Çəkiləsi dərd deyil…
Çəkiləsi dərd deyil, dörd dəvəyə yükləsən o da aparmaz. Bax bu dağların o üzündə kəndim, qaldı yurdum qaldı, ruhum qaldı, iki körpə balam qaldı…
Körpə balarım vay!-deyə- deyə Murad keçən il dünyasını dəyişdi. Ömrü kəsilsin bu cəhənnəmi bizə yaşadanların, “bala vay” desinlər. Qaşları düyünləndi Qızyetərin- yox düz demədim, o körpələrin nə günahı var axı… Mənim də qızlarım mələk misal körpə göyərçinlər idi, uçub getdilər…
1988- ci ilin payız ayları idi. Qırılmışlar yenə quduz canavarlara dönmüşdülər. Kəndin kişiləri hər gün toplanır, çıxış yolu axtarırdılar. Artıq kəndə giriş-çıxış da qadağan olunmuşdu. Hər gün qorxu, hər gün təlaş ürəyimiz üzülürdü. Bircə bu vəhşiləri yerində oturdan tapılsaydı? Yedik -içdiyimiz zəhərə dönmüşdü… Nigarımla Süsənim hər gecə atalarını görmədikləri üçün ağlayır, məni qucaqlayıb hönkür-hönkür içlərini boşaldır, qaçıb qardaşlarını öpür, pal-paltarlı yerlərinə uzanaraq, gözlərini qapıya dikirdilər…
Artıq əriştə bişmişdi, amma yeməyə həvəs yox idi. Qızyetər davam etdi: noyabr ayı idi. Bir neçə gün idi ki, yatmırdıq. Uşaqlar oturduqları yerdə bir çimir alsalar da yorğan-döşəyə girib yatmırdılar. Oğlum balaca idi, beş yaşı vardı Rəşidin. Qonşuluqda bir Valya var idi, milliyyətcə rus olsa da mərhəmətli bir insan idi. Qapımız döyüldü, Valya idi. Onun əri erməni əvvəllər elə bilirdim ki, pis adam deyil Marlen qardaş. Son günlər onun da üzü dönmüşdü. Onu görəndə qorxudan pəncərənin pərdəsini də çəkirdim. Valya çox həyəcanlı idi. Qızyetər bacı, birdən bir şeyə ehtiyacınız olar? Mənə deyin, çəkinməyin. Mümkün qədər çölə-bayıra çıxmayın. Ərindən eşitdiklərinin hamıs ını demədən sürətlə gəldiyi kimi də sürətlə getdi Valya. Muraddan da bir xəbər yox idi. İlahi, belə zülüm olar? Allahın altında nə qəbahət iş görmüşdük axı? İllərlə qonşu bildiyimiz insanlar bizi öldürmək istəyirdilər. Zəngəzur mahalının Pirdovdan (Qafan rayonu) kəndində bir neçə ailə erməni, rus ailələri yaşayırdı. Qalanlar 90 faiz əhali azərbaycanlılardı. Valyagilin evi iki ev o tərəfdə idi. Axşama yaxın atışma başladı. Bütün kənd dərəyə, çaya tərəf qaçırdı. Neyniyim, ay Allah! Hara qaçım? Murad da yoxdur. Tez oğlumu kürəyimə şəllədim. Özümü itirmişdim.
Valya , Valya qapını qızların üstünə qıfılladım. Oğlumu apardım , qayıdıram. Onda Süsənin 10, Nigarın 7 yaşı vardı. Evdə çörək, pendir, qovurma, yağ vardı. Nigarla Süsən qaçıb məni qucaqladılar: Ana, tez qayıt ha! Gətir qardaşımızı da öpək, ana! Get, tez gəl ana! Allah, bəs Murad harda qaldı? Atışma səsləri məhləmizdə gəlirdi. Mən var gücümlə qaçır, arabir evə tərəf dönmək istəyirdim. Yox, qayıda bilməzdim güllə mən cəhənnəm, oğluma dəyər axı…
Bəs Nigarımla Süsənim necə olacaq? Dəli olmuşdum. Düşünə bilmirdim, ixtiyarsız qaçırdım, yıxılırdım, dururdum. Murad, Nigar, Süsən yay verin, ölürəm. Buz kimi çayı necə keçdik bilmirəm. Kənd qadınlarını kəndimizin cavanlarından iki nəfər kahaya doldurdu. Kahanın ağzına qaya parçaları qoyub uzaqlaşdılar. Hərdən hövüllənib- Nigar, Süsən deyə bağırırdım. Kəndimizin ağ günlü ağbirçəkləri, qara günlərini qablaşdırıb: qışqırma, ay bala! Valyalayara, Siranuşlara inandıq ki, bu günlərə qaldıq da, niyə balalarını gətirmədin? Geri də qayıda bilməzsən… bəs necə edək? Qayalara, daşlara yalvarırdım. Saçımı yolurdum, başımı neçə dəfə qayaya çaldım. Niyə ölmədim? Bilmirəm …
Çöldə xışıltı gəlirdi, qorxduq, hənirimizi belə kəsdik. Gündüz bizi kahaya dolduran kənd cavanları idi. Çıxın, bu dağı aşmalıyıq, dağın o tərəfi Ordubaddır, gecə ikən aşımalıyıq bu dağı. Necə gedim, insanlara necə qoşulum, balalarımı necə gətirəcəyəm? Muraddan da xəbər yox… getdik, göz yaşlarımla, dumanlı başımla üzümü göylərə tutub bu bəlanı törədənlərə qarğış edə-edə gedirdim. Səhərə yaxın qarın, buzun içi ilə Ordubadın Parağa kəndinə çatdıq. Kənd adamları öz evlərində bizə yer verirdilər. İki nəfərin ayağını don vurmuşdu. Çoxlarının barmaqları kəsilməli idi, qurumuşdu sanki. Mən nalə çəkirdim, oğlumu da ovutmağa can atmırdım. İki gün məni qollarımdan tutub saxladılar. Üçüncü gün bu dağlara yaxşı bələd olan Aslan dayı ilə yola çıxdım. Gündüz də, gecədə yol gedirdik, elə bilirdim bu saata doğma kəndimizə- Pirdovdana catacağam, qızlarımı ley kimi qanadlarıma alıb geri dönəcəyəm. Səhər alatonda qapımıza çatdıq. Qapımız bağlı idi, sürünə-sürünə Valyagilin tövləsinə girdik. Əri silahını da götürüb evdən çıxanda çıxdıq, evin pəncərəsini döydüm Valya məni gördü, hönkürüb ağladı. Əlim-qolum boşalırdı deyə bilmirdim ki, danış Valya!
Qızyetər bacı, siz gedən günün səhəri sizə gedirdim , deyim ki, qapını açmayın. Bilirsən gördüm ki, həyətdə evdən təxminən 10 metrə aralı Nigarı öldürüblər , əlində bir tikə çörək, üzü üstə yıxılıb qalıb. Tez veə girdim, Qızyetər. Süsən əlində dürməyin yarısını yeyib yarısı qalıb … başından vurmuşdular. Gecə həyətinizdə yer qazdım, iki bacını qucaq qucağa basdırdım. Vəssalam. Bitdi. Bu qədər, Qızyetər. Mən quruyub qalmışdım. Susurdum.
Hə, Murad da əsir düşüb, ayağında yaralı olduğu üçün qaça bilməyib. Dilim söz tutmurdu ki, onun haqqında bir söz soruşam. Heç ağlaya da bilmirdim, donub qalmışdım. Valya qorxurdu, gözü qapıda idi. Hər kiçik səsə belə diksinirdi. Aslan dayı gedək dedi, gedək, bala! Bunların gözü yeri göyü görmür, dur, tez ol! Yooox axşamı gözləməli olduq. Şər qarışan kimi gəldiyimiz yolla da geri qayıtmalı idik. Gecənin zülmətini gözlədik ac-susuz. Gecə əyilə-əyilə evimizə tərəf getdik. Qapılar taybatay açıq, evimiz viran idi. Əslində qızlarımın qəbrini də yaxşı görə bilmədim. Hiss etdim, duydum ki, qızlarım elə burda yatıbdır. İtlər ulayırdı, kənddə bir vahimə vardı ki, İlahi, bu zülmü necə götürürsən bəs? Dağıdılmış, viran qalmış ocağımızın vəfalısı Bozdar zincirini qırıb açıq qalmış evdə, həyətdə gəzirdi. Kimi qoruyursan, ay Allahın heyvanı?
Qayıdırdıq gecənin zülmətində rahat-rahat gedirdim. Daha narahat deyildim. Kim var idi ki, kimdən ötrü narahat olacaqdım? Qurd-quş da məni qorxutmurdu. Aslan dayı cəsur insan idi, mənimlə yanaşı, hərdən də bir az irəlidə gedirdi. Səhər tezdən Parağaya çatdıq. Oğlumu bağrıma basdım, ağladım. Nə o bir söz dedi, nə mən dindim. Gözüm yollardan kəsildi, Allah mənə səbir verdi.
Bir ilə yaxın vaxt keçdi, Muradın öldü, qaldısından xəbər çıxmadı. Bir gün gözlənilmədən o gəldi. Əsirləri dəyişəndə, onu da buraxmışdılar. Muradı görəndə hönkürtü ilə ağladım, Süsənlə Nigar haqqında bir söz demədim. Nə deyim axı… zaman öz sözünü dedi. Mən olanları yavaş-yavaş ona anlatdım. İndi o günlər mənə nağıl kimi görünür… heç həqiqət olduğuna da inamım yoxdur. Bu dəhşəti mən necə yaşadım? Necə daşıyıram?
Haqq uzaqda deyilmiş. Haqqı bizə yetirən gəldi, qisasımız alındı. Amma yurd həsrəti ağır dərddi, bala. Bu dərdi daşıyırıq, yaşayırıq, ölmürük . ölmürük ki, yurdumuza qayıdaq, yuvamızı quraq!
Müəllif: Mahirə NAĞIQIZI
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru