Vaqif Tapdıq oğlu Qurbanov – 80

AZƏRBAYCANIN ELM VƏ TƏHSUL XADİMLƏRİ 

ДЕЯТЕЛИ НАУКИ   И ОБРАЗОВАНИЯ АЗЕРБАЙДЖАНА  

FIGURES OF THE SCIENCE AND EDUCATION OF AZERBAIJAN      

Vaqif Tapdıq oğlu Qurbanov – 80

AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ METODİKASI ÜZRƏ GÖRKƏMLİ ALİM

          Doğulduğu rayonun dünəni və bu günü

Vaqif Tapdıq oğlu  Qurbanov 1943-cü il  may ayının 18-də də Əli Bayramlı rayonunun (hazırda Şirvan şəhəri ) Qarabağlı kəndində doğulmuşdur.

Əli Bayramlı rayonu 8 avqust 1930-cu il avqustun 8-də yaradılmışdı. Rayon 1952-ci il aprelin 3-dən 1953  aprelin 23-dək  Bakı vilayətinə daxil olmuşdu.  Əli Bayramlı 1963-cü ilədək rayon statusunda fəaliyyət göstərirdi. Kənd təsərrüfatı rayonu idi. Pambıqçılıq inkişaf etmişdi.  Mən də Əli Bayramlı rayonda doğulmuş, əvvəlcə 1 nömrəli, sonra 2 nömrəli məktəblərində təhsil almışam.  6-cı sinifdə oxuyarkən bizi də – 2 nömrəli məktəbin şagirdlərini də rayonun Qarabağlı kəndinə – Vaqif Qurbanovun anadan olduğu kəndə pambıq yığımına aparmışdılar. Təbii ki, o zamanlar Vaqifi tanımırdım, tanıya da bilməzdim. Həm də o məndən 7 yaş böyük idi və orta məktəbi artıq  bitirmişdi.

Vaxtilə pambıq palanını doldurmaq üçün kənd əməkçiləri ilə yanaşı rayon mərkəzində yaşayan, işləyən, məktəblərdə təhsil alan şagirdləri də bu işə cəlb edirdilər.

Əli Bayramlıda  eyni zamanda sənaye obyektləri yaradılmaqda, tikinti-abadlıq işləri genişləndirilməkdə  idi.  Bir yandan neft yataqlarının tapılması və neft, digər yandan  elektrik istehsalı rayonun əhəmiyyətini günü-gündən artırmaqda idi. Rayonda Avropada – birinci, dünyada ikinci yeri tutan ilk açıq tipli elektrik stansiyası fəaliyyət göstərirdi.  Stansiyanın I mərhələsinin inşasına 1959-cu ildə başlanmışdır. Dövlət elektrik stansiyasının istismara verilməsi respublikamızda elektrik enerjisinə olan tələbatı tam şəkildə ödəyirdi. 

Əli Bayramlı 1963-cü ilədək  rayon idi.  Sənayenin sürətli inkişafı, yeni-yeni iş yerlərinin açılışı rayonun şəhər statusu alması ilə nəticələndi. 1963-cü il yanvarın 4-də  Əli Bayramlı rayonu ləğv edildi, ərazisi Sabirabad və Salyan rayonları və Əli Bayramlı şəhər soveti arasında bölüşdürüldü.   Həmin ildən etibarən Qarabağlı kəndi Salyan rayonunun ərazisinə daxil oldu.

Bu il Əli Bayramlının şəhər statusu almasının 60 illiyi qeyd olunacaq. Şəhərin adı dəyişdirilərək Şirvan şəhəri adlandırılmışdır. 

Respublikamızın müxtəlif rayon və şəhərlərindən  buraya işləməyə gəlir və burada fəaliyyət göstərməyə,  yaşamağa başlayırdılar. Əhali də artmaqda idi.

Çataram mən sizə bir gün vaxt olar, arzular, şirin-şirin arzular” (bir mahnıdan)

Əli Bayramlı (hazırda Salyan) rayonunun Qarabağlı yeddiillik kənd məktəbində təhsilə başlayan Vaqif, Kərimbəyli kənd orta məktəbini bitirdi.  Hələ IX sinifdə oxuyarkən Azərbaycan dili və ədəbiyyat müəllimi olacağına qərar vermişdi. Doğma dilini də, ədəbiyyatını da çox sevirdi. Azərbaycan tarixinə və coğrafiyasına da sevgisi, məhəbbəti böyük idi. Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasının üzərində dayansa da, xalqımızın tarixi, adət-ənənələri, maddi və mənəvi sərvətləri, tarixi şəxsiyyətlər, dövlət xadimləri  barədə zəngin məlumatlara yiyələnməkdə idi.  Şirin-şirin arzularına çatmaq üçün  sənədlərini o zamankı V.İ. Lenin adına APİ-yə (indiki ADPU-ya)  verdi.  İmtahanlara yaxşı hazırlaşmışdı.  Gecəsini gündüzünə qatıb zəruri biliklərə yiyələnməsi onu arzusuna qovuşdurdu.

Gələcəyə inanan, tələbə, tələbə, tələbə” (Cabir Novruzdan).

Vaqif instituta 1961-ci ildə qəbul olunmuş lakin ali təhsilini 1969-cu ildə başa vurmuşdu. Bu, səbəbsiz deyildi. Təhsil illərində ordu sıralarına çağırılmış, 3 il  orduda xidmət etmişdi. Ordudan qayıtdıqdan sonra təhsilini davam etdirmişdi.  İnstitutda oxuyarkən müxtəlif fənlər üzrə seminar məşğələlərinə ciddi, məsuliyyətlə hazırlaşaraq, şüurluluğu və fəallığı ilə seçilirdi.  Həm orta, həm də ali məktəbdə oxuyarkən tədris materialının əzbərlənməsi kimi hallara yol verməmiş, sonralar öz şagirdlərindən də bunu tələb etmiş, onları başa salmışdı ki, şurlu öyrənilməyən material, qiymət və  təriflənmək  xatirinə əzbərlənənlər həqiqi  bilik deyil, tez unudulur, o, bacarığa, vərdişə çevrilmir,  onu həyatda tətbiq etmək qeyri-mümkün, yaxud  çətin olur.

                “Müəllimlik sənəti şərəfli bir sənətdir” (Ümummilli Lider Heydər

                                       Əliyev demişdir)

Vaqif Qurbanov pedaqoji fəaliyyətə Bakı şəhəri 179 nömrəli məktəbdə başlamışdı. Məktəbdə  Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, öz bilik və bacarığını şagirdlərdən əsirgəməmiş, dərsləri canlı, əyanilik üzərində qurmuş, məktəblilərin müstəqilliyini, fəallığını, şüurluluğunu diqqət mərkəzində saxlamışdır. Hələ o zamanlar o, şagirdlərinə pedaqoji prosesin bərabərhüquqlu üzvləri kimi yanaşır, onlara təlim-tərbiyə prosesinin obyekti ilə yanaşı eyni zamanda subyekti kimi baxırdı. Bunun nəticəsi idi ki, şagirdlərin Azərbaycan dili və ədəbiyyat fənnindən bilik və bacarıqları hiss olunacaq dərəcədə fərqlənir, onlar yüksək nəticələr göstərir, ali və orta ixtisas məktəblərinə daxil olarkən çətinlik çəkmirdilər.

Vaqif Qurbanov işlədiyi müddətdə məktəbin, rayonun və şəhərin fəal müəllimi kimi tanınmış,  elmi-praktik konfranslarda və müşavirələrdə çıxışları ilə fərqlənmiş, ”Qabaqcıl maarif əlaçısı” fəxri adına layiq görülmüşdü.

1975-ci ildə o, respublika səviyyəli elmi-praktik konfransda dörd ən yaxşı müəllimdən biri kimi diqqəti cəlb etmişdi. Onun dərslərindən bəzi məqamlar lentə alınmış, 12 dəqiqəlik tədris materialı hazırlanmış, eyni zamanda Bakı Şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunda foto-sərgisi təşkil edilmişdi.

               “Elmi beşikdən qəbirədək öyrənin” (həzrəti Məhəmməd peyğəmbərin

                                           hədislərindən) 

Vaxtilə və hazırda  ali təhsil müəssisələrində, Milli Elmlər Akademiyasında,  digər elmi müəssisələrdə çalışan, yüksək elmi dərəcəyə və elmi ada yiyələnən şəxslər hamısı bu yolu keçib. Orta məktəbdə, hansısa müəssisə və idarədə çalışıb, sonra elmin enişli, yoxuşlu yolları onları cəlb etdiyindən, çətinliklərə baxmayaraq həmin yola çıxıb. Mənim kimi, Vaqif Qurbanov kimi.

Vaqif orta məktəblərdə tədrisini davam etdirməklə  yanaşı 1975-ci ildə o zamankı Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna (hazırda Təhsil İnstitutu) pənah gətirib, elmi işlə məşğul olmaq istədiyini bildirib.

İnstitutda işləməyə başlayanda professor N.M. Kazımov direktor vəzifəsini icra edirdi, Zahid Qaralov direktor müavini idi. 1976-cı ildən instituta   görkəmli pedaqoq Zahid Qaralov rəhbərlik etməyə başladı. Uzun illər bu vəzifədə işlərdi. Bir müddət Maarif nazirinin müavini,  daha sonralar ki çağırış Milli Məclisin deputatı, komissiya sədri oldu.

Vaqif müəllim professor görkəmli dilçi və Azərbaycan dilinin tədrisi metodikası üzrə   məşhur alim professor Əziz Əfəndizadənin rəhbərlik etdiyi şöbədə çalışırdı. Kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdu, sonralar həm də institutun dissertantı oldu, namizədlik (hazırda fəlsəfə doktoru) dissertasiya üzərində işlədi. Elmi rəhbər kimi professor Əziz Əfəndizadə təyin olundu.  Əziz müəllim bir çox elmlər namizədi, elmlər doktoru yetişdirmişdi. Onların arasında Vaqif müəllim seçilirdi. Tədqiqatçılıq səriştəsinə, şəxsiyyət bütövlüyünə görə, öz fikri, sözü olmasına, öz elmi mövqeyini, elmi ideyalarını müdafiə edə bilməsinə görə.  Vaqif Qurbanovu o zamanlar da, indinin özündə də professor Əziz Əfəndizadə məktəbinin layiqli davamçısı  hesab edirlər.

Professor Fikrət Xalıqov 2013-cü il may ayının 31-də “Azərbaycan müəllimi” qəzetində V.T. Qurbanova həsr və dərc etdirdiyi məqaləsinə məhz belə ad verib: “Əziz Əfəndizadə məktəbinin layiqli davamçısı”.

Vaqif müəllim özü bu haqda belə deyir: “Mən Əziz Əfəndizadə linqvometodika məktəbinin davamçısıyam; bu adı daşımaqla fəxr edirəm”.

Vaqif Qurbanov 1986-ci ildə “Azərbaycan dilinin sistematik kursunda söz birləşmələri tədrisinin linqvodidaktik əsasları” mövzusunda dissertasiya müdafiə edərək, pedaqoji elmlər namizədi alimlik dərəcəsi, bir müddət sonra dosent elmi adı aldı.  Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna (hazırda Təhsil İnstitutu) tədqiqatlarını davam etdirməkdə idi. Professor Əziz Əfəndizadənin məsləhəti ilə doktorluq dissertasiya mövzusu təsdiq etdirdi.

Hələ 1986-ci ildə Əziz müəllim Vaqif Qurbanovun  dissertasiyasına  elmi rəhbər rəyi yazarkən həmin rəydə belə bir fikir öz ifadəsini tapmışdı:   “Vaqif Qurbanov artıq didakt kimi formalaşmışdır”.

  Bu, təbii ki, gənc tədqiqatçı üçün böyük dəyər idi. Vaqif müəllim həmin rəyi xatırlayaraq deyir: “Bu mənim üçün həm yüksək qiymət oldu, həm də kredo, daim öyrənmək, öyrənmək, yenə də öyrənmək kredosu”.

Sonra Vaqif müəllim mənə müraciətlə dedi: “İndi də ki siz mənə layiq olduğum qiyməti verirsiniz, deməli, mən xoşbəxtəm və 80 ili, Ənvər müəllimin vaxtilə dediyi kimi,  küləyə verməmişəm. Həmçinin də sizin kimi dostlarım var”.

Vaqif Qurbanov 2015-ci ildə “Azərbaycan dili təlimində fəndaxili əlaqələrdən istifadə üzrə işin sistemi”  mövzusunda doktorluq dissertasiyası müdafiə edərək pedaqogika elmləri doktoru elmi dərəcəsi aldı.

Müxtəlif vəzifələrdə işləməyə dəvətlər aldı 

Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu (hazırda Təhsil İnstitutu) burada çalışan əməkdaşlar üçün “tramplin” rolunu oynayıb. Daha doğrusu, burada yüksək uğurlar qazandıqlarına görə çoxları müxtəlif ali məktəblərə, başqa nüfuzlu təhsil müəssisələrinə, rəhbər vəzifələrə, Maarif (hazırda Təhsil) nazirliyi sistemində işə  dəvət olunublar. SSRİ EA-nın müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü, respublika EA-nın Fəlsəfə İnstitutunun direktoru olmuş  Aleksandr Osipoviç Makovelski, professor Komarovski,  akademiklər Mehdi Mehdizadə,   professorlar  Nurəddin Kazımov, Əhməd Seyidov, Mərdan Muradxanov, Əjdər Ağayev, Yusif Talıbov, Aben Kərimov və başqaları institutda işləmiş, sonralar müxtəlif təhsil müəssisələrində öz fəaliyyətlərini davam etdirmişlər.

Vaqif Qurbanov da diqqət mərkəzində idi. Odur ki, dəvətlərə əsasən, “Azərbaycan məktəbi” jurnalının baş redaktor müavini (1987-1999), “Ana sözü” jurnalının baş redaktor müavini (1990-1992), Azərbaycan Respublikası Prezidenti ya­nında Ali Attestasiya Komissiyasında Humanitar və ictimai elmlər şöbə­sinin rəis müavini (1992-1996) vəzifələrində işlədi.

Azərbaycan Müəllimlər İnstitutunda işə dəvət olundu 

Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycan dilinin tədrisi metodikası ixtisası üzrə mütəxəssisə ehtiyac vardı. Rəhbərliyə Vaqif Qurbanovu məsləhət  gördülər. Vaqif müəllim dəvəti qəbul etdi və  burada dosent vəzifəsində (1999-2016) çalışmağa başladı. İnstitutda “Azərbaycan dili tədrisinin aktual problemləri”, “Azərbaycan dilinin tədrisi metodikası” və “Nitq mədəniyyəti” fənlərini tədris etdirdi.

 Pedaqoji kollektivin üzvləri də, rəhbərlik də, tələbələr də  Vaqif müəllimdən razılıq edir, onun səriştəli müəllim olduğunu, öz fənnini nəzəri və metodik baxımdan əla bildiyini, müəllimin etik davranış qaydalarını yüksək səviyyədə  yerinə yetirdiyini, müəllim-tələbə münasibətlərini, pedaqoji əməkdaşlıq  məsələlərini tələb olunan səviyyədə qurduğunu etiraf edirdilər.

Azərbaycan Müəllimlər İnstitutu fəaliyyətini dayandırdıqdan sonra Vaqif müəllim Azərbaycan Dövlət Pedaqoji Universitetinin   Azərbaycan dili və onun tədrisi texnologiyası kafed­ra­­sında (2016-cı ildən) çalışır.  “Oxu təlimi” və “Dil qaydaları təlimi” fənlərindən mühazirələr oxuyur.

                        Vaqif müəllimin elmi-pedaqoji yaradıcılığı

Vaqif Qurbanov  iki ay olardı ki,  Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna işə qəbul olundu. Professor Əziz Əfəndizadə etimad göstərərək,  “Orta məktəbdə Azərbaycan dili tədrisi” adlı vəsaitin II hissəsində fel bəhsinin tədrisi ilə bağlı material hazırlamağı ona tapşırdı. Bu inamı, bu etimad Vaqif müəllimi elmi yaradıcılığa həvəsləndirdi, özünə inamı artırdı. 

O,  150-dən çox elmi-meto­dik əsərin müəllifidir. Təkcə doktorluq dissertasiyasının məzmunu, əsas elmi ideyaları və tədqiqatın nəticələri ilə bağlı   85 elmi-metodik əsər nəşr etdirmişdir. Həmin elmi əsərlərdən 16-sı Rusiya, Ukrayna və Qazaxıstan respublikalarının nüfuzlu jurnallarında çap olunub.

                  Əsas elmi əsərləri:

  1. Azərbaycan dilinin tədrisi metodikası: Dərslik. Bakı, 2015.
  2. Azərbaycan dili təliminin aktual problemləri. Bakı,  2009.
  3. Söz birləşmələri tədrisinin linqvodidaktik əsasları. Bakı,  2015.
  4. Dil tədrisinin aktual məsələlərinə dair. Bakı,  2010.
  5. Nitq mədəniyyəti və üslubiyyat.  Bakı, 2012,2013,20140cü il nəşrləri.

         Dərslikləri:

  1. Azərbaycan dili təlimində fəndaxili əlaqələr. Bakı,  2008.
  2. Azərbaycan dili: Təlim rus dilində olan məktəblərin I sinifləri üçün.
  3. Azərbaycan dili: Təlim rus dilində olan məktəblərin 7-ci sinifləri üçün.
  4. Azərbaycan dili: Təlim rus dilində olan məktəblərin 8-ci sinifləri üçün.
  5. Azərbaycan dili: Təlim rus dilində olan məktəblərin 9-cu sinifləri üçün.
  6. Ədəbiyyat: Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün.

Vaqif Qurbanov hazırda Azərbaycan dili fənn kurikulumu metodologiyası sahəsində inteqrasiya problemi ilə məşğul olur.  Azə­r­bay­can Respub­likası Təhsil Na­zir­liyində yeni dərsliklərin yaradıl­ması üzrə şura üzvü kimi də ictimai fəaliyyət göstərir.

                            Professor Vaqif Qurbanovun etirafları:

”Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda çalışdığım ilk iki ildə buradakı alimlərdən, xüsusilə Əziz müəllimdən çox şey öyrəndim. Nizamlı-səliqəli cümlələr qurmaq, sərbəst və məntiqli danışmaq və yazmaq, tədqiqatçılıq səriştəsi,  xeyirxah əməllər, əvəzini gözləmədən yaxşılıqlar etmək, insanlar arasında fərq qoymamaq, gənclərə inanmaq, əsl elmi rəhbər, əsl yoldaş, əsl insanlığı zinətləndirmək o dövr alimlərinin həyat şüarı idi. Əziz müəllimin dediklərini həmişə nəzərə almışam və xeyrini görmüşəm. Ustadım məndən razılıq edirdi: “Vaqif müəllim iki ildən gec olmayaraq müdafiə etməlidir. Dərslərini çox bəyənmişik, yaxşı metodist alim olacaq”. Həmin sözləri indi həyəcansız dilimə gətirə, yaza bilmirəm .

Hazırda çalışdığım Azərbaycan Dövlət Pedaqoji Universitetin rəhbərliyindən də özümə qarşı hörmət və diqqət görürəm. Belə bir diqqət mənə vaxtilə Əziz müəllim Əfəndizadədən və sizlərdən olub, təbii ki.  Universitet rəhbərliyi mənim professor seçilməyimə şərait yaratdı, əmrlə professor vəzifəsinə təyin etdi. Heç kəsdən, heç nədən şikayətim  yoxdur. İmanlı insanlarla əhatə olunmuşam. Filologiya fakültəsinin təşəbbüsü ilə 80 illiyim qeyd olundu.

Nə şərəfə, nə şöhrətə meylim var. Mənə uğur gətirən “Nitq mədəniyyəti” fənni üzrə mühazirələrim olub. Kitablarımda “Natiqlikdə”, “Nizami Gəncəvi kursu” “İmaməddin Nəsimi kursu”, “Məhəmməd Füzuli kursu”, “Mirzə Ələkbər Sabir kursu”, “Hüseyn Cavid kursu”, “Səməd Vurğun kursu”, “Heydər Əliyev siyasi natiqlik kursu” kimi bölmələrim var. Hər biri də 2 dərs saatlıq. M.Ə. Sabir yaradıcılığından min misradan çox əzbər şeir deməyim də var. Tələbələrə öyrətmək üçün. Filoloq tələbələrə. Daha özünü tərifdən çıxıram… Metodist və didakt alimlərin elmə gətirdiklərindən də yazmışam. Onların dil təliminin qanunları, prinsipləri, metodları haqqında da fikirlərini də bir-bir sadalayıb, şərh edirəm. Mənim azdan-çoxdan başım çıxan bir şey varsa, o da dərs fəlsəfəsidir. Ona didaktika fəlsəfəsi deyilir.

  Klassik didaktikaya, “Böyük didaktika”ya da bələdəm. Y.A. Komenskiyə də, Nəsirəddin Tusiyə də. Nəsirəddin Tusi Aristotel davamçısıdır. Amma nə qədər sadə alim olub və yazıb:

                                     “Mən bəhs etdimsə, bir çox elmdən,

                                       Onları ürəkdən şərh etdimsə mən,

                                       Əqlimin gözü ilə baxanda gördüm,

                                       Dünyada heç bir şey bilməmişəm mən”. 

  İndi görürsən ki, mən nə üçün özünütərifdən uzağam. Şeyx Sədi pedaqogikası da belədir:

                                      “Alimlər o qədər sadə olurlar,

                                       Özlərinə alim demirlər onlar” .

            Eqoizmdən uzağam (başqalarına baxanda, əlbəttə).

Müasir təlim metodologiyasına dair didaktik mülahizələr söyləyə bilərəm. (Ancaq özünü tərifdən qorxuram).

                             Vaqif Qurbanovun didaktik fikirləri:

     1. Dil təliminin 4 məzmun xətti əsasında qurulması dərin metodologiyasıdır. Ənənəvi isə, bir məzmun xətti üzərində qurulardı. Odur ki, 4 at gücü bir at gücündən, əlbəttə ki, mükəmməl olmalıdır.

     2. Müasir dil təliminin nitq praktikası üzərində qurulması obyektiv reallıqdır. Dil dərsləri mətnlərlə, yəni nümunə kimi nitq parçası ilə başlayır. Mətnlər üzərində fonetik, leksik… üslubu işlər həyata keçirilir. Bu dinamik nitq-dil-nitq formulasıdır. Belə bir formula inkişafetdirici təlim nəzəriyyəsidir. Mən belə düşünmüşəm.

     3. Dil təlimində təlim məqsədi, nəticələri və standartları şagirdlərin nitqini zənginləşdirdikcə onların təfəkkürü zənginləşir, təfəkkürü dərinləşdikcə, dünyagörüşü genişlənir.

     4. Azərbaycan dilindən dərsliklərdə verilən əsas və dinləmə mətnləri, hesab elə ki, ifadə mətnidir. Onların nəticə etibarilə inşaya çevirmək şagirdlərin yaradıcı fəaliyyətini təmin edirsə, mətnlərin məna və məzmununun aşılanması tərbiyəedici təlim və ya müasir didaktika hesab olunur.

5. Dinləyib-anlama və danışma kurikulumda birinci məzmun xəttidir. Ona görə ki, dinləməsən anlamaz, anlamasan, danışa bilməzsən. (Nədənsə biz dinləməni-başqalarına qulaq asıb öyrənməyi mədəniyyət səviyyəsinə qaldıra bilmirik).

                  Vaqif Qurbanovla tanışlığım:

1973-1975-ci illərdə mən Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi işləyirdim. “Azərbaycan müəllimi” qəzetində bir elana rast gəldim. Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu (hazırda Təhsil İnstitutu) yeni yaradılmış Tərbiyənin ümumi problemləri şöbəsində kiçik elmi işçi vəzifəsini tutmaq üçün müsabiqə elan etmişdi. Elmi işlə məşğul olmaq mənim də böyük arzum idi.  Sənədlərimi müsabiqəyə təqdim etdim və müsabiqədən keçdim. O vaxtdan bu institutda çalışıram. Az qala 50 il ola. Vaqif Qurbanovla burada tanış olmuşam. İllər keçdi. Münasibətlərimiz həmişə yaxşı olub. Vaqifi  xeyirxah, ədalətli, zəhmətkeş insan, gözəl alim, sədaqətli dost, bel bağlayası yoldaş,  güclü məntiqə, elmi təfəkkürə malik bir şəxs kimi tanımışam və tanımaqda davam edirəm.

İllərə nə var ki. İllər keçir, amma səni sınaya-sınaya. Çətinliyə sala-sala, iradəni yoxlaya-yoxlaya. Qoyub getdiyin izləri vərəqləyə-vərəqləyə. Xoşbəxt o adamdır ki, özündən sonra yaxşı iz qoyur. Bu mənada dostum, pedaqogika elmləri doktoru, professor Vaqif Tapdıq oğlu Qurbanov öyünə bilər. İllərin sınağından yaxşı çıxıb. İllərin arxasını yerə vura-vura gəlib 80 yaşına çatıb. Amma, göz dəyməsin ona,  heç 80 yaşında kişiyə oxşamır. Şuxdur, çevikdir, zarafatlarından qalmır, nikbindir, qayğıkeşdir. Övladlarını yerbəyer edib. Nəvələri var. Onlar da bir yandan xoşbəxtliyini artırır, həyatın gözəlliklərindən zövq almasına, ömrünün daha da uzanmasına kömək göstərir. İş yoldaşlarının da, dostlarının da bu sahədə özünəməxsus payı var.  Biz Vaqifin xətrini çox istəyir, bir dost, yoldaş, alim kimi onu çox sevirik. O bizi çox sevir. Deyir mən ailəmin, dostlarının əhatəsində xoşbəxtəm, ömrümün uzanmasının səbəbi, səbəbkarı da bunlardır.

Əziz dost 80 yaşın mübarək!!!

AKİF ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim



GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

One thought on “Vaqif Tapdıq oğlu Qurbanov – 80”

  1. Vaqif müəllimi şəxsən tanımasam da onun “NİTQ MƏDƏNİYYƏTİ” kitabını işlədiyi kafedradan götürmüşəm. Əslində, onunla görüşmək üçün getmişdim,ancaq görüşmək
    mənə qismət olmadı….Kafedra müdiri biləndə ki,mən onun həmyerlisiyəm kitabı mənə verib dedi ki, mənim həmyer-lilərim gələndə ,kitabımı onlara verin….Bu gün onun 80 illiyi ilə bağlı bu yazını oxuyanda çox sevindim.ALLAH QORUSUN BU GÖZƏL İNSANI!!!! MƏN DƏ TƏBRİKLƏRƏ QOŞULARAQ VAQİF MÜƏLLİMİ ÜRƏKDƏN TƏBRİK EDİR, ONA UZUN ÖMÜR, CAN SAĞLIĞI ARZULAYIRAM!!! Çox hörmətli AKİF MÜƏLLİMƏ DƏ BU DƏYƏRLİ YAZIYA GÖRƏ TƏŞƏKKÜR EDİRƏM!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir