Təvəkkül Goruslu – Dağların

DAĞLARIN

Dağların üzünü örtübdü duman,
Daşlarda iz olub zirvədən daman,
Yerimir, buz olub, donubdu zaman,
Uzada ömrünü qoca dağların.

Ətəyi tufanlı dərya timsalı,
Buluddu, dumandı indi simsarı,
Dərəsi ümmanı, sahil civarı,
Bir ada zirvəsi uca dağların.

Gün çıxsa açılar bəti-bənizi,
Çəkilər, yox olar tufan dənizi,
Yetincə, olunca bahar kənizi,
Qarı da bənzəyər taca dağların.

Xoş gəldi Kəlbəcər, Laçın dağıyla,
Həm Şuşa, Xankəndi solu, sağıyla,
Goruslu çox istər ruhun bağıyla,
Arada köksünü quca dağların.

24. 01. 2024.

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac və kitab

ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ZAUR USTAC ZƏFƏR YOLUNDA

…Əsgər haqqında ballada…
Nədir yenə, ümman kimi,
çalxalanıb, coşdun, ürək?
İçindəki bu təlatüm,
bu oyanış de nə demək?
Həsrətdənmi, nisgildənmi,
Ürək, yenə çağlayırsan?
Anasına həsrət qalmış,
Körpə kimi, ağlayırsan…
İçindədir; ümid adlı,
qığılcımın od-alvu,
tərslik etmə, dəli könül,

intizara alış, yovu!!!
Həqiqətlər qarşısında,
Biz gücsüzük, biz heç nəyik,
Dinlə məni deyim, ürək,
Biz nəçiyik; şan-şöhrətli,


– “hüququndan keçmiş əsgər”,
həmdəminə həsrət canıq,
bəzən canlı, bəzən cansız,
biz “robotuq”, biz “əşyayıq”…
Bu torpaqdan yoğrulmuşuq,
Bu torpaqdan doğulmuşuq,
Yardan əfsəl, anamızın
Qulluğuna buyrulmuşuq!!!
15.04.1995. Marağa.

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,

“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…
* * *

Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.

“DÜNYA BİR PƏNCƏRƏDİR…”
(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş…
De, heç vaxtın oldumu, pəncərədən baxmağa,
Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…
Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,
O da, Sən də yox idi, işin-gücün çox idi…
Çoxunun gözü ackən, Sənin gözün tox idi…
* * *
Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???
Yeddi ürək lazımdı, baxışına baxmağa,
Qəlb adlı əzamızı, qan vurmağı saymasaq…
Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa,
O ürək Səndə idi, baxışların ox idi…
Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi…
* * *
“Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş….
Yaradan yaratmışdı, Səni oyaq qalmağa,
Ayaqüstü, sırada, göz qırpmağı saymasaq…
Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,
Düşüncə, dərin ümman, zehin, iti ox idi…
Çoxunda beş-beş olan, Səndə biri yox idi….
* * *
Damarda coşdu qanın, ürək dözmədi, qardaş…
Dizindəki təpərin bəs eylədi qalxmağa,
Dostlarının toyunda oynamağı saymasaq,
Toy-düyün də görmədin, oturmağa-qalxmağa,
Ərgənlənmiş ər idin, bəy otağın yox idi…
Çoxu sayın bilmirdi, Sənin biri yox idi…
* * *
İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…
Sənin etdiklərini ehtiyac yox saymağa,
Arada qəmli-qəmli bu baxmağı samasaq,
Eyibin də yox idi, barmaq ilə saymağa,
Yan-yörədə bildiyin, nacis, naqis çox idi…
Bilən bilir qardaşım, Sənin mislin yox idi….
21.01.2018. Bakı.

ŞƏHİD HAQQI
(Mübarizlərin ruhu qarşısında borcluyuq…)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…
* * *
Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…
* * *
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019 – 19.06.2020. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

CAN AY ANA…
(Milli Qəhrəman Polad Həşimovun anasına)
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular,
Bu baxışda min vaizin xütbəsi…
Al don geymiş qürub da var, dan da var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox…
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
“Ana” – deyə, şirin-şirin gülən yox…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…
12.01.2021. Bakı.

DAĞLAR
(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!
* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!
* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!
* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!
* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!
* * *

Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!
* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

O GÜN
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *

Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin kitabları təqdim olundu.

Özbəkistan şairi Xasiyyət Rüstəmin kitabları təqdim olundu

24.01.2024-cü il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində AYB-nin “Natəvan” zalında Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat mərasimi baş tutub. AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğunda Azərbaycan – Özbəkistan arasındakı mövcud və genişlənməkdə olan mədəni əlaqələr üzrə maraqlı diskusiya şəraitində keçən tədbirdə həm özbəkistanlı, həm də azərbaycanlı yazarlar Xasiyyət Rüstəmin yaradıcılığı ilə barabər ümumi faydalı əməkdaşlıq kontekstində də yaddaqalan təkliflərlə çıxış ediblər. Hər iki tərəfdən alimlərin, yazarların, ictimaiyyət nümayəndələrinin, oxucuların iştitak etdiyi tədbirdə yazarlar adından xanım Xasiyyət Rüstəmə “Ziyadar” mükafatı, cənab Səlim Babullaoğluna isə “Kitab dünyası” qəzetinin Diplomu təqdim olunub. Bundan əlavə Azərbaycan – Özbəkistan mədəni əlaqələrin inkişafına göstərdiyi misilsiz xidmətlərinə görə azərbaycanlı tanınmış türkoloq alim Ramiz Əsgərə xüsusi hədiyyə verilib.

İki qardaş ölkənin yazarları bu tədbiri keçirməklə gözəl bir nümunə göstəriblər. Tədbirdən fotolar:

“Yazarlar” jurnalı

XASİYYƏT RÜSTƏMİN YAZILARI

( XASİYYƏT RÜSTƏMOVA – XOSİYAT RUSTAMOVA )


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Xeyir-dua.

Xeyir-dua

Qapının ağzında dayanıb bahar,
Gəlib də gətirər torpağı cana.
Qoy ona qoşulub gələn bar-bəhər
Şəfəqlər çiləsin Azərbaycana.

Xeyir-dua versin qalxıb yerindən,
Dodaqlar arzular çəməni kimi.
Xoş günlər görəsiz biri-birindən
Duanız cücərsin səməni kimi.

Bayram tonqalında yansın, ərisin,
Dünyanın büsbütün pisliyi, şəri.
Ata ürəyindən qəhər çəkilsin,
Dolsun fərəhindən ana gözləri.

Eviniz şənlənsin uşaq səsində,
Körpə gülüşündən diksinin ancaq.
Yaşayıb taleyin zümzüməsində,
Bol ruzi görəsiz siz qucaq-qucaq.

Qapının ağzında dayanıb bahar,
Gəlib də gətirər torpağı cana.
Qoy ona qoşulub gələn bar-bəhər
Şəfəqlər çiləsin Azərbaycana.

20 mart 2020-ci il. İlisu

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xoşbəxt bala ol, Yağmurum!

Xoşbəxt bala ol, Yağmurum!

Güclü ol, qızım, yenilmə,
Çətinlikdən heç deyinmə,
Qəm libasını geyinmə,
Xoşbəxt bala ol, Yağmurum.

Başına dönüm mən sənin,
Qadanı alım qız sənin,
Toyunu görək biz sənin,
Xoşbəxt bala ol, Yağmurum.

Sənin gözəl sabahın var,
Yüksəklərdə məramın var,
İgid təki bir dayın var,
Xoşbəxt bala ol, Yağmurum.

Dövr pisdir, biz ki insanıq,
Dərdlər içrə hep yananıq,
Pisləri yaxşı sananıq,
Xoşbəxt bala ol, Yağmurum.

Bu gün sənin ad günündür,
Sevimli, şad günündür,
Vətəndəki yurd günündür,
Xoşbəxt bala ol, Yağmurum.

Gəldin artıq yeni yaşa,
Qıvraq yolda aşa-aşa…
Diləyirəm;”sən çox yaşa”,
Xoşbəxt bala ol, Yağmurum.

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Nişan günü

Nişan günü

Bu bizim dost-doğma kəndimiz Xalxal kəndi idi. Bu xanım isə Salatın nənə idi. Kənddə doğulan uşaqların yüzündən yüzünün də nənəsi Salatın nənə idi. Uşaqlar da sanki bir-birini gözləyərək doğulurdu ki, Salatın nənə öz əlləri ilə onları bu bizim gözəl dünyada al-qumaşın içinə qoyub bələsin. Analar öz övladlarını öz evindəcə dünyaya gətirirdi. Mən ailənin beşinci övladı idim, məndən sonra doğulan qardaş-bacım da evimizdə dünyaya gəlmişdi, Salatın nənənin yumşaq əlləri ilə bələnmişdi. Deyim ki, uşaq ölümü-zad da yox idi, heç gözləmirdilər də. Hər şey gözəl idi, adət-ənənələr, hörmət-izzət və s.
Hərdən Salatın nənə kimi yaşlı adamlar, İman baba (120 yaşı vardı), Səmənnaz nənə, Nazı nənə kimi nənələr, babalar olan keçmişdən danışardılar, qulaqların çəkər,”kiş-kiş” edərdilər. Getsin o günlər, qayıtmasın, qulaqlara qurğusun, iraq-iraq, biz gördük, sizə qismət olmasın-deyərdilər. Bizə çox da uzaq olmayan keçmişin ağrı-acısından danışar, gözlər olsun görməsin deyib, söhbəti bitirərdilər. Hə, Salatın nənədən danışırdım axı… Sonralar dedilər “mamaça”. Əvvəllər sənin nənən, yəni dünyaya gələndə, doğulanda tələsib işıqlı dünyaya atılmaq istəyəndə, tutub üsulluca yerə qoyan xanımlara nənə deyirdilər. Məsələn, Sənin nənən kimdir : Salatın nənə! Bəs Sənin?-Salatın nənə! Mahirə demə ki… Hə, Salatın nənə. Doğrudan- doğruya o hamının nənəsi, doğması, əzizi idi… Az danışardı, çox düşünərdi, içindəki mərhəmət, gözəllik üzünə vurmuşdu, nurani bir ağbirçək idi. Anam qərib qız olduğundan, anamı çox sevərdi. Əslində mən bu kənddə doğulmuşdum, məndən əvvəl doğulanlar isə Sustda dünyaya gəlmişdilər.
Şirin söhbətlər daha çox soyuq qış gecələrində olardı. Kömürün istisi bir ayrı idi. Həm də qış gecələri uzandıqca uzanır axı… Nağıl kimi söhbətlər qorxulu da ola bilərdi, gülməli də. Qoruxulu olanlardan (nağıl yox, olanlardan) danışanda , durub pəncərədən baxar, bayırda qalaqlanmış qarın ay işığında par-par parıldadığını görər, nədənsə düşünərdim ki, Allaha səs indi daha tez çatar! Səhərüzü, ay işığı, sinəyə qədər yağmış ağappaq qar, hamı yuxuda! Hələ sən gəl, qara qar yağanda bax… Günə necə başlayacaqdım?! Salatın nənənin sinəsindəki ürək nə böyüklükdədir ki?! Niyə indiyə qədər bu sözləri eşitməmişəm?
Özünəməxsus təmkinlə danışırdı Salatın nənə. Ağzını da hətta təəccüblü ifadələrdə geniş açmaz, güləndə səssizcə gülər, gözlərindən yaş damlaları mirvari kimi sapa düzülərdi sanki, üzüaşağı çənəsinə doğru axar yaylığını isladardı.
Nazlı qızım, atam danışırdı ki, (bu təxminən1830-31-ci illər imiş) Bu kökü kəsilmişlər Türkiyənin Van şəhərindən bura köçürülmüşdülər. Bu həyətdə Əbrəhim(İbrahim yəni, nə vaxt adları özlərininki olub ki?!) adlı bir erməni yaşayırdı. Var idi, 5-6 ailə var idi. Bizimlə münasibətləri də pis deyildi. Bəlkə, biz çox idik, onlar az?! Ondan da olardı, bəlkə də… Amma içlərini bilmək olmazdı bunların. Üzümüzdən iraq, möhkəm içərdilər. Çox sıx idilər öz aralarında. Hərdən söz atardılar burda bizim dədə-baba qəbirlərimiz var -deyərdilər. Fikirləşməzdik ki, bunlar nəyisə bizə anladırlar. Bax kəndin qurtaracağında, Tülyanın başında, Qaradağa tərəf təpənin üstündə erməni qəbristanlığı da var. Salatın nənə danışdıqca yadıma düşürdü ki, qızlarla kəklikotu, qazayağı (qəzəyağı), şomun yığmağa o tərəflərə gedərdik. Uzaqdan görünərdi o təpə. Kənd uşaqları deyərdi ki, ermənilər gəlib qəbristanlığa bir yeyib-içməkdi ki, gəl görəsən! Adətə bax da, qəbirlərin arasında yeyib -içmək… Hə, Salatın nənə davam edirdi söhbətinə:
Onda mən uşaq idim. Qonşuda gözəl bir qızın nişan mərasimi idi. Bir gün qabaq ordan- burdan eşitdik ki, dünya qarışıb ermənilər deyir ki, Naxçıvan bizimdir. (Neçə gün idi ki, Siranuş da görünmürdü. Niyə? Bilmirəm…) Biz bunu ya başa düşmür, ya da inanmırdıq. Nə isə hərə öz işində idi. Bütün kənd yığışmışdı, demək, gülmək nələr… nələr… Hamı sevinc içində idi. Artıq məclis bitmişdi, axşama yaxın kəndə bir loy düşdü, atların səsi qulaq batırırdı. Kişilər qadınları -uşaqları evlərə doldururdu. Gecənin zülmətində evlərdən çıxan çıxdı, üzü Şahbuza tərəf gedirdik. Bəzi adamlar buna çox da inanmayıb kəndi tərk etməmişdilər. Səhərə yaxın erməni quldurları kəndə soxulub qalanları qılıncdan keçirmişdilər. Atam deyirdi ki, körpə qundağı süngüyə keçirən erməni düz kəndin ortasına gəlib ki, bunları beşikdə boğmalıyıq. İllərlə evimizdə duz-çörək kəsən bu Əbrəhimgil də onlara qoşulur. Nişanı olan qızı- Gülnazı vururlar. Qapının ağzında üzü üstə qalan qızı ermənilər artıq kəndin ortasındakı meydana sürüməkdə idilər. Gülnazın anası fəryad qoparmaq istəyəndə qaynatası əlləri ilə onun ağzını tutur ki, səsini çıxarma görək haradan qaçıb kəndi tərk edə bilirik? Ana bunlara yalvarır ki, siz gedin mən gedə bilmərəm, yalvarıram, özünüzü təhlükəyə atmayın. Mən balamı qoyub getmərəm. Bir az pendir- çörək götürür ki, bir neçə gün ötüşər, camaat qayıdıb gələr, mən gizlənərəm. Evdəkiləri bayıra ötürüb, özü təndirdə gizlənir.
Yox, bəyəm dünyanın sonudur? Bir -iki günə bitər bu qiyamət, çıxıb balamı doyunca ağlayaram, nişan paltarları ilə qəbrini bəzəyərəm…. Aha… güllə atdılar, ayaq səsləri gəlir… lap yaxınlıqdadır bu səs… Bəyəm bunları Allah yaratmayıb? Bunların bəs Allahı yoxdur? Biz axı nə etmişik ki, bunlara? Suallar çox, cavab isə yox idi… yox…
Bəli təndirin ağzına qoyulmuş iri mis qazanı qaldırırdılar… qaldırdılar da ananı təndirdən döyə-döyə çıxarıb həyətdəki tut ağacının altına gətirdilər. Saçlarından tutub üzüyuxarı baxmağa məcbur etdilər. Bir qızı iki yerə bölüb ağacdan asmışdılar… Bəlkə, görmürəm?! Yox düz idi, bir qızın ikiyə bölünmüş bədəni idi. Aman Allah bu mənim qızımdır, Gülnazdır!!!
Sonra… Sonra onu yandırdıqları təndirin yanına gətirdilər, gülə- gülə, qəh-qəh çəkə-çəkə ananı təndirə atdılar…!
Bir neçə gün sonra atam deyirdi ki, adını bilmdəyim türk paşasının sərkərdiliyi ilə böyük bir atlı dəstə gəldi. Erməni ailələrinin hamısını tükünə də zərər vermədən evlərdən çıxardılar. Bilmirəm haraya göndərdilər, amma asılmış bədəni dəfn etdilər. Təndiri də doldurdular. Bir neçə gün sonra türk ordusu gəldiyi kimi də getdi. Camaat yenidən evlərinə qayıtdı. O beş altı ailə hansı pullarla bilmirəm, bizim kənddə çaya yaxın yerdə kilsə də tikdilər. Ustaları Yerevandan gəlmişdi. Hamısı bir yerə yığılar, uzun-uzadı söhbət edər, içib-içib ağlaşardılar.
Salatın nənə sanki olanlardan utanırmış kimi yalnız- dostunuzu düşməninizi yaxşı tanıyın, bala!- dedi və susdu. Onsuz da səhər açılırdı. O getmədi, anam qoymadı, elə bizdə də yatıb qaldı. Anamsa Salatın nənə bizdədir deyə, xüsusi bir dəfə-daraqla xəşil bişirmək üçün hazırlığa başladı.
Uzun illər ta 1988-ci ilə qədər kilsəyə kimsə dəymədi…qəbristanlığın yanından belə keçmədilər. Orada Dərələyəzdə, Göyçədə, Ağbaba da isə… qəbirlərimizi də dağıtdılar.

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azər Ağayev – Yeni səhifə…

Yoxluğunun havası

Ayrılığı çəkəndə
Saçımda dərd ağardı,
Yoxluğunun havası
Çətin dərddir, ağırdır.

Elə aldatdın məni,
Nağıla döndü bu eşq.
Sinəmi dağlayanda
Kamanda dindi bu eşq.

Ruhun çarpaz dağlanar
Bir özgə dodağında,
Başlayar üşütmələr
Həsrətin qucağında.

Gözlərini çırpınış,
Könlünü qəhər boğar.
Yoxluğumda bu dəniz,
Bu şəhər səni yorar.

Nə vaxtsa yada düşsəm ,
Saçlarının ucunda,
Qüruru gözündə sıx,
Hicranı da ovcunda…

Ayrılığın ilk günü

Bir axşamüstü ayrıldıq,
Boğazımda
soyuq qəhərə döndü gedişin.
Təsəlli üçün
son vida, son görüş olmadı.
Bu evin hər küncündə yerin göründü,
Nəmli divarlar boyu xatirələr
kölgə kimi süründü,
Həzin mahnılarda da
açdığın boşluq dolmadı…

Otağım bir az dağınıq,
pərdələr kirli,
döşəməni toz alıb.
Sən gedəli –
depressiya… yuxu həbləri…
Həkimlər deyir ki,
tərgit siqareti, içmə qəti.
Qorxma, ömrüm-günüm,
Bir az rəngim saralıb…

Unuduram təqvimlərdə günlərin düzümünü,
Dolub-boşalan külqabı
çəkir içimin yanğısın.
Bir yerdən sonra
ağrıkəsicilər belə
götürmür yoxluğunun küt ağrısın…

Bilirəm,
yenə əlləri qoynunda
pəncərə önündə dayanıb
hardasa qayğımı çəkirsən –
“Axırı necə olacaq bu axmağın?”
Bu şəhərdə
əlimin tərsiylə itələdiyim
qadınlar var,
Ayağının tozuna dəyməyən.
Bir də…
Ovuclarımda saçlarının
xatirəsi var bir yığın…

Bilirəm,
dönüşü yox bu ayrılığın,
Amma nə vaxt gəlsən,
qapım açıqdır,
Aid olduğun yeri yaxşı bilirsən.
Yenə də sızıldayır sümüklərim,
Uyuşur barmaqlarım,
Əsir dizlərim…
Hələ də gözləyirəm…
Gəlirsən?

Getmə, qal

Yağış altda islananda saçların
Baxışların ürəyimdə köz olur.
Dodaqların sinəm üstə nəm çəkir,
Nəfəsin eşq, gülüşlərin söz olur.

Gözlərinin sehri nədir, baxanda?
Dil quruyur, səsi əsir adamın.
Səndən uzaq qan ağlayan könlümü
Ovutmağa yetir adi salamın.

Gecələrin boynu bükük, hüznlü,
Yoxluğuna danışıram yuxumu.
Qayıt gəl ki, yox edəsən ömürdən
Bu sənsizlik adlı qara qorxumu.

Dodağımda çata dönən həsrətə,
Ürəyimdə yanan oda nəzər sal.
Ömrüm-günüm, qucaqlayım, yaxın gəl,
Saçlarına pıçıldayım: “Getmə, qal…”

Yeni səhifə

Sənsiz halım pərişan,
Ürəyim qan ağlayır.
Səssizliyin içimdə
Tufan kimi çağlayır.

Sən axı görməmisən
Yoxluğunun sərt üzün.
Üstümdə ətrin qalıb,
Pərdələrdə əl izin.

Gecəyə kölgən düşür,
Ağrılar sancı çəkir,
Nəmli divarlar boyu
Xatirələr yaş tökür.

Dodağın qanlı bıçaq,
Gözlərin dar ağacı.
Tərsliyimə bağışla,
Bir az halıma acı.

Sənsizliyin dibində
Bu dərdin əlacı yox,
Bircə dəfə zəng eylə,
Bu dəli inadı yıx.

Hörümçəklər tor salıb
Pəncərəmə, qayıt, gəl.
Qollarında qucaq aç,
Olanları unut, gəl…

Səni sevmək

Nə gözəl səni sevmək!
Qadın, şeir, söz kimi!
Gəl toxun, nəfəsində
Yandır məni köz kimi.

Eşqindən xəstə düşdüm,
Baxışların dərmandır.
Səndən özgə kimim var?
Canım sənə qurbandır.

Könlüm neçə dərd tapdı
Səndən ayrı gecələr.
Qəribsədi bu şəhər,
Sahil bağı, küçələr.

Ömür-gün dediyində
Beş hərf, iki heca.
Bir sənə əsir düşdüm,
Özüm bilmirəm necə?

Gözlərində açdığım
Sabahlar xeyir olur.
Bir gülsən yer üzünə,
Bu dünya şeir olur…

Müəllif: Azər AĞAYEV

AZƏR AĞAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Çalxanqala

Çalxanqala

Naxçıvana gedirsənsə, bir Çalxanqalaya da baş çək, ellərimiz, köçkün, qaçqındır, bala!- Nazlı ana gözləri nəmli uzaqlara baxdı. Hə, olar, ana, gedərəm dedim. Təyyarədə düşünürdüm sözmü qalıb təskinlik üçün bu camaata deyim?! Əzab çəkirdim… əzab! Evini, elini, yurdunu itirmiş, başına min cür oyun gətirilmiş dinc əhali. Onların siyasətlə nə işi? Allah da götürməz öz doğma yurd-yuvasından adamları necə çıxarmaq olar ki?
Suallar beynimi silkələyirdi. Maşınımız Kəngərli rayonunun Çalxanqala kəndinə tərəf yön almışdı. Hərdən özümüzü də qınayırdım. Çalxanqala kəndin yeni adı idi. Əslində bu qalalar çoxdan çalxanmalı idi… iki-üç ay bundan əvvəl erməni vandalları yaşayan bu kənd Əznəbürt adlanırdı. Bunu erməniləşdirilmiş toponim saymaq olar. Əslində Azmanyurddur bu yerin adı. Böyük və ulu yurd anlamında düşünülür bu söz. Xislətlərinə uyğun məkrli formada dəyişikliyə uğradılmış toponimə çevrilmişdi. Olan olub, keçən keçib deyərlər. Olanlar olmuşdu, amma keçməmişdi. Sanki dünya çalxalanırdı. Əslində yolun uzanmağını istəyirdim: özüm özümlə bir az da söhbət edim, sökülüm-tökülüm! Həm də sanki günahkar idim, bu insanların üzünə necə baxacaqdım…
Nəhəyət, maşınımız Çalxanqalaya yaxınlaşdı. Adamlar yurd xəbəri gözləyirmiş kimi bir-bir yanımıza gəlirdilər. Dərdlərini deməyə yer soraqlayırmış kimi gəlirdilər. Biz məktəb binasında əyləşmişdik… əslində otaq çox isti də deyildi, ancaq mən od içində yanırdım. Kimsəsiz od yağan səhrada sanki yolu azmışdım. Nələr ola bilər? Bunu necə edə bilərlər? Bunu bir dördayaqlı edə bilməz? Edə bilməz yox, etməz…
84 yaşlı Məhəmməd dayı uşaq kimi ağlaya-ağlaya gözləri ilə şahid olduğu hadisəni aram-aram danışır, hərdən susur, hərdən üzünü göylərə tutur nəsə pıçıldayırdı. Deyirdi ki, bilmirəm mənim yaşım ya yeddi, ya da səkkiz olardı, ancaq yadıma gəlir. Biz qaçırdıq, evimizdən tüfənglə çıxarılmışdıq. Məndən böyük qardaşımı vurdular, meyiti belə götürə bilmədik, bir zağaya sığındıq. Gecə atam çıxdı, anam üzünü cırır, başını yolurdu. Atam əyilə-əyilə meyiti çəkib bir talada basdırdı. Gecənin zülmətində getdik. Doğru söylənibmiş insan hər zülmə tabedir. İlk gecələdiyimiz evdə atam yatmadı, gördüklərini danışdı. Nə yaxşı ki, danışdı. Çünki bir neçə gün sonra atam dünyadan köçdü. Hə danışırdı ki, ermənilər bir dəqiqədə kəndimizə- Qayalı kəndinə girdilər, evlərə, ot tayalarına od vurub yandırdılar. İtləri, mal-qaranı, qoyunları güllələdilər, bizə Çıxın dedilər, aman vermədilər, atılan güllələrdən kim canını qurtara bildi, qurtardı. Axşamüstü qoyunları kəndə gətirən çobanları güllələdilər.
Kənddəki qırğından xəbərsiz olan və dəyirmanda dən üyütməkdən gələn Çaykəndli Əli Molla Əlverdi oğlu və onun oğlu Məzahim ermənilər tərəfindən tutulur. Ermənilər Məzahimi yolda atasının gözləri qabağında işgəncə ilə öldürürlər. Özünü isə Herher kəndinə aparırlar. Burada onu bir erməni qızı daşnakalrın əlindən alaraq işgəncə verməyi öz üzərinə götürür. Əlini bir ağaca bağlatdırır həyətində, hər gün bu yaşlı adamın başına minbir oyun açır. Qaynar suyu başına tökür, bıçaqla bədənin deşik-deşik edir, ürəyi soyumur, qana bulaşmış ağ saçlardan qamarlayıb qoparırdı. Yorulanda bu erməni qızı qocanı öldürür, kinin soyudur, sonra sürüyüb bir dərəyə atdırır.
Bax başımıza gələn bu müsibətlərdən sonra üç dəfə Vətənə döndük, amma… kəndimiz viran qoyub, bizi düzdə qoydular. Baş qaldıran cavanlarımızı bir-bir dənlədilər… nəfəsim tıxanırdı, qara geyimli orta yaşlı bir ana çay gətirdi. Başına da qara çalma da çalmışdı. Qeyri- ixtiyari diqqətimi çəkirdi. Çayları ortalığa gətirib bir tərəfdə əyləşdi. Bilirsiniz, bağrım yanıb, bağrım! Qardaşım, atam kənd kişiləri ilə birlikdə “post”da idilər. Yoldaşım evdən yemək aparmağa gəlmişdi. Əlimizdə olanlardan yığdım ki, aparsın. Getdi. Evdən təzəcə aralanmışdı ki, vay-şivən qopdu. Ermənilər kəndə girmişdilər. Tüfəng gücünə hamını meydana yığırdılar. Bizi evdən çıxaranda qardaşımın çöl qapının ağzında üzü üstə düşdüyünü gördüm, qanı axırdı, tərpənmirdi. Bizi köhnə kolxoz idarəsinin qabağına yığdılar. Səsgücləndiricilərlə bağıra- bağıra “Rədd olun! Bu gün buranı tərk etməsəniz hamınızı qıracağıq!-deyirdilər.
Payızın sonları, qışın əvvəli idi. Sazaq, şaxta qılınc kimi kəsirdi, iliklərimizə işləyirdi. Əynimizdə olanlardan başqa heç nəyimizi götürməmişdik. İki saqqallı əlindəki silahla qız-gəlinə toxunurdu. Ölüm istəyirdim , ölüm! Ağlamaq istəyəni, nalə çəkəni yerindəcə güllələyirdilər. Gecənin bir aləmi idi. Getdi saqqallılar. Qorxa-qorxa evlərimizə qayıtdıq, səksəkədə idik. Kəndin girəcəyində keşik çəkən kişilərin çoxunu öldürmüşdülər. Bəziləri yaralı olduğu halda sürünüb gizlənə bilmişdi. Gecəni gözləmişdilər. Qaranlıq düşən kimi sağ qalanlar qayıtdı. Qayıtdı ki, ana-bacıları xilas etsinlər, etdilər də. Əyin başımızı geyinib çıxdıq . İki qızım, oğlum bir də yaşlı qaynanam! Yoldaşım isə artıq yox idi. Bizi evdən çıxaran Məmməd dayı üzümüzə belə baxmırdı. Elə tez olun, çıxın deyirdi. Əvvəllər çaşır, bolu yığmağa getdiyimiz dağlara tərəf gedirdik. Qaynanam qızım Nərgizin əlindən tutmuşdu. Mən oğlumu qucağıma alıb bir əlimlə də Sevinci tutmuşdum. Qaynanam bizdən arxada idi. Məmməd dayı onunla qoşa addımlayırdı, hərdən hiss edirdim ki, mən bilməyim deyə xısın-xısın pıçıltı ilə nəyisə anlatmaq istəyirdi. Uşaqları ağlamağa da qoymurduq ki, səsi kimsə eşidə bilər. Qaynanamın dizləri tutmurdu, tövşüyür, buz kimi daşların üstündə oturur, durub yenə irəliləyirdi. Kahaya az qalmışdı, Məmməd dayı deyirdi ki, o Kahada gizlənək sabah Naxçıvandan maşın göndərəcəklər heç olmasa qız-gəlini göndərək. Qaynanam yıxıldı, Nərgiz də yıxıldı. Qayıtdım mən baxanda onun üzündə qan izi yox idi, ölmüşdü. Məmməd dayı: sən uşağı apar !- dedi. Artıq Kahaya çatan cavan gəlinlər mənə köməyə gəldi. Məmməd dayı isə qaynanama qəbir qazmaq mümkün olmadığından, kiçik daşları onun üstünə yığırdı.
Kahanın içi zülmət idi, zülmət. Bayırda isə heç olmasa ayın işığı vardı. Yolboyu əynimdə olanlar bir-bir çıxarıb uşaqlara bükmüşdüm, çox üşüyürdüm. Kişilər kahanın ağzını tutmuşdular. İki gün elə orada gözləməli olduq. Yanımızdakılardan ölən də çox oldu. Soyuqdan…qorxudan… Aman Allah bu zülmü götürmə! Nərgiz gözlərimin içinə baxa-baxa keçindi. Ağlamadı, ağrıyıram demədi. Kahanın elə girəcəyinə yaxın qadınlar əlləri ilə yeri qazıb Nərgizi basdırdılar. Sevinclə oğlum ağlamırdılar da, bəlkə heç bilmirdilər ki, Nərgizlə son görüşdür bu! Bəlkə qorxudan onlar lal olmuşdular! Təkcə qabağımda durub göz yaşımı silirdilər…səssizcə! Sonra bizi kəndə endirdilər, yük maşınlarına doldurub bir neçə rus əsgərinin “köməyi” ilə Arazdəyənə gətirdilər. Oradan isə xeyirxah insanların köməyi ilə bura Çalxanqalaya yerləşdirdilər. Bayaqdan susub danışmayan, kinindən yalnız ah-uf edən Ələsgər əmi asta-asta dilləndi:
1987-ci ildə böyük qardaşım SSRİ Sosialist Əməyi Qəhrəmanı Nağıyev Qəzənfər Piri oğlu Dərələyəz mahalının Qovşuq kəndindən olan bir nəfər yaxın dostu ilə birlikdə Naxçıvanda rəisi işlədiyim avtobazaya gəldilər. Qardaşım və yanında olan həmin şəxs Dərələyəzdə vəziyyətin gərgin olduğunu, oradan qadınların və uşaqların çıxarılması üçün nəqliyyat vasitəsi göndərməyi xahiş etdilər. Mən də on beşə yaxın yük avtomobili ayıraraq ən qısa müddətdə həmin istiqamətə göndərdim. Qardaşım Qəzənfər Nağıyevlə birlikdə yanıma gəlmiş həmin şəxsin təkliflərini diqqətə alaraq Dərələyəzdən – öz doğma yurd-yuvalarından məcburi çıxarılan köçünkünlərin birbaşa Qarabağa aparılması üçün sürücülərin ezamiyyət vərəqələrini yuxarılara verdim.
Təxminən bir həftə sonra mən Naxçıvan Vilayət Partiya Komitəsinə çağırıldım. O vaxt Qarabağda müvəqqəti icraedici komitə yaradılmışdı. Həmin komitənin üzvü olan Azərbaycan Nazirlər Soveti sədrinin müavini Telman Orucov soyadlı şəxs məcburi köçkünlərin Qarabağa köçürülməsini təşkil edən nəqliyyat rəhbərliyinin cəzalandırılmasını tələb etdiyi diqqətimə çatdırılaraq mənə “xəbərdarlıq” elan olundu.
1988-ci ildə Dərələyəzdən azərbaycanlıların kütləvi şəkildə çıxarılma kampaniyası başladığından orada yaşayan soydaşlarımıza qarşı təzyiqlər gücləndirilmişdi. İnsanlar öz evlərini tərk etmək məcburiyyətində qalmışdılar. Ona görə də, ailələri erməni təcavüzündən qurtarmaq və onları təxliyyə etmək üçün Naxçıvanın iki avtobazasından ümumilikdə altmışa yaxın furqonlu avtomobil ayrıldı.
Əməliyyata Naxçıvanda yerləşən hərbi hissənin generalı (adı və soyadı yaddaşımda qalmayıb) başçılıq edirdi. Mən avtomobil karvanına rəhbərliyi öz üzərimə götürdüm. Naxçıvanın Gülüstan kəndi sərhəddə yerləşdiyindən həmin vaxt boşaldılaraq hərbi hissəyə verilmişdi. Generalın tapşırığı ilə bizim təhlükəsizliyimizi qorumaq üçün 7 (yeddi) hərbi maşın – ZTR ayrılmışdı. Hər ZTRdə bir nəfər zabit, 6-7 nəfər əsgər var idi. Sərhəddə dayanmış hərbi hissəyə çeçen milliyətindən olan zabit rəhbərlik edirdi. O, zabitlərə Ermənistan ərazisində olduqları müddətdə mənə tabe olmaları barədə göstəriş verdi. Mənim tələblərimi yerinə yetirməyən zabitlərin geri qayıdanda güllələnəcəyi xəbərdarlığını etdi. Marşrutumuz Qərbi Azərbaycanin Paşalı, Sölyan, Yexeqnadzor rayonları, Almalı, Her-her, Kotanlı, Qabaqlı, Qovşuq, Ələyəz, Gülüdüz və digər kəndlərinə idi.
Yolüstü kəndlərdən keçərkən kəndlərin girişləri və çıxışlarında erməni yaraqlıları tonqallar qalayaraq ətrafında hay-küy salıb insanlarımızı qorxu və həyəcan içində saxlayırdılar. Axşam saat 07:00 radələrində Kotanlı kəndinə iki kilometr qalmış qarşımıza ermənilərə məxsus özüboşaldan Kamaz markalı nəqliyyat vasitələrindən ibarət karvan çıxdı. Qarlı-şaxtalı hava şəraitində onların üzərinə yığılmış soydaşlarımız Azərbaycan qeydiyyat nömrəli maşınları görüb hay-qışqırıq saldılar ki, “getməyin kəndlər erməni yaraqlıları ilə doludur, sizi öldürəcəklər”. Ən öndə gedən ZTR-in arxası ilə mən getdiyim üçün bütün nəqliyyat karvanını dayandırdım. Ermənistana aid maşınları da dayandırdıq. Erməni sürücü bunu görüb özüboşaldan maşınının kuzasını qaldıraraq insanları yerə tökmək istədi. Dərhal onun qapısını açaraq kabinədən çəkib sürücünü yerə saldım. Həmin vaxt bizi müşahidə edən hərbiçilər də gəlib kömək etdilər. Arvad-uşağı maşının kuzasndan endirib bizim arxası çadırlarla örtülü olan furqonlu maşınlara yerləşdirdik. Həyəcandan 12-13 yaşlı bir neçə uşaq huşsuz vəziyyətə düşmüşdülər. Bu vaxt rayon icrayə komitəsinin sədri və bir nəfər Moskvadan gəlmiş Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşı milliyətcə rus olan polkovnik bizə yaxınlaşdı. Polkovnik özünü təqdim edərək insanların maşınlara yığılmasına maneçilik törətməyə cəhd etdi. Mən ona məhəl qoymadıqda isə bizim tabeçiliyimizə verilən bütün zabitləri çağırıb mənə tabe olmamağı əmr etdi. Bu səbəbdən onunla əlbəyaxa olduq. Bundan sonra hərbçilərə komandirlərinin xəbərdarlığını xatırlatdım. Beləliklə onlar polkovnikin əmrini yerinə yetirməkdən imtina etdilər. Soydaşlarımızı yerbəyer etdikdən sonra 4 (dörd) ZTR və boş qalan avtomaşınları digər insanları gətirmək üçün kəndlərə yolladım. Biz isə qarşıladığımız soydaşlarımızla birlikdə 3 (üç) ZTR-in müşayəti ilə geriyə qayıtdıq. Ermənistana aid 3 (üç) yol polisi avtomobili də sərhədə qədər bizimlə gəldi. Biz sərhəddəki hərbi komendaturaya çatanda artıq hava işıqlaşmışdı. Çeçen milliyətindən olan komandir heç bir yerə getməyib bizi gözləyirdi. O, 3 (üç) erməni yol polisi əməkdaşını girov saxladı və qalan avtomaşınlara yolda kənar müdaxilə olduğu halda onları sərt şəkildə cəzalandıracağını bildirdi.
Naxçıvan sərhədini keçənə qədər sanki bizim maşınlarda insan yox idi. Sərhədi keçdikdən sonra mən bir-bir maşınlarını çadırlarını qaldıraraq soydaşlarımız üçün bir anda cəhənnəmə çevirilmiş doğma yurdumuz Qərbi Azərbaycandan Azərbaycana Naxçıvana çatdığımızı bildirdim. Bu anda maşınlardan elə bir hay-həşir eşidildi ki, çağırış etdiyim üçün ‘’peşman oldum’’. O vaxt ki, rəhbərliyin qərarı ilə Dərələyəzdən köçürülən ailələrin əksəriyyəti Çalxanqala kəndində yerləşdirildi.
Deyəcək sözüm qalmamışdı… Çıxdım. Bir daha qayıtmaq üçün çıxdım…

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru