Gedir bu nakam ömür, Gedir çantasın yığıb Bilir, bu bədbəxt ömür, Bilir, qəlbim sıxılıb.
Ruhum ərşə çəkilir, Göyə pənah gətirir. Allah üzümə gülür, Eşqdən cana pay çəkir.
Eh bu sovqat, ah bu eşq, Didir əti nə didir. Kədəri soraq salıb, Dəlir bağrımı dəlir.
Davam edir paradoks, Dillənir repressiya. O ziddiyət, bu tale, Ağrıdır ironiya…
Deyim ki, sən biləsən, O “sən”də, bir “mən” tapıram. Ümid dolu gözlərimlə, Sorağlayıb sayıram… Bir…iki…üç…. Adam da belə darıxarmı, Öz-özündən karıxarmı, Belə yazı ilə barışarmı? Qələm…vərəq…gecə… Yaz, a ruhum, yaz! Qaç, a gecə, qaç! Səhər açılır, nə açılır, Özgə ruhlara nur saçılır, Mənim bəxtimdən nəsə qaçır, Tut, ay Allah, tut, Sus, ay adam, sus! Ağrılıyam, dəymə, eh! Dindirmə gəl, etmə hey! Bir kədər də, odur ey, Qapımda dəm baxıram; Gəl, ay kədər, gəl, Dəy, bu xətrimə, dəy!
Çağır məni, ay Allah Gəlim sənin yanına. Qoy doyunca gülüm hey, Girim xoşbəxt donuna.
Hərdən də yerə enim, Dost-tanışı tez görüm, Nə var, nə yox bir bilim, Çıxım ömrün sonuna .
Gördüm ki, yox deyillər, Haqqı nahaq deyirlər Dizlərinə doyürlər, Gedim mən də yoluma.
Düzəlmir ki, bu hesab Əməllər yenə fəsad, İmkan vermir ki təzad Ölüm, ölçün boyuma.
Yoxdur səndən bir xəbər, Hardasan, ay bəxtəvər. Daş, divar da mat qalıb, Ruhum olub dərbədər.
Gözləyirəm, gəlmirsən, Həsrətimi bilmirsən, Bəlkə məni sevmirsən, Çəkirəm hey dərdisər.
Göynəyir qəlbin başı, Dayanmır gözün yaşı, Görmürsən də, ay naşı, Olmuşam lap sərbəsər.
Bilmirəm, ha tərəfdən, Sənə sarı üz tutum. Buralar dərd içrədir, İçirəm qurtum-qurtum…
Dinmirəm, qəlb sökürlər, Adamlar kin bölürlər, Bala zəhər tökürlər, Uduram, udum-udum…
Bilmirəm heç, ölümmü? Cismimi tərk edimmi? Göy üzündə gülümmü? Gedirəm yurdum, yurdum.
Bu gecə nisgillidir, Qəlbim naxoş, sirlidir, Görməyəli min ildir, Gəlməz yarım heç gəlməz.
Necə sorum, nə deyim O desin ki, mən bilim, Tutulub agzım, dilim, Gəlməz yarım, heç gəlməz.
Yaman dumandır dağlar, Üstündə güllər ağlar, Çənində həsrət saxlar, Gəlməz yarım heç gəlməz.
Ağaclar boynun bükür, Budaqlar qopub düşür, Quşlar da qorxub hürkür, Gəlməz yarım heç gəlməz.
Mənim üçün çox gecdir, Ömrüm elə bir heçdir, Ölməyimçün vaxt tezdir, Gəlməz yarım heç gəlməz…
Məgər sənin etibarın da yox imiş, Sənə bu sevgim əbəs imiş, boş imiş, Könlüm məhbəsdə çırpınan bir quş imiş, Axı belə sevməyə nə var ki, adam…
Mən ki, elə bilirdim baldır məhəbbət, Dərdə də, dəvaya da yardır məhəbbət, Sən demə, sənin üçün xardır məhəbbət, Axı belə sevməyə nə var ki, adam.
Uşaqdım, bilmirdim həyat necə imiş, Ruhuma zülm verən qara gecə imiş, Öyündüyüm bu eşq saxta becə imiş, Axı belə sevməyə nə var ki, adam…
Ruhum pərvazlanardı səni görəndə, Ağlardım saçındakı dəni görəndə, Yad təki gorürsənmiş məni görəndə, Axı belə sevməyə nə var ki, adam..
Gör neçə dəfə qəlbim qırıldı getdi, Sənə gəldiyim o yol buruldu getdi, Son zərbən ağrılıymış vuruldu getdi, Axı belə sevməyə nə var ki, adam.
Sənsiz şaxta kəsir yetim ruhumu, Günəşin üzünü qəlbimə döndər. Topla göy üzündən ulduzları da, Qaranlıq ömrümə hədiyyə göndər.
Dindir dalğaları, mahnı bəstələ, Titrəyən dilində söz ləpələnsin. Bir şeir pıçılda üzü göylərə, Buluddan üstümə eşq səpələnsin.
Yağsın səmaların nuru üstümə, Saçlarım yağışın sehrinə düşsün. Yolla nəfəsini əsən küləklə, Ruhumun havası bir az dəyişsin.
Yox, ya da özün gəl, özün bu gecə, Susan ümidlərim səninlə dinsin. Gəlişin can versin daş otaqlara, İsti baxışınla bu ev isinsin.
Qayıt, bu həsrətin nəfəsini kəs, Sevgi ayrılığı qoy ram eləsin. Saatı vüsala qurmuşam, ömrüm, Gəl, ruhum səninlə bayram eləsin.
Adsız şeir
Düz bir ömür daşıyardım, Çiynimdə yüküm olsaydın. Şair, əsgər, adi insan – Sevərdim, hər kim olsaydın…
Qəlbimdən qəm dağılardı, Qara günüm ağ olardı, Yaralarım sağalardı, Tək mənə həkim olsaydın…
Sənli gün dəyər yüz aya, Qanadlanardım fəzaya, Dözərdim hər cür cəzaya, Ruhuma hakim olsaydın…
Yolunda bitən olardım, Sənlə bir və tən olardım. Mən sənə vətən olardım, Sən mənə sakin olsaydın…
Son oyun
Gözü dolub buludların bu səhər, Sən getdiyin o yolları yaşlayır. Ruhum üzür bir boşluğun içində – Sevgimizin həsrət ömrü başlayır.
Bu neçənci gedişindir, bilmirəm, Hər gedişdə dəfə-dəfə yarıldım. Böyütmədim içimdəki ağrını, Sən dönüncə ümidlərə sarıldım.
Bir körpəcə təsəlliyə sığınıb, Günlərimi ötüşdürdüm birtəhər. Göyərmədi gözümdəki arzular, Səbrim ilə suvarsam da hər səhər.
Şeirlərdən çətir tutdum könlünə, Gah saxladın, gah da geri yolladın. Dönə-dönə getdin məndən uzağa, Dönə-dönə mənə doğru yol aldın.
Ruhum ayaq səslərindən yorulub, Addımların döyəcləyir ömrümü. Məni ürək iynələyir hər gecə, Gündüzlər də həsrət yeyir ömrümü.
Çox uzandı bu “get-gəl”lər oyunu, Üzüm gəlmir ürəyimə “döz” deyim. Ayrılmağa gəlirsənsə, qayıtma, Qovuşmağa gəlirsənsə, gözləyim.
Daş inad
Səpdin göy üzünə ayrılıqları, İndi buludlardan vüsal süzülmür. Mənim ürəyimdir, dözür hələ də, Yer – göy də götürməz bu boyda zülmü.
Susub dodaqların yol ayrıcında, Gələn sabahıma xeyir söyləmir. Gözlərin unudub pıçıldamağı, Daha baxışların şeir söyləmir.
Düşüb tərsliyinin məngənəsinə, Ərköyün hikkənin əlində qaldım. Yazıq saçlarımın günahı nəydi? Yenə də heyfimi onlardan aldım.
O daş inadını tulla dənizə, Odur yolumuza hər an daş qoyan. Onsuz nə sən məndən çıxıb gedənsən, Nə də ki, mən səndən ayrı yaşayan.
Günlərdir, qapıya ilişib gözüm, Sən də darıxırsan mənsiz, bilirəm. Əvvəlcə bu yersiz qürurunu yıx, Sonra da mesaj yaz: Gözlə, gəlirəm.
Şah beyt
Bu soyuq qış gecəsi yaza dönə bir anda, Həsrətindən öldüyün gəlib dura qapında. Ömrünə hakim olan qasırğalar səngiyə, Könlündə güllər aça, qəlbin əlvan don geyə.
Gəlişi qanı qaçmış duyğulara qan verə, Baxışı o sönükən gözlərinə can verə. Dikilə nəzərləri tir-tir əsən çiyninə, Çıxarıb pencəyini geyindirə əyninə.
Quruyan dodaqların bir söz deyə bilməyə, Qaldıra əllərini göz yaşını silməyə. Əriyə yanaqların, itə ovuclarında, Hicranın vahiməsi bitə ovuclarında.
Alışan iztirabın sönə dodaqlarında, Hissin dəli tufana dönə dodaqlarında. İçini parçalayan qaranlıqlar dağıla, Bugecəki görüşdən bir şeir də doğula.
Oxşayıb şeirlərin gah misra, gah beytini, Ona pıçıldayasan hər şeirin şah beytini. Yenidən eşq alovun sancasan yaxasına, Gedəsən milyonillik məhəbbət yuxusuna…
12 bin yıldan beri , Boz kurd dünya Türkleri arasında kutsal sayılır ve Türklerin bir kaç kevmleri bu adet ve eneneni günümüze keder taşımışlardırlar. İran coğrafiyasıde Türkler en azı 45 milyon kişi yaşamakdadirlar. bu Türklerin mitolojysinde Boz kurd kutsal taninuyur . Günümüzde Güney Azerbaycanın Karadağ bölgesinde, her ayilede erkek cocuk dünyaya gelerse, o cocuğun göbegini Bozkurdun belinde olan uç pacalı kemigi ile bağlarlar ki o erkek uşak Boz kurd gibi yürekli olsun. bu adet ve enene, Türklerin eski inançları sayılan şemenizm den gelmiştir ve günümüze keder korunmuştur
Tanınmış şair, ədəbiyyatşünas, Azərbaycan Respublika-sının Əməkdar mədəniyyət işçisi, filologiya elmlər doktoru, professor Rafiq Yusifoğlunu tələbəlik illərindən – 60-cı illərin sonlarından tanıyıram, indi də bir kafedrada işləyirik; belə demək mümkünsə, cavanlığımız və ahıllığımız bir yerdə keçir… Onun insanlığı, təvazökarlığı, həqiqətin, haqqın yanında olması, səmimiyyəti və obyektivliyi bir qələm və ürək dostu kimi həmişə məni qane edibdir. Hələ gənclik illərindən istedadlı bir qələm sahibi kimi tanımışam, uzun illər mətbuatda imzasını maraqla izlə-mişəm, haqqında yazmışam, fikir və münasibətimi bildirmişəm, istər şeirlərini, istərsə də elmi-publisistik məqalələrini, kitablarını məmnunluq hissi ilə oxumuşam… Aləmdə, yəni yaradıcılıq mühitində tanınan kəslərdən biridir. Şair kimi, xüsusən, uşaq dünyasına hakim olan şair kimi məşhurdur. Bir sözlə, müasir dövrümüzün maraqlı həyat və yara-dıcılıq yolu keçən tanınan ziyalı şəxsiyyətlərindən biridir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakül¬təsində təhsil alıb, bir müd¬dət Sumqayıt şəhərində müəllim işləyən şair AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuş, “Azərbaycan Sovet poemasının inkişaf problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1984). Ümumiyyətlə Azərbaycan poema janrının problemləri onun tədqiqatının başlıca stixiyasını təşkil edir. Təsadüfi deyildir ki, Rafiq Yusifoğlu 2006-ci ildə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzu¬sunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adını almışdır. Ümumiyyətlə onun ədəbi-ictimai fəaliyəti olduqca maraqlı və səmərəli olmuşdur və bu sayaq da davam etməkdədir. 1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur. Şairin uşaq ədəbiyyatı sahəsində xüsusi fəaliyyəti vardır. Hazırda Sumqayıt Dövlət Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorudur. O, gənc tənqidçilərin Moskvada keçirilən birinci (1982), ikinci (1985) və üçüncü (1988) Ümumittifaq seminar¬ları-nın, Qazaxıstanda keçirilən Beynəlxalq Uşaq ədəbiyyatı günləri-nin (1989) iştirakçısı olmuşdur. Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başla-mış, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış etməyə başlamışdır. Son illər bədii tərcümə ilə ciddi məşğul olur. Əsərləri bir sıra dillərə tərcümə edilib, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib, dəfələrlə nümayiş etdirilmişdir. Bütün ömrünü, həyatını ədəbiyyata, onun tədqiqi və təbliğinə həsr edən Rafiq Yusifoğlu çoxşaxəli yaradıcılıq yolu keçən istedadlı qələm sahiblərindəndir. Onun istər poeziya, istər uşaq ədəbiyyatı, istər bədii tərcümə, istər jurnalistika, istərsə də ədəbiyyatşünaslıq sahəsindəki uğurları göz qabağındadır. Rafiqin əllidən artıq şeir kitabı, elmi monoqrafiyası, dərslikləri vardır. İyirmi ilə yaxındır ki, respublikanın ali məktəblərində mühazirələr oxuyur və biz bu gün qarşımızda onun son ədəbiyyatşünaslıq-tədqiqat işi – “Ədəbi nəzəri fikrin inkişaf mərhələləri” (Bakı, Elm və təhsil, 2016, – 368 s.) kitabını əlimizdə dəstəvuz edərək Rafiq Yusifoğlunun həm bu tədqiqatından, həm də ümumiyyətlə ədəbi-nəzəri fikir dünyasından danışmaq, oxucularımıza elmi fəaliyyəti barəsində məlumat vermək istərdik…
Bəri başdan deyim ki, son vaxtlar belə samballı, yüksək nəzəri səviyyəli kitab oxumamışdım. Əsəri böyük zövqlə, azal-mayan bir maraqla mütailə etdim… Monoqrafiya mənim içimdə məmnunluq hissi oyatdı. Tədqiqatın monumentallığı və əhatəliliyi onu da göstərir ki, Rafiq bu işi qısa müddətdə deyil, uzun illər boyu ciddi araşdırmalar və axtarışlar sayəsində hasilə gətirmişdir. Tədqiqat boyu elmi-nəzəri materialın əhatəliliyi, konkret nəzəri problemlər üzrə qruplaşdırılıb araşdırılması məqbul və xoşagə-ləndir. Obyektiv və ayıq elmi münasibət, irəli sürülən mülahizələr, tezislər inandırır, dolğunluğu və aktuallığı ilə diqqəti çəkir. Göründüyü kimi, Rafiq Yusifoğlunun bu monaqrafiyası da, aktual problemə həsr edilibdir. Müəllif araşdırmalarını düzgün metedoloji əsasda qurduğundan, ədəbi-nəzəri fikrin inkişaf mərhələlərini dəqiq müəyyənləşdirdiyindən və hər mərhələni doğru qiymətləndirərək ətraflı izlədiyindən mövzu və problematika haqqında dolğun təsəvvür yarada bilmişdir. Beləliklə, biz o qənaətdəyik ki, prof. Rafiq Yusifoğlunun “Ədəbi nəzəri fikrin inkişaf mərhələləri” tədqiqat əsəri bu istiqamətdə boşluğu doldurmağa, ehtiyacı ödəməyə xidmət edir… Yeri gəlmişkən, onu da qeyd edim ki, prof. Rafiq Yusifoğlunun bu istiqamətdə 15-ə qədər dəyərli tədiqat işləri də məlumdur. Bu qədər faydalı əsərləri araya-ərsəyə gətirmək Rafiqin istedadından, tükənməz yaradıcılıq enerjisindən, zəhmətsevər-liyindən xəbər verən danılmaz faktlardır. O, bu zəhməti və istedadı müqabilində “Qızıl qələm”, “İlin ən yaxşı kitabı”, “Araz”, “Vətən” və s. ali ədəbi mükafatlarının laureatı kimi də mükafatlan¬dırılmışdır. Rafiq Yusifoğlu rəsmən elm aləminə 1979-cu ildə daxil olub və dediyim kimi, bu işə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasından başlayıb, görkəmli ədəbiyyatşünaslarla ünsiyyətdə olub. Ustadlarını, xeyirxahlarını unutmayan, qədirbilənliklə onları yad edən Rafiq yazır: “İndi dünyalarını dəyişmiş çox hörmətli ədəbiyyatşünaslarla – Mirzağa Quluzadə, Məmməd Cəfər, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Yəhya Seyidov, Qasım Qasımzadə, Əkbər Ağayev, Yaşar Qarayev, Şamil Salmanov, Arif Hacıyev, Kamran Məmmədov və başqaları ilə ünsiyyətdə olmağım ədəbiyyatşünaslıq elmi haqqında təsəvvürlərimi xeyli genişləndirdi. Aspiranturaya girməyimdə də, müdafiə edib elmi dərəcələr almağımda da, bu adamların bu və ya digər dərəcədə rolu olub. İndi onların hamısının ruhu qarşısında baş əyirəm.” Təsadüfi deyildir ki, bu adlarını çəkə bildiyi və çəkmədiyi müəllimləri, həmkarları, qələm dostları, tələbələri belə, onun şəxsiy¬yəti və yaradıcılığı barəsində qiymətli fikirlər və mülahizələr söyləmişlər… Fikrimizə sübut kimi, bir sıra tanınmış ədəbiyyatşü-naslarımızın, lap elə, adi oxucularının onun tədqiqatları barəsində yazdıqları, söylədikləri fikirlərindən bəzi nümunələri oxucuları-mızın nəzərinə çatdırmaq istərdik. Tələbəsi Çobanzadə Aynur: “Hörmətli Rafiq müəllim, əvvala Sizə öz adımdan dərin minnətdarlığımı bildirirəm ki, Rusiyada doğulub-böyümüş bir insana öz doğma ədəbiyyatımızı sevdirdiniz. Siz “Ədəbiyyatşünaslığın əsasları” kimi gözəl bir dərslik işləyib hazırlamısınız. Nəzəriyyənin bütün incəliklərini öz kitabınızda əks etdirmisiniz. İnanın ki, bu, biz tələbələr üçün çox dəyərli bir kitabdır. Yəni ömürlük Sizdən bizə, bizdən də gələcək nəsilə bir xoş xatirə kimi qalacaq.” Müəllif-müəllim üçün tələbə və oxucu məktubundan da qiymətli qeyri bir şey tanımıram… Elmi rəhbəri, filologiya elmlər doktoru, şair Qasım Qasımzadə: “..Poemalarda xarakter məsələsinə estetik yanaşmada müəllifin millilik kateqoriyasını ön plana çəkib problemi realizm baxımından qimətləndirməsi, eləcə də obrazların nə dərəcədə koloritli verildiyini aydınlaşdırması baxımından maraqlıdır və yenidir. …Onun olduqca zəhmətsevər və zəkalı olduğu qənatinə gəlmişəm.” Filologiya elmlər doktoru, prof. Əkbər Ağayev: “Deyim ki, Rafiq bişmiş və ərsəyə gəlmiş, elmi tədqiqatın nə demək olduğunu dərk etmiş hazırlıqlı kadrlardandır.” AMEA-nın müxbir üzvü, filologiya elmlər doktoru, professor Yaşar Qarayev: “Əzizim Rafiq! Monoqrafiyanı zövqlə, azalmayan bir maraqla oxudum. Xüsusən yaxın keçmişin böyük epik ənənəsinə verilən təhlil və qiymət metedoloji cəhətdən tarixi-elmi əhəmiyyət kəsb edir.” Tanınmış ədəbiyyatşünas, filologiya elmlər namizədi, dosent Yaqub İsmayılov: “Mən Rafiq Yusifoğlunu 30 ilə yaxındır ki, tanıyıram. Rafiq müəllim yüksək insani keyfiyyətlərə malik bir ziyalıdır, zəhmətkeş alimdir, istedadlı şairdir. Onun “Azərbaycan poeması: axtarışlar və perspektivlər” monoqrafiyası, ali məktəblər üçün yazdığı “Ədəbiyyatşünaslığın əsasları”, “Müasir ədəbi proses və ədəbi tənqid”, “Uşaq ədəbiyyatı” dərslikləri çox faydalı və praktik əhəmiyyəti olan əsərlərdir.” Filologiya elmlər doktoru, professor Cəlal Abdullayev: “Mən Rafiqin bir cəhətini daha çox sevirəm. O da nədir? Rafiq kimi özündən əvvəlkiləri ehtiramla yad edən, hər kəsin öz qiymə-tini verən ikinci bir adam tanımıram.” Bu misalların sayını çoxaltmaq olar – Təhsin Mütəllibov, Vaqif Arzumanlı, Nazif Qəhrəmanlı, Kamran Əliyev, Qurban Bayramov, Vəli Osmanlı, Şamil Vəliyev, Alxan Məmmədov, Vaqif Yusifli, Allahverdi Eminov və onlarla başqaları, ən müxtəlif nəsilləri əhatə edən tənqidçi və ədəbiyyatşünaslar Rafiq Yusifoğ-lunun elmi yaradıcılığını yüksək qiymətləndirmişlər… Mən bəndeyi-fəqir də, vaxtilə onun poema janrının sənətkarlıq xüsusiyyətlərinə həsr etdiyi elmi əsəri belə qiymətlən-dirmişəm: “Bu Rafiq müəllimin yeganə işi deyildir: o bu mövzuda fundamental doktorluq işi yazmış, bir neçə monoqrafiya, dərslik, çoxlu sayda məqalə, məlumat, tədqiqat tipli yazılar çap etdirmişdir. Bu kitab, xüsusən XX əsrdə Azərbaycan poemasının bir çox nəzəri və sənətkarlıq xüsusiyyətləri haqqında ətraflı təsəvvür yaradır”. Bunları niyə misal gətirdim? Əvvala bu fikirlər Rafiqin bir alim kimi şəxsiyyəti, elmi yaradıcılığı, tarixə baxışı, ədəbi fikir siferasında tutduğu yeri dürüst müəyyənləşdirməklə yanaşı, ona müasir ədəbi-elmi mühitin münasibətini bildirir. Bu fikirləri bir cəhət xüsusən birləşdirir – Rafiq Yusifoğlunun istedadını, daima axtarışa meyilliliyini, mühüm və çətin problemlərin həllinə səriştəli və cəsarətli münasibətini, sadəliyini, təvazökarlığını və s. alim-ziyalıya məxsus yaxşı nə varsa onu ehtiva edir… Sonra da, Rafiq Yusifoğlunun qarşımızdakı kitabının sonuncu, “Əlavə” adlandırdığı hissədə onun barəsində qələm dostlarının fikirlərini verməsi həm qədirşünaslıqdır, həm də maraqlı bir formadır ki, biz də həmin hissədən istifadə edərək öz münasibətimizi bildirdik… Ümumiyyətlə, müəllifin “Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri” monoqrafiyasının mündəracatı zəngindir və müəyyən elmi-nəzəri, tarixi-xronoloji sistemlə tərtib edilmişdir. Rafiqin bu kitabı-tədqiqatı da monumentallığı ilə seçilir. Ən qədim dövrdən bu günümüzə qədər ədəbi-nəzəri fikrin inkişafını mərhələlər üzrə izləmək, ümumiləşdirmək, qiymətləndirmək xüsusi hazırlıq və səriştə tələb eləyir. Burada böyük və keşməkeşli, müxtəlif sosial-tarixi mərhə-lələrdən keçən, böyük tarixi dövrün məhsulu olan, müxtəlif nəzəri istiqamətləri əhatə edən, fərqli ədəbi-nəzəri üslublarda yazılan əsərlər, elmi-nəzəri baxışlar tədqiqata cəlb edilir, dünya nəzəri fikir kontekstində Azərbaycan ədəbi-nəzəri fikrinin təkamül yolu canlandırılır… Tam aşkar görsənir ki, müəllif Şərq və Qərb ədəbi-nəzəri fikrinin başlıca, əsas istiqamətlərini dərindən öyrənmiş, izləmiş, mövcud nəzəri ədəbiyyatdan sərf-nəzər etməmişdir. Fikrimizcə, müəllif qədim və orta əsrlərdən üzü bəri Şərq-Qərb ədəbiyyat-şünaslığının, estetikasının, elmi-fəlsəfi təmayüllərin mühüm mənbələrinə istinadən, əslində, dünya ədəbi-nəzəri fikir tarixini yaradıbdır. Monoqrafiya “Ön söz əvəzi” ilə başlayır və “Nəzəri fikrin təşəkkülü”, “Orta əsrlərdə nəzəri fikir”, “XIX əsrdə ədəbi-nəzəri fikir”, “XX əsrdə ədəbi-nəzəri fikir”, “Sovet dövründə ədəbi-nəzəri fikir”, “Müstəqillik illərində ədəbi-nəzəri fikir”, “Müsir dünyada nəzəri-estetik fikir” ümumi başlıqları altında yarımfə-siilərdə öz əsas məzmununu tapır, “Son söz əvəzi”, “Ədəbiyyat siyahısı” və mündərəcata düşməyən, lakin olduqca vacib olan “Əlavə”dən ibarətdir. Məlumdur ki, ədəbi prosesin formalaşmasında mühit, sənətkar şəxsiyyəti, yaradıcılıq psixologiyası, varislik prinsipi mühüm əhəmiyyət kəsb edir. Görkəmli sənətkarların bədii söz və onun qanunauyğunluqları haqqında fikir və mülahizələri də böyük maraq doğurur və ümumən ədəbi-nəzəri fikrin formalaşmasında iştirak edir, ona stimul verir. Müəllif tədqiqatı boyu bu məsələləri nəzərdə saxlamış, müasir gənc filoloqlara dərslik səviyyəsində istiqamətverici bir əsər yazmış, ədəbi nəzəri fikir nədir, necə formalaşır, nə cürə inkişaf edir və hansı mərhələlərdən keçmişdir kimi problematik sualları cavablandırır. O da məlumdur ki, ədəbi-nəzəri fikir ümumilikdə bədii əsərin ideyası, məzmun və forması, onun struktru, sujet və komp-ozisiyası, obrazlar sistemi, rəngarəng sənətkarlıq komponentləri, bədii təsvir və ifadə vasitələri, dil, eləcə də həyatı nə şəkildə əks etdirmənin prinsipləri haqqında düşüncələr sistemidir. Rafiq Yusifoğlu səriştə göstərərək bütün bu sistemin elmi şərhini ortaya qoymuş, onun təkamülünü izləmiş və ümumiləşdirmişdir… Zəhmətkeş tədqiqatçı eramızdan əvvəl Şərqdə Zərdüştün (e.ə. VII-VI əsrlər), Buddanın (e.ə.VI əsr), Lao Tszının (e.ə. VI əsr), Konfutsinin (e.ə..VI əsr), Yan Çyunun (e.ə.440-360), Çjuan Tszinin (e.ə. 369-286) və başqalarının, Avropa dünyasında – Yunanıstan və Romada Falesin (e.ə.625-547), Anaksaqorun (e.ə.500-423), Heraklitin (e.ə.540-480), Pifaqorun (e.ə.580-500), Zenonun ( e.ə. VI əsr), Empedoklın (e.ə.485-425), Sokratın (e.ə. 469-399), Demokritin (e.ə.460-350), Platonun (e.ə.428-347), Diogen Sinoplunun (e.ə.404-323), Fukudidin (e.ə.460-400), Aristotelin (e.ə.384-322), Epukurun (e.ə.342-271), Siseronun (e.ə.106-43), Lukretsi Karın (e.ə. 99-55), Senekanın (4-65), Epiketin (50-138), Mark Avrelinin (121-180) və başqalarının fikirlərini bir daha, yenidən izləmiş, antik dövrün fikir adamları ilə müasir gənc oxucusunu, tələbələrini tanış etmiş və düzgün olaraq o qənaətə gəlmişdir ki, bu nəhəng insanların fikirləri həm insan-ların dünyanı dərkinə, yaşam tərzlərinə, həm də onların yaradıcı təxəyyüllərinin yeni istiqamətdə inkişafına təkan vermişdir… Xüsusən, Rafiq Yusifoğlu bu konsepsiyanı izləyərkən, həmişə Avropa ədəbiyyatşünaslarının daha çox üstünlük verdikləri “avrosentrizm”dən uzaqlaşmış, həqiqiəti ortaya qoyaraq ta qədimdən dünya ədəbi-nəzəri fikrinin formalaşmasında obyektiv ilkinliyi, başlanğıcı Şərqdən götürmüş; Avestaşünaslığa, Şumerşünaslığa, Qədim Çin təfəkkürünə, Buddizmə, prototürk dastançılıq ənənələrinə diqqəti cəlb etmiş, inandırıcı arqu-mentlərlə, zəngin misallarla, mənbələrə əsaslanaraq konsep¬siyasını ortaya qoymuşdur… Belə ki, monoqrafiyada Şərq poetikasının türk, ərəb, farsdilli ədəbiyyatın minillik ədəbi təcrübəsinə istinadən yaradılan mükəmməl bir nəzəri sistem izlənilir, bu sistemin yaradıcılarından olan Sibaveyh, İbn Quteybə, Qudamə ibn Cəfər, Əbdülqahir Curcani, Eynülqüzzat Həmədani, Şeyx İşraq, Əl-Fərabi, Nəsrəddin Tusi, Kami Qəzvini, bəlağət elminin banisi sayılan Cahiz və başqaları haqqında verilən məlumatlar, onların fikir və mülahizələrindən gətirilən sitatlar həm Şərq poetikasının görkəmli nümayəndələri, həm də bu poetikanın nəzəri-estetik prinsipləri, kateqoriyaları haqqında dolğun təsəvvür yaradır. Burada bir cəhəti də, qiymətləndirmək gərəkdir ki, Rafiq Yusifoğlu fikirlərini sübuta yetirməkdən ötrü Qərb və Şərq mənbəşünaslığı ilə yanaşı və bəlkə də, bir az da, üstünlüklə Azərbaycan mənbəşünaslığından istifadə etmiş və bununla da ədəbi-nəzəri fikrin təkamülündə Azərbaycan ədəbiyyatşü-naslığının nəticələrini önə çəkərək qiymətləndirmişdir… Rafiq Yusifoğlunun bu əsərinin ən maraqlı konseptual xətlərindən biri də, ədəbi-nəzəri fikrin formalaşmasında təkcə nəzəri fikir adamlarının deyil, klassik, görkəmli sənətkarların rolunu əhəmiyyətli bir dərəcədə izləməsidir. Bu hissədə Xətib Təbrizinin, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin poetik və bədii əsərlərinə, divanlarına yazdıqları dibaçələrə əsaslanaraq onların ədəbi-nəzəri görüşlərinin məğzi konseptual şəkildə açıqlanır, İntibah (resenans) dövrünün, Sufizm – təsəvvüf və hurifizmin bu yöndən mahiyyəti açıqlanır, orta əsrlər nəzəri fikrinin mühüm abidələrindən olan Bualonun “Poeziya sənəti” əsəri qiymətləndirilir. Rafiq Yusifoğlu xronoloji ardıcıllıqla XIX və XX əsrlərdə təkamül edərək formalaşan dünya ədəbi-nəzəri fikrinin nəhəng-lərindən olan V.Q.Belinskinin, Jül Renarın, M.F.Axundzadənin, sonrakı əsrdə A.Səhhətin, M.Ə.Sabirin, Y.V.Çəmənzəminlinin ədəbi-nəzəri görüşlərinin səciyyəvi cəhətlərindən söhbət açır. Monoqrafiynın ən maraqlı hissələrindən biri də, “Sovet dövründə ədəbi-nəzəri fikir” başlığı altında verilən oçerklərdir. Bura qədər olan fikir və mülahizələrdə ədəbi-nəzəri fikrin inkişafı dünya miqyasında klassik tarixi müstəvidə izlənilirdisə, bu fəsildə lokal bir tarixi-siyasi mərhələ – sovet dövründəki ədəbi-nəzəri fikirin Azərbaycan ədəbi mühitindəki mahiyyəti şərh edilir. Mühüm məsələ odur ki, bu mərhələ ilk dəfədir ki, belə bir proble-matika istiqamətində öyrənilir. Müəllif bu mərhələni izləmək üçün Azərbaycan ədəbiy-yatşünaslığının elmi istiqamətlər üzrə əldə etdiyi nəticələrə ümumi baxış edir, sovet dövrü ədəbiyyatşünaslıq elmimizin ümumi mənzərəsini canlandırır, əldə edilən nailiyyətləri ədəbi faktlar əsasında xatırladır və bunların ədəbi-nəzəri fikrin mühüm qaynaqları sayır. Və sonrakı yarım fəsillərdə bu nailiyyətlərdən bacarıqla istifadə edə bilir. Rafiq Yusifoğlu burada Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” kitabını təhlilə cəlb eləyir və olduqca əhatəli şəkildə görkəmli maarifpərvər ziyalımız, ədəbiyyat tarixçimiz Firidun bəy Köçərlinin bu sahədəki xidmətlərini faktların dili ilə şərh eləyir, nəzəri fikir tariximizdə ilk dəfə bu nəhəng şəxsiyyətin ədəbiyyatımızın elmi təsnifatını verməsini müəyyənləşdirərək yazır: “Həm ədəbiyyat, həm mənəviyyat, həm də ədəbi-nəzəri fikir tariximizin formalaşmasında F.Köçərlinin müstəsna xidmətləri olmuşdur. İlk dəfə olaraq o, xalqın diqqətini öz mənəviyyat, ədəbiyyat tarixinin üstünə yönəltmiş, millətin özünü özünə tanıtmaq cəhdi göstərmişdir. …Bu əsərlə F.Köçərli ilk sistemli ədəbiyyat tariximizi yaratmış, ədəbiyyatşünaslıq elmi-mizin bünövrəsini qoymuş, onun nəzəri-estetik prinsiplərini forma-laşdırmış, humanitar elmin inkişaf perspektivlərini müəy-yənləşdirmişdir.” R. Yusifoğlu bu yarımfəsildən sonra “Azərbaycan sovet yazıçılarının ədəbiyyat və sənət haqqında fikir və mülahizələri” yarımfəslini təqdim etmişdir. Burada, tədqiqatçı düzgün olaraq, belə bir mülahizə irəli sürür ki, “ədəbi-nəzəri fikrin forma-laşmasında görkəmli ədəbiyyatşünas alimlərlə yanaşı şair və yazıçıların xidmətləri az olmamışdır” və bu mülahizə prizmasından ümumiləşmiş elmi baxışla yanaşı, H.Cavidin, M.Müşfiqin, xüsusən C.Cabbarlının nəzəri görüşlərinə bir yerdə diqqət yetirir, sonra isə ayrı-ayrılıqda Səməd Vurğunun, Süleyman Rəhimovun, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Rəsul Rzanın, Mir Cəlalın ədəbi-nəzəri görüşlərini təhlil süzgəcindən keçirir, sovet dövründə yaranan nəzəriyyə dərsliklərinin elmi mahiy¬yətindən, dəyərlərindən, perspektivlərindən söhbət açır. Rafiq Yusifoğlunun bu tədqiqatının ən maraqlı, daha çox orjinal təsir bağışlayan “Müasir dünyada nəzəri-estetik fikir” fəslidir. Burada zəhmətkeş və daima axtarışlarda olan tədqiqatçı “Modernizm və onun nəzəri-estetik prinsipləri”, “Semiotika nəzəriyyəsi”, “Postmodernizm və onun nəzəri-estetik prinsipləri” müasir, konseptiual, olduqca aktual, müasir nəzəri fikrin maraq dairəsində intensiv şəkildə olan problemləri izah və şərh etmiş, özünün münasibətini bildirmişdir. Monoqrafiyanın elmi aparaturasının zənginliyi və mövcud mənbələrə müstəqil yanaşma üsulu bunu tam şəkildə sübuta yetirir. Mövzunun əhatə miqyası tarixin dərinliklərindən bu günümüzə gəlir və bunları əhatə etmək elə də asan məsələ deyildir. Bu dövrün ədəbi-nəzəri fikir materialı müəllifin elmi labaratoriyasında təhlil-təşrih əməliyyatından keçərək dürüst qiymətini tapmışdır… Ümumilikdə, kitabın-monoqrafiyanın elmi planı, struktru və elmi-nəzəri materialın əhatəsi qənaətbəxşdir. Elmi araşdırma aydın, məntiqli və məqsədlidir. Monoqrafiyada ədəbi-nəzəri fikrin inkişaf mərhələləri ayrı-ayrı fikir adamlarının nəzəri fikir müstə-visində ən maraqlı detallarına qədər bütün sənətkarlıq kompo-nentləri diqqət mərkəzinə çəkilmişdir. Klassik üslubda yazılmış, müasir və qabaqcıl ədəbiyyatşünaslıq ənənələrimizi davam və inkişaf etdirən bu əsər öz əhatəliliyi, monumentallığı, informasiya zənginliyi, elmi səviyyəsi ilə diqqəti cəlb edir. Professor Rafiq Yusifoğlu ədəbiyyatımızda öz sözü, öz imici olan nüfuzlu qələm sahiblərimizdəndir. Onun “Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri” kitabı müasir elmi-nəzəri fikrin bütün tələblərinə və parametrlərinə cavab verməklə yanaşı, ümumiyyətlə dünya ədəbi fikrinin təkamülü barəsində dürüst, obyektiv, aydın təsəvvür yaradan monumental tədqiqatdır… Əsəri oxuduqca aşkar şəkildə görünür ki, müəllif ədəbi-nəzəri fikir tarixini mükəmməl şəkildə mənimsəmiş, həmçinin, hər dövrə məxsus fikir axınını, cərəyanları, bunların tarixi mənzərəsini yaxşı bilir. Elə buna görə də, müəllifin elmi-nəzəri arqumentləri, izah və şərhləri inandırıcıdır və hər bir müddəanın arxasında fakt dayanır, material dayanır, müəlliflərin fikirlərindən gətirilən misal-lar dayanır… Əsəri oxuyarkən dünya ədəbi-nəzəri fikrinin inkişaf yolu, onun təkamülü, əldə olunan, sivlizasiya xidmət edən nəticələri barəsində tam təsəvvür yaranır və elə buna görə də, Rafiq Yusifoğlunun bu yeni tədqiqatını müasir ədəbiyyatşünaslığımızın nəaliyyətləri səviyyəsində qəbul etmək olar. Çünki Rafiq bu əsərini də, müasir milli metodologiya və mütərəqqi dünya ədəbiyyatşünaslığının zəngin təcrübəsi və nəzəri prinsipləri əsasında araşdırdığından dəyərli və orjinal, bu günümüzə – filoloji nəzəri fikrimizə, tədrisimizə, təhsilimizə lazımlı, boşluğu dolduran bir monoqrafiya yarada bilmışdır… Filologiya elmlər doktoru, professor, şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, pedaqoq Rafiq Yusifoğlu olduqca məhsuldar ziyalılarımızdandır. Hələ beş il bundan əvvəl nəşr edilmiş biblioqrafik göstəricidə onun yaradıcılığı barəsində 3592 addan ibarət məlumat getmişdi. Bu adi fakt deyildir, mühüm göstəricidir, qürur və fərəhverici göstəricidir və bu faktlar sübut edir ki, Rafiq Yusifoğlu bu günümüzün ən nüfuzlu qələm sahiblərindən biridir. Bir qələm dostu və həmkarı kimi ona, bu yolda yeni-yeni uğurlar arzulayırıq…
Tərlan Novruzov filologiya üzrə elmlər doktoru, professor. 09. 03. 2016 Ədalət, 31 mart 2016, 1 aprel 2016, s.4. Sözün sehri, 01 – 30 aprel 2016, s.6 -7. Gənc müəllim, aprel 2016, s.5 -6.
Mənbə: Rafiq YUSİFOĞLU, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
DAMM-də “QANLI YANVAR” ANILDI.. Hələ 1987- ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Daglıq Qarabağ problemi respublikamızın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işgalına ,Ermənistanda və Dağlıq Qarabağda.yaşayan yüzminlərlə azərbaycanlıların öz doğma yurd- yuvasından qovulmasına yönəldilmişdi. Keçmiş SSRİ- nin iki respublikası arasında yaranan bu münaqişə hələ XIX-XX yüzilliklərdə ermənilərin planauyğun, məqsədli şəkildə Azərbaycan torpaqlarında məskunlaşdırılmasına ,eyni zamanda xalqımıza qarşı etnik təmizləmə və mərhələli şəkildə soyqırımların keçirilməsinə yönəldilmişdi….. Söhbətimizin davamı hüzn gününə həsr olunmuş Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin ofisində təşkil olunmuş növbəti yıgıncağında tanınmış,dünya şöhrətli yazıçımız Çingiz Abdullayevin şahidliyi ilə baş vermiş hadisələri kədərli hisslərlə yad etməsi ilə oldu…. Tədbir şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbirə “Əbədi Birlik”Gənclər İB- nin üzvləri də qatılmışdı… .Çingiz müəllim 90-cı illərdəki hadisələri, həm də 30 illik Qarabağ müharibəsindən faktlarla, o dövrdə çəkdirdikləri foto- şəkillərlə izahlı şəkildə şərh edirdi.Məhz həmin dövrdə hadisələri yaymaq qadağan olmasına baxmayaraq qısa müddətdə yazdıqları “Qanlı Yanvar”kitabını n Moskvaya aparıb necə nümayiş edib payladıqlarından danışdıqca, həmin günlərdəki həyəcanı yaşayırdı….
Çingiz Abdullayev. DAMM- nin prezidenti olaraq, eyni zamanda bu təşkilatın idarə heyəti ilə,tanınmış ziyalılarla, yazıçı və .sairlərlə, gənclərlə onları maraqlandıran hadisələrin təfsilatı ilə bir daha tanış etdi.Və özü bu hadisələrin dərinliklərinə, incə məqamlara toxunaraq o dövrdə baş verən hər detalı danışdıqca özü ilə gətirdiyi ” Qara Yanvar”kitabındakı şəkillərə istinad edirdi.On4u dinlədikcə həmin günlərə- açı yanvara döndüm…. Qanlı küçələr minlərlə qırmızı qərənfillərə qərq olmuşdu.O gün İqtisad İnstitunda təhsil alan oglum semestr imtahanlarını vermək üçün Bakıdaydı.Səhər çox gərgin halda oglumun gəlmədiyini görüb evdən yola qaçdım ki , hər hansı bir maşınla Bakıya çatım! Zavodun yanına çatanda gördüm ki ayaqyalınam!Yolda Bakıdan bizə gələn xalamın oglunu gördüm. O mənə oglumun gəlib gəlmədiyini soruşanda yox dedim.Çaşqın halda məni evə qaytardı və oglumun ona verdiyi paltarları gətirdiyini bildirdi..Huşumu itirdiyimdən gözümü açanda başımın üstündə təcili yardımın tibb bacısını və həkimi gördüm , oglumu soruşdum , hələ də gəlməmişdi…Mənə səbrli olmağı dönə dönə tapşırırdılar.Nəhayət, o gəlib çıxdı.Özümdən ixtiyarsız zaçot kitabçasını istədim , verdi Onu əlimə alıb ikiyə bölmək istədim ki,daha belə hala düşməyim.Həqiqətən , ağlagəlməz dəhşətlər yaşadıq!!!Dəli olma həddinə çatdıq.Amma dözdük!!! Acılı xatirələr, yanvar qətliamı,Xocalı soyqırımı….Tükürpədici anları təkrar yaşadıq..Ta ki, Aprel döyüşləri,44 günlük müharibə,19-20 sentyabrda Azərbaycan Ordusunun Qarabagda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri. nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə 20 yanvar şəhidlərinin də ruhları rahatlıq tapdı… Düşündükcə adam dəhşətə gəlir.Millətimiz nə qədər vəhşiliklərə məruz qalsa da sınmamışdı… Ali Baş Komandanımızın məqsədyönlü, düşünülmüş, uzaqgörən siyasəti nəticəsində iki yüz ildən çox işğallara məruz qalmış torpaqlarımız azad edildi.Çoxminli şəhidlərimizin,qazi və müharibə iştirakçılarımızın—Şanlı Müzəffər Ordumuzun qəhrəman,cəsur , qorxmaz,əsil vətənpərvər ogullarımızın canları bahasına dogma torpaqlarımız vəhşi erməni vandallarından təmizləndi… Artıq işgaldan azad edilmiş ərazilərimizdə sürətli tikinti abadlıq işləri aparılır.Yurd- yuvalarından köçkün,qaçqın və didərgin düşmüş əhali öz dogma yerlərinə-abad şəhər və kəndlərinə dönür,yeni həyata qədəm qoyurlar.. Bəli,xalqımız qorbaçovların və digər bizə qarşı mənfur siyasətlərini yeridənlərim zül mlərindən azad oldular.Lakin,düşmən dediklərimiz hələ də qələbəmizi ,zəfərimizi uda bilmir! Maraqlı keçən yıgıncaqda DAMM- nin l vitse prezidenti Ruhiyyə Poladova,bu sətirlərin müəllifi, “Carçı”jurnalının təsisçisi və redaktoru Gülnarə Əmirquliyeva ” Cabir Novruz”Mədəniyyət Mərkəzinin əməkdaşı,bədii qiraət ustası, “Gün az “az saytının redaktoru Rəsmiyyə Heybətağaqızı,”Yazarlar” jurnalının təsisçisi və baş redaktoru,şair,yazıçı publisist,Prezident təqaüdçüsü Zaur Ustac həkim- şair Zakir Agdamlı,xalq artisti Rasim Balayevin bacısı Təranə xanım,”Əbədi Birlik”Gənclər İB – nin sədri Şahin Əliyev,DAMM- nin Qəbələ təmsilçisi Təranə Alməmmədova və başqaları çıxış edərək ürək sözlərini söylədilər.Tədbir iştirakçıları. “Şəhidlər Xiyabanı” nı tər qərənfillərlə ziyarət etdilər..Sonda xatirə şəkilləri çəkildi.
Nəzakət Eminqızı,
DAMM- nin E.Ş nın sədri,”Yazarlar” jurnalının əməkdaşı,AJB- nin üzvü,yazıçı-publisist.
Özbəkistan şairi Xasiyyət Rüstəmin kitabları təqdim olunacaq
24.01.2024-cü il (saat 12:00) tarixində Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat törəni təşkil olunacaq. AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğu ilə baş tutacaq tədbirə yazarlar, ictimaiyyət nümayəndələri, oxucular dəvətlidir.
Ünvan: Azərbaycan Yazıçılar Birliyi, (Bakı, Xaqani 25)