65 YAŞINI BU GÜN QEYD EDƏN DAYANDUR SEVGİNİN POEPORTRETİNDƏN CİZGİLƏR – Qurban BAYRAMOV

Boyuna sevgi biçilən şair – DAYANDUR SEVGİN

Şair Dayandur Sevgin (Tağıyev Dayandur Mikayıl oğlu) 65 yaşını yola salır… Dayandur Sevgin bu yaşa əliboş gəlməyib, o, “Boyuma biçildi dərd” (2000), “Mən bilmirəm ayrılmağın yolunu” (2003), “Əllidən o yana yollar yoxuşdur” (2009), “Xoş gəldin 55 yaşım” (şeirləri, məqalələri, onunla müsahibələr və haqqında yazılanlar, 2014), “İkinci addım” (2019) adlı kitabların müəllifidir…

Dayandur Sevgin adı gələndə gözümün qabağında bu çağımızın ziyalılar mühitində cümləqayğı obrazı canlanır… Özü də, möhtəşəm, boya-boy bir obraz!! Onu Azərbaycan Yazıçılar Birliyinin (AYB) “qaraşuxası” da, “haqqa dayanan, haqqa söykənən, könlünü şeirə verən şair” də, adlandırırlar və elə də var…

Bütün bunlar onun torpaq – Vətən oğlu olmağından irəli gəlir… 1959-cu il fevralın 5-də İmişlidə dünyaya gəlib, uşaqlığı, ilk gəncliyi İmişlinin Ağamallar kəndinin bol-bəhrəli, yovşan ətirli çöllərində keçib, aranlı-yaylaqlı yamaclarda qoyun-quzu otarıb, çiling-ağac oynayıb, tərəkəmə həyatı yaşayıb… Elə onun səmimiliyi, istiqanlılığı, şeirin vətəndaşlıq ətri bu kənddən-kəsəkdən gəlir, illər boyu şəhərdə yaşasa da, evi-eşiyi şəhərdə olsa da, çoxumuz kimi şəhər onu şəhərli edə bilməyib…

Bu xaotik şəhər mühitində bir kəndçi balası qədərincə səmimiyyətini qoruyub saxlayıb və yaxşı ki, bütün bunlar bir sərvət kimi 1980-ci illərdən bu günə onun poetik yaradıcılığına yansıyıb, hopub, yaxşı-pis, az-çox nəyi var, özüdür, özününküdür…

“Dayandur Sevginə təşəkkür düşür” – misrası onun tale misralarından biridir. Əslində düz deyilib, bizim hamımızın müxtəlif məqamlarda ona təşəkkürümüz düşüb və düşür… Dayandur Sevgin təpədən-dırnağa azərbaycanlıdır, azərbaycançıdır. Buna sübut onun poeziyasıdır, həyat tərzidir, elə təkcə “Azərbaycan bayrağı” şeiridir:

Millətimin fəxridi, haqqa gedən yoludu,

Koroğlumun qılıncı, Babəkimin qoludu,

Müstəqillik günəşi, Azadlıq simvoludu,

Seyr elə, igid əsgər, dalğalanan bayrağı.

Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!

…Könlümdə göyərəni Qarabağda bitirsin,

Dalğalansın, arzumu Savalana yetirsin,

Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin,

Düşmənlərin köksünü oda yaxan bayrağı.

Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!

Azərbaycan bayrağına bir-birindən dəyərli, gözəl, vüqar hissi doğuran şeirlər yazılıb… Bu silsilə arasında Dayandur Sevginin “Azərbaycan bayrağı” şeirinin öz məkanı, öz məqamı var… Onun şeiri də, bir gözəl dilək kimi oxunur, hər misrasında müəllifin doyumsuz duyğusu, doğmadan-doğma ruhu, səmimiyyəti, sevinci, göynəyi, vüqarı duyulur. Bu şeir dərsliklərə düşməyə layiq şeirdir. Ümumiyyətlə, Vətən, Millət və bu kimi keçmişə söykənən mənəvi dəyərlər Dayandur Sevginin sevgi dolu poetik yaradıcılığının, mənəviyyatının, lirik “mən”inin əsas qayəsini, ana xəttini təşkil edir. Onun poetik dünyasının dolanbaclarını gəzdikcə görürük ki, bu axar-baxar boyunca bizim özümüzün fikir və düşüncələrimiz, gündəlik qayğılarımız, sevgilərimiz, istək və arzularımız, bugünümüzüm özü sərgilənir.

Filologiya elmlər doktoru, professor Vaqif Yusifli onun yaradıcılığını belə səciyyələndirir: “Dünəni, keçmişi və bu günü şeirlərində yaşadan şair… Səmimi şair… Şeir dili axıcı, rəvan, poetik olan, ənənəyə bağlı şair… Dayandur Sevgin öz ədəbi nəsli içərisində seçilən, fərqlənən bir şairdir. Onun özünəməxsus deyim tərzi, poetik manerası var. Dayandur istənilən mövzuda yazır və yaza bilər, amma hansı mövzuya əl atsa, o mövzuda yazdığı şeirdə indiyədək rastlaşmadığın ifadələrə, tapıntı misralara tuş gələcəksən”.

Sona Vəliyevanın, Qəşəm Nəcəfzadənin, İsa Kayacanın, Fariz Çobanoğlunun və başqa qələm dostlarımızın da Dayandur Sevgin haqqında, onun poeziyası barədə maraqlı fikirləri var.

Və bu fikirləri birləşdirən ən vacib xətt budur ki, o, vətənpərvər şairdir, xalqını, yurdunu, el-obasını sevir və şeirlərində də bunun inikasını görürük. Məsələ bundadır ki, onun şeirlərindəki ilıq, isti, həlim səmimiyyət dolu duyğular elə bil bizim öz içimizdən axıb gələnlərdir, şeirin ovqatı elə təbii, sözün ruhu elə doğma, əzizdir ki, oxucunu özünə ahənrüba kimi cəzb edir… Və “Keçir” qoşmasında olduğu kimi və bu bəndlərdəki sevgi dolu duyğular onun qəlbinin misralara çevirilən kardioqramıdır:

Yolun gözlədiyim baharın, yazın,

Dolanıb yüz ilin qışından keçir.

Dərdindən Məcnuna döndüyüm qızın,

Eşqi bir üzüyün qaşından keçir.

Asılıb sinəmdən qara daş kimi,

Mənə doğmalaşıb dərd qardaş kimi,

Başımın üstündən sevinc quş kimi,

Kədər gözlərimin yaşından keçir.

İlahi, tək sənsən, tək sən, əlacım,

Səndən qeyri kimim var ki, əl açım,

Bir tikə çörəyim, nəfim, qazancım,

Dağların çınqıllı daşından keçir.

Dayandurun bu şeirindən bir şah misra keçir və bu misra onun şair şəxsiyyətinin kredosudur: “Bütün bu dünyanın qəmi, kədəri, Dayandur Sevginin başından keçir…” Bu misranın şöləsində şairin “qəmi, kədəri” major nota köklənir, qürura çevrilir.

Məlum həqiqətdir ki, Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qazandığımız Zəfər bizi dünyaya bir daha torpağına, Vətəninə bağlı, qəhrəman millət kimi tanıtdı. Hər bir soydaşımız qürur hissi keçirir ki, üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır. Dayandur Sevgin “Ali Baş Komandanım” şeirində Vətən savaşı günlərində yaşadığı həyəcanları, qəlbindən keçən arzuları, Zəfər diləyini poetik dillə ifadə edib:

Mənim doğma yurdumda bu hayların nə işi,

İçimdəki bu dərdlə haçanacan utanım?

Dönüm sənin başına, dayandırma atəşi,

Şərəfi olmayanla sülh olmaz, Komandanım!

Ürəklərdə nalədi, qulaqlarda top səsi,

Qaramat zindan idi azad olan ruhumuz.

İndi-indi düzəlir belimizin əyrisi,

İçimizdə boy verib dikəlir qürurumuz.

Dayandur Sevgin şairliyin çəkisini, mahiyyətini dərk edən qələm sahibidir və bütün yaradıcılığı boyu, ən azı, bu çağa qədər buna əməl edib. Nizami Gəncəviyə həsr etdiyi şeirindəki bu misaralara – “Minbir sınaq eylə, yüz çək şairi, Əyməz hər imtahan, hər yük şairi…” olduğu qədərincə şeirin, sənətin yükünün ağırlığını bilən şairdir o. Mənə elə gəlir ki, Dayandur Sevgin bir şair kimi taleynin onun çiyninə qoyduğu yükü ləyaqətlə daşımağı bacarır və bunu Tanrının istəyinə, qüdrətinə bağlayır:

Vaxt öldürmə, qədrini bil hər anın,

Olmayacaq nə şöhrətin, nə şanın.

Halal yolla uğur tapan insanın

Tanrı adda çiynində bir əl olur.

Dayandur bir şeirində elani-ərz edir ki, “Mən dərd padişahıyam!”, amma “Gündə çəkilirəm dara, görmürsən?” Qeyri-adi obrazdır. Klassik kəlamlar və müasir deyim tərzi var burada. Dayandurun poeziyasında aforizm səviyyəsində bu cür yeniliklər, klassik kəlamlara təzə həyat vermək bacarığı yetərincədir…

Müdiriklik, əqidəyə, haqqa, ədalətə bağlılıq onun şeirinin ümdə atributlarındandır. Tanrıya xitab etdiyi bu şeirindəki kimi:

Tanrım hara gedim, hara dalınca,

Düşürəm getdikcə dara dalınca,

Qara göndərirsən, qara dalınca,

Bircə yol demirsən: “Baxt verim sənə”.

Dayandur öz yaradıcılıq nəslinin taleyini belə xarakterizə edir və burada haqlı məqamlar var: “Bilirsiniz, bizim nəsli – 80-ci illərin ədəbi nəslini bir az bəxti gətirməyən nəsil hesab etmək olar. Bu nəsil bir sıra problemlərlə üzləşdi. Yaradıclığımızın əsas dövrü müharibə illərinə, ölkəmizin problemlərinin artdığı bir dövrə təsadüf etdi və bütün bunların nəticəsində bizim nəsil çox şey itirdi. Bir də baxıb gördük ki, artıq 50 yaşımız var. Eyni zamanda onu da deyim ki, bizim nəsildən olan tənqidçilər də bizdən yazmadılar. Onlar da bizdən əvvəlki və sonrakı nəsillərdən yazdılar. Bu da 80-ci illər nəslinin digər nəsillərlə müqayisədə daha az uğur əldə etməsinin bir səbəbi sayıla bilər”. Haqlı gileydir və anlaşılan məsələdir.

Bütün bunlar bir yana, gerçək budur ki, şair kimi də, insan kimi də Dayandur Sevgin hamıya doğmadır. Onun bir şeirindəki bu misra xəyalımın səmasında qəfil şimşək təkin çaxır: “Dayandur, şeir də dövlətdi, vardı!” Bəli, Dayandur Sevgin şeirinə belə yanaşıb, şeiri belə qəbul edib. Onun varı, dövləti, varlığı, məsləki, eşqi, məhəbbəti şeirdir, poeziyadır. O, sevgi şairidir, sevgi dolu ürək daşıyan şairdir, belədir ki, deyir: “Əllərin üzündə qalar, İlahi, Adam gözlərilə baxsan rəngimə”. Və arxasınca İlahidən bu təmənnada bulunur:

Sən bizi sevgidən yaratdın axı,

Ən ülvi sevgilər adından çıxıb.

Tanrın bu gözələ hər şey vermisən,

Bircə ürək vermək yadından çıxıb.

Dayandur Sevginlə ünsiyyət Vətən, xalq, millət və cəmiyyət, eyni zamanda bütün doğmaların, ailənin qarşısında məsuliyyət hissini bütün qapsamıyla dərk etmək, paklaşmaq üçün dəyərli məqamdır. Onun xarakteri, düşüncəsi, rəftarı buna münbit zəmin yaradır. Söhbətlərində də, yazdıqlarında da Dayandurun yalnız özü var. Canıyananlıq, sadəlik, səmimiyyət, nəciblik onun gündəlik həyat tərzidir. Onu tanıyanların hamısı Dayandurdan “torpaq ətirli, dağ vüqarlı, çay kimi coşqun, dost-tanışa sədaqətli, bütöv xarakterli, əqidəli, dar günün həmdəmi olan” bir insan kimi söz açır. Çünki Dayandur həm sözə, poeziyaya, həm də əmələ, kişiliyə, mərdliyə könül vermiş insandır. Təsadüfi deyil ki, o, irfani şeirlər yazır, irfan düşüncəsinin onda oyatdığı intibaları şeirlərində əks etdirir. Nədən söz açırsa, insaniyyətlə, saflıqla, sevgi ilə süsləyir. Bir vaxt “Söz sorağında” adlı ədəbi birlik yaratmış Dayandur, bu gün də, üz-üzə dayandığı 65 yaşında da xas sözün, xoş sözün axtarışında, sorağındadır. Bu axtarışda Dayandur Sevginə yeni uğurlar, parlaq tapıntılar diləyir, “65 yaşın mübarək olsun və yeni yubileylərində görüşək!” deyirəm.

İlkin mənbə: Boyuna sevgi biçilən şair – Qurban Bayramov yazır


Qurban BAYRAMOV
,

tənqidçi-ədəbiyyatşünas.

QURBAN BAYRAMOVUN YAZILARI


DAYANDUR SEVGİNİN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir