Tanınmış şair Faiq Balabəylinin 60 yaşına

Unutduqlarını yenidən yaza bilmək…

(Tanınmış şair Faiq Balabəylinin 60 yaşına)

Mənə elə gəlir ki, bütün yaxşı şeirlər yazılıb. İnsan tərəfindən yox, hardasa, nə vaxtsa bir sirr tərəfindən yaradılıb və üstü yaddaşsızlıq, görməmizliklə örtülüb. Bu gün də yaradılmaqda və gizlədilməkdə davam edir. Bəlkə də insan yazıb, sonra da zaman tərəfindən unutdurulub. İndi əsas məsələ onu yada salmaqdır. Gərək elə düz yada salasan ki, onun hecasıni, qafiyyəsini, bütün əzalalarını çox doğru-düzgün xatırlaya biləsən.

Məsələn, evdə, ümimiyyətlə, hər yerdə bir şeyi itirəndə, hara qoyduğunu xatırlamağa çalışırsan. On gün, bir ay, bir il… Axır ki, tapırsan. Şeiri yazmaq da belə xatırlamaq, yadına salmaq və axtarmaqdır.

Dünyada icad olunmamış nə qədər kəşflər var. Bizdən kənarda dayanıb. Biz onun yerini, dilini, üslubunu hələ ki, bilmirik, axtarırıq. Düz ünvana gedib tapanda kəşf olur, yalnışlıq olanda uğursuzluq. Alimlər kəşflər axtarırlar, şairlər də gözəl şeirlər.

Mənə elə gəlir tanınmış şair Faiq Balabəyli də indiyə kimi çox yaxşı şeirlər xatırlaya bilib. Axtarıb, düşünüb, axır ki, yaxş şeirin yerini müəyyən edib, ordan da köçürüb ağ vərəqlərə.

Dənizçinin yuxusuna
Torpaq ətri girər hər gün.
Dənizçiyə dalğaların arasından
əl eləyər su pərisi,
dənizçiyə ad qoyarlar –
su dəlisi.

Niyə bu şeir mənim xoşuma gəlir? Çünki Faiq bu şeiri olduğu, yarandığı kimi düz tapıb, ünvana düz gedib, düz xatırlayıb, burda yalnışlıq yoxdur. Müşahidə çox dəqiqdi. Ona görə ki, o, dənizçidir.

Faiqin hərdən müəyyən məsələlərdə pərt olmağı, elə yerindəcə də qəfil donub qalmağı var. Bu, Faiqin şair vəziyyətidir. Bir dəfə şeir məclisində Əjdər ol onun oxuduğu şeiri yüngül tənqid elədi, Faiq yerindəcə donub qaldı. Başqası olsaydı, yeri – göyü dağıdardı, bu şeirin harası pisdi, bunu flan akademik bəyənib, mənim kitabıma flan akademik ön söz yaz və sair.

O, bir dəfə haqsız olaraq həbs olunmuşdu, dəqiq bilirəm ki, onda da dəmir barmaqların arasında beləcə donub qalıb.

Faiq ürəyindən əməliyyat olununda xəstəxanaya yanına getmişdim. Üzünə baxan kimi o saat düşündüyüm bu oldu ki, yəqin həkim əməliyyat söhbətini qəti şəkildə ortaya qoyanda Faiq elə beləcə yerində donub. Faiqin belə halları həmişə məni kövrəldir.

Göz yaşları
həm də ürəyində
Gəzdirdiyin daşlardı,
Ata bilməyəndə
əriyib su olurmuş.

Göz yaşının əriyib su olması məni xeyli düşündürdü. Doğurdan da, həmişə hiss eləmişəm ki, ya daş suyu yaradıb, ya da su daşı. Hər halda daşla su arasında bir ana -balalıq var. Bax, görürsünüz, Faiqin bu şeiri mənə nəyisə xatırlada bildi. Xatırlada bilən əşya və detallar gözəldi.

Ayağının altından qum dənəsini,
Özüylə götürüb gedən ləpələr.

Aha, bu şeirdə nəyinsə ünvanını tapılıb. Qum dənəcəyinin qapısı düz döyülüb. Mənim üçün qumun dənəsinin beyinciyi daha maraqlı olardı. Kaş şair bir az da irəli getsəydi… Amma bura qədər də maraqlıdır. Mənalandırmaq və yozmaq olar ki, ləpələr qum dənəsini kənarda qoymaq istəməyib, bəlkə bu qum dənəsi ləpə qızın sevgilisidir, daha doğrusu, toxumcuğudur. Bəlkə də, ləpəni aydınladan, duruldan, hərəkətə gətirən qum dənəsinin beyinə milyon illərdi yerləşdirilimş enerjidir.

Mən indi Faiqin şeirləri ilə danışıram. Sual verib cavab alıram. Yazımı onun şeirləri üzərində inkişaf etdirirəm. Daha başqa bəzi tənqidçilər kimi özümü savadlı, elm dəryası kimi göstərmək üçün dünya ədəbiyyatanda onun şeirləri ilə üyğunlaşa bilən detalları müqayisə edib şairi göylərə qaldırmıram. Ya da Faiqin bir şerini müasir İspaniyada “Ürəyi əzən şairlər” qrupunda paylaşılan bir şeirlə səsləşdiyini deyib haray – həşir qoparmıram. Bunu etmək olar. Amma bu, təhlinin zahiri tərəfidir. İç tərəfi isə şeirlərin dünyada, kainatda ünvanladığı yerin doğru – düzgün tapılmasıdır.

Dərd, sevincin üstünə
İmza atır, qol çəkir.

Mən şairin yerinə olsaydım, “dərd”in yerinə “qəm” yazardım. Çünki dərd bir insanın fərdi şəkildə başına gələn bədbəxt hadisədir və ya heç vaxt həllini tapmayan bir həyat problemidir. Amma qəm dünya qəmidir, o, dünyəvi olduğu üçün şirindir. Belə bir ifadə var: “qəmin şirinliyi”. Leyli ilə Məcnunun bir – birindən uzaq düşməsi və çəkdikləri dərd deyil, qəmdir. Özü də Füzulu qəmi.

Bizim Haqdan qopub gəlməyimiz dərd deyil, qəmdir. Deyir Adəm peyğəmbərin qəbir palçığının yoğrulması üçün otuz doqquz gün qəm, bir gün isə sevinc yağışı yağdı. Elə insanın o vaxtdan dəyəri qəmlə ölçülür. Ona görə sevincin üstünə qəmin qol çəkib imza atması çox gözəldir.

Faqi Balabəyli daim yeni axtarışlar edir, şeirlərində alleterasiyalar, mübaliğə, litotadan və digər təsvir vasitələrindən bəhrələnir. Aşağıdakı misralarda “sel olub selləndi” ifadəsinin səslənişi uyarlıdır. Necə ki, M. Füzuliin “canı canan diləmiş…”, xalq mahnısında “piyalələr irəfdədi, hər biri bir tərəfədi” ifadələri şeirin təsir gücünü artırır, həm də bu, o deməkdir ki, Faiq klassika və folklora çox bağlıdır.

Sel olub selləndi Xəzərim o gün;
Ləpələr sevindi, sular gülüşdü.

Şeirdə “sular gülüşdü” birləşməsi tablo kimi çox dəqiq tapılıb və şairin şeirlərində təbiət lövləri də orjinallıqla sərgilənir.

Bu gün yaxşı şeir yazmağın əsas yolu istedad və zəhmətdən başqa peşakarlıqdan keçir. Yəni, şeiri necə yazmaq, hardan və nədən başlamaq, fikri necə demək kimi məsələlər müəllifin yadına düşməyəndə və ona əhəmiyyət verməyəndə yüz il də şeir yazsa, ancaq söz yığını olacaq. Şeirdə əsas iş onu (təkçə şeirdə yox bütün əsərlərdə) necə başlamaqdır.

Məncə, şair misralarından başlayır. 80- ci illərdə məşhur tənqidçi Mürşüd Məmmədov “Azərbaycan” junalında çap etdirdiyi “Misra və onun fikir yükü” məqaləsi ədəbi mühitdə böyük rezanans doğurdu. Bundan əvvəl Aydın Məmmədov “Zamanla səsləşən şeirlər sorağında” məqaləsi “Ulduz” junalında işıq üzü gördü və hər iki müəllif qaragurh, boz ədəbiyyatla üz- üzə qaldı və nə qədər əziyyət çəksələr də, onların haqlı iradəsi müasir ədəbi prosesə yeni töhfələr verdi. Faiq Balabəylinin yaradıcılığına da həmin məqaalələrin müsbət təsiri olub. Onun misraları dolu sümbül kimidir. Böş- boşuna küləyin diktəsi ilə yellənmir.

Yuxarıda dediyim kimi, yaxşı şeir yazmaq üçün şair peşakar olmalıdır. Deyək ki, evdə yuxarıda, məsələn tavanda nadinc uşaqların atdığı bir qızılgül kolu ilişib qalıb. Amma ona əl çatmır. Ona görə də ayağımızın altına hər hansı bir əşyanı qoymaq lazım gəlir. Hələ bundan sonra da biz dabanlarımızı qaldırıb pəncələrimizin üzərində dayanırıq.Yaxşı şeirdə də orjinaıl fikirləri tapmaq üçün təfəkkürümüzü “ayağının” altına nəsə qoymalıyıq: Bu mütalilə, zəhmət, peşakarlıq, dünya görüşü ola bilər.
Faiqin şerlərində peşakarlıq öz yerindədir. Amma bəzən şair yazdığının üstündə çox dayanmır, bir an kimi misra gəlib keçir. Məsələn:

Üzümü görməzsən, niqab kimidir-
Arxamca bağlanan qapılar mənə.

Mən bu şeiri yazsaydım, “arxamca” sözünün yerinə “üzümə” yazardım. Çünki qapının bağlanması da, niqab da, ən çox üzə aiddir.

Şeir yazmaq ən çox bənna işinə bənzəyir. Usta daşı hörgüyə qoymazdan əvvəl onu xeyli əlində sazlayır. Uyarlı tərəfini tapıb daşı hörgüyə qoyur, sonra daşı silkələyir, laxlamırsa, demək, yerini tutub. Şair sözü misraya qoymazdan əvvəl onu dilində bir neçə dəfə ifadə eləməlidir. Əgər ifadə zamanı ağzı- gözü əyilmirsə, demək, sözü yerinə qoymaq olar. Deyirlər ki, böyük aktyor və rejissor Carlı Caplin filmlərini ilk dəfə uşaqlara göstərirmiş. Əgər uşaqlar gülüşdülərsə, ondan sonra istehsalata buraxırmış. Çünki uşaq heç vaxt yalandan gülmür və heç kəsi aldatmır. Yaşlı şair dostum bu yaxınlarda mənə bir sirr açdı, dedi ki, mən protez dişlərimi çıxaranda şeir yaza bilmirəm. Çünki sözlər ürəyimdə düz oxunmur, hər misra mənə kələ- kötür gəlir. Şair haqlıdır.
İ
ndi dostum Faiqin şeirləri nə yaxşı ki, dişli şeirlərdi. Həm sosial, içtimai məna, həm təbiət və cəmiyyət məsələləri, sevgi, iztirabları, həm də iztirabın həzzi Faiqin şeirlərində arı pətəyi kimidir, həm nizamlı, həm də hisslər, düyğular qaynayır.

Qaranlıq dərə bilib ovcumda əl gəzirəm
Qoşa əlin ovucu, qaranlıq kaha mənə…

Bu misraların materalı əruz olsa da, fikir əridilib heca qəliblərinə ustalıqla tökülüb. Əvvəla, onu deyim ki, mən Faiqin əksər şeirlərini, nəsr əsərlərini və əsərləri haqqında yazılan məqalələri də oxumuşam. Yazdıqlarının düz yerini də, əyri yerini də görmüşəm. Naşılıqları da çıxıb qabağıma. Düşünmüşəm ki, bir adam kiməsə zəng edəndə nömrəsinin bir rəqəmini səhv yığanda başqasına düşdüyü kimi, bəzi şeirlərdə də Faiq nə vaxtsa İnsanın(özünün) yazdığı şeirləri dərindən xatıralaya bilməyib. Nömrə səhv yığıldığı üçün ünvana zəng(şeir) düz çatmayıb. Amma Faiq həmişə şair ömrü yaşayır.

Yuxarıdakı iki misra məni çox düşündürdü. Faiq milyon il bundan qabaq yazdığı şeiri olduqca dəqiq xatırlayıb. Artıq bu, mənim tanıdığım Faiq deyil. Faiq öz düşüncəsini, fikrini inkişaf etdirib, düyğularını yetişdirib, ərsəyə çatdırıb. Faiq bu iki misraya (beyt də demək olar) içtimai, sosial məzmun, əzab, əsəbi həyat, ömür və bu özünün çəkdiyi iztirabları yerləşdirib. Bu, o zaman baş verib ki, Faiq şeirin əl – ayağa dolaşan, taqqıldayan, heca şeirinin qabar tutmuş qafyəsindən azad olub. Şairə, Faiqə ən çox maniə olan heca şeirinin qafiyə sindiromudur. Belə də demək olar, qafiyə Faiqə maniə olur. Onun əksər şairlərində qafiyə sarıdan əzab çəkdiyini bilirəm. Nə yaxşı qafiyə tapa bilir, nə də köhnə qafiyələrdən əl çəkir. Demək, çıxış yolu qafiyə axtarmaq da deyil, təzə fikir, təzə mətn tap, “zəng elə ünvana düz düş”, yenilik öz qafiyəsini özü gətirəcək. şair qafiyə gəzməməlidir, mətinin ünvanına düz gedib onun qapısını döyməlidir.

Yuxaıda ki, iki misra Faiqin bütün şeirlərinin baş cümləsi və epiqarafı kimi məni sevindirdi. Şair ovucu qaranlıq dərəyə bənzədib və onun içində əl gəzməsiylə yeni bir orjinal manifest sərgiləyir. Dünyada nə baş verirsə, əllə icra edilir. Hələ ki, heç kəs kahaya bənzəyən ovucu ilə tanış deyil. Ona şirin nemət verən ovuc – kaha həm də sirlidir, qaranlıqdır. Bu kaha ovuclara qəşəng bir balanın da ayaqlarını “əkmək” olar, Suriyaya tuşlanan bir raketi də. Suriya da bimədiyimiz bir ovucun içindir. Qarabağ da dərin bir ovucda gizlədlib. Bəli, insanlar min illərdir, bu ovuclarda tutmağa əl gəzir. Hanı o əl? Bu qaranlıq kahanın içində hər şey var, amma əl yoxdur. Dünya sirrini, həyat əksiliklərini özündə saxlayan bu kaha ovuclar heç sahibinin özünə də dəqiq aydın deyil. Çünki bu ovucu yaradan (siyasət) unudulub. İndi şair kaha ovcu düz tapıb, amma növbəti şeirdə o qaranlıq kahanı yaradanı dəqiq tapmalıdır.
Ürəklə deyirəm və sevinirəm ki, dostum Faiq milyon il əvvəl unuduğu bu şeiri olduğu kimi xatıralaya bilib. Indi aşağıdakı şeirinə baxaq:

Sən şeir yazdığın ulduzlu səma,
Damından su daman daxmadı mənə.

İki tərəf var bu şeirdə; biri ulduzlu səmaya şeir yazıb tərifləyən, bir də, o ulduzlu səmanın onun evinin daman tavanı olduğunu deyən. Mətn də yerindərir, qafiyə də. Şünki qafiyəni mətn özü ilə gətirib, daha onu şairin qələmindən hazır almayıb. İki misradakı əkslik, parodoks burada yeni məna yaradır. Daxildəki ehtiyacın gözü ilə baxanda, göy ulduzlu səma da ola bilir, daman tavan da.
Məncə, Faiq gözəl xatırlayır və gələcəkdə ən gözəllərini xatırlaya biləcək. Uğur olsun! Şair dostumun 60 yaşı mübarək.

Müəllif: Qəşəm Nəcəfzadə,

Şair, Əməkdar mədəniyyət işçisi.

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elnarə Qaragözovanın yeni elmi kitabı işıq üzü görüb

Filologiya üzrə fəlsəfə doktoru, dosent, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi  Elnarə Qaragözovanın “Yusif Səmədoğlunun həyatı və yaradıcılığı” adlı monoqrafiyası Xan nəşriyyatında ayrıca kitab şəklində çap olunub. Naşiri Səbuhi Şahmursoy olan bu nəşr AMEA-nın adı çəkilən institutunda “Sənətkarın elmi pasportu” seriyasından həyata vəsiqə qazanmış növbəti faydalı kitablardan biridir.

“YAZARLAR” olaraq, Elnarə xanımı bu münasibətlə təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Mənbə: Elnara Garagozova

ELNARƏ QARAGÖZOVANIN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru