Şahlar Göytürk – Var idi.

VAR İDİ

Güvənməzdik özgəsinə, yada biz,
Öz gücümüz, öz girimiz var idi.
Kəndimizin ortasında sehirli
Ocağımız, bir pirimiz var idi…

Nazik-nazik kəsilərdi əriştə,
İnanardıq bir xeyir var hər işdə,
Oynayardıq, yarışardıq örüşdə,
Kamanımız, öz tirimiz var idi…

Sığınardıq böyüklərin çətrinə,
Dəyməz idik bir kimsənin xətrinə,
Yığışardıq o çörəyin ətrinə,
Bir and yeri — təndirimiz var idi…

Kaş o günlər bir qayıda, gələ də,
Yadımdadır o nehrə də, sələ də,
Damağımda dadı qalıb hələ də,
Dəymiş motal pendirimiz var idi…

Yadımdadır o qurulan xanalar,
Kilim, xalı toxuyardı analar.
Hər çeşnidə, hər naxışda mənalar —
Allı-güllü kəndirimiz var idi…

Sönməyincə su atmazdıq kül, közə,
Nə söz olsa, danışardıq üz-üzə,
Baş qoşmazdıq xırda-para hər sözə,
Təmkinimiz, səbirimiz var idi…

Uzaq idik haram işdən, kələkdən,
Bala-bala kam alardıq fələkdən,
Zaman bizi keçirmişdi ələkdən,
Şadaramız, xəlbirimiz var idi…

Yüz ölçərdik, bir biçərdik hər işi,
Tez dəyişdi bu dünyanın gərdişi.
Şahlar, hanı o çağların vərdişi ?
Hara getdi? Öz yerimiz var idi!

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI

Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aida Adıgözəl – bir yol var, hardasa…


Yiyəsiz bir kədər çöküb üstümə,
aləm tamaşadır çıxan tüstümə,
deyəsən Allah da durub qəsdimə,
bir yol var,
hardasa…

Bir yol var əlimə alıb gedəsim,
bəlkə də qayıdıb onsuz dönəsim,
o orda, mən burda, hər gün öləsim,
bir qol var,
hardasa…

Bir qol var, havada asılıb qalan,
bir cüt göz, uzağa dikilib dolan,
çəkib ürəyimi bağrımdan alan,
bir sol var,
hardasa…

Bir sol var, kədəri yıxıb sürüyən,
üzümü güldürüb qəmi kürüyən,
“bəxtəvər” obraza məni bürüyən,
bir rol var,
hardasa…

Müəllif: Aida ADIGÖZƏL

AİDA ADIGÖZƏLİN YAZILARI

Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xanım İsmayılqızı – Öyrəndim.

Adamlara yaşamağı belə öyrətdim, öyrəndim,
Yenidən oda düşməyi külə öyrətdim, öyrəndim.

Damlaları qucaqlayıb, sığalına qarışmağı,
Gözlərimə alışmağı selə öyrətdim, öyrəndim.

Hər kəlməyə sahiblənib, yiyəsinə çevrilməyi,
Susa-susa danışmağı dilə öyrətdim, öyrəndim.

Küləyin əlindən tutdum, yağışın dilindən tutdum,
Gecəmin belindən tutdum, çölə öyrətdim, öyrəndim.

Səsimin yazını aldım, nəbzini yaşa köklədim,
Bu canımı bu ruhuma kölə öyrətdim, öyrəndim.

Ləpələrin qucağında sehirlənib rəqs edərkən,
Dərdin dibinə çökməyi lilə öyrətdim, öyrəndim.

Həmdən-həmə, dəmdən-dəmə ətri bəyan eyləməyi,
Ömür daşını öpməyi gülə öyrətdim, öyrəndim.

Həyatımda qəmimi də, ürəyimdə bəmimi də,
Mizrabımla simimi də zilə öyrətdim, öyrəndim.

Adamlara yaşamağı belə öyrətdim, öyrəndim,
Yenidən yada düşməyi külə öyrətdim, öyrəndim.

28 yanvar, 2019.

Müəllif: Xanım İSMAYILQIZI

XANIM İSMAYILQIZININ YAZILARI

 Anama – dünyamın Pərizadına ithaf

ÜZEYİR HACIBƏYOVUN YAZILARI


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Yağış yağır…

Yağış yağır

Yağış yağır.
Göydən yerə nur çilənir,
qətrə-qətrə,
damcı-damcı,
şırıl-şırıl…
Elə bilki,
qətrə-qətrə
göydən yerə paklıq enir,
damcı-damcı
saflıq enir,
şırıl-şırıl
insanların günahların, şübhələrin
yumaq üçün tələsir…
İldırımlar çaxıb keçir,
dəstə-dəstə,
lopa-lopa,
topa-topa…
Dümağ, qara
buludlar da axıb keçir.
İldırımlar şaqqıldayıb, çaxır göydə,
Yerdə, bəzi nanəciblər qorxur bundan.
ildırımlar ürəklənir sanki, bundan
daha güclü, qorxunc səslə şaqqıldayır,
hədələyir….
qansızları,
arsızları,
barsızları…
Bu dünyaya yamaq olan,
O. dünyaya yaramayan,
Hər cür alçaq, fərsizləri….
Fəzaların bağrın dələn,
gur səsiylə,
rişələrlə
ildırımlar deyir sanki,
ey mürvətsiz, binəvalar,
az zülm edin insanlara…..
Vaxt olar ki,
gömülərsiz torpaqlara….
Qorxun yerdən,
qorxun göydən,
Nəhayətdə qorxun məndən!!!
Topa-topa buludlar da axıb gedir,
qətrə-qətrə,
damcı-damcı,
şırıl-şırıl,
yer üzünə enmək üçün;
məsalınlı,
qəlbigeniş,
safdiləkli,
insanların gen qəlbinə dolmaq üçün….
Məsalnından öpmək üçün….
Onun nəcib əməlinə,
O, Göylərin “ÇOX SAĞOLUN” yetirməkçün….
30.05.1992. Ağdam – Yusifcanlı.

Müəllif: Zaur USTAC


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Azərbaycan

Azərbaycan-
Qayalarından uca,
Yaşımdan da cavan,
Dünyadan qoca.

Azərbaycan-
Nəsil-nəsil doğuluşum.
Külündən yaranan,
Mənim səməndər quşum.

Azərbaycan-
Xəzərin uca dalğası.
Min illərdir xalqımın
Yaşamaq qovğası.

Azərbaycan-
Baş əydiyim Tanrı.
Sənə kömək olsun,
Anamın duaları.

Azərbaycan-
Kürüm qədər lal,dəli.
Ahıllar qədər susqun,
Cahıllar qədər hikkəli.

Azərbaycan-
Göyərən ümidlərim.
Dərmanı,davasısan,
Min illik dərdlərimin.

Azərbaycan-
Ünvanı- növrağımın.
Əyilməyən dirəyisən,
Üçrəngli bayrağımın.

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – SEVGİ İLAHİ PAYIDI

SEVGİ İLAHİ
PAYIDI

Gözəllər məni sevirlər,
Sən bunu dərd eləmisən.
İndiyəcən neçə mərdi
Qovub, namərd eləmisən.

Tanrı qüvvə verən qolu
Pəhləvanlar bükə bilməz.
Sevdayla dolu qəlbimə
Xəbislik üzükə bilməz.

Heç zaman göz dikməmişəm
Bir kimsənin qismətinə.
Baş əymişəm gözəllərin
Namusuna, ismətinə.

Qəlbim sevgi vağzalıdı,
Taleydən özgə payım var.
Başım üstə gülümsəyən
Nə qədər nurlu ayım var.

Bir şey başa düşəmmədin
Sən şeirimi höccələyib.
Neçə-neçə qərib sevda
Ürəyimdə gecələyib.

Gözəllər ac arılardı,
Ürəyim bir gül ləçəyi.
Nəfəsimlə isitmişəm
Neçə üşüyən çiçəyi.

Qismət Ulu Tanrınındı,
Zor ilə pay alammazsan.
Özünü öldürmə, kişi,
Sən mənə tay olammazsan!

Neçə-neçə əsrlərin
O başından gəlir səsim.
Bir ilahi məhəbbətlə
Yoğrulub ruhum, nəfəsim.

Məndə babam Nəsiminin,
Füzulinin qüruru var.
Sözümdə Tanrı işığı,
Nəfəsimdə Haqq nuru var.

Mənim yerişimi gedib,
Həyatını zay eləmə.
Çəkib yırtıq dağarcığı
Çuvalıma tay eləmə!

İnsan var-dövlətiylə yox,
Məhəbbətiylə böyükdü.
Dəvə necə kiçik olsa,
Dərisi ulağa yükdü…

Sevgi İlahi payıdı,
Nə günahım axı mənim?!
Qəlbin təmizlənsin deyə,
Bir şeirimi oxu mənim!

  08.10.2001

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Kəllə qaya

Kəllə qaya

Bir neçə il öncə yolumuz cənnət Batabata idi. Batabatın gözəlliyindən danışdıqca iş yoldaşlarımda həvəs artır, ara-sıra eşitdirirdilər ki, bu üç günlük tətildə Batabatı ziyarət etsəydik. Mən söz verdim ki, işləri yekunlaşdıran kimi mütləq gedəcəyik. Getdik də. 17 nəfərlik bir dəstə ilə May ayının axırlarında Naxçıvana yola düşdük. Həm ulu, həm yeni, həm dünya boyda böyük, həm də çox da böyük olmayan Naxçıvan yol yoldaşlarımı heyran etmişdi. Xalxal meşəsindən tutmuş Duzdağa qədər, Əlincədən tutmuş Parağaya qədər, Arazdan Naxçıvan çaya qədər hər yer möcüzə, hər yer möhtəşəm idi.
Elə oradaca “Batabat” şeirini yazdım. “ Qoyub sapandına fırlat, at məni,
Düşüm Batabatda gül yağışına….”
Tək bircə gün Xalxalda doğulduğum evdə qaldıq. Çoxdan ayrıldığım doğma ocaq… Bax burda evin tən ortasında anam dəstərxanı açar bizi yeməyə çağırardı. Hər kəs öz yerini bilirdi. Kim kimdən aşağıda, ya da yuxarıda oturacaq. Atam öz yerini tutan kimi yeməyə başlayardıq. Ayaq üstə iş dalınca olanlar da tez gəlib əyləşərdi. Cınqırımız da çıxmazdı… Eh nələr, nələr… Gözlərim doldu, kövrəlmişdim. O bircə günün içərisində neçə dəfə doldum , boşaldım… Hərdən də gözlərimdən yaş süzə-süzə kövrəldim də. Sabah evdən çıxanda bir də həyəti gəzdik. Bax bu alma ağacını atam Qarabağlardan gətirmişdi. Qışa qədər ağacın meyvəsi üstündə qalırdı. Bu üzümlükdə 12 növ üzüm becərərdi atam. Hardasan, ay ata! Hardasan? Səsin gəlmir, görünmürsən… Niyə, ay ata?! 62 yaş nə idi axı…
Bizi gözləyən maşınlara əyləşib Xalxaldan ayrıldıq. Batabata gedirdik. Batabat haqqında söz demirdim. Bircə kəlmə “ Gedin, özünüz öz gözlərinizlə görün “ dedim. Mən qayaların arası ilə nərildəyə-nərildəyə axan Naxçıvan çayı haqqında danışırdım. Maşınlardan düşüb çayın gurhaguruna qulaq asır, hərdən qayalara çırpılan sulara baxırdıq. Yolun o üzündə dağların başında iki kənd görünürdü. Yol yoldaşlarım maraq göstərəndə mən yerli adam olaraq məlumat verməyə başladım. Bax, bu tərəfdəki kənd Gomur kəndidir. Yanaşı dağın başındakı kənd isə indi Ağbulaq adlanır. (əvvəllər bu kəndin adı Gecəzur idi) Fikirlərdə dəyişiklik oldu. Gəlin, əvvəlcə bu kəndlərə qalxaq, maraqlı olar. (yol yoldaşlarım filoloqlar idi) Bəli yolumuz dəyişdi. Ağbulağa qalxırdıq. Mənim ürəyim məndən qabaq çatmışdı ora. Kəndin düz ortasında maşınlarımız dayandı. Bir qohum- əqrabamız, tanışımız da yox idi bu kənddə. Hər yerə maraqla baxdığımızdan kənddən bir neçə cavan oğlan bizə yaxınlaşdı. Bu cavanlardan birinin çiyindən çomağın ucuna keçirilmiş bir bağlama da sallanırdı. Mən maraq göstərəndə bacı, bu göbələkdir, gedək qonağımız olun, göbələyi də birlikdə yeyək! Utandım… Adın nədir, ay bala?
Adım Mənsurdur, Əziz müəllimin oğluyam. Gəlin gedək. Atam bilsə ki, qonaqlarla qapıda danışıram inciyər. Mənsur qapını açıb qonaqları bir- bir içəri dəvət etdi. Dağların başında qərar tutan dağlar gözəli Ağbulaq Dərələyəzin Gədikvəng kəndindən gələnlərə öz qoynunda yer vermişdi. Bir az bənzəri də vardı o yerlərə. Samovara od saldılar, bizi çaya dəvət etdilər. Pürrəngi çaylardan baldırğan iyi də gəlirdi. Evin xanımı qonşu qızlarla bizə yalotu kətəsi bişirirdi. Mən də hərdən xala xətrin qalmasın :ayıb oldu, zəhmət çəkdiniz deyirdim. Əslində isə ürəyimizcə idi, yeyəcəkdik…Danışıb gülür, gözəlliklərə heyranlığımızı gizlətmirdik. Üzümü Əziz müəllimə-ev yiyəsinə tutdum:
-Əziz müəllim, Ağbulağın sizin yerlərə oxşarlığı var? Deyəsən, sualı yerində vermədim. Araya uzun bir sükut çökdü. Əziz müəllimin gözləri doldu. Qızım, bəlkə də cavabımdan inciyən olar, amma vətənə bənzəyən olmaz. Vətən dünyada heç nəyə bənzəməz. Sizə atamın yaxın qohumlarından birinin danışdıqlarını deyəcəyəm, özləri də bax bu küçənin lap o başında yaşayırlar. Axtadan gəlib onlar. Nələr gördü bu kor olmuş gözlərimiz, nələr…
Hə, Ələsgər kişi deyir həmişə atam deyərdi ki, bir təsadüf nəticəsində sağ qalmışam. 1919- cu ilin yayında qəfildən Hors kəndinə basqın etdilər ermənilər. Kimin gücü çatdı dağlara qaçdı, kimi qayadan qızını, arvadını atıb yalın əllə bu vəhşilərlə döyüşə girdi. Bir neçə kənd adamı ilə birgə sıldırım qayalarla dağlara qaçdıq. Mən qonaq idim, sanki yuxulu adamlar kimi nə baş verdiyini anlaya bilmirdim. O yüksəkliyə qalxınca dönüb arabir kəndə baxırdıq, itləri güllələyir, mal-heyvanı insanlarla birlikdə tövlələrə doldurub yandırır, ot tayalana belə od vururdular. Göz- gözü görmürdü, tüstü-duman göylərə qalxırdı. Hors beləcə yanıb külə döndü. İzi-tozu da qalmadı.
Sürünə-sürünə canımızı qurtarıb öz kəndimizə Axtaya gəldik. Bu bəd xəbər bir anda kəndə yayıldı. Gecə ikən arvad uşağı Kəllə qayaya yaylağa çıxardıq. Səs- səmir yox idi bu qırılmışdan. Bəzilərimiz tez-tez kəndə enib ev-eşiyə nəzarət edirdik. Kənddə bəzi adamlar var idi ki, bu deyilənlərə inanmır, biz onlara nə etmişik ki, onlar belə iş tutsun deyib öz evlərindən çıxmırdı. Gecənin bir aləmində kəndə girən silahlılar böyük bir çala qazır 19 nəfəri hamının gözünün qabağında qəbirə qoyub basdırırlar. Qaçmağa aman tapmayan daha 50 nəfəri isə güllələyirlər. Xəbər yaylağa çatanda isə gec idi… ermənilər birdən çadırları dairəyə aldılar. 20-30 nəfəri əsir götürdülər, qol-qola bağlayıb atdöşü elədilər. Sinəmizdəki odu söndürən buz bulaqlardan su yerinə qan axıtdılar. Yamyaşıl çəmənlərdə çiçəklər qan ötüyünün altında qaldı. Uşaqların “Anaaa” çığırtısı indi də qulaqlarımdadır… Əziz müəllim qonaqlardan üzr istəyib qalxdı. Həmin qohumunun bir təsadüf nəticəsində əsirlikdən qurtardığını deyən Əziz müəllimin sanki sözü tükənmişdi. Birdən o yenə geriyə dönüb hündür səslə dilləndi: o uzaqdan görünən kəndin adı Gomurdur. O kəndə yayda da qar yağır. Siz gələndə kənd aydın görünürdü, bax indi qarın içindədir. Hamı bir nəfər kimi dönüb sözügedən kəndə baxdı. Möcüzə idi . Kənd qara bürünmüşdü. Əziz müəllim yanğılı-yanğılı sözünə davam etdi: Bizim Dərələyəzdə Gomur varlı kənd sayılırdı. Bax indi hamısı yesir günündədir. 1988- ci ildə kənd əhalisini saqqallılar qovub çıxardı. Kənd əhalisi var- dövlətini, mal-mülkünü, dədə- baba yurdunu qoyub namusunu götürüb bu kəndə pənah gətirdi.
Deməzdim bunları, qonaqsınız. Dedim ki, yaddan çıxarmayın, yazın qoyun qalsın. Gələcək nəsillər də bu haqsızlıqdan xəbərdar olsun, onların al dilinə aldanmasın. Əziz müəllimin sinəsi dolu idi, hələ çox şeyləri deyəcəkdi. Amma bir kənarda oturub çay süfrəsinə belə qatılmayan Əli baba sözə söz qatdı: Onlar bu oyunları çox qurublar, oğlum! Çox keçməz yenə dönərik yurda. Qəbirlərimiz , ziyarətgahlarımız bizi gözləyir. Elə məni də öz qəbristanlığımızda dəfn edərsiniz. Yoxsa … yoxsa qəbrim od tutub yanar, oğlum. Neçə dəfə başımız bu yersiz qalmaqala qarışıb… Bizim olanı kim ala bilər ki, dönəcəyik. Yuxularımı da orda görürəm…

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Gülnarə İsrafil – İstəmirəm yuxular

İstəmirəm yuxular

Qollarımı yollarına sərmişəm
yavaşca gəl üstü başı toz olar…
Damcılama dəniz yuyar gözündən
bütöv qayıt sevgimizdən azalar..

Gələcəksən əllərində gül gətir
ulduzlardan yığıb söküb böl gətir
mənə yeni ürək gətir əl gətir
yoxsa burda könül işim pozular

Çatlağımı sən açmısan sən sarı
Ruhumdasan, cismimdəsən tən yarı
Qayıdarsan mən ölmədən gəl yarı
Qayıtmazsan ilim, günüm sozalar.

Qollarımı yollarına sərmişəm
gözlərini gözlərimə dərmişəm
sənsizliyi sənsizlikdə çəlmişəm
çatlaqlarım min bir yerə yozular.

Qayıdarsan qürur düşər yaxamdan qayıtmazsan qollarımda yazılar
qayıdarsan gülüşlərim çoxalar
qayıtmazsan bu qızcığaz yox olar.

Nəfəsində bir qucaqlıq istiyəm
İstəmirəm, istəmirəm yuxular.

MÜƏLLİF: GÜLNARƏ İSRAFİL

GÜLNARƏ İSRAFİLİN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru