox düşünür. Söz Tanrısı köməyinə gəlir arada. Sözü İlahiylə üz-üzə qoyur. Özü də qorxmadan, ərklə:

Tanrım ,görən mən kiməm,
Nəçiyəm bu dünyada?
Bir payı quru torpaq,
Üç payı su dünyada.

“Ölümə soykənən adam”əslində əbədiyyətdən yapışıb. Özü də möhkəm-möhkəm. Sevgidən köynək geyinib, ayrılıqdan, hicrandan göynəyə-göynəyə həm də. Bu boyda dünyanı ürəyinə necə sığdırıb şair? Cəsarətinə alqış deyə-deyə oxuyuruq misralarını. Özümüzü tapa-tapa , ağlaya-gülə, dünyaya söyə-söyə, taleyə qarğış yağdıra-yağdıra rəng verib rəng alırıq sətirlərin arasında .Şairlə birgə gah günaha batırıq, gah da savab yiyəsi oluruq.Gah qışa düşürük, gah bahara.Bəzən misralar xəzəl rənginə bürünür gözümüzün önündə.Demək şair inandırmağı bacarır. Bu da bir qələbədi. Yenə də Söz:

Şəkillənir qələmimdə
Doğulmamış bir adam.
Mən şair deyiləm, yavrum,
Mən dəli rəssamam

-deyə -deyə yaradır ideal aşiq obrazını. Kökü torpaqdan, budaqları Göydən yapışan Eşq. Demək şairlər yaradıcıdı. Düz deyirlər. Demək yanılmamışam sözü Tanrıyacan ucaltmaqda. Rəssam rənglərlə yaradır, şairsə sözlə.Tanrı isə nəfəsiylə can verir , həyat verir onların yaratdıqlarına.
Şairin sözü ucuz tutanlara, ucundan tutub ucuzluğa gedənlərə də sözü var:

Bezdirib dilimdən tərif qapırsan,
Əcəb bazarın var, bazar olmasın.
Heç bir məmləkətdə, heç bir millətdə,
Yazıqdı, sənin tək yazar olmasın.

Sözün keşiyində sözüylə dayanan şair məğrurdu həm də. Eyni zamanda təvazökardı.Tərifi sevmir.Utanır. Həm də şairanə təbəssümlə.
Onun şeirlərinin həsrəti vurur adamı. Elə şirin gəlir ki, hicran adama. Vurulursan ayrılığa:

Bundan gözəl ömür olmaz,
Sən olan dünyada varam..
Sənin həsrətindən özgə
Nəyim var haramdı, haram…

Oxuduqca adam ömür boyu bu harama batmaq istəyir. Özü də qorxmadan, çəkinmədən. Cəhənnəm odunda yanıb kül olmaq da vecinə gəlmir. Bulaşmaq istəyirsən bu həsrətə, vəssalam. Sözün hökmünə bax deyirsən :

Sən gözəl olmaya bilməzsən, xanım,
Sözlərindən çəmən, çöl ətri gəlir.
Bircə yol tel vurub səsini duydum,
Bir ildi ovcumdan gül ətri gəlir.
Oxuduqca elə misralardan da müşk-ənbər qoxusu dolur ruhuna .

Məni ömrüm boyu çək imtahana,
Mənə ömrüm boyu zülm elə, nolar.
Görüm nə çəkibdi dəli-divana,
Görüm eşq əhlinə zülm ilə nolar?

Şair sevməkdən çəkinmir, elə unudulmaqdan da. Bir sözlə içindəki ilahi sevginin köləsi olmaqdan usanmır, yorulmur.

Mən eşq əsiriyəm, gül sevdalısı,
Bircə bülbüllərə həsədim qalır.
Mən eşqə düşəndə canla düşürəm,
Çıxanda quruca cəsədim qalır.

Əsl Məcnun kimi, Kərəm kimi, Fərhad kimi sevir İbrahim İlyaslının qəhrəmanları da.
Sözü hərf-hərf yaşadan şairin yaradıcılığı çoxşaxəlidi.Misralar dopdoludu.Artıq heç nə ilə yükləmir şeiri.Bir sözlə şair sözlə oynamağı yaxşı bacarır. Əlinin altında söz dondan-dona girir. Sözünə gah bahar qatır, gah payız, gah qış. Sözü hansı fəsildə olur olsun rəngi üstündə olur amma.Elə odu da. İstisi uzaqdan vurur adamı.
Konkretliyi sevir həm də şair. Uzunçuluqdan qaçır.Oxucunu yormaqdan qorxur. Bu da şairin böyük sözə ehtiramından irəli gəlir. Onun şeirlərini oxuduqca sözə səcdə etməyin gəlir.Duyğuların dil açır.
İbrahim İlyaslı eyni zamanda başı daşdan daşa dəyən yazardı . Dünyanın bütün üzünü görüb, əzabların min qatından keçib. Uşaqlıqdan üzübəri özü də.Həqiqətin dalınca yüyürüb. Yüyürdükcə hər acını dadıb. Hələ gənclik illərində azadlığını buxovlayanlar da olub.Amma sözünü əlindən ala bilməyiblər.Yenə yazıb, yenə sözə tutunub.Əyilməyib, sınmayıb:

Bu da sənin təkotaqlı mənzilin,
Atam oğlu, ev-eşiyin mübarək.
Həyətində keşikçilər tətikdə,
Həyət-bacan və keşiyin mübarək.
Voloqda həbsxanadındakı təkadamlıq kameraya deyiilmiş bu şeiri bəlkə də az adam bilir.Elə nisgilini də, ağrısını da tək çəkib şairlə birgə bu şeir. Biz İbrahim İlyaslını gülər üzüylə tanıyırıq. Kədərini kimsəylə bölməz, təkliyinə sığınıb yaşayar. Duyan duyar amma.Amma soruşmağa da cürət etməz kimsə. Şairçün dərdin qonağı da, yiyəsi də özüdü. Yükü də özü çəkməlidi.Babalı dərd yiyəsinin boynuna. Şairin ürəyində hələ deyilməyən o qədər sözü var ki.Deyir bu vaxtacan heç bir jurnalist məni danışdırmağı bacarmayıb. Arzuladığım və gözlədiyim suallar ürəyimdə cavabsız qalıb. Təki sağlıq olsun.
Bu yazını şair dostumun 60 illik yubileyində yazmaq istədim. Yaza bilmədim.Söz yetişməmişdi hələ.Kal idi..Dəyməsini gözlədim.Bir az gec yetişdi, amma buna da şükür. Hər şeyin bir zamanı var. Söz də vaxtında yetişə gərək. Ətri, qanı üstündə olmalıdı. ..
Bu sözü axır ki, dərdim, əziz dost, gözəl şair. Sənə layiq olub olmadığını Tanrı və oxucu bilər. Mənim ürəyimdən gəldi. Halal xoşun olsun !

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sadıq Qarayev “İlin yazarı” nominasiyası üzrə təltif olunub – 39 foto.

22 dekabr 2023-cü il tarixində Azərbaycan Yazıçılar Birliyində “HEYDƏR ƏLİYEV -100. Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur: alim-yazıçı Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyaları və azərbaycançılıq” mövzusunda tədbir keçirilib. Tədbirin gedişində alim-yazar, milli məfkurə sahibi Sadıq Qarayev hər ilin yekunlarına görə yalnız bir yazara təqdim olunan “İlin yazarı” mükafatı ilə təltif olunub. Mükafatı yazarlar adından “Yazarlar” jurnalının baş redaktoru şair-publisist Zaur Ustac təqdim edib.

AYB-nin Beynəlxalq əlaqələr üzrə katibi Salim Babullaoglunun moderatorluğu ilə keçirilən bu maraqlı tədbirdə mövzu ilə əlaqəli AYB katibləri Səlim Babullaoğlu, İlqar Fəhmi və Elçin Huseynbəyli, Ədəbiyyat fondunun Baş direktoru Varis, bioloq-alim Əlisahib Hüseynli, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri və əməkdaşları:, fil.ü.f.d Şahlar Göytürk, Fəfa İsmayılova, AMEA əməkdaşları, fil.ü.e.d Lutviyye Əsgərzadə, fəl.ü.f.d. Zeynəddin Şabanov, Sabunçu rayon Ağsaqqalar Şurasının Sədri yazıçı Vəli Səfərov, Azərbaycan Voleybol Federasiyası rəsmisi Vidadi Hacıyev, yazarlardan Lətifə Oruc, Arzu Əsəd, Esmira Günəş, Həcər Paşayeva, Kənan Hacı, Vüqar Abbasov,  Mehriban Abdullayeva, Zakir Ağdamlı, Sima Cəfərova, Əli Bəy Azəri, Qabil Dərdli, “ASAN Xidmət” əməkdaşı Alim Ismayil,  b.ü.f.d Çingiz Əliyev və başqaları mövzu ilə bağlı çıxışlar ediblər. 

Çıxışlarda Sadıq Qarayevin kitabları, xüsusən 44 günlük müharibədən bəhs edən “N saylı qəhrəmanlıq” kitabında Azərbaycançılıq məfkurəsinin necə aparıcı xətt təşkil etməsi, yazıçının gənc nəslin yetişməsi yolunda ortaya qoyduğu zəhmət qeyd edilib, yazıçıya uğurlar arzu edilib.

Sonda alim-yazar Sadıq Qarayev tədbir iştirakçılarına təşəkkür edib, arzu edənlər üçün kitablar imzalayıb, xatirə şəkilləri çəkdirib. Yüksək əhval-ruhiyyədə davam edən tədbiri əvvəlcədən planlaşdırılmış vaxtda yekunlaşdırmaq mümkün olmayıb. Qələmdaşlar, oxucular bir sözlə milli məfkurə sahibi Sadıq Qarayevi sevən hər kəs müasiri olan sevimli yazarı ilə mümkün olan qədər daha çox vaxt keçirməyə çalışıb və buna maksimum nail olublar. Sadıq Qarayev isə öz növbəsində bu haldan məmnun olduğunu gizlətməyib, əksinə onun üçün gələcək fəaliyyətində böyük stimul olacağını qeyd edib. Tədbirdən fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

Mustafa Müseyiboğlu adına kitabxana

SADIQ QARAYEVİN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Stalinin amerikalı qız nəvəsiSvetlana Alliluyevanın övladları

Stalinin amerikalı qız nəvəsi
Svetlana Alliluyevanın övladları

Stalinin qızının üç övladı olub: İosif, Yekaterina və Kris Evans. Onların hərəsinin öz atası olub, yəni hərəsi Svetlananın bir ərindən dünyaya gəlib.
İosif Morozov məşhur kordioloq olub, tibb elmlər doktoru kimi öz sahəsinin görkəmli mütəxəssisi hesab edilib.
Yekaterina Jdanova geologiya-minerologiya elmləri namizədidir, Kamçatkada yaşayır. Yəqin ki, onun familiyası sizə tanış gəlir. Bəli, bəli, səhv etmirsiz, o, Stalinin dostu, məşhur ideoloji katib Andrey Aleksandroviç Jdanovun nəvəsi, kimyaçı alim Yuri Andreyeviç Jdanovun isə qızıdır. Yekaterina hal-hazırda tərki-dünya bir zahid həyatı yaşamaqdadır. Anası haqda heç kəsə heç bir müsahibə vermir. Babası Stalini nəhəng şəxsiyyət hesab edir.
O ki qaldı üçüncü-sonuncu övlada…


Svetlana Alliluyevanın sonbeşiyi Kris Evans 1971-ci ildə Amerikada doğulub. Onun ilkin ad- soyadı Olqa Piters olub. Əzəli ad-soyaından nə üçün imtina edib? Sadəcə istəməyib ki, onun Stalinlə qohumluq əlaqəsini bilən olsun… Hazırda Kris Piters Potlandda kasıblar məhəlləsində yaşayır, kiçik bir köşkü var, orada xırda-xuruş məmulatlar satır. O, özünü demokrat hesab edir. Dini baxışlarına görə buddistdir. Tatu və pirsinqləri sevir, bədəninin çox yeri “döyəclənib”, rəngbərəng şəkillərlə “bəzədilib. Babası kimi tütünü xoşlayır, amma qəlyan yox, siqaret çəkir. Sosial şəbəkələrdə fəaldır. Rus dilini bilsə də bu dili sevmir, ingiliscəyə üstünlük verir. İngilis dilini bilənlər onu fb-də tapıb yazışa bilərlər. Amma nəbadə ona babası haqda sual verəsiz. Babasının adını eşidəndə hirsindən az qala dəli olur. Çünki Stalinə nifrət edir, onu tiran və diktator kimi “qiymətləndirir”.
Yeri gəlmişkən, Amerikada dəfn olunan Svetlana Alliluyevanın (1926-2011) qəbrinin yerini yalnız qızı Kris Piters (Olqa) bilir. Anası öləndə qızına özü vəsiyyət edərək deyib ki, “məzarımın yerini heç kəsə demə. KQB bunu bilsə qəbrimi təhqir edib dağıdar”. Atasının soyadını götürməkdən imtina edən Svetlana atasının yaratdığı sistemi “totalitar” quruluş, atasını isə “tiran” adlandırırdı. Svetlana İosivovna ğlənəcən Stalindən “yadigar” qalmış qorxunc KQB-dən çəkinmiş, onu daim lənətləmişdir.

Foto- Stalinin qızı və nəvəsi

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəfail Tağızadə – Bir qərib gecə…

Bir qərib gecə
Özgə şəhərlərin gecələrində
otaqlar qəribə gələcək sənə.
Elə bil hansısa bir əsərdəsən.
Hər baxış bir salam verəcək sənə.
Baxış salamlardan yorulacaqsan.
Son günlər doğmandan eşitmədiyin
adını özündən soruşacaqsan.
Hər addım qapıntək doyülər sənə.
Dayanıb baxarsan.
Ötüb gedər səs.
Qapılar üzünə baxacaq sənin.
Sənə yad otaqlar, o boz divarlar
günün bozluğunu çıxarar üzə.
Ayağın darıxar, izin darıxar,
içinə qısılan səsin darıxar.
Eyvana çıxarsan tələm-tələsik:
budur həmin səma, həmin göyüzü.
Səni ulduz görər, Ay salamlayar
bir ayrı baxışda, bir ayrı dildə.
Darıxıb yavaşca geri dönərsən.
Özünə baxarsan təzə aynada
görərsən kim isə boylanır sənə.
Dözməyib keçərsən başqa otağa
baxarsan burda da elə özgəsən.
Yükünü açarsan, yeri açarsan,
ağappaq paltarlar tanımaz səni,
əlini bədənə, üzə çəkərsən
əllərin diksinər, bədən ürpəşər.
Gecədə darıxan bir qərib kimi
qaçmaq istəyərsən daha özündən,
bu özgə otaqdan, özgə gecədən.
Qəfildən astaca qapı döyülər.
Diksinib baxarsan…
Bir əlin dəstəkdə, biri açarda…
Fikirlər hissləri yeyər gecələr.
Beləcə uzanıb gedər gecələr
bir özgə şəhərin tənhalığında.
Ay da bu qəribə boylanıb baxar
bu səssiz otağın pəncərəsindən…

Müəllif: Rəfail TAĞIZADƏ.

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru


ZAUR USTAZ ZƏFƏR YOLUNDA

ZAUR USTAC ZƏFƏR YOLUNDA

…Əsgər haqqında ballada…
Nədir yenə, ümman kimi,
çalxalanıb, coşdun, ürək?
İçindəki bu təlatüm,
bu oyanış de nə demək?
Həsrətdənmi, nisgildənmi,
Ürək, yenə çağlayırsan?
Anasına həsrət qalmış,
Körpə kimi, ağlayırsan…
İçindədir; ümid adlı,
qığılcımın od-alvu,
tərslik etmə, dəli könül,

intizara alış, yovu!!!
Həqiqətlər qarşısında,
Biz gücsüzük, biz heç nəyik,
Dinlə məni deyim, ürək,
Biz nəçiyik; şan-şöhrətli,


– “hüququndan keçmiş əsgər”,
həmdəminə həsrət canıq,
bəzən canlı, bəzən cansız,
biz “robotuq”, biz “əşyayıq”…
Bu torpaqdan yoğrulmuşuq,
Bu torpaqdan doğulmuşuq,
Yardan əfsəl, anamızın
Qulluğuna buyrulmuşuq!!!
15.04.1995. Marağa.

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,

“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…
* * *

Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.

“DÜNYA BİR PƏNCƏRƏDİR…”
(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş…
De, heç vaxtın oldumu, pəncərədən baxmağa,
Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…
Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,
O da, Sən də yox idi, işin-gücün çox idi…
Çoxunun gözü ackən, Sənin gözün tox idi…
* * *
Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???
Yeddi ürək lazımdı, baxışına baxmağa,
Qəlb adlı əzamızı, qan vurmağı saymasaq…
Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa,
O ürək Səndə idi, baxışların ox idi…
Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi…
* * *
“Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş….
Yaradan yaratmışdı, Səni oyaq qalmağa,
Ayaqüstü, sırada, göz qırpmağı saymasaq…
Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,
Düşüncə, dərin ümman, zehin, iti ox idi…
Çoxunda beş-beş olan, Səndə biri yox idi….
* * *
Damarda coşdu qanın, ürək dözmədi, qardaş…
Dizindəki təpərin bəs eylədi qalxmağa,
Dostlarının toyunda oynamağı saymasaq,
Toy-düyün də görmədin, oturmağa-qalxmağa,
Ərgənlənmiş ər idin, bəy otağın yox idi…
Çoxu sayın bilmirdi, Sənin biri yox idi…
* * *
İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…
Sənin etdiklərini ehtiyac yox saymağa,
Arada qəmli-qəmli bu baxmağı samasaq,
Eyibin də yox idi, barmaq ilə saymağa,
Yan-yörədə bildiyin, nacis, naqis çox idi…
Bilən bilir qardaşım, Sənin mislin yox idi….
21.01.2018. Bakı.

ŞƏHİD HAQQI
(Mübarizlərin ruhu qarşısında borcluyuq…)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…
* * *
Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…
* * *
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019 – 19.06.2020. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

CAN AY ANA…
(Milli Qəhrəman Polad Həşimovun anasına)
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular,
Bu baxışda min vaizin xütbəsi…
Al don geymiş qürub da var, dan da var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox…
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
“Ana” – deyə, şirin-şirin gülən yox…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…
12.01.2021. Bakı.

DAĞLAR
(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!
* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!
* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!
* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!
* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!
* * *

Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!
* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

O GÜN
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *

Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İldırım Əkbəroğlu – Payız.

PAYIZ

Günəş çoxdan çıxıb.mürgüdən oyan.
Tökülən yarpaqlar ilmədir,dayan.
Elə bil,xalıdır anam toxuyan.
Təbiət qoynunda toxuyur payız.

Göylərin çiskini yerə hədiyə,
Damcılar dəf çalır dam döyə-döyə.
Yorğun yer uyusun,dincəlsin deyə.
Yellər laylay çalır,oxuyur payız.

Budaqda sığınıb.gör,quş da quşa,
Tənhalıq içində durublar qoşa.
Ağaclar libassız düşüb yağışa.
Hələ taxt üstədir,göz qoyur payız.

Bitsin toy-düyünlə sonu əzəlin,
Bəxtə gül açmağı olur xəzəlin.
Eyvandan boylanan dalğın gözəlin.
Qəlbindən ötəni tez duyur payız.

Müəllif: İldırım Əkbəroğlu

Allah rəhmət eləsin ruhu şad olsun… Amin…

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İldırım Əkbəroğlunun anım günüdür.

İldırım Əkbəroğlu (Füzuli) – şair, MYK -nın sədri.

22 Dekabr ŞAİRİN anım günüdür.

İLDIRIM ƏKBƏROĞLU HAQQINDA

İldırım Əkbəroğlu – Füzuli (Məmmədov İldırım Əkbər oğlu) 13 sentyab 1950-də anadan olub. Beyləqan rayonu Kəbirli kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmət keçib. Bu ərəfələrdə artıq şeriləri rayonun çoxtirajlı qəzetində müntəzəm şəkildə çap olunması səbəbi ilə bölgədə hamı onu şair kimi tanıyırdı. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutuna, indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunur və 1979-cu ildə təhsilini başa vurur. Bu müddətdə radioda, televiziyada şeriləri səslənir, 1978-ci ildə B.Vahabzadə və İ.Şıxlının redaktorları olduğu “Çinar pöhrələri” toplusunda şeriləri geniş oxucu kütləsinə təqdim olunur. Dost – tanış və eyni zamanda yazıları ilə tanış olan hər kəs onu bir şair kimi qəbul edir, gələcəyini bu istiqamətdə təsəvvür edirdi. Müntəzəm olaraq şerləri qəzetlərdə çap olunurdu. Təhsili başa vurub Rayonda işə başlamaqla sanki, yaradıcılıq arxa plana keçir… RTTB –ndə 1998–ci ilə kimi baş mühasibin müavini, 2015-ci ilin sonuna kimi İH-nin Kəbirli kənd ərazi nümayəndəliyində baş məsləhətçi kimi fəaliyyət göstərir. Təqaüdə çıxdıqdan sonra sirli söz aləmi yenidən onu öz sehrinə salır.. Şerləri dəfələrlə almanaxlarda, qəzetlərdə çap olunur. İldırm Əkbəroğlu 22 yanvar 2019 – cu ildə MYK -ın ömürlük fəxri sədri seçilmişdir. İldırım Əkbəroğlu 22 dekabr 2019 -cu ildə vəfat emiş və Beyləqan rayonu, Kəbirli kəndində dəfn olunmuşdur.

KİTABLARI:

İldırım Əkbəroğlunun bu günə qədər iki kitabı nəşr olunub. “İldırım Əkbəroğlu” adlı ilk kitabı sağlığında, demək olar ki, ömrünün son günlərində (2019), “70” adlı ikinci kitabı isə ölümündən sonra (2020) nəşr olunmuşdur. Son olaraq “Yazarlar” jurnalının tərtib etdiyi “Ana şeirləri” almanaxında yer alıb.

QEYD:

“Bayram Bayramov – 100” layihəsi çərçivəsində İldırım Əkbəroğlu 2019 -2020 ci il üçün “İLİN YAZARI” seçilib və “Bayram Bayramov ” diplomu ilə təltif olunub (ölümündən sonra). 2020 – 21 ci il üçün “Ustac” Milli Mükafatına layiq görülüb(ölümündən sonra). Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru