Aytac İbrahimin yeni şeirləri

Nakam ömür…

Gedir bu nakam ömür,
Gedir çantasın yığıb
Bilir, bu bədbəxt ömür,
Bilir, qəlbim sıxılıb.

Ruhum ərşə çəkilir,
Göyə pənah gətirir.
Allah üzümə gülür,
Eşqdən cana pay çəkir.

Eh bu sovqat, ah bu eşq,
Didir əti nə didir.
Kədəri soraq salıb,
Dəlir bağrımı dəlir.

Davam edir paradoks,
Dillənir repressiya.
O ziddiyət, bu tale,
Ağrıdır ironiya…

Deyim ki, sən biləsən,
O “sən”də, bir “mən” tapıram.
Ümid dolu gözlərimlə,
Sorağlayıb sayıram…
Bir…iki…üç….
Adam da belə darıxarmı,
Öz-özündən karıxarmı,
Belə yazı ilə barışarmı?
Qələm…vərəq…gecə…
Yaz, a ruhum, yaz!
Qaç, a gecə, qaç!
Səhər açılır, nə açılır,
Özgə ruhlara nur saçılır,
Mənim bəxtimdən nəsə qaçır,
Tut, ay Allah, tut,
Sus, ay adam, sus!
Ağrılıyam, dəymə, eh!
Dindirmə gəl, etmə hey!
Bir kədər də, odur ey,
Qapımda dəm baxıram;
Gəl, ay kədər, gəl,
Dəy, bu xətrimə, dəy!

Çağır məni, ay Allah
Gəlim sənin yanına.
Qoy doyunca gülüm hey,
Girim xoşbəxt donuna.

Hərdən də yerə enim,
Dost-tanışı tez görüm,
Nə var, nə yox bir bilim,
Çıxım ömrün sonuna .

Gördüm ki, yox deyillər,
Haqqı nahaq deyirlər
Dizlərinə doyürlər,
Gedim mən də yoluma.

Düzəlmir ki, bu hesab
Əməllər yenə fəsad,
İmkan vermir ki təzad
Ölüm, ölçün boyuma.


Yoxdur səndən bir xəbər,
Hardasan, ay bəxtəvər.
Daş, divar da mat qalıb,
Ruhum olub dərbədər.

Gözləyirəm, gəlmirsən,
Həsrətimi bilmirsən,
Bəlkə məni sevmirsən,
Çəkirəm hey dərdisər.

Göynəyir qəlbin başı,
Dayanmır gözün yaşı,
Görmürsən də, ay naşı,
Olmuşam lap sərbəsər.

Bilmirəm, ha tərəfdən,
Sənə sarı üz tutum.
Buralar dərd içrədir,
İçirəm qurtum-qurtum…

Dinmirəm, qəlb sökürlər,
Adamlar kin bölürlər,
Bala zəhər tökürlər,
Uduram, udum-udum…

Bilmirəm heç, ölümmü?
Cismimi tərk edimmi?
Göy üzündə gülümmü?
Gedirəm yurdum, yurdum.


Bu gecə nisgillidir,
Qəlbim naxoş, sirlidir,
Görməyəli min ildir,
Gəlməz yarım heç gəlməz.

Necə sorum, nə deyim
O desin ki, mən bilim,
Tutulub agzım, dilim,
Gəlməz yarım, heç gəlməz.

Yaman dumandır dağlar,
Üstündə güllər ağlar,
Çənində həsrət saxlar,
Gəlməz yarım heç gəlməz.

Ağaclar boynun bükür,
Budaqlar qopub düşür,
Quşlar da qorxub hürkür,
Gəlməz yarım heç gəlməz.

Mənim üçün çox gecdir,
Ömrüm elə bir heçdir,
Ölməyimçün vaxt tezdir,
Gəlməz yarım heç gəlməz…

Məgər sənin etibarın da yox imiş,
Sənə bu sevgim əbəs imiş, boş imiş,
Könlüm məhbəsdə çırpınan bir quş imiş,
Axı belə sevməyə nə var ki, adam…

Mən ki, elə bilirdim baldır məhəbbət,
Dərdə də, dəvaya da yardır məhəbbət,
Sən demə, sənin üçün xardır məhəbbət,
Axı belə sevməyə nə var ki, adam.

Uşaqdım, bilmirdim həyat necə imiş,
Ruhuma zülm verən qara gecə imiş,
Öyündüyüm bu eşq saxta becə imiş,
Axı belə sevməyə nə var ki, adam…

Ruhum pərvazlanardı səni görəndə,
Ağlardım saçındakı dəni görəndə,
Yad təki gorürsənmiş məni görəndə,
Axı belə sevməyə nə var ki, adam..

Gör neçə dəfə qəlbim qırıldı getdi,
Sənə gəldiyim o yol buruldu getdi,
Son zərbən ağrılıymış vuruldu getdi,
Axı belə sevməyə nə var ki, adam.

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI

Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir