Səni hər fəsil sevdi,
Mən payızı xatırladım.
Baxdım payızdan sənə;
Ömrün, qız yağışlara,
Ana buludlara qucaq açdı.
Güzgülər üzünü sevərkən,
Sular balıqların dilini öyrənərkən.
Bir kişi üzündən yol saldın ayrılığa.
Dəniz də itirdi gülüşünü,
Sahil də kirlətdi ləprini.
Hələ canından doymadı çiçəklər,
hər bahar dərildi əllərin,
Qarımış kölgələrin üstünə.
Sonra gözəlliyinə qəfəs qurdu qanadsız küçələr.
Qanadlarının kəklik vaxtı.
Barmaqlarının azad günü.
Üzünü aya bənzətdilər sənin,
Ay deyildin ki qara pərdələrdən damasan.
Sən elə qadınsan qadın
Dəyişə bilmədim ayrılıq adını,
Dəyişə bilmədim kəpənək üzünü.
Tanrım, məni ölümə səhər vermə…
Qoy, bir az günəşin,
Bir az buludun,
Bir az da yıxıq daxmaların olum.
Məni əllərimin sonuncu gecəsiylə düşür
Ovuclarımın payız vaxtı,
Ağacların üzünə qış gələndə…
…Saatımızın əqrəbləri təki
Hər gecə ayrılıq dönür divarlarıma,
Hər səhər ağ kədər qayıdır gözlərimə.
axı hələ barmaqlarımda bir işıq göz açmayıb.
Bir çağa çiçək də açmasın bahardan öncə.
Bir qoca kölgə də yıxılmasın günəşdən sonra.
…Qoy nə qatarlar yubansın, nə ayrılıqlar…
Məni bir gecənin arxasında öldür.
Tanrım, məni ölümə səhər vermə!
Mən bir bataqlıq səsiyəm.
Eşitmə sevdalım, eşitmə.
Durğun olsam da,
Uçrum olsam da.
Barmaqlarımın dilində
oxuyacam adını…
Elə soyuğam ki qar məndə isinir.
Solma qar çiçəyim, solma
bütün ayrılıqlar başdan ayrılır.
Soruşma ayrılığım, soruşma.
Bil ki, kimsə əllərindən ayrı düşməz.
Bil ki, kimsə sonacan yarım qalmaz.
Sənsiz küçələrdə üzü qaradı qar dənəsinin.
Üşümə qış günüm, üşümə
Çaylar ağsayır su yerişində.
Axma su üzüm, axma
Qaya yatmaz qar ayağında.
Gəlmə baharım, gəlmə!
Ayrılıq düşməz qar üzündən.
Bilmə ağ günüm, bilmə
Müəllif: Cavid FƏRZƏLİ
POLAD HƏŞİMOV VƏ İLQAR MİRZƏYEV HAQQINDA
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru