
20 Yanvar qatarı
Elə bil dünəndir, qaynayır Bakı,
Vətəni çulğayan Şərə dur- deyir,
Topxana qırılır, əsirdi Kərki,
Kremlə qanları dayandır- deyir.
İxtiyar qocalar, yeniyetmələr,
Dastan danışırlar ürək dağından.
Qarşıya gəlmir ki, çıxa bir nəfər
Mağara sükutlu qan çanağından.
Bu bizim torpaqdır, bizim vətəndir,
Min illər biz qurduq Azərbaycanı.
Ona göz dikənlər yoldan ötəndir,
Hələ qurumayıb Babəkin qanı.
Düşmən məkrlidir, qansız, hiyləgər,
Planlar qurubdu uzun illəri.
O xan İrəvanda yoxdu bir nəfər,
Dönüb xarabaya Oğuz elləri.
Dərələz şenliyi, Göyçə, Ağbaba,
O ağır ellərim boşaldı bir- bir.
Yetiş hayımıza xan Heydər baba,
Sənsən loğmanımız, dərman sənindir.
Türkün yağıları plan qurdular,
Axsın küçələrdə su yerinə qan.
Güllə yağdırdılar, tankla vurdular
Qadına, uşağa verməyib aman.
Düşmən amansızdı, dönüb baxmadı,
Görmədi günahsız ölən kəsləri.
Təkcə yara vurub qan axıtmadı,
Azadlıq himniydi güllə səsləri.
Nəsillər dəyişdi həmin himn ilə,
Arzular göyərdi şəhid qanında.
Canımız yol gedər Vətən, səninlə,
Ruhumuz Şəhidlər Xiyabanında.
Beləcə boylandım keçmişə tərəf,
Bir daha görəm ki, orada nəvar…
Tarixi xalqımın düzülüb səf-səf,
Dilək qatarıymış İyirmi Yanvar.
20.01.2018.
Müəllif: Mahirə NAĞIQIZI
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru