PEDAQOJİ ELMİN LAYİQLİ NÜMAYƏNDƏSİ,  “BAŞQALARININ HALINA FAYDALI OLAN”  İNSAN

Natiq Lyutfik oğlu Axundov – 70

          PEDAQOJİ ELMİN LAYİQLİ NÜMAYƏNDƏSİ,  “BAŞQALARININ HALINA FAYDALI OLAN”  İNSAN

          “Başqalarının halına faydalı olan”. Həzrəti Məhəmməd peyğəmbərin belə bir kəlamı var: “Ən yaxşı insan” başqalarının halına daha faydalı olandır”. Həmin kəlam rastıma çıxanda bir anlıq Natiq yadıma düşür. Hansı Natiqi deyirəm? Axundov Natiqi. Bizim institutun baş mütəxəssisi Natiqi. Niyə Natiqi xatırlayıram? O, elmlə məşğul olmaqla, ümumtəhsil məktəbləri üçün dərsliklər yazmaqla yanaşı həm də institut həmkarlar təşkilatının sədridir.

           Həmkarlar təşkilatı işçilərin pənahıdır, dayağıdır, iş yerində onların əmək, sosial, iqtisadi hüquqlarının qoruyucusu, qanuni mənafeyinin müdafiəçisidir. El arasında belə söz var: “Mən gözümü açandan…” Mən də gözümü açandan Natiq aparıcı elmi işçi, şöbə müdiri, baş mütəxəssis işləyə-işləyə həmkarlar təşkilatına da sədrlik edib və indi də təşkilatın sədridir. İşləri avand olsun!  Onun həmkarlar təşkilatındakı fəaliyyəti barədə çox da geniş danışmıram. Əsas fəaliyyəti kölgədə qalmasın deyə. Elm öyrənmək və onu başqalarına öyrətmək Peyğəmbərimizin belə bir kəlamı da var: “Ən dəyərli sədəqə müsəlmanın elm öyrənməsi və onu başqalarına öyrətməsidir”.

           Natiq müəllim uzun illərlədir bu yolu tutub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsini bitirərək (1974) təyinat üzrə Bakı şəhəri 67 nömrəli orta texniki peşə məktəbində  müəllimi işləmiş, 1979-cı ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (sonralar Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu, hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) kiçik elmi işçi, Əmək təlimi və peşəyönümü şöbəsinin müdiri, Əmək təlimi və texniki peşə təhsili şöbəsinin müdiri, Ali və orta ixtisas şöbəsinin aparıcı elmi işçisi, Kurikulum Mərkəzinin İncəsənət və texnologiya fənlərinin təlimi bölməsinin müdiri vəzifəsində çalışmışdır.

          O,  hazırda Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyir. Bu instituta onu elmi işə maraq gətirib çıxarıb.   Çelyabinsk şəhərində T.T. Şevçenko adına Dövlət Pedaqoji Universitetində “Orta məktəbin fizika kursunda “Mexaniki rəqslər” və “Elektromaqnit rəqsləri‖ bölmələrinin məzmununun və tədrisi metodikasının təkmilləşdirilməsi‖ mövzusunda namizədlik dissertasiyası müdafiə edərək (1989) pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. Daha sonra dosent elmi adına layiq görülmüşdür.

           Dissertasiya işində orta məktəbin fizika kursunda “Mexaniki rəqslər‖ və “Elektromaqnit rəqsləri‖ bölmələrinin məzmununa və tədrisi metodikasına ənənəvi yanaşma tamamilə yenilənmiş, rəqsləri və rəqsi sistemləri səciyyələndirən kəmiyyətlər kinematik, xarakteristik və parametrik olaraq qruplaşdırılmışdır; N.L. Axundov tərəfindən sürtünmə, ətalət, elastiklik kimi parametrik anlayışlara uyğun olaraq ilk dəfə sürtünmə müqaviməti, ətalət müqaviməti, elastiklik müqaviməti kimi politexnik anlayışlar daxil edilərək uyğun mövzular və onların təqdimatının yeni məntiqi şərhi hazırlanmış və rəqsi sistemlərin tədrisində vahid kəmiyyət qiymətləndirməsi üsulu öz əksini tapmışdır; Yeni daxil edilmiş parametrlər üzrə rəqsi və qeyri-rəqsi sistemlərin fərqləndirilməsi ideyası irəli sürülmüş, bunun təzahürü masa üzərindəki kitabın, lövhə üzərində tabaşirin, silindrdəki porşenin məcburi rəqsi hərəkəti ilə aydınlaşdırılaraq təsdiqlənmiş və yaylı rəqqas, avtomobil amortizatoru nümunələri ilə ümumiləşdirilmişdir.

        Dissertasiyada rəqsi sistemlərin kəmiyyət təhlili üçün tam və ümumi müqavimət əvəzinə “Kompleks müqavimət” kimi elmi anlayışdan istifadə olunmuş, hər bir paraqraf üçün faktiki materialın sistemləşdirilməsini və möhkəmləndirilməsini təmin etmək məqsədilə suallar hazırlanmışdır.

          Tədqiqatın praktik əhəmiyyəti ondan ibarət idi ki, təklif olunan metodika şagirdlərin elmi dünyagörüşündə tamamilə yeni keyfiyyət yaradır, onların fiziki, riyazi və qrafik təfəkkürünü inkişaf etdirərək politexniki hazırlığın elementləri ilə zənginləşdirir. 

          Natiq respublika Prezidentinin yanında AAK-ın ADPU-nun nəzdində fəaliyyət göstərən FD 02.061; FD 2.15 və B/D 02.061 dissertasiya şuralarının üzvü olmuşdur.  Tədqiqatları tutduğu vəzifədən asılı olaraq elmi yaradıcılığını şagirdlərin politexnik təhsilinə sərf edən Natiq müəllimin “Texnologiya fənninin tədrisində formativ qiymətləndirmə mexanizminin hazırlanması” adlı elmi tədqiqat işində şagirdlərin şifahi cavablarının, praktik işlərinin, praktik işi icra etdikdə təhlükəsizlik texnikası və sanitar-gigiyena qaydalarına əməl edilməsi tələbləri və layihələrin təqdimatının qiymətləndirilməsi üzrə meyarlar işlənilmişdir. Bu tədqiqat işində şagirdlərin bilik və bacarıqlarının test üzrə qiymətləndirilməsi meyarlarının işlənilməsi texnologiya müəllimlərinə qiymətləndirmə sahəsindəki çətinlikləri aradan qaldırmağa imkan verir.

           “İbtidai siniflərdə texnologiya fənninin tədrisində şagirdlərin estetik tərbiyəsinin inkişaf etdirilməsi” adlı əsərində alim şəxsiyyətin hərtərəfli inkişafında estetik tərbiyənin rolundan bəhs edərək, texnologiya dərslərində estetik inkişaf, estetik zövq, estetik ideal, estetik hiss kimi anlayışların izahını vermişdir. O, bu elmi işində ibtidai siniflərin texnologiya dərslərində şagirdlərin estetik tərbiyəsinin əsas şərtlərinin əlverişli iş şəraitinin yaradılmasından, işin məqsədinin müəyyənləşdirilməsindən, əmək obyektinin seçilməsindən və hazırlanacaq məmulatların estetik təhlilindən ibarət olması nəticəsinə gəlmiş və bu şərtlərin mexanizmini müəllimlərə izah etmişdir.

          Pedaqoji fəaliyyəti elmi işlə yanaşı eyni zamanda ümumtəhsil və ali məktəblərdə, Qərb Universitetinin nəzdindəki orta ümumtəhsil məktəbində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbində, Bakı Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması və Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutlarında müəllimlik etmişdir. 

          Təhsillə bağlı müxtəlif təşkilatların təşkil etdikləri kursların iştirakçısı olmuşdur. Çoxsaylı sertifikatları vardır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin şəhər və rayon müəllimləri üçün yeni fənn kurikulumlarının tətbiqi‖ layihələri üzrə 10 günlük kurslarda 2009-cu ildən etibarən təlimçi kimi fəaliyyət göstərmişdir.

           I sinif müəllimləri üçün yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı Bərdə, Hacıqabul, Kürdəmir, Salyan, Ağdam, İmişli, Sabirabad, Ucar, Göyçay, Tərtər, Ağcabədi, Qusar, Yevlax rayonlarında təşkil edilmiş kurslarda, eyni zaman da UNİCEF-in Bakı Avropa Liseyində, V-VI sinif şagirdlərinə texnologiya fənni üzrə dərs deyəcək müəllimlər üçün yeni fənn kurikulumları üzrə Samux, Qazax, Goranboy, Yardımlı, Biləsuvar, Neftçala, Beyləqan rayonlarındakı təhsil kurslarında təlimçi olmuşdur (2012-2014).

           Təltifləri. Azərbaycan təhsilinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Qabaqcıl maarif xadimi”, SSRİ maarif əlaçısı, “Qabaqcıl maarif əlaçısı” Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adları almışdır.

          Dərsliklər müəllifi kimi Natiq Axundov 2006-ci ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin texnologiya fənn kurikulumu üzrə işçi qrupunun sədridir, 254 sayda məqalə, dərslik, dərs vəsaiti, metodik vəsait, şagird üçün iş dəftəri və proqramların müəllifidir. Ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün “Texnologiya” dərsliklərinin və Texnologiya fənni üzrə müəllim vəsaitlərinin müəllifi və həmmüəllifidir. Dərslikləri Azərbaycan, rus, gürcü və ingilis dillərində nəşr olunmuşdur. “Texnologiya” dərslikləri həmmüəlliflərlə (H.H. Əhmədov və b. ilə)   yazılmışdır.

           İ-IX siniflərin dərsliklərində özünə yer almış bəzi bölmələri diqqət mərkəzinə gətirək: “Məişət mədəniyyəti”, “Plastilinlə yapma”, “Aplikasiya”, “Mozaika”, “Kağızla iş‖ və s. (I sinifdə); “Kağızqatlama, hörmə, tikmə və naxıştikmə”, “Modelləşdirmə” və s. (II s.); “Ağac və metalın bədii emalı texnologiyası”, “Sadə təmir işləri”, “Elektrotexniki işlər”, “Qida məhsulların emalı texnologiyası”, “Parçanın emalı texnologiyası‖” və s. (III s.); “Texnologiyalar və texnoloji vasitələr”, “Kağız və karton emalı”, “Müxtəlif materiallardan quraşdırma‖ və s. (IV s.); “Qrafik savad elementləri”, “Ərzaq məhsullarının emalı texnologiyası” və s. (V s.); “Oduncağın emalı texnologiyası”, “Metalların emalı texnologiyası”, “Parçanın emalı texnologiyası və naxıştikmə” və s. (VI s.); “Elektrotexniki işlər”, “Parçanın emalı texnologiyası” və s. (VII s.); “Ağac və metalın bədii emalı texnologiyası”, “Qida məhsullarının emalı texnologiyası” və s. (VIII s.), “Konstruksiya materiallarından məmulatların hazırlanması texnologiyası”, “Sadə təmir işləri” və s. (IX s.)

         Respublika Elm və Təhsil Nazirliyinin tapşırığı ilə gördüyü işlər  respublika Təhsil nazirinin əmri ilə dəfələrlə bir çox ali və orta ixtisas məktəblərində Texnologiya fənni üzrə Dövlət İmtahan Komissiyasının sədri olmuş, respublikamızın bir sıra rayonlarında Təhsil işçilərinin sentyabr (əvvəllərdə avqust) konfranslarında Təhsil Nazirliyin nümayəndəsi kimi iştirak və çıxış etmişdir. ictimai İşləri Natiq müəllim Azərbaycan Respublikası Uşaq fondunun “Təhsil və səhiyyə” qrupunun üzvüdür.

         Əsas əsərləri 1. Azərbaycan Respublikasının məktəblərinin təhsil standartları. “Texnologiya” (həmmüəlliflərlə). 2.Əmək təlimi: 5-ci siniflər üçün dərslik (həmmüəlliflərlə). 3. Texnologiya: I-IX siniflər üçün dərsliklər (müxtəlif illərdə, Azərbaycan, rus, gürcü və ingilis dillərində, həmmüəlliflərlə). 4. Texnologiya dərsliklərinə metodik rəhbərliklər (müəllim üçün vəsaitlər) – müxtəlif illərdə, həmmüəlliflərlə və s. 

         Təbrikimiz. 1953-cü il avqustun 15-də Göyçayda qulluqçu ailəsində doğulan Natiq Axundov 1970-cı ildə Bakıdakı 176 №-li məktəbi bitirmişdir. 1974-75-ci illərdə SSRİ Ordusunun Almaniyadakı Hərbi Hava Qüvvələri sıralarında hərbi xidmətdə olmuşdur.  Onun 70 yaşı tamam olur.

         Biz pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Natiq Lyutfiq oğlu Axundovu yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları, cansağlığı, uzun ömür arzulayırıq. 

AKİF ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim



GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

One thought on “PEDAQOJİ ELMİN LAYİQLİ NÜMAYƏNDƏSİ,  “BAŞQALARININ HALINA FAYDALI OLAN”  İNSAN”

  1. Natiq müəllimi şəxsən tanıyıram ,çox dəyərli ziyalıdır.Təhsil İnstirutuna gedəndə( ÇH fənni üzrə işçi qrupun üzvü kimi) onunla görüşüb həmsıhbət olurdum.Özündə ən yüksək insani keyfiyyətləri cəmləşdirmiş alim-pedaqoqdur.Onun “texnologiya” dərslikəri və MMV lər çox mükəmməl və dəyərli nümunələrdir.Bu kitablar sadəcə dərslk deyil, hər kəs üçün stolüstü kitab-həyat dərsliyidir.
    Bu dəyərli məqaləni hazırlamış əziz və hörmətli alimimiz Akif Abbasova da təşəkkür edirəm.
    Hörmətlə : Rəfail Əliyev, Əməkdar müəllim,Şirvan şəhəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir